Torpağın su xassələri və suyun formaları
Torpağın əsas su xassələrinə susaxlama qabiliyyəti, sukeçirmə və suqaldırma qabiliyyətləri aiddir. Susaxlama qabiliyyəti - torpağın sorbsion və kapilyar qüvvələrin təsiri altında suyu özündə saxlama qabiliyyətidir. Torpağın bu və ya digər qüvvələrin köməkliyi ilə özündə daha çox su saxlamaq qabiliyyəti torpağın sututumu adlanır.
Hava quru vəziyyətdə olan torpaqda müəyyən miqdarda torpaq və ya atmosfer havasının su buxarından adsorbsiya olunmuş hiqroskopik (möhkəm bağlı) su olur. Su buxarının adsorbsiyası istiliyin ayrılması ilə müşahidə olunur.
Torpağın buxar halında olan suyu sorbsiya etmək qabiliyyətinə hiqroskopik deyilir (H). Torpaqda hiqroskopik suyun miqdarı havanın nisbi nəmliyindən və torpağın öz xassələrindən asılıdır. Torpağın qranulometrik xassəsi nə qədər ağır olarsa və tərkibində üzvi və mineral kolloidlərin miqdarı nə qədər çox olarsa, hiqroskopik nəmliyi də bir o qədər yüksək olar.
Böyük məsamələrə malik qumlu torpaqlarda onlarca molekulyar diametrə malik yumşaq əlaqəli su pərdəsi əmələ gəlir. Gillicəli və gilli torpaqlarda çoxlaylı sorbsiya diametrlərin kiçikliyi səbəbindən məhdudlaşmışdır, nazik məsamələr isə əlaqəli su ilə tamamilə dolmuşdur.
Sorbsion qüvvələr və molekulyar cazibə qüvvələri vasitəsilə tutulub saxlanmış yumşaq əlaqəli suyun ən çox mümkün miqdarı maksimal molekulyar sututumunu (MMS) səciyyələndirir.
Yumşaq əlaqəli su, torpağa daxil olan nəmlik hesabına tədricən pərdəsinin qalınlığını artıraraq, torpağın hissəcikləri ilə əlaqəsi olmayan sərbəst suya keçir. Bir müddət sonra kapilyar (kapilyar su) və qeyri-kapilyar (qravitasion su) məsamələri doldurur. Torpaqdakı bütün məsamələr su ilə dolduqdan sonra isə nəmlənmənin tam sututumu və ya torpağın su tutumu adlanan vəziyyəti yaranır.
Tam sututumu (TS) – bütün məsamələr su ilə tam dolduqdan sonra torpağın özündə saxlaya bildiyi ən çox miqdar sudur. Əgər qrunt suları qravitasiya suyunun qarşısını kəsmirsə, o, daha dərin qatlara doğru hərəkət edir. Bol nəmlənmədən və bütün qravitasiya suyunun axmasından sonra torpaqda qalan ən çox su - ən az sututumu (ƏS) və ya tam tarla su tutumu (TS) adlanır.
Ən az sututumu - torpağın su xassələrinin ən əhəmiyyətli göstəricisidir. O, torpağın toplaya və uzun müddət özündə saxlaya bildiyi suyun ən çox miqdarı haqqında anlayış verir. Ən az sututumunda torpaqdakı bütün kapilyar məsamələr su ilə dolmuş olur. Bu zaman bitkinin su təminatından ötrü optimal şərait yaranır. Ən az nəmlik torpağın qranulometrik və mineraloji tərkibindən, humusun miqdarından, struktur vəziyyətindən, torpağın məsaməliyindən və sıxlığından asılıdır.
Torpaqda qrunt suyunun səviyyəsindən yuxarıda yığılmış kapilyar dayaqlı nəmliyin maksimal miqdarına kapilyar sututumu (KS) deyilir. Kapilyar sututumu təkcə torpağın xassələrindən deyil, təyin olunduğu səviyyədən (qrunt suyundan olan yüksəklik) də asılıdır. Qrunt suyuna nə qədər yaxındırsa, kapilyar sututumu bir o qədər yüksək olacaqdır.
Torpağın sukeçiriciliyi - torpağın suyu hopdurmaq və özündən keçirmək qabiliyyətidir. Sukeçiriciliyin birinci mərhələsində sərbəst məsamələr su ilə dolur. Bu mərhələ suyu hopdurma mərhələsi adlanır. Suyun ağırlıq qüvvəsinin və təzyiq qradiyentinin təsiri altında torpaqda hərəkəti filtrasiya adlanır.
Sukeçiricilik torpaqdakı məsamələrin ümumi həcmindən, onların ölçülərindən asılıdır. Yüngül torpaqlarda məsamələr böyükdür və sukeçiricilik həmişə yüksəkdir. Gillicəli və gilli torpaqlarda məsamələrin sayı və ölçüləri torpağın strukturluğundan asılıdır. Suyadavamlı topavari-dənəvər struktura malik gillicəli və gilli torpaqlar da yüksək sukeçiriciliyi ilə seçilir. Ağır qranulometrik tərkibə malik kəltənli-tozvari strukturlu torpaqların sukeçiriciliyi aşağıdır.
Torpağın suqaldırma qabiliyyəti - kapilyar qüvvələr vasitəsilə tərkibindəki suyun qalxan hərəkətini yaratmaq qabiliyyətidir.
Kapilyar qüvvələr diametri 8 mm olan məsamələrdə özünü göstərməyə başlayır. Lakin bu diametri 0,1 0,003 mm olan məsamələrdə özünü daha qabarıq şəkildə göstərir. Daha nazik məsamələr əlaqəli su ilə dolmuş lur. Ona görə də torpağın suqaldırma qabiliyyəti qumlu torpaqdan gillicəliyə kimi artır və gilli torpaqlarda aşağı düşür.
Kapilyar qüvvələr və torpağın suqaldırma qabiliyyəti sayəsində qrunt suları bitkinin su təminatında, reduksiya proseslərinin inkişafında və torpaq profilinin şorlaşmasında iştirak edir.
Dostları ilə paylaş: |