A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3.29 Mb.

səhifə22/31
tarix03.04.2017
ölçüsü3.29 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

Kəbirlinski də gülümsündü. 

–Yox, axı, —deyə nə isə kəkələdi... 

–Sən heç ürəyivi sıxma, —deyə Cavad əlindəki mətnə 

əlavələr edirdi. —Bax burda qoy tülkü desin: çaqqal sən də 

burdasanmış. Aha, çaqqal da deyir: hə, hə, tülkü lələ, mən də 

burdayam, hə, hə. —O, sanki çaqqalı yamsılayırmış kimi 

əcayib bir səs çıxartdı. 

Səfurə: 


 396 

–Cavad, — deyə  məzəmmətlə ona baxdı, — axı müəllif 

birdən dedi ki... 

–Qələt eləyir müəllif, — deyə Cavad onun sözünü kəsdi. —

Çəm-xəm eləsə babalı  mənim boynuma. Denən Cavad 

Cabbarov dedi ki, mən bu "əsərə" çaqqal obrazını əlavə etməyi 

lazım bilirəm. Vəssalam. Hə, nədir? Azdır? Yaxşı bura da 

əlavə edək. Hanı? Hə. Tülkü: gedək. Çaqqal: —o, qələmini bir-

iki dəfə termometr kimi çırpıb yazmağa başladı: —deməli, 

çaqqal: gedirsiniz? Mən də sizinlə gedirəm. Aha, belə, Axırda 

da: sağ olun, sağ olun. Kəbirlinski, sən də deyərsən sağ olun: 

Arada da qoşul bizə: hə, yox, bəli, filan. Əsas odur ki, səsin 

gəlsin. Çətini ölüncədir. Ay zalım. Yaxşı, oldu. Vay, vay, 

gecikəcəm. Getdik. Havayı yerdən səninçün yeddi manat 

düzəltdim, Kəbirlinski, qədrimi bilmirsən. Gərək o yeddi 

manata "Drujba"da mənə yaxşı bir qonaqlıq verəsən. Ha, ha, 

ha! Ay haramzada. 

Studiyaya keçdilər. 

Səfurə Məcidə: 

–Cavaddır da, — dedi, — özü hay-küyçü, amma ürəyi 

nazik, yuxa kimi. 

Məcid: 


–Mən getdim Eldardan muştuluq almağa, — dedi. — Atası 

tulküydü, dönüb oldu çaqqal.       

Eldar radioda rejissor köməkçisi işləyirdi. Feyzullanın 

yazılışı olan günlər gözə  dəyməzdi. Bunun səbəbini hamı 

bilirdi, bilirdilər ki, atasıyçün, daha doğrusu onun ifa etdiyi 

rollardan, bu rolları ifa edərkən çıxartmalı olduğu səslərdən 

xəcalət çəkir. On doqquz yaşı vardı Eldarın. Gündüzlər işləyir, 

axşamlar teatr texnikumunda oxuyurdu. Boylu-buxunlu, 

göyçək oğlan idi. Ancaq bir balaca axsayırdı, sol ayağını 

çəkirdi. Qazandığını  əyin-başına verirdi, bəzən gəzdiyi qızları 

kinoya belə dəvət etməyə pulu olmasada, geyimində-kecimində 

heç kəsdən geri qalmırdı. Yaşına yaraşmayan bir ciddilik vardı 

üzündə. Hətta bir qədər qaraqabaq idi. Atasını tanıyanlar: "Elə 


 397 

bil Kəbirlinskinin yox, Nəsrəddin şahın oğludur, — deyirdilər, 

— forsu adamı yıxır". 

Amma Eldar forslu deyildi, xəstə  və ifrat dərəcədə  məğrur 

idi, sanki hamının nədənsə ona rişxənd, istehza edəcəyindən 

qorxurmuş kimi yeganə dostu Aydından başqa heç kəsə 

yaxınlaşmır, heç kəslə  səmimi olmaq, ünsiyyət bağlamaq 

istəmirdi.  Əsas səbəb,  əlbəttə, atası idi. Feyzulla onun yaralı 

yeri idi. Atasının təxəllüsünü deyil, əsil familini daşıyırdı  —

Eldar  Ələsgərov. Eldarın söyər yerini bilən bic-vələdüznalar, 

illah da Məcid onu daha da cırnadırdılar. 

–Yaxşı, Eldar, atan Kəbirlinskidir, sən nöşün Ələsgərovsan? 

–O sənin borcun deyil. 

–Daha acığın nöş tutur, sözdür soruşuram da. 

İndi də Məcid Eldar oturan otağa girib bərkdən: 

–Eldar, gözün aydın, muştuluğumu ver, — deyərkən oğlan 

elə bil nə isə duyubmuş kimi sim təki gərildi. 

–Nə olub? — deyə qaşqabağını saldı. Məcid ağzını 

açmasaydı belə, Eldar onun kürən sifətini görcək qanı qaralırdı. 

Məcid tam bir ciddiyyətlə: 

–Gəldim sənə xəbər verim ki, atanı böyüdüblər, — dedi, —

kişi  əməlli-başlı inkişaf eləyib, tülkü rolundan keçib çaqqal 

roluna. 

Eldarın yerindən sıçramasıyla Məcidin qapını  çırpıb daban 

əl altı qaçması bir oldu.  

Otaqdakı  qızlar pıqqıldaşıb güldülər. Amma Eldarın 

qırımını ayrı cür görüb dərhal özlərini yığışdırdılar. 

Aydın: 


–Əşi sən də bu düdəmənin sözündən niyə  cırnıyırsan? —

dedi. — O, adamdı ki, adam sözü danışsın. Görür ki, sən 

özündən çıxırsan, ayağı yer alır. Sən heç fikir vermə. 

 Eldar dodağını dişləri arasına alıb: 

–Yaxşı, — dedi, — qoy mənə borc olsun. — Özünü ələ aldı, 

sakitləşdi və otaqdan çıxdı. 

Məcid qaçıb studiyanın yanına gəlmişdi. 


 398 

Feyzulla rolunu yazdırıb dəhlizə  çıxdı, pul kağızına qol 

çəkdi. 

Məcid gəlib onun yanında durdu. 



–Kəbirlinski, — dedi, —oğlunu yığışdır. Mənə göz verir, 

işıq vermir. 

–Neynir ki, sənə?  

–Əşi, özün görürsən ki, mən cürübbəz zəifcanlı  oğlanam, 

üfürsən yıxılaram. O, maşallah, göz dəyməsin, zırpı şeydir, elə 

yaxşı deyiblər ki, uzundraz beynamaz, xeyrə-şərə yaramaz. 

–Bax bu olmadı da, dilivi dinc qoymursan, sonra da 

deyirsən ki, bəs belə. 

–Axı mən neyləyim. Yapışıb məndən ki, gərək səni döyəm. 

Əşi bir dənə  əngimdən qoysa, sağ tikəm qulağımın dibində 

qalar. Gücü var, getsin taylarına göstərsin. Gərək elə qolunun 

zorunu mənim başımda sınasın. 

–Elə durduğun yerdə  səni döymək istəyir? Bəlkə sataşıb 

eləyirsən ona? 

–Nə sataşıram? Soruşuram ki, nöşün atanın familiyası 

ayrıdır, səninki ayrı, a kişi, bunun üstündə heç adamı döyərlər. 

Feyzulla bir an duruxdu, sonra aramla, təmkinlə danışmağa 

başladı. 

–Bilirsən bala, ikimizin də familiyamız birdir, Ələsgərov. 

Kəbirlinski mənim təxəllüsümdür.  

–Aton rəhmətlik. Bax adam kimi sən başa saldın, mən də 

bildim. Daha döymək, söymək nəyə lazım?  

Bu söhbət  əsnasında Eldar gəlib onlar dayanan yerə  çıxdı. 

Məcid dərhal Feyzullanın böyrünə qısıldı. 

–Bax, deginən mənimlə  işi olmasın, yoxsa bax, bir baş 

gedəcəyəm sədrin yanına. 

Feyzulla:  

–Eldar, bala, — dedi, — nə  işin var bununla. Eldar cavab 

vermədi, qanlı-qanlı  Məcidə baxır, amma atasının, adamların 

yanında özünü saxlayırdı. 

–Yaxşı, sənnən mənimki qalsın, —dedi. 


 399 

Məcid: 


–Gördün, — dedi, — yenə  məni hədələyir, bax, atandan 

soruşdum, məni başa saldı, amma sən cırtqoz kimi atılırsan 

ortalığa, çıxırsan özündən. Feyzulla müəllim, —Eldarın 

yanında "Feyzulla müəllim" deyirdi, amma bu müraciətin 

özündə bir istehza vardı, — Feyzulla müəllim, inciməyin, 

amma məni çox maraqlandırır, bu nə  dəbdir belə, artistlər 

özlərinə təxəllüs götürürlər: Ərəblinski, Kəbirlinski... 

O tam ciddiyyətlə danışırdı, dodağı belə qaçmırdı, bircə 

gözlərinin içindən cin çıxırdı. Eldar istehzanı, masqaranı duyur 

və  Məcidin bütün sifəti sanki Eldarın gözlərinin içinə, 

yaddaşına, canına hopurdu. Məcidin kürən saçları, qaşları, 

kirpiksiz gözləri, kosasayağı  ətli sifətində  qızıla çalan təkəm 

seyrək tükləri... Burun pərələrindən uzanan tüklər belə kürən 

idi... Danışanda, ilişəndə zarıldayan üç qabaq qızıl dişi, sallaq 

buxağı, kos kimi ora-bura dığırlanan, bir nöqtədə  qərar tapa 

bilməyən göz bəbəkləri, pələş qulaqlar, yoğun, gödək barmaqlı 

toppuş  əllər, ağ köynəyin kirli yaxalığı —Eldarın gözlərinə 

yapışır, hafizəsində həkk olunurdu. 

Feyzulla tam bir sadəlövhlüklə: 

–O vaxt mod eləydi, ay bala, — dedi, — hərə özünə bir 

təxəllüs götürmüşdü. 

Məcidin vurnuxan gözləri arabir Eldarın nəzərləriylə tuşlaşır 

və bu ani baxışlarda hər ikisi bir–birinin halını başa düşürdü. 

Eldar içini yeyirdi. Məcid isə çoxdandı belə ləzzət çəkməmişdi. 

Kəbirlinskini Eldarın gözü qarşısında əməlli-başlı dolayır, daha 

doğrusu Feyzulla heç bir şey duymadan —öz danışıqlarıyla özü 

özünü dolayır, Məcidə sonsuz zövq verir, Eldarı odsuz–

tüstüsüz yandırırdı. 

Bixəbər Feyzulla: 

–Hərə bir ad götürmüşdü, — deyə davam edirdi. — 

Ərəblinski, Sarabski, Ağdamski...  

Məcid asta-asta: 

–Kəbirlinski, —dedi. 


 400 

–Zəhrimar Kəbirlinski, çor Kəbirlinski, — deyə Eldar axır 

partladı. —Mən sənin ağzını dağıdaram, onda bilərsən... 

Feyzulla təəccüblə oğluna baxdı. 

–Bıy, ay oğul, sənə nə olub, özündən çıxırsan, nə deyir ki... 

–Ey, sən də bilmirəm, Aydan gəlmisən, Marsdan. Başa 

düşmürsən nə deyir? 

–Yoox. 


—Elə başa düşməsən yaxşıdır, — dedi, çönüb getdi:  

 

Cavad studiyadan çıxdı: 



–Yaxşı, salamat qalın, mən qaçdım, — dedi.   

Kəbirlinski: 

–Cavad, başına dönüm, — dedi. Hansı  tərəfə gedirsən? 

Bəlkə məni də aparasan? 

Cavad bir an ayaq saxladı: 

–Canımçün tələsirəm, — dedi, — yoxsa məmnuniyyətlə, —

bir neçə addım da atdı, sonra Kəbirlinskiyə  tərəf çevrildi. —

Yaxşı, gəl, — dedi. — Baksovetəcən apararam.  

—Ay sağ ol. Ordan özüm gedərəm.  

Aşağı vestibüldən keçəndə kimsə: 

–Kəbirlinski, Kəbirlinski, — deyə harayladı. 

Feyzulla başını qaldırıb baxdı, rejissor köməkçisi Mamed 

onlara tərəf qaçırdı. Cavadla salamlaşıb Feyzullanın qolundan 

yapışdı.  

—Səni allah yetirdi bizə, Kəbirlinski, — dedi, — axşam 

boşsan? 


–Yox, nədi ki?  

–Tamaşan var? 

–Yox, tamaşam yoxdur, amma ayrı işim var. 

Mamed: 


–Bu oldu əmiri, —dedi, — deməli belə, ayrı  işivi 

keçirdirsən sabaha. Axşam televizorda verilişimiz var. Sadıq 

xəstələnib. Gərək onu əvəz eləyəsən. 

–Yox, axı... 



 401 

–Axısın, maxısın bilmirəm, yoxsa mənim boğazımı üzər. 

–Mamed, bilirsən, mən sənin xətrini dünyalarcan istəyirəm, 

amma axşam dərnəyim var. 

–Neçədədir dərnəyin? 

–7-də. 


–Deməli belə, 8-ə  mən səni buraxaram. Keçirt dərnəyi bir 

saat gecə, nə olacaq? 

