Sarı dağ meşə torpaqları. Sarı dağ-meşə torpaqları Lənkəran vilayəti rütubətli subtropiklərinin səciyyəvi torpaq tipidir. Coğrafi cəhətdən bu torpaqlar dağətəyi və alçaq dağlıq qurşaqda dəniz səviyyəsindən 50-100 m-dən 600-700 m-dək yüksəkdə qonur dağ-meşə və podzollu-sarı torpaqlar arasındakı qurşaqda yerləşir. Viləşçaydan şimalda sarı dağmeşə torpaqları dağ-qəhvəyi torpaqlar ilə qovuşur. Astaraçaydan cənuba İran ərazisinə doğru davam edir. Bu yüksəkliklər daxilində yamaclar kifayət dərəcədə parçalanmışdır. Bu isə denudasiya proseslərinin inkişafı üçün əlverişli şərait yaradır. Məhz bu amillərin təsiri altında torpaqlar nisbətən qısa profilə, əsasən yuxa və orta qalınlıqlı narın torpaq qatına malik olur.
Tipik sarı dağ-meşə torpaqları. Bu torpaqlar alçaq dağlığın dərə-təpəli relyef şəraitində Lənkəran, Viləşçay və Boradigahçayın aşağı axınlarında subtropik meşələr altında yayılmışdır. Tipik sarı dağ-meşə torpaqların yayıldığı ərazilərdə əsas torpaqəmələgətirici süxurlar sarı rəngli aşınma qabığının çınqıllı karbonatsız gillicələrindən ibarətdir. Təsvir edilən torpaqlar morfoloji cəhətdən profilin zəif ayrılması, yuxa və orta qalınlıqlı narın torpaq qatına malik olması ilə fərqlənir.
Podzollaşmış sarı dağ-meşə torpaqları yarımtipi. R.V.Kovalyov (1966) bu torpaqları təsvir edərkən lil hissəciklərinin əhəmiyyətli bir dəyişikliyə məruz qalmadan mexaniki şəkildə yerdəyişməsini torpağın profilinin morfoloji cəhətdən fərqlənməsinin əsas göstəricisi hesab etmişdir. Podzollaşmış sarı dağ-meşə torpaqları üçün genetik horizontlar üzrə lil fraksiyalarının oxşar ümumi tərkibi, zəif doyma dərəcəsi, udma tutumunun yüksək olması, mövsümi qleyləşmə əlamətlərinin olması və s. əlamətlər səciyyəvidir. Bu əlamətlər isə daha şimal enliklərin torpaqları üçün səciyyəvi olan podzollaşma prosesi üçün o qədər də tipik deyildir. Yuxarıda göstərilən diaqnostik göstəricilər podzollaşmış sarı dağ-meşə torpaqlarının morfoloji-genetik əlamətlərinin özünəməxsusluğunu göstərir. Bu səbəbdəndir ki, ədəbiyyatda Lənkəran zonasının bu torpaqlarında podzollaşma əlamətlərinin olmaması , onların psevdo – podzollaşmış torpaqlar adlandırmaq kimi fikirlər irəli sürülmüşdür.
Sarı-qonur dağ-meşə torpaqları yarımtipi. Bu torpaqlar dəniz səviyyəsindən 400-500 m-dən 1000-1200 m-dək yüksəkliklərdə çox məhdud şəkildə yayılmışdır. Onlar qonur dağ-meşə torpaqları ilə sarı torpaqlar arasında keçid zolağı təşkil edir. Azərbaycanın yarımrütubətli subtropiklərinin bu torpaqları üçün “sarı-qonur torpaqlar” adını ilk dəfə B.H.Həsənov (1968) təklif etmişdir. Sarı-qonur dağ-meşə torpaqlarının yayıldığ ıərazilər üçün iqlimin mülayimliyi, müsbət yanvar temperaturuna (0,4-2,10) malik isti qış, davamsız, qısa müddətli qar örtüyü, iyulun orta temperaturunun 21,0-23,50 olduğu isti qızmar olmayan yay səciyyəvidir. Ərazidə yağıntının orta illik miqdarı 800-1100 mm olub bunun 75%-i payız-qış mövsümünə düşür.