52.Sosial idarəetmə mürəkkəb proses kimi Sosial idarəetmə prosesi müəyyən növ fəaliyyətin ümumiləşmiş ifadəsidir, qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində reallaşdırılan ardıcıl hərəkətlərin məcmusudur.
Elmi ədəbiyyatda qeyd olunur ki, idarəetməyə proses mövqeyindən yanaşmanı təklif edənlər XX əsrin 30-cu illərində inzibati idarəetmə tərəfdarları olmuşlar. Lakin onlar idarəetmə mərhələlərini funksiyalar kimi nəzərdən keçirərkən həmin funksiyaların qarşılıqlı əlaqəsinə lazımınca diqqət yetirməmişlər. Lakin idarəetməyə proses mövqeyindən yanaşanların digər qismi həmin qüsuru aradan qaldırmağa səy göstərmiş, müəyyən təşkilat hüdudlarında hərəkətlərin və ya funksiyaların qarşılıqlı əlaqəsini, ümumi fasiləsiz axarını nəzərə çarpdırmışlar. Bu konsepsiyanın ilk müəlliflərindən sayılan Anri Fayol belə hesab edirdi ki, idarə etmək planlaşdırmaq, təşkil etmək, sərəncam vermək, əlaqələndirmək və nəzarət etmək deməkdir. Hazırda sosial-fəlsəfı ədəbiyyatda, idarəetmə nəzəriyyəsinə və praktikasına həsr olunmuş əsərlərdə idarəetmə prosesi təşkilati və funksional struktur baxımından təhlil olunur. Başqa sözlə, həmin prosesdə müəyyən mərhələlər və ya funksiyalar ayırd edilir.
Təşkilati struktur baxımından sosial idarəetmə prosesini bir-birinin ardınca gələn müəyyən mərhələlərin məcmusu kimi başa düşmək olar. Belə mərhələlərin ayırd edilməsinə müxtəlif müəlliflərin fərqli yanaşması mövcuddur. Həmin yanaşmaların müqayisəli təhlili göstərir ki, fərqlər əsasən məsələyə nə dərəcədə konkret yanaşma ilə əlaqədardır. Bəziləri (məsələn, V. Q. Afanasyev) 4 mərhələ - qərarın işlənib hazırlanması və qəbulu, təşkiletmə, tənzimetmə, uçot və nəzarət, bəziləri (məsələn, Q. Q. Vasilyev) 6 mərhələ - idarəetmə probleminin qoyulması, zəruri informasiyanın toplanılması, qərarın işlənib hazırlanması, qərarın qəbul edilməsi, qəbul olunmuş qərarın icrasının təşkili, nəzarət və s. ayırd edirlər.
İdarəetmə prosesinin nə dərəcədə konkret diferensiasiyası ilə şərtlənən fərqli mövqelərin olması təbii sayılmalıdır. Zənnimizcə, ayrı-ayrı mövqelərdə 3 mərhələnin ayırd edilməsi ümumi cəhətdir və demək olar ki, heç kəsdə etiraz doğurmur:
1. Qərarın işlənib hazırlanması və qəbul olunması;
2. Qərarın icrasının təşkili;
3. İcranın yoxlanılması (nəzarət).
Sosial idarəetmə prosesini təşkilati struktur baxımından bir-biri ilə sıx əlaqədar olan bu üç mərhələdən ibarət sistem kimi təsəvvür etmək mümkündür. Bu sistem, şübhəsiz, ümumi xarakter daşıyır.