***
–Təbrik edirik, təbrik edirik.
Eldar və Tahir Rənagilin dəhlizində dayanmışdılar.
Eldar cibindən balaca radiocihazı çıxardı, Rənaya verdi.
–Bu da sənin hədiyyən, – bir qədər pərt görünürdü.
256
Tahir:
–Düyməsini bas, – dedi.
Eldar tərs-tərs ona baxdı. Rəna radiocihazın düyməsini
basdı. "Qaragilə" mahnısının son pərdələri mənzilə yayıldı.
Rənanın gözləri sevinclə parladı:– Yaxşı burda niyə
dayanmışıq. İçəri gəlin.
Otağa keçdilər.
***
İnsan həyatının müxtəlif məqsədləri ola bilər, Azadlıq,
istiqlaliyyət, ədalət – bütün bunlar şübhəsiz çox yüksək qayələrdir.
Lakin insanların bir çoxu belə ulu məqsədlərlə yaşamır.
Çox sadə, kiçik, adi məqsədlərlə yaşayanlar da var. Amma
hər halda böyük, ya kiçik – məqsəd olmalıdır. Məqsədsiz,
qayəsiz yaşamaq mümkün deyil.
Kazım intihar etmədi, yaşadı. Çünki indi onun da həyatında
məqsəd vardı. Bəlkə bu çox da yüksək məqsəd deyil. Amma
hər halda bu yaşamaqçün bir səbəb idi.
İndi Kazım işləmək, gecə-gündüz tər töküb işləmək, bir
qədər pul yığmaq və bu pula bir radiocihaz almaq məqsədiylə
yaşayırdı.
24 aprel, 1962
257
GECƏNİN SƏHƏRİ
37-ci il gecəsi.
Bakının sakit küçələrindən biri.
Küçənin ağzında iki böyük ev qarşı-qarşıya durub – ütü
kimi ağır iki ev.
Evlərdən o tərəfə balaca bir bağ var.
Torpaq suyu hopduran kimi küçə də gündüz səslərini –
danışıq, addım, təkər səslərini elə bil canına çəkib udub.
Bağ boşalıb, gülüşsüzləşib: skamyanın zolaqları yazı –
ləkəsiz mil-mil dəftər vərəqlərinə oxşayır.
Tək bircə skamyada – üstünə qırıq qanad kimi ağac budağı
sallanmış skamyada – iki nəfər bir-birinə qısılıb; oğlan qızın
saçını sığallayır,
Bağ, küçə, evlər qaranlığa qərq olub. Yalnız sağ əldəki
dördmərtəbənin bir pəncərəsindən gecəyə zəif işıq süzülür.
Hamı yatıb. Amma hamı səksəkəli yatıb.
Gecə təxminən saat iki radələrində küçənin səssizliyi
xırçıltıyla iki bölündü – dördmərtəbəli binanın qabağında
maşın dayandı.
Yeyin gələn və qəfil dayanan maşından paslı tormoz səsi ev
sakinlərinin yuxularını sanki bıçaqla kəsib atdı.
Heç kəs yatağından durmadı. Heç kəs eyvana çıxmadı. Heç
kəs pəncərəyə yanaşmadı.
Çarpayılarında uzanmış adamlar qulaqlarını bir nöqtəyə
zillədilər.
Dördmərtəbəli evin birinci mərtəbəsində bir nömrəli
mənzildə sinli ər-arvad yaşayırdı.
Bəşir kişi domkom idi.
Arvadının adı Züleyxa idi.
Züleyxa yuxuda kəndlərini görürdü. Komalarının
bacasından ağappaq tüstü qalxırdı. Kimsə bərkdən çığırdı: ay
qız Züleyxa, apar bu qab-qacağı pak elə, gətir, harda qaldın, ay
qız? Züleyxa yaxınlaşıb çağıranı tanıdı – anası idi.
258
Domkom Bəşir yuxuda çay içirdi. Pürrəng çay armudu
stəkanda ləzzətlə buğlanırdı.
Maşın dayanışı ikisini də birdən oyatdı. Dinləməyə
başladılar: maşının qapıları açıldı.
Züleyxa pıçıltıyla:
–Allah, sən özün xətadan saxla, – dedi. İndicə gördüyü
yuxunu yada salmaq və yozmaq istədi: Su – aydınlıqdı, anası...
Maşının qapısı çırpıldı.
Züleyxa:
–Allah, sən özün xətadan saxla, – dedi.
Addım səsləri eşidildi. Addım səslərinə görə Bəşir
gələnlərin neçə iəfər olduğunu təyin etməyə çalışırdı: üç, ya
dörd.
Binanın giriş qapısı açıldı.
Addımlar lap yaxında eşidilirdi – Bəşirgilin qapısının
ağzında.
"Görəsən bu gecə kim getdi?" – Bəşir bu barədə düşünürdü.
Addım səsləri onların qapısından ötdü.
Bəşirin qapısıyla üzbəüz iki nömrəli mənzildə qoca dul bir
arvad – Zəhra qarı yaşayırdı. Onun iki otağı vardı. Kişisi
rəhmətə gedəndən bəri otaqlarının birini kirayə vermişdi.
Zəhra xalanın qulağı bir az ağır eşidirdi, özü də bərk yatırdı.
Qulağının dibində top da atsaydılar oyanmazdı. İndi də
oyanmadı.
Kirayənişini Səkinə adlı makinaçı idi. Səkinə otuz iki yaşlı,
mülayim xasiyyətli, sifəti çirkin, başıaşağı bir qız idi.
