***
Əhməd Əbdülrəhimov məhkəmədə özünü başqa cür apardı.
Əvvəl o da Məmməd kimi xırda şeylərdə Mazanın yalanını
çıxartmaq istədi. İsrar edirdi ki, guya Mazan onları Kürdəmirdə
şin almaq vədinə görə deyil, qiymət danışdıqlarına görə, 50
manat məbləğə aparmağa razı olub. Siqaretin şərti işarə
olunmasını o da danırdı. Deyirdi ki, Məmməd ona 480 manaq
pul verməyib. Axı bu müddət ərzində Əhməd də şifahi və
qiyabi şəkildə cinayət məcəlləsinin müəyyən maddələri ilə
tanış olmuşdu. Pul, yəni qarət söhbəti olmasa bəlkə onun işi bir
qədər yüngülləşdi. Maddələrin biri azaldı.
Ancaq sonra Əhməd özünü ayrı cür aparmağa başladı.
Özünü xəstəliyə vurdu. Doğrudan da məhkəmə başlananda o,
Məmməddən pis halda idi. Rəngi ağappaq ağarmışdı, əsib
titrədirdi və hətta bir dəfə ürəyi getdi. O bilirdi ki, yeniyetmə
Məmməddən fərqli olaraq ən ağır cəzaya məhkum oluna bilər.
Ona, ittiham olunduğu maddəyə görə güllələnmə də düşür.
Məhkəmə prosesində Əhmədi üç dəfə xüsusi dəvət olunmuş
həkimlər-terapevt, nevropatoloq, psixiator-müayinə etdilər.
Onlar təsdiq etdilər ki, Əhməd Əbdülrəhimovun orqanizmində
heç bir üzvi dəyişiklik yoxdur və vəziyyəti bütün göstəricilərə
görə normaldır. Buna baxmayaraq Əhməd suallara cavab
vermirdi, bir dəfə yeməkdən də imtina etmişdi. Məhkəmə
zamanı o əcaib bir hərəkət etdi: Hakimlərə əl eləyib şən səslə
"salam, salam" dedi. Başqa bir dəfə qışqırdı: "Atamı
öldürmüsünüz, məni də öldürmək istəyirsiniz" (atası sağ
salamatdır, heç bir vaxt heç bir təqibə məruz qalmayıb).
Əhməd onu istəyəndə və Mazan ona su gətirəndə stəkanı rədd
etdi: "zəhərdir, zəhərdir, məni zəhərləmək istəyirsiniz"– deyə
çığırdı.
Xüsusi dəvət olunmuş psixiatr-həkim, professor Ağabəy
Sultanov təyin etdi ki, bütün bunlar oyundur, kələkdir. Bununla
belə professor qeyd etdi ki, müttəhim əsəbi vəziyyətdədir.
307
Həyəcanlıdır. Lakin bu vəziyyət onun hər şeyi normal
qavramasına mane olmur və onun şüuru hər şeyi aydın dərk
etmək iqtidarındadır. Professor A. Sultanovun rəyi rol oynadı.
Əhməd daha özünü dəliliyə qoymadı, Məmməd danışmağa
başlayarkən o da danışdı.
***
Tənəffüsdən sonra Məmməd:
–Bəli – dedi. – Biz Şəkidə danışmışdıq. Əhməd dedi ki,
mən Bakıya gedirəm, bir neçə gündən sonra sən də gəl. Maşın
qaçırdarıq, sökərik; satarıq, kef çəkərik.
–Bakıda dərhal görüşdünüz?
–Yox, mən gələnin sabahı günü.
–Bəs gəldiyin gün nə edirdin?
–Kinoya getmişdim.
–Hansı kinoya?
–"Mazandaran pələngi" (!)
–Sabahı günü görüşdünüz...
–Bəli. "Fərhad" kafesində. Sonra Poluxinin tinində bu
maşını saxladıq.
–Deməli cinayətə səni Əhməd cəlb edib?
–Bəli.
–Müttəhim Əbdülrəhimov! Düz deyir?
–Yox – Əbdülrəhimov danışmağa başladı.
–Məni Məmməd yoldan çıxartdı. Beş dəfə təklif etdi, axırda
razı oldum.
Əhməd Əbdülrəhimov yalanmı danışır? Çox güman ki, hə.
Görünür cinayət planı məhz onun beynində doğulub. Məmmədi
də bu işə ona görə cəlb edib ki, onun maşın sürdüyünü bilib.
Əlbəttə bu heç bir vəchlə Məmmədin günahını azaltmır.
Məmməd öz dediyi kimi, tərəddüdsüz–filansız dərhal Əhmədin
cinayətkar təklifini qəbul edib.
Əhməddən soruşurlar:
–Bıçağı hardan tapdınız?
308
–"Fərhad" kafesində bir oğlan verdi.
– Adı nədir?
–Fikrət.
–Famili?
–Bilmirəm.
–Harda yaşayır, harda işləyir?
–Bilmirəm.
***
Son vaxtlar Əhməd heç yerdə işləmirdi. Ancaq bundan
əvvəl bir müddət Zığ qəsəbəsində xarrat işləyib. Əhmədin atası
da var, anası da. İki böyük qardaşı alver üstündə tutulublar.
Əhmədin atası: "Oğlanlarım fərli olsaydı, mən də bu sinli
yaşımda işləməzdim" –deyib.
Əhməd evlidir, uşağı var. (İşdə Əhmədin arvadı Mahirənin
müstəntiqə məktubu var: "Üç aydır ərimin üzünü görməmişəm.
İndi mən nə edəcəm, bu uşaqla hara gedəcəyəm. Evimizi də
özünüz gördünüz, heç nəyimiz yoxdur, kömək edin mənə".)
Arvadının ifadəsində göstərilir ki, martın 26-da Əhməd evə
gəldi və köynəyini çıxartdı. Köynək qan içində idi. Arvadı
köynəyi yudu. Məhkəmədə Əhmədin ailəsindən heç kəs iştirak
etmirdi. Nə atası, nə anası, nə arvadı, nə bacısı. Bədnam
hadisədən bir neçə gün qabaq Əhmədin bacısının uşağı ölüb və
bu xəbəri ona Bakıda Məmməd deyib. İki böyük qardaşı
dediyimiz kimi həbsdədirlər. Doğrudan da ağır vəziyyətdir. 23
yaşlı gəncin başına müsibət müsibət üstə gəlir. Bu bəlalar az da
olsa onun cinayətində yüngülləşdirici cəhətlər sayıla bilərdimi?
Əlbəttə ki, yox. Ancaq bəlkə bu cəhətlər ədliyyə qanunlarına
görə deyil, psixologiya qanunlarına görə nəzərə alınmalıydılar.
Əlbəttə caninin psixoloji vəziyyətini nəzərdən qaçırmaq olmaz,
əgər... əgər Əhməd Əbdülrəhimov maşında şux meyxanalar
deməsəydi, çırtıq çalmasaydı, zarafat eləməsəydi, gülməsəydi,
"Fərhad" kafesində hadisədən bir gün əvvəl soyuqqanlı və
işgüzar tərzdə cinayət planlarını müzakirə etməsəydi. "O gün
309
(yəni martın 24-də) yaxşı kef çəkdik".
Bəlaya düçar olmuş adam özünü belə aparmaz.
Əbdülrəhimovlar ailəsinin başına gələn müsibətlərdən ona görə
söz açdım ki, Əhmədin dünyada hər şeyə, o cümlədən
yaxınlarının dərdinə, bəlasına tam etinasızlığını qeyd edəm.
Qardaşları tutulandan sonra atasına yeganə arxa ola biləcək
Əhməd qardaşlarının yolu ilə, amma daha da uzaqlara getməyə
tələsdi. Ailələrinin vəziyyəti onun vecinə deyildi. Axı heç
formal surətdə, özünü müdafiə etmək üçün belə demədi ki,
ailəsinə pulla kömək eləmək üçün cinayətə və qarətə əl
atmışdır. Belə desəydi yenə də bir məntiq, ifrat, eybəcər bir
"məntiq" olardı. Yox, "ailənin başına müsibət gəlib, mənə nə
var, mən öldürəcəyəm, bu pullara isə "Fərhad" kafesində kef
çəkəcəyəm!".
Yeri gəlmişkən bu kafe barəsində. Məhkəmədə həmin
kafenin adı dönə-dönə çəkildi. Məlum oldu ki, bəzi başqa
rayonlardan gəlmiş gənclər ayrı kafelərdə görüş verdikləri
kimi, Şəkidən gəlmiş gənclər də bu kafedə görüşürlər. Zəhləm
getmiş yerliçiliyin iyi gəlsə də, bu dəbi öz-özlüyündə pisləmək
istəmirəm. Başa düşürəm ki, uzaq rayondan gəlmiş gənc ilk
vaxtlar böyük, yad şəhərdə özünü tənha, naqolay hiss edə bilər.
Tanış tapmaq, "özünkülərdən" kimləsə rastlaşmaq istəyi
təbiidir və belə olan surətdə müəyyən bir yer-tutalım kafe-
etibarlı görüş yeri ola bilər. Bəlkə də bu öz-özlüyündə pis iş
deyil. Ancaq görüş yeri başqa bir şeyə çevriləndə, elə bir yer
olanda ki, burada ancaq "özününkülər" tapışırlar, bu barədə
narahat olmaq lazımdır. Burda bir qapalılıq, sözün pis
mənasında "məhrəmlik" yaranır. Və məhz belə bir qapalılıq,
"məhrəmlik" şəraitində, "özününkülərə" yalançı etibar
şəraitində bir gənc başqasına cinayət planını aça bilir, üçüncü
bir gənc isə onların əlinə bıçaq verir. Axı, arxayındır:
"özününkü satmaz". (Famili? – Bilmirəm. – Harda işləyir,
yaşayır? – Bilmirəm.) Bu barədə çox ciddi düşünmək lazımdır.
Ciddi düşünməli şeylər çoxdur. Çox şükür ki, biz amansızlıq
310
və zalımlıq axını barədə danışmalı olmuruq. Çünki bizim
cəmiyyətdə belə şeyləri kütləvi şəkildə yaradan mənəvi
atmosfer yoxdur. Bizim kitab köşklərində cinayətlərdən
ağızdolusu danışan komikslərə rast gəlməzsən. Bizdə
zorakılığı, seksi, qızıl hərisliyini tərənnüm edən sənət yoxdur
və ola da bilməz. Bütün bunların elementləri olan xarici filmlər
bizim ekranlara demək olar ki, yol tapmır. (Demək olar ki,
ifadəsi təsadüfi deyildir. Bizim prokat idarələrinin də xırda
günahları var. Kassa gəlirləri naminə ibtidai şüurlara müraciət
edən və məhz buna görə də belə şüurlar üçün xüsusilə təhlükəli
olan filimlər bəzən bizim ekranlarımıza da yol tapır. Nəql
etdiyimiz hadisəyə, bu tipli filmlərdən olan "Mazandaran
pələngi"nin adı əbəs yerə düşməyib ki...) Əlbəttə bütün bu
əhvalatı "Mazandaran pələnginə" və ümumən kinomatoqrafa
bağlamaq lazım deyil. Ancaq bu əhvalatın nəticələrindən biri,
məncə, məsuliyyətə çağırışdır. İnsanlarda mənəvi cəhətlərin
tərbiyə olunması
işi, onların duyğularının,
əxlaq
keyfiyyətlərinin tərbiyələnməsi və zənginləşməsi işi üçün
kinonun, televiziyanın, radionun və s. məsuliyyəti böyükdür.
Bu xüsusilə gənc nəslə aiddir. Axı gəncliyin nisbətən bəsit
həyat təcrübəsi qəliz əxlaqi sınaqlarda kafi pərsəng deyildir.
Əlbəttə haqlarında danışdığımız cinayətkarlar istisna təşkil
edirlər. Bizim həyatımız üçün tipik deyillər. Hətta kiçik
məhkəmə salonunda belə necə deyərlər müsbət nümunələr
üçün uzağa getmək lazım deyildi. Burada Mazan Əliyevin
böyük uşaqları var idi. Zəhmətkeş, uşaqlıqdan dəqiq həyat
prinsipləri olan adamlar. Burada şahid sifəti ilə Aydın Cəlilov
və Sadıq Həmzəyevi də dindirdilər. Politexnik institutunun
inşaat fakültəsinin tələbələri olan bu təvazökar, başıaşağı
oğlanlar dolayısı ilə
əlaqədar olduqları hadisədən
sarsılmışdılar. Axı Əhməd Əbdülrəhimov bir neçə gün onların
evində yaşamışdı, onlarla çay içmişdi, söhbət etmişdi. Və məhz
elə bu zaman onun pozulmuş şüurunda cinayət planı yetişirmiş.
Heç kəs təsadüfi tanışlıqlardan, əlaqələrdən xali deyildir.
311
Ancaq necə olub ki, bu gənclər Əhmədi tanıya bilməyiblər. Bir
evin içində onun əsil mahiyyətini duymayıblar. Doğrudur, onu
daha zəngin həyat təcrübəsinə malik olan Mazan da tanıya
bilməyib. Amma məsələ ondadır ki, Əhməd Mazanla
oynayırdı. Amma axı otaq yoldaşlarına ürəyini aça da bilərdi.
Yox. Elə iş ondadır ki, Əhməd müvəqqəti otaq qonşularını
onlar onu tanıyandan daha yaxşı tanıyıb və ona görə də ürəyini
açmayıb. Buna baxmayaraq bəzi hərəkətlərinə görə otaq
yoldaşları ondan şübhələnməyə başlayıblar və imkan düşən
kimi (Aydının anasının gəlməsi bəhanə imiş) Aydına deyiblər
ki, onların otağından çıxsın. Onların, normal şüura malik
adamların, heç ağlına da gəlməzdi ki, Əhməd belə bir iş tuta
bilər. Ürəkləri yumşaq olduqları üçün onlar yatmağa yeri
olmayan bir adamı evlərinə buraxıblar. Sən demə bu adamın
beynində cinayət fikri yaşayırmış. Hər şeydən başqa məni belə
bir məsələ də maraqlandırır: bütün bu hadisələrdən həmin iki
tələbə hansı emosional və psixoloji nəticələr çıxardacaqlar.
Yəni, başqa sözlə desək, onlar belə bir fikrə gələcəklərmi ki,
heç kəsə etibar etmək olmaz. Biri "yatmağa yerim yoxdur" –
deyə yalvarırsa belə, onu evə buraxmaq olmaz-birdən canidir.
Əgər bu hadisənin acı təcrübəsindən hər iki tələbə belə bir
nəticə çıxarıblarsa və gələcəkdə buna görə heç kəsin qolundan
tutmayacaqlarsa, çox heyif! Bu barədə Sadığı şahid sifəti ilə
dindirərkən A. İbrahimov da çox gözəl dedi. İşdən tamamilə
bəlli idi ki, Sadıqdan da, Aydından da heç kəs şübhələnə
bilməz. Amma buna baxmayaraq məhkəmədə onlara da bir sıra
ciddi suallar verildi. Axırda isə A.İbrahimov dedi: "Bütün
şübhələri, fərziyyələri araşdırmaq istintaqın və məhkəmənin
borcudur. Yalnız hər şey aydınlaşandan sonra şübhələr aradan
qalxır. Ancaq siz bu salondan belə bir əqidə ilə çıxsanız ki,
bütün adamlara şübhə ilə yanaşmaq lazımdır, hər adamı
potensial cinayətkar bilsəniz, bu çox pis olar. Mən inanıram ki,
belə olmayacaq".
