A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

*** 

Politexnik institutunun birinci kurs tələbəsi Həmzəyev 

Sadığı  dərsdən dekanın yanına çağırdılar. Dekanın yanında 

tanımadığı bir adam da oturmuşdu. Bu adam: 

–Həmzəyev Sadıq sizsiniz? – deyə soruşdu. 

–Bəli. 


–Bu sizin çertyojdur? 

Bu kurs işi idi: "Epyurada nöqtənin izlərinin qurulması". 

Həmyəzev onu bu yaxınlarda çəkmişdi. Çertyojun güncündə 

onun adı və famili, institutlarının adı yazılmışdı. 

–Dostlarınızdan, tanışlarınızdan heç birinin başına bir iş 

gəlməyib ki? 

Sadıq: 

–Yox, – dedi və sapsarı saraldı. 



 276 

–Dostlarınız, tanışlarınız kimlərdir? 

Birinci olaraq Sadıq   kiçik qardaşının və otaq qonşularının 

– Aydının və Əvəzin adını çəkdi. 

–Onlara bir şey olub? – deyə nigaran soruşdu. 

Tanımadığı adam: 

–Narahat olmayın, – dedi və  səliqə ilə Aydın Cəlilovun, 

Əvəz İbrahimxəlilovun adlarını yazdı. 

–Sizin bu çertyojunuz onların hansında ola bilərdi? 

–Martın 25-26-da axşam və gecə siz hardaydınız? 

Suallar bir-birinin dalınca gəlirdi. 

Sadıq həyəcanlı və dolaşıq cavablar verirdi. Artıq anlamışdı 

ki, qarşısındakı müstəntiqdir. Martın 25-də axşam o dərsdə idi. 

Dərslər saat onda qurtardı  və o yoldaşları ilə birlikdə 

institutdan çıxdı, trolleybusa mindi, öz dayanacağına çatdı, 

oradan piyada Poluxin küçəsindəki 20 nömrəli evə getdi. Bu 

evdə Sadıq iki yoldaşı ilə birlikdə – Aydın Cəlilov və  Əvəz 

İbrahimxəlilovla birlikdə kirayənişin idilər. Hər üçü Şəki 

rayonundandır. Bir institutda oxuyurlar. Sadığın çertyoju 

Aydında da ola bilərdi,  Əvəzdə  də. Çünki bu çertyoj artıq 

Sadığa lazım deyildi və Sadıq onu atmışdı – ya zibil qutusuna 

ya da bəlkə divanın altına. Sadıq kağızlarını, dəftərlərini, 

kitablarını divanın altına yığırdı. Ancaq onun – birinci kurs 

tələbəsinin çertyoju dördüncü kursda oxuyan tələbələrin nəyinə 

gərəkdi? 

–Bəs o axşam sizin otaq qonşularınız harda idi? 

–Əvəz axşamlar işləyir. Aydın evdə idi. Bütün axşamı evdə 

idi. 


Bəs Sadıq hardan bilirdi ki, Aydın bütün axşam evdə idi. 

–Mən evə qayıdanda Aydın mənə dedi ki, Əhməd gəlmişdi. 

Əhməd kimdir və niyə gəlmişdi? 

–Əhməd tanışımızdır, o da şəkilidir. Bir neçə gün bizdə 

yaşayıb. "Fərhad" kafesində tanış olmuşuq. Adətən  şəkili 

uşaqlar orada yığışırlar. Dedi ki, yatmağa yerimiz yoxdur və 

biz razı olduq ki, bizdə gecələsin. Təxminən on gün bizdə 


 277 

qaldı. Sonra rayondan Aydın Cəlilovun anası gəldi və onda biz 

Əhmədə  təklif elədik ki, getsin. O getdi, ancaq şeyləri bizdə 

qaldı. Bu, martın ortalarında olmuşdu. Amma  axşam – martın 

25-də  Əhməd gəlib  şeylərini götürüb. Aydına da deyib ki, 

Şəkiyə gedirəm. 

–Əhmədin familiyası nədir? 

–Bilmirəm. 

...Aydın Cəlilov eyni ilə Sadığın dediklərini dedi. Bəli, 

təxminən axşam saat 8 olardı, Əhməd gəldi çamadanını, plaşını 

götürdü, dedi ki, Şəkiyə gedirəm. Aydın çıxıb onu ötürmək 

istədi amma Əhməd qəribə bir söz dedi: küçəyə  çıxma, 

şübhələnərlər... 

Kim? Kimdən? Nəyə görə? Əhməd dəqiqləşdirmədi. 

Aydın alaqapıda dayandı. O, 412 markalı "Moskviç" 

maşınına diqqət elədi. Nömrəsinə fikir vermədi. Ancaq 

sürücünün qaraltısını gördü. Maşının arxa tərəfində yük yerinin 

yanında dayanmışdı, sonra Aydın camadanla maşına minəndə, 

sürücü də keçib sükan arxasında oturdu. Qabaqda da deyəsən 

kim isə oturmuşdu. Amma kim? Aydının yadında deyil. 

Sürücünü də yadında saxlamayıb. Aydın evə qayıtdı, bir azdan 

Əvəz gəldi, iki saatdan sonra da Sadıq. Gecə yarısına yaxın 

hamısı yıxılıb yatdı. 

Müstəntiq şərfi Aydına göstərdi: 

–Bu şərfi tanıyırsınız? 

Aydın: 


–Bəli, – dedi, – Əhmədin şərfidir. 

 

*** 

Qaz-9 nömrəli maşın köpüklü dağ çayını keçib Şəki 

rayonunun Kiş kəndinə çatdı. Üç nəfər maşından düşdü və bir 

evin həyət qapısını döydülər. Ev sahibi yaşlı kişi qapını açdı və 

gələnlərdən biri o birini təqdim etdi: 

–Yoldaş Abdullayev OBXS-dəndir, – dedi, – sizdən şikayət 

yazıblar. Həyətinizin sahəsi çoxdur. Gərək təzədən ölçək. 



 278 

Ev sahibi Ağaməmməd  Əbdülrəhimov  Şəki ipək 

kombinatının fəhləsi idi. Bir neçə ay bundan qabaq böyük oğlu 

gül alveri üstündə Rostovda tutulmuş və məhkum olunmuşdu. 

