MÖVZU 15. MƏKTƏBİN FƏALİYYƏTİNİN MONİTORİNQİ VƏ
QİYMƏTLƏNDİRİLMƏSİ.
Əhatə olunacaq məsələlər
1. Monitorinqin məqsədi, növləri, metodları və təşkili.
2. Məktəbin pedaqoji monitorinqi.
3. Qiymətləndirmənin növləri.
4. Məktəb direktorunun fəaliyyətinin qiymətləndirilməsi meyarları.
1. Dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbi
keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz
onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.Təhsilin keyfiyyəti nədir? O,
necə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Ümumiyyətlə,
istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə
edir. Obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standarta nə
qədər yaxındırsa, keyfiyyət də bir o qədər yüksək hesab olunur. Təhsildə də
belədir. Təhsilin keyfiyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş
meyarlara (standartlara) nisbəti ilə müəyyən olunur. Təhsilin keyfiyyətinin
müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələridir və bu nəticələrin
obyektiv qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur.
Beləliklə, təhsildə keyfiyyətin müəyyən olunması şagird nailiyyətlərinin
obyektiv qiymətləndirilməsi ilə şərtlənir. Lakin şagirdin təlim nəticələri təhsil
sahəsində baş verən bütün fəaliyyətlərin yekun nəticəsi kimi ortaya çıxdığından
şagirdin təlim nəticələrindən çıxış edərək müəllimin tədris fəaliyyəti, təhsil
müəssisələrinin, təhsili idarəetmə strukturlarının və bütövlükdə ölkənin təhsil
sisteminin fəaliyyətini də qiymətləndirmək mümkündür. Eyni zamanda,
keyfiyyətin faktiki vəziyyətini müəyyənləşdirməklə kifayətlənməyib onun
yaxşılaşması və idarə olunması problemini də həll etmək olar. Azərbaycan
Respublikasının ümumi təhsil sistemində belə bir qiymətləndirmə sistemi
yaradılmaqdadır.Yeni qiymətləndirmə sisteminin fəaliyyət mexanizmini başa
düşmək üçün qiymətləndirmə və monitorinq anlayışlarının mahiyyətini bilmək
lazımdır. İstənilən obyektin və ya sistemin halı müəyyən parametrlərlə (yunanca
parametron - ölçülən deməkdir) xarakterizə olunur. Məsələn, sadəlik üçün deyək
ki, insanın sağlamlığı onun qan təzyiqi, nəbzinin tezliyi, qanın tərkibi və s. kimi
parametrlərin ölçülməsi ilə müəyyən edilə bilər. Ölçmənin nəticələri parametrlərin
normal (standart) qiymətləri ilə müqayisə olunaraq, ayrılıqda hər bir parametrin və
bütövlükdə insanın sağlamlıq vəziyyəti qiymətləndirilir. Əlbəttə, insan
fəaliyyətinin bu cür kəmiyyət göstəriciləri ilə birbaşa bağlı olmayan sahələrində
belə qiymətləndirmə aparmaq nisbətən çətindir. Təhsil də belə sahələrdəndir.
Şagirdin hər hansı fəndən müəyyən mövzu, bölmə və ya tam kurs üzrə bilik və
bacarıqlarının səviyyəsi (nailiyyət səviyyəsi) onun göstərdiyi təlim nəticələrinin
uyğun qiymətləndirmə standartları ilə müqayisə olunması ilə müəyyənləşdirilir.
Beləliklə, qiymətləndirmə ölçülən parametrin qiymətinin, obyektin və ya sistemin
halının qəbul olunmuş standarta nisbətdə müəyyən olunmasıdır. Bu prosedur
ölçmə nəticəsinin standarta yaxınlıq dərəcəsini kəmiyyət göstəricisinə çevirməyə
imkan verən qiymətləndirmə şkalasının olmasını tələb edir.
