A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   23   24   25   26   27   28   29   30   31

*** 

İyirmimərtəbəli bina şəhərin lap kənarında idi. Daha 

doğrusu, burada şəhər qurtarır və çöl-biyaban başlanırdı. Bu 

bina bomboş çöllə dəniz sahilinin arasında, qəribə bir tənhalıq 

içində ucalırdı.  Ətrafında bir neçə  təpəcik vardı  və bu 

təpəciklərin üstündə iki-üçmərtəbəli evlər tikilmişdi, amma 

iyirmimərtəbəli göydələnlə müqayisədə onlar balaca daxmalara 

bənzəyirdi. 

Taksi sürücüsü bu ünvana aparmağa heç cür razılaşmırdı. 

Cürbəcür bəhanələr gətirirdi: 

–Parka gedirəm... Növbəm qurtarıb... Yolumun səmti deyil. 

Uzaqdır... —və s. Axırda belə bir şey də dedi:  — 


 556 

Ümumiyyətlə o tərəflər... 

Tələbə başa düşmədi: 

–Nədir ki, o tərəflər? 

Sürücü dilini sürüdü: 

–Yox, yəni deyirəm... —Sonra qəfildən razılaşdı: — Yaxşı, 

gedək. 

Yol boyu heç birisi — nə sürücü, nə  tələbə  kəlmə 



kəsmədilər. 

Sürücü: 


–Bu da sənin binan, — dedi. 

Onlar təzə, görünür, lap bu yaxınlarda istismara verilmiş 

binanın yanına çatmışdılar. Sürücü düz çörək dükanının 

qarşısında saxladı. 

Tələbə haqqını verib çıxdı. Sürücü, tələbənin zənnincə 

həddən ziyadə tələsikliklə maşını döndərdi və uzaqlaşıb gözdən 

itdi. Ətrafda ins-cins yox idi. Qu desən qulaq tutulardı. Amma 

səkinin yanında xeyli maşın dayanmışdı, hamısı da örtük 

altında idi. Çörək dükanı bağlı idi. Qarının bura gəlib 

çıxacağına tələbənin gümanı azdı: qoca, xəstə arvadın belə 

böyük bir məsafəni qət edib bura gələcəyinə inanmaq çətindi 

və ümumiyyətlə, bütün bu işlərdən tələbənin heç gözü su 

içmirdi. Amma bina, doğrudan-doğruya vardı, özü də  məhz 

iyirmimərtəbəli idi. Tələbə  mərtəbələri bir-bir sayıb 

axırıncısına çatmışdı ki, qarının səsini eşitdi: 

–Axı biz düz altıya danışmışdıq. 

Qarı hardan peyda oldu? Tələbə  nə ayaq səsi eşitmişdi, nə 

maşın səsi, burada düşəndə qarıdan əsər–əlamət yox idi. Amma 

hər halda indi arvad buradaydı, düz çörək dükanının qabağında 

dayanmışdı. Bayaqkı qara paltarda, çiynində də yun şal. 

Tələbə: 

–Bağışlayın, — dedi. — Təqsir   taksilərdədir.      Nədənsə 

heç biri bura gəlmək  istəmir. Odur  ki, mən beş  dəqiqə 

gecikdim. 

Qarı cavab vermədi, üzünü binaya tərəf çevirib dedi: 


 557 

–Gedək. 


Binanın giriş qapısına tərəf addımladı. Tələbə onun ardınca 

düşdü. Binanın içinə girdilər. Qarı liftin düyməsini basdı. Lift, 

görünür, çox uzaqlardan, daha doğrusu, çox hündürlərdən 

enirdi və çox ağır-ağır gəlirdi. 

Nəhayət gəlib çıxdı, dayandı, qapıları taybatay açıldı. Onlar 

kabinəyə daxil oldular. Kabinə  tələbəyə qeyri-adi göründü. 

Nəyə görə? Qarı 20-ci mərtəbənin düyməsini basdı. Lift aramla 

yuxarı  dırmanmağa başladı, haradasa yolun ortasında tələbə 

yenidən bu kabinədəki qəribəliyi duydu, amma bu qəribəliyin 

məhz nədən ibarət olduğunu yenə də təyin edə bilmədi. O, qarı 

haqqında düşünməyə başladı  və öz-özünə fikirləşdi: görəsən, 

bu arvad ömründə heç bir dəfə gülümsünüb? Bu nə boş sözdür. 

Əlbəttə ki, gülümsünüb. İndi isə, aydın məsələdir, dərd-qəm 

basıb onu, zarafat deyil, dağ boyda oğlunu itirib, belə itkidən 

sonra nə gülüş-filan? Amma iş ondadır ki, qarının sifət cizgiləri 

onun ümumən gülüşə qabil olmasına  şübhə oyadırdı. Heç bir 

vaxtda, heç bir şəraitdə, heç bir vəchlə belə sifətin 

təbəssümünü təsəvvür eləmək olmurdu! Bir an, bircə an 

tələbəyə elə  gəldi ki, o kabinənin qəribəliyinin məhz nədən 

ibarət olduğunu tapıb və həmin andaca bu ixtira şüurdan silinib 

getdi; bu barədə  ətraflı düşünməyə macal tapmadı: lift bərk 

silkələnərək dayandı, qapısı açıldı  və onlar çıxdılar, 20-ci 

mərtəbədə idilər. 

Pilləkən meydançasında yeganə bir qapı vardı və bu qapıda 

mənzilin nömrəsi yazılmışdı. Bir də lövhəciyin şüşəsi qalmışdı, 

amma şüşənin altındakı lövhə bomboş idi — familiyasız, adsız. 

Qapı möhkəm dəmirdən idi və çox təzə görünürdü. Qarı, 

qapıya yanaşdı, zəngi basdı. "Arvadın başı xarabdı, — deyə 

tələbə düşündu. —Yəqin oğlunun dərdindən başına hava gəlib. 

Yoxsa boş mənzilə zəng niyə çalır? Ya bəlkə mənzil boş deyil, 

orada kimsə var?" 

Qarı, sanki onun fikirlərini oxuyubmuş kimi. — Həmişə 

mənzilə girməzdin qabaq zəngi basın, — dedi, — əgər mənzilə 


 558 

qaz dolubsa zəngin qığılcımından mənzil partlaya bilər. 

–Bəs... 

Yenə də onun deyilməmiş sözlərinə cavab olaraq qarı: 

–Özün partlamaqdansa mənzil partlasa yaxşıdır, — dedi və 

açarla qapını açıb içəri girdi. —Gəlin. 

Bu yeni evlərdəki  ən adi mənzillərdən biri idi və qarının 

otağından fərqli olaraq çox səliqə-sahmanlıydı. Hər bir 

rahatlığı da vardı: tərtəmiz mətbəx, dümağ kafelli hamam. 

Otağın özü də çox təmiz, geniş, işıqlı idi. Olduğundan da geniş 

görünürdü;  əvvəla  şey-şüy az idi — taxt, stol, kitab şkafı, iki 

stul, vəssalam. İkincisi də dənizə açılan iri bir pəncərəsi vardı. 

Pəncərədən bir axar-baxarlı mənzərə açılırdı —iki göz istəyirdi 

tamaşasına. Tələbə kitab şkafının  şüşəsi, dəhlizdəki güzgü və 

divardakı saatı örtüklənmiş görəndə  təəccüblənmədi. 

Divarlarda çoxlu fotoşəkil vardı. Bu həmin o qarının 

otağındakı adamların  şəkilləri idimi? Ya yox? Tələbə bunu 

dəqiq müəyyənləşdirə bilməzdi. Görünür, oradakı  şəkilləri 

xeyli vaxt seyr etmişdisə  də  əməlli-başlı hafizəsində saxlaya 

bilməmişdi. Amma bir şeyi bilirdi ki, bu şəkillər daha 

cavandırlar,  əks olunmuş adamların sinlərinə görə deyil, 

onların çəkilmə vaxtlarına görə  təzə idilər, adamlar da yaxın 

vaxtların dəbləriylə geyinmişdilər. Bütün bu şəkillər də hamısı 

eyni biçimdə, eyni boyda idilər və burada da yalnız bircə şəkil 

— ortadan asılmış gənc, güləşsifətli oğlanın əksi o birilərindən 

iri idi. Oğlan köynəkdə idi, köynəyinin yaxası açıq idi. Bu 

həmin o oğlan idimi, qarının evindəki  şəkil və bu foto eyni 

adamın təsviri idimi? Qarının vəfat etmiş (vəfat etmişmi?) oğlu 

(oğlumu?) və bu şəkildəki  şəxs eyni adam idimi? Bir yandan 

eyni adam idi — çatmaqaş, oxşar sifət cizgiləri, o biri yandan 

— yox. Qarının evindəki şəkil daha sinli adamın şəkliydi. Bığı 

vardı. Həm də bu iki şəkildəki ifadələr bam-başqa idi. 

Orada gərgin, özünü qısmış, hətta elə bil nədənsə qorxmuş, 

nigaran bir adamın sifəti. Burada isə yalnız ifadə yox, xasiyyət 

də sanki başqa idi —açıqürəkli, deyən-gülən, mehriban, 


 559 

yapışıqlı bir şəxs... Bəlkə  də bu eyni bir adamın müxtəlif 

yaşlarda, müxtəlif  şəraitlərdə, müxtəlif ovqatlarda çəkilmiş 

fotoları idi. 

Qarının səsi tələbəni fikirlərindən ayırdı: 

–Necədir, bəyənirsiniz otağı? 

O dərhal: 

–Əlbəttə, —dedi və fikrən elandakı  məlumatları burda 

gördükləri ilə müqayisə etdi. Hər  şey elanda təsvir 

olunduğundan da üstün idi —otağa söz ola bilməz, rahatlıqları 

da —əla. Lift, telefon... Telefon demişkən hanı telefon? 

Tələbə: 


–Bəs telefon? — deyə xəbər aldı.  

Qarı stolun altından stulu çəkdi, stulun üstündə telefon 

cihazı vardı, amma məftili kəsilmişdi.  

Qarı:  


–O, telefonu təhvil vermişdi, — dedi. — Axı indi onun 

telefon nəyinə lazımdır? Amma cihaz bizimdir, əgər sizə 

telefon vacibdirsə, dalınca düşün, nömrəni sizə qaytarsınlar. 

Tələbə: "Telefon nəyimə  gərəkdir, — deyə düşündü. – 

Onsuz, da bu şəhərdə bir tanışım–dostum yoxdur. 

–Yox, — dedi. — Telefonsuz da keçinərəm. Elanda 

göstərilmişdi, mən də onun üçün soruşdum. Hə, bəs eyvan? 

Qarı quru bir tərzdə: 

–Eyvan yoxdur, — dedi və sağ divara tərəf çevrildi. Tələbə 

onun baxışını izlədi və yalnız indi sağ divardakı qapıya diqqət 

elədi. Qapı iki kobud taxta parçasıyla mismarlanmışdı. Tələbə 

qapıya tərəf bir addım atdı, daha doğrusu, yarım addım atmaq 

istədi, amma qarı çevik bir hərəkətlə onun qabağını  kəsdi. 

Qətiyyətlə: 

–Yox, — dedi, — əgər siz bu mənzili kirayə götürürsünüzsə 

ikicə şərtim var. Hökmən bu şərtlərə əməl etməlisiniz. Birincisi 

heç vaxt bu qapıya yaxınlaşmayın. Ona dəyməyin, açmağa 

cəhd etməyin. İkincisi də hamamda işığı gecələr yanılı qoyun. 

O işıq dənizdən görünür.  


 560 

Tələbə heç bir şey başa düşməsə  də başını razılıq  əlaməti 

olaraq yellədi: 

–Bəs pul? —deyə soruşdu. —Haçan versəm yaxşıdır?  

Qarı:  

–Elə indi, —dedi. —Deməli, mənzili kirayə götürürsünüz?  



Tələbə: 

–Bəli, — dedi və  dəhlizə keçdi, orada balaca çamadanını 

qoymuşdu, açdı, pul götürdü, otağa qayıtdı. Bütün bu işlər, iki 

dəqiqə çəkdi. 

Qarı pulları aldı, tələsik saydı: 

–Bir aydan sonra gələn müddətin pulunu gətirərsiniz, —

dedi. — Sağ olun. –O, mənzilin açarlarını  tələbəyə uzatdı. –

Mətbəxdə qab-qacaq var, istifadə edə bilərsiniz. Həmçinin 

yorğan–döşəkdən, ağdan, balış üzündən. Onlar da taxtın 

içindədirlər. 

Tələbə qarını liftəcən ötürdü və  mənzilə qayıtdı.  İçəri 

girərkən ona elə gəldi ki, otaqda nə isə dəyişilmişdir, amma nə? 

