***
İkicə hiss onlara hakim idi–laqeydlik və qorxu. Laqeydlik
hətta qorxuya üstün gəlirdi. "Adam öldürmək?" Nə var ki? Axı
maşını da sata bilmədilər. Eyb etməz! Hələ maşında ikən
"öldürülmüş" Mazanın yanında danışırlarmış ki, bir azdan
sonra başqa bir maşın da qaçırdarıq, təbii ki, sürücünü
öldürmək şərti ilə – cinayətkarların necə deyərlər iştahları diş
altındaymış. Ancaq ilk dəfədən ələ keçdilər. İndi onları
məhkum edəcəklər. "Bəxtləri gətirmədi".
Heç bir şey ifadə etməyən, dadsız-duzsuz sözlər – qəlb
boşluğunun nişanələri. Belə hisslər ancaq elə boş ürəklərdə
yaşaya bilər ki, bu boşluqda qorxu belə özünü tək, yalqız bilir.
Yolda meyxana deyirlərmiş. Bəlkə qorxudan? Bəlkə; özləri-
özlərini sakit eləmək, bir-birinə ürək-dirək vermək üçün? Bəlkə
də... Ancaq mənə elə gəlir ki, onların oxumaqları, fit, çırtıq
çalmaları da etinasızlıqdan və biganəlikdən imiş. Görmək
istədikləri hər halda çox ciddi bir işə belə etinasız
münasibətdən doğurmuş bu ovqat.
Ən dəhşətlisi o idi ki, oğlanlarda öz qurbanlarına qarşı heç
bir nifrət hissi yoxdu. Onların qəlblərində heç bir alınmamış
intiqam, qisas, unudulmamış təhqir duyğuları qövr etmirdi.
Axşam saat səkkizdə onlar yer üzündə belə bir adamın –
Mazan Əliyevin olduğunu heç bilmirdilər də. Dörd saat bir
yerdə yolda olublar, eyni hava ilə nəfəs alıblar, söhbət ediblər,
gülüşüblər. Mazanın özü haqqında danışdıqları ona qarşı nə
294
nifrət, nə həsəd, nə paxıllıq hissi oyada bilərdi. Və hətta biri
Mazanın əllərini tutanda, o biri bıçaqla zərbələr vuranda da,
nifrət yox idi. Amansızlıq, zalımlıq var idi, amma nifrət hardan
olaydı? Bəlkə onlarda Mazana qarşı nifrət yalnız onun diri
qaldığını biləndə baş qaldırdı. Və indi məhkəmədə yəqin ki,
doğrudan da nifrət edirdilər. Mazan diri–diri onların qarşısında
dayanmışdı, boynunu nə çevirirdi, nə də əyirdi. Çevirmirdi, ona
görə ki, çevirə bilmirdi, yaraların yeri qoymurdu. Əymirdi, ona
görə ki, yaşadığı ömür heç kəsin qarşısında baş əyməməyə,
hamının gözünün içinə düz baxmağa haqq verirdi. O elə bir
ömür yaşamışdı ki, qarşısındakı oğlanlara belə bir ömrü nə
yaşamaq, nə də anlamaq nəsib olacaqdı.
***
Məhkəmə iclası ittihamnamənin oxunuşu ilə başladı.
İttihamnaməni xalq iclasçılarından biri, Azərbaycan radiosunun
diktoru Aydın Qaradağlı oxuyurdu. Azərbaycan dinləyiciləri
üçün Aydın Qaradağlının səsi bütün ölkəmizin dinləyiciləri
üçün Levitanın səsi kimidir – bu səslə xəyalımızda dövlət
əhəmiyyətli məlumatlar, rəsmi, təntənəli mətnlər bağlıdır.
