Laylı subasar-çəmən torpaqları. Bu yarımtipə daxil olan torpaqlar subasarların mərkəz hissələrində daha çox yayılmışdır. Burada torpaq səthi daşqın suları ilə daha qısa müddət ərzində örtülmüş olur. Laylı subasarçəmən torpaqları relyefin nisbətən hamar elementlərində yaxşı inkişaf etmiş çəmən-ot bitkiləri altında inkişaf edirlər. Yaxşı inkişaf etmiş çimli çürüntülü-akkumulyativ horizontun mövcudluğu, humus qatının bir qədər aşağı çəkilməsi, profilin orta və aşağı hissələrində qleyləşmə əlamətlərinin üzə çıxması, laylılıq, basdırılmış horizontların tez-tez müşahidə edilməsi və s. bu torpaqların səciyyəvi diaqnostik göstəricilərindəndir.