–Bizə  məlumat gəlib ki, həmin gülləri siz bu sahədə 

yetişdirirsiniz, Rostova da onları kiçik oğlunuz Əhməd   aparıb.   

İndi  də   bu  məqsədlə Əhməd Rostova gedib. 

Əbdülrəhimov təəccübləndi: 

–Siz nə   danışırsınız? – dedi – Əhməd   ömründə Rostovda 

olmayıb. Bakıda idi. Üç gün bundan qabaq qayıdıb.  İndi də 

hardasa kənddədir, bir azdan gələr. 

Buna baxmayaraq gələnlər həyəti gəzib dolanır, ölçürdülər. 

Qonşu həyətlərdən də maraqlananlar yığışmağa başladı. 

Kənarda bir arvad dayanmışdı, qəlyan çəkirdi və diqqətlə 

gələnlərdən birinin üzünə baxırdı. Gözlərini zillədiyi adam 

Fazil Axundov idi. Fazil Axundov arvadın baxışlarından nə isə 

oxudu, məqam tapıb ona yanaşdı. Arvad ağzını açmadan, 

yalnız dodaqları ilə pıçıldadı: 

–İzə düz düşmüsünüz. Burdan əl çəkməyin. 

–Gecə yarısı Əhməd   Əbdülrəhimov   gəlib   çıxdı. 

Üzündə yara yeri vardı. Fazil Axundov Əhmədə dedi ki, 

gərək bizimlə rayon mərkəzinə gedəsən və bu günlərdə 

Rostovda olmamağın barədə sənədə qol çəkəsən. 

Axundov qabaqda əyləşdi. 

Abdullayev və üçüncü yoldaş  Əhməd  Əbdülrəhimovla 

birlikdə arxada oturdular. 

Maşın dolama dağ yolları ilə gedirdi. Qəfilcə Axundov geri 

çevrildi və sözarası Əhməddən soruşdu: 

–Üzündən başqa hardan yaralanmısan? 

Əhməd ani olaraq: 

–Belimdən, – dedi və dərhal tutuldu. Bəlkə məhz bu dəqiqə 

o hər  şeyi başa düşdü; başa düşdü ki, yanındakılar istintaq 

işçiləridir və rayon mərkəzinə onu heç də kağıza qol çəkmək 

üçün aparmırlar. Bir an içində hər şeyi dərk edərək o, maşından 

atılmaq üçün cəhd göstərdi. Ancaq starşina  Əmralı 


 279 

Abdullayevin tapançasının lüləsi Əhmədin qarnına dirəndi. 

Əməliyyatın birinci hissəsi uğurla başa çatdı. Əhməd qaça, 

gizlənə bilmədi. Və indi hər şeydən açıq danışmaq olardı. Milis 

baş leytenantı Fazil Axundov Əhməd  Əbdülrəhimovdan 25 

mart gecə yarısı Qazıməmmədli  ilə Muğanlı qəsəbəsi arasında 

şose yolunda baş verən hadisələr haqqında danışmağı  tələb 

etdi.  Əhməd  Əbdülrəhimov hər  şeyi boynuna aldı  və  əlbir 

olduğu yoldaşının da adını dedi. Məmməd  Əhmədov  Şəki 

şəhərində Şəki fəhləsi küçəsində üç nömrəli evdə yaşayırdı. Bir 

neçə  dəqiqədən sonra Əli Bayramlı rayonu operativ milis 

işçiləri F.Axundov və  Ə.Abdullayev  Əhmədovların evinə 

gəldilər və  Məmmədi apardılar. (Bir gün sonra Məmmədin 

anası, gözü yaşlı Salatın milis idarəsinə  gəldi, iki yüz manat 

verdi və dedi: – Bu gün evi süpürərkən bu pulları  təsadüfən 

tapmışam. Bizim deyil bu pullar, özgəninki isə bizə lazım 

deyil. 

Bu, Mazanın pulları idi. Əbdülrəhimovun ifadə verdiyi kimi 



tən yarı bölünmüş pulların 80 manatını onlar Kürdəmirdən 

Şəkiyə gələrkən yolda xərcləmişdilər. 

Cinayətkarlar 25 mart gecə yarısında cinayət işlədikləri 

rayona,  Əli Bayramlı rayonunun milis şöbəsinə  gətirildilər. O 

gün o baş, bu başa F.Axundov və Ə. Abdullayev 20 saat yolda 

oldular və müvəffəqiyyət qazandılar. Bu dəqiq əməliyyata görə 

hər ikisi Azərbaycan SSR Daxili İşlər Nazirliyinin əlaçı nişanı 

ilə təltif olunmuşlar. 

 

*** 

O gecə hadisələr isə belə  cərəyan edirdi. Mazan Əliyevi 

şoseyə tulladıqdan sonra Məmməd (o adını Aydın demişdi) və 

Əhməd (adını Adil demişdi) yollarına davam etdilər. Məmməd 

az-çox maşın sürə bilirdi. Və bəlkə məhz bunu bilə-bilə Əhməd 

yetkinliyə çatmamış bu oğlanı əməlinə cəlb etmişdi. Əməli isə 

çox sadə idi. Hər hansı bir şəxsi maşına minmək, xəlvət yerdə 

sürücünü öldürmək, maşını sökmək və hissə-hissə satmaq. 



 280 

Bu plan martın 26-sı gecə saat birin yarısına qədər 

müvəffəqiyyətlə icra olunmaqda idi. Mazanı maşından atıb 

cinayətkarlar Şəkiyə çatmağa tələsirdilər. Təbii ki, Kürdəmirdə 

onların heç qohumu-filanı yox idi. 

Məmməd hələ çox təcrübəsiz surücü idi. Cinayətkarlığı da 

"ilk işi" idi. Bəlkə bu səbəbdən, bəlkə  də ona görə ki, o 

"Moskviç"in  əl sükanları ilə idarə olunmaq xüsusiyyətlərini 

hələ yaxşı   mənimsəməmişdi. Qorxu, həyəcan, tutduqları işin 

vahiməsi düşündüklərindən güclü oldu. Bir yandan da həmin o 

bədnam "daz" təkərlər. Hər halda bu səbəblərin hansındansa ya 

da elə hamısının nəticəsində  hadisə yerindən otuz kilometr 

uzaqlaşmamış, Padar kəndinin yaxınlığında onlar qəzaya 

uğradılar. Saatda yüz kilometrlə gedən maşın üç dəfə aşaraq 30 

metr kənara atıldı. Mat qalınasıdır, amma həqiqətdir: 

cinayətkarlar yalnız yüngülcə  zədələnərək maşından sağ-

salamat çıxdılar. Əhməd plaşını və çamadanını götürdü, amma 

şərfi yadından çıxdı maşında qaldı.  Şərfi bir də  Həmzəyevin 

çertyoju. Kim bilir nə  səbəbdən, nə yolla bu çertyoj onda idi, 

amma hər halda cinayətin tez açılması  və canilərin   

tapılmasında   maşında   unudulub qalmış bu kağız parçasının 

son dərəcə böyük əhəmiyyəti oldu. Oğlanlar çölə tərəf getdilər. 

Gecəni təpənin dalında keçirtdilər. Səhər tezdən yola 

düzəldilər. Yolda yaxşıca yeyib içdilər. 80 manat xərcləyərək 

gəlib  Şəkiyə  çıxdılar.  Pulların qalanını  Əbdülrəhimov yarıya 

böldü. Əlbəttə əzilib tanınmaz olmuş maşını söküb hissə-hissə 

satmaq barədə daha söz ola bilməzdi. Odur ki, canilər üçün bu 

əməliyyatın yeganə maddi faydası dörd yüz manat pul oldu – 

hərəsinə iki yuz. 

 

*** 

Ancaq o gecə hadisələr başqa bir  istiqamətdə  də  cərəyan 

edirdi və  həmin işin  ən qəribə, maraqlı  cəhəti də elə budur: 

məsələ ondadır ki, Mazan   Əliyev diri qalmışdı. Bəli, bəli,   

möcüzə   baş  vermişdi.  Davada dönə-dönə yaralar almış, sol 



 281 

qıçını itirmiş,  arıq, bədəncə  zəif, 51 yaşlı Mazana 23 yaşlı, 

fiziki cəhətdən güclü cani fin bıçağı ilə on iki zərbə vurur, onun 

taqətsiz bədənini tam sürətlə gedən maşından yola tullayırlar, o  

isə ölmür, ağır–ağır qalxır, yol kənarındakı arxdan ovuclarına 

su alıb üzünə  çəkir və  şosenin kənarında dayanıb keçən 

maşınları saxlamağa cəhd edir. İki maşın ötüb gedir – sürücülər 

onu görmür. Mazan Əliyevin başı  hərlənir, gözləri qaralır, 

barmaqlarını hulqumunun yanına çəkir – ordan bıçağın ucu 

çıxıb – Mazana elə gəlir ki, mismarın ucudur. Bıçağın dəstəyi 

isə gicgahındadır. Mazan bu dəstəkdən yapışır, amma 

dözülməz ağrıya tab gətirə bilməyib dərhal buraxır. Ağzında 

dilini tərpədə bilmir, ağzı qanla dolub. Ancaq o hələ tam dərk 

edə bilmir ki, bütün bunlar – hülqumun yanındakı "mismar 

ucu", gicgahdakı  dəstək, ağızdakı qan, ağrı,  əziyyət – hamısı 

vahid bir əşyayla – soyuq silahla, fin bıçağı ilə  əlaqələnir. O 

bıçaqla ki, dəstəyinin ucu – cüyür ayağındandır. 

QAZ-51 markalı maşın Mazanı faraları ilə  işıqlandırdı  və 

dayandı. Bu maşında "Şirvanneftin" fəhlələri gecə növbəsindən 

qayıdırdılar. Sürücüyə  və  sərnişinlərə elə  gəldi ki, vahiməli 

yuxu görürlər. Qanına qəltan olmuş adamın alnında, 

gicgahında buynuz vardı – sarı tüklü ucu qara sümük dırnaqlı –  

tək buynuz! 

Mazanı qan aparırdı, amma o güclə dilini tərpədərək yolu 

göstərdi: 

–İki şəkili balası maşınımı qaçırtdılar, qovaq çataq onlara. 

Sürücü: 

–Əşi sən öz halına qal – dedi. – Səni bu saat təcili yardım 

məntəqəsinə çatdırmaq lazımdır. 

İyirmi dəqiqədən sonra Mazan Əliyevi Qazıməmmədli 

şəhərinin təcili yardım məntəqəsinə çatdırdılar. Bıçağı heç cür 

çıxartmaq olmurdu. Gecə gözətçisi bərk–bərk Mazanın 

çiyinlərindən yapışdı, cavan həkim kətilin üstünə çıxdı və var 

gücü ilə  bıçağın dəstəyindən tutub dartdı. Bıçaq çıxan an 

Mazan  Əliyev hadisələr başlanandan bəri ilk dəfə olaraq 


 282 

huşunu itirdi və yalnız üç gündən sonra özünə gəldi. 

 

*** 

Məhkəmə – tibbi ekspertizanın rəyi belədir: 

"1.Vətəndaş M.H.Əliyevin boyun, baş nahiyəsi, bel və sol 

əlinə çoxlu deşici–kəsici yaralar vurulmuşdur... Təsvir olunan 

xəsarətlər; uzun müddətdə ümumi iş qabiliyyətinin üç də 

birdən artıq dərəcədə itirilməsinə  səbəb olduğuna görə  ağır 

bədən zədələri hesab olunmalıdırlar. 

2.Birinci maddədə  təsvir olunan xəsarətlər edilən zaman 

həyat üçün təhlükəli olmamışlar. Ona görə ki, şokla, qan 

itirilməsi ilə müşayiət olunmamışlar, yaralar bədənə  dərin 

işləməmişlər". 

Sonralar, məhkəmə iclasında çıxış edərkən Azərbaycan SSR 

Səhiyyə Nazirliyinin baş  məhkəmə-tibbi eksperti professor 

Ə.Atakişiyev izah etdi ki, on iki bıçaq yarası Mazan Əliyevə 

ağır xəsarət yetiribsə  də (zahirən bu xəsarətin nəticəsi belə 

təzahür edir: Mazan boynunu döndərə bilmir, dönəndə bütün 

bədəni ilə dönür, baş  ağrısını azaltmaq üçün daima gickahını 

ovxalayır) və bu xəsarət çox ciddi sayılmalıdırsa da, 

xoşbəxtlikdən, bu yaraların heç biri vacib həyat mərkəzlərini 

zədələməmişdir. Adama möcüzə kimi görünür, amma hətta 

gicgaha endirilmiş on ikinci zərbənin belə yönü bir qədər başqa 

olsaydı, bıçaq sümüyü dağıdardı və ani ölümün qarşısını almaq 

olmazdı. Görünür maşının alçaq damı daha sərrast zərbə 

vurmağa mane olub. Və bir də – bu artıq tibbi ekspertin fikri 

deyil, həyatın paradoksudur – bıçağın pərçim olması, dartılıb 

çıxmaması Mazanı daha pis aqibətdən xilas edib: axı gözlərini 

qan tutmuş, öz amansızlıqlarından məst olmuş canilər, qızışıb 

yeni-yeni zərbələr vura bilərdilər. 

Ümumiyyətlə bu əhvalatın paradoksları çoxdur. Məmməd 

Əhmədovun təqsirini – heç bir bəraəti olmayan təqsiri bir qədər 

azaltmağa çalışan vəkil, bəlkə  də peşəsindən doğan 

məcburiyyət səbəbinə, belə bir fikir dedi ki, Məmmədin Mazan 



 283 

Əliyevi maşından atmaq təklifi – bir növ onun həyatını xilas 

eləyib, axı Mazanı  Əhməd dediyi kimi, Şirvan kanalına 

tullasaydılar, o hökmən tələf olacaqlı. 

 

*** 

Martın 28–də Mazan Əliyev özünə  gəldi. Adını, ünvanını 

dedi, xahiş elədi ki, evlərinə  zəng vursunlar, ailəsini 

sakitləşdirsinlər. Onu da dedi ki, müstəntiqlə söhbət eləmək 

iqtidarındadır. Müstəntiqin Mazanın dilindən yazdığı sözlər 

onun bu işdə ilk ifadəsidir. Bu ilk ifadə mahiyyəti etibarilə 

onun sonrakı ifadələrindən – sağalma və  şüurun normal 

fəaliyyəti zamanı verdiyi ifadələrdən – fərqlənmir. Varsa yalnız 

kiçik fərqlər var, bunun da səbəbi aydındır: belə bir sarsıntıdan 

üç gün sonra verilən ifadədə qeyri–dəqiq detallar təbiidir. 

Ancaq detallar! Mazanın ifadəsində bizim yuxarıda nəql 

etdiyimiz hadisələr təsvir olunur. Univermağa gəldiyi 

dəqiqədən, Poluxin və Nizami küçələrinin tinində maşınına iki 

gənci mindirdiyi vaxtdan ta o saatacan ki, gicgahında bıçaq, 

Qazıməmmədli təcili yardım məntəqəsinə gətirilir. Oxucu artıq 

bu hadisələrin gedişinə  bələddir. Yalnız bircə  cəhəti qeyd 

etmək istəyirəm: bıçaqla yaralanmış  və sürüşüb oturacağa 

yıxılmış Mazan – canilər onu ölü saysalar da hər şeyi eşidir və 

dərk edirdi, ölüb-ölmədiyi barədə  şübhələri də, yeni zərbələr 

vurmaq təklifini də, "bıçağı  çıxartmaq olmur" çavabını da 

(kiçiyin maraqlı replikası: "Dayıma nə cavab verəcəyəm?", 

böyüyün cavabı: "Pulunu verərik"), gözləri deşmək haqqında, 

Şirvan kanalı haqqında sözləri də, hamısını eşidirdi və cınqırını 

çıxartmırdı. Cınqırını  çıxartmırdı, çunki bilirdi: hər bir həyat 

əlaməti onun üçün ölüm deməkdir. Bunu mən ona görə 

yazıram ki, bir daha Mazanın iradəsini, igidliyini, yalnız fiziki 

yox, həm də ruhi möhkəmliyini nəzərə çatdırım. 

–Caniləri sizə göstərsək tanıyarsınızmı? 

–Onları  qaranlıqda   görmüşəm,  sifətlərinə də əməlli-başlı 

baxmamışam. Axı  həmişə yola baxırdım. Amma, hər halda, 



 284 

mənə elə gəlir ki, tanıyaram. 

Eyni boy-buxunlu altı  oğlan gətirdilər. Mazan onları sanki 

duman içində, sanki tor dalından görürdü, amma dərhal 

oğlanların birinin alnındakı çapığa diqqət yetirdi və  həmin 

andaca onu tanıdı. 

–Aydın budur – dedi. 

"Aydın" – yəni ki, Məmməd  Əhmədov lal–dinməz 

dayanmışdı. Heç nəylə nəzərə çarpmaq istəmirdi. Hətta elə bil 

sakit idi, guya bütün bu işlərin ona nə dəxli var? 

Əhməd  Əbdülrəhimov bilmirdi ki, onu kameradan çıxarıb 

hara aparırlar. Dünən də onunla Məmmədi hadisə yerinə 

aparmışdılar – onlar həmin yeri tanıdılar, qəza baş verən yeri 

də göstərdilər, dalında gecələdikləri təpəni də... Mazanın şilküt 

qoyduqları maşınını da tanıdılar. Məmmədi hətta sınaqdan 

keçirdilər: sükanın arxasında oturtdular (təbii ki, başqa 

maşının) və nə dərəcədə maşın sürə bildiyini yoxladılar. Ancaq 

indi nədənsə  Əhmədi xəstəxanaya gətirmişdilər və o hələ heç 

nə anlamırdı. Hər  şeyi və birdən-birə  Əhməd o zaman başa 

düşdü ki, üz-gözü sarıqlı adamın gözlərini gördü və diksindi-

öldürdükləri adam "xortlamışdı". Bu anda Əhməd hansı hissləri 

keçirirdi? Ağına-bozuna baxmadan irəli atılmaq, yataqdakı 

taqətsiz  şəxsi boğub öldürmək, üç gün qabaq başa çatdıra 

bilmədikləri cinayəti tamamlamaq? Ya başqa bir hiss? 