Bu cür müəyyən olunan qiymətləndirmə faktiki vəziyyətin
qiymətləndirilməsidir. O, standartlara əsaslansa da, bəzi hallarda reallığı əks
etdirməyə də bilər. Belə ki, insanın qan təzyiqi və nəbzinin tezliyi keçirdiyi hissdən
asılı olaraq, qanın tərkibi qidalanma ilə əlaqədar dəyişə bilər. Şagirdin yoxlama
suallarına verdiyi cavablara da bəzən onun bilik və bacarığından əlavə kənar
amillər təsir edə bilər (sağlamlıq vəziyyəti, keçirdiyi hisslər və s.). Digər tərəfdən,
faktiki vəziyyətin qiymətləndirilməsi statik xarakter daşıyır və nəticələr
qiymətləndirmənin aparıldığı zamandakı vəziyyəti əks etdirir. Zaman keçdikcə
obyektin və ya sistemin halını xarakterizə edən parametrlər dəyişir. Əgər fasiləsiz
olaraq sistemli şəkildə belə qiymətləndirmələr aparılsa, müəyyən dövr ərzində
parametrin qiymətini və vəziyyətin dəyişmə dinamikasını müəyyən etmək olar. Bu
proses monitorinq adlanır. Monitorinq parametrin qiymətinin, obyekt və ya
sistemin halının (keyfiyyət göstəricisinin) dəyişmə xüsusiyyətlərinin, bu
dəyişmələrin səbəblərini, onlara təsir etmək yollarını müəyyən etməyə imkan verir.
Beləliklə, monitorinq baş verən dəyişikliklərin xüsusiyyətlərini öyrənmək və
müvafiq qərarların qəbul edilməsi məqsədi ilə vəziyyət haqqında informasiyanın
fasiləsiz və sistemli şəkildə yığılması və təhlili prosesidir. Müasir dövrdə
monitorinq müxtəlif fəaliyyət sahələrində, o cümlədən təhsildə uğurla tətbiq
olunan texnologiya kimi qəbul olunur.
Göründüyü kimi, qiymətləndirmə və monitorinq anlayışları bir-birilə əlaqəli,
daha doğrusu biri (qiymətləndirmə) digərinə (monitorinqə) xidmət edən
anlayışlardır. Qiymətləndirmə faktiki vəziyyətin, monitorinq isə vəziyyətin
dəyişmə dinamikasının, başqa sözlə, prosesin qiymətləndirilməsidir. Monitorinq
faktiki vəziyyətin müntəzəm şəkildə qiymətləndirilməsi nəticəsində alınan
informasiyanın toplanması və təhlil edilməsi yolu ilə həyata keçirilir.Təhsildə
ənənəvi qiymətləndirmə ona görə yalnız nəzarət mexanizmi sayılmışdır ki, inzibati
amirliyə əsaslanaraq monitorinqə deyil, idarəetməyə xidmət etmişdir.
Monitorinq sözü latın mənşəli "monere" felindən götürülüb, "xəbərdar etmək"
mənasını verir. Monitorinq müəyyən fəaliyyət növünün və onun inkişafının
sistemli və məqsədli şəkildə müşahidə edilməsi və nəticələrin qeydə alınmasıdır.
Monitorinq müşahidə edilən fəaliyyət növünün bütün aspektləri haqqında sistemli
şəkildə məlumat toplamağa və bu məlumatları təhlil etməyə, həmin fəaliyyətin
effektivlik və səmərəlilik dərəcəsini artırmağa, fəaliyyətin uyğunsuzluqları barədə
məlumatın idarə edənlər və qərar verənlərə vaxtında ötürülməsinə imkan
verir.Planlaşdırmada monitorinqin həyata keçirilməsi velosiped sürərkən getdiyin
yola nəzarət etməyə bənzəyir: velosipeddən enmədən onu nizamlaya bilər və
düzgün cığırla getdiyinə əmin ola bilərsən.
3.Müasir dövrümüzdə təhsil sisteminin monitorinqini təhsil keyfiyyətinə
nəzarəti təmin edən ən vacib mexanizm hesab etmək olar.Şagird nailiyyətlərinin
monitorinqindən alınan məlumatlar vasitəsilə məktəb fəaliyyətinin hazırkı
vəziyyətini sistemli və obyektiv şəkildə proqnozlaşdırmaq mümkündür. Təhsildə
monitorinq və qiymətləndirmənin ən böyük fərqi ondan ibarətdir ki, monitorinqin
nəticələrindən proses davam edərkən prosesin səmərəliliyində, müəyyən
düzəlişlərin edilməsində istifadə etmək mümkündür. Belə ki, monitorinq
fəaliyyətin hazırkı vəziyyətini (status) müəyyən edir. Qiymətləndirmə isə
fəaliyyətin təsirini (impact) müəyyənləşdirdiyi üçün monitorinq məqsədilə onun
nəticələrindən yalnız növbəti dərs illərində və ya növbəti qiymətləndirmə
proqramının həyata keçirilməsi zamanı istifadə etmək olar. Məsələn, məktəbdaxili
qiymətləndirmə nəticəsində şagirdlərin göstəriciləri dövlət standartları ilə
uyğunluq baxımından müqayisə edilə bilər. Lakin şagirdlərlə ən çox təmasda olan
müəllimlər geri qalan şagirdlərə kömək etmək üçün dərs ili ərzində hər zaman belə
statik göstəricilərə malik olmur, yalnız müxtəlif qiymətləndirmənin üsul və
vasitələrindən istifadə edərək öz müşahidələrinə əsaslanırlar. Məhz bu səbəbdən
qabaqcıl təhsil sisteminə malik bir çox ölkələrdə şagird nailiyyətlərinin
monitorinqi məktəbin müəllimləri tərəfindən aparılır. Belə ki, tədrisdə geri qalan
şagirdlər haqqında məlumat almaq üçün müəllimlər məktəbdaxili
qiymətləndirmənin xüsusi növündən - formativ qiymətləndirmədən istifadə edirlər.
Beləliklə, heç bir şagird diqqətdən kənarda qalmır.
Deməli, monitorinq daxili idarəetmə prosesi olub təhsilin keyfiyyətinə
davamlı nəzarəti həyata keçirməyə imkan verir. O, təhsil fəaliyyətinin güclü və zəif
tərəflərini üzə çıxararaq gözlənilən nəticələri əldə etmək üçün praktik təkliflərlə
çıxış edə bilər. Monitorinq dedikdə yalnız təkliflər deyil, problemlərin həll
edilməsi üçün konkret addımların da atılması nəzərdə tutulur.
Monitorinqin üç əsas komponenti var:
1.Məlumatın toplanması
2.Məlumatın təhlili
3.Görülən tədbirlər
1. Məlumatların toplanması
Təhsil keyfiyyətinin monitorinqi yalnız etibarlı məlumatların toplanması sayəsində
həyata keçirilə bilər. Belə məlumatların mənbəyi müxtəlif ola bilər: əsasən,
qiymətləndirmə, bəzən isə hər hansı bir sorğunun və ya tədqiqatın nəticələri və s.
Əsas məqsəd təhlil obyekti ola biləcək məlumatların toplanmasıdır.
2. Məlumatların təhlili
Məlumatların təhlili elə həyata keçirilməlidir ki, bu təhlil problemlərin aradan
qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə kömək etsin. Bura təhsili
idarə edənlərə problemləri müəyyən etmək üçün etibarlı göstəricilərin
(indikatorların) müəyyənləşdirilməsi aiddir. Bu göstəricilər (indikatorlar) empirik
nəticələrdir və reallığı əks etdirir.
3. Görülən tədbirlər
Monitorinq nəticəsində görülən tədbirlərə ehtiyat tədbirləri, islahedici tədbirlər və
gücləndirici tədbirlər aiddir. Tədbir görmədən məlumat toplamaq və ya toplanan
məlumatları yalnız təhlil etmək tədqiqat baxımından əhəmiyyətli ola bilər, lakin
bu, idarəçilik baxımından nəticəsiz təcrübədən başqa bir şey sayılmaz. Tədbirlər
aşağıdakı formalarda ola bilər:
Strukturyönümlü: təhsil sisteminin inkişafına və ya kökündən dəyişdirilməsinə
yönəlmiş islahat tədbirləri.
Şəxsyönümlü: buraya sanksiyalar və tövsiyələr aiddir. Sanksiyalar pozitiv -
stimulverici (məsələn, vəzifədə yüksəliş, məktəb avadanlıqlarının yenilənməsi və
s.) və ya neqativ - cəzaverici (məsələn, töhmət və ya işdən azad olunma) ola bilər.
Tövsiyələr isə pedaqoq-məsləhətçilərin müdaxiləsi, müxtəlif seminarların
keçirilməsi və s. vasitəsilə həyata keçirilir.
4. Monitorinqin obyektinə və subyektinə görə iki növü müəyyən edilir.
Ümumi təhsil sahəsində həyata keçirilən yeni qiymətləndirmə sistemi
ümumi təhsildə bütün fəaliyyətləri qiymətləndirən və onların müəyyən olunmuş
müvafiq standartlar istiqamətində inkişaf etməsini təmin edən bir mexanizm kimi
düşünülmüşdür. Burada bütün fəaliyyətlər dedikdə şagirdin, müəllimin, təhsil
müəssisəsinin, təhsili idarəetmə strukturlarının və nəhayət ölkənin ümumi təhsil
sisteminin fəaliyyəti nəzərdə tutulur. Bu iyerarxiyada aparıcı həlqə şagirdin təlim
fəaliyyətinin nəticələridir, qalan bütün fəaliyyətlər bu nəticələrin alınmasına
xidmət edir və bu nəticələrdə əks olunur. Buna görə də yeni qiymətləndirmə
sisteminin əsasını şagird təlim fəaliyyətlərinin ardıcıl və sistemli şəkildə
qiymətləndirilməsi təşkil edir. Onun mahiyyəti, əsas xüsusiyyətləri və növləri,
eləcə də hər bir növün mahiyyəti, məzmunu və aparılması qaydaları "Azərbaycan
Respublikasının ümumi təhsil sahəsində qiymətləndirmə Konsepsiyası"nda və
onun əsasında hazırlanan təlimatlarda öz əksini tapmışdır.Yeni qiymətləndirmə
sisteminin əsasında şagirdlərin təlim fəaliyyətlərinin ardıcıl və sistemli şəkildə
qiymətləndirilməsi, nəticələrin təhlili və müvafiq qərarların qəbul edilməsi dayanır.
Şagird nailiyyətinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq olmaqla
üç istiqamətdə aparılır. Əslində bunlar yeni qiymətləndirmə sisteminə daxil olan və
bir-birindən asılı olmadan fəaliyyət göstərən alt-sistemlərdir. Onların arasında ən
əhatəli və əhəmiyyətli olan məktəbdaxili qiymətləndirmədir. Məktəbdaxili
qiymətləndirmənin əsasını təşkil edən şagird irəliləyişlərinin monitorinqi sistemi
dərs ili ərzində şagirdin təlim, müəllimin tədris fəaliyyətini fənn üzrə müəyyən
olunmuş təlim nəticələrinin əldə olunmasına istiqamətləndirən və dərs ilinin
sonunda hər iki tərəfin fəaliyyətini qiymətləndirməyə imkan verən texnologiya
kimi düşünülmüşdür.Milli qiymətləndirmə mövcud təhsil proqramlarının
(kurikulumların) real tələbata uyğunluğunu araşdırmağa, onların keyfiyyətini
müəyyənləşdirməyə, beynəlxalq qiymətləndirmənin nəticələri isə ölkədə təhsilin
keyfiyyətinin digər ölkələrlə müqayisəsinə imkan yaradır. Beləliklə, milli və
beynəlxalq qiymətləndirmələrin nəticələri ölkənin təhsil sisteminin
təkmilləşdirilməsi üçün əsas məlumat bazası rolunu yerinə yetirir.
Beləliklə, yeni qiymətləndirmə çox geniş və əhatəli bir proses olmaqla təhsil
sahəsində bütün fəaliyyətlərin "Azərbaycan Respublikasının ümumi təhsil
pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində müəyyən
olunmuş tələblər istiqamətində təkmilləşdirilməsinə və bununla da bütövlükdə
təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir.
|