47.Sosial nəzarəti şərtləndirən amillər Cəmiyyətin, sosial qrupların, müxtəlif sosial təşkilatların sabitliyi belə sosial təşəkküllərin üzvlərinin optimal qarşılıqh təsirlərini təmin edən xüsusi mexanizmin - sosial nəzarət mexanizminin xarakterindən və səmərəliliyindən asılıdır. İnsanların bu cür təşəkküllərdə birləşməsi iki prinsipial məqamın təsiri altında baş verir.
Birincisi, obyektiv amildir. Bəşəri mövcüdluğun fundamental tələbatları sosial praktikanın müxtəlif növlərinin həyata keçirilməsi prosesində səylərin, hərəkətlərin birləşdirilməsini, əlaqələndirilməsini zəruri edir. Bu amilin reallaşması labüddür; onun dərk olunub-olunmaması labüdlüyü aradan qaldırmır.
İkincisi, subyektiv amildir. Bu, müxtəlif sosial praktika növlərinə, sosial təşkilat formalarına cəlb olunmuş, qoşulmuş insanlar sayəsində kəsb edilən mənadır, xarakterdir.
Qeyd edilən hər iki amilə müvafiq surətdə istənilən sosial təşkilata xas olan nəzarət mexanizmindən bəhs etmək mümkündür. Bu mexanizm fərdləri ictimai, ümumqrup məqsədlərinə tabe edir, cəmiyyət hüdudlarında onların birliyini qoruyub saxlayır; sosial dəyərlərdən və normalardan ibarət olan spesefık sistem tətbiq edir, onu müdafiə edir, həmin normaların qrup, cəmiyyət üzvləri tərəfindən mənimsənilməsini təmin edir, onlara riayət olunmasını mükafatlandırır, onların tələblərindən kənara çıxma hallarının qarşısını alır. Sosial nəzarət mexanizminin mənası və əsas funksiyası da bundadır. Sosial təşəkküllərin, strukturların obyektiv-subyektiv xarakteri məhz burada təzahür edir. Sosial nəzarət obyektiv cəhət kimi çıxış edir: o, istənilən sosial təşəkkülün labüd surətdə meydana çıxan elementidir. Sosial nəzarət həm də şüurlu surətdə formalaşdırılmış, tətbiq olunmuş, qərarlaşmış formadır. Söhbət birinci halda qeyri-formal, ikinci halda isə formal sosial nəzarət haqqında gedir.
48.İdarəetmənin sosial təbiəti və strukturu «İdarəetmə» və «sosial idarəetmə» anlayışlarını da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin (bioloji, sosial, texniki) funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edir. Sosial idarəetmə isə geniş və dar mənada işlədilir.
Geniş mənada sosial idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri idarəetmə başa düşülür. Dar mənada isə sosial idarəetmə cəmiyyət həyatının sosial sferasına xas olan hadisə və proseslərin idarə olunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir.
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasına, aşağıların yuxarılara tabeliyinə, iqtisadi, sosial və mədəni nemətlərə yiyələnməkdə bərabərsizliyə əsaslanır. Rolların və statusların üfüqi və şaquli diferensiasiyası müxtəlif cür təsbit olunur.
İdarəetmə fərdlərin, qrupların, kollektivlərin fəaliyyətinin müəyyən rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdırılmasıdır. İdarəetmə piramidası mürəkkəb struktura malikdir. O, elə qurulmuşdur ki, onun konusunda ən imtiyazlı, səlahiyyətli vəzifələr yerləşir. Bu vəzifələr aşağı qatlardakı imtiyazsız, yaxud az imtiyazlı mövqelərlə müqayisədə çox azdır. Deməli, mövcud yerlərə nisbətdə irəliləmək, yüksəlmək iddiasında olanlar daha çoxdur. Yüksəlmək səyi idarəetmə karyerasının əsas motividir.
«İdarəetmənin strukturu» anlayışını idarəetmə problemlərinə həsr olunmuş ədəbiyyatda tez - tez rast gəldiyimiz «təşkilatın strukturu» anlayışı ilə müqayisə edək. Təşkilatın strukturu daha geniş anlayış olub, həm formal, həm də qeyri - formal təşkilatı əhatə edir. İdarəetmənin strukturu isə təşkilatın strukturunun mühüm ünsürü olub, ancaq formal təşkilatı əhatə edir.
İdarəetmənin strukturu əslində idarəetmə səviyyələrinin aşağıdan yuxarıya doğru nizamlı yerləşməsidir. Burada adətən üç səviyyəni ayırd edirlər: aşağı səviyyə (məsələn, sex rəhbərləri, baş ustalar); orta səviyyə (məsələn, şöbə, bölmə rəhbərləri); yüksək səviyyə (məsələn, baş idarəedici, böyük idarəedicilər). Bu, tipik struktur hesab oluna bilər. İri kompaniyalarda bu səviyyələr arta bilər (məsələn, aşağı, kiçik, orta, böyük, yüksək səviyyələr). Silahlı qüvvələrdə, sahə və regional idarəetmə orqanlarında idarəetmənin daha çox səviyyəsi mövcuddur. İcraçılarla (fəhlə və qulluqçularla) yüksək səviyyə rəhbərləri arasında daha çox səviyyələr mövcuddursa, belə idarəetmə strukturunu şaquli idarəetmə strukturu adlandırırlar. Rəhbərlik səviyyələri az olduqda isə onu üfüqi idarəetmə strukturu adlandırırlar.