Yalvarıb-yaxarmaq, üzr istəmək, əfv diləmək? Bəlkə də sevinc 

hissi. Bəlkə o sevindi ki, cinayətin bütün ağırlığına baxmayaraq 

tale onu daha ağır bir günahdan qurtardı – formal surətdə  də 

olsa o, qatil deyil, müharibə  əlilini öldürməyib, on bir uşağı 

yetim qoymayıb. Yox, yox, Əhməd nə duyur-duysun, bu 

sevinci duymurdu. İndi görəcəyik ki, duymurdu. 

Mazan gözlərini bayaqkı  təki eyni boy-buxunla seçilmiş 

yeddi oğlanın üzünə zilləmişdi.  Əhməd maşında arxa yerdə 

oturmuşdu və onun sifətini Mazan Məmmədinkindən də pis 

xatırlayırdı. Ancaq diqqətlə yeddi oğlanı süzüb Mazan beşini 

buraxdı. 


 285 

–Bu ikisi qalsın – dedi. 

İkisindən biri Əhməd idi. Onların baxışları toqquşdu – 

caninin və cinayət qurbanının gözləri! Və Mazan tərəddüdsüz 

göstərdi: 

–Budur. 


Bəlkə  də o, sifət cizgilərini yadda saxlamamışdı, amma 

gözlərinin ifadəsindən hər  şey oxundu – bu gözlərdə qorxu 

vardı, amma qorxunun da dibində amansızlıq, qansızlıq, 

insafsızlıq vardı. Gecə yarısı maşında o zərbələri vuran əllərin 

və o sözləri deyən dilin sahibi məhz bu cür gözlərə sahib 

olmalıydı. 

Cavab da yubanmadı: 

–Heyf səni bərk vurmamışam ki, canın çıxaydı bir dəfəlik, –

bu sözləri Əhməd dedi. 

Onda müstəntiq  Əhmədə bir şillə vurdu. Elə buradaca – 

Mazanın və tibb işçilərinin gözü qabağında. 

Şəxsən mən vəzifə başında olan şəxslərin öz hüquqlarının 

həddini keçmələrinin qəti  əleyhinəyəm. Amma burada mən 

müstəntiqə  rəğbət bəsləyirəm. O, şilləsinə bu sözləri də  əlavə 

etdi: 

–Mən səni Mazanın  yerinə   vurdum, onun  əlləri sarıqlıdır, 



səni vura bilməz. 

 

*** 

Azərbaycan SSR Ali məhkəməsinin cinayət işləri üzrə 

məhkəmə kollegiyası Ali məhkəmə sədri Abdulla İbrahimovun 

sədrliyi ilə, xalq iclasçıları A.Qaradağlı  və F.Aydazadənin, 

prokuror Y.Yusifovun, müdafiəçi S.Mədətova və 

S.Əfəndiyevin iştirakı, F.Daşdəmirovun katibliyi ilə 1974-cü il 

oktyabrın 12-18-ində bu işə baxmışdır. Məhkəmə prosesində 

ictimaiyyətin nümayəndələri – V.İ.Lenin adına APİ-nin 

psixologiya kafedrasının müdiri professor Ş.Ağayev və 

Azərbaycan Mərkəzi müəllimləri təkmilləşdirmə institutunun 

direktoru, pedaqoji elmlər namizədi B.Vəliyev iştirak edirdilər. 



 286 

Respublikada ilk dəfə olaraq məhkəmə prosesində professor-

psixoloq və dosent-pedaqoq iştirak edirdi və bunun səbəbi də 

müttəhimlərdən birinin – Məmməd  Əhmədovun yeniyetmə 

olması idi – cinayət baş verən vaxt Məmməd 16 yaş yarımında, 

məhkəmə vaxtı 17 yaşında idi. 

A.İbrahimov yoldaş məni də bu prosesə dəvət etmişdi. 

Məhkəmə prosesindən bir neçə gün qabaq işlə tanış oldum. 

İki qalın qovluqda zərərçəkmişin, müttəhimlərin,  şahidlərin 

ifadələri, üzləşdirmənin protokolları, sənədlər, arayışlar, 

bıçağın, hadisə yerinin, əzilmiş maşının fotoları  və s. 

toplanmışdı. Hadisənin özündən başqa işdəki bəzi detallar da 

adamı mat qoyur. Hər iki cinayətkar elə ilk dəfədən öz 

cinayətlərini danmırlar.  Əhməd boynuna alır ki, bıçaq 

zərbələrini məhz o vurmuşdur. Məmməd boynuna alır ki, 

cinayətdən sonra maşını məhz o sürmüşdür. Ancaq ən dəhşətli 

şeyləri boyunlarına götürə–götürə, onlar bəzi təfərrüatdan 

imtina edirlər. Bir qədər sonra, məhkəmə iclasından danışarkən 

mən bu barədə söz açağacam. Qabaqcadan deyim ki, 

məhkəmədə cinayətin əvvəlcədən düşünüldüyü, planlaşdırıldığı 

inkar olunmaz dəlillərlə, tamamilə  dəqiq sübuta yetirildi. 

Amma ilk istintaq ifadələrində hadisələrin ardıcıllığı  və 

motivləri müxtəlif cür izah olunur. Məni  ən çox sarsıdan 

Məmmədin ifadələrinin birində verdiyi izah oldu: biz 

əvvəlcədən onu öldürməyi istəmirdik. Ancaq benzin kolonunun 

yanında o maşından düşəndə  mən  Əhmədə dedim: yaxşı bu 

yolun pulunu necə verəcəyik. Axı bizim pulumuz yoxdur. 

Əhməd çavab verdi: gəl onu öldürək. Mən razılaşdım. 

Yol pulunu verə bilmədiklərinə görə sürücünü öldürmək! 

Mən deyə bilmərəm, hansı daha dəhşətlidir. – Düşünülmüş, 

planlaşdırılmış, qarət məqsədi güdən (əslində belə idi) cinayət 

ya da bax bu cür psixoloji vəziyyət, bu cür düşüncə tərzi (əgər 

bu sayıqlamanı düşüncə adlandırmaq caizsə), bu sayaq əxlaqi 

eybəcərlik: başqa bir insanın həyat və ölüm məsələsinin belə 

laqeydliklə, biganəliklə həll olunması, axı bu fikrin ağlasığmaz 


 287 

sözaltı  mənası budur ki, pulumuz yox idi, yaxşı düşmürdü, 

odur ki, xəcalətdə qalmamaq üçün, onu öldürmək qərarına 

gəldik. Bir vaxtlar Fransada deyərlərmiş ki, saçdakı kəpəkdən 

canı qurtarmaq üçün ən asan yol, başın kəsilib atılmasıdır! 

