59. Dünyanın torpaq ehtiyatları
Yer kürəsinin torpaq ehtiyatları həm sahəsinə, həm də keyfiyyətinə görə məhduddur. Bundan başqa torpaqların çox böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalından ötrü ya yararsız, ya da az yararlı hesab olunur.
Bununla belə, torpaq örtüyündən düzgün istifadə edilməsi, yeni yaşayış məskənlərinin salınması, yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi onun dağılmasına, münbitliyinin itirilməsinə və böyük torpaq sahələrinin kənd təsərrüfatı istehsalından kənarlaşdırılmasına gətirib çıxarır. Nəticədə dünyanın hər yerində adambaşına düşən torpaq sahələrinin kəskin azalması müşahidə edilir. Bu isə torpaq ehtiyatlarından səmərəli istifadənin vacibliyini bir daha göstərir.
Məhsuldar torpaqların və onların münbitliyinin itirilməsi eroziya, suvarılan torpaqların təkrar şorlaşması, su anbarlarının tikilməsi səbəbindən subasma, bataqlaşma, yeraltı sərvətlərin istismarı, yaşayış məskənlərinin, yolların, kommunikasiya xətlərinin salınması, sənaye müəssisələrinin tikilməsi, həmçinin müxtəlif zərərli maddələrlə çirklənməsi ilə bağlıdır.
Torpaq ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi bəşəriyyət qarşısında duran ən aktual problemlərdən biridir. Hazırda sahəsi 13392,0 mln. ha olan planetimizin torpaq fondundan 4055 mln.ha, yəni üçdə birdən az hissəsini kənd təsərrüfatına yararlı sahələr təşkil edir. Kənd təsərrüfatına torpaq fondunun 11,2% -i becərilən torpaqlar qalan hissəsini çəmən və otlaqlar təşkil edir.
Yer kürəsinin əhalisinin sayı getdikcə artacaq. Bu, təbii ki, adam başına düşən əkinə yararlı torpaqların azalmasına gətirib çıxaracaq.
Bu problemin həllində birinci yol əkin sahələrinin genişləndirilməsi, həmçinin hər hektar sahənin məhsuldarlığını artırmaqdan ibarətdir. İkinci yol müasir dövrdə daha əsasdır. Onun həyata keçirilməsi əkinçiliyin intensivləşdirilməsi, kənd təsərrüfatı istehsalında elmi və texniki yeniliklərin geniş tətbiqi və bu əsasda torpaq münbitliyinin yüksəldilməsi ilə bağlıdır.
Əkin sahələrinin genişləndirilməsinin əsas ehtiyatları tropik və subtropik vilayətlərdə ferralit qırmızı və sarı-qırmızı, qəhvəyi-qırmızı və qırmızı-qonur, subtropik qəhvəyi və boz-qəhvəyi torpaqların hesabınadır. Lakin bu zaman rütubətli tropik meşələrin planetimizin iqlimi üçün əhəmiyyəti də yaddan çıxarılmamalıdır.
Quru tropiklərdə müxtəlif əkinçilik sistemlərinin tətbiqi vasitəsilə, o cümlədən, suqoruyucu texnologiyalardan istifadə etməklə torpaq ehtiyatlarından istifadə etmək mümkündür.
Rütubətli subtropik meşələr zonasında, qırmızı və sarı torpaqlarda əkin sahələrinin genişləndirilməsi imkanları olduqca məhduddur. Tropik və subtropik səhra və yarımsəhra zonalarının qeyri-məhdud torpaq sahələri yalnız su mənbələrinin tapılması və istifadəyə cəlb edilməsi hesabına mümkündür.
Subboreal qurşaqda əkin sahələrinin genişləndirilməsi imkanları demək olar ki, qalmamışdır. Burada əkinəyararlı bütün torpaq sahələrindən intensiv şəkildə istifadə olunur. Boreal qurşaqda torpaq sahələrinin əkinçilikdə istifadəyə cəlb olunması meşə və az məhsuldar otlaqaltı çimli-podzol və boz meşə torpaqların mədəniləşdirilməsi və istifadəsi ilə bağlıdır.
Dostları ilə paylaş: |