5.Seçməmüşahidəsi.Müşahidəxətasıvəonunnövləri PLAN: Seçmə müşahidəsi haqqında anlayış.
Baş və seçmə məcmu,onların ümumi xarekteristikası. 3.Müşahidə xətası
Reprezantativ xəta.
Seçmə müşahidəsi haqqında anlayış və onun tətbiqi səbəbləri.
Öyrənilən məcmunun vahidlərinin əhatə olunmasına görə statistika müşahidəsi ümumi və qeyri-ümumi müşahidəyə ayrılır. Qeyri-ümumi müşahidənin ən geniş yayılmış növü seçmə müşahidəsidir. Məcmu vahidlərinin bir hissəsinin elmi prinsiplər əsasında seçilib öyrənilməsindən alınmış nəticə bütün məcmuya aid edilərsə, belə müşahidəyə seçmə müşahidəsi deyilir. Seçmə müşahidəsinin əsas prinsiplərindən biri qərəzsiz seçmə prinsipidir. Seçmə müşahidəsinin tətbiqi səbəbləri aşağıdakılardır: a) seçmə müşahidəsinin tətbiqi nəticəsində, məlumatın həm toplanması, həm də işlənməsi prosesində vaxta və vəsaitə xeyli qənaət edilir. Deməli, ümumi mü şahidəyə nisbətən seçmə müşahidəsinin tətbiqi iqtisadi cəhətdən faydalıdır. b) seçmə müşahidəsində məcmu vahidlərinin az bir hissəsi tədqiq olunduğuna görə, onu daha geniş proqram əsasında öyrənmək mümkündür. Deməli, hadisəni daha
ətraflı öyrənmək üçün seçmə müşahidəsindən istifadə edilir. c) ümumi müşahidənin aparılması mümkün olmadıqda seçmə müşahidəsi aparılır. Məsələn, məhsulların keyfiyyətinin öyrənilməsi çox zaman onların ya .
qismən, ya da tamamilə məhv edilməsilə əlaqədar olduğuna görə ümumi müşahidə aparmaq olmaz. Belə ki, elektrik lampalarının keyfiyyətini yanma müddətinə görə yoxlamaq üçün onları laboratoriyada sıradan çıxana qədər yandırmaq lazımdır. Südün yağlılıq dərəcəsinin, taxılın təmizliyinin və s. hadisələrin keyfiyyətinin tədqiqində də seçmə müşahidəsindən istifadə etmək daha faydalıdır. Buradan aydındır ki, belə tədqiqat işlərində ümumi müşahidəni tətbiq etmək olmaz. Məhsulların keyfiyyətinin öyrənilməsində ancaq seçmə müşahidəsindən istifadə etmək lazımdır; ç) bəzən ümumi müşahidənin nəticəsini dəqiqləşdirmək üçün seçmə müşahidəsi aparılır. Məsələn, müəssisə, idarə və təşkilatların statistika hesabatlarında verilən məlumatın dəqiqliyini yoxlamaq üçün seçmə müşahidəsindən istifadə edilir
. 2 Baş və seçmə məcmu, onların ümumi xarakteristikaları
Öyrənilən hadisənin bütün məcmu vahidlərinin cəminə baş məcmu deyilir. Tədqiq etmək üçün baş məcmudan seçilmiş vahidlərin məcmusu seçmə məcmu adlanır.
Müşahidə xətası
Müşahidə həyata keçirilərkən faktların qeydə alınması zamanı xəyata (səhvə) yol verilə bilər. Xəta müşahidənin obyektindən, subyektindən və aparılma üsulundan asılı olaraq baş verə bilər. Belə ki, obyekt səhv məlumatlar verdikdə, müşahidə zamanı qeyd edilən əlamətlərin hesablanması və ölçülməsi dəqiq olmadıqda xəta meydana gələ bilər. Bu cür xətalar qeyd xətası adlanır. Qeyd xətası təsadüfi və müntəzəm ola bilər
Təsadüfi qeyd xətası əlamətin qeydə alınması zamanı qəsdlə deyil, təsadüfən səhvə yol verilməsi zamanı yaranır. Bu xəta həm əlamətin artması, həm də azalması istiqamətində yönələ bilər. Ona görə də böyük saylı məlumatların ümumiləşdirilməsi zamanı təsadüfi qeyd xətası qarşılıqlı ödənir və ümumiləşdirici xarakteristikalarda ciddi təhriflərə səbəb olmur. Təsadüfi qeyd xətasından fərqli olaraq müntəzəm qeyd xətası isə təhlükəli hesab edilir. Bu xəta qəsdən edilən və qəsdən edilməyən müntəzəm qeyd xətalarına ayrılır. Məcmunun ümumi xarakteristikalarının hesablanması zamanı bu cür xətalar qarşılıqlı ödənmir, toplanaraq cəmlənir və onların əhəmiyyətli dərəcədə artmasına və ya azalmasına səbəb olur.