Cavad qapıdan: 

–Kəbirlinski, gəlirsən? —dedi. — Mən bax səni gözləyən 

deyiləm ha. Tələsirəm. 

Feyzulla: 

–Gəldim, gəldim, — dedi, sonra Mamedə  tərəf döndü, —

Yaxşı, Mamed, daha sənin sözündən keçə bilmirəm. Amma axı 

gərək hazırlaşam. Böyük roldur? 

–Nə rol, adə, evinəcən sənin. Bircə  kəlmə sözün var. 

Poçtalyondu, girir içəri ki, "sizə kağız gətirmişəm", vəssalam, 

şüt-tamam. Buna nə hazırlaşmaq, maşallah 40 ilin artistisən. 

Amma Kəbirlinski, başıva dönüm, məni podvadit eləmə ha, 

boğazımı üzərlər. Deməli belə, altıda burdasan. 

–Yaxşı, arxayın ol. Söz verdimsə gələrəm. 

–Yaşa, var ol. Səndən bir dənədir. İki dənə olsaydı arabaya 

qoşardıq. Ha, ha, ha... İncimə a, zarafatım var səninlə, 

kiçiyinəm. Üzüm ayağının altına. 

–Canın sağ olsun. 

Mamed artıq qaçıb getmişdi, uzaqdan çevrilib: — Üzüm, yəni 

vinoqrad, — dedi, bir də güldü və harasa şütüyüb qeyb oldu. 

Feyzulla qaça-qaça binadan çıxdı. Cavad artıq maşını  işə 

salıb hərəkətə gətirirdi. 

–Saxla, gəldim, — deyə Kəbirlinski uzaqdan əl elədi, özünü 

yetirib Cavadın yanında oturdu. 

Cavad: 


—Kəbirlinski, qan eləyirsən ha, — dedi. — Gündüz radio, 

axşam televizor.  

—Əşi, ay Cavad, qoymazsan kasıbçılığımızı eləyək, —deyə 


 402 

ərklə Cavada göz vurdu və məmnun gülümsündü...  

Cavad başını çevirib ona baxdı. Cabadın gözlərinin ifadəsini 

görmək olmurdu — gözlərini iri qara eynək gizlətmişdi. 

Kəsik siqnalla trolleybusu ötdü, başaşağı yolla sürməyə 

başladı. Sükutu Feyzulla pozdu: 

–Cavad, sən də  mənim oğlum,  ərk eləyib sənə — bir şey 

demək istəyirəm. 

–De görüm. 

–Sən Siyavuş müəllimlə yaxınsan, deginən ona adam içində 

mənimlə bir az yaxşı rəftar eləsin. Abrımı bükür ətəyimə. Axı 

mən də malçişka deyiləm. Bu səhnədə saç ağartmışam. 

–Nə deyir ki? 

–Nə bilim, qışqırır, söyür. Özü də camaatın yanında. Bayaq 

o rəssam da oturmuşdu. Cavan oğlandır. Aramızda hörmət-

izzət var. Başlayıb onun yanında filan, peşməkan. Özümüz 

olsaq, cəhənnəmə, nə deyir desin. Bir də var kənar adam. Axı 

atası yerindəyəm. 

–Nə deyir axı? 

–Əşi, nə bilim başlayıb yenə  məscid belə  gəldi,  əzan elə 

getdi. Axı mən neyləyim ki, atam müfti olub. 

–Nə olub atan? 

–Müftiydi də. Bəs bilmirdin? 

–Yox, hardan bilim. 

–Bəs mən elə bildim bilirsən. Hamı bilir ki, bu əhvalatı. 

Atam müfti idi, mən artistliyə gedəndə qovdu məni evdən. 

Ölənəcən mənimlə danışmadı. Üzünü də görmədim. Vəsiyyət 

eləmişdi ki, üstümə  də  gəlməsin. Amma yaman xiffət 

eləyirmiş. Anam deyirdi ki, kişini sənin dərdin öldürdü. 

–Sənə də nə düşmüşdü artist olasan, ay Kəbirlinski. 

–Nə bilim, yaman həvəsim vardı. Sən mənim beləliyimə 

baxma, bir vaxtlar rayonumuzda Oqtay, Aydın,  Şeyx Sənan 

oynayırdım. 

–Əşi, qoy oturmuşuq. 

–Canımçün. Atamın aman–zaman bircə  oğluydum, yaman 


 403 

istəyirdi məni də molla eləsin,  əməlli–başlı farsca–ərəbcə 

öyrətmişdi. 

–Gərək elə molla olaydın, Kəbirlinski, mollalar bilirsən necə 

qazanır. Hər ölənə bir yasin oxusan narodnı artistdən yaxşı 

dolanardın. 

Feyzulla gülümsündü, hansı ötən xatirələrisə yadına salıb 

başını yellədi:   

—Quran ayələri indiyəcən yadımdadır, — dedi. 

–Doğrudan? Bəs nə əcəb, mollalıq eləmirsən? 

Feyzulla təəçcüblə çiyinlərini çəkdi: 

–Nə danışırsan, ay Cavad, məndən molla olar?  

–Niyə olmur? 

–Bay, əşi sən nə danışırsan? Mən hara, mollalıq hara? 

–Axı, niyə olmur. Atan — müfti, sir–sifətindən möminlik 

yağır, özün də quranı  əzbər bilirsən. Daha mollaya bundan 

artıq nə lazımdır? 

–Qəribə söz danışırsan e, — bu qəribə fikir Feyzullanı lap 

çaşdırmışdı, nəhayət o, əsas səbəbi yada saldı, — mən necə 

molla ola bilərəm ki, allaha inanmıram. 

–Rəhmətliyin oğlu, neynirsən inanıb. Mollalar elə bilirsən 

özləri inanır? Sən mənim sözumə qulaq as, artistlikdən bir şey 

çıxmaz. Get mollalığa, bəy balası kimi dolan, allahnan da işin 

yoxdur, inanırsan inan, inanmırsan inanma. Mən quran 

oxumağı bilsəydim, bir gün teatrda qalmazdım. Dramatik 

artistlikdən axmaq sənət yoxdur. Ya gərək xanəndə, çalançı 

olasan, ya aşıq, ya molla. Toydan, yasdan gələn gəlir heç 

yerdən gəlmir. Yaxşı, Kəbirlinski, gəldik çıxdıq. Bu da 

Baksovet. 

–Çox sağ ol, Cavad. Bircə dəqiqə vaxtını alacam, incimə. 

–De görüm, yaxşı. 

–Sən bir Siyavuşnan danış. Sənin sözündən çıxmaz. Denən 

məni incitməsin. 

–Deyərəm. 

–Bilirsən, teatralnı texnikumda dərs deyir, mənim oğlum da 


 404 

orda oxuyur. O gün gəlib tələbələrə deyib ki, kürreyi-ərzdə 

hələ  Kəbirlinskidən bezdarnı artist anadan gəlməyib. Uşaq da 

pərt olur tay-tuşunun yanında, dost var, düşmən var. 

–Qələt eləyir, Siyavuş, deyərəm ona. 

–Hə. 


–Bir də Cavad... Bir məsələ də var.  

—Nə  məsələ, a kişi, denən görək, sən də lap məni avara 

elədin. 

–Vallah sənə  ərkim çatır, ayrı kimə deyim axı... Bilirsən, 

mən elə şeyə fikir verən deyiləm, amma beş dost olanda, beş də 

düşmən gözü var. Bir yandan da arvad məni piləyir. 

—Uzatma, Kəbirlinski, sən atovun goru, keç mətləbə görək... 

—Mətləb deyəndə, yəni bu il mənim altmış illiyim tamam 

olur. İndi mən nə Ərəblinskiyəm, nə Abbas Mirzə, amma daha, 

azdan-çoxdan yenə bizim də xidmətimiz olub... Deyirəm, bəlkə 

zvaniyadan-zaddan... Mən elə  şeyin düşkünü deyiləm, özün 

bilirsən, amma, görürsən dünənki uşaqlar gəlib olub əməkdar 

artist, yox, mən bir şey demirəm, halal xoşları olsun, amma 

indi biz də özümüzə görə, azdan–çoxdan neçə ildir külüng 

vururuq. Bir balaca...  

–Bilirsən, Kəbirlinski, açığı, zvaniya məsələsi bir az 

çətindir, amma Siyavuşla danışaram, mestkomdan bir qramota–

zad alaram səninçün. Di bağışla, lap gecikdim... 

–Sağ ol, çox sağ ol, ömrün uzun olsun, — deyə Feyzulla öz–

özünə danışa-danışa evinə sarı addımladı. Cavadın maşını 

çoxdan gözdən itmişdi.  

Feyzulla avtomat-telefon budkasına girib karamel fabrikinə 

zəng elədi. Karamel fabrikində dramatik dərnəyin rəhbəri idi. 

–Uşaqlara de ki, 7-də yox, 8-də  yığışsınlar. 9-a on beş 

dəqiqə işləmiş. 

Evlərinə  gəldi. Köhnə evdə ikinci mərtəbədə yaşayırdılar. 

Həyət balaca, dar və qaranlıq idi. Həyətdə daima daman krantın 

altındakı daş suyun təsirindən qurbağa çəni kimi sürüşkən və 

yaşılımtıl olmuşdu. Həyətdə krantdan başqa qapısı  qıfıllı 


 405 

ayaqyolu, iri zibil yeşiyi və ərzaq mağazasının boşalmış karton 

qutuları vardı.  İkinci və üçüncü mərtəbələrə  dəmir pilləkən 

qalxırdı. Pillələrə ayağını möhkəm basanda adama elə  gəlirdi 

ki, bütöv bir zirehli ordu addımlayır.  İkinci və üçüncü 

mərtəbələrin şüşəbəndləri həyətə baxırdı. 

Feyzullagilin bir otağı  və bu otağın qarşısında kiçik bir 

dəhliz kimiləri vardı. Bu dəhliz həm də mətbəxi əvəz edirdi —

bura iki gözlü balaca bir pilətə qoymuşdular. Dəhlizin o biri 

tərəfi pərdəylə ayrılmışdı, pərdənin dalında açılıb—bükülən 

çarpayı qoyulmuşdu. Eldar burda yatırdı. 

Eldar çarpayısının yanındakı divara iki kitab rəfi vurmuşdu. 

Rəflərə — teatra və kinoya aid kitablar, teatr və kinojurnalları 

düzülmüşdü. Rəflərin qarşısındakı divara Eldar başdan-başa 

şəkil yapışdırmışdı — kinoulduzlarının,  əsasən aktrisaların — 

"Film" və "Ekran" Polşa jurnallarından kəsilmiş  şəkilləri. 

Çarpayının yanında yerdə maqnitofon və çoxlu lent yazısı 

qoyulmuşdu — bura Eldarın 4 kvadratmetrlik aləmi, 

başkicəlləndirən xülyalar və  mətbəx qoxusuyla dolu dünyası 

idi. 


Otaq ala-qaranlıq idi. Yeganə  pəncərədən düşən işıq 

nisbətən böyük otağa — iyirmi kvadratmetrlik otağa azlıq 

edirdi. Otaqda iki çarpayı, tünd mixəyi rəngli iri, zəhmli 

kamod, masa və dörd stul vardı. Kamodun üstünə küləbətinli 

süfrəcik salınmışdı. Çarpayıların üstünə hansı gözəlisə 

qaçırdan iki çaparın  şəkli çəkilmiş pluş örtük atılmışdı. 

Kamodun üstündəki güləbətinli süfrəcikdən biri də stolun 

üstünə  çəpəki çəkilmişdi (kleyonkanın üzərindən). Pəncərə 

pərdələri də televizor ekranını örtmüş  ağ parça da həmin cür 

güləbətin naxışlı idi. Kiçik ekranlı "Luç" televizoru küncə 

qoyulmuşdu. Çarpayının yanındakı zivənin üstünə bozumtul 

örtük çəkilmişdi. Çox yeri süzülmüş palazın aralarından 

qırmızı  şirəli taxta döşəmə görünürdü. Divarda zərli 

çərçivələrdə güzgü və foto şəkillər asılmışdı. Feyzullanın 

arvadı Həcərin cavanlıq şəkilləri, Eldarın şəkilləri. Bu şəkillər 


 406 

kiçik idi. Ortada isə başqa bir kişinin iri şəkli asılmışdı. Bu kişi 

— Feyzullanın mərhum bacanağı  Həcərin bacısı  Qəmərin  əri 

akademik İsgəndər Muradəliyev idi. İsgəndər və Qəmər neçə il 

bundan qabaq avtomobil qəzasında həlak olmuşdu. 

Feyzulla içəri girəndə  Həcər dəhliz–mətbəxdə qonşu 

Anaxanımla söhbət edirdi. 

Otaqdan və  dəhlizdən qarışıq bir iy gəlirdi. Nəmişlik, 

rütubət, bulanıq qab-qacaq, semişka yağı, bir də paltar sabunu 

iyi. 


Anaxanım Feyzullanı görüb: 

–Hər vaxtınız xeyir, — dedi, — sonra Həcərə  tərəf döndü, 

—yaxşı bacı, mən getdim.  

Feyzulla otağa daxil oldu, pencəyini çıxarıb səliqəylə stulun 

başına keçirtdi, dəhlizə qayıdıb ləyənin üstündə əl–üzünü yudu. 

–Bəs heç bozbaşın iyi burnuma dəymir, —deyə zarafatla 

Həcərə müraciət etdi. 

Həcər dinmədi. Feyzulla cavab almağa tamamilə ümidini 

itirmişdi ki, Həcər birdən açıldı: 

–Bozbaş! Yox bir cücəplov.  Ət alıb gətirmişdin, bozbaş 

istəyirsən? Kolbasadan bişirəcəyəm bozbaşı? 

–Daha dava niyə eləyirsən. Mən elə bildim ət almısan. 

–Görəsən hansı pula? Heç bilirsən neçəyədi  ət bazarda? 

Sənin gətirdiyin pulnan gündə  ət almaq olar? Odey dünənki 

dolmadan qalıb, qızdır ye. 

–Neynək, dolma daha yaxşı. 

O, mətbəxə keçib dünənki, daha doğrusu srağagün bişmiş 

dolmanı odun üstünə qoydu. Bir az sükutdan sonra Həcər yenə 

başladı: 

–Bozbaş! Könlünə bozbaş düşüb, —o heç cür sakit ola 

bilmirdi. —Adam ayağını yorğanına görə uzadar. Yerə soxum 

boyunu, bu da adını kişi qoyub. 

Loğma Feyzullanın boğazında qaldı: 

–Ay arvad, nə düşmüsən üstümə, qoymazsan bir parça 

zəhirimarımızı yeyək. 


 407 

–Ye də. Görüm heç yediyin boğazından keçməsin. Hamı ərə 

gedir ağ günə çıxır, bu da adını ər qoyub.  

Feyzulla yorğun bir hərəkətlə başını qaldırdı. 

–Axı nə olub yenə? —dedi. 

–Nə olacaq? Odey, Anaxanım gəlmişdi.  Ərindən, evindən, 

dolanışığından danışır, adam yanır–yanır yaxılır. Topal 

Səfdərin qızı elə dolansın, Dursun bəyin qızı belə. 

Feyzulla söhbəti zarafata salmağa çəhd elədi: 

–Neyniyim, ay arvad, özün mənə  aşiq olmuşdun da. Özün 

mənə qoşulub qaçmadın? 

–Kaş mənim qıçım sınaydı, sənə qoşulub qaçan gün, gözüm 

kor olaydı, səni görən gün. Kül mənim gic ağlıma, uşaq idim, 

nə qanırdım, gəldin kəndə teatr çıxartdın, mənim də gözüm 

tutuldu. Mən Qəmərdən min pay gözəl idim, o, İsgəndər 

Muradəliyevə qismət oldu, mən də sənə... 

Feyzulla boşqabını, çəngəlini mətbəxə apardı, səsi dəhlizdən 

gəldi. 


–Utanmırsan, Həcər? Heç olmasa Qəmər yazığın adını 

çəkmə. 


–Yazıq niyə olur Qəmər? 

–Bəs yazıq deyil. O cür faciənin qurbanı oldular, o da, 

İsgəndər yazıq da. Nə yaşları vardı, ölməli vaxtlarıydı heç? 

Həcər köksunü ötürdü, bir müddət susdu, sonra öz 

fikirlərinə cavab verirmiş kimi sözünə davam etdi... 

–Zato bir gün gördü. Öldüsə də heç olmasa yaşayanda insan 

kimi yaşadı. Evi, eşiyi, pulu, varı, dövləti... Beş gün dünyada 

kefin çəkdi, dünyadan gedəndə də bir şey görub getdi. Amma 

mən sabah yıxılıb öləndə nə deyəcəm. Nə gördüm bu dünyada? 

Sənin bu qıcqırmış sir–sifətini, bir də bu iylənmiş xarabanı... 

Budu mənim gördüyüm... Camaat kefində-damağında… eh, — 

deyə birdən özü öz sözünü kəsdi, —sənə dedim–demədim nə 

təfavütü var?  

Feyzulla özünə çay töküb gətirmişdi, balaca armudu 

stəkandan qurtum–qurtum içirdi.  


 408 

–Həcər, —dedi, — görürəm bu gün sənin  əhvalın özündə 

deyil. Anaxanım da gəlib səni fitdəyib. 

–Məni fitdəmək–zad lazım deyil. Özüm koram, görmürəm, 

xalq necə dolanır, biz necə dolanırıq. 

Feyzulla çayını içdi, aparıb stəkanı əlüzyuyanın altında suya 

çəkdi, otağa qayıtdı. 

Həcər: 


–Eldar dünən bir halda gəlmişdi ki, çırtma vursaydın qan 

damardı. Dərsə bir müəllim gəlib, səni yaş yuyub, quru sərib. 

Feyzulla: 

–Eşitmişəm, — dedi, — Aydın dedi mənə, Eldarın yoldaşı.  

–Eşitməyindən nə olsun? Guya gedib o müəllimi asıb-

kəsəcəksən. Kimdi sənin sözünə məhəl qoyan? 

Feyzulla sakit qulaq asırdı. Ən ağır, ən kinayəli sözləri belə 

gündə eşidərsənsə, onlar artıq dəyərsizləşir, vərdiş halına keçir, 

odur ki, nə incidir, nə ağrıdır. Bəlkə bir qədər yorur, vəssalam. 

Həcər isə yorulub usanmaq bilmirdi. 

–Deyir, ay ana, mənim atam axı niyə belə fərsizdir. Mənə də 

deyir onun ucbatından hamı yuxarıdan aşağı baxır. Atam 

olmasaydı, deyir, heç olmazsa bilərdim ki, yetiməm, biri mənə 

gözün üstə qaşın var deyə bilməzdi, amma bu sağdır, hamı 

bunu körür, tanıyır, hamı buna gülür, rişxənd eləyir,  ələ salır, 

mən də qalıram içimi yeyə–yeyə. 

—Eldar heç vədə belə söz deməz. 

—Yalan deyənin lap atab atasına lə'nət. —Həcər əlini stolun 

üstündəki kiçik çörək qırıntısına uzatdı, onu barmaqları 

arasında ovxaladı, — bax bu bərəkət haqqı, uşaq danışırdı, 

ürəyim qan olurdu. Mama, deyir, mən kimdən əysiyəm ki, kaş 

deyir mən də böyük bir adamın oğlu olaydım. Mən deyir 

cavanam, gözələm, öz üzərimdə deyir, çalışıram, gecəni 

gündüzə qatıb oxuyuram, biliyimi, savadımı artırıram. 

Görürsən, deyir, bir məclisdə, bir kompaniyadayıq. Qızların 

hamısının gözü məndədir. Mənim də deyir görürsən birindən 

xoşum gəlir. Tanış oluruq, danışırıq. Kitablardan, teatrlardan, 


 409 

kinolardan, hardan deyir desə  mən də  xəbər verirəm, xəcalət 

qalmıram. Amma bir də görürsən deyir, axmağın birisi gəlir, nə 

bir savadı, biliyi var, nə  də bir əməlli sir-sifəti, vücudu üç 

qəpiyə dəyməz, amma di gəl böyük bir şişqanın oğludur, ya da 

ki, atası kalandır, ayağının altında maşını, cibində pulu. 

Görürsən qıza dedi ki, gəl otur maşınıma, səni gəzdirim. Qız da 

deyir daha onu qoyub mənimlə gəzməyəcək ki... 

Feyzulla: 

—O cür qızla elə gəzməsə yaxşıdır, —dedi. — O nə qızdır 

ki, pula, maşına qəlbini satır. 

Həcər susub bir müddət maddım–maddım Feyzullaya baxdı, 

sonra iki əliylə ona boğma çıxarıb: 

–Ala ey, külü qoyum ağlıva, —dedi, —durdu, durdu, söz 

danışdı da... Elə bütün ömrünü belə  əfəl olmusan ki, bu günə 

qalmısan da... 

Feyzulla nəhayət hövsələdən çıxdı: 

—Arvad, bilirsən nə var?—dedi. — Bəsdi. Sən dedin, mən 

dinmədim, amma daha cızıqdan çıxdın, ağ elədin. Mənim də 

özümə görə heysiyətim, mənliyim var. 

Həcər: 

–Sənin mənliyinə ki, — dedi, — yaxşı, yum, səninlə 



danışanda bütün qanım qaralır.  

Feyzulla ayaqqabılarını  çıxarıb çarpayısına uzandı. Həcər 

dəhlizə  çıxdı. Ordan qab-qacaq səsi, çəngəl–bıçaq cingiltisi 

eşidildi. Feyzulla gözlərini yumdu, mürgülədi. Bir azdan Həcər 

yaş əllərini silə-silə otağa qayıtdı: 

–Anaxanım deyir, bəs bütün artistlərə ad veriblər, ərivi niyə 

yaddan çıxarıblar? 

Feyzulla cavab vermədi. Ya doğrudan yatmışdı, ya da 

yalandan özünü yuxuluğa qoymuşdu. 

Həcər: 


–Sən yat, —dedi, — sənə nə var ki, buğda yeyib cənnətdən 

çıxmısan. 

Dəhlizə getdi, bir azdan yenə qayıtdı. 


 410 

–Eldar deyir ki, kaş bircə  dəfə  mənim dədəm haqqında da 

qəzetdə bir kəlmə xoş söz yazaydılar. Yoxsa ya heç nə 

yazmırlar, ya da bircə  kəlmə yazırlar ki, "Kəbirlinski yenə  də 

rolunun öhdəsindən gələ bilmədi". 

Feyzulla aramla gözlərini açdı, uzun–uzadı Həcərə baxdı: 

–Həcər, — dedi. — Bəlkə məsələni açıb Eldara deyək. 

Həcər birdən–birə elə bil dəyişib başqa adam oldu, sapsarı 

saraldı, sanki balacalaşdı, büzüşdü və qəflətən qocaldı. Boğuq 

səslə: 


–Nə danışırsan, ay kişi? —dedi. — Ağlın çaşıb. Sən atovun 

goru heç o fikri başına gətirmə. 

Gözləri dolmuşdu. Dəsmal çıxarıb gözlərini sildi, dəhlizə 

keçdi və Feyzulla evdən gedənəçən bir kəlmə də danışmadı.  

Düz altıda Feyzulla televiziya studiyasında idi. Yavaş–yavaş 

artistlərin hamısı  gəlib yığışdı. Rejissoru gözləyirdilər.  İri 

projektorların işığı  və istisi studiyanın içini hamama 

döndərmişdi. Mikrofonlar — budaqdan sallanmış armud kimi 

artistlərin başları üzərindən asılmışdı. 

Cürübbəz, balaca boylu, çevik Mamed ora–bura şütüyür, bu 

qapıdan girib, o qapıdan çıxırdı, müxtəlif göstərişlər, sifarişlər 

verirdi. Tez-tez "deməli belə, deməli belə" deyə  təkrar edirdi. 

"Deməli belə, sən burda durarsan, sən burdan girirsən. Aha, 

deməli belə, üçüncü kamera, sən bu tərəfdən nayezd eləyirsən, 

krupnı plan, sonra sən soldan götürürsən, ikinci kamera. 

Deməli belə, mən, işarə verəndə bas düyməni. Burax musiqini. 

Deməli belə, hamı burdadır, hamı öz yerindədir. Budey 

Siyavuş müəllim də gəldi".  

Feyzullanın ürəyi düşdü. Nə biləydi ki, televizorun bu 

axşamkı verilişinə Siyavuş  dəvət olunub. O, televiziyaya tez-

tez gələn deyildi. Rejisorun Siyavuş olduğunu bilsəydi, mütləq 

boyun qaçırardı. Siyavuş da dərhal onu gördü. 

–Kəbirlinski, — dedi: — balam, mən səndən qaçıram, sən 

də hara getsəm çıxırsan qabağıma. Ay kişi, qoymazsan 

gözümüzü açaq. 


 411 

Hamı gülüşdü. Siyavuşun özünün də deyəsən kefi kök idi. 

Mamedə müraciətlə yavaşdan: 

–Bu zırramanı hardan tapıb gətirmisən? — dedi. 

–Deməli belə, Sadıq bu gün zəng elədi ki, xəstəyəm, qaldım 

əlim yandıda, rastıma Kəbirlinski çıxdı, çağırdım. 

Siyavuş başını buladı. 

Mamed: 


—Əşi cəmi-cümlətanı ikicə kəlmə sözü var, — dedi.  

—Poz onu da. 

—Nəyi? 

—Kəbirlinskinin sözünü. Nə sözdü ki? 



—Heç nə, kağızları  gətirir, deyir... qoy bu saat baxım nə 

deyir — mətni vərəqlədi, — hə, deməli belə, "bu da sizin 

kağızlar". 

–Poz getsin. Gəlsin, dinməz–söyləməz kağızları versin, izalə 

olub çıxıb getsin. Onun səsini eşidəndə təpəmdən tüstü qalxır. 

Mamed güldü və cümləni pozdu. Sonra Kəbirlinskiyə 

yanaşdı: 

—Deməli belə, Feyzulla, — dedi, — sözlərini saldıq 

ixtisara, elə belə dinməzcə girərsən bax bu tərəfdən, kağızları 

verib çıxıb gedərsən, vəssəlam, bildin? 

—Salam da verməyim? 

—Yox, yox, sən atovun goru, xataya salma bizi, elə kağızı 

qoy çıx, bildin? 

—Bildim, bildim. Baş üstə.  

Mamed: 

—Deməli, belə. Hərə öz yerinə keçsin, —dedi, —beş 



dəqiqədən sonra efirdəyik.  

