Problemli mühazirə – Bu halda müəllim öyrədiləcək məsələni tələbələrə problem şəklində təqdim edir. Tələbələrin vəzifəsi problemin həllini tapmaqdır. Onlar fikir mübadiləsi edir və yeni biliklər mənimsənilir.
Vizual mühazirələr – Bu halda mühazirənin əsas məzmunu tələbələrə obrazlı şəkildə (fiqur, şəkil, sxem və s.) təqdim olunur.
İkilikdə mühazirə – Mühazirəni 2 müəllim biri-birilə və tələbə auditoriyası ilə əməkdaşlıq şəraitində oxuyur. Mühazirənin bu növü, şəxsiyyətlərarası münasibətlərə əsaslanır. Hər 2 müəllim mövzu ilə əlaqədar müvafiq problem qoyur, fərziyyə irəli sürür və əsaslandırır.
Mühazirə-press konfrans – tələbələrin sualları əsasında bir, yaxud bir neçə müəllim tərəfindən aparılır. Bu mühazirənin təşkili aşağıdakı kimi aparılır:
Müəllim mühazirənin mövzusunu elan edir və hər bir tələbə yazılı surətdə mövzu ilə əlaqədar onu maraqlandıran sualları verir.
Sonra müəllim bu sualları sistemləşdirir və mühazirəni oxumağa başlayır.
Mühazirə tələbələrin suallarının cavablandırılması üzərində qurulur. Burada əsas şərt budur ki, mühazirənin forması tələbələr üçün maraqlı olsun və onları özünə cəlb etsin.
Mühazirə–məsləhət – Bu mühazirə forması mühazirə press konfransa yaxındır. Fərq ondadır ki, mühazirəyə mütəxəssis də dəvət olunur və mütəxəssisin məsləhətləri müəllim tərəfindən istiqamətləndirilir.
Mühazirə-təbliğat – Bu, planlaşdırılmış səhvlərlə aparılan mühazirədir. Məqsəd – tələbələrin diqqətini cəlb etmək və informasiyanı düzgün qiymətləndirmək bacarığı formalaşdırmaqdır. Mühazirənin bu formasının əsasını – konfliktlər, problemlər, öyrədən və öyrənənlərin birgə fəaliyyəti təşkil edir.
Mühazirə – dialoq – Mühazirə prosesində müəllim tələbələrə suallar verir, cavabları ümumiləşdirir və bu əsasda yeni materialı şərh edir.