İ
nternet-bankinqin üstünlükləri
İnternet-bankinqin əsas üstünlüklərindən biri odur ki, lazımsız kağız işlərindən və yorucu
zəhmətdən azad olmağa imkan verir [10]. Məhz bu rahatlıq vaxta qənaət etməklə bankda hesab
açdırmağa və onu İnternet vasitəsilə idarə etməyə sövq edir. Digər tərəfdən, yeni texnologiyalar
kifayət qədər operativ olmağa imkan verir ki, bu da özünə aid olan bütün maliyyə işlərindən
xəbərdar olmaq istəyənlər üçün çox vacibdir. İnternet-bankinq xərclərə qənaət etməyə də imkan
verir. Belə ki, hesablaşmaların avtomatlaşdırılması İnternet vasitəsilə xidmətin təşkilinə çəkilən
xərcləri azaltmağa imkan verdiyindən əsas bank əməliyyatları üzrə tariflər də aşağı düşür.
Adətən, İnternet-bankinqin müştərilərinə valyuta və digər əməliyyatlarda ödənişlər aparmaq
üçün güzəştli tariflər təklif olunur.
Ənənəvi bank sistemləri ilə müqayisədə həm sistemin müştəriləri, həm də banklar üçün
distant bank xidmətlərinin bir sıra digər üstünlükləri də vardır [11]. Statistik təhlillər göstərir ki,
bank tranzaksiyaları zamanı ən aşağı xərclər İnternet-bankinq sistemlərində olur. İnternet-
bankinqin xərcləri bankomat şəbəkəsinin xidmət xərcləri ilə müqayisədə daha aşağıdır. Belə ki,
İnternet-bankinqdə bankomatların saxlanması, inkassasiyası və sığortası kimi xərclər yoxdur.
Bundan başqa, müştəri valyuta almaq və satmaq, hesab üzrə çıxarışları əldə etmək, İnternet-
mağazalarda malların və xidmətlərin alqı-satqısını həyata keçirmək, məsləhət almaq və
informasiya əldə etmək, hesabın idarə edilməsi və hesablararası vəsaitlərin köçürülməsi,
kommunal xərclərin ödənilməsi, konvertasiya əməliyyatları, pul köçürmələrinin aparılması kimi
imkanlara malik olur.
İnternet-bankinq xidməti vasitəsilə ödənişlər on-layn rejimdə həm yerli valyuta, həm də
xarici valyuta ilə aparılır. İnternet-bankinqin tarifləri bankdan banka fərqlənir və bu tariflər,
adətən, özünə aşağıdakıları daxil edir: qoşulma haqqı, abunə haqqı və müxtəlif növ ödənişlərin
aparılması haqqı. Bəzi banklar distant xidmətlərin istifadəsini stimullaşdırmaq üçün belə
sistemlərlə aparılan əməliyyatlara görə xidmət haqqını aşağı salırlar. Bu xidmətlərin biznes-
istifadəçilər üçün xüsusi əhəmiyyəti vardır. Belə ki, kiçik və orta biznes üçün “müştəri-bank”
sistemi praktiki olaraq bankla canlı əlaqəni qismən və ya tamamilə əvəz edən və bununla da,
vaxta və məsrəflərə qənaət etməyə imkan verən yeganə vasitədir.
İnternet-bankinq xidmətinin növünün inkişafı bankların özləri üçün də sərfəlidir. Yeni
müştərilərin cəlb olunması və mövcud gəlirlərinin artmasından başqa banklar on-layn
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
www.jpis.az 45
münasibətlər hesabına öz daxili problemlərini həll edirlər. Məsələn, “müştəri-bank” sistemi işin
şöbələr və əməkdaşlar arasında paylanmasına imkan verir ki, bu da xidmətin son dəyərinə
müsbət təsir göstərir. Eyni zamanda, banklar WAP-bankinq, telefonla distant bank xidmətləri və
s. kimi mükəmməl virtual xidmətləri özündə birləşdirir. Belə ki, bankın İnternet saytına yalnız
kompyuter vasitəsilə deyil, WAP (Wireless Application Protocol) texnologiyalı mobil telefondan
istifadə etməklə də daxil olmaq olar. Bu cür xidmət WAP-bankinq və ya mobil bankinq (m-
bankinq) adlanır. Bununla belə, qeyd etmək lazımdır ki, İnternet-bankinq yüksək səviyyədə
standartlaşdırılmış bir xidmət növüdür. Bank tam virtual olduqda İnternet-bankinq xidmətindən
istifadə edən müştəri banka getmədən onun saytında qeydiyyatdan keçə, şəxsiyyətinin təsdiqi
üçün sosial sığorta nömrəsini qeyd edə və müvəqqəti parol əldə edə bilər. Banka bütün pullar ya
nağdsız yolla, ya da poçt vasitəsilə göndərilir. Bankomatdan hesab haqda məlumat alarkən
autentifikasiya üçün plastik kartlardan istifadə olunur. Hesabın idarə edilməsi, nağdsız
hesablaşmalar İnternet vasitəsilə reallaşdırılır. İnternet vasitəsilə kredit də götürmək olur. Əgər
müştəriyə hər hansı məsləhət almaq lazım olarsa, bu ya elektron poçt vasitəsilə, ya da telefonla
canlı ünsiyyət vaxtı həyata keçirilir.
İnternet-bankinqin müştəri xidmətinin müxtəlif rejimlərini nəzərə almaq və əməliyyatlar
vaxtı meydana çıxan riskləri yoxlamaq üçün yüksək keyfiyyətli back-office sisteminə malik
olması zəruridir. İnternet-bankinq qlobal mühit olmaqla, biznesin strukturunu İnternet-
iqtisadiyyatın xeyrinə dəyişməyə təsir edir. Müasir elektron kommersiya sistemləri 2 əsas
istiqaməti – maliyyə xidmətlərinin əsas icraçıları və satıcıları kimi fəaliyyət göstərən banklar
olan B2B (businеss-tо-businеss) və maliyyə tərəfdaşı qismində kredit təşkilatları çıxış edən,
malların və xidmətlərin fiziki şəxslərə satışının B2C (businеss-tо-custоmеr) modelini özündə
birləşdirir. Yeni texnologiyalar bank menecerlərinə çox böyük sayda müştərilərlə aktiv iş
aparmağa imkan verir. Elektron kommersiyanın inkişafı banklarda birbaşa olaraq İnternet-
bankinqin tətbiqinin genişlənməsinə səbəb olur.
Müasir banklar adətən, interaktiv bank xidmətləri, əsas bank əməliyyatları aparmaq və
İnternet vasitəsilə ödəniş etmək imkanı verirlər. İri banklar isə müştərilərə öz investisiya
bölmələri və tədqiqat imkanları haqqında da informasiya verirlər. Bütövlükdə, İnternet-bankinq
sistemləri təqdim etdikləri xidmətlərin səviyyəsinə görə iki qrupa ayrılır:
İnformasiya sistemləri – bank müştərilərinə fərdi və ümumi qaydalar (sorğunun
çıxarılışı, tranzaksiyalar haqqında informasiyanın yüklənməsi və s.) haqqında
informasiya təqdim edən sistemlər;
Tranzaksiya sistemləri – hesablarla aktiv əməliyyatların həyata keçirilməsinə, o
cümlədən nağdların idarə olunmasına, pul köçürmələrinə, avtomatik klirinq sistemi
vasitəsilə tranzaksiyalara, hesabların təqdim edilməsinə və ödənişinə imkan verən
sistemlər.
İnternet-bankinq sistemləri tətbiq sahəsinə görə də 2 qrupa bölünür:
İstehlakçı-bankinq sistemləri – fiziki şəxslərə (istehlakçı sektoruna) istiqamətlənmiş
sistemlər;
Biznes-bankinq sistemləri – hüquqi şəxslərə istiqamətlənmiş (korporativ sektora)
sistemlər.
Dostları ilə paylaş: |