Suvarılan subasar-çəmən torpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar torpaqəmələgəlmə şəraitinə və mineraloji-diaqnostik göstəricilərinə görə bu tipin xam torpaqlarından xeyli fərqlənir. Göstərilən torpaqlar subasar rejimdən çıxmış, bir sıra hallarda yaxşı meliorasiya edilmiş, kötüklərdən təmizlənmiş sahələrdə təmsil olunmuşlar. Suvarılan subasar-çəmən torpaqların nisbətən geniş sahələrinə Şəki-Zaqatala zonasında, Quba-Xaçmaz massivində rast gəlmək mümkündür. Təsvir edilmiş torpaqlarda kəltənli-topavari struktura malik olan şumaltı horizontun bərkiməsi nəzərə çarpır. Qleyləşmə əlamətləri zəif ifadə olunmuşdur. Uzun müddətli becərmə və suvarmanın təsiri altında torpaqların laylılığı xeyli zəifləyir, karbonatların aşağı horizontlara yuyulması müşahidə olunur. Suvarılan subasar-çəmən torpaqlarında humus profilinin aşağı qatlara doğru çəkilməsi nəzərə çarpır.