Müşahidəni aparan subyekt nə qədər səriştəlidirsə və yüksək ixtisasa malikdirsə, müşahidə obyekti və müntəzəm xətanın mümkün mənbələri ilə nə qədər yaxşı tanışdırsa, müntəzəm qeyd xətası bir o qədər az olar. Başdan - başa olmayan müşahidədə, o cümlədən seçmədə qeyd xətasından başqa reprezentativ adlandırılan xətaya da yol verilə bilər. Reprezentativ sözü fransız dilindən alınma söz olub hərfi
tərcümədə “təmsil etmə” deməkdir. Reprezentativ xətanın yaranmasına səbəb tədqiqat üçün götürülən məcmu hissəsinin öyrənilən əlamətə görə quruluşunun bütövlükdə məcmunun quruluşundan fərqlənməsidir. Bununla bağlı olaraq seçilmiş hissəsinin ümumiləşdirici xarakteristikaları bütövlükdə məcmunun ümumiləşdirici xarakteristikalarından az və ya çox dərəcədə fərqlənir. Reprezentativ xəta da təsadüfi və müntəzəm ola bilər. Müntəzəm xəta seçmənin aparılma prinsipi pozulduqda yaranır. Seçmə tədqiqatında onun yaranma mənbəyi seçmənin təsadüfiliyi prinsipinin pozulmasıdır. Təsadüfi xəta isə tamamilə düzgün təşkil edilmiş seçmə zamanı da mümkündür.
Reprezentativ xəta
Seçmə müşahidəsi elmi əsasda təşkil edildikdə onun ümumiləşdirici göstəriciləri baş məcmunun ümumiləşdirici göstəricilərinə çox yaxın ola bilər, yəni seçmə məcmusunun göstəriciləri baş məcmunun göstəricilərini düzgün təmsil edə bilər. Buna seçmə müşahidəsinin reprezentativliyi deyilir.
"Reprezentativ" fransız sözü olub, təmsil etmək deməkdir. Seçmə məcmusu göstəricilərinin baş məcmu göstəricilərinə yaxınlıq dərəcəsini öyrənmək üçün, başqa sözlə, seçmə müşahidəsi nəticəsində alınmış statistika materiallarının dəqiqliyini müəyyən etmək üçün baş məcmu ilə seçmə məcmusunun göstəriciləri arasındakı fərqi müəyyənləşdirmək lazımdır. Qeyd etmək lazımdır ki, ümumi müşahidədə olduğu kimi, seçmə müşahidəsində də qeyd xətası baş verə bilər. Lakin sübut olunmuşdur ki, ümumi müşahidəyə nisbətən seçmə müşahidəsində qeyd xətası xeyli az olur. Bununla bərabər, ümumi müşahidədə baş verməyən və ancaq seçmə müşahidəsinə xas olan reprezentativ xəta da mövcuddur. Seçmə məcmunun göstəriciləri ilə baş məcmunun göstəriciləri arasındakı fərqə reprezentativ xəta deyilir. Qeyd xətasında olduğu kimi, reprezentativ xəta da müntəzəm və təsadüfi xətaya ayrılır. Seçmə müşahidəsinin aparılması prinsipi pozulduqda əmələ gələn xəta müntəzəm reprezentativ xəta adlanır. Seçmə müşahidəsi obyektiv, qərəzsiz aparılıb, bütün vahidlərin elmi qaydada seçilməsi təmin edilərsə,
müntəzəm reprezentativ xəta baş verməz. Lakin seçmə müşahidəsi düzgün aparıldıqda belə, seçmə məcmusu ilə baş məcmu göstəriciləri arasında fərq əmələ gəlir. Bu fərq seçmə məcmusunun baş məcmunun bütün vahidlərini əhatə etməməsindən irəli gəlir. Seçmə müşahidəsinin aparılması prinsiplərinə əməl edildikdə belə, seçmə məcmusu ilə baş məcmu arasında əmələ gələn fərq təsadüfi reprezentativ xəta adlanır. Təsadüfi reprezentativ xəta ancaq seçmə müşahidəsinə xasdır. Statistikanın vəzifəsi ehtimal nəzəriyyəsinin teoremləri əsasında reprezentativ xətanın həcmini və onun mümkün hüdudlarını müəyyən etməkdir.