Tələbə diqqətlə otağa göz gəzdirdi: ona elə  gəldi ki, fotolar 

azalıb. Bəzilərinin yerində mismarlar görünür. Qarı bunları 

haçan çıxartdı? — deyə  tələbə düşündü. — Mən dəhlizə 

çıxanda? Maşallah, yaman əldən qıvraqdı qarı. 

Tələbəni təəccübləndirən o idi ki, fotolar həm azalmışdı, 

həmdə elə bil dəyişmişdi. O öz–özünə: "İşə bax, a! — dedi. —

Gör nə tez fotoları  dəyişib. Özü də niyə? Mən onsuz da 

onlardan heç birini tanımıram. Ümumiyyətlə, deyəsən bu arvad 

başdan bir az mayıfdı. Görmürsən nə cür şərtlər qoydu: 

"hamamda işığı söndürmə, dənizdən görünür". Dənizin bura nə 

dəxli var, sən allah?" Tələbə güldü. Şən və qayğısız bir gülüşlə 

güldü. Yalnız bu gün ərzində deyil, bəlkə  də bütün bu gərgin 

və bürkülü son ay ərzində ilk dəfə belə şən və qayğısız gülürdü. 

Axır ki, hər  şey onun istəyincə olmuşdu.  Əsas da budur. 

İnstituta düşdü. Möcüzə deyil, nədir? İkinci möcüzə də — bax, 

bu mənzil. Özü də belə ucuz bir qiymətə. Hər rahatlığı, axar-

baxarı, sakitliyi. Özü də qulağı çəkilmiş kimisən, tamamilə tək 


 561 

qala bilərsən, heç kəs sənə mane olmaz, nə bir səs, nə bir səmir. 

Oxu, işlə, dincəl, yat... Otur belə, bax dənizə, siqareti yavaş-

yavaş sümür içinə, dincəl. Lənət şeytana, siqareti qurtarıb ki... 

Bu qarı fikrini elə dolaşdırdı ki, siqaret almağı unutdu. Eybi 

yoxdur, indi düşüb alar. İndi daha öz evi, öz ocağı var, haçan 

istəsə gedə, haçan istəsə gələ bilər, heç kəs də onu sorğu-suala 

tutmaz. Hardan gəlib, hara gedirsən? Pis olmaz çıxıb bir şəhəri 

gəzib dolansa. 

–Bu saat çıxarıq havaya — deyə  tələbə  qərar verdi. — 

Siqaret də alarıq. Amma əvvəlcə bir üzümüzü qırxaq, duş 

qəbul eləyək, madam ki, belə  əntiqə hamamımız var, gərək 

ondan bola-bol istifadə edək də. Sonra təzə köynək geyinib 

gəzməyə çıxarıq. 

O, kolonkanı yandırdı, soyundu və hiss elədi ki, duş 

iynələrinin xoş masajı  bədəninin bütün gərginliyini, 

yorğunluğunu-arğınlığını yuyub aparır və bu günün təlaşları da, 

"birdən baş tutmadı" qorxusu da, yavaş–yavaş boyatlaşıb 

xatirələrə çevrilir... hər  şey nə  əntiqə düzəldi. Tələbə üzünü 

tərtəmiz qırxdı, qurulandı, dəhlizə keçdi, çamadanı açıb təzə 

köynək çıxartdı, geyindi, güzgünün örtüyünü sıyırıb atdı, saçını 

daradı  və otağa girdi. Pəncərənin rəngi dəyişmişdi. 

Axşamlaşırdı  və  səmanın, dənizin boyaları da tündləşir, 

qatılaşırdı. Görunür, bu rəng dəyişikliklərindəndir ki, dənizin 

səthi ona bayaqkından daha aşağı göründü. "Mənzərədən 

olmaz" —deyə tələbə düşündü və mexaniki bir hərəkətlə əlini 

stolun üstündəki külqabıya tərəf uzatdı. Külqabının qırağına 

qoyulmuş siqaretdən xəfif tüstü qalxırdı. Tələbə siqareti 

dodaqları arasına alıb, içinə sümürdü, dənizin uzaqlarına baxdı 

və birdən diksindi. Axı onun siqareti qurtarmışdı. Bu hardan 

çıxdı, tələbə bu siqareti haçan yandırdı? Həm də ki, yarısı kül 

olub tökülüb, deməli, çoxdan odlanıb. Haçandan? Qarı qoyub 

gedə bilməzdi. Çox vaxt keçib. Deməli, o özü, tələbə bu 

siqareti haradansa tapıb yandırıb, yana-yana qoyub hamama 

gedib... Amma necə olub ki, bütün bunlar büsbütün yadından 


 562 

çıxıb, heç çür yadına sala bilmir. Haçan, neçə? Tələbə öz-

özünə: "Bəli, — dedi, — deyəsən mənim skleroz xəstəliyim 

çox erkən başlayıb axı... Mən yandırmamışamsa kim yandırıb 

bu siqareti? — Qəribədir". Elə bil o öz-özunü sakit etmək 

istəyirdi. Bu heç də onun xoşuna gəlmədi. Ümumiyyətlə 

bugünkü mənzil sevdasının bütün məziyyətlərinə baxmayaraq, 

nə isə anlaşılmaz bir şey onu narahat edirdi; amma bunun nə 

olduğunu heç cür müəyyənləşdirə bilmirdi. Nədənsə bir də 

fotoqrafiyaları gözdən keçirdi. "Qəribə sifətlərdir, — deyə 

düşündü — neçə  dəfə, nə  qədər baxırsan bax, heç cür yadda 

qalmırlar. Hətta bax bu — guya ki, qarının oğlu adlandırdığı 

şəxs — bayaq mənə elə gəldi ki, o şəkildə gülümsünür, amma 

indi baxıram, sifətində təbəssümdən əsər-əlamət yoxdur. Daha 

dəqiq desək sifəti kədərlidir, narazı bir ifadə var üzündə, 

gözləri də eynilə anasının, əlbəttə, əgər qarı bunun doğrudan da 

anasıdırsa —gözləri kimidir —qəmli, məşum. 

Tələbə divar saatının örtüyünü dartıb saldı. —Altıya iyirmi 

beş dəqiqə işləmişdi. "Saatları da xərifləyib, — deyə düşündü. 

— Gör, nə yaman geridir. İndi yəqin səkkizin yarısı olar". 

Gedib hamamdan qol saatını  gətirdi — çiməndə orda çıxarıb 

qoymuşdu. —Doğrudan da səkkizə iyirmi beş dəqiqə işləmişdi. 