Maşın qapıda dayanan kimi o dərhal oyandı. Nigarançılıqla
dinləməyə başladı. Addım səsləri onların mənzilinə yanaşdığı
müddətdə Səkinənin başından əlli iki min fikir keçdi. Fikirlər
onun beynində civə kimi xırda-xırda bölünüb dığırlanır, yenə
qayıdıb toplanır, yenə parçalanır, yenə birləşirdi... Yaxşı, bircə
hərfin üstündə ola bilməz, Əhmədovdan başqa heç kəs bilmir,
Əhmədov heç belə şey edər? Yox-yox, düzdü söz mühüm
sözdü, gərək elə-belə sözdə çaşaydım, andıra qalmış "z" hərfi
259
gərək elə "p" hərfinin yanında olaydı. Yox, inanmıram,
Əhmədov elə şey etməz. Amma adamdı bilmək olmaz, bəlkə
öz canının qorxusundan... yox, qorxaq adam deyil, yaxşı, axı
kabinetdə ikimiz idik. Kim bilə bilərdi, bəlkə məndən ürküb.
Mən də gərək elə–belə sözdə səhv eləyəydim, yəni kimin
ağlına gələ bilərdi ki bir hərflə belə məna dəyişər indi necə
isbat eləyəsən ki qəsdən yox, təsadüfən belə çıxıb, axı niyə
qəsdən eləyim. Balaca adamam kimlə nə işim var, yüz varaq
şey yazıram bir hərf, əşi yox Əhmədov kişi adamdır məni tez-
tez danlasa da elə namərdlik eləməz, yox, yox, ola bilməz
inanmıram, amma nə deyəsən yox axı...
Səkinə başının altından özü tikdiyi naxışlı dəsmalını çıxarıb
alnından soyuq təri sildi, addım səsləri pilləkənlərdən eşidilirdi.
İkinci mərtəbədə üç nömrəli mənzil Surxayın mənzili idi.
Surxay subay bir memar idi. Küçəyə süzülən işıq onun
pəncərəsindən süzülürdü. Surxay işləyirdi. O, yeni məktəb
binası layihəsini qurtarıb sabah təhvil verməli idi. Odur ki,
bütün gecəni işləyirdi.
Surxayın başı layihəyə elə qarışmışdı ki, heç nədən xəbəri
yoxdu. O nə qapılarında dayanan maşının tormoz xırçıltısını,
nə də addım səslərini eşitmişdi. İndi addımlar lap onun
qapısının ağzında səslənəndə də eşitmədi, addım səsləri ötüb
keçdi. Dörd nömrəli mənzilə tərəf yönəldi.
Dörd nömrəli mənzildə yaşayan Qurban kişi köhnə firqəçi
idi.
Son üç ay ərzində hər gecə Qurban kişi çarpayının yanına
iki dəst təmiz alt paltarı, diş tozu, dişsilən və üç parça sabun
qoyurdu – hələ lap cavanlıqdan dostları ona vasvası deyirdilər.
Maşın dayanan kimi Qurban kişi gözlərini açdı. O hələ
yuxulamamışdı. Axır vaxtlar pis yatırdı. Amma sakit və toxtaq idi.
Addım səsləri pillə-pillə qalxanda Qurban kişi: deməli, 37-ci
il aprelin 14-ü, – deyə düşündü.
İnsan ömrünün bir neçə ən vacib günü olur – yaddaşında
həkk olunan günlər, doğulduğu gün, ilk sevgi günü, ata-analıq
260
günü, əzizinin matəm günü, böyük ümidinin doğulduğu gün –
yaddaşında həkk olunan günlər, bir də bir gün – yaddaşda həkk
olunmayan, yaddaşın sönən günü – ölüm günü – insan
ömrünün ən vacib günləri.
Addım səsləri Qurban kişinin qapısına tərəf yaxınlaşdı.
Qurban kişi: "14" aprel deyə bu rəqəmi təkrar edir və
nədənsə ömrünün ən vacib günlərini yaddaşında canlandırırdı.
7 dekabr. 1903-cü il. İlk gizli tələbə yığıncağı. 18 avqust.
1904-cü il. İlk tələbə nümayişi.
28 aprel. 1920-ci il. Bakı. İnqilab səhəri.
22 fevral.10 sentyabr. 8 iyul.
çar sürgünləri,
inqilab illəri
vətəndaş müharibəsi.
5 oktyabr. Filankəslə son ciddi toqquşma.
Bu gündən bəri keçən yeddi ay ərzində Qurban kişi
ömrünün bir vacib gününü, daha doğrusu, bir vacib gecəsini də
gözləmişdi. Hər gecə gözləmişdi. Bu gecəni gözləmişdi.
"Deməli 14 aprel gecəsi".
İndi artıq Qurban kişi bu tarix haqqında yox, başqa bir tarix
haqqında düşünürdü. O bilirdi ki, bu gecə ömrünün vacib
tarixlərindən biri olsa da, son vacib tarix deyil. O bilirdi ki,
ömrünün bir vacib günü – bir vacib səhəri də var. Doğruya,
ədalətə açılan səhər. Bu səhər haçan açılacaq? Hansı gün?
Hansı ay? Hansı il?
Addım səsləri Qurban kişinin qapısına dirəndi.
Qurban kişi qapıya durmaq üçün çarpayısında dirəkləndi,
ayağını sallayıb qaranlıqda gecə məstini axtardı. Yalın ayaq
döşəməyə toxunub üşüdü, əsasıyla yol axtaran kor kimi
qaranlıqda vurnuxub məsti tapdı.
Qurban kişi sağ ayağını məstə keçirdi, sol ayağını
keçirmədi, hərəkətsizləşib qaldı, pillə-pillə uzaqlaşan addım
səslərinə təəccüblə qulaq verdi.
Üçüncü mərtəbədə iki mənzil vardı.
261
Beş nömrəli mənzil iki həftə bundan qabaq boşalmışdı. Orda
Fərəc adlı bir bəstəkar yaşayırdı. Hələ mənzilə heç kəs
köçməmişdi.