Öz əməlləri haqqında rəsmi sənədin dəqiq cümlələrini, canlı
radio səsi ilə eşidərkən canilər hansı hissləri keçirirdilər. Axı
elə bil, qanunlarını və əxlaqını tapdaladıqları dövlətin özü
danışırdı. Bu fikri məhkəmə prosesi zamanı onlara dönə-dönə
A. İbrahimov da təlqin etməyə çalışırdı. O deyirdi ki, siz yalnız
konkret bir şəxs qarşısında zərər çəkmiş M.Əliyev qarşısında
deyil, həm də daha artıq dərəcədə cəmiyyət qarşısında
günahkarsınız. O cəmiyyət ki, öz üzvlərini layiqli adam kimi
yetişdirib tərbiyə etmək naminə xeyli maddi vəsait sərf edir.
Sonra Mazan Əliyev danışdı. O, ətraflı danışırdı. Yerli-
yataqlı danışırdı, oxuculara artıq tanış olan hadisələrin gedişini
bərpa edirdi.
Mən səbirsizliklə müttəhimlərin ilk sözlərini gözləyirdim.
Özlərini necə aparacaqlar, nə deyəcəklər, hansı sözlərlə,
295
dəlillərlə özlərini təmizə çıxartmasalar da, heç olmasa
əməllərini izah etməyə çalışacaqlar.
Məmməd də, Əhməd də ağızlarını açan kimi Mazan Əliyevi
qeyri-dəqiqlikdə, düz danışmamaqda təqsirləndirməyə
çalışırdılar. Bəli, bəli məhz qeyri-dəqiqlikdə, təfərrüatın qeyri–
dəqiqliyində. Çünki hadisənin əsas mahiyyətini və öz rollarını
onlar inkar etmirdilər.
Məmməd sanki mənliyi təhqir olunmuş bir şəxs kimi inad
edirdi: – Düz demir, dirsəyimlə qarnını basmamışam, maşından
çıxdım, maşının qabağından keçdim, o biri qapısından girdim.
Mazanın üstündən aşmamışam.
–Yaxşı, tutalım belədir, aşmamısan. Amma əllərini ki,
tutmusan? Dostun da bu vaxt ona bıçaq vurub.
–Yox, əllərini də tutmamışam, mən ruldan yapışmışdım.
–Mazan Əliyev sizə yalvarırdımı ki, onu öldürməyəsiniz?
–Bəli, yalvarırdı.
–Bəs sən nə etdin?
Sükut.
–Deyirdimi ki, on bir uşağım var, yazığam, məni
öldürməyin?
–Bəli, deyirdi.
–Sən də onun uşaqlarını nalayiq sözlərlə söydün.
– Yox söyməmişəm.
–Cibindən 480 manat pul çıxardıb Əhmədə vermisənmi?
–Bəli.
–Qolundan saatını dartıb çıxartmısanmı?
–Yox.
–Demisənmi ki, deyəsən ölməyib.
–Bəli.
–Əhməd nə cavab verdi?
–"Elə vurmamışam ki, sağ qala".
–Sən də təklif elədin ki, gözlərini çıxardaq.
–Yox.
296
–Yaxşı, bəs dedin ki, bu meyiti neyləyək?
–Bəli.
–Əhməd də təklif elədi ki, Şirvan kanalına ataq
–Bəli.
–Sən də dedin ki, yox, itə-qurda rast gələrik.
–Bəli.
–"İt–qurd" deyəndə kimi nəzərdə tuturdun?
–…
–Deməli Mazanı yola atdınız.
–Mən atmamışam.
–Bəs nə cür oldu ki, yolun üstünə düşdü?
–Qapı təsadüfən açıldı və o yıxıldı.
–Siz də maşını saxlamadınız?
–Xeyr.
–Benzin kolonkası yanında Əhmədlə nə barədə danışırdınız?
–Beş-on kilometrdən sonra Mazanı öldürmək barədə.
–Və belə danışdınız ki, Əhməd səndən siqaret istəyəndə, bu
işarə olacaq.
–Yox.
–Bəs necə?
–Elə belə, o, məndən siqaret istədi, mən də verdim.
–Və elə həmin an siqareti yandırmayıb zərbə vurmağa
başladı?
–Bəli.
–Deməli, deyirsən, bu işarə deyildi?
Sükut.
Elə düşünmək lazım deyil ki, Məmmədin bəzi detalları
danması təsadüfi xarakter daşıyır, ya da həqiqətin bərpa
olunması naminə edilir. Yox, məsələ ondadır ki, ibtidai həbsdə
olduğu müddətdə "kamera qonşuları" ona cinayət məcəlləsinin
bəzi maddələrini başa salıblar. O, cinayəti ağırlaşdıran cəhətləri
də bilir ("gözlərini çıxardaq", "ataq yola"), yüngülləşdirən
cəhətləri də ("Əlini tutmamışdım, ruldan yapışmışdım", "elə
belə, siqaret verdim" yəni bu işarə deyildi, işə başlamaq
297
haqqında işarəni mən verməmişəm və sairə). Məmməd özünə
qarşı nifrəti artıra biləcək sırf emosional cəhətləri də nəzərə
alır. Odur ki, Mazanın uşaqlarını söydüyünü danır. Həddən
ziyadə zalım görünmək istəmir. Odur ki, "qarnına dirsəyimi
basmamışam, qapıdan çıxıb, maşının qabağından keçmişəm" –
deyir. Deməli, meyiti narahat etmək istəməyib! Əhsən belə
mərifətə!
–Məqsədiniz nə idi?
–Maşını qaçırtmaq, sökmək, hissə-hissə satmaq.
Bu danılmır.
–Bakıya haçan gəlmisən?
–Martın 23-də.
–Əhmədlə harda və haçan tanış olmusunuz?
–Şəkidən tanışıq.
–Sonra harda və haçan görüşdünüz?
–Bakıda. Martın 24-də.
–Necə?
–Təsadüfən. Küçədə.
–Bəs sonra?
–Bütün günü şəhəri gəzdik. Sonra TFərhadU kafesində
nahar elədik. Əhmədin pulu yox idi. Mən qonaq elədim.
–Bu iş haqqında söhbəti harda başladınız?
–Elə orada, kafedə.
–Ətraflı danış.
–Əhməd mənə dedi ki, gəl bir xüsusi maşın saxlayaq,
sürücüdən xahiş eləyək ki, bizi şəhərdən kənara aparsın, xəlvət
bir yerdə onu öldürək və maşını qaçırdaq.
–Sən də razılaşdın?
–Bəli.
–İndi tutduğun əməldən peşmansanmı?
Sukut.
Bu sükut hər şeydən dəhşətli idi. Sonra məhkəmənin
axırında son sözündə Məmməd (görünür onun aqibətini
yüngülləşdirməyə çalışan vəkilinin məsləhəti ilə) öz
298
peşmançılığı haqqında danışdı. Dedi ki, tutduğu iş üçün xəcalət
çəkir, Mazan Əliyevin qarşısında özünü günahkar bilir. Ancaq
nə əvvəldə, nə də proses ərzində o bu sözləri deməmişdi. Ona
görə yox ki, qəsdən demək istəmirdi. Ona görə ki, o, doğrudan
da peşmançılıq hissləri keçirmirdi.
Əxlaqca pozulmuş şüur üçün cinayət yalnız açılan zaman
cinayət olur, şahidlər varsa cinayət sayılır. Bu qəribə variantda
isə şahid diri qalmış qurban özü idi. Açılmamış, sübuta
yetirilməmiş, şahidsiz cinayət əxlaqca pozğun şüur üçün
cinayət deyildir. Belə şüur üçün cinayətin açılması və deməli
cəza qorxusu yeganə qoruyucu səddir. Bütün qalanlar isə –
vicdan əzabları, daxili iztirablar, işlənmiş günah üçün qorxu və
bir vaxtlar deyildiyi kimi allah xofu – heç bir əhəmiyyətə malik
deyil. Tutulmamısan – oğru deyilsən, şahid yoxdur–qatil
deyilsən, sakit yata bilərsən. On bir yetimi heç xatirinə də
gətirmə.
Yox tutulmusansa, başqa məsələ. Tutulmusansa deməli öz
əməlini o axşam "Fərhad" kafesində olduğu kimi qeydsiz-
şərtsiz bəyənə bilməzsən. Ancaq əslində nə Məmmədin
psixologiyasında, nə onun əxlaqi anlayışlarında heç bir
dəyişiklik olmamışdı. Əgər cinayət baş tutsaydı, onlar ələ
keçməsəydi Məmməd bəlkə də ömrünün axırına qədər heç bir
vicdan əzabı çəkməyəcəkdi. "Vicdan?! O nədi elə? Adam
öldürmək pisdir? Zalımlıq pisdir? Satqınlıq pisdir? Niyə?".
Caninin hərəkət tərzindən və düşüncə məntiqindən doğan bu
sayaq suallara cavab vermək çətindir. Doğrudan da ona necə
izah edəsən ki, xəyanət pisdir. Zalımlıq pisdir. Vicdan ülvi
anlayışdır. Əgər sözləri isbat etmək, əyani konkret formalarda
göstərmək, insan nəcibliyinin, qəhrəmanlığının, fədakarlığının,
mərhəmətinin yüksək örnəklərilə təcəssüm etdirmək mümkün
deyilsə, belə sözlərin mənası nədir? Dediyimiz yüksək
anlayışlara müasir həyatdan, tarixdən, bədii ədəbiyyatdan
nümunələr gətirmək olar. Tarix? Tarix onları maraqlandırmırdı.
Kitablar? Oxumurdular. Yaxşı, bəs müasir həyat? Axı ola
299
bilməz ki, onlar mərhəmətli, namuslu, nəcib adamlara rast
gəlməsin? Necə yəni rast gəlməyiblər. Neç olmasa elə Mazanın
özünü götürək. Onun tərcümeyi-halı tamamilə real olmasaydı,
qeyri-inandırıcı dərəcədə nümunəvi görünə bilərdi. Müharibə
illərində döyüşçünün çətin yolu, Neft daşlarında fədakar əmək
günləri, möhkəm, sağlam, çox uşaqlı ailə. Üstəlik şəxsi
keyfiyyətləri: xoşqılıqlığı, həssaslığı, əməksevərliyi. Amma nə
olsun, bütün bunlar zərbə endirən əli saxlamadı, gözünü
deşməyi təklif edən dili susdurmadı. Məsələ nədədir? Görünür
bu tipli adamların başqa bir qiymət cədvəli var. Və həmin
qiymət cədvəlində bütün normal adamlar üçün fəna olan bir
şey, heç də fəna deyil. Hamıya şər kimi görünən bir şey, heç də
şər deyil. Vicdan, mərhəmət, insaniyyət? Sözlər, sözlər,
sözlər... Yaxşı bəs pul, dövlət, bunlardamı ancaq sözlərdir?
Yox, bu başqa məsələ. Pul Bakı şəhərinin ən adi yemək
yerlərindən olan "Fərhad" kafesində kef çəkib yemək-içmək
deməkdir. Dondurulmuş balıq, tutma xiyar, bir şüşə, yaxşı iki-
üç şüşə neft təmi verən pis Bakı arağı – bir axşama on beş-
iyirmi manat. Yaxşı bir axşam olmasın, on axşam olsun. Yüz
axşam olsun. Bunun yolunda – bəli məhz bunun yolunda –
çünki canilərin son dərəcə kasıb daxili aləmi "ləzzətli həyatın"
başqa keflərindən bixəbər idi. Ancaq tək bircə bunlardan
ötrü qarşına çıxan adamı öldürmək olar. Əgər xüsusi
avtomobili varsa.
Amma bəlkə məsələ ayrı cürdür? Bəlkə iş elə gətirib ki,
onlar həyatda yalnız pis adamlara tuş olublar. Yalançı, satqın,
əzazil adamlara. Bəlkə bir, ya iki nəfər belə bir şəxs onların
xarakterini tərbiyə edib. Təsadüfi deyil ki, Əhmədin vəkili
Məmmədin əlinin üstünə çəkilmiş döymə şəkillərə diqqət
yetirdi. Bu şəkilləri Məmmədin çox erkən yaşından pis yola
düşməsi kimi qiymətləndirdi. (Bu prosesdə vəkillərin işi çətin
idi. Hər biri müdafiə etdiyi şəxs üçün yüngülləşdirici cəhətlər
tapmayıb o biri müttəhimin təqsirini artırmaq istəyirdi.)
Budur şahid sifəti ilə Məmmədin atası, Şəki ipək fabrikinin
300
fəhləsi çıxış edir. Bu 58 yaşlı kişi ixtiyar bir qocanı andırır.
Oğlunun müsibəti onun da qəddini əyib. Çal tük basmış
sifətində iztirab izləri var. Hakim xahiş edir ki, özü haqqında
danışsın. O danışır. Zəhmət içində keçmiş həyatından danışır.
Deyir ki, 16 yaşından beş baş külfət saxlamalı olub. İndi
kombinatın boyaqçı sexində işləyir. Arvadı da orda işləyir.
Məmməd də Bakıya bu uğursuz səfərinə qədər orda işləyirmiş.
(Maaşı 60 manat.) Məmməd gözləri qarşısında atasını görürdü.
Amma bəlkə bu nümunədə Məmməd onun əsil mənası ilə
daban-dabana zidd olan başqa bir şey görürdü. Bəlkə o atasının
həyat yolunu lazımsız fədakarlıq kimi qiymətləndirir və
düşünürdü ki, bu nəciblik heç bir xoş güzərana səbəb olmayıb,
necə deyərlər özünə gün ağlaya bilməyib. Bəlkə maddi
cəhətdən təmin olunmamış namuslu həyat – yetişməmiş şüur
üçün pis misaldır, əks müddəanı sübut edir.
Məhkəmə zamanı canilərin və zərərçəkmişin özlərini necə
aparmalarını müşahidə etmək çox maraqlı idi. Mazan Əliyev
daha həyəcanlı görünürdü. O, az-çox sağalmışdı. Amma indiyə
qədər mənəvi sarsıntıdan özünə gələ bilməmişdi. Bıçaq
yaraları sağalırdı. Amma indiyə qədər o anın təəccübü
keçməmişdi: ona bu yaraları kim vurur? Bir dəqiqə bundan
qabaq onunla şən zarafatlaşan, oxuyan həmin oğlanmı? Nə
üstündə? Bu suallara indi məhkəmədə də cavab tapmaq
çətindir. Axı lənət şeytana, bədə-bəddə maşını qaçırtmaq,
sökmək olardı. Daha sürücünü öldürməyə, həm də belə
zalımcasına qətlə yetirməyə nə hacət? Mazan anlamağa çalışır.
Hər bir təbii hisslərlə, normal əxlaqi şüurla yaşayan adam kimi,
o da bunu heç cür anlaya bilmir. Və bəlkə məhz buna görə
Mazan ona bu qədər iztirab gətirmiş canilərə nifrətdən artıq
təəccüblə baxır. Bu yerdə belə bir söz nə qədər qəribə görünsə
də, hətta, müəyyən qayğı ilə yanaşır. O çıxışlarında dönə-dönə
belə bir ifadəni təkrar edirdi: "Axı onlar mənim balalarım
kimiydi". (Əlbəttə yaş mənasında). Məhkəmədə Əhməd
Əbdülrəhimovun halı xarab olanda və o su istəyəndə Mazan
301
yanındakı "Badamlı" şüşəsindən stəkana su süzüb müttəhimə
yaxınlaşdı. O, özünü göstərmirdi. Bu hərəkət nifrət və şər
anlayışları ilə deyil, elementar insaniyyət, xeyir anlayışları ilə
yaşayan bir adamın təbii davranışı idi.
Məhkəmədə bir təsirli hadisə də oldu. Məhkəmə sədri
Mazana zərbə vurulan fin bıçağını əşyayi-dəlil kimi göstərdi.
Hakim bıçağı göstərən kimi Mazan əlləri ilə üzünü tutdu və
başını aşağı saldı – o bu silaha baxa bilmirdi.
–Siz bu bıçağı tanıyırsınız?
Mazan başını qaldırmadan:
–Yox, – dedi, – axı mən onu görməmişəm.
–Təsdiq edirsiniz ki, sizi məhz bu bıçaqla vurublar?
(Cavabınız protokola yazılmaq üçün lazımdır.)
–Madam ki, bu bıçağı mənim başımdan çıxardıblar deməli
elədir.
–Yaxın gəlin, bıçağa baxın və təsdiq edin.
Mazan:
–Yox, – dedi. Və pıçıltı ilə əlavə etdi: – Qorxuram.
Hakim gülümsündü:
–Qorxmayın, indi bıçaq mənim əlimdədir.
Mazan qəribə sözlər dedi:
–Onların yanından keçməyə qorxuram.
Dedi və müttəhimlər kürsüsünü göstərdi.
Düz beş dəqiqə bundan əvvəl o nəinki bu kürsünün
yanından keçmişdi, hətta bir stəkan su ilə Əhmədə yanaşmışdı.
İndi isə görünür şüurun nəzarət edə bilmədiyi sırf fizioloji
impulslar, qoruyucu instinktlər təsir göstərirdi. Ancaq Mazan
buna da qalib gələ bildi, hakimə yanaşdı, diqqətlə bıçağa baxdı
və sanki mat-məəttəl qaldı. İndi də onun keçirdiyi hal qəzəbdən
daha çox təəccüb halı idi. Müttəhimlər kürsüsünün yanından
geri dönərkən o, yenə də çox qəribə sözlər dedi:
–Ə, sizin insafınız hanı ə... Adamı da belə bıçağnan vurarlar.
Barı yumruqnan vuraydınız.
Sözlər qəribə idi, onların deyiliş tərzi daha da qəribə... Bu
302
qəzəbli bir ittiham deyildi, yüngül bir tənə idi. Elə bil kosla
pəncərə şüşəsini sındırmış nadinc uşağı mehriban dayısı tənbeh
edirdi.
Mən Mazan Əliyevin arvadı Dünyaxanımın şahid kimi çıxış
edərkən dediyi sadə sözlərə yüz faiz inanıram. Hakim xahiş
edəndə ki, Dünyaxanım əri haqqında danışsın Dünyaxanım
belə cavab verdi:
–Nə deyim, bilmirəm. Gör neçə ildir ki, bir yerdə yaşayırıq.
Bir onu deyə bilərəm: o belə adamdır ki, əgər siz indi ona
ixtiyar versəniz, bax elə buradaca bu oğlanları buraxar getsin.
Mən Dünyaxanımın sözlərinə yalnız ona görə inanmıram ki,
Mazanın xasiyyətinə yaxşı bələdəm (mən onu yaxşı tanımıram)
yaxud xristian şəfqəti ideyasına məftunam. Mən ayrı şeyə
inanıram. Başı çox bəlalar çəkmiş insanın başqa insanlara
qırılmaz etibarına inanıram. Bu etibar deyir ki, hər hansı bir
adamda zalım və murdar cəhətlər varsa belə, onların dibində nə
isə həqiqi, yaxşı cəhət də ola bilər və bu yaxşı cəhəti xilas
eləmək hələ bəlkə də gec deyil.
17 yaşlı Məmmədi xilas etmək olarmı? (Hələlik söhbət
yalnız ondandır.) Doğrusu işlə tanış olanda da və xususən sonra
məhkəmədə həyasızlıqla Mazan Əliyevin yalanını çıxartmağa
cəhd etdiyini gördüyüm zaman da mən onun düzələ biləcəyinə
şübhələnirdim. Bu şübhələrim professor Ş.Ağayev ona
mücərrəd, amma çox vacib bir sual verərkən, Məmmədin
cavabını eşitdiyim zaman daha da artdı. Professor: "Məmməd,
bax bu saat səni burdan buraxsaydılar nə edərdin?" – deyə
soruşdu. Məmməd: " – Evimizə gedərdim" – dedi.
Onun heç ağlına da gəlmədi ki, başqa bir cavab da verə
bilərdi: "Gedərdim Mazanın ayağına yıxılardım, yalvarardım
ki, məni bağışlasın, günahımı yumağa çalışardım".
Ancaq bir an mənim şübhələrim sarsıldı.
Şahid sifəti ilə salona Məmmədin anasını, Salatın
Əhmədovanı çağırdılar. Salona 40 yaşlı, xoşsifət, başına
kəlağayı örtmüş bir qadın daxil oldu. Onun sifətində kədər və
303
eyni zamanda şəffaf bir təmizlik vardı (mən bilmirəm oğlunun
pis tərbiyə almasında bu qadının məsuliyyəti nə qədərdir. Hər
halda istintaq orqanlarına tapdığı 200 manatı məhz o gətirib.
"Bizə haram pul lazım deyil" – deyib)...
O, suallara yavaş səslə, kədərlə və dəqiq cavab verirdi. Onu
deyim ki, Salatın xanımın cavablarından biri həqiqətin
dəqiqləşməsinə yardım göstərdi. Bu barədə sonra deyəcəyəm.
İndi söhbətim ondan deyil. Məhkəmə salonunda hamının
qəlbini titrədən ən təsirli epizodlardan biri haqqında danışmaq
istəyirəm. Şahidlər kürsüsündə ana dayanmışdı. Və ana adi
suallara cavab verirdi – adı, famili, doğulduğu il. Və bu zaman
Məmməd ağlamağa başladı. Bərkdən hönkürə-hönkürə
ağlamırdı. Xısın-xısın, hıçqıra-hıçqıra, acı-acı ağlayırdı.
Dəcəllik etmiş uşaq kimi. Bütün bu iş müddəti ərzində həmin
dəqiqələr Məmmədin ilk təbii və həqiqi emosional halı idi. İndi
o, nə başqasının həyatına, insan qanunlarına yuxarıdan aşağı
baxan bir "qəhrəman", nə Mazanın xırda təfərrüatda yalanını
çıxartmağa çalışan bir həyasız, nə taleyinə biganə və laqeyd,
bütün sözlərə, məsləhətlərə kar olan etinasız bir adam idi. İndi
onun varlığına bircə hiss hakim kəsilmişdi: onu anlamağa qadir
olan yeganə bir adamın yaxınlıqda olması. Elə bir adamın ki,
onu sevir, hətta tutduğu pis əməllərinə baxmayaraq sevir.
Çünki hansı əxlaq meyarları ilə ölçürük-ölçək ananın övladına
– övlad nə iş tutmuş olursa olsun – məhəbbətindən yüksək heç
bir şey ola bilməz. Ana övladını cəzalandıra bilər, ondan üz
döndərə bilər, onu ittiham edə bilər və başqaları tərəfindən
onun ittiham olunmasını qəbul edə bilər. Cinayətinin
müqabilində övladının hər hansı bir cəzaya məhkum olunması
ilə razılaşa bilər. Bu cəzanı ədalətli saya da bilər. Ancaq bütün
bunlarla bərabər o yenə də övladını sevir. Çünki o, övladını
sevməsəydi, hətta onun cinayətkar olduğuna görə belə
sevməsəydi, bu özü də həyat və təbiət qanunlarına, əxlaqi insan
qanunlarına qarşı cinayət olardı. Qanunun humanist prinsipinə
hətta ölümə məhkum olmuş adama belə tibbi yardım
304
göstərilməsi daxildir. Məhz elə bu sayaq, ana məhəbbəti də
ədliyyə qanunlarını inkar etmir.
Məmməd anasını görüb, onun səsini eşidib ağlayarkən
məndə ilk dəfə olaraq ümid oyandı. Mən bilmirəm, o cəza
müddətini çəkib həbsdən necə qayıdacaq. Yaxşını-pisi anlamış,
tərbiyə olunmuş bir şəxs kimi, ya qəlbi daha da daşlaşmış,
cinayətin peşəkar cəhətlərini mənimsəmiş bir zalım kimi.
Ancaq hər halda anası gələrkən Məmmədin gözlərindəki yaş
kövrək bir ümid üçün əsas verir...
Sırf praktik cəhətdən isə bu emosional səhnə məhkəmədə
dönüş nöqtəsi oldu. Məmməd tab gətirmədi və indiyə qədər
inkar etdiyini boynuna aldı.
Məsələ ondadır ki, o da, Əhməd də, hələ Şəkidə danışıb söz
qoyduqlarını, Bakıya müəyyən bir niyətlə gəldiklərini
danırdılar.
–Bakıda necə görüşdünüz?
Hər ikisi:
–Təsadüfən – deyirdi.
Məmməddən soruşurdular:
–Bakıya niyə gəlmişdin?
Cavab verirdi:
–Elə belə.
Cavab verirdi:
–Gəzməyə.
Cavab verirdi:
–Nişanlımın yanına.
–Onu gördün?
–Yox, çıxıb getmişdi.
Cavablar qondarma idi. Ağlına gələni deyirdi. Amma ayrı
cavab vermirdi.
Məmmədin atasından soruşurdular: "Oğlunuz Bakıya niyə
gəlib. Gedəndə sizə nə dedi?"
–Dedi ki, gəzməyə gedirəm.
–Kimin yanına?
305
–Demədi.
Həmin sualları anasına da verdilər.
–Dedi ki, gəzməyə gedirəm, mən də deyirəm a bala, böyük
şəhərdir, kimin yanına gedirsən. Orada axı heç kəsi tanımırsan.
Orada nə bir tanış-bilişimiz var, nə bir qohumumuz. Dedi ki,
yox dostum var orada.
Hakim:
–Dostu kimdir, adını çəkdimi? – deyə soruşur və salona
sükut çökür.
Salona indicə daxil olmuş, nə ərinin, nə də oğlunun
ifadələrini eşitməmiş Salatın xanım:
–Bəli, – deyir.
Ancaq onun bu "bəli"sinin səbəbi bəlkə yalnız əvvəlki
ifadələrdən bixəbərliyi deyil. Səbəb bu qadın uçün yalan
danışmağın qeyri-mümkünlüyüdür.
–Dedi ki, bax bu Əhmədin yanına gedirəm.
Salondan hənirti keçir. A. İbrahimov Məmmədə müraciət
etdi:
–Eşitdin anan nə dedi?
Məhkəmənin lap əvvəlində A.İbrahimov müttəhimlərə
onların qanunla təmin olunan haqlarını və imtiyazlarını izah
etmişdi. Qanuna görə onların yalan danışmaq imtiyazı da vardı.
Şahidlərdən fərqli olaraq müttəhim öz xeyirinə yalan da danışa
bilər. Və buna görə məsuliyyət daşımır.
A.İbrahimov:
–Təkrar edirəm, sənin belə bir haqqın var. Yenə də yalan
danışa bilərsən. Bunun üçün məsuliyyət daşımırsan. Deyə
bilərsən ki, anam yalan deyir, mən ona Əhmədin adını
çəkməmişəm. Hə, nə deyirsən?
Dərin sükut. Göz yaşları. Bəlkə də həyatda ilk dəfə olaraq
oğlanın ürəyində mürəkkəb bir çarpışma gedir. Sonra güclə
dörd kəlmə söz deyir:
–Mən tənəffüsdən sonra danışacam.
Tənəffüs elan olunur.
|