Relyef və torpaqəmələgətirən süxurlar. Yarımsəhra zonasının relyefi yekcins deyildir. Xəzərsahili düzənlikdə o, zəif dalğavari ovalıqdan və səthdə nəzərə çarpan depressiya (çökək) sahələrindən ibarətdir. Qazax xırda təpəliyində o qədər də hündür olmayan təpəliklərin və təpəliklərarası çökəkliklərin bir-birini əvəz etməsi səciyyəvidir. Xəzərsahili ovalıqda torpaqəmələgətirən süxurlar lösabənzər gillicələrdən ibarətdir. Bu süxurlar Xəzərin dəniz çöküntülərinin üzərini örtürlər. Burada müxtəlif litoloji tərkibli və müxtəlif dərəcədə şorlaşmış allüvial-göl, həmçinin qədim allüvial mənşəli qumlu və qumlu-gilli çöküntülər yayılmışdır. Uralaltı yaylada torpaqəmələgətirən süxurlar kimi əhəng və gilli süxurlar çıxış edir. Qazax xırda təpəli rayonunda təpələrin başında sarı-qonur rəngli karbonatlı lösabənzər gillicələr yayılmışdır. Çox vaxt kristallik süxurların səthə çıxmasını da müşahidə etmək mümkündür. Turqay yüksəkliyi hüdudlarında torpaqəmələgətirən süxurlar qonur tozvari, çox vaxt şorlaşmış ağır gilləcələrdən ibarətdir. Burada yüngül qranulometrik tərkibli süxurlar da geniş yayılmışdır. Qonur yarımsəhra torpaqları qrunt sularının dərində yerləşdiyi ərazilərdə yayılmışdır. Ona görə də qrunt sularının torpaqəmələgəlməyə təsiri burada yoxdur.
Bitki örtüyü. Yarımsəhra zonası bitki örtüyünün tərkibinə görə kasıb və seyrəkdir. Bitkilər torpaq səthinin 30-40% - ni, bəzən isə 20-30% -ni örtür. Bir qədər qalın ot örtüyü qonur çəmən-bozqır və qumlu torpaqlarda yayılmışdır. Bu torpaqlarda qum yovşanı (Artemisia arenaria), qum zirəsi (Helichrysum arenarium), dovşantopalı (Festuca sulcata) və müxtəlif gəvənlər hakimdir. Qonur yarımsəhra gillicəli torpaqlarda yovşanlı, yovşanlı-dovşantopalı və başqa assosasiyalar yayılmışdır. Bu assosasiyaların tərkibində efemer və efemeroid qarışıqları da fəal iştirak edir.