7. Maraq, tələbat və arzuların ahəngdarlığı. Məktəb kollektivinin
tərbiyəvi gücü şagirdlərin maraq və mənəvi təlabatlarında, habelə onların arzuları
ilə ahəngdarlıq təşkil etməsindən çox asılıdir. Kollektivin tərbiyəsində ahəngdarlıq
o zaman əldə olunur ki, insanın arzuları yüksək mənəvi zehni maraq və təlabatları
zəminində yaranıb inkişaf etsin.
8. Məktəb kollektivi ilə digər kollektivlər arasında ideya, intelektual və
estetik cəhətdən zəngin qarşılıqlı münasibətlərin qurulması. Məktəb kollektivi
mənəvi-intellektual zənginliyin daşıyıcısı olaraq əmək kollektivləri və digər
yaradıcı kollektivlərlə sıx əlaqə şəraitində fəaliyyət göstərdikdə onun tərbiyəvi
gücü xeyli yüksəlir.
9. Kollektiv əməyin emosional zənginliyi. Kollektiv dolğun emosional
həyat sürdükdə onun hər bir üzvü yüksək insani sevinclə - insanlar üçün yaşayıb –
yaratmaq sevinci, onların sevgisini və hörmətini qazanmaq sevinci ilə yaşayır. Bu
halda kollektiv insanın özünüifadə və sevinc mənbəyinə çevrilir və əlverişli
emosional tərbiyə mühiti rolunu oynayır.
10. İntizam, şəxsiyyətin öz əməyi və davranışı üçün məsuliyyəti.
Kollektivdə elə şərait yaratmaq lazımdır ki, insan öz qarşısında tələblər qoysun,
kollektiv bu cəmiyyət qarşısında, öz vicdanı qarşısında məsuliyyət hiss etsin.
V.A.Suxomlinskinin rəhbərlik etdiyi nümunəvi məktəb kollektivi göstərilən
prinsiplər əsasında formalaşmış və fəaliyyət göstərmişdir. Böyük pedaqoqun
rəhbər tutduğu həmin prinsiplər bu gündə öz aktuallığını saxlayır və hər bir məktəb
kollektivi üçün yararlı həyati proqram rolunu oynaya bilər.
Pedaqoji kollektiv və şagird kollektivi. Məktəbdə təlim – tərbiyə işinin
səmərəli və məktəbin uğurla idarə olunması müəllim və şagird kollektivlərinin
fəaliyyətinin əlaqələndirilməsindən çox asılıdır. Ayrı – ayrı müəllimlər nə qədər
yaxşı olsa da, şagirdləri təklikdə tərbiyə etmək olar. Təlim və tərbiyə kollektiv
prosesdir; buna görə o, bütün məktəb kollektivinin birgə və məqsədyönlü səyi
nəticəsində mümkündür. Tərbiyə ustası A.S.Makarenko bu münasibətlə yazırdı ki,
tərbiyəçilərin kollektivdə birləşmədiyi və kollektivin vahid iş planı, vahid ton və
uşağa vahid yanaşma olmadığı yerdə heç bir tərbiyə prosesi mümkün deyildir.
Vahid pedaqoji kollektivin mühüm şərti orada şəxsiyyətlərarası
münasibətlərin (o cümlədən, məktəb direktoru – müəllim, müəllim şagird
münasibətlərinin) düzgün qurulmasından, düzgün ümumi ton və üslubun
yaradılmasından ibarətdir.
A.S.Makarenko kollektiv üslubun fərqləndirici əlamətlərini müəyyən
etmişdir. Onlar aşağıdakılardan ibarətdir: a) gümrahlıq – həmişə gümrah əhval –
ruhiyyədə olmaq, daimhərəkətə hazır olmaq, işdə qaşqabaq tökməkmək, çığır –
bağır salmadan davranmaq; b) şəxsi ləyaqətin dərk edilməsi – kollektivin üzvü
olduğu üşün qürur duymaq, kollektivin şərəfini yüksək tutmaq, onu qorumaq səyi;
c) kollektiv üzvlərinin yoldaşlıq birliyi; ç) müdafiə olunmaq hissi – hüç kəs
başqaları tərəfindən təhqirə və təzyiqə məruz qala bilməz, özünü müdafiəsiz hiss
etməz; d) özünü saxlaya bilmək (nədənsə çəkindirmək) adəti – hərəkətdə, sözdə,
emosiyada insan özünü hər an saxlamağı bacarmalıdır; əks halda o, əyləci
(tormozu) korlanmış maşın kimi hər an qəzaya məruz qala bilər; e) fəallıq – insan
nizamlı işə və əmək fəaliyyətinə hər an hazır olmalıdır.
