Lakin bir çox alimlər buna e'tiraz edir. "Qabusnamə"də də
biz bunlara aid heç bir işarə görmürük. Öz nəsilləri haqqında
addımbaşı hekayələr danışan müəllif heç yerdə özünün şahlığına
ya əmirlər əmiri (əmirul'üməra) olduruna kiçik bir işarə də
etmir. Keykavusun nə vaxt evləndiyi, Sultan Mahmudun qızını
nə vaxt aldığı və Gilanşahın nə zaman anadan olduğu da aydın
deyildir.
Bütün bu deyilənlərdən göründüyü kimi, Ziyarilər
xanədanında ən məşhur, ən çox hökmranlıq sürmüş və şəninə
çoxlu kitablar bağlanmış, mədhlər yazılmış bir şah varsa, o da
həqiqətən "Qabusnamə" müəllifinin babası Şəmsülməali Qabus
ibn Vəşmgirdir və yəqin ki, bir çox tədqiqatçıları
"Qabusnamə"ni onun adı ilə bağlamağa vadar edən də məhz bu
şan-şöhrətdir, çünki doğrudan da öz əsərlərini Şəmsülməaliyə
həsr edən yazıçı və alimlər olmuşdur. Məsələn, Əl-Biruni, Səlib
Nişaburi öz əsərlərinin bə'zilərini Qabusa ithaf etmişlər. Lakin
bütün bunlara baxmayaraq Keykavus, bizim fikrimizə görə də,
(S. Nəfisi, Y. N. Bertels və bir sıra başqa Şərq və Qərb alimləri
bu fikri müdafiə edirlər) öz "Qabusnamə"sini babası
Şəmsülməaliyə ithaf etməmiş və onun adına da yazmamışdır.
Lakin indiyə qədər deyilən fikirlərdən fərqli olaraq, bizim bə'zi
yeni mülahizələrimiz də vardır. Bu mülahizələrə deyilmiş
fikirlərin tənqid və təhlilindən çıxarılan bir nəticə kimi də
baxmaq olar.
Fikrimizə görə, kitabın Keykavusun özü adlandırdığı kimi
"namənin" və ya "nəsihətnamənin" titul vərəqində heç bir söz
olmamış və o, sadəcə olaraq oğluna "məktub" kimi yazılmışdır.
Oğula, ataya, dosta və sairəyə yazılan "namələrin", "məktubların
məzmunundan asılı olmayaraq, heç bir xüsusi adı olmadığı
kimi, əlbəttə, burada da ad olmamışdır. Bu fikri sübut etmək
üçün yuxarıda Oufidən gətirilmiş misaldan da istifadə etmək
olar. O yazır: "Ünsürülməali oğluna etdiyi nəsihətlər içərisində
belə deyir..." və s. Əgər "Qabusnamə"nin əsl adı "Pəndnamə" və