Altı nömrəli mənzildə isə Cavanşir adlı bir nəfər, onun
arvadı Tavus və altı yaşlı qızı Rəna yaşayırdı.
Maşın döngəni burulan kimi Tavusun belində gəzən əl –
Cavanşirin sağ əli – hərəkətsizləşib dondu. Bir az sonra
Cavanşir arvadından aralanıb dik atıldı. Tavus da gərginləşib
susdu. Dinləməyə başladılar.
Balaca Rəna mışıl-mışıl yatırdı: yuxusunda böyük, işıqlı,
mavi rəngli pəncərə görürdü – pərdəsiz bir pəncərə. Kimsə ona
say öyrədirdi: bir, iki, üç, dörd, beş.
Bir, iki, üç, dörd, beş. Bir, iki, üç, dörd, beş.
Maşın dayanıb addım səsləri binada eşidilən kimi Cavanşir
Tavusa yalnız bircə kəlmə söz dedi:
–Qurban.
Yəqin bunu deməyə onun əsası vardı. İki həftə bundan
qabaq beləcə maşın səsi gələndə də Cavanşir arvadına bircə
kəlmə söz demişdi:
–Fərəc.
Mətləbdən təzə agah olanda Tavus bir müddət qaş-qabağını
salladı. Cavanşir "Sən arvadsan, – dedi. – kişi işinə qarışma".
İki gündən sonra Tavusun qaş-qabağı açıldı. "Mənim nə işimə,
– deyə fikirləşdi. – Kişidi, özü bilər". Həm də bu müəyyən
dərəcədə arxayınçılıq demək idi. Onlar barışan gecə Cavanşir
arvadının boynunu öpə-öpə pıçıldayırdı: "Mən heç nə
uydurmuram, artırmıram, soruşanda bax, bu iki qulağımla
eşitdiyimi deyirəm".
Addım səsləri Qurbanın qapısından ötüb pilləkənləri
qarmaqlayanda yataq ər-arvadı dalamağa başladı? Cavanşir
əlini çarpayının yanından asdığı pencəyinin cibinə atdı, titrəyən
barmaqlarıyla damağına papiros apardı. Yandırmadı, quruyub
qaldı, dinlədi, pusdu, diqqətlə, diqqətlə dinlədi.
"Bəlkə səhv salıblar, – deyə düşündü, – yaxşı, bilmirlər
262
məgər ki, bu mərtəbədə yalnız iki mənzil var. Beşinci boşdu,
altı da ki, mənimkidi...".
–Bura bax, Tavus, sən artıq-əskik danışıb eləməmisən ki...
–Nə deyirsən, ay Cavanşir.
–Axı sənin o podruqaların ağızlarını allah yoluna qoyub
axvayı danışmağa pərgardılar.
–Ay Cavanşir, iki ay bundan qabaq səninlə danışdıq
qurtardıq. Ondan sonra heç biri buraya ayaq basmayıb, mən də
ki, onların üzünü görməmişəm. Özün ki, məndən yaxşı bilirsən
bütün tanışlarla, qohumlarla salam-kəlamı kəsmişik. Heç kəslə
durub-oturmuruq.
Addım səsləri beşinçi mənzilin qabağından ötdü.
–Ay Cavanşir, – Tavusun səsi əsirdi. Bilmirdi desin,
deməsin. Axır qərara gəldi, hər halda Cavanşir bilsə yaxşıdır, –
Bilirsən, Rəna köpəyin qızı yenə o havanı oxuyurdu.
–Nə? – Cavanşir yerindən dik atıldı.
Sonsuz, dul bəstəkar Fərəc nədənsə bütün mehrini balaca
Rənaya salmışdı. Təzə yazdığı məzəli uşaq mahnılarını ona
öyrədirdi.
Srağagün Cavanşir qəzetlərə baxıb dünyanın işlərindən
xəbərdar olurdu, birdən ilan çalmış kimi sıçradı: dünyanın
işlərindən bixəbər olan Rəna balaca gəlinciyini yatızdırır, layla
çalır, xalq düşməni Fərəcin yazdığı mahnını zümzümə edirdi.
Cavanşir özünü elə itirdi ki, qızına, ya arvadına bir şey izah
etməmişdən qabaq o biri otağa atılıb Rənaya, bir–iki şapalaq
çəkdi, handan-hana sakitləşəndən sonra Tavusa dedi ki, bir də
küçüyünün dilindən belə şey eşitsəm özündən küs.
Addım səsləri Cavanşirin qapısına yapışdı.
Tavus nəfəsi kəsilə-kəsilə:
–Dünən gördüm yenə oxuyur, – dedi. – Yapışdım
qulağından, deyir, ana, mən yadımdan çıxarmışdım, indi
oxuyuram görüm hamısı yadımdan çıxıb, yoxsa yox.
Bu sözləri deyib Tavus əcaib bir iş etdi – gülümsündü.
Bu il, bu gecə, bu dəm bu mənzildə gülüş Cavanşirə ən ağır
263
xəyanət idi. O, Tavusun qolundan tutub:
–Sus görüm, – dedi və söydü.
Addım səsləri onların qapısından qopub aralandı. Cavanşir
əsəbi hərəkətlə papirosunu odladı.
–Ay-hay, kül ağlıma, – dedi və güldü. – Tamam yadımdan
çıxıb. Axı yuxarıda bir mərtəbə də var.
–Dördüncü mərtəbədə, – deyə Tavus ağlamsındı. Söyüşü
hələ də onun qulağını yandırırdı.
"Dördüncü mərtəbə!" – deyə Cavanşir düşündü. Dördüncü
mərtəbə? Kim ola? Kapitan? Neftçi?".
Dördüncü mərtəbədə iki mənzil vardı.
Yeddi nömrəli mənzildə Salayev yaşayırdı. O, Həştərxana
gedib-gələn gəminin kapitanı idi. Həftədə üç gün evdə olurdu.
Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə – dörd gün dənizdə.
"Bu gün cümədir – deyə Cavanşir fikirləşdi. – Deməli neftçi
Zeynallı? İşə bax. Kim deyərdi. Forsu adamı yıxırdı. Axır
vaxtlar heç salam–zad da almırdı".
Cavanşir qulağını şəkləyib dinləməyə başladı.
Addım səsləri yeddi nömrəli mənzilin qabağından ötüb
səkkiz nömrəli mənzilin qarşısında susdu.
Sonra səkkiz nömrəli mənzilin qapısı döyüldü. Bərkdən
döyüldü. Bütün ev eşitdi.
Altı nömrəli mənzildə Cavanşir düşünürdü: deməli belə.
Vətəndaş Murad Zeynallı. Forsuva ki! Üç böyük işıqlı otaq da
boşaldı. Görəsən kim köçəcək. Amma heç Zeynallının
bozburutundan deyərdin ki, işləri yaşdı?".
5 nömrəli mənzildə... 5 nömrəli mənzilin qapısı
möhürlənmişdi.
4 nömrəli mənzildə Qurban kişi var–gəl edir, düşünür,
düşünürdü. "Bəlkə, birtəhər eləyib Moskvaya gedim, məktubu
şəxsən özüm aparım. Görək...".
3 nömrəli mənzildə Surxay işləyirdi.
2 nömrəli mənzildə Səkinə için-için ağlayırdı. Zəhra qarı
yatmışdı. Yuxu görmürdü.
264
1 nömrəli mənzildə domkom Bəşir arvadına öyüd-nəsihət
verirdi:
–Arvad, boş-boş danışma, – deyirdi. – Təqsirsiz heç kəsi
aparmazlar. Görəsən nə qələt elayib. – Sonra o, dərindən ah
çəkib əlavə etdi: – Eh! Süleymana qalmayan dünya, kimə
qalacaqsan?
Dördüncü mərtəbədə 8 nömrəli mənzilin qapısı açıldı, içəri
girdilər. Bir qədər sonra addım səsləri eşidildi.
Addım səsləri mərtəbə-mərtəbə endi. Binanın çöl qapısı
açıldı, bağlandı. Maşın işə salındı. Maşın hərəkətə gəldi. Maşın
səsi uzaqlaşıb itdi.
Küçənin sükutu sanki səsləri canına çəkib hopdurdu.
Qaranlığa qərq olmuş binada yalnız bircə pəncərədən
gecəyə işıq süzülürdü.
Bağda – üstünə qırıq qanad kimi ağac budağı əyilmiş
skamyada – oğlan qızın dodaqlarından öpürdü.
Səhər tezdən domkom Bəşir fırça və rəng dolu vedrə
götürüb dəhlizə çıxdı.
Dəhlizdə qara bir lövhə üstündə ağ hərflərlə ev sakinlərinin
ad-familləri yazılmışdı. Yalnız 5 nömrəsinin qarşısındakı famil
qaralanıb oxunulmaz olmuşdu. Domkom Bəşir onu iki həftə
bundan qabaq qaralamışdı.
Bu səhər də domkom Bəşir qara vedrəsini və fırçasını
götürüb dəhlizə çıxdı.
Saat yeddi idi.
İşə tələsən ev sakinləri Səkinə, Cavanşir, Tavus dəhlizdə
rastlaşdılar. Bir an ayaq saxlayıb domkom Bəşirə baxdılar.
Səkinə üşüdü, örpəyini boynuna bir də doladı.
Bəşir kişi fırçanı qaldırıb "Zeynallı" familinə yaxınlaşdırdı.
Birdən...
Cavanşir və Tavus diksindilər.
Səkinə örpəyinin saçaqlarından yapışdı.
Domkom Bəşir durduğu yerdə mat-məəttəl donub qaldı.
Dəhlizin çöl qapısından boz sement döşəməyə çəpəki işıq
265
düşürdü. Qapının açıq qanadından küçənin bir hissəsi,
qarşıdakı evin pəncərəsi, pəncərənin məhəccərinə düzülmüş
yaşıl səmənilər görünürdü.
Ancaq dəhlizdəkiləri mat-məəttəl qoyan başqa şey idi.
Qapıda 8 nömrəli mənzilin sakini neftçi Murad Zeynallı
dayanmışdı.
Murad domkom Bəşirə, lövhəyə, fırçaya, vedrəyə baxdı və
dərhal hər şeyi başa düşdü, ancaq qapıdan çəkilmədi.
Cavanşir:
–Bəs... siz... dünən gecə... maşın... – deyə dolaşıq kəkələdi.
Bəşirin arvadı Züleyxa da qapıya çıxdı. O da təəccüblə
Murada və dəhlizdəkilərə baxdı.
Yuxarı mərtəbədən pillələri tez-tez düşən bir adamın addım
səsləri eşidildi. Surxayın qoltuğundakı layihə kağızları boru
şəklində burulmuşdu,
Murad güləndə ağzı qulaqlarının dibinə gedirdi, dümağ
sağlam dişləri görünürdü. Murad:
–Bədniyyət olmayın, – dedi. – Təcili yardım maşını idi.
Fəridəni doğum evinə apardıq. Bu gecə oğlum oldu.
Tavus əlini alnına çırpdı, – aaa, vaxsey, – dedi..– Tamam
yadımdan çıxıb. Fəridə axı qarnı burnunda gəzirdi.
Züleyxa:
–Doğrudan a, heç ağlımıza gəlməyib, – dedi. – Allah
saxlasın. Boya-başa çatsın. Atasıyla, anasıyla.
Cavanşir nədənsə saraldı. Tələsik papiros çıxardı.
Səkinə nədənsə qızardı. Başını aşağı saldı.
Taqqıltı eşidildi, fırça domkom Bəşirin əlindən sürüşüb yerə
düşdü.
Surxay:
–Gözün aydın, təbrik edirik, – dedi və tələsik çıxıb getdi.
***
Bu gecə dünyaya gələn uşaq mən idim.
266
***
Hər ildə müxtəlif günlər olur, sevincli, kədərli günlər.
İş günləri, bayram günləri, matəm günləri.
Amma elə illər var ki, insanların hafizəsinə birrənglə həkk
olunur.
Bizim nəsil anketlərimizdə doğum ilimizi 1937-ci il yazırıq.
Biz böyüyəndə bildik ki, bu qara il olub, xalq yaddaşında
qorxu, nigarançılıq ili kimi qalıb.
Amma bizimçün bu il ömrümüzün ən vacib ilidir.
Günəşi, ağacları, dünyanı ilk dəfə gördüyümüz il.
1964
267
GECƏ YARISINDA HADİSƏ
(Sənədli hekayə)
Bir mart axşamı benzin kalonkasına yan almış TMoskviçU
412 markalı, AVA 31-75 nömrəli maşının sürücüsünə Dövlət
Avtomobil Müfəttişliyinin işçisi yaxınlaşdı və sənədləri tələb
etdi. Maşının sürücüsü (və sahibi) Azərbaycan Dəniz Neft
Tikinti montaj trestinin beş nömrəli kontorunun altıncı dərəcəli
elektrik montyoru Mazan Əliyev idi. DAM-ın işçisi sənədləri
gözdən keçirib Mazan Əliyevə qaytardı.
–Yaxşı deyil, Əliyev, – dedi, – mənim sizə hörmətim var,
müharibə əlilisiniz. Ancaq bu cür təkərlərlə maşın sürmək
olmaz. Bunlar ki, lap "dazdırlar". Məgər bilmirsiniz bu
təhlükəli işdir?
M.Əliyev izah etməyə başladı. Dedi ki, bu yolla işə gedir və
evə qayıdır. İşi ilə evi tamam ayrı səmtdədirlər. 8–ci
kilometrdə yaşayır. İşi isə şəhərdən 40 kilometr aralıdır.
Bundan başqa təxminən ayda bir dəfə Lənkəranda yaşayan
oğluna baş çəkir. Odur ki, təkərlər də köhnəlib. Mazan
təkərlərin şinlərini çoxdan dəyişərdi və hətta bunun üçün gərək
olan məbləği də toplayıb. Amma indi tərs kimi satışda
"Moskviç" şinləri yoxdur. M.Əliyev ətraflı, yerli yataqlı
danışırdı. O, ümumiyyətlə hər bir şey haqqında müfəssəl, əsaslı
danışmağı sevirdi və DAM-ın işçisi əlini papağına aparıb dedi:
–Bu səfərlik ancaq xəbərdarlıq edirəm, amma bilin ha, gələn
səfər cəzalandıracağam.
Mazan Əliyev təşəkkür etdi və maşını işə saldı. Maşını əllə
idarə etmək üçün əlavə sükanlar var idi, çünki Mazan
müharibədə sol qıçını itirmişdi. Üçüncü dərəcəli müharibə əlili
kimi Mazan bu maşını 1971-ci ildə Azərbaycan İctimai
Təminat Nazirliyi xətti ilə almışdı.
Mazan Həmid oğlu Əliyev 1923-cü ildə Masallı rayonunda
268
doğulmuş, 1941-ci ilin avqustunda ordu sıralarına çağırılmış
və 1946-cı ildə ordudan tərxis olunmuşdu. Topçu serjant kimi o
bütün müharibəni keçmiş və onuncu qırıcı əleyhtank polkun
tərkibində Almaniyaya çatmışdı. Üç dəfə yaralanıb. Birinci
dəfə sol qolundan, ikinci dəfə qarnından. 1945-ci il martın 18-
də sol qıçından aldığı üçüncü yara hamısından ağır oldu; bu
yaranın nəticəsində dizdən aşağı qıçını kəsməli oldular. Döyüş
təltifatları var.
Müharibədən sonra neft mədənlərində işləyə–işləyə
Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini
bitirmişdir. 1946-cı ildə ilk övladı – oğlu Qurbanəli anadan
oldu. 1971-ci ildə doğulan qızı Jalə Mazangilin 11-ci uşağı idi.
Lənkəranda musiqi müəllimi işləyən oğlu Qurbanəlidən başqa
M.Əliyevin bütün ailəsi 8-ci kilometr qəsəbəsində üç otaqlı
mənzildə yaşayır. Böyük övladları ali təhsil alıblar.
Övladlarından üçü işləyir, qalanları (lap körpələrindən başqa)
oxuyurlar. Mazanın arvadı, qəhrəman ana Dünyaxanım da
işləyir.
Yuxarıda dediyimiz kimi Mazan Əliyev trestdə işləyir. Bir
həftə dənizdə olur, bir həftə evdə. Donluğu ayda iki yüz
manatdır, əlavə 35 manat təqaüd alır.
Mazan Əliyev orta boyludur, arıqdır, çəlimsizdir.
Xasiyyətcə xoşsifətdir, kara gələndir, bir qədər utancaqdır.
Zəhmət sevəndir, məqsədinə çatandır, alın təri ilə qazandığının
qədrini biləndir, həyatda bəxtinə düşən sınaqlar ona çox şey
öyrədib; ən çox da mərhəmətli olmağı.
Bir mart günü gecə yarısı başına qəribə, hətta möcüzəli işlər
gələn bu adam haqqında ən qısa məlumat belədir. Bizim
hekayətimiz də məhz bu gecə yarısında – 1974-cü il martın 25–
də baş verən hadisələr haqqındadır.
Bu hadisələrin iştirakçısı olan üç nəfər haqqında. Bir neçə
saat haqqında ki, həmin saatlarda insan həyatının və ölümünün,
cinayətin və cəzanın, amansızlığın və iradənin, mərdliyin və
qorxaqlığın bir çox əsaslı problemləri sıxılıb-sıxılıb üzə çıxıb.
269
Sıra ilə başlayaq.
25 mart 19–30.
Gündüz Mazan Əliyev eşidib ki, Hüsü Hacıyev küçəsində
Təzə univermaqda Erevan şinləri satılır. O, işdən qayıdıb bir
qədər dincəldi və saat 19-30-da şin dalınca getməyi qərara aldı.
Bu məqsədlə pul da toplamışdı – beş yüz manat. Üç yüz manatı
Lənkərandan oğlu göndərmişdi. İki yüzünü isə Mazan Əliyev
özü yığmışdı. Pullar arvadında idi. Mazan ondan istədi və
arvadı ona 480 manat verdi. 20 manatı isə hər ehtimala qarşı
gələn maaşa qədər saxladı. Beləliklə Mazan Əliyev cibində 480
manat pul saat 19-40-da "Moskviç"inə minib 8–ci kilometr
qəsəbəsindən yola düşdü.
Təqribən saat 8 radələrində o Təzə univermağa çatdı və
maşını Nizami küçəsində, səkinin qırağında saxlayıb özü
mağazaya girdi. Cavan satıcı dedi ki, şin yoxdu, dünən vardı
qurtarıb. Bəlkə bazada bir şey qalıb, bilmirəm. Müdir yoxdur.
Qoy Mazan Əliyev sabah gəlsin, onunla danışsın. Bu söhbəti
hekayətimizin dikər iştirakçıları eşidiblər-eşitməyiblər, məlum
deyil. Hər halda Mazan Əliyev univermaqdan qanı qara çıxdı
və "Moskviç"inə minib maşını Nizami küçəsi ilə başıyuxarı
sürdü. Univermaqdan bir az yuxarı Poluxin küçəsinin tinində
iki oğlan dayanmışdı. Onlardan biri əlini qaldırdı və Mazan
saxladı.
Oğlanlardan biri (boyca o daha uca idi) olardı təxminən 22-
23 yaşında, o biri təxminən 16-17 yaşında. Oğlanlar dedilər ki,
Şəki rayonundandırlar. Bakıya oxumağa gəliblər, otaq tutublar
amma kirayəni vaxtında ödəyə bilmədiklərinə görə otaq sahibi
bu axşam onları qovub. İndi yatmağa yerləri və pulları yoxdur.
Ona görə çox xahiş edirlər ki, onları Kürdəmirə çatdırsın.
Yaşca böyük olan oğlanın bacısı Kürdəmirdə yaşayır. Bacısı
onlara borc verər və onlar elə bu axşam, daha doğrusu gecə
yarısınacan geri qayıdarlar.
Mazan Əliyev xasiyyətcə kara gələn adamdı. On bir uşaq
atası olduğuna görə onda cavanlara xüsusi bir diqqət, qayğı
270
hissi də vardı. Dedi ki, oğlanların halına yanır və həvəslə
onlara kömək göstərərdi, amma iş ondadır ki, maşının təkərləri
tamam "dazdırlar" və belə təkərlərlə bu cür uzun yola çıxmağa
qorxur. Böyük oğlan elə bil bu sözə bənddi.
–Bu lap əla oldu, – dedi, – yeznəmin qəttəzə şinləri var,
dördünü öz qiymətinə sizə verər.
Mazan Əliyev buna şirnikdi və razılaşdı. Böyük oğlan arxa
tərəfdə əyləşdi, kiçik – qabaqda, sürücünün yanında.
"Moskviç" yerindən tərpənməmişdən əvvəl arxada oturan
oğlan dedi:
–Ancaq bircə dəqiqəliyə bu küçədəki evə dəyməliyəm,
şeylərimi götürməliyəm. O evi göstərdi və Mazan Əliyev
maşını geri döndərib Poluxin küçəsindəki 20 nömrəli evə tərəf
sürdü. Maşını saxlayan kimi böyük oğlan cəld çıxdı və evin
qarşısından içəri girdi. Kiçik oğlan maşında qaldı. Hava
qaranlıq olsa da Mazan maşının güzgüsündə oğlanın alnındakı
çapığa diqqət yetirdi. İstədi soruşsun, sonra fikirləşdi: bəlkə bu
çapıq elə bir hadisə ilə bağlı idi ki, oğlan heç onu yada salmaq
istəmir.
Və təbii nəzakəti, qanacağına görə Mazan heç bir sual
vermədi. Ancaq oğlan özü sualı–suala calayırdı. O, əllə idarə
etmək üçün əlavə sükanlarla maraqlanırdı. Və Mazan da hər
şeyi ona ətraflı başa salırdı. Oğlan dedi ki, o da maşın sürə
bilir. Mazan: – Çox gözəl, – dedi. – Geri qayıdanda yorulsam,
sükanın arxasına sən keçərsən. Bu əlavə sükanları öyrənmək
çətin iş deyil, mənim sürməyimə diqqət elə və hər şey sənə
aydın olacaq.
Evin alaqapısından böyük oğlan göründü. Əlində kiçik
çamadan vardı. Qolunun üstünə açıq rəngli plaş salmışdı,
boynuna şərf sarımışdı. Mazan maşından düşdü ki, yük yerini
açsın, ancaq oğlan çamadanı ora qoymaq istəmədi. Dedi ki,
içində sınan şey var, yanıma qoysam yaxşıdır. Mazan keçib
maşına oturanda ona elə gəldi ki, alaqapının qaranlığından
onlara kimsə baxır. Ancaq baxan adamın kölgəsi içəri çəkilib
271
qeyb oldu.
Təxminən saat 20-40-da onlar Azərneft meydanına çatdılar.
Mazan dedi ki, gərək evə zəng vurum, arvadıma deyim,
nigaran qalmasınlar. İki qəpikliyi yox idi. Oğlanlardan istədi.
Onlarda da olmadı. Xırdalamaq istədi, amma ətrafdakı bütün
köşklər, mağazalar bağlı idi.
Böyük oğlan:
–Əşşi gecə yarısına qədər qayıdacayıq da, – dedi və Mazan
Əliyev evə telefon etmək cəhdindən vaz keçdi. Oğlanlar yaman
deyib güləndilər. Özlərindən, dərslərindən danışırdılar. Böyüyü
dedi ki, adım Adildir. Politexnik institutunun hazırlıq kursunda
oxuyuram, kiçik oğlan:
–Mənim də adım Aydındır. Mən də Xalq Təsərrüfatı
İnstitutunun hazırlıq kursunda oxuyuram,– dedi.
Mazan:
–İşə baxa, – dedi, – mənim də ortancıl oğlumun adı
Aydındır. Bir qızım da elə həmin Xalq Təsərrüfatı İnstitutunda
oxuyur.
Aydın bu sözə maraq göstərdi və Mazan qızını təsvir edəndə
oğlan dedi ki, institutdan belə bir qızı tanıyır, yəqin elə həmin o
qızdır.
Söhbət uşaqlardan düşdü. Mazan dedi ki, 11 uşağı var.
Ailənin istəklisi kiçik qızı Jalənin şeytan dillərindən danışdı.
Uşaqların musiqiyə olan həvəsindən söz açdı. Dedi ki, böyük
oğlu Qurbanəli Lənkəranda musiqi dərsi deyir. Kiçik oğlu –
sənin adaşın – Aydın isə yaxşı kamança çalır. Onun barəsində
hətta qəzetdə yazıblar, televizorda da çıxış edib. Mazan özü də
hərdən-birdən tar çalmağı sevir. Yaxşı sədəfli tarı var. Mazan
davadan danışdı. Neçə-neçə başqası kimi nə qədər iztirab, ağrı
çəkməsindən danışdı. TDavanın lap axırına yaxın, 45-in
axırında üçüncü dəfə yaralandım. Yaralı halda mühasirəyə
düşdüm. Üç gün meyitlərin içində qaldım. Almanlar məni də
ölü bildilərU. Bizimkilər bu ərazini alandan sonra Mazan
Əliyevə tibbi yardım göstərildi, qıçını kəsməli oldular.
272
Oğlanları Mazanın halına yanırdılar. Kiçiyi dedi:
–Ay dayı, sənin başın nələr çəkib.
Mazan:
–Bəli, – dedi – biz çəkənləri siz çəkəsi olmayasınız. Siz xoşbəxt
nəsilsiniz. Oxuyursunuz, təhsil alırsınız gələcəyiniz var.
Onlar "bəli-bəli" deyirdilər və əlavə edirdilər ki, doğrudur,
bəzən onlar da çətinliyə düşür; pulları, yatmağa yerləri olmur,
ancaq bu çətinliklər müharibə illərinin əziyyəti müqabilində
nədir ki?
Trest olan rayondan keçərkən öz iş yerini göstərdi. O, Neft
daşlarındakı işindən, dəli Xəzərin qoynunda estakadalar
ucaltıqları çətin vaxtdan danışırdı. Deyirdi ki, dəniz qazma
işinin məhşur pionerləri ilə, unudulmaz Kaveroçkinin
briqadasında, adı dillər əzbəri Qurban Abbasovla bir buruqda
işləyib. Mazan o zamanlar gəmilərin estakadaya nə çətinliklərlə
yan almasından, titrəyib əsən taxtaların üstü ilə dəmir adaya
keçmələrindən, sürüşüb dənizə yıxılma təhlükəsindən və hətta
bir dəfə özünün az qala dənizə düşməsindən danışırdı. Böyük
oğlan diqqətlə qulaq asırdı. O, Şəki rayonunda doğulmuş bir
neçə görkəmli neftçinin adını çəkdi. Dedi ki, bizim
qohumlarımızdır. Kiçiyi susmuşdu. Ancaq o da diqqətlə və
nəzakətlə qulaq asırdı.
Oğlanlar ümumiyyətlə çox nəzakətli idilər. Papiros
yandırmamışdan əvvəl izin istəyirdilər. Papiroslarını maşının
alışqanından odlayırdılar. Əvvəlcə qabaqda oturmuş oğlan
yandırırdı, sonra da alışqanı geri ötürürdü.
Böyük oğlan meyxana deməyə, kiçiyi isə çırtıq çalmağa
başladı. Mazan bir qədər təəccübləndi. Axı institut tələbələri
hara, meyxana demək hara?
–Eh, ay dayı mühazirələrdən, seminarlardan başımız çatlayır
– deyə böyük oğlan cavab verdi. – Bir az şənlənmək də
lazımdır da...
Təqribən saat 11-15-də onlar Qazıməmmədliyə çatdılar. Və
Mazan maşını yeməkxananın qabağında əylədi.
273
–Uşaqlar, – dedi, – yəqin acmısınız. Bəlkə bir toqqanın
altını bərkidək.
Kiçik oğlan:
–Bizim pulumuz yoxdur – dedi.
–Canınız sağ olsun, mən qonaq edərəm.
Oğlanlar razı olmadılar. Böyüyü:
–Bacımgilə çataq, orda bir şey yeyərik – dedi. Kiçiyi isə
Mazana təklif elədi ki, Qazıməmmədlidən bir qədər aralı
benzin kolonundan maşının bakını doldursun. 15 dəqiqədən
sonra onlar benzin kolonuna çatdılar. Və Mazan bakı
doldurmaq üçün maşından çıxdı. Cibindən talonları
çıxardarkən pulları da çıxartdı. Bu, şinlərin məbləği idi.
Oğlanlar maşında oturub nə barədəsə xısın–xısın
danışırdılar.
Mazan sükan arxasına keçdi və onlar yola çıxdılar.
Kürdəmirə 30 kilometr olardı. Vaxt gecə yarısına yaxınlaşırdı.
Onların yolu gecə qaranlığına qərq olmuş balaca təpələrin
yanından, adamsız bir çöllü–biyabandan keçirdi. Mazan qol
saatına baxdı. On ikiyə on dəqiqə qalmışdı. İki kilometr də
keçdilər. Böyük oğlan kiçiyinə:
–Siqaret ver, – dedi.
"Bu saat alışqanı basacaq" – deyə Mazan düşündü və bu
Mazanın aydın şüurla düşündüyü son fikir idi. Kiçik oğlan
siqareti arxaya uzatdı və elə həmin andaca Mazan boynunun
sağ tərəfində bərk ağrı duydu. Elə bil boynuna mismar batdı.
Bir an sonra ondan da bərk ağrını bir qədər aşağıdan hiss
etdi. Mazan ayağını qazdan çəkdi, sükanı buraxdı. Kiçik oğlan
ruldan yapışdı və Mazan yeni bir nöqtədən ağrıdı. O artıq dərk
edirdi ki, zərbələri vuran arxadakı oğlan idi. Sivrilib çıxmaq,
kənara atılmaq istədi, ancaq indi kiçik oğlan bərk–bərk onun
əllərini tutmuşdu.
Mazan hələ:
–Uşaqlar, nə edirsiniz – deyə bildi. Onun beynində vəziyyət
yavaş–yavaş durulurdu və eyni zamanda dözülməz ağrı
274
şüurunu dumanlandırırdı. –Axı mənim balalarım var, 11
uşağım var.
Kiçik oğlan nalayiq sözlərlə onun uşaqlarını söydü.
Mazan:
–Götürün hər şeyi, maşını, pulu, öldürməyin – deyə bildi,
ancaq bıçaq zərbələri bir–birini təqib edirdi. Mazan sol
əlini boynunun üstünə qoydu. Və fin bıçağı iki yerdən onun
əlini deşdi.
"Bıçaq ADR-da düzəldilib. Bıçağın tiyəsi poladdandır.
Uzunluğu 11 sm, eni 2,07 sm, qalınlığı 0,2 mm–dir. Tiyənin
əks tərəfində uzunluğu 7,05 sm üçbucaqlı şəklində mişarvarı
sahə var. Bıçağın dəstəyi, cüyür ayağından düzəldilib. Üstü sarı
tüklə örtülüb. Dəstəyin ucunda qara rəngli iti dırnaq var.
Həmin bıçaq deşici, kəsici, soyuq silahdır. Fəal hücum və
müdafiə üçündür". (Məhkəmə ekspertizasının çıxardığı
nəticədən).
Böyük oğlan həmin bu bıçaqla Mazana 11 zərbə vurdu.
Mazan yıxıldı. Kiçik oğlan dirsəyi ilə Mazanın qarnını basıb
üstündən aşdı. Bu da dəhşətli ağrı oldu, çünki Mazanın
qarnında müharibə yaralarının izləri dururdu.
Böyük oğlan:
–Cibindən pulları çıxart – dedi.
Kiçik oğlan Mazanın cibinə kirdi. Benzin talonları ilə
birlikdə orada olan 480 manat pulu çıxartdı. Və saymadan
geriyə uzatdı. Sonra öz şəxsi təşəbbüsü ilə Mazanın saatını da
dartıb qolundan çıxartdı.
Əgər Mazan siqnal quruluşunu işə sala bilsəydi maşın
akkumulyatoru yatana qədər siqnal verəcəkdi. Ancaq Mazan
bunu edə bilmədi. Kiçik oğlan motoru işə saldı. Və Mazanın
öyrətdiyi tərzdə əl sükanlarından istifadə edərək maşını irəli
sürdü. Böyük oğlan bıçağın 12-ci zərbəsini Mazanın gicgahına
vurdu. Bıçaq gicgahdan girib, ağız boşluğundan keçdi. Dilini
parçaladı. Dişlərinin arasından keçdi. Və onun ucu Mazanın
boğazından, hulqumunun yanından çıxdı.
275
Böyük oğlan dartıb bıçağı çıxartmaq istədi, bacarmadı.
Bıçaq çox bərk pərçim olunmuşdu; onun mişarvarı tiyəsi
Mazanın dişlərinə möhkəmcə ilişmişdi.
Şoseyə baxa-baxa kiçik oğlan:
–Bəlkə ölməyib – dedi.
Böyük oğlan qürurla:
–Elə vurmamışam ki, sağ qalsın – deyə cavab verdi.
–Deyəsən gözlərini açdı. Gözlərini çıxart – bunu kiçiyi dedi.
–Bıçağı dartıb çıxara bilmirəm, – böyüyü belə çavab
verdi.
–Yaxşı indi bunu neyləyək?
–Şirvan kanalına atarıq.
–Uzaqdır?
–60 kilometr olar.
–Yox, uzaqdır. İtə qurda rast gələrik. Gəl elə burda ataq.
Mazanın bədəni maşının sağ qapısına söykənmişdi. Böyük
oğlan onun saçlarından yapışıb qaldırdı. O biri əli ilə qapını
açanda Mazan Əliyev iti sürətlə gedən maşından şoseyə düşdü.
"Moskviç" sürətlə uzaqlaşdı.
Dostları ilə paylaş: |