-Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) faktorlar səbəb ola bilər. Təbii faktorlara yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar. Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen faktorlar səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.
Torpaq uçqunu- dağ, torpaq uçqunlarının baş verməsinə intensiv yağışlar, yeraltı təkanlar adətən səbəb olur. Dağ uçqunlarının baş verməzdən bir neçə saat əvvəl ərazidə yer altı təkanlar hiss edilə bilər. Zəlzələ yerin alt qatının aktifləşməsinə, dağların müəyyən hissəsinin uçmasına səbəb olur. Yağışlar iri qayaların alt hissəsini yuyaraq, torpaqla onların arasındakı qatı yumşaldır, qayanın ağırlığı, kütləsi onu saxlayan qüvvəyə üstün gələrək, yerindən tərpədir və aşağı düşür.