Hamı öz yerini tutdu, donub qaldı. Kameralar tüfənk lüləsi 

kimi hədəflərə —aktyorlara tuşlandı. Siyavuş, Mamed, səs 

rejissoru idarə pultunun arxasına keçdilər, daxili ekranlarda 

müxtəlif kameralarla —müxtəlif görüm nöqtələrindən 

göstərilən səhnə donub qalmışdı. Çay nəhrə  tərəf axan kimi 

maddiləşmiş, sərhədlənib qalıba, məcraya salınmış televiziya 


 412 

vaxtı qaçılmaz bir labüdlüklə saat yeddiyə doğru axırda —düz 

saat 7:00-də efirə çıxacaqdılar.  

Yeddiyə 15 saniyə qalmış Siyavuş daxili mikrafonla: 

—Diqqət! Efirdəyik, — dedi və düyməni basdı. Səs 

rejissoru musiqini buraxdı, birinci kamera verilişin titrlərini 

göstərdi. Veriliş başlandı. 

Qırx dəqiqədən sonra Siyavuş papiros yandırıb ayağa durdu. 

Veriliş sona yetmişdi. Aktyorlar studiyadan çıxdılar. 

Kəbirlinski Mamedin qoluna girib bir qırağa çəkdi. 

–Mamed, başıva dönüm,— dedi, — pul kağızında mənim 

adım var da? 

–Əlbəttə, Kəbirlinski, ayıb sözdur, havayı işləmirsən ki, hələ 

kommunizma gəlməyib, hələ sosiyalizmadır —kommunizmaya 

keçid mərhələsi. 

–Yox, bilirsən niyə soruşuram? Deyir başına kələn, 

başmaqçı olar. Bir dəfə  də sözsüz çıxış eləmişdim, beləcə 

sözsüz rol idi. Buxqalteriyada adımı pozmuşdular. 

Mamed: 

–Yox, arxayın ol, —dedi, —gözüm üstündə olacaq. 



–Ömrün uzun olsun. Yoxsa bu buxqalter yaman köpəkoğlu 

adamdır. Qoca kişidir, məndən beşbetər, gözü də görmür. 

Deyirlər taxır eynəyini, dayanır ekranın qabağında, bir–bir 

sayır, neçə nəfərdir, kim neçə söz deyib, sonra da dava–mərəkə 

qaldırır ki, mən dövlətin pulunu havaya səpələyə bilmərəm. 

–Lap Məşədi  İbadın hambalına döndü. Qənaəti gərək elə 

sənin bir manatında eləsin. 

—Day demə.  

—Yox, Kəbirlinski, xətircam ol. 

—Çox sağ ol. — Kəbirlinski minnətdarlıqla Mamedə  əl 

verib görüşdü, hamıyla xudahafizləşdi, binadan çıxdı, uzaqdan 

trolleybusun dayanacağa tərəf getdiyini görüb qaçdı, birtəhər 

çatdı, özünü içəri saldı. 

Azneftin yanında düşüb ayrı avtobusa mindi, saat 9-a on beş 

dəqiqə işləmiş gəlib karamel fabrikinə çıxdı. 


 413 

Üç il idi Feyzulla karamel fabrikində dram dərnəyinə 

rəhbərlik edirdi. Dərnəyin hələlik altı üzvü var idi — dördü 

kişi, ikisi qadın. Kişilərdən biri Salman — qoca qarovulçu idi, 

tək yaşayırdı. Evinə getməyə darıxırdı, odur ki, gəlib dərnəyə 

yazılmışdı.  İkinci kişi — Muxtar dərnəyə arvadı Rozaya görə 

yazılmışdı. Roza erməni idi, azərbaycanca pis bilmirdi, amma 

ləhcəylə danışırdı. Dürüst danışmağa səy göstərirdi, rəfiqəsi 

Bəhicə  də ona bu işdə çox kömək edirdi. Dərnəyə  də elə 

Bəhicəyə görə yazılmışdı. Bəhicə orta yaşlarında dul qadın idi. 

Kəbirlinskinin rəyincə əsil səhnə istedadına malik idi. 

Üç ildi ki, Kəbirlinski dərnəkdə "Oqtay Eloğlu" tamaşasını 

hazırlayırdı, Bəhicəyə Firəngiz, Rozaya Nadya rolunu 

tapşırmışdı. Oqtay rolunu Kəbirlinski özü hazırlayırdı. 

Başqa rolları Muxtara, Salman kişiyə tabelşik Bəşirə  və 

şofer Davuda vermişdi. Dərnəyin hələlik az üzvü olduğundan 

Kəbirlinskidən başqa hamı iki-üç rolda oynayırdı. 

Roza həm Nadya, həm də aktrisa Tamara rolunu, Bəhicə 

həm Firəngiz, həm də Oqtayın bacısı Sevər rolunu ifa 

edəcəkdi. 

Dərnəyin məşğələləri həftədə bir dəfə fabrikin qırmızı 

guşəsində keçirilirdi. Qırmızı guşə — divarlarına müxtəlif 

şüarlar, lövhələr və  şəkillər vurulmuş bir otaq idi. Divarda 

qırmızı  kətan üstündə  "İncəsənət — xalqa məxsusdur" sözləri 

yazılmışdı. Cürbəcür cızıqlar və dairələr çəkilmiş bir lövhədə 

fabrikin illik planı  və  məhsulun hansı  şəhərlərə göndərildiyi 

göstərilmişdi. Zər çərçivəli ikinci lövhədə — qırmızı pluş 

üzərində  zərli hərflərlə —"İstehsalat qabaqcılları" — yazılmış 

və iyirmi nəfərin, o cümlədən  şofer Davudun fotoşəkilləri 

yapışdırılmışdı. Sırayla düzülmüş bu şəkillərin üstündə 

Kəbirlinski knopkayla Cəfər Cabbarlının və Stanislavskinin 

şəkillərini vurmuşdu. Pəncərələrdə  pərdə yerinə saralmış 

qəzetlər görünürdü. Otağın divarları təzə ağardılmışdı və əhəng 

iyi hələ də gəlirdi. 

Kəbirlinski otağa girəndə  dərnəyin üzvləri hamısı 


 414 

yığışmışdı. Rozayla Bəhicə nə barədəsə pıçıldaşırdı. Davud və 

Bəşir papiros çəkir, Muxtar isə Salmana bəzi sözlərin mənşəini 

başa salırdı. 

–Məsələn, kolbasa, — deyirdi, — qol basan. Əti 

doldururdular bağırsağın içinə, qolnan basırdılar, qolbasan, 

qolbasan, indi gəlib olub kolbasa. 

Salman: 


–Əşi, dünyada işlər varmış, — dedi. 

–Bə nə? Bax, məsələn, sən nəçisən, hə, de görüm nəçisən? 

Salman özünü itirən kimi oldu:  

–Mən? Nə bilim... Oxrannik. 

–Ay sağ ol. Oxrannik, qarovulçu. Ruslar da, deyir karavul. 

Amma əsli bizim sözdür. Qara qul. Ya məsələn loşad nədi? 

–Bilmirəm, —dedi. 

Salman gözünü döydü.  

—Loşad —alaşa at. Gördün? 

Salman: 


—Pay atonnan, —dedin, —əşi işlər varmış dünyada. 

Kəbirlinski: 

–Yaxşı, dostlar başlayaq işimizə — dedi. — Bağışlayın, bir 

az geçikdim. Televizora çağırmışdılar.  

Roza: 

–V tot raz mən gördüm sizi televizorda, — dedi. 



Kəbirlinski bir az tutulan kimi oldu. 

—Əşi, — dedi, — lap başımı  dəng eləyiblər, gündə 

çağırırlar. Televizora, radioya, kinoya, çoxundan otkaz 

eləyirəm. Deyirəm, yaxşı deyil, başqaları da var axı... Əl-qərəz, 

— istədi bu gün Cavadla maşınla getdiyini də desin, bilirdi ki, 

Bəhicənin Cavaddan xoşu gəlir. Kəbirlinski özü də bir balaca 

Bəhicədən kəsirdi. Amma bilmədi necə desin, nə bəhanə tapıb 

desin. Muxtar Salmana tərəf dönüb: 

–Arvadlar xəz  şuba geyir e, karakul, — dedi, —əsli nədi? 

Qara gül! 

Salman "nırç" eləyib fikirli–fikirli başını buladı. 


 415 

 Feyzulla: 

–Hə, o səhnəni hazırlamısınızmı? —dedi, —tamam hazır 

olanda Cavad Cabbarovu çağırıram gəlib baxsın, görsün Oqtayı 

necə oynayarlar, bu gün bir xeyli məni maşında gəzdirib, deyir 

Feyzulla müəllim, eşitmişəm bir əntiqə  dərnək düzəltmisiniz, 

daha bizdən niyə gizlədirsiz? Dedim tələsmə, hələ hazır 

deyilik, səbr elə, hazır olanda çağıraram, gəlib baxarsan. 

Bəhicə: 

–Yox, mən utanaram, — dedi, — Cavad Cabbarovun 

yanında oynaya bilmərəm.  

Kəbirlinski: 

–Niyə oynamırsan, lap yaxşı oynarsan, — dedi, — bəs 

Firəngizi görmürsən, hələ o zamanda atıldı  çıxdı  səhnəyə, 

qorxmadı, çəkinmədi. 

Muxtar Salmana: 

–Moskvada bir küçə var, —dedi, — Arbat. Bilirsən nə 

sözündəndir: araba–at. 

Kəbirlinski: 

–Yaxşı, başlayaq məşqə, —dedi:  

Firəngiz "Mənəm bu ananın doğma yavrusu" deyə səhnayə 

atıldığı yeri məşq edirdilər.  

Dolu əndamlı, yorğun baldırlı, cod dərili, başı vız, corabları 

həmişə buruq-buruq Bəhicəni gənc və  məlahətli Firəngiz 

təsəvvür etmək bir qədər çətin idi, amma Kəbirlinski ifadan 

razı qalmışdı. 

–Sağ ol qızım, — deyirdi, — Yaxşıdır. —Sonra hamıya 

müraciətlə  əlavə etdi: sənət yanmaq deməkdir, yanmaq, 

yaratmaq! Burada yaradıcılıq, istedad lazımdır. Bir də hərarət. 

Bəli, hərarət! 36,6 hərarətlə  sənət yaratmaq olmaz. Gərək 

qaynayasan, yanasan ki, yaradasan. Gərək sənətkar canını 

səhnəyə  fəda etsin, yanıb kül olsun ki, tamaşaçı da onun 

yaratdığı, obraza inansın. Heç bilirsiz Konstantin Sergeyeviç 

Stanislavski nə deyib?  

Qarovulçu Salman Muxtara baxdı. 


 416 

Roza: 


–Moya jizn v iskusstve — dedi. 

–Ay sağ ol, — dedi. — yəni ki, Salman qağa, mənim 

həyatım incəsənətdir.  İncəsənət olmasa mənə yaşayıb eləmək 

lazım deyil, başa düşdün, Salman qağa. 

Salman tez-tez başını yellədi. 

Kəbirlinski: 

–Sənət, səhnə, aktyor ki var, böyük sözdür. — dedi. — 

Sənət daimidir, həyat müvəqqəti. Bax, Bəhicə  qızım, sən o 

sözü deyəndə ki, "Mənəm bu ananın doğma yavrusu" gərək 

salon zağ-zağ əssin. — Qəfilcən Kəbirlinski susdu, fikrə getdi. 

— Siz o günləri görməmisiz, mən görmüşəm. Rəhmətlik Cəfər 

hamısını olduğu kimi yazıb.  İndi, maşallah bir rola on 

artistkamız can atır, o vaxt arvad rolunu oynamağa artistka tapa 

bilmirdik, özümüz məcbur olurduq oynamağa. Mən özüm o 

qədər Firəngiz, Gültəkin, Xumar oynamışam ki... 

Roza: 


–Vı Firəngiz? — deyə pıqqıldayıb güldü. 

Kəbirlinski də gülümsündü.  

—Bəli, bəli, elə günlərimiz olub. Əmim oğlu qaçaq idi. 

Xəbər göndərmişdi ki, gedin deyin o dəyyusa, bir də arvad 

tumanı geyib mütriblik eləsə, qəmedyə  çıxartsa, onu da 

vuracağam, bütün artist tayfasını da. Gecəynən fayton tapıb 

kənddən qaçdıq. Eh, günlər vardı. 

Roza:  


–Bəs qorxmurdunuz Feyzulla Xudaverdiyeviç? — dedi. 

–Ay rəhmətliyin qızı, qorxuya–zada kim idi baxan. O vaxt 

nə pul gözümüzdə idi, nə  şöhrət, nə zvanya-filan. Kənd–kənd 

gəzib teatr çıxardardıq. "Şamdan bəy", "Zorən təbib", 

"Yağışdan çıxdıq, yağmura düşdük", "Bizim kirayənişin özünü 

öldürdü". Camaatımızı ayıltmaq, gözünü açmaq istəyirdik. — 

O, köksünü ötürdü. — Eh, deyir ötən günə gün çatmaz... 

Xorultu eşidildi. Qarovulçu Salman oturduğu yerdə 

mürgüləyirdi. Muxtar dümsükləyib onu oyatdı. 


 417 

Feyzulla boğazını arıtladı. 

–Yaxşı, məşqimizi davam etdiririk, dedi, ayağa durdu, 

gərginləşdi, üzünün damarları  çıxdı, rəngi pörtdü, gözü-başı 

qaynadı, üzünü Bəhicəyə tutub: 

—O... Firəngiz, sənsan! Yuxumu görürəm. Of, ilan... Əqrəb. 

O... Fəqət... Bunu mənim yanıma kim gətirdi? — deyə bağırdı. 

Bəhicə özünü itirdi, diksindi, əti biz-biz oldu, elə bil qorxub 

büzüşdü. Sonra nədənsə ağladı. 

Feyzulla evlərinə gecə on ikidə gəlib çıxdı. Həyət qaranlığa 

qərq olmuşdu. Göz gözü görmürdü. Hamı yatmışdı. Feyzulla 

dəmir pilləkənləri asta-asta çıxdı, açarını  çıxarıb qapını açdı, 

otağa girdi. 

Həcər yatmamışdı. 

–Nə yavaş-yavaş  gəlirsən, deyərsən quş  lələyi üstündə 

yeriyir.  

Feyzulla təəccüblə: 

–Nə olub ki? — dedi. 

–Zəhirmar olub, çor olub. Bilmirəm, yoxsa niyə belə yeriyirsən

dəmir pilləkənə ayağını basmağa qorxur ki, səs çıxar. 

–Hə də, axı qonşular yatıb. 

–Qonşuların dərdin çəkirsən!  İnanan daşa dönsün. Sən 

qorxursan ki, səs olar, aşnan oyanar. Yaqut xanımın  şirin 

yuxusuna haram qatılar. 

Yaqut onların qonşusu idi, üçüncü mərtəbədə yaşayan cavan 

gözəl gəlin idi. Təzə köçmüşdü bu evə, Kəbirlinski onu cəmisi 

iki-üç dəfə pilləkəndə görmüşdü. Bir dəfə həyətdən vedrəylə su 

daşıyırdı, Feyzullayla pilləkəndə rastlaşdı. Feyzulla vedrəsini 

götürüb yuxarı qaldırdı. Həcər də bunu görmüş və indiyə qədər 

bağışlaya bilməmişdi. İndi də kişini alıb yatırdı: 

–Arvadının, uşağının qaydına qalmır, o lotunun yuxusunun 

dərdini çəkir... 

–Ay arvad, mən həmişə gec gələndə belə  çıxıram ki, heç 

kəsi dəng eləməyim. 

–Gec gələndə! Gec niyə  gəlirsən ki, hansı xarabadaydın 


 418 

yenə...  

–İşdəydim də, kefdə, damaqda deyildim ki... 

Həcər yenə nə isə deyir, deyinir, deyinirdi. Feyzulla yerinə 

girib yorğanını başına çəkdi, dərhal yuxuladı  və  nədənsə 

yuxuda Konstantin Sergeyeviç Stanislavskini gördü. 

Səhər tezdən Feyzulla teatra yollandı — tamaşaya ictimai 

baxış təyin olunmuşdu. Eldar da işə getdi, Həcər evdə qaldı. 

Bir azdan Anaxanım gəldi. 

—Bacı, sabahın xeyir, deyəsən paltar yuyursan. Mən də 

yuyacaqdım, suyumuz kəsildi zəhrimar. Nə var, nə yox? 

–Sağlığın.  

Anaxanım keçib stulda oturdu, əliylə üzünü yellədi. 

–Puf istidi... Dünən gördüm ərivi televizorda, amma 

qaragün yenə-ağzını açıb bir kəlmə dinib danışmadı. Belə lal 

dinməz oyunu niyə oynayır, ay Həcər bacı!  

–Nə bilim, ay Anaxanım. Amma onların sənəti belədir ki, 

şərt danışmaq deyil. Elə  fərasət ondadır ki, danışmaya-

danışmaya göznən, qaşnan, himnən–cimnən rol yaradasan. 

Belə rolları da uşaq–muşaq oynaya bilməz də. Gərək təcrübən, 

səriştən olsun. Belə rol olanda harda olsa bizim kişini tapıb 

çağırırlar. Nədi bələddirlər səriştəsinə, bilirlər ki, təcrübəsi 

çoxdur... 

–Hə, belə de, yoxsa mən də deyirəm ki, bu qaragün niyə elə 

həmişə susub durur. Bir kəlmə söz demir. 

Həcər yuduğu ağı çıxarıb burdu, bərk–bərk sıxdı. 

–Ay Anaxanım, sənə  də  zəhmət verirəm, —dedi, — tut 

bunun o başından dart. 

Arvadlar hərəsi ağın bir tərəfini tutub özlərinə  tərəf 

çəkirdilər. 

Həcər: 

–Elə hey televizora çağırırlar. Kinoya çağırırlar, — dedi, — 



çoxuna özü getmir. Abrın, həyasın saxlayır, Yoxsa o, da 

başqaları kimi sırtıqsifət olsaydı, çoxdan ad da almışdı, ev də. 

–Hə, mən də deyirəm də. Bayaq qızım gəlib ki, bu günlərdə 


 419 

Feyzulla dayıgilin teatrında təzə teatr çıxardacaqlar. Deyirlər 

bir qiyamət  şeydir, biletçün baş yarırlar. Deginən deyir 

Feyzulla dayı bizə  də bilet gətirsin. Elə  mən də  sən deyəni 

dedim. Dedim Feyzulla dayı çox utancaq kişidir. Ağız açıb 

bilet-zad tapan deyil, tapan elə Həcər xalaya tapar da... qaragün 

evdən bayıra çıxmır. 

Həcər qıpqırmızı  qızardı. Anaxanım görməsin deyə, aşağı 

əyildi, guya yerdən nəsə götürəcəkdi. Sonra başını qaldırıb:  

–Mənim özümün teatrla o qədər aram yoxdur, — dedi, —

çavanlıqda o qədər baxmışam ki, ömürlük bəs eləyib. Yoxsa 

getsəm, niyə tapmır.  İstəsəm hər axşam gedərəm. O tası ver 

bura, zəhmət olmasa. Ay sağ ol... İntəhası  mənimki 

televizordur, oturub rahat baxıram özümçün. 

–Yox, demə, teatrın öz yeri var. Televizora sən baxırsan, 

amma teatrda həm sən baxırsan, — o, Həcərə göz vurdu, güldü, 

— həm də  sənə baxırlar, ay Həcər bacı. Geyinib-kecinirsən, 

sırğadan, üzükdən nəyin var taxırsan, çıxırsan beş adam içinə. 

Ürəyivə ayrı şey gəlməsin ha, Həcər bacı, bilet-zad istəmirəm. 

Lazım olsa deyərəm qardaşım oğluna,  əlli yerdən tapar. Belə, 

söz gəlişi dedim... Bazara gedirəm. Bir şey lazımdır, alım 

səninçün. Yaxşı ləpə qoz var... Beş kilo aldım. Bayramqabağı 

tapılmayacaq. Bir şey lazımdırsa, düzünü denən. 

–Yox, yox, sağ ol. Səhər özüm getmişdim.  

 

Tamaşanın müzakirəsi, qızğın keçirdi. Çıxış eləyənlərin 



əksəriyyəti quruluşu bəyənir, yüksək qiymətləndirir, xırda-

mırda kəm-kəsirləri qeyd edirdilər. 

Kəbirlinski də başqa aktyorlar kimi səhnə libasını, qrimini 

soyunub, gəlib bir qıraqda oturmuşdu. 

Axıra yaxın eynəkli cavan bir oğlan söz aldı. Feyzulla onu 

tanımırdı,  Əlikram pıçıldadı ki, teatr tənqidçisidir, Moskvada 

qurtarıb təzəcə gəlib, özü də filankəsin oğludur. 

Kəbirlinski: 

–Maşallah, — dedi, — vallah belə cavanları görəndə adamın 


 420 

ürəyi dağa dönur, görürsən necə bulbül kimi ötür. Millətimizin 

ümidi bunlaradır. 

Gənc tənqidçi: 

–Mən bir məsələyə  də toxunmaq istəyirəm, —dedi, —

kötüklər məsələsinə, — burada o, kiçik bir pauza verdi. 

Salonda bir hərəkət, bir pıçıltı  gəzdi: "Necə? Kimlər? Nə? 

Nələr? Kötüklər". 

Gənc tənqidçi güclə sezilə biləcək bir məmnunluqla bu 

pıçıltının susmasını gözlədi, camaatı bir az da intizarda 

saxlayıb: 

–Bəli, bəli, kötüklər, — dedi. — O kötüklər ki, inkişaf 

yolumuza yıxılıb bizi irəliləməyə qoymurlar. Bağışlayın, mən 

bir az sərt, kəskin danışıram, amma axır əvvəl bu məsələyə son 

qoymaq lazımdır. —O, qrafindən stəkana su töküb, bir stəkan 

içdi və təmkinlə davam elədi, — ayrı-ayrı adamlara yazığımız 

gəlir, amma sənətimizə yazığımız gəlmir, ayrı-ayrı  şəxslərin 

qeydinə qalırıq, amma səhnəmizin qeydinə qalmırıq, ayrı-ayrı 

qocamanların — "qocaman" sözünü açıq iztehzayla dedi, — 

bəli, ayrı-ayrı qocamanların hörmətini saxlayırıq, amma 

işimizin, peşəmizin hörmətini saxlamırıq. 

O, yenə pauza verdi, yenə camaatı intizarda qoydu, görəsən 

kimi deyir, çoxunun ürəyi gup elədi, görəsən ad çəkəcəkmi, ya 

elə belə ümumi sözlər deyir. Əgər ümumi mücərrəd 

danışırdısa, hamı bu doğru fikirlərlə razılaşacaq, hamı  şərik 

çıxacaq, hamı bərkdən əl çalacaqdı. 

Gənc münəqqid: 

–Bax, məsələn, götürək bu günkü tamaşanı, — dedi. —

Zövqlə  işlənmiş müasir tamaşadır. Brext teatrının səmərəli 

təsiri duyulur. Rejissor, rəssam işi təqdirəlayiqdir. Cavad 

Cabbarov yadda qalan obraz yaradır. Amma bir aktyor 

görürsən kobud, biçimsiz oyunuyla, bütün ansamblı pozur,  

təəssüratı xarablayır. Mən e... — əlindəki kağıza baxdı, — e… 

Kəbirlinskini nəzərdə tuturam. Gərək ki, Siyavuş müəllim, o, 

tamaşada üçcə  kəlmə söz deyir… E… bu qoca, bu gecə, bu, 


 421 

ocaq? 


Siyavuş yorğun gözlərini qaldırıb: 

–Bəli, — dedi. 

–Aha. Amma bu sözləri bir kökdə, bir tərzdə deyir ki, adam 

təəccüb edir, bu adam səhnəyə hardan və necə gəlib. Və ikinci 

sual: bu və bunun kimi adamlar səhnəmizdən necə  və haçan 

gedəcəklər. Haçan səhnəni tərk edib çoxdan layiq olduqları 

qanuni istirahətə gedəcəklər. 

"Qanuni istirahət" sözlərini deyəndə hamı gülüşdü. 

Münəqqid də xəfifcə gülümsünüb davam etdi: 

–Bu, xırda məsələ deyil. Mən bayaq Siyavuş yoldaşla bu 

barədə danışdım. Deyir, yazıqdır, necə atım bayıra. Yoldaş 

Siyavuş, bir nəfərə yazığınız gəlir, amma teatra, sənətə, 

nəhayət tamaşaçıya yazığınız gəlmir. Bilirsinizmi bu nədir? 

Xırda humanizm. 

Siyavuş yerdən: 

–İrisi hansıdır? — dedi.  

Münəqqid: 

–Bəli, bəli, — dedi, — xırda humanizm, mən deyərdim 

burjua humanizmi. 

–Sən direktor olanda çıxardarsan, — deyə Siyavuş yenidən 

replika atdı. 

Kimsə güldü. 

Gənc münəqqid pərtləşdi, amma pərtliyini biruzə vermədi, 

dərhal özünü ələ aldı: 

–Yox, liberallıq lazım deyil, — dedi və yerinə keçdi. 

İclasın sədri: 

–Deməli, tamaşanı  qəbul edirik, — dedi. — Göstərilən 

nöqsanları da yoldaşlar işləyib düzəldərlər. 

Salondakılar  əl çaldılar və yerlərindən durdular. Bir-bir 

yanaşıb Siyavuşu, Cavadı, rəssamı təbrik edirdilər. 

Əlikram: 

–Gördün də, — dedi — dəysin dədəsinə.  

Kəbirlinski: 


 422 

–O papurusundan görüm, —dedi.  

–Sən ki, çəkən deyilsən. 

–Hərdən-birdən çəkirəm. 

Foyeyə çıxdılar. 

Foyedə  gənc münəqqid Siyavuşla və  rəssamla dayanıb nə 

barədəsə  qızğın mübahisə edirdilər. Kəbirlinski bir qıraqda 

sütuna söykənib dayanmışdı, onlara baxırdı. Sözlərini 

eşitmirdi, amma görürdü ki, nə isə çox odlu-odlu danışırlar. 

Kəbirlinski onlara baxır və qeyri-ixtiyari zövq alırdı — üçü də 

cavan, gözəl-göyçək idi, səliqə  və  dəblə geyinmişdilər. 

İstedadlı, ağıllı-kamallı idilər, bütün ömürləri,  şöhrətləri də 

hələ qabaqda idi. Birdən rəssam nə isə dedi, üçü də  bərkdən 

şaqqıldayıb güldülər, üçünün də eyni açıldı. Münəqqid ərkyana 

əlini Siyavuşun çiyninə vurub onlardan aralandı, kiməsə ötəri 

salam verdi, kiməsə  əl elədi, kiməsə gülümsündü və  qıvraq 

addımlarla pilləkənləri düşməyə başladı. 

Nədənsə  Kəbirlinski də birdən onun ardınca getdi və  aşağı 

foyedə ona yanaşdı: 

–Salaməleyküm, — dedi. — Bağışlayın,   tanış   deyilik, 

amma çıxışınız mənim çox xoşuma gəldi. Təbrik edirəm.  

Cavan münəqqid: 

–Çox sağ olun, — dedi və çevrilib getmək istədi. 

Kəbirlinski: 

–Amma bircə məsələni sizə demək istəyirəm, — dedi. 

–Nə məsələ? 

–Dediz ki, Kəbirlinskini qovmaq lazımdır. 

–Bəli. Düz demədim? 

–Bəs necə olsun axı... 

–Nə necə olsun. Sizin xoşunuz gəldi Kəbirlinskinin 

oyunundan?  

Feyzulla: 

–Kəbirlinski mənəm, — dedi. Gənc münəqqid diksindi. 

–Siz? Kəbirlinski... — deyə karıxdı, amma yenə özünü ələ 

aldı quru bir tərzdə, — çox əcəb, — dedi, — qrimsiz sizi 


 423 

tanımadım. Tanışlığımıza şadam. Amma fikrimdə qalıram. 

Kəbirlinski: 

–Mən qırx ildir aktyorluq edirəm, —dedi. 

–Axı bu cavab deyil. Stajla talant ayrı–ayrı  şeylərdir. Mən 

açıq danışmağı sevirəm, mənim fikrimcə, siz aktyor deyilsiz. 

Kəbirlinski nədənsə münəqqidin pencəyinin döş cibində ucu 

görünən mil-mil göy dəsmala baxırdı. 

–Oğlum, — dedi, — sən cavansan, talantlısan, ağıllı, 

savadlısan. Bütün ömrün də qabaqdadır. Qabağında da 

maşallah dağ kimi dədən var.  

Münəqqid qızardı. Feyzulla sakit–sakit sözünə davam etdi: 

–Amma mənim altmış yaşım var. Ailə saxlayıram,  əlimdə 

də ayrı heç bir sənətim yoxdur. Olsaydı gedib pinəçi, ya 

qalayçı, ya dəllək olardım. Amma neyləyim, deyir, altmışında 

öyrənən gorunda çalar. İndi pis-yaxşı  mənimki də bu 

artistlikdir. Çıxardıb atsalar acından ölərəm.  

Hiss olunurdu ki, gənc münəqqid bu söhbətə darılır. 

–Yox, mən elə demədim ki, bəlkə siz başqa rolların 

öhdəsindən gələ bilərsiz, —deyə vəziyyətdən çıxmağa çalışdı. 

—Amma bu rolunuz, mənim fikrimcə, müvəffəqiyyətsizdir. 

Mən də öz şəxsi fikrimi dedim. 

Kəbirlinski: 

–Çox sağ ol, bala, — dedi, —allah səni xoşbəxt eləsin... 

sözü mərd–mərdanə deməyindən xoşum gəldi. Amma mənim 

də, vallah bir təqsirim yoxdur. Srağa gün... 

Gənc münəqqid: 

–Bağışlayın, — dedi, — yoldaşlarım küçədə gözləyir məni... 

Sağ olun. 

Kəbirlinski foyedəki güzgüyə tərəf getdi, uzun–uzadı baxdı. 

 

Eldar radionun pilləkənləriylə qalxanda  Aydınla rastlaşdı. 



Aydın: 

–Xəbərin var? — dedi. — Rəna ərə gedir. 

Eldar udqundu: 


 424 

–Yalan sözdür, — dedi. 

–Nə bilim, dedilər mənə. Deyirlər bu gün elçi gələcək 

evlərinə.  

Eldar dinmədi, Aydından aralanıb pilləkənlərlə ikinci 

mərtəbəyə qalxdı. Boş otaqların birinə girdi, daldan qapının 

cəftəsini vurdu. 

Əvvəl papiros çıxartdı, titrəyən barmaqlarıyla kibrit çəkdi, 

yandırdı, kəsik-kəsik sümürdü, sonra dəstəyi götürüb zəng 

vurdu. Nömrə məşğul idi, asıb dərhal yenidən zəng elədi. Yenə 

asdı, yenə nömrəni yığdı. Dördüncü ya beşinci dəfə cavab aldı. 

–Allo.  


–Salam, — dedi, — mənəm. 

–Tanıdım.  

–Rəna, bir söz eşitmişəm. 

Rəna sakit və bir qədər bezgin səslə:  

–Düzdür eşitdiyin, — dedi. — Bu axşam elçi gəlir mənə. 

Eldar yanındakı  pəncərənin sınığını, laxlamış  cəftəsini, 

pəncərə arxasındakı mənzərəni, şəhəri, evləri, tüstüləri, dənizi, 

gəmiləri sanki birinci dəfə görürdü. Həyətdə sürücü maşını heç 

cürə  işə sala bilmirdi. Motor dişovan maşın kimi uğuldayır, 

sonra susurdu. Telefon sükuta qərq olmuşdu. Eldar əlindəki 

qələmlə stolun üstündəki kağıza "Eldar. Eldar Ələsgərov. 

Ələsgərov Eldar. Eldar. Eldar" sözlərini yazırdı. 

Rəna:  

–Eldar, məndən niyə inciyirsən, — dedi, —söhbətimiz 



yadında, özün demədin ki, hələ 5-6 il evlənmək fikrim yoxdur. 

Cürbəcür planların var, Moskvaya getmək, oxumaq, kino 

çəkmək. Kim bilir ondan sonra nə fikrə düşəcəksən. Bu qədər 

vaxta yəqin məni də unudacaqdın. Altı ilə kim bilir nə, olacaq. 

İndi məni yaxşı yerdən istəyirlər. Oğlanı da tanıyıram.  İnsan 

adamdır. Anam da deyir axmaq olma. Dünən mən... 

Eldar ardına qulaq asmadı. Dəstəyi qoyub otaqdan çıxdı.  

 

Siyavuşla Cavad radioya çağrılmışdılar. Təzə tamaşaya həsr 



 425 

olunmuş müsahibəyə. Onların çıxışlarını Eldar lentə yazacaqdı. 

O, studiyanın qabağındakı otaqda — səsyazan cihazlar olan 

otaqdaydı. Cavadla Siyavuş studiyanın içindəydilər. Bu otaq 

studiyadan qalın divarla və  səs keçirməz iki qat şüşəylə 

ayrılmışdı.  Şüşə divardan studiyanın içi aydın görünürdü, 

amma orda top atılsaydı, burda eşidilmirdi. Siyavuşla Cavad 

studiyada oturub yavaşdan söhbət edirdilər. Onlar radioya 

çoxdan gəlib gedirdilər, amma studiyanın kiçik bir fəndini 

unutmuşdular. Ya da heç buna fikir vermirdilər: mikrofonun 

açarı açıq olanda studiyada pıçıltıyla deyilən söz belə 

qabaqdakı otaqda iri dinamikdən gur səslə yayılır. Studiyadakı 

adama elə  gəlir ki, o, xısın-xısın, yavaş-yavaş danışır. Daha 

bilmir ki, o biri otaqda səsi gur–gur gurlayır. 

Siyavuşla Cavad teatrdan, tamaşadan, biri günkü 

premyeradan danışırdılar. Eldar onların söhbətinə fikir vermir, 

lentləri, cihazları rahlayırdı. Birdən o, studiyadan eşidilən 

söhbətə diqqət eləməyə başladı, ondan danışırdılar. 

Siyavuş: 

–Yox  əşi, — dedi, — doğrudan deyirsən  Kəbirlinskinin 

oğludur?  

Cavad: 


–Bəs bilmirdin — dedi 

–Yox, hardan bilirdim. Bu ki, mənim tələbəmdir. 

–Hə. Sən də o gün bunun yanında başlamısan Kəbirlinskini 

söyməyə. Kişi əməlli-başlı səndən inciyib. 

Gülüşdülər.  

Siyavuş: 

–Kəbirlinski ayrı aləmdir, — dedi. 

–O gün tutub məni ki, Siyavuşa de məni acılamasın. Yaxşı 

yadıma düşdü, deyirəm, axı sənə nə isə deməliyəm, yadımdan 

çıxır. Kəbirlinskinin könlünə zvaniya düşüb. O gün məni tutub 

ki, bəs altmış yaşım tamam olub, Siyavuşa de, mənə ad 

verdirsin. 

–Deyəydin keçəl dərman bilsə öz başına elər də. 


 426 

Hər ikisi güldü. 

–Mən də deyirəm də. Deyirəm, a kişi, bu cür əjdahalar qalıb 

burda, sən də ad davası eləyirsən. Amma, zarafat bir yana bir 

Siyavuş, yazıqdı, qoca kişidir. Bəlkə belə xudmani yığışıb öz 

aramızda ona yubiley-filan bir şey eləyəydik. Bir blaqodarnost, 

bir də pul yığıb vazdan-zaddan bir şey alardıq, vəssalam. 

Siyavuş: 

—Nə olar ki, mümkündür, — dedi. — Amma, bilirsən, iştah 

diş altındadır, Blaqodarnost verəcəksən, gələcək ki, maaşımı 

artır, maaşını artıracaqsan, gələçək ki, mənə baş rol ver. 

Cavad: 


–Yox, bu elə kişi deyil, allahın fağırıdır, öz yerini də 

biləndir, — dedi, — amma bunun könlündən bilirsən nə keçir. 

İstəyir teatrda bir balaca yubiley düzəldək ona. Çağırsın 

qohum-qardaşın, ləzzət çəksin. 

—Pis olmaz. Feyzulla Kəbirlinskinin yubiley gecəsi. 

Hamlet. Otello. Od gəlini. 

Fortinbrasın 3-cü əsgəri — Kəbirlinski. 

Otellonun dördüncü gözətçisi — Kəbirlinski. 

Beşinci ərəb — Kəbirlinski. 

İkinci skelet — Kəbirlinski. 

–Sən zarafat edirsən, amma, vallah, belə afişa versən, 

camaat tökülüb gələr. Kəbirlinskini kim tanıyır, amma zalım 

balasının adı gur-gur guruldayır: Feyzulla Kəbirlinski! 

Deyəcəklər görəsən bu haranın böyük artistidir. 

Siyavuş: 

–Bəli, —dedi. —Kəbirlinski,  Ərəblinski. —Sonra üzünü 

şüşəyə tutub, — yaxşı, bu Kəbirlinskinin oğlu bizi niyə bu 

qədər yubadır, — deyə  əlavə etdi, — yazsın çıxıb gedək 

işimizə də. 

Eldar divara söykənmişdi. Rəngi sapsarı, dodaqları göm–

göy idi. Şüşə arxasından Cavadın ona əl elədiyini görüb tələsik 

çevrildi, cəld otaqdan dəhlizə çıxdı. Qapıda Məcidlə toqquşdu. 

Məcid onu görüb irişdi, üst dodağını çirmədi, qızıl dişləri 


 427 

göründü. Çənəsindəki iri xalın üstündən qızılı tüklər uzanırdı. 

Məcid: 

–Privet Kəbirlinski, — deməyiylə Eldarın ona şillə çəkməsi 



bir anda oldu. Aydın dəhlizin o başından özünü atıb Eldarı 

qucaqladı, kənara dartdı... 

Axşam Eldarla Aydın "Drujba"da kiçik stolun arxasında 

oturmuşdular. 

Masanın üstündə balıq kababı, göyərti, araq şüşəsi və qrafin 

vardı.  Şüşədəki arağı içib qurtarmışdıdar.  Əlavə sifariş 

verdikləri üç yüz qram hələlik qrafinin içində idi. Musiqiçilər 

ritmik rəqs havası çalırdılar, oynayanlar da vardı. Xüsusilə bir 

oğlanla bir qız heç aradan çıxmaq bilmirdilər. Onlar müasir 

dəbdə bir-birindən aralı rəqs edir, hərə müstəqil surətdə öz rəqs 

hərəkətlərini icra edirdi: yalnız baxışlarıyla bir-birinə 

bağlanırdılar. 

Eldar içib nəşələnmişdi, kefi bir az durulmuşdu. Elə bil o 

həmişəki qaraqabaq, qaşqabaqlı oğlan deyildi. Elə hey danışır, 

danışırdı. 

—Aydın, — deyirdi, — sən elə bilirsən mən o Məcid 

qurumsağı xub əzişdirə bilmərəm. Vallah qol-qabırğasını 

sındırıb şil-küt elərəm onu. Amma eləmirəm, niyə, çünki o saat 

gedəcək  şikayətə, məni qovacaqlar işdən. Mən bu işdən gedə 

bilmərəm, Aydın. Gərək iki il də işləyəm. İki ildən sonra... 

Aydın: 

—İki ildən sonra nə olacaq ki? — deyə soruşdu. 



Eldar başını süfrədən qaldırıb dalğın-dalğın uzaqlara baxdı, 

üzünə xəyalpərvər bir ifadə çökdü, siqareti sümürüb tüstüsünü 

həlqə-həlqə havaya buraxdı. 

–O, o... iki ildən sonra burdan diplomu alıb gedirəm 

Moskvaya, vısşi rejissorski kurslara. 

–Necə düşəcəksən ora? 

–Niyə düşmürəm. Cibimdə diplom desən diplom, pul desən 

pul. 


–Orda pul keçmir. O bizdədi pulnan ali məktəbə girmək. 

 428 

–Asta ye, boğazında qalar, soruşub öyrənmişəm, lap yaxşı 

keçir.  İntəhası bizdə  nəqd puldur, orda podarka-filan, gərək 

lazım olan adamları qonaq eləyəsən. Orda komissiyada cavan 

qızlar-arvadlar çoxdu, bir-ikisinin başını tovlayacam, işim 

gedəcək yağ kimi. 

–Ay zalım, deynən bazlığa gedirəm də.  

Eldar: 


–Yox, — deyə  bərkdən qışqırdı. Elə  bərkdən qışqırdı ki, 

ətraf stollar arxasında oturmuş adamlar çönüb onlara baxdılar. 

Eldar sərxoş bir inadla dönə-dönə bərkdən təkrar etdi, — yox, 

çanımçün yox, Aydıncanı yox, anamın ölmüşünə yox. Ancaq 

kurslara düşənəcən. Düşdüm, qurtardı, daha nə qız, nə içki, nə 

gəzmək, nə filan. Gecə-gündüz oxuyacam, Aydın, yuxu 

yatmayacam, çörəksiz, susuz qalacam, amma oxuyub hər şeyi 

öyrənəcəm. Ondan sonra gələcəm bura — o, qrafindən qədəhə 

araq tökdü, iri bir qurtum aldı, — pıf zəhirmar, — deyə üz-

gözünü turşutdu, çörəkdən bir tikə götürdü, — gələcəm bura... 

hə, onda baxarıq. Tamaşa onda olacaq. — Aydının düz 

gözlərini içinə baxdı. — Siyavuşu neyləyəcəm, Aydın,  əgər 

bilsən? 

Aydın: 


–Mən nə bilim, — dedi. 

—Siyavuşu götürəcəm özümə müavin. 

–Yəni ministr–zad olacaqsan? 

–Hələ bilmirəm. Amma hər halda bir böyük vəzifə tutacam. 

Siyavuşu da götürəcəm özümə müavin. 

–Birdən istəmədi sənə müavin olmaq?  

Eldar bir an susdu. Görünür, xəyallarında bu variantı 

düşünməmişdi. Nəhayət: 

–Niyə istəmir? — dedi, — nə  qədər istəsə maaş  təyin 

eləyərəm. Lap öz maaşımdan da artıq. Amma gərək mənim 

müavinim olsun, mütləq. Zəngi basıb çağıracam yanıma. Girib 

içəri güləcək. Amma mən gülməyəcəm. "Gülməli nə var, 

yoldaş Siyavuş, — deyəcəm. Bəlkə deyəsiz biz də gülək. Yox, 


 429 

deyəcək, Eldar, elə-belə. Eldar yox, yoldaş  Ələsgərov —

deyəcəm. Evinə qonaq gələndə Eldar deyərsiz, bura idarədir, 

burda mən yoldaş  Ələsgərovam. Özü də  zəhmət çəkin, işə 

vaxtında gəlin. Bu gün on beş dəqiqə gecikmisiniz". 

Aydın: 


—Fantansan, —dedi, — Siyavuşun bağrı çatdar. 

 Eldar məmnun halda gülümsündü. 

—Bəs nə bilmisən, — dedi. — Cavadı bilirsən neyləyəcəm? 

–Onu da müavin eləyəcəksən? 

–Yoox. Onu qoyacağam qalsın səhnədə, oynasın. Amma hər 

müzakirədə durub deyəcəm ki, Cavad yoldaş yenə primitiv 

obraz yaradır, yenə rolunun öhdəsindən gələ bilmir, Məcid... 

–Hə, hə, Eldar, mən ölüm, — deyə Aydın ləzzətlə əlini əlinə 

sürtdü, — Məcidi neyləyəçəksən? 

–Məcidi redaktorluqdan çıxardıb eləyəcəm artist, özü də 

ancaq bircə rolda çıxış eləsin —çaqqal rolunda. 

Yenidən rəqs musiqisi başlandı. Yenə bayaqkı  oğlanla qız 

ortaya çıxdılar.  Amma  indi  aram  rəqs çalınırdı, onlar 

qucaqlaşıb oynayırdılar. Qız oğlanın köksünə qısılmışdı, başını 

onun çiyninə qoymuşdu. Oğlan qızın saçlarını oxşayırdı. Aydın 

acıq həsəd hissiylə onlara baxırdı. 

Eldar: 

–Gəl içək, sənin sağlığına, — dedi. 



İçdilər. 

Eldar: 


–Gör hələ səninçin nələr eləyəcəm, — dedi.  

Aydın:  


–Yaxşı, bəs özün nə olacaqsan axı? — dedi. 

–Özüm sənətkar olacam, Aydın, böyük sənətkar, o vazifə-

zad müvəqqəti  şeylərdi,  əsas isə  mən fikrimi verəcəm 

rejissorluğa və aktyorluğa. Həm rejissor, həm aktyor. Öz 

teatrım olacaq e, məsələn, necə demirlər Tovstonoqov teatrı, ya 

nə bilim Oxlopkovun teatrı, bax mənim də elə teatrım olacaq. 

Aydın: 


 430 

–Maşın da ki, sama saboy, —dedi. 

–Əlbəttə, maşınım da olacaq. Özüm də sürəcəm, şoferim də 

olacaq. Hər dəfə premyera günü maşını göndərəcəm Rənagilə, 

on dənə  də bilet özünə,  ərinə, anası, atası, podruqaları, kimi 

istəsə gətirsin. 

Aydın: 

–İçək sənin sağlığına, —dedi. 



–İçək. Mən bilirəm Aydın, sən elə bilirsən mən piyanam, 

amma özüm ölüm, zərrə  qədər piyan deyiləm, bax, nə  qədər 

içirəm tutmur məni, bilirəm, sən ürəyində inanmırsan mənə, 

bəlkə gülürsən, amma özüm ölüm, hamısı olacaq bunların, ad 

da, maşın da, kalan pul da. 

–Bilirsən, Eldar, inanıram, hamısı olacaq. Amma çox gec 

olacaq e... Yaşımız ötəcək. Kaş onlar hamısı bax indi, bu saat 

olaydı, bu yaşımızda. 

Musiqiçilər yavaş-yavaş alətlərini yığışdırırdılar. Adam 

seyrəlmişdi.  İşıqların bir qismi keçirilmişdi. Dəniz tərəfdən 

əsən külək pərdələri yellədirdi. 

 

Həcər: 



–Lül–piyan gəlib, — dedi. 

–Harda içib, kimnən? 

–Mən nə bilim, — sükutdan sonra əlavə etdi, — yazıq 

dərdindən içir də. Cavandır, geyinib-gəzmək istəyir. Gördüyü 

nədir, sənin sir-sifətin. 

Feyzulla qaranlıqda Həcərin çarpayısına tərəf çevrildi. 

–Bilirsən, Həcər, — dedi, — mən çox fikirləşirəm. Düz 

deyirsən, o mənə görə  xəcalətli niyə olsun. Niyə düzünü açıb 

deməyək. Deməyək ki, bala, sən də balaca kişinin oğlu 

deyilsən. Sənin atan da beş kişinin biri idi. 

Qaranlıqda Həcərin üzünün ifadəsini görmədi. Ancaq onun 

əllərini öz ağzında hiss elədi. Həcər ovcuyla bərk–bərk onun 

ağzını yumub: 

–Sus, sus, görüm, — deyə pıçıldadı. 



 431 

Feyzulla özü də bilirdi ki, heç bir vaxt ürək eləyib həqiqəti 

Eldara aça bilməyəcəkdir. 

...İsgəndər Muradəliyev arvadı  Qəməri və yeddi aylıq 

oğlunu Şuşaya istirahətə aparırdı... Yola axşamüstü çıxmışdılar 

ki, istiyə düşməsinlər.  İyulun cırhacırı idi. Xırdalan tərəfdə 

dəmir yoluyla şose yolu çarpazlaşan yerdən keçəndə qaranlıq 

idi. Yaxınlaşan qatarı görməmişdilər. Gözətçinin 

səhlənkarlığından  şlaqbaum bağlanmamışdı. Dəmir yolunu 

keçəndə sürücü sürəti dəyişdi, üçüncüdən ikinciyə qoşdu, 

motor söndü, maşın qatarın qarşısında qaldı. Tale kimi 

qaçılmaz və müdhiş bir labüdlüklə üstlərinə gələn qatarın yaxın 

nəfəsini duyanda Qəmər qışqırdı, bayıldı.  İsgəndər iradəsinin 

son fəal çırpıntısıyla uşağı  Qəmərin qucağından qapıb yolun 

kənarına atdı. Uşaq salamat qaldı. Bircə sol qıçı  şikəst 

olmuşdu. Qalan hamısı həlak olmuşdu. Qəməri məscidə gətirib 

yuyanda döşündən süd axırdı. 

Həcərlə Feyzullanın övladı yox idi. Uşağı saxladılar, 

böyütdülər, öz adlarına keçirtdilər, həqiqəti gizlətdilər. 

 

Səhər Eldar masanın arxasında oturub qatıq içirdi. Ağrıdan 



başı çatlayırdı. Feyzulla üzünü qırxırdı. Geyinib çıxanda 

Həcər: 


–Feyzulla, — dedi, — sabah premyeradı, bizə də bilet gətir. 

İkisin, Eldarla mənə, ikisin də Anaxanımgil istəyiblər. 

Eldar: 

–Mən getməyəcəyəm, — dedi. 



Feyzulla: 

–Həcər, çətindir, —dedi. — Biletçün qırğındır.  

Həcər: 

–Daha bu lap ağ oldu, — dedi,— özün işlədiyin teatra da 



bilet tapa bilmirsən. Allah bilmirəm niyə səni belə aciz–avara 

yaradıb. 

–Yaxşı, yenə başlama. Anaxanıma söz vermə, Eldar da 

istəmir, sənə bir bilet düzəldərəm. 



 432 

Pilləkənlərlə düşəndə arxadan Həcərin səsini eşitdi: 

–Sən mənə bilet gətirmə, gör iki gözüvü bir deşikdən 

çıxardaram, yoxsa yox. 

 

Kassaçı: 



—Yox, yox, yox, — dedi, — bir dənə də bilet qalmayıb. 

—Axı mən bu teatrın işçisiyəm. 

—Teatrın iki yüz yetmiş işçisi var.  

Feyzulla administratorun yanına gəldi. 

—Canımçün, Feyzulla, sabahla biri günə heç bir şey eləyə 

bilmərəm, sonrakı günlərdən birinə gözüm üstə, neçə bilet 

istəsən. 

Feyzullanın hər yerdən  əli üzülmüşdü. Siyavuşun yanına 

getmək istəmirdi, ancaq ayrı  əlacı qalmamışdı. Siyavuşun 

otağına elə hey adamlar girib çıxırdı. 

—Necə yəni gələ bilmir, — deyə Siyavuş kiməsə qışqırırdı, 

—gələr, canı da çıxar, sabah tamaşadı, bu nə oyundur çıxarır. 

Kimsə: 

–Bu səhər qaynanası ölüb, — dedi. 



–İstəyir lap bütün qohum-əqrəbası  qırılsın, sabah burda 

olmalıdır, bu basabasda kimnən əvəz eləyəcəm onu.  

Telefon zəng çaldı, Siyavuş dəstəyi qaldırdı: 

–Yox, — dedi. — Sabah axşam. Biri gün gündüz və axşam. 

Bəli. 

Dəstəyi asdı. 



–Aslan, — deyə qapının yanında dayanmış oğlana müraciət 

elədi, — proqramlarda Səlimovun yerinə Hacıyevi qeyd elə. 

Sabir, sən də denən səhnədə stolun üstünə qara yox, ağ telefonu 

qoysunlar. O dünənkini. 

Yenə zəng olundu. Siyavuş: 

–Bəli, — dedi. — Bəli, mənəm, buyurun, əleykisalam. 

Bağışlayın, indi imkanımız yoxdur. Bazar ertəsi zəng elərsiz. 

Dəstəyi qoyan kimi yenidən zəng çalındı. — Bəli, bəli. Yox, 

yox, heç bir şey eləyə bilmərəm. Bir bilet də qalmayıb. 


 433 

Bilirəm, çox yaxşı, qəzetinizə böyük hörmətim var, amma 

sabaha heç bir şey mümkün deyil, biri günə tapşıraram. 

Dəstəyi qoydu. 

–Aslan,  Şərifə xanıma de gəlsin mənim yanıma, — birdən 

küncdə dayanmış Feyzullanı gördü. — Kəbirlinski, sən nə 

deyirsən? 

Feyzulla: 

–Siyavuş müəllim, — dedi, — sizə bir işim düşüb, heç 

üzüm də gəlmir. 

–Kəbirlinski, uzatma. De görüm nə deyirsən. 

–Deyirdim bu gün mənə bir bilet bəlkə...  

Siyavuş qəti səslə: 

–Yox, — dedi. 

–Hə? 

