Reklam işinin idarə edilməsini tənzimləyən qanunvericilik ötən müddət ərzində bazarda baş verən dəyişikliklər və yeniliklərə uyğunlaşdırılmalıdır. Bugünkü hüquq müstəvisində biz reklam fəaliyyətindən və onu tənzimləyən hüquq normalarından danışdıq və reklam menecmentində baş verən hadisə və proseslər bir daha onu deməyə əsas verir ki, reklam haqqında qanunda və digər reklam işinin idarə edilməsini tənzimləyən hüquq normalarında bir sıra dəyişikliklər etmək lazımdır.
Reklam işində rəhbərliyin təşkilat formalarının daha effektli olması üçün ən yeni texnologiyalardan reklam menecmentində istifadəsi daha məqsədə uyğun olardı.Beləki, əvvəl də qeyd etdiyimiz kimi, texniki vasitələrdən istifadə etməklə reklam menecerləri həm öz vaxtlarına qənaət edirlər, həm də firmanın fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edirlər.
Paytaxtla paralel olaraq regionlarda da reklam işinin idarəedilməsinin inkişafına nail olmaq lazımdır. Regionlarada, şəhər və rayonlarımızın ərazilərində turizmin təbliğatı, narkomaniyanın əleyhinə, ən əsası isə vətənpərvərlik ruhunda açıq hava reklamlarına demək olar ki, rast gəlinmir. Ümumilikdə isə hər bölgənin tarixi memarlıq abidələri və əsrarəngiz təbiətiylə bağlı şəkillərin, reklam şüarlarının, videoçarxların nəinki respublikamızda, xarici ölkələrdə yayımlanmasına nail olmaq lazımdır. Ölkədə fəaliyyət göstərən reklam menecerləri bu qeyd etdiklərimizi icra etməklə həm öz firmalarının inkişaf etdirilməsində, həm də ümumilikdə özlkəmizdə reklam fəaliyyətinin inkişafına təkan vermiş olarlar.
Müasir şəraitdə ölkəmizin dünya ölkələri arasında iqtisadi artım tempinə görə ən ön sıralarda qərarlaşdığı hər birimizə məlumdur. Bu da iqtisadiyyatın hər bir sahəsini inkişaf etdirmək üçün yetəri qədər maliyyə vəsaitinin mövcudluğu deməkdir. Lakın çox təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, ən perspektivli sahələrdən biri olan reklam fəaliyyətinin inkişafı ölkənin iqtisadi inkişaf sürəti ilə adekvat olaraq getmir. Bir sözlə, biz Azərbaycanın reklam bazarında Milli reklam təfəkkürünün formalaşması üçün çalışmalıyıq. Bu halda istehsal olunan məhsulun ( brendin) həm daxili bazarda həm də xarici bazar üçün məhsullarımızın imicini formalaşdırmaqla reklam bazarında daha yüksək inkişaf mərhələsinə nail olmaq olar