ZƏNCİR
Əvəz Əvəzov adında bir kişi vardı. Yaxşı oğlanlardan biri
idi. Başı aşağı, saçı yuxarı.
Bir gün Əvəz Əvəzov küçəylə gedirdi, birdən bilmək istədi
ki, aya görəsən, bu gün hansı il, hansı aydır, hansı gündür və
saat neçədir, yainki saat neçəyə neçə dəqiqə işləyib və yaxud
qalıb. Durdu, ayaq saxladı, fikrə getdi, xəyala daldı, yadına
saldı ili, ayı, günü, amma saatı nə qədər elədisə bilə bilmədi.
Çünki qolunda saatı yox idi. Üç ay bundan qabaq qaranlıq
bir döngədə beşbarmaq çıxardıb qolundan açmışdılar.
Əvəz Əvəzov bilmirdi ki, neyləsin, birdən o səkidə köhnə
dostu Əli Əliyevi gördü. Yanaşıb Əliyə əl verdi, dedi:
–Köhnə dostum Əli Əliyev, nə yaxşı ki, sənə rast gəldim.
Köhnə dostum, de mənə görüm saat neçədir. Əli:
—Mehriban dostum Əvəz Əvəzov, — dedi, — nə yaxşı ki,
sənə rast gəldim. Saatı deməyə deyərəm, ancaq, mehriban
dostum, sən də mənə bir kibrit ver, indicə yerin məlum bir
yaxşı quzu tapmışdıq, apardıq bizə qoyun kəsdi. Gərək mütləq
dişimi qurtdalayam.
Əvəz:
–Canımçün, —dedi, —kibritim yoxdur, amma fikir çəkmə,
odur bax canbirqəlb qonşum Vəli Vəliyev bu tərəfə gəlir, onda
olmamış olmaz, bu saat alaram.
Əvəz Əvəzov Vəli Vəliyevlə görüşdülər, xoş, beş, on beş.
Əvəz xahişini dedi.
Vəli:
–Baş üstə, gözüm üstə, — dedi, — qonşu qonşuya yaman
gündə gərək olar. Bir kibrit nədir ki, sənə qıymayam. Amma
qağa, sən də gərək bir papiros verəsən. Papirosum qurtarıb.
Əvəz:
–Bilirsən ki, — dedi, — papiros çəkən deyiləm. Amma
456
səninçün bu saat taparam.
Qaçdı tinə, papiros satan Məmməd Məmmədovun yanına.
Məmməd Məmmədov:
–Qurbandır sənə yer üzünün bütün papirosları, —dedi. —
Sən mənim köhnə müştərimsən. Eşitməmisən, müştəri,
düzəldər bütün işləri. Amma, müştəri, incimə məndən,
papirosu sənə bir şərtlə verərəm, sən də gərək mənə iki
qəpiklik verəsən. Bir canan var, istəyirəm zəng eləyib axşam–
axşam onunla dilxoşluq eləyim. Zdrasti, pajalısta... ha, ha, ha...
Əvəz Əvəzov ciblərini ələk-vələk eləyib:
—Canımçün yoxdur, — dedi. — Amma əmidostumgil bu
yaxınlarda olur. Bu saat onlardan alıb gətirərəm.
Qaçdı əmisigilə. Əmioğlusu Əhməd Əhmədov:
—Əmioğlu, —dedi, — ayıb sözdür, mən bəyəm ölmüşəm
ki, sən iki qəpikçün dörd mərtəbəni yortub çıxasan. Buyur
onluq, iyirmilik, əllilik, yüzlük. Əmiyin, yəni mənim papamın
canı sağ olsun, xərclə ata malı kimi. Amma sənə bir balaca
işim düşüb. Həyə bilsən?
Əvəz Əvəzov maddım–maddım Əhmədə baxırdı. Əhməd
gözünü qıyıb:
–Hə, tap görüm, tapsan, bax bu yüzlük sənindir. Əvəz
gözlərini döyürdü. Əhməd şırtıq çalıb:
–Mül–mülkü nazad, mül–mülkü, — deyə bir ağız oxudu,
sonra soruşdu: — Hə, indi bildin?
Əvəz yenə bilmədi.
Əhməd:
–Ey dil bilməz, — dedi, — təzə indiyski kino gedir,
görmürsən? Əh, sənin dünyadan xəbərin yoxdur ki… Məsələ
belədir, əzizim, sənə işim, düşüb. O kinoya bilet tapmaq işi bir
az çətindir. Mən 17 dəfə görmüşəm, amma yoldaşımla bəhs
eləmişəm, gərək iyirmi dəfə baxam. Bu gün getmək istəyirəm.
Kinonun qapıçısı Abbas Abbasov sizin həyətdə olur, gərək
aparıb məni buraxdırasan içəri.
