15.Azərbaycan İkinci dünya müharibəsi dövründə. 1939-cu il sentyabrın1-də Almaniyanın Polşaya hücumu ilə II Dünya müharibəsi başlandı. Almaniya qısa müddətdə Mərkəzi və Qərbi Avropanı işğal edib öz gücünü ikiqat artırdı. Sovet İttifaqına qarşı “Barbarossa” planı hazırlandı. Bu plana görə alman ordusu ildırım sürətilə Sovet ordusunu məğlub edib, 1,5-2 ay ərzində Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi. Almaniya 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. Bununla Azərbaycan II Dünya müharibəsinə cəlb edildi. Almaniya öz işğal planında Azərbaycan neftinə, əlverişli strateji mövqeyinə xüsusi əhəmiyyət verirdi. Rozenberqin “Qafqazın idarə olunması planı”na görə mərkəzi Tiflis olan Qafqaz reyxkomissarlığı yaradılmalı və Azərbaycan komissarlığı ona tabe edilməli idi. Daha sonra Almaniya SSRİ-ni məğlub etdikdən sonra türk xalqları yaşayan bütün əraziləri zəbt edib özündən asılı olan “Büyük Türküstan” dövləti yaratmaq planını irəli sürdü. Azərbaycan xalqı faşizmə qarşı mübarizədə fəal iştirak etdi. 600 min adam orduya səfərbərliyə alındı. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin martında 416-cı, avqustunda 271-ci atıcı divizyalar yaradıldı. Azərbaycanlı döyüşçülər müharibənin əvvəlində Brest qalasının müdafiəsində fəal iştirak etdilər. 1941-ci ilin dekabrında Novqorodun Pustinka kəndi uğrunda döyüşlərdə igidlik göstərən İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı fəxri adı alan ilk azərbaycanlı oldu. Moskva döyüşlərində fərqlənən tank bölməsi komandiri Həzi Aslanov “Qırmızı ulduz” ordeni aldı. Leninqrad səmasını qoruyan təyyarəçi Hüseynbala Əliyev igidliklə həlak oldu. Sovet Ali Baş Komandanlığı Qafqaz cəbhəsində ağır vəziyyətlə bağlı 1942-ci il santyabrın 9-da Cənubi Qafqaz respublikasında hərbi vəziyyət elan etdi. Bakı ətrafında istehkamlar quruldu. Azərbaycanlılardan ibarət 416-cı diviziya Mozdokda döyüşə başlayıb düşməni qovdu, Şimali Qafqazın azad edilməsində böyük rol oynadı. Tuapse uğrunda döyüşdə Qafur Məmmədov igidlik göstərdi və ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1942-ci ilin dekabrında Stalinqrad cəbhəsində H.Aslanovun tank polku düşmənə ağır zərbə vurdu və buna görə birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını aldı.