12 avqust 1994-cü il saat 00.45 Keçən gün səhər bir az yağış yağıb. Torpaqdan nəm qoxusu,
təmizlik qoxusu gəlir.
Dünən Müdafiə Naziri cəbhə xəttinə gəlmişdi. Əlbəttə ön
mövqedən xeyli arxada yerləşən minaatan batareyasının yanına qədər
gəlmiş və oradan da qayıdıb getmişdir. Biz isə onu ön səngərdə
gözləyirdik. Amma bizim yanımıza gəlmək və əsgərlərin vəziyyəti ilə
tanış olmaq istəyən yoxdur. Hətta jurnalistlər də gələndə arxa cəbhə əsgər
və zabitləri ilə görüşüb, müsahibə alıb, oradan da geriyə qayıdırlar.
Axşam tabor komandiri mayor B.Lazımov məni çağırmışdı. Bir
saatadək taborun müdafiəsi barədə söhbət etdik. Komandir taborun və o
cümlədən, 2-ci bölüyün müdafiə mövqeyi, orada əlavə qazmaların
tikilməsi, ön mövqeyin qabağının minalanması və bir çox müdafiə
məsələləri barədə tapşırıq verdi. Qərərgahdan qayıdan kimi tağım
komandirlərini çağırıb onlara tapşırıqlar verdim. Sabah işimiz çoxdur.
İndi qazmada oturub çıraq işığında gündəliyi yazıram. Tağım
komandirləri Şahin və Yadigar radioya qulaq asırlar. 3-cü tağımın
komandiri gizir Bəxtiyarov Şahin 1992-ci ildən orduda xidmətə başlayıb.
O, Kəlbəcərin Nadirxanlı kəndində doğulub. O mənimlə bərabər 3-cü
taborda xidmət edib və 3-cü taborun apardığı döyüş əməliyyatlarında
iştirak edib. Məni 5-ci tabora göndərərkən gizir Ş.Bəxtiyarov xahiş
edərək mənimlə bərabər xidmət etmək istədiyini bildirdi və onu mənim
bölüyümə tağım komandiri vəzifəsinə təyin etdilər. Şahin əvvəllər beş il
rus ordusunda xidmət edib, təcrübəlidir. Ailəlidir, bir oğlu, bir qızı var,
287
ədəbiyyatı xoşlayır. Bəzən özü də şer yazır. Tez-tez Şahinlə keçmiş
döyüş xatirələrindən danışırıq...