Tələbə fit çala-çala qapını açdı, çıxdı, lifti çağırdı, gələndə 

kabinəyə girdi və birinci mərtəbənin düyməsini basdı. 

Tələbə binadan çöllüyə  çıxdı  və bir neçə addım gedəndən 

sonra çevrilib evinə baxdı. Qəribədir, sanki bu evdə heç kəs 

yaşamırdı, elə bil evi tikib təhvil vermişdilər, amma sakinləri 

hələ köçməmişdi. Bütun pəncərələr, eyvanlara açılan qapılar 

kip bağlı idi, heç bir yerdə paltar ipi, televiziya antenası, gül 

dibçəkləri, pərdələr, işıq, bir sözlə, heç bir yaşayış əlaməti gözə 

dəymirdi. Axşam düşürdü. Daha doğrusu, hələ axşam 

düşməmişdi, ancaq şər qarışırdı, ala-toranlığın elə bir çağı idi 

ki, küçə fənərlərini yandırmaq hələ tezdi, amma bu çıraqlarsız 

da ətrafı seçmək çətinləşirdi; qaş qaralırdı. Tələbə bir qədər də 

çöllükdə addımladı, ayaq saxladı, geri — binalarına baxdı, 


 563 

mənzilinin pəncərəsini tapıb təyin etmək istədi. Bu müşkül 

məsələ deyildi. Soldan son blok, sonuncu mərtəbə — güncdəki 

mənzil onunku idi. Budur, bax, — dənizə açılan sarı  pərdəli 

pəncərə — onun pəncərəsi. Bəs bu biri tərəfdən nədir o — elə 

bir divardan iki uzun dirək uzanıb çıxır. Tələbə diqqətlə baxdı 

və başa düşdü –görünür, bu iki dirək mövcud olmayan eyvanın 

dayaqları imiş  və onların arasında görünən qapı da məhz o 

çalın-çarpaz taxtalarla mıxlanmış qapıdır. Görəsən nə olub, 

eyvanı tikməyi unudublar, ya eyvan uçub tökülüb, elə bircə bu 

iki dayağı qalıb? Bəlkə bu uçulub dağılmış eyvanın (əgər o, 

həqiqətən də uçulub tökülübsə) — müdhiş  və faciəvi bir sirri 

var? Tələbə  xəyallara qapıldı  bəlkə  məhz elə qarının oğlu bu 

eyvandan yıxılıb həlak olub, axı o, tələbə, həmin qapıya tərəf 

yönələrkən qarı qeyri-adi bir çevikliklə onun yolunu kəsdi. 

Əlbəttə, bütün bunlar fərziyyələrdən başqa bir şey deyil. Bir də 

axı onun nə borcuna? Əsas odur ki, daldalanmağa bir bucağı 

var — həm də belə gözəl, rahat mənzil —daha nə lazımdır 

ona? Təmiz hamamı, işıqlı otağı, iri pəncərəsi... Budur bax, bu 

pəncərə. Amma allah, bu nədir belə? Pəncərə —onun pəncərəsi 

birdən–birə  işıqlandı. Məhz bu pəncərədə, — onun 

pəncərəsində, tək bircə onun pəncərəsində  işıq yandı. Kimsə 

işıq yandırdı. Deməli, indi orada, onun otağında kimsə vardı. 

Tələbənin  əti ürpəşdi. Anlaşılmaz bir hiss — şüura tabe 

olmayan ibtidai vahimə hissi — tələbəni bir iş etməyə — 

qışqırmaqa, qaçmağa, gizlənməyə — hər hansı bir fəal hərəkətə 

sövq edirdi, hava qaraldıqca bu hiss daha da güclənir və eyni 

zamanda onun əl-qolunu bağlayırdı. Bəzən yuxuda, adamı qara 

basanda belə bir hal keçirirsən — qışqırmaq istəyirsən, qışqıra 

bilmirsən, qaçmaq istəyirsən, ayaqların qıc olub qalır... Elə bu 

an — evin qabağındakı səki gur işığa qərq oldu: gecə çıraqları 

yandı  və  tələbənin başına  ən adi və sadə bir izah gəldi: ola 

bilsin ki, o, evdəykən bütün rayonun elektrik xətti  şəbəkəyə 

qoşulmayıbmış, otaq işığının düyməsi açıq imiş və indi bütün 

rayonun işıqları yanarkən, təbii ki, onun otağının işıqları da 


 564 

yanır. Hər  şey necə  də asan və aydın izah olunurdu... Tələbə 

arxayın gülümsündü və avtobus dayanacağı olan səmtə  tərəf 

addımladı. Amma bir neçə addım atandan sonra elə bil kimsə 

ona dedi ki, dön bir də binaya bax, daha doğrusu, öz mənzilinə, 

mənzilin mövcud olmayan eyvanına və eyvanın yerində 

görünən iki dayağa. O çevrilib baxdı  və bir anda —bu an da 

deyildi, anın yarısı, çərəyi, nə bilim neçədə biri idi — bəli, bu 

qısaca müddətdə tələbəyə elə gəldi ki, onun mənzilinin eyvan 

boşluğuna çıxan qapısı açıldı  və oradan nə isə  aşağı atıldı. 

Amma bu an o qədər qısaydı, sanki onun heç bir gerçəkliyi yox 

idi. Alnını soyuq tər basmış  tələbə bundan sonra nə  qədər 

gözlərini həmin nöqtəyə zillədisə  də  hər  şeyi bayaqkı kimi 

gördü —çalın–çarpaz mıxlanmış qapı  əvvəlki kimi bağlı idi, 

eyvan boşluğunun dayaqları əvvəlki təkin havaya uzanmışdı. 

Tələbə qaçmağa başladı, daha doğrusu, elə yeyin-yeyin 

addımladı ki, az qala qaçırdı. Bir azdan sonra o azdı. Qaranlıq 

bir küçəyə gedib çıxdı, buradakı evlər o qədər bir-birinə 

bənzəyirdi ki, tələbə dolaşıb qaldı. "Bu evlər üçmərtəbəlidir, — 

deyə  tələbə düşündü, — onların arasında mən mütləq öz 20 

mərtəbəmi, heç olmasa onun siluetini görməliyəm", həqiqətən 

də bir neçə vaxt sonra saat doqquz radələrində o, xeyli gəzib-

dolaşandan sonra kösöv kimi qaralmış göyün fonunda nəhəng 

binanın konturlarını sezdi, amma nədənsə ev indi xeyli alçaq 

görünürdü;  ətrafdakı üçmərtəbəlilərdən hündür olsa da, hər 

halda iyirmi mərtəbəyə oxşamırdı. 

