Azərbaycan–İran münasibətləri — SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və İran arasında ilk diplomatik əlaqələr quruldu. İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir - birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. Azərbaycan-İran ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin xüsusi çəkisi var. 1992-ci ildən indiyədək iki ölkə arasında imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir. İran Azərbaycanın neft-qaz və neft-kimya sənayesində, bu məhzulların ixracında, sərmayə qoyuluşunda maraqlıdır. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir. Ticarət, energetika, sənaye, tranzit və digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır. 1993-cü ildən Bank Melli İranın Bakı filialı fəaliyyət göstərir. Azərbaycanla İran zəngin mədəni əlaqələrə malikdir. Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassik Azərbaycan şairləri Azərbaycan və fars dillərində böyük əsərlər yaratmışlar. Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən dünyada şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunub. Bu xalça dövrünün ən iri və əsrarəngiz xalçası adını qazanıb. 1871-74-cü illərdə M.F.Axundzadənin 6 komediyası fars dilinə tərcümə edilərək İranda yayılıb. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulub.Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) öz əsərlərini Azərbaycan və fars dillərində yazıb. Azərbaycanda onun "Heydərbabaya salam" poeması, "Türkcə divanı" çapdan çıxıb. 2006-cı il dekabr ayının 21-də AMEA Mərkəzi Elmi Kitabxanası və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində "Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı" açılıb. "Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı" iki ölkə arasındakı elmi-mədəni əlaqələrin, elmi təcrübə mübadilələrinin, elmi-maarifləndirmə işlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılıb.