58-ci Sual. .Regional təhlükəsizlik siyasəti kontekstində Azərbaycan-Rusiya münasibətləri Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. Dünya xəritəsinə nəzər salsaq, geopolitik subyektlərin daim qarşılıqlı təsirdə olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini müşahidə edə bilərik. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində də beynəlxalq təhlükəsizliyin qorunması problemi daim öz əksini tapmaqdadır.Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin və bütövlükdə regionların təhlükəsizliyi siyasi, iqtisadi, xüsusilə isə enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə xidmət göstərir. Artıq 21 ildir müstəqil dövlət kimi balanslandırılmış xarici siyasət yürüdən Azərbaycan həm də unikal coğrafi mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir.
Son illərdə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın qazandığı nailiyyətlərin miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Özü də dünya miqyasında 155 ölkənin dəstəyini alaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə yox, digər sahələr üzrə də əldə edilən möhtəşəm nailiyyətləri baxımından da liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur.Ötən dövrdə Azərbaycanın enerji siyasəti daha da zənginləşib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Bu il karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Ölkəmiz yola saldığımız ildə dünyanın 30-a yaxın ölkəsinin enerji təminatında mühüm rol oynamaqla qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik dövlət olmasını təsdiqləyib.
Ölkəmiz yanacaq-enerji sektorunda ən mühüm nailiyyətlər əldə edib. Rusiya istiqamətində şimal marşrutunun nəql gücünün artırılması, İrana qaz ixracına başlanılması, qardaş Türkiyə ilə yeni əsrin ən mühüm iqtisadi hadisələrindən biri olan tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsasının qoyulması, digər dövlətlərlə yanacaq nəqlinə dair razılaşmaların əldə olunması, karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin uğurla aparılması və yeni enerji bloklarının kəşf edilməsi ölkəmizin iqtisadi təhlükəsizlik sahəsində əldə etdiyi uğurlarını şərtləndirən faktorlar kimi dəyərləndirilə bilər. Xatırlatdığımız kimi 2010-cu ilin ən zəngin iqtisadi yeniliklərindən biri iyun ayında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanmasıdır. Daha sonar, TANAP sazişini imzalamaqla Azərbaycan və Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb.Bundan başqa, həmin ildə Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçılarının, Macarıstanın isə baş nazirinin iştirakı ilə AGRİ layihəsinə dair imzalanan saziş geoiqtisadi əhəmiyyətinə görə, böyük strateji məzmun kəsb edir. Bu layihə Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının formalaşmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə əlverişli zəmin yaradır. Bütün bunlar onu göstərir ki, strateji xarakterli infrastruktur layihələrinin gerçəkləşməsi, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib ünsürünə çevrilib. Bu tədbirlər ümumilikdə əhalinin bütün təbəqələrinin, insanların daha firavan və rahat yaşayışının təmin edilməsinə, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına yönəlib. Beynəlxalq siyasi şəraitin dəyişməsi ilə müxtəlif dövlətlər öz geosiyasi mənafeyini qorumağı bacarmalıdır. Siyasi proseslərdə milli mənafeyin qorunması bacarığında milli özünüdərketmə əhəmiyyətli rol oynayır. Dünyanın, regionun siyasi dəyişikliyi prosesində milli mənafeyin qorunması birbaşa olaraq müstəqilliyin, suverenliyin qorunması deməkdir. Hal – hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meylli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və tərkib hissəsi olduğu regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.