312
***
Müdafiəçilər çıxış edir.
Əhməd Əbdülrəhimovun vəkili onun cinayət cəhdində
olduğunu və qanunsuz olaraq soyuq silah daşıdığını ittiham
maddəsi kimi qəbul edir, ancaq üçüncü bir maddəni–qarət
maddəsini tətbiq etməməyi xahiş edir.
Məmməd Əbdülrəhimovun müdafiəçisi qarətkarlıq (necə
olsa evindən 200 manat pul tapılıb) və qanunsuz (sürücü
hüquqları olmadan) maşın sürmək haqqında ittiham
maddələrini qəbul edir və üçüncü bir maddənin – qətl cəhdi
maddəsinin tətbiq olunmamasını xahiş edir.
Prokuror Əhməd Əbdülrəhimovu 15 il, Məmməd
Əhmədovu 10 il, müddətində həbs cəzasına məhkum etməyi
tələb edir.
Məhkəmə məşvərət üçün ayrıca otağa çəkilir.
***
Mən salondakıları–zərərçəkmişin və cinayətkarın ailə
üzvlərini müşahidə edirəm. Mazanın arvadı, uşaqları, özü
Məmmədin ata və anasıyla söhbət edir.
Onlar kənar məsələlərdən danışırlar. Məhkəməyə, hadisənin
özünə toxunmurlar. Məişət qayğılarından, maaşlarından,
mənzil, iş şəraitlərindən, xırda-para əgər-əskiklərindən söz
açırlar. Mən düşünürəm ki, məişət, həyat tərzi, anlayışlar
cəhətdən bu iki ailə arasında ümumi şey nə qədər çoxdur.
Qayğı, maaş və sairə cəhətdən bu ailələr arasında daha çox
ümumi cəhət var, nəinki onların hər birinin prokuror, hakim,
vəkil, professor-ekspertlərin ailəsiylə.
İstər–istəməz söhbət hadisəyə qayıdır. Kənardan kimsə
məsləhət verir: – Öz aranızda danışaydınız gərək. Maşını
düzəldərdi, sizə qaytarardı, siz də bunların halını
yüngülləşdirərdiniz. Mazan təmkinlə cavab verir:
–Mən qanımla alver eləmirəm. Maşınımı isə özümdən də
ağır yaralayıblar, özümdən çox zədələyiblər...
313
–Qalxın, məhkəmə gəlir!
Sanki reproduktordan səslənən, Aydın Qaradağlının
oxuduğu hökmü ayaq üstə dinləyirik:
...Aydın Əbdülrəhimov 12 il azadlıqdan məhrum edilsin.
–...Məmməd Əhmədov 8 il azadlıqdan məhrum edilsin...
–İşdə olan əşyayi dəlil-200 (iki yüz) manat pul sahibinə,
zərər çəkmiş Mazan Əliyevə, şərf sahibinə, Əhməd
Əbdülrəhimova qaytarılsın. Bir ədəd bıçaq məhv edilsin.
–...Mazan Əliyevin maşın haqqında iddiasına ayrıca, mülki
iş kimi baxılsın.
–Hökm qətidir. Və ondan kassasiya qaydasında
şikayət və protest vermək olmaz.
Məhkəmədə çıxışlarının birində Mazan Əliyev dedi:
–Mən ölən deyiləm.
O, həmin sözləri həyəcan keçirməsinin səhhətinə zərəri
barədə hakimin qayğıyla verdiyi sualının cavabında dedi:
–Heç nə olmaz – dedi – mən ölən deyiləm. Müharibədə
məni neçə dəfə öldürmək istədilər, üç dəfə yaraladılar, üç gün
meyitlərin arasında qaldım. Düşmənlər elə bildilər ki,
ölmüşəm. Amma mən ölmədim. Bunlar da bax məni on iki
yerdən bıçaqladılar, maşından tulladılar, elə bildilər ölmüşəm.
Amma mən ölmürəm.
Mazan bu sözləri elə ciddi və elə möhkəm bir inamla deyirdi
ki, hamı gülüşdü. Hamının üzünə xoş bir təbəssüm qondu.
Hətta onun öz uşaqları belə gülümsünürdülər. Mən düşündüm
ki, bu sadə sözlərin dərin simvolik mənası da var.
Yamanlığın sifətləri çoxdur. Müharibənin yamanlıqları var-
düşmən sənə güllə atır. Ancaq dinc dövrün yamanlığı da var-
insan həyatına cinayətkar qəsd edir. Hər iki halda məqsəd
eynidir. İnsanın həyatını qırmaq. Və hər iki halda bu bəd
niyyətə qarşı həyat sinə gərir.
