52-ci Sual. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən dövlət orqanları Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları—dövlət tərəfindən yaradılan, qanunvericilik çərçivəsində fəaliyyət göstərən və Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin etmə qabiliyyətinə malik olan qurumlardır. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları aşağıdakılardır:
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr;
Azərbaycan Respublikasının xüsusi xidmət orqanları;
polis, prokurorluq, gömrük, vergi və digər hüquq mühafizə orqanları;
sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən dövlət orqanları və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları.
Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada qarşılıqlı fəaliyyət göstərir və səlahiyyətləri ilə bağlı məsələlərlə əlaqədar bir-birini qarşılıqlı surətdə məlumatlandırırlar. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları öz səlahiyyətləri daxilində:
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlər planlaşdırır və həyata keçirirlər;
Azərbaycan Respublikasının milli təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verirlər;
Azərbaycan Respublikasının milli təhlükəsizliyi sahəsində qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasını təmin edirlər;
Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid edən, milli maraqlara zərər vura bilən fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görürlər.
Azərbaycan Respublikasının vətəndaşları:
seçki, referendum və qanunla müəyyən olunmuş digər demokratik vasitələrlə Azərbaycan Respublikasının milli maraqları və onların müdafiəsinin yolları haqda öz fikir və təkliflərini ifadə və icra edirlər;
qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən hazırlanmış tədbirləri könüllü və ya konstitusiya vəzifələrinin yerinə yetirilməsi şəklində həyata keçirirlər;
ölkə həyatının müxtəlif sahələrində təzahür edən təhlükəli hallara dövlət və ictimai təsisatların diqqətini cəlb edir, bütün qanuni vasitələrlə dövlətin təhlükəsizliyi, habelə hüquq və maraqlarının müdafiə olunmasına çalışırlar.
Azərbaycan dövləti Azərbaycan Respublikasının qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq öz ərazisində olan hər bir şəxsin təhlükəsizliyini təmin edir. Azərbaycan Respublikası ərazisindən kənarda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi üçün tədbirlər görür və onlara hamilik edir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunla müəyyən edilmiş hallarda yol verilə bilər. Hər bir şəxs öz hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı milli təhlükəsizliyi təmin edən subyektlərdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq hüququna malikdir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında səlahiyyət həddini aşmış vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında kömək göstərmiş hər bir şəxsə dövlət himayəsi, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada hüquqi müdafiə təminatı verilir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan zərərçəkənlərin tələbi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.