Bütün bu üslub və ton təzahürləri kollektivin düzgün təşkili və tərbiyəvi
rolunu gücləndirmək, habelə kollektivdə ümumi ahəng yaratmaq baxımından
böyük əhəmiyyətə malikdir. Kollektivdə tapşırılan iş üçün məsuliyyət hissinin
formalaşması səmərəli kollektiv həyatın vacib şərtidir. Bu həm müəllim, həm də
şagird kollektivinə eyni dərəcədə aiddir.
Məsuliyyət olmadan heç bir ciddi iş görmək olmaz. A.S.Makarenko
kollektivin təşkili və tərbiyəsində bu məsələyə xüsusi əhəmiyyət verirdi. Onun
fikrincə, hər kəsin şəxsi məsuliyyəti kollektivin məsuliyyəti ilə qaynayıb
qarışmalıdır: “Məsuliyyətdə vəhdət olmadıqda ciddi iş əvəzinə oyun-oyuncaq
əmələ gəlir”.
Kollektivin üslub və tonu şəxsiyyətlərarası münasibətlərdən, ilk növbədə,
məktəb rəhbərlərinin və müəllimlərin münasibətinin düzgün qurulmasından
başlayır. Etik normaların gözlənilməsi, səmimilik və qarşılıqlı anlama – kollektivin
uğurlu fəaliyyəti baxımından çox böyük əhəmiyyətə malikdir.
Pedaqoji kollektiv, onun inkişaf səviyyəsi və ordakı münasibətlər məktəbin
mənəvi-psixoloji iqliminin xarakterinimüəyyən edir. Mənəvi-psixoloji mühit
kollektiv üzvlərinin ideya-mənəvi şüurunda, fikir və mühakimələrində, habelə
emosional halında və əhvalında özünü göstərir. Sağlam mənəvi-psixoloji iqlimə
malik olan pedaqoji kollektiv üçün yüksək mənəvi mühit, mehribanlıq, qarşılıqlı
hörmət və tələbkarlıq, borc və məsuliyyət hissi xarakterikdir. Belə kollektivdə
işləmək asan, əhval-ruhiyyə isə yüksək olur.
Pedaqoji kollektivin şagird kollektivinə təsir gücü onun mənəvi dəyərləri
ilə ölçülür. Bu dəyərlər nə qədər zəngin olarsa, şagird kollektivinin tərbiyəvi rolu
da bir o qədər yüksək olar. Kollektivin mənəvi dəyərlərinin formalaşması və daha
da zənginləşməsində pedaqoji kollektivin təşkilatçısı və rəhbəri kimi məktəb
direktorunun üzərinə mühüm vəzifələr düşür.O, müəllimləri ümumi kollektiv fikir,
ideya ətrafında birləşdirməli, yaradıcı işə istiqamətləndirməli, onları yeni-yeni
ideyalarla ruhlandırmalıdır. Məktəb kollektivini məhz bu ideyalar, baxışlar,
ənənələr birləşdirir, bütün qüvvələri səfərbərliyə alır. V.A.Suxomlinskinin nəzəri
irsi və təcrübəsində qabarıq şəkildə özünü göstərən aşağıdakı başlıca pedaqoji
ideyaları qeyd etmək olar: 1) tərbiyənin gücünə inam; 2) vətən və xalq
qarşısında məsuliyyət və borc hissinin aşılamnası; 3) ağlın böyük qüdrətinə inam;
4) şagirdə, bir şəxsiyyət kimi mənəvi dəyər kimi yanaşılması – humanizm
tərbiyəsinin əsasını təşkil edir; 5) insanı şərtliklə, cəza ilə yox, hər şeydən əvvəl,
onun qəlbinə yol tapmaqla, mülayimlik və xeyirxahqla tərbiyə etmək olar; 6)
pedaqoji əməkdaşlıq – məktəb rəhbərlərinin, müəllim və şagirdlərin vahid
məqsədədoğru birgə qüvvə ilə çalışması təlim – tərbiyə işində müvəffəqiyyəti
təmin edir; 7) müəllim və şagird kollektivinin mənəvi həyatının ahəngdarlığı; 8)
kollektivin emosional həyatının zənginliyi – şagirdlərin də emosional tərbiyəsinin
vacib şərtidir; 9) hər cür tərbiyənin, o cümlədən ideya-mənəvi tərbiyənin möhkəm
emosional əsası olmalıdır: bu zaman müəyyən ideya şüura və qəlbə daha tez çatır
və insanın sərvətinə çevrilir; 10) Hər bir ideya ancaq mənəvi fəaliyyət sayəsində
insanın həyat və davranışına daxil ola bilər.
|