Mazan Əliyev mən bunu bir daha, sonuncu dəfə təkrar
edirəm – bütün davanı keçib, yaralanıb, ayağını itirib, amma
sağ qalıb, işləyib, institutu qiyabi qurtarıb, dənizdə buruqlar
314
tikib, on bir uşaq böyüdüb tərbiyələndirib, boş vaxtı olanda
sədəfli tarını çalıb. Müharibənin axırıncı atəşlərindən 29 il
keçəndə, bu atəşlərdən altı və on iki il sonra doğulmuş iki gənc
Qazıməmmədlidən on kilometr aralı bir mart gecəsi Mazanı on
iki yerdən bıçaqlamışlar. Mazan isə yenə sağdır. Mənə elə gəlir
ki, bu yaşarılıq, dirilik yalnız konkret bir şəxsin uğurlu
aqibətini deyil, eyni zamanda daha böyük bir anlamı, ümumən
həyatın qələbəsini simvolizə edir. Arıq, çəlimsiz bir adamın, on
bir uşaq atasının bu qəribə diriliyi, yaşarılığı həm də xalqın
diriliyi, yaşarılığıdır. Nəsildən-nəsilə zorakılığa, zülmə, ölümə,
şərə qarşı səd çəkmiş, əbədi xeyiri, yüksək əxlaqi dəyərləri
nəsildən-nəsilə keçirən və qoruyan xalqın.
1974
315
LƏYAQƏT
Bir dəfə iş elə gətirdi ki, mən bir gün ərzində az qala bir-
birinin eyni olan iki oxşar əhvalatın şahidi oldum və görüb
eşitdiklərimin müqayisəsi məni bəzi məsələlər barədə
düşünməyə vadar elədi. Səhər-səhər yüksək səviyyəli bir
müşavirədə iştirak eləyəsi oldum, həmin müşavirədə böyük
rəislərdən biri öz işçilərini asıb-kəsir, onlara ağzına gələni
deyirdi. Tələbkarlıq və ciddilik - rəhbər işçi üçün vacib
keyfiyyətlərdir, lakin açığını deyim ki, bu ortayaşlı lovğa rəisin
yaşca özündən böyük, vəzifəcə kiçik rəislərlə davranışı məni
böyük heyrətə saldı. O, vəzifəcə özündən kiçik rəisin üstünə
çığıraraq deyirdi ki, sən məsuliyyətsizlik göstərirsən, işə
səhlənkar yanaşırsan, öz vəzifənin nədən ibarət olduğunu
qanmırsan. Dikbaş rəisin özündən xeyli yaşlı adama "sən"
deməsinə hələ birtəhər dözmək olardı, məni ən çox pərt edən o
idi ki, danlanılan ahıl kişi oğlu yaşında adamın qabağında mil
durmuşdu, bütün təhqirlərlə müticəsinə razılaşır; rəis onu
maymaq, əfəl, avara adlandırdıqca yalnız gözlərini döyürdü.
Ağzını da açanda bircə bunu ərz eləyirdi ki, tamamilə doğru
buyurursunuz, filankəs müəllim...
Təsadüfən həmin gün axşamüstü başqa bir müşavirədə
iştirak etməli oldum. Özü də bu müşavirədə ən böyük vəzifə
sahibi, səhər mənim və bir çox başqalarının gözü qabağında
söyülüb-təhqir olunan, alçaldılan həmin ahıl kişiydi. Qəribə
burasıydı ki, cəmi bir neçə saat qabaq qulaqburması almış bu
adam indi özü hamının üstünə qışqırır, hamıya hədə-qorxu
gəlirdi. Orada o, "balaca" rəis idisə, burada ən "böyük", baş rəis
idi. Səhər alçaldılan, təhqir olunan bu adam axşam özü
başqalarını alçaldıb təhqir eləyirdi. İndi onun qarşısında başqa
bir rəis mil dayanmışdı; bəli, bəli, məhz rəis, doğrudur,
vəzifəcə daha kiçik, yaşca isə daha sinli rəis. Və o da farağat
316
dayanıb özündən böyük rəisin onun ünvanına dediyi avara,
fərsiz, maymaq təbirləri ilə sakitcə razılaşırdı. Maraqlısı bu idi
ki, sözlər də, təbirlər də elə səhərkilərdi. Bilmirəm, təzə sözlər,
təbirlər axtarıb tapmağa istedadımı çatmırdı onun, yoxsa bütün
bunlar qəlibə salınmış təbirlər, sözlərdi... Bəlkə, səhər abırdan
salınmış bu adam indi bilərəkdən, yaxud heç özü də dərk
etmədən səhər-səhər aldığı mənəvi zərbənin əvəzini çıxırdı bu
yolla?! Orada zahirən itaətkar, müti olan bu adam burada başqa
bir zahirən itaətkar və müti rəisdən həzz duya-duya intiqam
alırdı.
Mən "zahirən" sözünü əbəs yerə xüsusi qeyd eləmirəm.
Mənə belə gəlir ki, səhər-səhər orada öz ünvanına yağdırılan
təhqirləri qeydsiz-şərtsiz qəbul etməsi sadəcə olaraq, riyakarlıq,
saxtalıq idi və bu riyakarlıq indi burada ona istədiyi şəkildə
hikkəsini soyutmağa, ürəyini boşaltmağa müəyyən imkanlar
yaradırdı. Özündən böyük rəisin "sən"inə saxta bir nəzakətlə
"siz" deyə cavab verməsiylə o, özündən aşağıdakılara istədiyi
kimi müraciət etmək səlahiyyəti qazanırdı.