Tələbə bu binaya sarı getdi. Nədənsə yaxınlaşdıqca 

sevinmirdi, nə isə elə bil ürəyinə dammışdı ki, yeni bir 

anlaşılmazlıqla rastlaşacaq. Doğrudan da bir azdan sonra o, 

tanış çöllüyə  çıxdı  və  mıxlanıb qaldı: qarşısında binanın 

siluetini yox, skeletini gördü. — Çoxmərtəbəli bina xarabaya 

çevrilmişdi — güman ki, yanmışdı, yarıuçuq divarların 

arasında boş  pəncərə — qapı deşikləri görünürdü. 

Mərtəbələrin, tavansız-döşəməsiz mənzillərin arasında külək 

vıyıldayır, birinci mərtəbədə bir neçə sərgərdan it boğuşurdu. 


 565 

Tələbə inana bilmirdi ki, bu həmin o evdir. — Saat yarım 

bundan qabaq onun tərk edib getdiyi binadır, amma hər halda 

çöl-biyaban,  şübhəsiz, həmin çöl biyaban idi. Qəribədir ki

yanıb uçmuş evin qabağındakı səkiyə heç bir zərər dəyməmişdi 

və bu səkinin kənarında xeyli maşın dayanmışdı. Otuz-otuz beş 

minik maşını hamısı örtüklərin altında idi və görünür, burada 

lap çoxdan dayanmışdı. Mümkünmü bu? Çexol altındakı 

maşınlardan biri səssiz-səmirsiz yerindən tərpəndi, dayanmış 

maşınların sırasından çıxıb tələbəyə tərəf yönəldi. Elə bil maşın 

özü, sürücüsüz, hərəkət edirdi. Axı hansı sürücü örtüklü maşın 

idarə edər?.. Maşın tələbəyə yaxınlaşdı  və ehmallıca dayandı. 

Tələbə gördü ki, doğrudur, maşının çexolu var, amma bu örtük 

yalnız onun damına və kapotunun üstünə  çəkilib. Sükanın 

ardında cavan bir oğlan  əyləşmişdi. Oğlan maşının 

pənçərəsindən əyilib: 

–Bağışlayın, — dedi, — bilmirsiniz   burada iyirmimərtəbəli 

ev hardadır? 

Tələbə boğuq səslə: 

–İyirmimərtəbəli? — deyə xəbər aldı. 

–Mənə dedilər ki, bu çöldədir, yanmış beşmərtəbəli evin 

yanındadır. 

Tələbə yanmış binanı göstərərək: 

–Bu evi deyirsiz? —deyə soruşdu: 

Sürücü sevinclə: 

–Özüdür ki var, — dedi; yanmış evi o, yalnız indi gördü —

mənə beləcə  də izah etmişdilər. Deməli, həmin bu binanın 

solundan burulub dəniz qırağına çıxmaq lazımdır. Əgər siz də o 

tərəfə gedirsinizsə əyləşin aparım. 

Tələbə maşının qabaq qapısını açdı və özünü itirdi. Burada 

da rul vardı — maşının ikinci sükanı. Maşının iki rulu, iki 

əyləci, iki eskalatoru, iki konusu vardı. Sürücü tələbənin 

şaşqınlığını görüb gülümsündü: 

–Təəccüblənirsiniz? — dedi. — Bu, tədris maşınıdır. Mən 

özüm maşın sürmə üzrə  təlimatçıyam. Sürmək öyrənənlər 


 566 

mənim yerimdə  əyləşirlər, maşını idarə edirlər, mən də sizin 

yerinizdən onlara nəzarət edirəm. Ona görə də bu maşında hər 

şey cütdür. Amma siz narahat olmayın,  əyləşin, indi siz 

tərəfdəki sükanlar işləmir. 

Tələbə oturdu. Sürücü kiçik maqnitofonu işə saldı, xəfif, bir 

qədər qəmli musiqi səslənməyə başladı. Yumşaq ressorlar, 

paralon örtüklər, sakit musiqi qəribə bir rahatlıq, arxayınlıq 

atmosferi yaradırdı.  Əgər yaddaşda qala bilsəydi, yəqin ki, 

adamlar ana bətnində — insanın ilk kainatında — özlərini belə 

dinc, arxayın hiss ediblər. 

Maşın yanmış xarabanın solundan buruldu, onlar dəniz 

qırağına çıxdılar və  tələbə  dərhal iyirmimərtəbəni gördü. İndi 

bina ala–bəzək elektrik işıqlarına qərq olmuşdu. Rəngbərəng 

pərdələr, abajurlar, neon və adi işıqlar evin pəncərələrinə əlvan 

bir çıraqbanlıq paylamışdı. Evin eyvanları insanlarla dolu idi, 

onlar burda çoxdan məskən salmışdılar. Sakinlər yeyir–içir, 

mırt vurur, gülür, eyvandan eyvana danışır, musiqi, radio 

dinləyir, televizora baxır, cürbəcür oyunlar oynayırdılar. Ev 

normal bir axşam həyatıyla yaşayırdı. Tələbə anladı ki, onlar 

evin arxa tərəfindən çıxırlar, indiyəcən o, evi yalnız 

avandından görmüşdü, odur ki, o biri səmt — yanmış xarabalıq 

tərəf ona bu qədər qeyri-tanış gəlmişdi. Maşın dayandı. 

–Çox sağ olun, deyə  tələbə  səmimi-qəlbdən sürücüyə 

təşəkkür elədi. Daxilən o, bayaqkı  təlaşı üçün xəcalət çəkirdi, 

özünü danlayırdı. "Yekə kişisən, materialist, rasionalistsən, 

tələbəsən, bir yandan da belə ibtidai bir qorxu. Ayıb olsun!" 

Maşından düşərkən diqqətlə sürücüyə baxdı və tələbəyə elə 

gəldi ki, sürücünün sifəti tanışdır. Sürücü də maşından düşdü, 

qapısını açarla bağladı. Onlar binaya müxtəlif qapılardan daxil 

oldular. Tələbə liftin düyməsini basdı. Lift haradansa çox 

yüksək mərtəbədən gəldi, dayandı, qapısı açıldı. Tələbə 

kabinənin içinə girdi, qapı bağlandı  və  işıq söndü. Kabinənin 

içində göz-gözü görmürdü, tələbə kibrit çəkdi, odun işığında 

iyirmimərtəbənin düyməsini tapdı, basdı  və hiss elədi ki, lift 


 567 

yuxarı yox, aşağı hərəkət edir; halbuki onlar birinci mərtəbədə 

idilər.  Əvvəlcə liftin xarab olması, zirzəmiyə,  şaxtanın dibinə 

düşməsi fikri tələbəni qorxuzdu, ancaq duyanda ki, lift elə hey 

dərinliyə gedir, gedir, bir-iki mərtəbə deyil, azı səkkiz-on, yox 

on dörd-on beş, iyirmi mərtəbəyə yer altında qərq olur — 

tələbəni vahimə basdı. Yadına düşdü ki, kimdənsə eşitmişdi — 

böyük  şəhərlərdə  bəzən strateji məqsədlərlə böyük binaların 

altında yerin dərinliklərinə doğru neçə-neçə  mərtəbə tikilir. 

Amma indi, liftin görünməz dərin lağımın dibinə doğru bu 

dayanmaz hərəkətində, tələbə nə isə bir məzar qoxusu duyurdu. 

Belə  dərin məzar ola bilməzdi, amma nədənsə  tələbə 

düşünürdü ki, ömrünün sonudur və qəribə, anlaşılmaz, mənasız 

bir aqibətdir bu. Birdən kabinənin içində gur işıq yandı  və 

tələbə ilk baxışdan liftin ona qəribə görünməsinin səbəbini 

anladı —kabinənin içində düz qapının qənşərində güzgü vardı, 

amma bu güzgü kabinənin içini əks etdirmirdi. Başqa bir qapını 

əks etdirirdi, bu qapıya oxşayan, amma tamamilə özgə bir 

qapını. Lift qəfildən dayandı  və sol tərəfdəki divarı açıldı  —

demə, bu da qapı imiş. Tələbə kor adamlar kimi ayağıyla yeri 

asta–asta yoxlaya-yoxlaya kabinədən çıxdı  və qarşısında öz 

mənzilinin qapısını gördü. 20 mərtəbədəki mənzil qapısını. 

Şübhə ola bilməzdi —həmin nömrə, həmin familsiz lövhə, 

zəng, kilid yeri. "Görünür bu xəstəlikdir, —deyə  tələbə 

düşündü, — oriyentir hissinin itməsi. Qaranlıqda səmti dolaşıq 

salıram. Yuxarı  hərəkət mənə enmək kimi gəlir. Bəzən belə 

şeylər olur, adam sağı-solu çaşdırır. Sağ ayağını sol ayağı kimi, 

solu sağ kimi duyur. Sabah həkimə getmək lazımdır". O, 

qapının zəngini basdı  və gülümsündü. "Şükür, mənzil 

partlamadı". Açarla qapını açıb içəri  girdi.  Otaq  çıraqban idi. 

Dəhlizdə işıq yanmırdı. Çamadanı öz yerində idi. Tələbə otağa 

bir az xoflu girdi. Diqqətlə otağa göz gəzdirdi. —Hər  şey öz 

yerində idi, onun qoyub getdiyi kimi. Axı ayrı cür ola da 

bilməzdi: — taxt, şkaf, stol, stullar, qırıq məftilli telefon, divar 

saatı, üstündə  də örtüyü (məgər o bu örtüyü qoparmamışdı?) 


 568 

Görünür qoparmayıbmış! Külqabı, külqabında da bayaqkı 

yeganə siqaretin götüyü (ay səni, yadından çıxdı, siqaret 

almadı). Fotolar... bəli fotolar... O, fotoları xüsusi bir diqqətlə 

nəzərdən keçirdi; bu diqqət özünə  də  qəribə  gəldi — sanki 

fotolarda nə isə dəyişə bilərdi. Təbii ki, onlar əvvəlki kimi idi 

— eyni miqdarda — evdən çıxmazdan qabaq tələbə  nədənsə 

onları saymışdı —səkkiz dənə idi, indi də səkkiz dənədir. Əgər 

onun mənzildə olmadığı vaxt qarı  gəlibmişsə  də —yəqin ki, 

onun öz açarı var —fotolara dəyməyib. Yəni bayaq, 

doğrudanmı onları  dəyişmişdi? Yəqin tələbəyə belə  gəlib, 

vəssalam. Axı niyə qarı iki daşın arasında fotoları  dəyişməli 

idi. Budur, bax, bu da oğlunun fotosu —əgər oğludursa! Tələbə 

şən fit çala-çala mətbəxə keçdi. Heyf ki, küçədə azdı, başını 

itirdi, yeməyə bir şey almağı unutdu. İndi evdə dişə vurmağa 

bir şey yoxdur. O acmışdı. Eybi yoxdur, səhərə qədər, birtəhər 

dözər. "Gedək yataq, hə, qarının xahişini yerinə yetirək, 

hamamda işığı yana-yana qoyaq, madam ki, arvad bu işığı 

mayak hesab edir, qoy onun istəyincə olsun". Tələbə hamamda 

işığı yandırdı və kranı açdı. Su şux bir şırıltıyla axmağa başladı 

və sanki onun axışı da adamın əsəblərini sakitləşdirirdi. Tələbə 

yenə  də gülümsündü. Sakit, arxayın, rahat bir təbəssümlə, 

güzgüyə baxdı  və güzgüdəcə öz gözlərinin dəhşətdən 

böyüdüyünü gördü. "Düymə!" Bəli, düymə. Bu tələbənin lap 

yaxşı yadında idi. Lap dəqiq. And içə bilərdi. Fotoda oğlan 

köynəkdə idi və bayaq köynəyinin yaxası bağlı idi — tələbə 

bunu tam dəqiq xatırlayırdı.  İndi isə — tələbə bunu da 

nəzərində aydınca canlandırırdı —oğlanın köynəyi 

boğazınacan düymələnmişdi: Bundan qeyri şəkildə bir 

dəyişiklik yox idi; eyni sifət, eyni poza, eyni ölçü. Tələbə: "axı 

bu necə ola bilər?" — deyə düşündü. Güzgünün qabağında 

donub qalmışdı. Vahimə bütün varlığına hakim kəsilmiş, qorxu 

—onu müc eləmişdi. Tələbə addım ata bilmirdi, otağa keçib 

fotoya bir də baxmağa ürəyi gəlmirdi —ona elə gəlirdi ki, indi 

həmin  şəkildəki oğlanı  bəlkə  də qalstuklu görəcək, ya... 


 569 

"deyəsən mənim başıma hava gəlib, dəli olmuşam". 

"Bəlkə —ağlına gözlənilməz bir fikir gəldi — kimsə qəsdən 

məni dəli eləmək istəyir?" Qəribədir ki, bu fikir onu bir qədər 

sakitləşdirdi, arxayınlaşdırdı. Düşmənini təyin edə bilsən, 

onunla mübarizə etmək də asan olar. Amma kim idi onun 

qəsdinə duran? Kim idi düşməni?  Əlbəttə, qarı! Öz 

təşəbbüsüylə olmasa da, hər halda bütün bu işlərdə qarının, 

şübhəsiz, barmağı var. Bəlkə o, kiminsə mürəkkəb bir planının 

icraçısıdır? Amma bu planın özünü kim tökmüşdür, kim burada 

hansı  məqsədi güdür? Eh, nə biləsən? Bəzən görürsən elə 

düşmənlərimiz peyda olur ki, heç yatsaq yuxumuza də 

girməzdi. Özü də  həmin bu düşmənlərə heç bir vaxt, heç bir 

pisliyimiz dəyməyib, amma axı düşmənçilik çox vaxt heç də 

şəxsi münasibətlərdən yaranmır. Bax, məsələn o, tələbə, özü də 

istəmədən kiməsə pislik edib — instituta daxil olub, kiminsə 

yerin tutub. Götürək elə yataqxanadakı otaq qonşularını. 

Bayaqkı maşının, iki sükanlı maşının sürücüsü yaman o oğlana, 

ilk imtahandan kəsilmiş otaq qonşusuna oxşayırdı —tələbə 

yalnız indi bunu dərk etdi — lap elə bil ekiz qardaşdırlar. Bəlkə 

heç təsadüfi deyil ki, bayaq həmin qonşusuna elan lövhəsinin 

qarşısında rast gəldi. Bəlkə bütün bu hoqqaları da elə o 

düşünüb. Elan, qarı, sürücü-təlimatçı qardaş  və  nəhayət, 

fotolar... Amma məgər onlar belə  qəliz bir intiqama 

qadirdirlər?  Əgər bu cür mürəkkəb bir qisas forması  kəşf edə 

biliblərsə, elə bir bu ixtiraya görə onu instituta qəbul etməyə 

dəyərdi. Həm də imtahansız-filansız. Onlar şübhəsiz, bilirdilər 

ki, tələbə otaq axtarır. Bu qarını tapmaq, mənzili danışmaq, hər 

şeyi belə məharətlə quraşdırmaq... Tələbənin artıq heç bir şəkk-

şübhəsi yox idi ki, bütün bunlar iblisanə bir planın nəticələridir 

və o, mənzildə olmayan vaxt lap yəqin ki, qarı  gəlib fotoları 

dəyişib. Bu fikrə gələndən sonra tələbə otağa daha sakit girdi. 

Düzdür, fotolara yanaşanda nə isə yenə bir nigaranlıq hissi 

keçirdi, amma bütün iradəsini toplayıb  şəkillərə baxdı. 

Gözlərini oğlanın  əksinə zillədi. Bu nə boş-boş fikirlərdir, 


 570 

ilahi! Hamamda olduğu müddətdə axı  şəkildə  nə  dəyişə 

bilərdi? Nə dəyişmişdisə, o evdə olmayan müddətdə dəyişmişdi 

— elədir ki, var: oğlanın köynəyi boğazacan düyməli idi. 

Tələbə başqa fotolara baxmağa başladı, qarı onlarıdamı 

dəyişdirib? Deyəsən yox, amma məgər bu cütlər —nişanlı 

oğlanla qız, məgər ayaq üstə durmamışdılar, yox, oturublar, 

görünür, elə oturublarmış, tələbənin dəqiq yadında deyil. 

"Gərək bütün şəkilləri dəqiq yadımda saxlayım, sonra görsəm 

ki, qarı yenə onları mən evdə olmayanda gəlib dəyişdirir onda 

yapışım yaxasından — de görüm mən olmayanda niyə otağıma 

gəlirsən, fotoları dəyişməyinin mənası nədir? Budur, bax, şəkil 

— ata, ana və  yəqin ki, qızları.  Ər-arvad, arvad, deyəsən, 

hamilədir.  İki cavan oğlan —oxşayırlar, yəqin qardaşdırlar. 

Hərbi paltarlı kişi. Cavan qız — fəvvarənin yanında dayanıb. 

Uşaqlar —üç qız, iki oğlan uşağı. Çəlikli qoca. Vəssalam. 

Aydındır. Deməli, ata, ana, qız. Bu belə.  Ər-arvad. Arvad 

hamilədir. Məgər  ərin eynəyi vardı? Bu nə axmaq sözdür, 

madam ki, eynəklidir, deməli varmış da... İki cavan oğlan 

şübhəsiz qardaşdırlar, oxşayırlar. Hərbi paltarlı kişi. Fəvvarə 

yanında qız. İlahi, axı onun sumkası vardı. Sumka necə oldu? 

Ya yox idi? Görünür, yox imiş, madam ki, yoxdur... Onda qızı 

kiminlə çaşdırıram, axı, yadımda qalıb: fəvvarə yanında qız, 

əlində sumka. İki qız uşağı, bir oğlan. Bir oğlan. Bir oğlan? Hə, 

görünür, oğlan bir imiş. Qoca. Bu qocanın nəyisə var idi, amma 

nəyi? Bəlkə mən şəkillərin məzmununu müfəssəl yazım. Yox, 

onda adam, doğrudan da dəli olar. Amma mən dəli olmayacam. 

Bu qoca kaftarın və bütün məni istəməyənlərin acığına dəli 

olmayacam. Saat neçədir görəsən? Qol saatında on birə iyirmi 

beş dəqiqə işləmişdi. 

