Məktəb şagird kollektivində özünüidarənin təşkili. Şagird özünüidarəsi
iki səviyyədə - sinif və məktəb səviyyəsində fəaliyyət göstərir. İlk kollektiv olan
sinfin öz fəalları olur: sinif nümayəndəsi, uşaq və gənclər təşkilatı nümayəndələri,
divar qəzetiredaksiya heyəti, müxtəlif komissiyalar (təlim, idman, səhiyyə, əmək
və s.)
Məktəb səviyyəsində şagird özünüidarə orqanları ilk (sinif) kollektivlərinin
müvəkkillərini birləşdirmək yolu ilə yaradılır. Belə orqanlara şagird komitəsi, uşaq
və gənclər təşkilatı şurası (və ya komitəsi), müxtəlif sahələr üzrə fəaliyyət
göstərən komissiya və şuralar daxildir.
Şagird komitəsi məktəb şagird özünüidarəsinin mərkəzi orqanıdır. O,
“Ümumtəhsil məktəbinin şagird komitəsi haqqında əsasnamə”yə uyğun olaraq
fəaliyyət göstərir. Əsasnamədə şagird komitəsinin vəzifələri, işinin məzmunu və
təşkili məsələləri öz əksini tapmışdır.
Şagird komitəsi məktəbin təlim-tərbiyə işlərində, növbətçiliyin təşkilində,
şagirdlərin ictimai fəallığında, onların müxtəlif tapşırıqlara cəlb olunmasında
məktəb pedaqoji kollektivinə yaxından kömək göstərir, ildə iki dəfə şagirdlərin
ümumi yığıncağını keçirir. Komitə il ərzində göstərdiyi işlər haqqında ümumi
yığıncaqda hesabat verir.
Şagird özünüidarəsinə pedaqoji rəhbərlik düşünülmüş şəkildə, seçkili
orqanlarla əməkdaşlıq şəraitində həyata keçirilir.Bu məsələdə məktəb təcrübəsində
müəyyən nöqsanlara yol verilir: ya özünüidarə orqanlarına yersiz qəyyumluq
göstərilir, ya da onlar tam özbaşına buraxılır. Hər iki mövqe yanlışdır. Pedaqoji
kollektiv seçkili orqanların təşəbbüs və müstəqilliyini məhdudlaşdırmadan onlara
istiqamət verməyə, təşkilatçılıq bacarığı aşılamağa, çətin vəziyyətdən düzgün çıxış
yolu tapmağa, yeni təşəbbüslərə həvəsləndirməyə çalışmalıdır.
Düzgün pedaqoji rəhbərlik sayəsində həyata keçirilən şagird özünüidarə
sistemi çox səmərəli tərbiyə vasitəsi ola bilər.
|