Əvəzlə Əhməd getdilər kinoya tərəf. Əvəz qapıçı Abbasın
457
qulağına nə isə pıçıldadı. Abbas:
–Düzəldərik, — dedi, — amma, qaranoy, sən də gərək
mənim sözümü yerə salmayasan. Mən sənin əmioğlunu
bezplatnı kinoya buraxdıraram, sən də mənim əmoğlumu gərək
bezplatnı taksiyə şofer düzəldəsən.
–Necə yəni bezplatnı taksiyə? Yəni taksiyə sçetçik
qoymasınlar?
Abbas qorxan kimi oldu:
–Tamam bezplatnı demirəm ha! Amma birdən verməsin,
vamnan versin. Taksiyə düzəltmək üçün gərək bir başa 300
manat sanayasan Sadıq Sadıqovun ovcuna, onda da bir il səni
salacaqlar rezervə. Bir ildən sonra təzə maşın almaq üçün gərək
təzədən iki yüz tərləyəsən. Bizdə o pul hardandır? İndi
əmioğlumu bezplatnı götürsün işə, o da üç ilin ərzində
maaşdan, qazancdan yavaş–yavaş verər qurtarar. Kooperativ ev
tikdirmirlər, bax elənçiynə? Necədir səninçün?
—Yaxşıdır. Amma, mən bilmirəm Sadıq Sadıqov kimdir?
Tanımıram.
—Bu tindəki taksi parkının müdiridir, sən kulturnu
adamsan, desən sözündən keçməz. Özün bil e... Mən səni zora
salmaq istəmirəm. Seans başlayır ha. Sabahdan götürürlər bu
kinonu.
Əmioğlusu Əvəzin yanında dayanıb;
—Mül-mülkü nazad, mül-mülkü — deyə zarıyırdı.
Əvəz:
—Yaxşı, burax bu uşağı içəri, — dedi, — görüm
neyləyirəm.
Gəldi birbaşa Sadıq Sadıqovun idarəsinə. Sadıq Sadıqovun
meydan boyda qəbul otağında bir xeyli adam oturub qəbul
gözləyirdi. Adamların bir qismi həsrətlə qara meşin qapıya
baxır, başqa bir qismi isə vaxtını boş keçirməmək üçün
başlarını müxtəlif işlərlə qatırdılar: şahmat oynayan kim, nərd
atan kim, şəkil çəkən kim, fala baxdıran kim, otağın bir
güncündə dazbaş bir kişi şlyapasını çıxarıb fokus göstərir və
458
gözləyənlərin bir qismini əyləndirirdi. Əvəz Əvəzov katibəyə
yanaşdı, dedi ki, yoldaş Sadıqovla işim var.
Katibə:
—Yoldaş Sadıqov bərk məşğuldur, — dedi. Başını
qaşımağa macalı yoxdur. Mühüm tapşırıq alıb. Qırx gün, qırx
gecə heç kəsi qəbul etməyəcək.
Əvəz Əvəzov məyus–məyus çıxıb getmək istəyirdi ki,
katibə qəfilcə yerindən sıçradı, Əvəzin başından yapışıb özünə
tərəf dartdı, əlini onun saçlarına çəkdi. Əvəz lap özünü itirdi,
otaqdakı adamlar da təəccüblə bu səhnəyə baxırdılar.
Katibə:
–Mojet bıt, — dedi.
–Nə?
–Bu duxunu hardan almısız? Mən "Mojet bıt" ətri üçün sino
gedirəm.
Əvəz Əvəzov cibindən bir flakon ətir çıxartdı.
–Buyurun, —dedi.
Katibə:
–Ah, —dedi, —buyurun.
Əvəzi birbaş Sadıqovun otağına ötürdü.
Sadıqov ucsuz–bucaqsız kabinetində iri bir masanın
arxasında oturub dərin fikrə getmişdi. Karandaşının ucunu
dişləri arasına almış, bir əlini ürəyinin üstünə qoymuş, o biri
əlinin şəhadət barmağını gicgahına dirəmişdi. Baxışlarını
məchul bir nöqtəyə zilləmişdi. Otaqda heç kəs yox idi.
Əvəz Əvəzov boğazını arıtladı, bir balaca öskürdü, bir
kiçicik udqundu, bir xəfifcə asqırdı, əsnədi, üç-dörd dəfə ah
çəkdi və nəhayət pəsdən "Şələbiyyə" mahnısını zümzümə
etməyə başladı. Sadıqov bütün bunları heç eyninə almırdı.
Nəhayət Əvəzov yavaşcadan:
–Salam, — dedi.
Sadıqov dönüb ona baxdı və dedi:
–Dağlara getdi.
Əvəzov:
459
–Aa, — deyə razılaşdı, sonra xəbər aldı: —Kim?
Sadıqov:
–Dambadaram, — dedi, — zəhrimar gəlmir.
–Bəs niyə gəlmir?
–Mən nə bilim, zibil gəlmir ki, gəlmir. Bambaradam, tfu.
Əvəz Əvəzov:
–Çoxdan gedib? — deyə ehmalca soruşdu.
Sadıq Sadıqov tərs-tərs ona baxdı. Sanki yuxusuz gözlərinə
qan dolmuşdu. Zəhmli səslə:
–Kim? —dedi.
–O da...
–Kim, o?
–Dağlara gedən.
–Hansı dağlara?
–Nə bilim, özüz dediz ki, dağlara gedib. Hələ gəlməyib.
Sadıqovu elə bil od götürdü.
–Yoldaş, siz kimsiniz? Məndən nə istəyirsiniz? Burda nə
işiniz var? — deyə ağzı köpüklənə-köpüklənə danışmağa
başladı. — Kim sizi bura buraxıb. Mənim şəxsi işimə niyə
qarışırsınız? Kim sizə haqq verib ki, mənim iş prosesimə
müdaxilə edəsiniz?
–Bağışlayın, özüz dediz ki, dağlara getdi, Gəlmədi. Özü də
mənə dediz, çünki otaqda ayrı heç kəs yoxdu. Mən də
soruşdum ki kim?
–Kim! Kim! Qəlbim! Bəli, qəlbim darlara getdi. Zəhrimar
qafiyəsini tapa bilmirəm. Dambadaram, bambararam, heç biri
gəlmir.
Əvəz:
–Aa, — deyə məsələni başa duşdü, — şer yazırsınız?
–Yox, bəs oyun oynayıram. Uşaq-zadam səninçün.
Görürsən qan–tər içindəyəm. Bir həftədir gözümə yuxu
getməyib. On min misra yazmışam, yağ kimi gedirdi, bircə
zibilin axırını gətirə bilmirəm. Qəlbim dağlara getdi, qəlbim...
tfu, hara getdi tapa bilmirəm.
460
Əvəz:
–Bağlara getdi, —dedi.
Sadıqov bir an mat–məəttəl quruyub qaldı, sonra ilan çalmış
kimi yerindən sıçradı, Əvəzin üstünə cumdu, març o üzündən,
març bu üzündən öpdü:
–Əşşi, sən fontansanmış ki, — dedi. — Saçlarını
daramamağından görürəm ki, şairsən, mən səni göydə
axtarırdım, yerdə əlimə düşmüsən. Deməli deyirsən:
Qəlbim dağlara getdi.
Qəlbim bağlara getdi.
–Can! —deyə tələsik yazdı. Nöqtə qoydu.
–Vse. —dedi. —Znaçit poemanı yazıb qurtardıq.
Qalın bir qovluğu Əvəzə uzadıb:
–Mən ölüm bir qafiyələrinə–zada əl gəzdir. Sinəm doludur,
amma qafiyə cəhətdən bir az axsayıram. Özün öz ayağınla
gəlib çıxmısan. Bir əl gəzdir.
Əvəz Əvəzov bir üzr istədi, dedi ki, mən şair deyiləm,
amma inişil avtobusda bir şairnən yol getmişəm. Ona verərəm,
düzəldər, amma sən də gərək mənim işimi düzəldəsən. Açdı
məsələni dedi.
Sadıq Sadıqov fikrə getdi, karandaşı ağzından çıxarıb başını
qaşıdı.
–Doğrusu, — dedi, — yaman şeyçün ağız açırsan. Deyir
bəxşiş var xalvar–xalvar, hesab var dinar-dinar. Burda cibişdan
məsələsi var. Özün bilirsən də, şer, sənət, yaxşı şeydir, amma
ac qarına şer yazmaqdan nə çıxsın. Gərək cibin dolu olsun ki,
təbin də fantan vursun, — sonra bir az fikirləşib əlavə etdi:
—Yaxşı, sən arif adamsan, mənə bu poema üçün neçə
verərlər?
Əvəz nəyisə yadına salıb:
–300 manat, —dedi.
Sadıqov:
–Yaxşı, — dedi, — göndər adamıvı gəlsin yanıma. Katibəyə
tapşıraram. Desin katibəyə dağlardan gəlmişəm, bağlara
461
gedirəm. Onda buraxar yanıma.
İri bir qovluğu Əvəzə uzatdı:
–Bunu da ki, verirəm sənə, əti sənin, sümüyü mənim.
Əvəz Əvəzov gəldi birbaş Əsgər Əsgərovun üstünə:
–Əsgər müəllim, — dedi, — bəlkə yadınızda ola, inişil bir
avtobusda yol getmişdik. Biletinizi də mən aldım.
Əsgərov Əvəzin qoltuğundakı qovluğu görəndə sapsarı
saraldı.
–Yox... Yox... — deyə kəkələdi. — Xəstəyəm... vaxtım
yoxdur... yadımda deyil... başqa şəhərə köçürəm... Nənəm
rəhmətə gedib... Arvadım bolnisadadır... dayım damdan
yıxılıb... sizi tanımıram...
Əvəz:
–Necə tanımırsan? —dedi. —Hələ mənim sklyari balığım
vardı, xoşunuza gəlmişdi.
Birdən Əsgərin gözləri işıldadı;
–Sklyari?
Əvəz:
–Bəli, —dedi.
–Durur o balıq?
–Yox, öldü. Amma istəsəz, sizinçün düzəldərəm.
–Yəqin?
–Yüz faiz!
Əsgərov dərin bir ah çəkib:
–Yaxşı, — dedi, — əsərin adı nədir?
–Mənim deyil, tanışımındır. Xahiş edirəm oxuyasınız.
–Oxumağına oxumayacağam. Amma balığı tapıb gətirsən,
rəy yazaram ki, çap eləsinlər.
Əvəz ordan gəldi bacanağı Namaz Namazovun yanına.
Namaz Namazov zoomağazada satıcı işləyirdi.
Namaz:
–Bildir gedən bildirçin, hanı sənin bir qıçın,—dedi,—nə
əcəb, gün hayandan çıxıb, ay hayandan batıb? Sən də bizim
qapımızı açarmışsan. Mənə görə qulluğun?
462
Əvəz məsələni açdı. Namaz eynəyini taxıb:
–Əşi, mənim, bax belə bu dörd gözüm üstə, —dedi. —Bu nə
işdir ki, sən boyda kişi o boyda yolu gəlmisən. Zəng vuraydın
da. Amma hardan? Mənim də lap ağlım çaşıb. Skleroz-
zəhirmar, yadımdan çıxıb ki, telefonum yoxdur, çəkdirə
bilməmişəm. Görürsən, hərdən otururuq, arvad deyir, bacımçün
lap burnumun ucu göynəyir, bir telefonumuz olmadı, zəng
eləyib deyək bacılı-bacılı, can bacılı. Bura bax, Əvəz, deyirlər
sənin ATS-də adamın var, bəlkə bu işə bir əncam çəkəsən.
Canımçün sən boynuma bu boyda xəcalət qoysan, mən də
qalaram pis vəziyyətdə ki, xəcalətindən necə çıxım?
Əvəz gəldi birbaş ATS-ə Əkbər Əkbərovun yanına. Neçə il
bundan qabaq ət oçeredində tanış olmuşdular.
Əkbər:
—Yadındadı, —dedi, — yadındadı o günlər? Yaxşı oldu ət
işi düzəldi, mənə görə qulluğun?
Əvəz Əvəzov əvvəlcə:
—Qul sahibi olasan, —dedi, sonra məsələni açdı.
Əkbər Əkbərov:
—Yox, — dedi. — Çox çətin yerdən yapışmısan.
Düzəlməyəcək. — Bir müddət susdu, durub otaqda var-gəl
elədi. —Daha sənsən də Əvəz — dedi. — Səndən keçə
bilmirəm. Təzə nömrə vermək imkanımız yoxdur. Amma
pojarnı komandanın nömrəsini alıb verərəm sənin bacanağına.
01-lə necəsən? Həm qısa, həm rahat. Gülürsən, işin düzəlib.
Ah, haramzadə, vur bura. Aşna, o gün səni futbolda qarmon
çalan Qulu Quliyevlə yanaşı görüblər, olmaya dostsuz.
Əvəz:
—Yox, yerimiz yan-yana düşmüşdü. Yoxsa heç tanış
deyilik.
Əkbər:
—Əlbəttə, — deyə qaş–qabağını tökdü. — Mənə gələndə
tanış olmazsan da. Adama yaxşılıq yoxdu, ədə, mən sənə
telefon düzəltmək üçün, atama od qoyuram, sən mənim
463
bacanağımın toyuna bir qarmonçunu gətirə bilmirsən? Deməli,
belə oldu?
Əvəz Əvəzov Əkbər Əkbərovun yanından çıxıb gəldi
uşaqlıq dostu Qulam Qulamovgilə:
—Qulam, — dedi, — ölmüşəm, gərək məni yerdən
götürəsən. Eşitmişəm, sən bildir qarmonçalan Qulu Quliyevin
bibisinin dişini çəkmisən, qurban olum sənə, ona deginən,
Qulunu dilə gətirsin, bir tanış var, onun toyuna getsin.
Qulam:
—Əvəz, — dedi, — mən sözü adamın üzünə açıq deyənəm.
Qulunu toya gətirmək mənimçün su içmək kimi asan işdir.
Amma sən də gərək bizim bir işimizi düzəldəsən. O yan, bu
yan yoxdur. Oğlum bu il necə olsa ali məktəbə girməlidir.
Bıçaq sümüyə dayanıb. İnişil girəsi idi.
Əvəz:
–Canla-başla sənə kömək edərdim, — dedi. — Amma mən
nə edə bilərəm?
–Çox şey. İmtahanı Bəşir Bəşirov qəbul edəcək.
Vələdüzinanın biridir. Üç il yayı özü qalır qəbul
komissiyasında. Bir il qaldı velosiped aldı, bir il qaldı —maşını
aldı, bu il də qalıb, deyəsən tramvay almaq istəyir. İndi gərək
sən bu Bəşiri bişirəsən.
Əvəz:
–Axı mənim onunla heç salam-kəlamım yoxdur, — dedi.
Qulam:
–Zato o Bəkir Bəkirovun dostudur. — dedi.
–Nə olsun, mən Bəkir Bəkirovu da tanımıram.
–Sən bir mənə qulaq as. Bəşir Bəşirov Bəkir Bəkirovun
dostudur. Bəkir Bəkirov Bəbir Bəbirovla qardaş kimidirlər.
Bəbir Bəbirov Bədir Bədirovla qonşudurlar. Necədir səninçün?
–Lap yaxşı, amma...
–Dayan, darıxma, dalına qulaq as. Bədir Bədirov bu yaxında
oğlunu evləndirmək üçün Tələt Tələtovgilə elçi gedəcək. Tələt
Tələtov Qüdrət Qüdrətovun dostudur. Qüdrət Qüdrətov Fikrət
464
Fikrətovla qardaş kimidirlər. Fikrət Fikrətov da Seyid
Seyidovla bir evdə yaşayır. İndi bildin: Seyid Seyidov.
–Axı mən Seyid Seyidovu da tanımıram.
–Neynirsən tanımağı, Seyid Seyidovun bacısı var. Səidə
Səidova. Səidə Səidova da Fəridə Fəridovanın yaxın
podruqasıdır. Fəridə Fəridova isə... hə, deyim deməyim. Yoxsa
bunu da tanımayacaqsan?! Fəridə Fəridova, eşitdiyimə görə
cavanlıqda sənə bir qəlbdən min qəlbə aşiq olubmuş. Dünən bir
kitabda oxumuşam ki, məhəbbət ölmür. Bunu oxuyan kimi
barmağımı dişlədim. Dedim ay dili qafil dinmə, burda iş var.
Gərək Əvəz Əvəzovun saqqalının altından keçəm. İndi, Əvəz,
bax da. Taleyimizi sənə tapşırıram.
Əvəz Fəridə Fəridovanı təqaüdçülərin istirahət evində tapdı.
Fəridə uzun zaman eynək şüşələrini sildi, sonra eynəyini
taxıb diqqətlə Əvəzə baxdı:
—Adını bir də de —qulaq aparatının ucunu onun ağzına
tərəf tutdu, nəhayət birdən çəliyinə dirsəklənib ayağa qalxdı.
—Ah, şənşənmi, əşişim, — dedi, stəkandan dişlərini çıxarıb
ağzına saldı və ürəyini tutub:
—Ah, — deyə qəşş etdi. Sonra özünə gəldi və başladı, nə
başladı:
—Nə üçün belə gec gəldin, mənim göyərçinim. Neçin belə
gec gəldin. Ayrılıq şərbətini mənə verəndə saqınmadınmı,
yavrum, fəqət, bu bir aldanış, bir röya, çəkil gözlərimdən ey
təkrarsız gəncliyimin mənhus kölgəsi, mən yerləri, göyləri,
məğrur buludları, şaqraq şəlalələri eşqimə şahid çəkirəm.
Bəsdir bu röya! Bəsdir bu riya! Bəsdir bu iztirab! Ah!
Qəlbimin titrək telləri xoş bir müjdənin bahar nəsimilə titrədi,
çağladı, susdu, söndü. Sınıq rübabımın canalıcı sədaları ətraf
qaranlığında həzin bir kaman kimi inlədi, fəqət əfsus! Əfsus!
Artıq gecdir, zavallı! Unut məni! Əlvida! Əlvida müztərib
cocuq! Əlvida vəfasız sığırçınım! Son hicran axşamına bir
dəstə zərif hrizantem belə gətirməyi unutdun, sərsəri! Bumudur
sənin çılğın eşqin, bumudur sənin insanı sərməst edən
465
vədələrin?!
Əvəz başa düşdü ki, xrizantemsiz söhbət açmağın köhnə
pulnan iki qəpik xeyri yoxdur. Verdi özünü bazara. İlin bu
vaxtında xrizantem–zad nə gəzir?
Tində iki cayıl dayanıb papaqlarını basmışdılar gözlərinin
üstünə. Əvəz onlar dayanan yerdən gen keçmək istəyirdi,
olmadı, cayıllardan biri onun yolunu kəsib o birinə müraciətlə:
—Bu saat bu kulturni yoldaşdan bilib öyrənərik, — dedi,
sonra Əvəzə tərəf döndü və yoldaşını göstərdi:
—Mən ölüm, sən deynən, bu Balaqədəşə oxşayır, ya yox?
Əvəzi soyuq tər basdı. Nə desin? Oxşayır desin, oxşamır
desin. Cavabı birinin xoşuna gəlsə, hər halda o birinin xoşuna
gəlməyəcək. Öz–özünə "ölmək–ölməkdir, xırıldamaq na
deməkdir" qərarına gəldi və ötkəm səslə:
—Sən öləsən, — dedi, — Elə bil fırt eləyib Balaqədəşin
burnundan düşüb.
Elə bunu demişdi ki, bu biri çayıl çibindən bıçağı çıxardı və
Əvəzin üstünə hücuma keçdi. Birinci cayıl onun qabağını
kəsdi, dava-mərəkə qopdu və Əvəz fürsəti fövtə verməyib
aradan çıxdı.
Üç tin qaçdı, dördüncü tinin başında dayandı nəfəsini dərsin,
bir də gördü göbəyindən bir az yuxarı soyuq bir lülə dirəyiblər.
Tapançanın sahibi:
–Salaməleyküm, göyçək oğlan, — dedi. — Mənim adım
Balaqədəşdir, səninki nədir?
Əvəz Əvəzov tapbadan dəydi yerə. Ayılanda gördü ki,
Balaqədəş iri bir mauzerlə bunun üzünü yelləyir.
Balaqədəş:
–Poyezd gəlib astanada dayandı.
İçindəki çuşka-muşka oyandı, —
deyə bir ağız meyxana dedi, sonra soruşdu. — Nə oldu,
oyandın, əcəb nervnisən. Lap nejni-marojnasan. Mənə bax,
466
belə bir iş var. Maşın almaq istəyirəm. "Volqa". Amma
gələcəm pulun verməyə, deyəcəklər, sən göy satansan, hardadır
səndə bu qədər pul. Mənim də belə söhbətlərdən xoşum
gəlməz. Neçə vaxtdır sənin kimi bir kulturnı axtarırdım, öz
ayağınla gəlib çıxmısan. Bax "Volqa"nın qiyməti neçədir? Sən
de. Əlli beş min, ay sağ ol. Sanıyıram ovcuva yüz min. Necədir
səninçün? Üstündə də bir dəstə xrizantem. Gül sənin, pul sənin,
ad sənin, maşın mənim. Hə, necədir?
Əvəzin dili tutulmuşdu, danışa bilmirdi, başıyla işarə elədi
ki, razıyam.
Əvəzin qaynı Bəhram Bəhramov üç il bundan qabaq ev
almışdı, üç ay bundan qabaq müdafiə eləyib kandidat olmuşdu,
üç həftə bundan qabaq "Volqa" almışdı, üç gün bundan qabaq
da adam basmışdı. Düzü heç adam zad da basmamışdı. Amma
piyan bir kişi gəlib özünü yapışdırmışdı Bəhramın maşınına,
özü də maşın duran yerdə. Maşınının içində heç kəs yox imiş.
Bəhram bu vaxt evində oturub futbola baxırmış. Bəli sərxoş
kişi yıxılıb "Volqa"nın üstünə, elə bilib pianinadır, deyib gərək
mən bir "Yabloçka" oynayam. "Volqa"nın maralı ilişib kişinin
burnuna, qanadıb burnunu. Ayılıb yapışıb Bəhramın
yaxasından. Deyir mənə flan qədər pul verməsən, mən verəcəm
səni suda. Kefivə bax. Bəhram soyulub qurtarıb. İstəyir maşını
sata, bəlkə bu pula kişinin ağzını piyləyə.
Əvəz gəldi Bəhram Bəhramovun yanına.
Bəhram:
–Bu lap mənimçün göydən düşüb, —dedi. —Sataram
Volqanı yüz min manatı qoyaram cibimə, əlli beşinə təzə maşın
alaram, qalanını da... toy edərəm, evlənərəm. Bax, Əvəz, gərək
mənə bir yaxşı qız tapasan. Evim var. Mebelim var. Pianina,
xolodelnik, televizor, pılesos, polotyer, hamısını düzəldiblər
mənimçün. İndi sən də gərək mənə bir yaxşı qız düzəldəsən.
Lap açığı sənin şöbəndə bir mamlı–matan var. Gözüm düşüb
ona. Maşinistkadır. Rəhimə Rəhimova.
Əvəz işdən sonra maşinistka Rəhimə Rəhimovanı saxladı ki,
467
getmə, qızım, qal, yazım var, yaz.
Elə ki, otaqda tək qaldılar, Əvəz səsini yavaşıdıb:
–Rəhimə, —dedi. —Yazı bəhanə idi. Yazım–zadım yoxdur.
Səninlə şəxsi söhbətim var, məxfi. Məni düzgün başa düş.
Rəhimə yerindən sıçradı:
–Aaaa, ayıb olsun sizə yoldaş Əvəzov, — dedi. — Mən sizi
bir abırlı kişi bilirdim. Heç utanmırsınız. Mən bir həyalı,
ismətli, namuslu qızam. Qardaşım bilsə məni tikə-tikə
doğrayar. Əmim oğlu başımı kəsər, dayım oğlu gözümü
çıxardar. Ayıb deyil sizinçün. Arvadınızın gözünün içinə necə
baxacaqsınız. Elə bu gün görmüşəm onu, gəlmişdi sizin
maaşınızı almağa.
Əvəz qıpqırmızı qızardı:
–Ay qız, bir toxta görək, — dedi. — Sənin fikrin hara
gedib? Məsələ tamam başqa cürdür. — Əl-qərəz məsələni
Rəhiməyə açdı.
Rəhimə:
–A, — deyə fikrə getdi. — Belə de. Neçə otaqdır, deyirsiz?
Dörd? A beş?! Tək olur da. Atadan-anadan, bacıdan-qardaşdan
heç kəsi yoxdur ki... Nə? Bacısı var? Hə, sizin arvadınızdır.
Gediş-gəlişiniz yoxdur da? Aha, deməli, belə, çox yaxşı.
Namizəddir, doktor? Namizəd? Doktorluğu nə haldadır, teması
var, yazır, bir ilə müdafiə eləyər? Aha... Yaxşı, nə deyirəm,
razıyam. Amma üç şərtim var.
–Yaxşı, de görək şərtlərini.
–Birinci maddə: kiçik bacım Rəhiləni uşaq bağçasına
düzəldəcək. Ortancıl bacım Mədinəni musiqi məktəbinə
düzəldəcək, özü də skripkaya yox a, pianinoya. Kiçik qardaşım
Rəhimi instituta düzəldəcək. Ortancıl qardaşım Kərimi
aspiranturaya düzəldəcək.
–Dayan Kərim, tfu, dayan görüm, ay qız, dedin üç şərt
keçdin dördə.
Rəhimə:
–Halvaymış, — dedi. — Üç şərtim üç maddədən ibarətdir.
468
Mən hələ birinci maddənin a-sını, b-sini, v-sini və d-sini
deyirəm. Hələ dalı var, q) böyükdən kiçik bacım Səkinəni
kinoya prob eləyib bəyənməyiblər, gərək bu işi düzəltsin, çünki
qızın yaman həvəsi var çəkilməyə, e) böyük bacım Əminəni...
Əvəz cib dəftərinin əlifbasını açıb hərfləri saymağa başladı,
saçı biz-biz oldu. Rəhimə:
–j) –dedi, — böyükdən kiçik qardaşım Səlimi Neftyanikə
sol kənar hücumçusu düzəldəcək. Özü də dublidə yox a, sonra
mənə kələk kələr, əsas heyətdə.
Əvəz zəif səslə:
–Neçə bacı-qardaşsınız? —dedi.
Rəhimə:
–Məndən başqa doqquz, — dedi. — Hə, qaldı ikisi. İki əkiz
qardaşım: Valid və Xalid. Validi gərək dama federasiyasına
prezident düzəltsin, Xalidi də Dəlixanaya...
Əvəz:
–Dəlixanaya — prezident? — dedi.
–Yox, patsient.
Əvəz:
–Yaxşı, — dedi. — Birinci maddə qurtardı?
Rəhimə:
–Qurtardı, —dedi. — İkinci maddə odur ki, gərək mənə
yaxşı bir kvartira düzəltsin, pəncərələri dənizə tərəf. Eyvanı da
olsun.
—Kvartira neynirsən, ay qız. Bəhramın gül kimi kvartirası
var.
–Ana-atamı, bacım-qardaşımı da Bəhramgilə köçürdəcəm,
on iki baş külfətik, qalmışıq bir otaqda.
Əvəz köksünü ötürdü:
–Keç üçüncü maddəyə.
–Üçüncü maddə odur ki, ərim özü də, tanış–bilişi də gərək
mənə Rəhimə yox, Rayeçka desinlər.
Əvəz sevincək:
–Bax, bu oldu, əla. — dedi.
469
Üçüncü maddəni elə birinci gün düzəltdi. Birinci maddəni
yerinə yetirmək bir az uzun çəkdi. Rəhiləni bağçaya düzəltmək
üçün üç yaponski tranzistor, iki cüt çex ayaqqabısı, bir dəst
Rumıniya mebeli boyun oldu. Mədinəni musiqi məktəbinə
düzəltmək üçün qırx adamlıq qonaqlıq verməli oldu. Bağını
satıb Rəhimi instituta, Kərimi aspiranturaya qəbul elətdirdi.
Səkinəni kinoya çəkdirmək üçün rejissor haqqında radioda
yaxşı bir veriliş təşkil elətdirdi. Əminənin təyinatını kənddən
şəhərə dəyişdirdi, Səlimi Neftyanikə sol kənar hücumçusu
düzəltdi. Əvəzində kiməsə tapılmayan bir dərman boyun oldu,
kiməsə fəxri ad. Validi şaşki federasiyasının prezidentliyinə
itələmək üçün bir yaxşı yoldaşla mərc çəkib bir oturuma 25-
pors marojna yeməli oldu. Ən qəliz Xalidi dəlixanaya
düzəltmək məsələsi idi. Amma buna da əlac tapıldı. Sən demə
dəlixana direktorunun müavini filatelist imiş. Quş şəkli
çəkilmiş markaları toplayırmış. Bütün quşları yığıb
hacıleyləkdən başqa, Əvəz yerin deşiyindən hacıleylək markası
tapıb Xalidi kamal səliqəylə dəlixanaya saldırdı.
Qaldı kvartira məsələsi. Bir səhər Əvəz rayon evlər şöbəsi
müdiri Kamal Kamalovun qəbuluna gəldi. Əvvəlcə pəncərəyə
baxdı. Çünki deyirlər ki, Kamal Kamalov adamlardan
gizlənməkçün işə pəncərədən gedib-gəlir. Bir yaxşı kəndir
nərdivanı da var. Gəldi gördü heç kəs yox, qapı taybatay açıq,
gözlərinə inanmadı. Dedi yəqin yoldaş burda yoxdu. Keçdi
katibəsinə salam verdi. Katibə:
–Ələk-salam —dedi. — Xoş gəlmisiz. Bizə görə
qulluğunuz?
Əvəz dedi ki, yoldaş Kamal Kamalovu görmək istəyirəm.
Katibə:
–Buyurun, — dedi, — keçin içəri.
Əvəz Əvəzov daha böyük təəccüb içində içəri keçdi. Kamal
Kamalov dərhal masanın arxasından durub Əvəzə tərəf gəldi.
–Salaməleykum, —dedi. —Xoş gəlmişsiniz, bağışlayın tanış
deyilik. Tanış olaq. Kamal Kamalov. Çox şadam.
Əvəz:
470
–Əvəz Əvəzov, — dedi, əl verdi.
–Mənə görə qulluğunuz.
–Mənzil üçün gəlmişəm.
–Əcəb eləmisiz. Neçə otaq lazımdır?
–Üç-dörd.
–Üç-dörd, deməli yeddi. Çox gözəl. Şəhərin hansı
rayonunda?
Əvəzə elə gəldi ki, yuxu görür, ya da Kamalov onu dolayır,
amma fikirləşdi ki, nə olar olar.
–Mərkəzdə olsa yaxşıdır, — dedi. — Təzə evdə. Dənizə də
balkonu olsun. Kamal Kamalov:
–Baş üstə, gözüm üstə, — dedi, — ərizə yazmısız?
–Xeyr.
–Oturun yazın. Bu kağız, yox dayanın, bu pis kağızdı, bax
bunda yazın, əla yağlı kağızdır. Bu da qələm, bu tərəfi göy
yazır, bu tərəfi sumağı, bu tərəfi narıncı, heyf səkkiz rəngli
qələmim evdə qalıb. Hansıynan istəsəz yazın. Yazdız? Lap
yaxşı, verin dərkənar qoyum.
Kamalov Əvəzin ərizəsini götürdü, yaxşı bir dərkənar
qoydu, altında da ili, ayı, günü yazdı, saatı yazmaq istədi, qol
saatına baxdı, gördü yatıb.
–Bağışlayın, —deyə, Əvəzə müraciət elədi. —Mənim
saatım yatıb, saat neçədir?
Əvəz dedi ki, mənim də saatım yoxdur, amma bu saat
öyrənərəm. Çıxdı katibədən soruşsun, gördü katibə gedib.
Yüyürdü dəhlizə, gördü heç kəs qalmayıb, çıxdı küçəyə.
Birdən o səkidə köhnə dostu Əli Əliyevi gördü. Yanaşıb Əliyə
əl verdi, dedi:
–Köhnə dostum Əli Əliyev, nə yaxşı ki, sənə rast gəldim.
Köhnə dostum, de mənə görüm saat neçədir? Əli:
–Mehriban dostum Əvəz Əvəzov, — dedi, — nə yaxşı ki,
sənə rast gəldim. Saatı deməyinə deyərəm, ancaq, mehriban
dostum, sən də mənə bir kibrit ver, indicə...
(ardı var)
Əhməd Biqəm
|