Şahidi olduğum bu iki oxşar hadisə haqqında düşündükcə
mən daha çox əmin olurdum ki, bunların kökündə dayanan
inzibati subordinasiya, iş, vəzifə etikası, adi əxlaq problemləri
deyil. Xeyr. Bu məsələlərin əsas mahiyyəti insan ləyaqəti
problemi ilə bağlıdır. Daha doğrusu, haqqında danışdığım o iki
adamın, həmin gün danlayıb söyülmüş o iki rəisin davranışında
ləyaqətin olmamasıdır. Zənnimcə, burada, hadisələrin üçüncü
iştirakçılarının - rəislərdən böyüyünün də xarakterini təsəvvürə
gətirmək çətin deyil.
Gördüklərimə əsaslanıb onu tamamilə başqa vəziyyətdə -
daha böyük rəis tərəfindən söyülən, təhqir olunan adam yerində
asanca təsəvvür edə bilirəm. Bu heç də təəccüblü deyil, adətən
başqalarının ləyaqətini ləyaqəti olmayan adamlar tapdalaya
bilərlər. "Yuxarıdakıların" təhqir və danlaqlarına dözən,
vəzifəcə özündən böyüklərin havasına oynayanların özlərini
dartması, qüdrət sahibi kimi göstərməsi ən azı gülüş doğurur.
317
Şərəf hər üzü bir səmtə baxan ikiüzlü Yanus deyil. Lakin belə
adamların əqidəsinə görə, iyerarxiya sisteminin öz yazılmamış
qanunları var, mənsəb pillələriylə irəliləmək istəyirsənsə, gərək
bu qanunları bilib onlara əməl edəsən, məsələn, gözlərini
çəkmədən yaltaqcasına aşağıdan yuxarı bir xeyli baxsan,
özündən aşağıdakıları təkəbbürlə yuxarıdan seyr etmək imkanı
qazanırsan...
Biz - əsarət zəncirini yetmiş ildən də çox bundan qabaq
atmış bir ölkənin vətəndaşlarıyıq. Biz - sinfi, iqtisadi, ictimai
bərabərsizliyi aradan qaldırmış, bürokratik məmur ədəb-
ərkanına, pul kisəsinin hökmünə, zümrə bölgüsünə son qoymuş
bir inqilabın övladlarıyıq. "Biz kölə deyilik, kölə biz deyilik" -
bu sözlər təkcə savadın ibtidası, təməli deyil, həm də yeni
əxlaqın, yeni dünya duyumunun - insanın öz ləyaqətini dərk
etməsinin başlanğıcıdır. Qorkinin inqilabdan əvvəl dediyi
"İnsan - bu ad necə də qürurla səslənir" sözləri yeni sosializm
cəmiyyəti vətəndaşının simasında öz real, konkret təcəssümünü
tapdı. Bütün bunlar şəksiz bir həqiqətdir. Lakin iyerarxiya
psixologiyasının qalıqları hələ də şüurlardan tamamilə
silinməmişdir, bunun nəticəsidir ki, hər hansı bir nazirliyinmi,
müəssisəninmi, rayonunmu rəhbərinə heç də xalq hakimiyyəti
tərəfindən ciddi nəzarət olunan, müəyyən zaman çərçivəsində
konkret bir vəzifəni ifa edən şəxs kimi baxmırlar. Bəziləri bu
vəzifə sahibini müəyyən bir rayon, vilayət, yaxud şəhər
miqyasında hakimi-mütləq kimi bütləşdirir, vəzifə başında
olduğu müddətdə haqq-nahaq nə iş görürsə, hamısını haqlı
sayırlar; baxmayaraq ki, belə rəhbər haçansa qapazaltı olmağa
məhkumdur - vəzifədən götürülər-götürülməz təkcə öz
günahları deyil, "sevimli" rəislərinin "paklığına səmim-
qəlbdən" inanan saysız-hesabsız əməllərinin səhvləri,
günahları da onun ayağına yazılacaq. Nədir bunun səbəbi?
Yenə də insan ləyaqəti. Eləcə də bu ləyaqətin olmaması. Nə
vəzifə başında olan rəisin hər hərəkətinə, hər sözünə ləbbey
deyənlərdə, nə də rəis taxtdan düşən təki ondan üz
318
döndərənlərin heç birində insan ləyaqətindən əsar-əlamət
yoxdur. Əslində, hakimiyyəti altında olanların "ürəklərinin ən
dərin guşəsindən" gələn bir səmimiyyətlə qulluq göstərməsinə,
naşılıqla və ya ustacasına yaltaqlanmasına imkan və şərait
yaradan, bütün bunları təqdir edən rəisin özü də ləyaqətdən
büsbütün məhrumdur. Tabeliyində olan və buna görə də öz
mənafeyi naminə, öz yerini "isti eləmək" xatirinə rəisin şəninə
təriflər deyən, mədhiyyələr söyləyən adamın təmənnasızlığına,
sözlərinin səmimiliyinə necə inanmaq olar?! Ünvanına tərif
söyləyənləri mükafatlandıran rəis bu hərəkətilə hər şeydən
əvvəl öz ləyaqətini alçaltmır? Təmkinli, təvazökar rəis görəndə
ki, əlinin altında işləyən, necə deyərlər, "ştatda olan"
məddahlar qələmlərini itiləyib onun şəninə qəzəl-qəsidə
toqquşdurmağa başlayıblar - bunun nə demək olduğunu
uzaqgörənliklə duyub fikrə getməlidir: açıq-aşkar, birbaşa
yaltaqlığın artıq işə keçmədiyini dərk eləyən buqələmunlar,
mənsəbpərəstlər arxadan və cinahlardan lağım atmağa, onu tora
salmağa cəhd etmirlərmi? Küləyin haradan əsdiyini əlbəəl
duyub, şəraitə uyğunlaşmağı bacaranlar, son dərəcə çevik,
mütəhərrik olurlar. Bir də ki, minüzlü adam üçün maskasını
dəyişmək heç də çətin deyil. Hələ dünənə kimi səhvlərimiz,
kəsirlərimiz haqda söhbətləri qərəzçilik, qarayaxma
adlandıran, həyatımızın bütün məlum və ağlagəlməz
sahələrində yalnız və yalnız nailiyyətlər qazanıldığından,
evlərimizin, müəssisələrimizin, tarlalarımızın, küçələrimizin,
bazar və mağazalarımızın ideal qəhrəmanlarla aşıb-daşdığından
hayküylə dəm vuranlar bu gün elə həmin o "vətəndaşlıq
ehtirasıyla" sevinc və təntənə dalğasını tənqid dalğasıyla əvəz
etməyə tələsirlər. Həqiqət haqqında danışmaq həqiqəti
deməkdən, əlbəttə, çox-çox asandır.
Hər cür yeniləşmədən, istehsalatda, təsərrüfatda, sosial
iqtisadi sahələrdə, cəmiyyətin əxlaqi və mənəvi həyatında
bütün əsaslı dəyişikliklərdən həmişə qorxmuş və elə indi də
qəlbinin dərinliklərində qorxmaqda davam edənlərin iclas və
319
yığıncaqlarda "dəhşətli dərəcədə cəsarətli" nitqlərini eşidəndə
mat qalırsan. Belə adamların daxili inamı və məntiqinə görə,
"rüsxətli cəsarət" - tufanın ötüb keçməsini, hər şeyin öz
məcrasına qayıtmasını gözləməyin üsullarından yalnız biridir.
Və bu da insan ləyaqəti anlayışı ilə sıx surətdə bağlıdır.
Ləyaqətli şəxs - "dünən ehtiyatlı idim, bu gün cəsarətliyəm,
sabahsa - necə buyursalar elə olaram, dünən tərənnüm
eləyirdim, bu gün ifşa edirəm, sabahsa..." - prinsipi ilə
yaşamağı özünə heç vaxt rəva görməz.
Onu da deyək ki, belə adamlar nəinki insan ləyaqətindən
məhrumdurlar, onlar həm də zamanı vahid, qırılmaz mənəvi
substansiya kimi dərk edib qavraya bilmirlər, onların
əqidəsincə nə Dünən var, nə də Sabah. Olan bir əbədi Bu
gündür.
Lakin məlum olduğu kimi Dünənsiz və Sabahsız Bu gün
yoxdur. Sabahın necə olacağı onu Bu gün necə qurub-
düzəltməyimizdən asılıdır və bu vaxt biz Dünənə
söykənməliyik... Yaddaş da Zaman kimi mənəvi kateqoriyadır.
Bəzilərinin "yaddaşsızlığı" hamının yaddaşının korşaldığı
barədə yalançı inama əsaslanmamalıdır. "Tarixi skleroz" -
ictimai bəlaların ən təhlükəlisidir.
Əlbəttə, kinlilik, qisasçılıq cəmiyyətimizin bütövlükdə
ruhuna yaddır və dünənki səhvlərimiz üçün məsuliyyət
daşıyanların çoxuna əsaslı şəkildə - həm iş üsulu, həm insani
münasibətləri, həm də daxili, psixoloji baxımdan dəyişməyə
imkan verilmişdir. Zamanın sınağından ləyaqətlə çıxanlar
ölkəyə, xalqa hələ çox xeyir verə bilərlər. Lakin zamanın irəli
sürdüyü yeni vəzifələrin öhdəsindən gələ bilməyəcəklərini başa
düşənlər eyni bir ləyaqətlə öz yerlərini buna gücü çatanlara
versələr yaxşıdır... İmtina etmək cəsarəti, yeri gələndə,
ləyaqətlə kənara çəkilmək mərdliyi kimi anlayışlar da
mövcuddur. Çox təəsüf ki, üçüncü bir yol da var, ləyaqətdən
uzaq olan ictimai dəyişiklik yolu, ürəyincə olmaya-olmaya,
"lazımi" davranışı yamsılama yolu. Şəxsi rifahını qoruyub-
320
saxlamaq naminə əqidəyə xəyanət etmək yolu - pusub gözləmə
siyasəti.
Sov.İKP XXVII qurultayı həyatımızın yeniləşməsi
prosesinin qarşısıalınmaz olduğunu, uzunmüddətli əsaslı
dəyişikliklər strategiyasını qəti və ciddi şəkildə təsdiq etdi...
Qurultay "ev bizim, sirr bizim" fəlsəfəsinə əsaslanan siyasəti
bütün dünyanın gözü qarşısında ifşa edərək, kəsirlərimizi,
səhvlərimizi açıq-aydın şəkildə göstərdi... Yaşadığımız evin
içini silib süpürmək qətiyyəti dilə-düşə düşmək xofuna üstün
gəlməlidir. İctimai yeniləşmənin əsası, məğzi mükəmməl
şəxsiyyət problemidir. Cəmiyyətin ləyaqəti onun üzvlərinin -
mənən zəngin, işgüzar, yüksək səviyyəli, həssas adamların
insani ləyaqəti ilə müəyyən edilir. Vicdan, şərəf, əsl insani
ləyaqət belə hərtərəfli şəxsiyyətin ən vacib keyfiyyətləridir.
Vicdan kimi ləyaqət də sabit anlayışdır, şəraitdən asılı
olaraq rezin təki dartılıb-yığıla bilməz. Vicdanı müəyyən
dövrə, zamana qədər yuxuya vermək, dondurub saxlamaq
gülüncdür. Dünyaya bir dəfə gəlmişik. Bir məqamda
ləyaqətinin tapdalanmasına dözüb vaxtı çatanda, imkan
düşəndə ləyaqətli olduğunu sübut edəcəyinə ümid bəsləmək ən
azı sadəlövhlük olardı. Təkəbbür, dikbaşlıq, lovğalıq ləyaqətin
birbaşa antipodlarıdır. Bir qayda olaraq, bunlar bir-birini inkar
edən xüsusiyyətlərdir, doğrudur, bəzən biz aldanıb təkəbbür və
lovğalığı əsl ləyaqət kimi qəbul edirik. Mən həmişə dik-dik
gəzən, ədalı, üz-gözündən təkəbbürlü-laqeyd ifadə əskik
olmayan adamları az görməmişəm. Əslində, mən "həmişə"
sözünü yerində işlətmədim. Çünki bəşəriyyətin böyük bir
hissəsinin yuxarıdan aşağı, təkəbbürlə baxan bu adamlar bu və
ya digər dərəcədə asılı olduqları şəxslərlə münasibətdə dərhal
dəyişir, onların sərt, soyuq baxışları yumşalır, yaltaq bir ifadə
alır, bayaqkı məğrurluqlarından əsər-əlamət qalmır. Bunun özü
də ləyaqətsizlikdir. Əgər sən gülərüz, xeyirxah, hazırcavab,
qılıqlı adamsansa, çox gözəl, buna yalnız sevinə bilərik, bir
şərtlə ki, bu gözəl məziyyətlərini müvafiq şərait, "faydalı"
321
adamlar üçün saxlamayasan, pinəçi ilə də, zavod, institut,
sovxoz direktoru ilə olduğun kimi gülərüz, səmimi olasan.
Yox, əgər təbiətən dinməz, qaraqabaq adamsansa, liftçi qadının
salamını cavabsız qoyduğun halda, mötəbər məclislərdə bülbül
kimi ötməyəsən.
Mən bir təkəbbürlü, şöhrətpərəst, özündən razı incəsənət
xadimi tanıyırdım. Xəstəlik dərəcəsində xudbin və özünə
vurğun bu adamın bir dəfə, hansısa fəxri adı almaq üçün necə
dil töküb yalvardığını, göz qabağındaca dəyişilib tamam başqa
adam olduğunu heyrətlə müşahidə eləmişəm. Yəqin bu adamın
ləyaqəti (daha doğrusu ləyaqətsizliyi) ona düşünməyə imkan
verirdi ki, xalq arasında dik-dik gəzib, təşəxxüs satmaq,
qürrələnmək xatirinə, xəlvət yerdə yalvarıb alçalmaq da olar.
Mükafata yalnız və yalnız özünün layiq olduğuna lazımi
adamları inandırandan, müxtəlif yalan və doğruların köməyilə
çoxdan tamarzı olduğu mükafatı alandan sonra həmin sənət
xadimi gözlərini yerə dikərək, "təvəzökarlıq"la bildirdi ki, bu
mükafata heç də onun özü yox, onun şəxsində bütün
həmkarları, bütün xalq, bəlkə də bütün tərəqqipərvər bəşəriyyət
layiq görülüb...
Görəsən, dünyada elə bir fəxri ad, elə bir titul varmı ki, onun
yolunda insan həyatının ali mükafatından - ləyaqətdən imtina
eləsin?
Bir rəis... Yox, daha rəislər haqqında yetər. Yüksək
dairələrdən enib, hər gün, hər saat ovqatımıza, iş
qabiliyyətimizə, vaxt bölgümüzə bu qədər təsir göstərən, qəribə
görünsə də insan ləyaqətiylə bu və ya digər şəkildə daim
təmasda olan, bəzən isə ona meydan oxuyan çox adi bir
sahədən - xidmət sahəsindən danışaq.
Dostları ilə paylaş: |