6.Dinamika sıraları və indekslər.
PLAN:
1.Dinamika sıraları və onun növləri. 2.İndekslər və onun növləri.
Statistikanın mühüm vəzifələrindən biri tədqiq edilən göstəricilərin zaman etibarı ilə dəyişilməsini öyrənməkdən ibarətdir. Dinamika yunan sözü olub, “qüvvə”, «xronos» isə «vaxt» deməkdir. Statistik göstəricilərin qiymətlərinin xronoloji ardıcıllıqla düzülüşünə dinamika (zaman) sıraları deyilir. Dinamika sıralarının statistik işlənməsi üsulları XX əsrin iyirminci illərində intensiv inkişaf etməyə başlamışdır. Çünki bu dövrdən başlayaraq ayrı-ayrı ölkələrin iqtisadi inkişafında ciddi dəyişikliklər baş verməyə başlamışdır. Dünya sosializm sisteminin süquta uğraması ilə əlaqədar olaraq bir sıra ölkələrin, o cümlədən postsovet məkanında yaranmış
müstəqil dövlətlərin iqtisadi inkişafında da ciddi dəyişikliklər baş vermişdir. Bu hadisə və proseslərin zaman etibarı ilə dəyişilməsini xarakterizə etmək üçün dinamika sıraları
qurulmalıdır. Çünki onların inkişaf istiqamətlərini və qanunauyğunluqlarını aşkar etmək üçün müşahidə nəticəsində toplanmış məlumatları dinamika sıraları şəklində göstərmək mühüm əhəmiyyət kəsb edir. Hər bir dinamika sırası iki elementdən ibarətdir: birincisi statistika məlumatlarının aid olduğu vaxt anı (tarix və ya dövr), gün, ay, il göstərilir; ikincisi müəyyən vaxt anında öyrənilən obyekti xarakterizə edən statistik göstəricilər verilir. Öyrənilən obyekti
xarakterizə edən statistik göstəricilərə sıranın səviyyəsi deyilir. Hər iki element – vaxt və səviyyə dinamika sırasının üzvləri adlanır. Dinamika sıralarını düzgün tətbiq etmək üçün onların növlərini bilmək lazımdır. Vaxt əlamətinə görə dinamika sıraları an və fasilə dinamika sıralarına ayrılır. Müəyyən vaxt anına görə sosial - iqtisadi hadisənin həcminin, səviyyəsinin dəyişilməsini xarakterizə edən göstəricilər sırasına an dinamika sırası deyilir. Göründüyü kimi an dinamika sırasında sıranın səviyyəsi müəyyən tarixə verilir. Məsələn, statistika müşahidəsi nəticəsində əhalinin sayı, kənd təsərrüfatı maşınlarının sayı və gücü, mal-qaranın sayı, ticarətdə əmtəə qalığı və s. haqqında toplanılan məlumat an dinamika sıraları şəklinlə sistemləşdirilir
An dinamika sıralarının səviyyələrini cəmləməyin mənası yoxdur, çünki eyni bir kəmiyyət bir neçə dəfə müxtəlif səviyyələrdə təkrar iştirak edir. Müəyyən vaxt fasiləsində sosial-iqtisadi
hadisələrin həcminin, səviyyəsinin dəyişilməsini ifadə edən göstəricilər sırasına fasilə dinamika sırası deyilir. Tərifdən göründüyü kimi, fasilə dinamika sırasında sıranın hər bir səviyyəsi
müəyyən dövr ərzində hadisənin həcmini, səviyyəsini xarakterizə edir. An dinamika sıralarından fərqli olaraq fasiləli dinamika sıralarının səviyyələrini cəmləmək olar və cəmləmə nəticəsində iqtisadi mənası olan göstərici alınacaqdır. Belə ki, cəmləmənin nəticəsində alınan göstərici daha iri dövr ərzində hadisənin həcmini xarakterizə edir. Məsələn, sıranın günlük səviyyəsini cəmləmək nəticəsində 10 günlük, yarımaylıq, aylıq səviyyəni cəmləməklə rüblük və illik səviyyəni, illik səviyyə əsasında isə beş illik, onillik və s. səviyyəni almaq mümkündür. Fasiləli dinamika sırasının səviyyəsini ardıcıl olaraq toplamaq yolu ilə artan yekunlarla dinamika sırası qurmaq olar. Dinamika sırasında öz əksini tapan vaxtın tamlığına görə, onları tam və tam
olmayan dinamika sırasına ayırırlar. Dinamika sırasında dövrlər ardıcıl bərabər fasilələrlə verilərsə, belə sıraya tam dinamika sırası deyilir. Tam olmayan dinamika sıralarında isə ardıcıl bərabər fasiləli dövrlər verilmir. Dinamika sıralarının səviyyələrinin ifadə olunma üsuluna görə onları mütləq, orta və nisbi göstəricilərlə ifadə olunan dinamika sıralarına ayırırlar
. İndekslər haqqında anlayış İndekslər statistikada mühüm ümumiləşdirici göstəricilərdəndir. İndekslər statistikanın göstəriciləri sistemində mühüm yer tutur. İctimai-iqtisadi hadisələrin dinamikasını öyrənmək və ona ayrı-ayrı amillərin təsirini müəyyən etmək, hadisələr arasında qarşılıqlı əlaqələri təhlil etmək, müxtəlif ölkələrin, iqtisadi rayonların və s. iqtisadi inkişafını
müqayisə etmək üçün indekslərdən geniş istifadə olunur. Statistikada bilavasitə cəml ənə bilməyən elementlərdən ibarət olan mürəkkəb ictimai-iqtisadi hadisələrin zaman və məkana görə dəyişilməsini ifadə edən nisbi göstəricilərə indeks deyilir. İndekslər vasitəsilə məhsulun həcminin dəyişilməsini, qiymətlərin dəyişilməsini, əmək məhsuldarlığının və məhsulun maya dəyərinin dəyişilməsini öyrənmək mümkündür. Statistikanın öyrəndiyi bir çox iqtisadi hadisələr bilavasitə cəmlənə bilməyən elementlərdən ibarətdir. Məsələn, məcmu ictimai məhsul ayrı-ayrı maddi istehsal sahələrində-sənayedə, kənd təsərrüfatında, tikintidə, maddi-texniki təchizatda, yük nəqliyyatında və s. sahələrdə istehsal olunan ümumi məhsuldan əmələ gəlir. Maddi istehsal sahələrinin hər birində də ayrılıqda çoxlu müxtəlif növ məhsul istehsal olunur. Məsələn, kənd təsərrüfatında buğda, qarğıdalı, arpa, düyü, pambıq, çay, meyvə-tərəvəz və bostan bitkiləri, süd, yun, yumurta və s. istehsal olunur. Bunlar natura şəklində cəml ənə bilməz, çünki onlar müxtəlif istehlak dəyərlərinə malikdir və müxtəlif ölçü vahidləri ilə ifadə olunur. Belə mürəkkəb hadisələrin dəyişilməsi indekslərin köməyi ilə öyrənilir. Sovet statistikasında indekslərdən hadisələrin dinamikasının təhlilində, ərazi üzrə göstəricilərin səviyyəsinin müqayisəsində iqtisadi hadisələrin zaman və məkana görə dəyişilməsinə təsir edən amillərin təhlilində geniş miqyasda istifadə edilir. Yetkin sosializm şəraitində indekslər planlaşdırmanın mühüm vasitələrindən birinə çevrilmişdir. Bir çox plan tapşırıqları indekslər şəklində ifadə olunur. İndekslər planların yerinə yetirilməsinin təhlilində mühüm yer tutur.
İndekslərin növləri
Mürəkkəb ictimai-iqtisadi hadisələrin elementlərinin əhatə olunması nöqteyi-nəzərindən indekslər fərdi indekslərə, qrup indekslərinə və ümumi indekslərə ayrılır. Mürəkkəb hadisənin
ayrı-ayrı tərkib elementlərinin dəyişilməsini xarakterizə edən göstəricilərə fərdi indekslər deyilir. Fərdi indekslər mahiyyətcə nisbi kəmiyyətlərdən (müqavilə öhdəliyi, dinamika və müqayisə nisbi kəmiyyətlərindən) fərqlənmir. Ona görə də nisbi kəmiyyətlərin düzgün hesablanmasına aid olan bütün tələbləri indekslərə də aid etmək lazımd ır. Bu tələblərdən ən başlıcası öyrənilən kəmiyyətlərin yekcins, müqayisəli olmasıdır. İndekslər ancaq müqayisəli şəkildə olan məlumat əsasında hesablanmalıdır.
Dostları ilə paylaş: |