45.Formal və qeyri-formal nəzarət Formal sosial nəzarət dövlət tərəfindən qanunvericilik qaydasında icazə verilən fəaliyyətlərin stimullaşdırılması, qadağan olunan fəaliyyətlərin müəyyənləşdirilməsi və onların müqabilində sanksiyalar tətbiqi yolu ilə həyata keçirilir.
Formal nəzarət həm də elə sosial strukturlarda həyata keçirilir ki, qəbul olunmuş normalara əməl edilməsi normativ aktlarla (nizamnamə, təlimatlar, əsasnamə və s.) və müvafiq sanksiyalarla təmin edilir.
Formal sosial nəzarət, onun yaradılması və həyata keçirilməsi sosial qarşılıqlı təsirlərin rasional təşkili prosesinin nəticəsidir. Formal sosial nəzarətin agentləri dövlət hakimiyyəti orqanlarına səlahiyyəti olanlardır, bütün hakimiyyət strukturlarıdır. Onların fəaliyyəti müvafiq qaydalarla müəyyən edilmişdir. Sanksiyalar cinayət məsuliyyəti, inzibati tədbirlər və intizam tənbehləri formasında olur.
Formal sosial nəzarətin səmərəliliyi məlum dövlət hakimiyyətinin və səlahiyyətli müvafiq strukturların legitimlik dərəcəsinə birbaşa mütənasibdir. Bu səmərəliliyin tabe, ikinci dərəcəli şərtləri sırasına müvafiq sanksiyaların sərtliyi, cəzanın ağırlığı və onun real tətbiqinin dönməzliyi dərəcəsi aid edilə bilər.
Qeyri-formal sosial nəzarət isə qarşılıqlı təsirlərin özünütəşkilinin nəticəsidir. Onun funksiyası da sosial qarşılıqlı təsirlərin normativ nizamlanmasıdır. Lakin unudulmamalıdır ki, belə nəzarət üçün seçilən normaların məzmunu formalaşdırılmamışdır; həmin normalar sosial qruplarda, birliklərdə kortəbii surətdə meydana gəlir, onların üzvlərinin davranışında məhz belə sosial təşəkküllər üçün xarakterik olan sanksiyaların tətbiqi təhlükəsi altında təkrar istehsalolunur.
Qeyri-formal sosial nəzarətin agentləri həmin qruplar və birliklərdir, onların ən nüfuzlu üzvləridir (məsələn, ailədə valideynlər, sosial qrupların qeyri-formal liderləri və «diqqətdə olan» digər şəxsləri). Sanksiyalar məhdud (və ya real tətbiq) formasında özünü göstərir: fiziki zorakılıq, rəddetmə, üzvlükdən məhrumetmə, habelə hədə, məsxərəyə qoyma, müdafiədən imtina etmə və s.
Qeyri-formal sosial nəzarətin səmərəliliyi müvafiq sosial qrupların və təşəkküllərin birlik dərəcəsinə, onların üzvlərinin sosial vəhdət və həmrəylik səviyyəsinə birbaşa mütənasibdir. Sosial (qrup) normalarının pozulmasına görə sanksiyaların ağırlığı və qaçılmazlığı sosial təşəkküllərin dağılması, birliyin pozulması, sosial həmrəyliyin itirilməsi ilə əlaqədar olaraq, öz nəzarətedici effektindən məhrum olur.
Qeyri-formal nəzarətin səmərəliliyinin çox mühüm, həlledici komponenti məhz sosial həmrəylik fenomenidir.
Qeyri-formal sosial nəzarətdən bəhs edərkən çox zaman klassik nümunə kimi ənənəvi kənd icmasına qeyd edirlər. Həqiqətən kənd icması öz üzvlərinin həyatının, demək olar ki, bütün aspektlərinə nəzarət edirdi. Məsələn, münaqişə və mübahisələrin həlli, gəlin seçilməsi, uşağa ad qoyulması və s. Yazılı normalar mövcud olmamış, ictimai rəy qüdrətli nəzarətedici imkanlar kəsb etmişdir (bu rəyi çox zaman icmanın ağsaqqal üzvləri ifadə etmişlər). Sosial nəzarət sisteminə din üzvi surətdə qoşulmuşdur. Ayin və mərasimlərə ciddi riayət olunması sosial normalara rəğbət hissi tərbiyə etmiş, həmin normaların zəruriliyinin daha dərindən dərk olunmasına kömək etmişdir. Nişanlanma, yeni ailə qurulması, yetkinliyə çatma, uşağın doğulması, məhsul yığımı və s. xüsusi təntənə ilə qeyd olunmuşdur. Göründüyü kimi, formal nəzarət metodlarından fərqli olaraq, qeyri-formal metodlar praktik surətdə hamıya müyəssər olmuşdur.