–Dedim ki, yox. Mən bilet paylamıram. Bu iş üçün nahaq 



gəlmisən mənim yanıma, —zəng çalındı, — bəli, mənəm. 

Gəlirəm, siz başlayın, bu saat gəlirəm, — dedi. — Onsuz da 

başım qazana dönub, Kəbirlinski, — tələsik otaqdan çıxdı. 

Feyzulla yavaş–yavaş  aşağı düşdü, teatrdan çıxıb radioya 

gəldi. Fikir onu almışdı. Arvada nə cavab verəcək, evə nə üzlə 

gedəcək. 

–Nə olub, Kəbirlinski, qaşqabağın yer süpürür. — Məcidi 

səsindən tanıdı. 

–Heç, ay Məcid, — dedi, — fikirləşirəm. 

–Xeyir ola, nə fikirləşirsən belə. 

–Fikirləşirəm ki, mənim kimi bir insanın yer üzündə 

yaşamağının nə mənası var. 

–Bıy, sağ ol... 

–Altmış il ömür sürmüşəm, nə bir qəpiklik iş görmüşəm, nə 

bir xətir–hörmətim var. Sabah yıxılıb öləm, kimin vecinə 

olacaq. Bir aydan sonra adım da yadından çıxacaq hamının. 

–Nə olub, özünütənqidə keçmisən? 

–Yox, bilirsən, adam papağını qoyur qabağına, fikirləşir, 

bütün ömrüm lent kimi keçir gözümün qabağından, görürəm ki, 


 434 

elə əvvəlcədən düz yolumla getməmişəm. Bütün ömrüm hədərə 

çıxıb gedib, indi də daha gecdir. 

–Nə olub, Kəbirlinski, bu gün yenə  fəlsəfə  qırıldadırsan? 

Bəlkə bir şey–zad deyən olub sənə, ürəyivə-zada toxunublar, 

vallah hamısını qataram bir-birinə, səni çöldən tapmamışam 

ki... 

–Ey ay Məcid, qırx ildir teatrda işləyirəm, qarderobşik qədər 



hörmətim yoxdur. Adam yerinə saymırlar məni, it dəftərində 

adım yoxdur. Bir bilet nədir ki, onu da mənə çox gördülər. 

Onlar dəhlizlə gedirdilər, Eldar qabaqlarına çıxdı, 

Feyzullanın Məcidlə danışdığını görüb üzünü yana çevirdi. Bu 

hərəkəti Məcidin nəzərindən qaçmadı. Məcidin gözlərində 

cinlər oynadı, bic-bic gülümsündü. 

–Kefini pozma, Kəbirlinski, — dedi, ondan aralanıb 

uzaqlaşdı. 

Feyzulla rolunu yazdırdı, bufetdə bulkayla kefir içdi, 

binadan çıxırdı ki, daldan səs eşitdi, dönüb baxdı. 

Məcid ikinci mərtəbənin pəncərəsindən boylanıb onu 

haraylayırdı.  

—Kəbirlinski, bir bura zəhmət çək. 

Feyzulla geri döndü. Məcid pillələrdə onun qabağına çıxdı. 

–Bayaqkı sözlərin yaman mənə yer elədi, Kəbirlinski, —

dedi, — gedib mestkomla danışdım. Sənə ikiadamlıq 

dəvətnamə aldım. Amma sizin teatra yox, Akademiyaya. Özü 

də sabaha yox, bu günə. Sabah, bilirəm tamaşadı, məşğulsan. 

Bu gün vur arvadı da qoltuğuna gəl Akademiyaya — yaxşı 

yığıncaq var orda. Bax, görürsən, burda da yazılıb Dantenin 

yubileyidir. Dante məşhur italyan şairidir, 700 il bundan qabaq 

yaşayıb. Bax, adıvı da yazdırmışam. 

Feyzulla dəvətnaməni alıb baxdı. Doğrudan da dəvətnamədə  

"ikiadamlıq" sözləri və onun adı, familiyası yazılmışdı: 

"Hörmətli yoldaş Feyzulla Kəbirlinski! Sizi böyük italyan 

şairi Dante Aligyerinin anadan olmasının 700 illiyinə  həsr 

olunmuş təntənəli yığıncağa dəvət edirik. 


 435 

I — hissə Dantenin həyat və yaradıcılığı haqqında məruzə. 

II — hissə Böyük konsert". 

Gecənin tarixi də əllə yazılmışdı — mayın 11-i, yəni bu gün. 

Məcid: 

–Səliqəli geyin ha, Feyzulla, — dedi, — üst-başıva fikir ver



hökumət-zad olacaq.  

Feyzulla dili-dodağı əsə-əsə: 

–Çox sağ ol, bala, — dedi, — çox sağ ol, — ayrı söz deyə 

bilmədi. Qəhərlənmişdi. 

Evinin pilləkənlərini quş kimi çıxdı. Amma içəri girəndə 

özünü tox tutdu, təmkinlə danışdı: 

–Arvad, hazırlaş, — dedi. — Bu axşam Dantenin yubileyinə 

gedirik. 

–Hara? 

–Dantenin yubileyinə. Heç bilirsən Dante kimdir? Böyük 



İtaliya şairidir. Özü də yeddi yüz il bundan əvvəl yaşayıb.  

Həcər: 


–Bıy, mənim orda nə işim var? — dedi. 

–Bəs demirdin məni teatra, konsertə apar. Teatr, konsert 

bunun yanında nədir ki? Yubiley bilirsən nə olan şeydir? 

Təntənə, bayram. Doklad da olacaq, konsert də. Hələm–mələm 

adama bilet vermirlər. 

–Bəs sənə nə əcəb veriblər, gün hayandan çıxıb. 

–Bizə də bir gün düşər də. Altmış ildir külüng çalıram, saç-

saqqal ağartmışam. Özü də adımı da yazıblar e... Məxsusidir. 

Di yaxşı, hazırlaş, mənim də qara kostyumumu ütlə. 

Feyzulla arvadıyla nə isə təzə bir tonda, yeni bir intonasiya 

ilə, göstəriş, əmr ədasında danışırdı və qəribədir ki, arvad da bu 

tonu etirazsız qəbul edir, ərinin dediklərinə  əməl edirdi. Qara 

kostyumu sandıqdan çıxartdı, çırpdı, üstünə su səpdi, səliqəylə 

ütülədi, şalvarın bükümü taxta kimi dümdüz oldu. Yaş əskiylə 

Feyzullanın qara çəkmələrini də sildi, parlatdı.  

Yeddiyə hazır oldular. Həcər arada vaxt tapıb bir 

Anaxanımgilə də baş çəkdi, təzə xəbərdən agah elədi onu, dedi 


 436 

ki,  İtaliyadan  şair gəlib, biz də onun gecəsinə gedirik, Bakıda 

say-seçmə adamları çağırıblar. Feyzullaya məxsusi dəvətnamə 

göndəriblər.  

Bu bahar axşamı Bakının küçələri adamla dolu idi. Cavan 

oğlanlar, qızlar qol-qola gəzirdilər. Feyzulla da Həcərin qoluna 

girmişdi. Həcər qara gülməxmər paltarını geymiş, çiyninə  ağ 

ipək örpəyini salmışdı. Ayağında dikdaban qara lak çəkmə 

vardı. 

Neçə illərdən bəri ilk dəfə idi ki, belə qol-qola küçəyə 



çıxmışdılar, neçə illərdən bəri ilk dəfə idi ki, deyişmir, 

dalaşmırdılar, Həcər də deyinmirdi, gülümsünürdü. 

Feyzulla: 

–Belə görünür, bizim teatrdan bircə  mənə veriblər, — 

deyirdi. — Uşaqlardan heç biri bir şey demədi. Alsaydılar, o 

saat deyərdilər. 

Səkkizə beş dəqiqə qalmış Akademiyanın qabağına çatdılar. 

Qapını itələyib içəri girdilər. Qəribədir ki, qaranlıq idi, adam da 

gözə  dəymirdi. Geniş  mərmər pilləkənlərə  tərəf addımladılar, 

birdən səs eşidib dayandılar. Kimsə boğuq bir səslə oxuyurdu, 

səsi binanı başına almışdı: 

 

–Ermani, ay ermani,  



Paytona mindir mani. 

 

Feyzulla baxıb oxuyanı gördü. Qarovulçuydu. Qarovulçu da 



onları gördü. Oxumağına ara verib onlara yanaşdı: 

–Kimi istəyirsiz, ara? — dedi. 

Feyzulla bayaqdan bəri ovcunda hazır tutduğu dəvətnaməni 

təmkinlə qarovulçuya uzatdı. 

Qarovulçu dəvətnaməyə etina etmədən: 

–Bu nadir? — dedi. 

Feyzulla: 

–Yubiley də, — dedi, qarovulçunun gözünü döydüyünü 

görüb  əlavə etdi, — bəs yubiley burda deyil? Dantenin 

yubileyi... Qarovulçu patron kimi açıldı: 



 437 

–Ha da, gündə birinin yubileyidir. Bir gün Davıdovun, 

sabah Mamedovun, onunçün dükanda spiçka tapılmır da... 

dünən əldən almışam. Beş korobka... on beş kopeyka. 

Feyzulla və Həcər maddım-maddım qarovulçuya baxırdılar. 

Qarovulçu doyunca deyinib ürəyini boşaltdı. Sonra onlara tərəf 

döndü: 

–Yox, qardaş, — dedi. — Bu gün burda yubiley-zad yoxdur. 



Səhv eləmisiz. Yəqin ayrı gündür. 

Feyzulla: 

–Axı burda mayın 11-i yazılıb, — dedi.  

Qarovulçu özündən çıxdı. 

–Kişi, nə istəyirsən, nə qaribə adamsan, dedim yoxdur, 

vassalam. Burda heç kəs yoxdur, hamı gedib evinə, iş qurtarıb. 

Siz də çıxın gedin evinizə. 

Pilləkənlərdən addım səsi eşidildi. Yuxarıdan eynəkln bir 

oğlan düşürdü. 

–Nədir, Aristakes dayı, —deyə qarovulçuya müraciət etdi. 

Aristakes  əyilib aliminium çaynikdən bankasına çay tökür, 

zumzümə edirdi. Başını qaldırıb: 

–Nə bilim, deyir yubileyə gəlmişik, deyirəm burda yubiley–

zad yoxdur, elə manimla spor eləyir. 

Cavan oğlan Feyzullagilə yaxınlaşıb salam verdi, 

dəvətnaməni alıb baxdı, güldü: 

–Əmi, kimsə sizinlə zarafat edib, — dedi, — bu yubiley bir 

həftə bundan qabaq oldu.  

Feyzulla: 

–Axı..., –dedi və udqundu, — burda yazıblar 11 may.  

Oğlan: 

–Kimsə əlnən yalandan yazıb. Kimsə zarafat eləyib, — dedi 



və xudahafizləşib getdi. 

 

Ermani, ay ermani.  



Paytona mindir mani. 

 

Qarovulçu yenə bir ağız oxudu, səsi boş binada hamamdakı 



 438 

kimi yayıldı. 

Feyzullayla Həcər küçəyə çıxdılar. Feyzulla gözünü qaldırıb 

Həcərə baxa bilmirdi. Bilirdi ki, Həcər bu saat açılacaq: yerə 

soxum sənin fərsiz boyunu, mən də deyirəm axı... Kimdir səni 

adam yerinə qoyan? 

Amma Həcər də dinmirdi. Beləcə lal–dinməz addımlayaraq 

metro stansiyasına çatdılar.  

Həcər:  

–Metro, —dedi.  

Feyzulla boğuq səslə: 

–Hə, —dedi. 

Çırtma vursaydılar ona, qan damardı. Həcər Feyzullanın  

çoxdan yadırğadığı yumşaq və həlim səslə: 

–Gəlsənə metroya gedək, gəzək, ay Feyzulla, — dedi.  

Feyzulla: 

–İstəyirsən gedək, — dedi, sonra xəbər aldı, — heç metroya 

minmisən? 

Həcər ani sükutdan sonra: 

–Yox, —dedi, — hələ minməmişəm. 

Təbəssümə bənzər bir şey Feyzullanın dodaqlarına qondu. 

–Bah, onda kef çəkəcəksən, — dedi, — bir özgə aləmdir. 

Beş qəpikləri yarığa atdı. 

–Keç. 


Həcər keçdi.  

Feyzulla: 

–Beş  qəpik atmasaydım keçə bilməzdin, — dedi, —o saat 

adamın qıçından vurur. 

–Sən nə danışırsan. 

–Bəli, bəli, görürsən, bu da yeriyən pilləkən.  

Həcər: 

–Bıy, ay Feyzulla, bu nə qiyamət şeydir, — dedi. 



Feyzulla arvadının təəccübündən daha da həvəslənir, 

təcrübəli bələdçi kimi metronun müxtəlif möcüzələrini Həcərə 

göstərir, danışır, izahat verirdi. 


 439 

Həcər də elə hər şeyə təəccüblənir, hər şeydən zövq alır, elə 

hey için çəkirdi. 

Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək, 

Feyzullanın gününü göy əskiyə düyəcəkdi. Amma bu gün onun 

könlünü qırmaq istəmirdi. İstəmirdi Feyzulla bilsin ki, düz iki 

aydır — metro açılandan bəri Həcər hər səhər həmin bu 

qatarlarla bazara gedib gəlir. 

 




1   ...   18   19   20   21   22   23   24   25   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə