Məhəmmədəlinin islahatları və daxili siyasəti.Məhəmmədəli aqrar sahədə də islahat keçirdi. O, paşaların idarə etdiyi xass torpaqlarını ən əvvəl öz əlinə aldı. Artıq 1808-ci ildə Məhəmmədəli qiyamçı bəylərin malikanələrini müsadirə etməyə başladı. 1811-ci il qırğınından sonra məmlük feodallarının bütün torpaqları tamamilə paşanın əlinə keçdi. Sonra o, mürtəzimlərdən, onların gəlirləri haqqında hesabat tələb etdi. Məhəmmədəli bütün saxtakarlıqları aşikar etdi və o, elan etdi ki, hökumət vergi yığmağı öz öhdəsinə götürür. Mürtəzimlərin bəylərdən icarəyə götürmüş olduqları torpaqlar onların əlindən alındı. Bunun əvəzində onları "ədalətlə" mükafatlandırmaq üçün paşa mürtəzimlərə, öz "gəlirləri" haqqında özlərinin verdiyi məlumata uyğun miqdarda təqaüd verilməsini əmr etdi. Məhəmmədəli vəqf torpaqları idarəçilərindən torpaq mülkiyyəti hüququ haqqında sənəd tələb etdi. Məhəmmədəli heç bir sənəd təqdim edə bilməyən idarəçiləri dini əmlaka pis nəzarət etməkdə təqsirləndirdi və vəqf torpaqlarını öz nəzarəti altına aldı. Bununla da o, vəqf gəlirləri hesabına yaşayan müsəlman ruhanilərinə təsir göstərmək üçün əlavə vasitə və imkanlar əldə etdi. 1841-cü il üçün Məhəmmədəli, əslində, Misirdə yeganə torpaq mülkiyyətçisi o, özü idi. Bununla yanaşı Məhəmmədəli fəllahlar üçün yeni torpaq qaydası qoydu. Paşanın əmrilə hər kənddə torpaq hər bir yaşlı işçi üçün 3-5 fəddah hesabı ilə kəndlilər arasında bölüşdürüldü. Hüquqi cəhətdən kəndli torpaq sahəsinin sahibi və onun məhsulunun mülkiyyətçisi hesab olunurdu. Əslində isə fəllahın hüquqsuz və təhkimli vəziyyəti demək olar ki, dəyişməmiş qalırdı. Paşa kəndlinin məhsulunu ya vergi hesabına əlindən alır və ya özü təyin etdiyi qiymətlə "satın alırdı". Fəllah ildə 60 gün paşa və dövlət üçün biyara getməli idi. Məhəm-mədəli vergi yığılmasında ellik zəmanət sistemini saxlayıb möhkəmlətdi.
Göstərilən tədbirlərlə yanaşı, Məhəmmədəli geniş miqyasda torpaq paylamağa başlamışdı. O, öz oğlanlarından, za-bit və məmurlardan qohum-əqrəbasından ibarət yeni torpaq sahibləri yaradıb, onları öz ictimai dayağına çevirdi. Bu qayda ilə Məhəmmədəli feodal sinfinin tərkibini, demək olar tamamilə yeniləşdirdi. Lakin ölkədə mövcud olan diktatura rejimi və xalqın zülm altında olmasına baxmayaraq, XIX əsrin birinci yarısında Misirin kənd təsərrüfatında xeyli irəliləyiş baş verdi və uğurlar əldə edildi. Ölkədə köhnə suvarma şəbəkələrinin bərpa edilməsi və yeni suvarma şəbəkələri yaradılması sahəsində böyük iş aparılırdı. 1820-ci ildən etibarən suvarma işləri il boyu aparılırdı. Ölkənin idarəçilik sistemində, aqrar sahədə problemlər hələ də mövcud olsa da, nəticədə ölkədə kənd təsərrüfatı məhsulları xeyli artdı.
Misirdə nəzərə çarpan irəliləyişlə yanaşı idarəçilik sistemində despotik üsul, vergi sistemində hədsiz qarətçilik hələ də saxlanılmışdı. Belə ki, fəllahın yığılan məhsulu sərf etmək ixtiyarı yox idi. Kəndli biçindən sonra məhsulu dövlət anbarına təhvil verirdi. Məhsulun bir hissəsi vergiyə çıxılır, qalan hissəsi isə dövlət qiymətilə satın alınırdı. Bu qiymətlər Misirdə bazar qiymətindən təxminən iki dəfə, ixracat qiymətindən isə üç dəfə aşağı idi. Məhəmmədəli bir çox kənd təsərrüfatı məhsulları üzərində dövlət inhisarı qoymuşdu. O, özü daxili bazarda ən böyük inhisarçı tacir idi. Bəzi inhisarlar yüksək qiymətlə ayrı-ayrı şəxslərə verilirdi. İnhisara qarşı narazılığın son dərəcə artdığını nəzərə alaraq, Məhəmmədəli 1832ci ildə kəndlilərin buğda, qarğıdalı, arpa və paxla bitkilərini azad surətdə sərf etməsinə icazə verib, qalan məhsullar üzərində inhisarı saxladı. 1816-cı ildə Məhəmmədəli ölkəyə gətirilən digər məmulatların da satışını inhisara aldı. Bu qayda ölkə daxilində istehsal edilən sənətkarların məhsullarına da şamil edildi. Sənətkarların xeyli hissəsi müflisləşdi və onlar fabrik fəhlələrinə çevrildilər. 1818-ci ildə ilk toxuculuq fabrikləri yaradıldı. Bu fabriklərin nəzdində boyaqxanalar da düzəldilmişdi. Şəkər və yağ zavodları, kağız fabriki açılmışdı. Ordunun ehtiyaclarını ödəmək üçün, Qahirə qalasında köhnə silah emalatxanaları genişləndirilmiş, yeni silah, barıt, kükürd zavodları yaradılmışdı. İsgəndəriyyədə tərsanələr yaradılmış və burada hərbi gəmilər düzəldilirdi. Sənayeni təmin etmək üçün 1820-ci ildə Bulakda metaltökmə zavodu açılmışdı. Burada maşınlar, alətlər, əyirici və toxucu dəzgahlar, hətta buxar mühərrikləri hazırlanır və təmir edilirdi.
İslahatların məhdud xarakter daşımasına və feodal-təhkimçilik qaydalarının qalmasına baxmayaraq, ümumiyyətlə XIX əsrin birinci yarısında Misir öz iqtisadi inkişafında nəzəri cəlb edəcək müvəffəqiyyətlər qazanmışdı. Bu, əhalinin artmasında da özünü göstərirdi. Məhəmmədəli digər islahat xarakterli tədbirlərlə yanaşı inzibati sistemi də yenidən qurmağa nail oldu. İdarə sisteminin başında mütləq hakimiyyət hüququ olan və geniş imtiyazlara malik olan paşa dururdu. Misir əyalətlərə, mahallara və rayonlara bölünmüşdü. Yeni idarə aparatı paşa tərəfindən təyin edilən adamlardan ibarət olub, bütünlüklə ondan asılı idi və onun əmrlərini həyata keçirirdi. İdarəçilikdə mütərəqqi hal ondan ibarət idi ki, əvvəlki feodal hərc-mərcliyi əvəzinə, mərkəzləşmiş idarə sistemi yaradılmışdı. Yerlibazlığa, tayfa-bazlığa, qohumbazlığa ümumiyyətlə proteksionizmin bütün formaları qadağan edilmişdi.
Məhəmmədəlinin fəaliyyətində dövlət və xalq üçün zəruri olan hərbi islahat ən mühüm yer tuturdu. Amma onun ilk qoşunları muzdla tutulan alban və türk əsgərlərindən ibarət idi. Onlar sayca çox az olub, Avropa qaydasında hər hansı bir təlim keçilməsi təşəbbüslərinə qarşı müqavimət göstərirdilər. Məhəmmədəli tədricən fəllahların orduya çağrılması fikrini reallaşdırdı. Bu fövqəladə bir yenilik idi. Çünki fəllahlar əsrlərdən bəri hərbi xidmətə cəlb olunmurdu. Onların müqavimət göstərməsinə baxmayaraq 20-ci illərin ortalarında fəllahlarından ibarət ilk nizami hərbi hissələr yaradıldı. Ordunun komanda heyəti türklərdən, albanlardan, çərkəslərdən, kürdlərdən, lazlardan ibarət idi və bunlara Napoleon ordusunun sabiq zabitləri təlim keçirdi. Bu zabitlər Məhəmmədəli tərəfindən muzdla işə götürülmüşdü.
Dostları ilə paylaş: |