Etiraf edim ki, işlə tanış olanda da, sonralar məhkəmədə də 

məndə  şübhə oyanmışdı. Bu oğlanlar sözün tibbi, psixiatrik 

mənasında normal adamlardırmı? Bir başqa sual da doğurdu: 

cinayət gecəsi sərxoş olmayıblar ki, ya bəlkə anaşa 

çəkiblərmiş? Bu sualların cavabı  mənfidir. Nüfuzlu tibbi 

ekspertiza onların  şüurlarının psixiatrik cəhətdən tam normal 

olduğunu təsdiq edir. Hadisə gecəsi hər ikisi tamamilə ayıq 

imiş və nəşə–filan da çəkməyiblərmiş. Bunu qəti şəkildə zərər 

çəkmiş iddia edir, iydən, danışıqdan, özlərini aparmaqlarından 

Mazan bunu dərhal hiss edərdi. Bəs onda necə olsun? Əxlaqi 

şüurun dəhşətli eybəcərliyi, xarakterin mənəvi pozğunluğu bir 

yana qalsın, işdə belə detallar, təfərrüatlar da var ki, onlar tibbi, 

mən təkrar edirəm, tibbi cəhətdən normal adam nöqteyi–

nəzərindən izah olunmazdır. Mən hadisə yerində qalmış 

əşyayi–dəlilləri demirəm – hələ cinayətkarlar lazımi peşəkar 

təcrübəyə malik deyildilər. Məni, indi aşağıda gətirəcəyim fakt 

da mat-məəttəl qoyur və hadisələr bu qədər faciəvi olmasaydı, 

bu fakt hətta məzəli görünə  də bilərdi.  İşin 64–cü səhifəsində 

yazılıb ki, ilk istintaq zamanı, bir dəfə  Əhməd  Əbdülrəhimov 

prokurorla görüş istəyib, deyib ki, işlə  əlaqədar olaraq ona 

deyiləsi vacib sözüm var. Prokuror şahidlərin iştirakı ilə onu 

qəbul etdiyi zaman, Əhməd deyib ki, heç bir vacib sözü-filanı 

yoxdur, amma prokurordan otuz manat borc pul istəyir! Buna 

nə deyəsən? (həmin sənəd ciddi protokol üslubunda 

yekunlaşdırılır: "prokuror müttəhimin istəyini rədd etdi"). 

İşdə bir maraqlı  sənəd də var – boz kağız parçasında 

Məmməd  Əhmədovun yazdığı  məktub. Həmin məktubu o 

gəzinti vaxtı Əhməd Əbdülrəhimovun kamerasına atıb. Məktub 

belədir (üslubu olduğu kimi saxlayıram): 

"Salam  Əhməd.  Əhmədcan işimiz haqqında bilmək 


 288 

istəyirsənsə, yazdığıma qulaq as. Əhməd, vəziyyət belədi. 

Özün də bilirsən ki, yaşlısan, az–çox iki nəfər getsək bizə çox 

iş verərlər, gəl bu işi götür sən boynuna, bu işdə cinayətkar sən 

gedirsən... Əhməd sən inan ki, mən qurtarsam sən də çıxarsan, 

onu da sənə kişi kimi söz verirəm. Papam kişiynən danışıb. Hər 

şey öz yerindədi. Mən evdən, həm də vurduğumuzdan məktub 

almışam. Yazırlar ki, mən çıxsam işimiz çox yüngül olar. 

Papam deyir ki, maşını  mən düzəltdirəcəyəm, düzəldirlər... 

Mən qurtarsam sənin işin də az olar, mən nə yazıram sən razı 

ol. Əhməd burda heç bir şey yoxdur, məni burada başa salıblar. 

Mən can atıram çıxmağa və sənin işin asan olmağa, mən sənin 

əksinə nə desəm ona razı ol. Atalar sözü var, dost-dosta yaman 

gündə lazım olar. Əksinə nə desəm sən onu satmaq kimi hesab 

etmə, ona görə ki, biz bunu öz qurtarmağımız naminə edirik. 

Elə bil ki, mən qurtarsam, sən də qurtarırsan. Ona görə biz 

çörək kəsmişik – dost olmuşuq. Mən nə desəm sən onu 

boynuva götür, vurulan kişi, mənim atam, sənin atan da razı 

olub, ona görə ki, sənin işin də az olar, səni məndən qabaq 

çağırıb soruşsalar, deyinən onu mən məcbur etmişəm. Əhməd, 

mənim sənə rəhmim gəlir, ona görə səni də çıxarmaq lazımdır. 

Mən sənə əmr etmirəm ki, sən razı ol. Bu işlər səndən asılıdır. 

İndi mənə yaz, özü də indi göndər. Kağızı da yandır, məni 

burada öyrədiblər. 

İmza: Mamed" 

Fikir verin, söhbət dostluqdan gedir, atalar sözü yada salınır: 

"dost-dosta yaman gündə lazım olar", "çörək kəsməkdən" 

danışılır. O, "kişi kimi söz verir". 

Əhməd  Əbdülrəhimov məktubu müstəntiqə verir. Sonralar 

Məmməd göstərmişdir ki, eyni məzmunlu belə bir məktubu 

ona  Əhməd də yazıbmış, amma o, Məmməd həmin məktubu 

Əhmədin xahişi ilə yandırmışdır. Doğrudan da belə bir məktub 

olub ya olmayıb? Məmməd aldadır ya bu dəfə düzgün deyir? 

Məsələ bunda deyil. Bir şey aydındır – "dostlar" bir-birinə tən 

gəlir. Onlar öz eybəcər  əxlaq prinsiplərinin çərçivəsində, 


 289 

cinayət sövdası  çərçivəsində belə bir-birinə  xəyanət edir, bir-

birini satırlar. "Əksinə  nə desəm razı ol, satmaq hesab eləmə, 

hər şeyi öz boynuna götür ki, mən canımı   qurtarım. Sonra səni 

də  çıxardarıq, kişi kimi sənə söz verirəm" – məktubun 

"sadəlövh" hiyləgər məğzi bundan ibarətdir. Axı deyəsən 

yeniyetmə  şüuru üçün bir az qəliz görünür. Yox, bəlkə bu da 

sadəlövhlükdür? Sadəlikdən məktub yazıb, sadəlikdən aldığı 

məktubu yandırıb. Xeyr, sadəliyin burada izi-tozu görünmür. 

"Papam deyib ki, maşını  mən düzəltdirəcəm". (Onu da 

deyim ki, bütün bunlar yalandır – heç kəs bu barədə Mazanla 

razılığa gəlməyib və Mazan da türməyə   heç bir kağız-filan 

yazmayıb.) Ancaq məsələ  tək bunda deyil. Maşını 

duzəltdirmək olar – deməli hadisənin bütün mahiyyəti yalnız 

maddi zərərdə imiş, maddi zərəri isə sövdalaşıb ödəmək olar. 

Xırda haqq-hesab, alçaqlıq, pulun hər  şeyə qadir olması 

əqidəsi-öldürmək də mümkündür, cəzadan qurtarmaq  da, 

cinayət "dostunu" satmaq da, sonra asudə, rahat yaşamaq da – 

bax budur Məmmədin məktubunun və dünyagörüşünün  əsası! 

(Əlbəttə "dünyagörüşü" kimi siqlətli bir sözün ona şamil 

edilməsi caizsə). Pulun sonsuz  qüdrəti haqqında zəhərli ideya 

– məlum deyil hansı yolla bu ideya bəzi gənc və qeyri-gənc 

şüurlara hakim kəsilib – ciddi təhlükədir. Və  bəlkə elə bu 

təhlükənin ciddiliyi A.İbrahimov yoldaşı ancaq ilk baxışda adi 

cinayət işi görünə biləcək bu hadisə haqqında dərindən–dərinə 

düşündürür.                                                                           

Əlbəttə pul ehtirası, sərvət hərisliyi, varlanmaq həvəsi belə 

ciddi hadisələrə, bu cür mənəvi eybəcərliyə  gətirib çıxarmaya 

da bilər. Amma bu ehtirasın mayasında bizim cəmiyyətimizə 

yad olan, bununla belə müəyyən təhlükə törədən bir keyfiyyət 

var. Bizdə belə dünyagörüşə  zəmin olacaq fəlsəfi, psixoloji, 

içtimai səbəblər yoxdur, ancaq bununla belə elə adamlar peyda 

olur ki, (onların arasında cavanlar da az deyil) nəinki həmin 

dünyagörüşünü passiv surətdə  mənimsəyirlər, həm də onun 

prinsiplərini aktiv şəkildə  həyata keçirməyə  cəhd edirlər. 


 290 

Rüşvət, daşbaş, oğurluq bizim fəlsəfəmizə,  əxlaqımıza, 

dünyagörüşümüzə qarşı, necə deyərlər iqtisadi təxribat 

formalarıdır. Bunlardan bir addım, bəlkə yarım addım o yana 

isə – cinayətkarlıq, qatillik, amansızlıq, zor dayanıb. 

–Bəzi cavanlarımızda bu amansızlıq, zalımlıq hardandır? – 

bu fikirlər Abdulla İbrahimovu daima narahat edir. Axı lap 

bəsit düşünsək belə, bizə aydındır ki, bu gənclər müharibələrdə 

amansızlaşmamışlar, ictimai-siyasi sarsıntıları da yaşlı  nəslə 

nisbətən qat-qat az görüblər, yaşlı adamların rastlaşdığı  həyat 

çətinlikləri ilə üzləşməyiblər. Bəs məsələ  nədədir. Niyə görə 

bizim istintaq orqanları  bəzən cinayətin zalımlığına görə 

cinayətkarın yaşını  səhvsiz təyin edə bilirlər. 20-25 yaş. Niyə 

səbəbsiz cinayətlərin sayı artır? Bu problemlər haqqında 

danışmaq lazımdır və  bərkdən danışmaq lazımdır. Müəyyən 

problemlər haqqında susmaq – onları həll etmək demək deyil, 

əksinə bu sükut xəstəliyi şiddətləndirə bilər. – Bu məsələlərdə 

səriştəsi və təcrübəsi olan ali məhkəmə sədrinin fikirləri barədə 

ciddi düşünmək lazımdır. 

İnsanaqənim bir burjua nəzəriyyəsi var, həm də guya bu 

nəzəriyyə statistikaya əsaslanır. Bu nəzəriyyəyə görə, guya 

uzun zaman müharibə  qırğınları olmadıqda səbəbsiz 

cinayətlərin sayı artır, zalımlıq şiddətlənir. 

Biz müharibə  fəlakətlərinə, insan qırğınına dolayısı ilə  və 

açıqdan-açığa haqq qazandıran bu cahil nəzəriyyəni rədd 

edirik. Biz təcavüzkarlığın, qaniçənliyin, amansızlığın insanın 

anadangəlmə bioloji keyfiyyətləri olması fikrini qəbul eləmirik. 

Ancaq biz də öz cavabımızı verməliyik – elmi, siyasi, 

emosional cavabımızı – belə adamlar necə meydana gəlir, nə 

cür formalaşırlar. Axı 20-25 il bundan qabaq doğulmuş bu 

adamlar radioya qulaq asır və filmlərə baxırlar, onlar öz 

yaşıdlarını görürlər – şəhərlər tikən, tarlalarda çalışan, kosmosu 

fəth edən, yerin və  dənizin dibindən neft çıxaran yaşıdlarını, 

onlar müharibənin və dağıntı dövrünün çətin sınaqlarından 

çıxmış yaşlı  nəsli görürlər, onlar cəmiyyətimizdəki  ən yüksək 


 291 

və ən işıqlı şeyləri görürlər və bununla belə, onların əli qalxır 

ki, soyuqqanlıqla dünyada müqəddəsdən-müqəddəs insan 

həyatına – başqa birisinin həyatına qəsd eləsin. Bizim ictimai 

mühitdə bu rəzillərdə pula, dövlətə belə yüksək hörmət və 

insan həyatına belə alçaq hörmətsizlik necə meydana gəlir. 

Mən diqqət verdim ki, məhkəmədə  sədrin protokol suallarına 

cavab verərkən  Əhməd  Əbdülrəhimov həvəssiz–həvəssiz bir 

təhər adını, familini, doğulduğu yeri, ili deyə bildi, amma 

doğulduğu ayı  və günü heç cür yadına sala bilmədi. Və bu 

yalan deyildi. O doğrudan da bu günü – hər insan həyatının ən 

vaçib gününü, möcüzə gününü, dunyaya gəldiyi günü 

yaddaşına yük eləmək istəmirdi. Mənə elə gəldi ki, bu təsadüfi 

deyil. Bu kiçik də olsa çox xarakterik təfərrüat idi. Həyata, 

ümumən insan həyatına və o cümlədən də öz həyatına 

etinasızlıq  əlaməti idi bu. Nə  fərqi var dünyaya haçan 

gəlmisən, nə  fərqi var dünyadan haçan və necə gedəcəksən – 

bəlkə maşında qəzaya uğrayıb öldün, bəlkə bıçaqlandın, bəlkə 

gülləyə məhkum edildin – nə fərqi var... 

İlk dəfə  məhkəmə salonunda gördüyüm bu canilərin 

sifətlərində  məni  ən çox sarsıdan – biganəlik ifadəsi idi. 

Üzlərində qorxu ifadəsi də vardı.  Əhməd hətta bir neçə  dəfə 

isterikaya da qapıldı. Aldatmaq, kələk gəlmək, yalan danışmaq 

cəhdləri də oldu. Ancaq onlara hakim kəsilmiş  əsas hiss – 

laqeydlik hissi idi, bütün duyğuların, emosiyaların süstlüyü, 

dünyada hər  şeyə qarşı, o cümlədən öz aqibətlərinə qarşı da 

tam bir biganəlik...                                                                       

Mazanı   təsadüfən  seçmişdilər – onun  maşınına da minə 

bilərdilər, başqa bir maşına da – ondan qabaq keçən, ondan 

sonra keçənə. Məhz bu adamı – əlili, on bir uşaq atasını da 

öldürə bilərdilər, başqa birisini – subayı, sonsuzu da, qocanı da, 

cavanı da... Seçdikləri adam müharibə yaralarından, neftçi 

əməyindən də danışa bilərdi, Afrika qadınlarından, Soçi 

plyajlarından da... fərqi yox idi. Xoşxasiyyət olsun, ya çılğın – 

bunun da təfavütü yoxdur. Söhbətcil, ya qaradinməz,  şux ya 


 292 

kədərli? Nə fərqi var? Şəxsiyyətin heç bir əhəmiyyəti yox idi. 

O yalnız obyekt idi. Hələ onu tanımamışdan öldürmək qərarına 

gəlmişdilər. Amma axı sonra onu tanıdılar – adamı, xüsusən də 

Mazan kimi istiqanlı adamı yolda daha yaxşı   tanıyırsan – bəli, 

tanıdılar, amma əvvəlki fikirlərindən zərrə qədər daşınmadılar.  

Söhbətə qoşulmuşdular, Mazana "dayı" deyirdilər,  siqaret 

çəkəndə izin  istəyirdilər, onun sözlərinə diqqət verir, 

razılaşırdılar,  əslində isə Mazanın danışdıqlarının heç biri 

onların boşalmış – necə? Haçan?  Nə səbəbdən boşalmış – kim 

bilir? – Ürəklərində  ilişib  qalmırdı. Nədən danışır-danışsın – 

əziyyətli həyatından, mehriban  ailəsindən, müharibə 

çətinliklərindən,   bugünkü dinc  və xoş ömründən – təfavütü 

yox idi. O bir dildə danışırdı, bunlar başqa dildə qulaq asırdılar. 

Azacıq da olsa tərəddüdləri oldumu?  Bəlkə  ürəklərinə   bir an 

gəldi ki, cinayət planını saxlamaqla obyekti dəyişsinlər, odun-

alovun içindən həyatını  qoruya  bilmiş bu xoşxasiyyət adama 

yox, başqa birisinə qəsd eləsinlər. Yəni bu tərəddüdlər heç cür 

oyana bilməzdi? Heç olmasa o vaxt ki, Mazan onların ac olub-

olmadığını soruşdu, qonaq eləmək istədi. Mazan bu təklifi  

Qazıməmmədlidə  yeməkxananın  qabağında  saat  23-15-də 

eləmişdi. Onlar  isə bunun müqabilində ayrı  təklif elədilər – 

maşını benzinlə doldurmaq haqqında: axı sonra, o işdən sonra 

benzinlə  məşğul olmağa macal qalmayacaqdı, həm də xatası 

çıxa bilərdi. – Pulunuz yoxdur canınız sağ olsun, mən sizi 

qonaq edərəm – Mazan bu sözləri saat 23-15-də demişdi; saat 

23-20-də  yəni 5 dəqiqədən sonra o benzin kolonkası yanında 

maşından çıxarkən oğlanlar qətlin vaxtını  və yerini 

müəyyənləşdirdilər, 5-10 dəqiqədən sonra 5-10 kilometr 

buradan aralı. 

Heç bir şey onları  qərarlarından döndərə bilməzdi. Mazan 

yalnız obyekt idi. Yaxşı  bəs məqsəd nə idi? Nə niyyətlə onu 

öldürmək istəyirdilər. Maşını qaçırtmaq, söküb hissə-hissə 

satmaq? Tutalım belədir. Yaxşı, axı Mazan indi xatırlayır ki, 

onu "öldürəndən" sonra oğlanlar dərhal maşının aqibəti 


 293 

haqqında danışmağa başladılar, Məmməd dedi ki, bu maşının 

içində qalmaq xatadır, gəl bu maşını ataq getsin, Əhməd isə 

dilini sürüyə-sürüyə cavab verdi ki, bəlkə Şəkiyə qədər gedək, 

orda söküb sataq? 

Mazanı yola atandan bir neçə dəqiqə sonra "Moskviç" aşdı. 

Onlar özləri də həlak ola bilərdi. Hər halda planları boşa çıxdı, 

varlanmaq niyyətləri baş tutmadı. Kədərləndilərmi? Yox, mənə 

elə gəlir, çox da kədərlənmədilər. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin