53-cü Sual. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin mahiyyəti, istiqamətləri və inkişaf dinamikası Avropa İttifaqının (1993-cü ilədək Avropa Birliyi) əsası 1951-ci il aprelin 18- də Avropa Kömür və Polad Birliyini təsis edən müqavilənin imzalanması ilə qoyulmuşdur. Müqavilə Avropanın altı dövləti – Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburq tərəfindən imzalanmışdır. Belə bir qurumun yaradılması təklifi 1950-ci il mayın 9-da Fransanın o zamankı xarici işlər naziri Robert Şuman tərəfindən irəli sürülmüş, ondan bir qədər əvvəl isə Fransanın Milli Planlaşdırma İnstitutunun başçısı Jan Monne tərəfindən söylənilmişdir. 1957-ci il martın 25-də Romada imzalanmış müqaviləyə əsasən Atom Enerjisi üzrə Avropa Birliyi və Avropa İqtisadi Birliyi təsis edilmişdir. 1965-ci ildə Brüsseldə yuxarıda adları çəkilən qurumların vahid orqanları yaradılmaqla bu üç təşkilat Avropa İqtisadi Birliyi adı altında birləşdirildi. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti ölkədə islahatların həyata keçirilməsi və dünya inteqrasiya proseslərinə daha sıx cəlb olunması istiqamətində qısa müddət ərzində bir sıra beynəlxalq və regional təşkilatlarla çoxtərəfli əlaqələr yaratmışdır. Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılır. Hazırda Avropa İttifaqının regionda həyata keçirdiyi “Yeni qonşuluq siyasəti” layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar. Azərbaycan Respublikası ilə Avropa İttifaqı Fəaliyyət Planı 2006-cı il noyabrın 14-də Brüsseldə Azərbaycan Respublikası – Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Bununla da, 1999-cu ildən Tərəfdaşlıq və Əməkdaşlıq sazişi ilə tənzimlənən Azərbaycan – Avropa İttifaqı münasibətlərinin gələcək inkişafının istiqamətləri Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan – Avropa İttifaqı Fəaliyyət Planı ilə müəyyənləşdirilmişdir. 1992-2006-cı illərdə Avropa İttifaqının TASİS və digər yardım proqramları çərçivəsində Azərbaycana 414 milyon avrodan çox məbləğdə humanitar, texniki və ərzaq yardımı göstərilmişdir. Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 28-29-da Belçika Krallığına işgüzar səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşündə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq Azərbaycanın Avropaya inteqrasiyasının bundan sonra da davam etdiriləcəyini bildirdi. Avropa İttifaqı o cümlədən, Avropa Parlamenti də Cənubi Qafqazda təhlüksizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir. Belə ki, 2010-cu il mayın 20-də Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Avropa Parlamentinin Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamədə birmənalı şəkildə göstərilir ki, Azərbaycan torpaqları işğal altındadır. Sənəddə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasına tərəfdar olduğu öz əksini tapmışdır. Bununla yanaşı, sənəddə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı yüksək qiymətləndirilmiş və ölkəmizin enerji resurslarının Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyi xüsusi qeyd edilmişdir. Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.