Nədənsə tələbə divar saatına yanaşdı və örtüyü çəkdi. Divar 

saatında üçə iyirmi beş dəqiqə işləmişdi. Saat işləyirdi, kəfkir 

dəqiqliklə gedib-gəlirdi. Tələbə gözlərini uzun əqrəbə zillədi və 

ayrılmadan baxdı, baxdı. Saata baxsa da dəqiq nə  qədər vaxt 

keçdiyini deyə bilməzdi. Amma hər halda bir müddətdən sonra 


 571 

aydınca gördü — uzun əqrəb azacıq geri getmişdi. Tələbə 

tələsik hesabladı. Elədir ki var hər iki saat — onun qol saatı da, 

divar saatı da — dəqiq işləyirdi, amma divar saatı  əks 

istiqamətdə  hərəkət edirdi. Saat tələsə bilər, geri qala bilər, 

dayana bilər. Ancaq əks tərəfə işləyən saatı tələbə ömründə ilk 

dəfə görürdü. "Düşmənlərimin fantaziyası pis deyilmiş. Belə 

ixtiraçılıqla Nyuton, Eynşteyn olaydılar gərək. Yoxsa bütün 

qabiliyyətlərini, bacarıqlarını yazıq bir tələbə babanın qəsdinə 

yönəldiblər. Nə var, nə var, onlardan yaxşı hazırlaşıb, imtahanı 

onlardan yaxşı verib, instituta düşüb. Gərək dərslərə 

hazırlaşmaq yerinə, mən də oturub belə-belə hoqqalar 

uyduraydım, onda yaxşı olardı. Görək bu tilsimli otaqda daha 

nə oyunlar çıxacaq! "Tilsimli" sözünü o daxili istehzayla 

düşündü. Tələbə  qəti  əmin idi ki, bütün bu fokusları kimsə 

qəsdən düzəldib, onun şüurunu dumanlandırmaq istəyir. Hər 

halda tələbə özü özünü inandırmaq istəyirdi ki, məhz belədir. 

Bu tələbəni bir qədər sakitləşdirirdi. Tam yox, bir qədər. Əgər 

getməyə yer olsaydı, bir dəqiqə  də bu mənzildə qalmazdı. 

Yataqxanaya getmək mümkün idi, hələ adını oranın 

dəftərindən pozdurmamışdı. Ancaq düşünəndə ki, məşum liftin 

kabinəsinə girməli olacaq, çöllü-biyabana çıxacaq, yanmış 

xaraba evin yanından keçəcək və heç bir nəqliyyat tapmayıb 

yenə bu otağa qayıtmalı olacaq, tələbənin bu işə bütün həvəsi 

qaçırdı. Həm də ürəyinə dammışdı, otaqdan çıxan kimi, qarı 

gəlib yenə burada min cür tələ quracaqdı.  Şübhəsiz ki, arvad 

haradasa buralardadır. Yəqin ki, elə bu binanın içində, bəlkə bir 

mərtəbə  aşağıdakı  mənzildə gizlənib. Bayaq otaqda işığı 

yandıran da, eyvan qapısını açıb nə isə tullayan da elə o imiş. 

Hətta tələbəyə elə  gəlirdi ki, qarı lap yaxındadır, hardasa, 

qonşuluqda, bu divar ardındadır. Duyurdu ki, kimsə daima onu 

— tələbəni müşahidə edir, hər addımını izləyir. Tələbə öz-

özünə: "Yox, — dedi, — mən burda qalacam və məni heç bir 

şey qorxuda bilməz. Qoy lap bütün bu lənətə  gəlmiş fotolar 

canlansınlar, kağızdan çıxıb otağa düşsünlər". O təsəvvür elədi 


 572 

ki, fotodakı adamlar canlanıb otağa girirlər və bu təsəvvürdən 

əsla eymənmədi,  əksinə  nəşələndi, güldü öz fikrinə. "Öz 

aramızdır, mən demə,  əməlli-başlı  ağciyərəmmiş... Nədən 

xoflanıram axı? Saat geri işləyir? Əşi belə çəhənnəmə ki! Mənə 

elə  gəldi ki, fəvvarə yanındakı  qızın sumkası varmış, demə 

yoxmuş. Adicə göz aldanışı! Siqaret, filan... Elə  şeylər çox 

olur. Hardasa oxumuşdum, belə bir sahə var, hətta  əşyaların 

qəribə davranışlarını öyrənirlər... hə, bir də bu qapı. 

Taxtalarla çalın-çarpaz mıxlanmış qapı. Nə olsun? Bunun 

qorxunc harasıdır. Nəyi vahiməlidir? Boşla görək, sən canın... 

Aman allah, bu nədir belə? 

Otağın rəngi dəyişirdi. Tələbə başını qaldırıb tavandakı 

yalın lampoçkaya baxdı. Lampoçka yavaş–yavaş adi rəngini 

dəyişir, göyərirdi, müalicə vasitəsi kimi istifadə olunan "göy 

işığın" rəngini alırdı. Tələbə quruyub qalmış, hərəkətsiz 

dayanmışdı. Lampoçkanın rəngi tamam tündləşdi və otaq da 

içinə çoxlu marqans zərrəciyi atılmış bir stəkan su kimi get-

gedə qatı  bənövşəyi rəngə  qərq oldu. Nə  qədər vaxt keçdi? 

Tələbə heç bir şey haqqında düşünə bilmirdi. Vahimə beynini 

çulğamış,  şüurunu dumanlandırmışdı. Fikrini büsbütün 

əritmişdi sanki... 

Sonra lampanın rəngi yenidan dəyişməyə, açılmağa, 

durulmağa başladı və bir azdan əvvəlki kimi oldu. 

Tələbə öz–özünə: 

–Çox gözəl, çox da pakizə, — dedi. — Əgər iradəmi, 

mətanətimi sınayırlarsa, mən bu sınaqdan kişi kimi çıxmalıyam. 

İndi bütün hoqqalarına məhəl qoymadan sakitcə yıxılıb yatacam. 

O, möhkəm addımlarla mətbəxə keçdi, işığı söndürdü, 

hamamda işığı yanar qoydu, üzünü yudu, dişlərini təmizlədi, 

otağa qayıtdı, fotolara heç gözucu da baxmadı, yorğan-döşəyini 

saldı, işığı söndürdü və yatağa girdi. Gözlərini yumdu, amma 

uzun müddət yuxulaya bilmədi. Qaranlığın özü onu 

qorxutmurdu, o bəzi adamlar kimi, heç də zülmətdən 

eymənmirdi. Bütün bugünkü tələlər, hoqqalar haqqında da 


 573 

düşünmürdü. Bircə onu düşünürdü ki, dünyada məntiqi izahı 

olmayan heç bir şey yoxdur. Bu fikirdən kosmik sirlər 

haqqında düşüncələrə keçdi. Kosmosun açılmamış sirləri 

həmişə onu vəcdə gətirirdi. Sonra tələbə gələcək institut həyatı 

haqqında xəyallara daldı, yavaş-yavaş xumarlandı və bir azdan 

sonra dərin yuxuya getdi. 

 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin