4 MÖVZU ALİ MƏKTƏBDƏ TƏLİM METODLARI. ALİ MƏKTƏBDƏ TƏLİMİN TƏŞKİLİ FORMALARI Plan: 1. Təlim metodunun mahiyyəti, metodların təsnifatı, ümumi xarakteristikası 2. Təlimin təşkili formaları haqqında ümumi məlumat 3. Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər 4. Tələbələrin müstəqil işləri, referat, kurs işi, buraxılış işi 5. Məsləhətlər, imtahan və zaçotlar
Metod – yunan sözü (metodos) olub, həqiqətə doğru irəliləmək yolu mənasını verir. Metod, qarşıya qoyulmuş məqsədə çatmaq üçün fəaliyyətin təşkili üsuludur. Deməli, təlim metodu – təlim-tərbiyə məqsədlərinə nail olmaq üçün öyrənən və öyrədənin qarşılıqlı fəaliyyətidir. Hər bir təlim metodu özündə 2 fəaliyyət növünü birləşdirir.
Öyrətmə fəaliyyəti;
Öyrənmə fəaliyyəti.
Öyrətmə və öyrənmə fəaliyyətinin qovuşması yeni fəaliyyət növünü – birgə fəaliyyəti, başqa sözlə, təlim fəaliyyətini (prosesini) doğurur. Metod, öyrətmə fəaliyyəti ilə bağlı olduqda tədris metodları, öyrənənin fəaliyyəti ilə bağlı olduqda öyrənmə metodları, öyrədən və öyrənənlərin birgə fəaliyyəti ilə bağlı olduqda – təlim metodları kimi işlədilir. Təlim vasitələri müəllimin öyrətmə, tələbənin öyrənmə prosesində istifadə etdiyi texnologiyalar kimi başa düşülür. Metod, «işi necə görməli?», vasitə isə «işi nə ilə görməli?» sualına verilən cavablardır. Təlim metodu elə seçilməli və elə tətbiq olunmalıdır ki, təhsil alan hər kəs müvəffəqiyyət qazandığını psixoloji cəhətdən hiss etsin.
TƏLİM METODLARININ TƏSNİFATI Təlim metodlarının təsnifatı dedikdə, onların bu və ya digər əlamətinə görə müəyyən ardıcıllıqla düzülüşü nəzərdə tutur. Pedaqoji ədəbiyyatda bu günə qədər onlarla təsnifat verilmişdir və hazırda pedaqoji ədəbiyyatda təlim metodlarının təsnifatı sahəsində axtarışlar bu gün də davam edir. Metod mürəkkəb proses olduğundan onun bütün funksiyalarını, xüsusiyyətləri və əlamətlərini özündə birləşdirən təsnifat vermək çox çətindir, bəlkə də heç mümkün deyil.