sanatoriyadan buraxmaq olar, – deyə tam bir ciddiyyətlə davam
etdi.
Mən onun nə demək istədiyini anlayırdım.
–Siz dustaq idiniz? – deyə xəbər aldım.
–Bəli, dustaq idim, – deyə sərt cavab verdi. – 37-ci ildə
sürgün olunanlardanam.
–Yəqin siz çox əziyyət çəkmisiniz, – dedim.
–Yox, mənim vəziyyətim o biri dustaqlara nisbətən
161
yaxşıydı. Mən tutulan kimi sürgün edilmədim, uzun müddət
dəlixanada yatdım. Bu mənim vəziyyətimi yüngülləşdirdi. Şair
demişkən:
Kimisi qayıtmadı "qara qarğaya" girib,
Kimisi xoşbəxt oldu ağlını itirib..
Axı mən də şair idim – deyə birdən-birə əlavə etdi. Əlbəttə,
çox istedadsız, onuncu, yüzüncü dərəcəli, əhəmiyyətsiz,
mövqesiz bir şair idim. Bəxtim bir burda gətirmişdir.
Gözlərimdən "neçin" sualını oxuyub dedi:
–Çünki birinci demirəm, üçüncü, beşinci dərəcəli şair
olsaydım, yazdıqlarımdan bir balaca işıq ucu gəlsəydi mən indi
sağ qalmazdım. Amma bilmirəm sağ qalmağım doğrudan da
xoşbəxtlikdirmi?
Birdən çılğın bir ehtirasla sıçrayıb çığırmağa başladı:
–Nəyə, kimə lazımdır? Kimi aldadırsınız, kimə nə isbat
eləmək istəyirsiniz, sözünüz nədir? Bütün o sərgi, bütün o cah–
cəlal kiminçündür? Ruhulla olmayandan sonra bütün bu
təmtərağın nə mənası var? Ruhullanı, Cavidi, Müşfiqi
demirəm, ən adi, ən balaca, ən istedadsız, bax mənim kimi bir
şairin, bir həkimin, bir alimin, bir mühəndisin, bir azərinin,
rusun, ukraynalının, gürcünün qanı nahaq axıdılmışsa, bütün bu
yuxarı qalxan qırmızı qrafiklər, bütün bu döşü dolu
qəhrəmanların şəkli, bütün bu alma boyda alçalar və qarpız
boyda almalar, bu qucağa sığmayan sünbül dərzləri, bu
maşınlar, çilçıraq binalar, rəngbərəng su püskürən fəvvarələr
kimin ürəyində fərəh doğura bilər?
–Heç bir cah-cəlal, heç bir nemət, heç bir sərvət qurbansız
yaranmır, – dedim.
–Bilirəm, – deyə o dərhal cavab verdi. Elə bil bu dəlilin
cavabı onun başında çoxdan bişib hazır olmuşdu. – Sən dinc
işləyirsən. Üstünə düşmən gəlir. Oğlunu davaya göndərirsən.
Oğlun ölür. Düşmən məğlub olur. Sən dinc əməyini davam
etdirirsən. Oğlunun haqq yolunda məhv olduğunu, "torpağı
tökdüyü qanıyla vətən elədiyini" bilirsən. Bəlkə oğlun ölür,
162
düşmən də qalib gəlir. Yenə də sən oğlundan arxayınsan. O
haqq yolunda həlak olmuşdur. Bəs özününkülər, heç bir ehtiyac
olmadan, mənasız və dəli, vəhşi bir şıltaqlığa görə dinc işləyən
oğlunu daş altına basdırıb üstündə saray tikəndə də sən sakit
qala bilərsənmi?
Mən etiraz eləmək istədim. O, əsəbi hərəkətlə məni saxladı.
–Bilirəm. Bütün dəlillərinizi bilirəm, – dedi, – "A" qrupu.
Ağır sənaye, vətənin müdafiəsi, ölkənin qüdrəti, düşmən
əhatəsi, daxili fitnəkarlıqlar, azğın ministr və nəhayət,
şəxsiyyətə pərəstiş dövründə sosialist qanunculuğunun bəzi
təhrifləri. Sən bilirsənmi ki, bütün zavodların qüdrəti insan
damarlarından axan qanı yarada bilməz, bilirsənmi ki, heç bir
elektrostansiya insan ürəyini döyündürə bilməz, bilirsənmi ki,
hələ doğulmamış, anasının qarnında tələf olmuş körpə, hətta
şikəst, xəstə, yarımçıq doğulsa belə bəşərin ən böyük
möcüzəsi, insanların bütün nailiyyətlərindən böyük bir
nailiyyət, bütün qələbələrdən ulu bir qələbə, 52 min peykdən
daha yüksək bir varlıqdır.
–Buna abstrakt humanizm deyərlər, – dedim. – Sizcə bütün
zavodlar dayanıb bir körpənin dünyaya gəlməsiylə məşğul
olmalıdırlar?
–Yox. Mən daha kəskin deyirəm. Bütün zavodları saxlayın!
İnsanlar, ay insanlar, axı neçin bu cavan oğlanın kefi yoxdur?
Adamlar, yoldaşlarım, eldaşlarım, axı bu hər şeydən vacibdir.
Bax bu gəncin, sənin, mənim, bizim, insanların kefi, əhvalı,
fikirləri, hissləri, ürəyinin döyüntüsü bizə verilmiş bu balaca
tənha planetdə ən vacib, ən ümdə şeydir, hər şeydən, hər işdən
vacib, gərəkli, lazımlı bir işdir.
Bir zavodu partlatmaq olmaz. Amma yüz min adamın
ruhunu və cismini məlum binaların qara padvallarında boğmaq,
bədənlərini mənliklərini tapdalamaq olar? Neçin? Məgər bizim
quruluş dünyanın ən adil, ən gözəl, ən təmiz və müqəddəs
quruluşu deyilmi?
–Bunlar keçib getmişdir. Bunları unutmaq lazımdır, –
163
dedim. – Bu yaralar nə qədər tez sağalsa o qədər yaxşıdır.
–Yox, – o elə bərkdən qışqırdı ki, mən diksindim – olmaz!
Bunlar unudulmamalıdır. Biz bunları heç vaxt unuda bilmərik.
Unutqanlıq – cinayətkarlıq olardı. İztirabın vicdanı bütün
yaraları bağlanmışların yaralarını qanatmalı, yaralar qövr
etməlidir.
–Neçin?
–Neçinmi? Allah yoxdur. O dünya da yoxdur. Bəs diri–diri
qol–qabırğası sındırılmış mələk xasiyyətli müəllim, əsl
kommunist Pənahovun intiqamı haçan, harda, kimdən
alınacaqdır?
Onun gözləri alışıb–yanırdı.
Mən onu sakit eləməyə çalışırdım.
–Sakit olun, – deyirdim. – Onların intiqamı alınmışdır.
–Ha, ha, ha – o, əsəbi və xırıltılı bir qəhqəhə çəkdi. – 5–10
cani güllələnmiş, bütün bu işlər "şəxsiyyətə pərəstiş dövrünün
ifratları" ifadəsinin dalına yığılmış, 5–10 adamın adına 5–10
qotur küçə və ya su budkası qoyulmuşdur. Sizcə bumu
intiqamdır?
–Bəs siz intiqamı necə təsəvvür edirsiniz?
Mən beş–on adamı deyil, bütün xəbər dəllallarını şəhərlərin
mərkəz küçələrində asar, üzlərini tüpürgah edərdim.
–Yeni qanlar, yeni dəhşətlər, yeni ifratlar. Axı bu əclafların,
bu xəbər və qələm dəllallarının, bu çuğulların da günahsız
ailələri, təqsirsiz uşaqları var? Bu intiqamlar nəhayət
dayanmalıdırmı?
O ağlamağa başladı. Bərkdən, hönkürə–hönkürə ağlayırdı.
–Elədir, elədir, – dedi. – Dəhşət ondadır. Bu təzadlar, bu
qərarsızlıq məni boğur. Yüzlərlə, minlərlə nahaq getmişlərin
xəyalları məni yatmağa qoymur. Lakin mən onların intiqamını
kimdən alacağımı bilmirəm. Bəlkə məcburiyyət qarşısında
satqınlıq edənlərdənmi, gündə bir rəng alan, gecələr qara
binaların dal qapısından vətəni, xalqı, milləti misqal–misqal
satıb, gündüzlər hündür kürsülərdən camaat qarşısında ağzı
164
köpüklənə–köpüklənə vətəndən, xalqdan, millətdən danışaraq
şöhrət qazanan, hər havada yaxşı yaşayan, hər mühitə
uyğunlaşan xamelyonlardanmı və yaxud ağızlarına su alıb
içlərini yeyənlərdənmi? Heç kəs təqsirkar deyil. Bəs onda
günah kimdədir, hə, kimdədir? Elə düşünməyin ki, mən
dövrandan və yaxud quruluşdan şikayətlənirəm. Mən həmişə
əmin olmuşam və indi də əminəm ki, bəşəriyyət heç bir vaxt
kommunizm ideyasından yüksək bir fikrə çata bilməmiş,
bilməyəcəkdir. İnsan zəkasının şah əsəri olan bu idealın
parıltısı heç bir zaman mənimçün sönə bilməz. Mən sağ və sol
əyintilərdən danışmıram, əsas ideyadan – insanın insanı
istismar etmədiyi bir cəmiyyət ideyasından, kiçik–böyük
olmadan bütün millətlərin birliyi ideyasından, nemətlərin,
sərvətlərin yaradanların onların yiyəsi olması ideyasından
danışıram. Bu ideya bizim ölkədə həyata keçir. Mən bu ölkəni
hüdudsuz bir məhəbbətlə sevirəm.
Allaha and olsun, orada Sibir sanatoriyasının şaxta və əzab
müalicəxanaları içində biz hər xəbəri, dəmir barmaqlıqlar
arasından, yolu–rizi itmiş yerlərdən, yaşayan və yaradan
insanlardan gələn hər xoş xəbəri sevinc yaşlarıyla, qəlb
fərəhiylə qarşılayırdıq. Biz bilirdik ki, bəzi yerlərdə iş başında
olanların bütün azğınlıqlarına baxmayaraq, namuslu adamlar
bəlkə qapaz altında, bəlkə qorxa–qorxa, yan–yörəsinə baxa–
baxa işləyir, yaradır, qurur. Müharibə, xain hücum bizi sarsıtdı.
Bəzilərimizi cəbhəyə apardılar. Gedənlər ən qabaq eşelona,
cəza batalyonlarına, od və qurğuşuna sipər olmağa, ölməyə
göndərildiklərini bilirdilər. Amma hər bir dəhşəti görüb
ürəkləri qərtməklənmiş bu adamlar uşaq kimi kövrəlir,
sevincdən gülür, ağlayır, atlanıb–düşürdülər. Məsələ yalnız
onda deyil ki, bu adamlar dəhşətli sonu, sonsuz dəhşətdən
yaxşı bilib ölüb canlarını qurtarmaq istəyirdilər. Məsələ bir də
onda idi ki, bu adamlar ölərkən insanlar cərgəsinə qayıdıb,
nömrələr və "ey tı" əvəzinə adlarını qaytarıb, adam olub
ölməyə, adam kimi ölməyə, adamlıqlarını ölüm bahasına
165
qaytarmağa gedirdilər. Onlar xoşbəxt idilər. Onlar vətəni
qoruyaraq, vətən yolunda döyüşərək öləcəkdilər. Bu labüd
ölümə gedənlər qalanlardan xoşbəxt idilər. Qalanlar – mən də
onların içində idim– hər şeyi unudaraq yalnız bir şey – döyüş,
qələbə haqqında düşünürdülər. Ən dəhşətli əziyyətlərdən sonra
belə incidənlərinə boyun əyməyən bu qaxac ürəkli adamlar
qürurlarını tapdalayaraq azadlıqla təması olan hər adama
yalvarır, itə sümük atılan kimi xəsis sözləri, xəbər qırıntılarını
bir-biriylə bölüşür, var qəlbləriylə sevinir, ya kədərlənirdilər.
Kiminsə, hardansa ələ keçirə bildiyi yeganə bir şüşə içkini
qoşunlarımız hər şəhəri alanda 200 adam arasında damla-damla
bölüb içirdik. Biz Vətənimizi sevirdik. Biz böyük Vətənimizi
sevirdik. Biz vətən xaini deyildik. Biz inanırdıq. Mən yenə də
inanıram. Mən inanıram ki, kommunizmi – xəyallarımızın
bayramını ləkəsiz, azad, gözəl cənnəti biz yaradacayıq. Lakin
neçin mənim kimi bu ideyaya məftun, onun yolunda ölümə
getməyə hazır olanlar, onun yolunda ölümə getməyə hazır
olduqları üçün öldürüldülər. Onun adıyla, lakin onun bayrağını
ləkələməkçün öldürüldülər. Cavabı kimdən alım? Lakin ən
dəhşətlisi bu deyil. Qoy olsun. Min, yüz min əsl insan, mətin
kommunist, gözəl yoldaş, həqiqi vətəndaş, istedadlı fərd nahaq
qana boyandı. Lakin bəs qalanlar? Mən yenə də bizim nəsildən
ilişib qalanları demirəm. Onlar qalsalar da bizim kimi
çeynənmiş, əzik, sönükdürlər. Bəs siz – gənclik? Sizi kim
çeynəmiş? Bizim pis üzünü görüb yaxşı üzünə inandığımız bir
şeyin siz neçin yaxşı üzünü görüb pis üzünə inanır, onu
axtarırsınız. Neçin siz inanmırsınız? Siz nəyə inanırsınız?
Suçlu–suçlu nəyi, kimi gözləyirsiniz? Sizin idealınız varmı?
Sizin fəlsəfəniz həyatdan bacardıqca artıq nəşə qopart, gününü
xoş keçirt fəlsəfəsi deyilmi? Ya da şəhvət, pozğunluq və
kütləvi cütlük. Balaca istəklər, xırda həvəslər, cırtdan
ehtiraslar, arzusuzluq, məqsədsizlik. Bu sizin sifətləriniz
deyilmi? İnamsızlıq, imansızlıq. Siz insanlığın hansı
dəyərlərini saxlamısınız?
166
–Nə etməli? – dedim. – Bizim nəsil radiatsiya və
inamsızlıqla zəhərlənmiş bir dövrdə yaşamalı oldu. Artıq
adamlar, itkinlər nəsli olan kimi yəqin biz də bir nəsilik:
bezarlar nəsli, peşimanlar nəsli, inkisarı xəyala uğramışlar
nəsli, yorğunlar nəsli, inamsızlar nəsli. Bilmirəm bu
təyinlərdən hansı daha müvəffəqiyyətlidir?
–Yaxşı, onda bəs kommunizmi kim quracaqdır? Azad,
ləkəsiz, məqsədli, istəkli, alovlu, inamkeş, mətin, yorulmaz
həvəsli gənclik – 20–ci, 30–cu illərin gəncliyi hanı?
–Bilirsinizmi, mən xoşbəxt gələcəyə inanıram, – dedim. –
Atam bir dəfə qəribə bir sağlıq dedi. O, mənim sağlığıma içdi
və dedi ki, arzu edirəm ki, sən biz görənləri görməyəsən. Sən
daha xoşbəxt vaxtda yaşayasan. Mən buna inanıram.
–Yalan deyirsiniz. Siz buna zərrə qədər, bir an belə
inanmırsınız. Siz bircə ona inanırsınız ki, həmin bu sözləri öz
övladlarınıza deməli olacaqsınız.
–Yox, mən buna inanmaq istəmirəm. Mən bundan
qorxuram.
O sanki heç mən deyənləri eşitmədən öz fikirlərinə cavab
verirdi:
–Bilirsinizmi, orda sürgündə mən daha xoşbəxt idim. Mən
düşünürdüm. İntiqam saatını gözləyirdim. Azadlığa çıxacağım
saatı, insanlara "mən günahkar deyiləm" deyəcəyim saatı
gözləyirdim. Mən azadlığa çıxdım. Mən, "biz günahkar
deyilik" – deyə qışqırmaq istədim. Heç kəs qulaq asmadı.
"Şəxsiyyətə pərəstiş dövrünün təhrifləri" – bu bir cümlə ilə
həm bağışladılar, həm təsəlli verdilər, həm də bizi öz yerimizə
oturtdular. Bəs bu bir cümlə ilə minlərlə insanların faciəsini
necə ifadə etmək olar? Gərək bu barədə romanlar, poemalar
yazılsın, rəsmlər, filmlər çəkilsin, hər şey olduğu kimi hamıya
göstərilsin, hamı bunları anlasın, həzm etsin, düşündüyünü
desin, sonra bu ağır yaralar ox kimi ürəklərə sancılsın, sonra
yavaş-yavaş bu yaralarını sağaldan təmiz, ləkəsiz, azad insanlar
öz ləkəsiz gələcəyini qursunlar. Qoy iztirabın vicdanı gecələr
167
adamları yerlərində qovrultsun. Yaraların üstünə rəngli
bayraqlar sarımaq, insanların ağ sümüklərini qırmızı qrafiklər
arasında gizlətmək, zirzəmilərdə diri-diri basdırılmışların
fəryadlarının səsini üç yüz nəfərlik birləşmiş xorun şən
mədhiyyə nəğmələriylə batırmaq olarmı? Qoy bu dərdlər
insanların ürəklərində qıcqırmasın. Qoyun dərdlərimizi qusaq,
sonra yuyunaq, gələcəyə təmiz gedək.
–Bunlar axı olub qurtarmış işlərdir. Təkrarolunmaz qara bir
səhifədir, – dedim.
–Yox. Şəxsiyyətə pərəstiş dövrü. Axı biz bilirik ki, ayrı–ayrı
şəxsiyyətlərin rolu əhəmiyyətsizdir. Tarixi xalq yaradır. Bəs bu
ayrı–ayrı "əhəmiyyətsiz rolu olan" şəxsiyyətlər qanlı tarix
yaradanda xalq hardaydı? Aldanırdı, eləmi? Bəs beləysə biz bu
gün nə haqla bu aldanmış xalqa onun aldanmasını var səsimizlə
bağırmayaq, onu ayıq–sayıq olmağa çağırmayaq? Niyə
aldanmış xalqı iztirabın vicdanıyla dağlamayaq?
O susdu. Nəfəsi kəsildi. Uzun bir öskürək onu iki bükdü. Su
gətirdim. Bir qurtuma başına çəkdi. Su sanki onun qaynayan
içini sakit elədi, ehtirasını, danışmaq həvəsini islatdı. Bir
müddət susdu. Sonra çox yavaş və xoş bir şeyi xatırlayırmış
kimi nəvazişlə danışdı:
–Axı mən onlardan çoxusunu tanıyırdım. Büllur kimi təmiz
adamlar idi. İçlərində nacinslər də vardı. Amma bir nacinsin
bütün varlığı yüz mərdin bir damla qanına dəyərmi?..
Yadımdadır, bizim sevimli müəllimimiz Mirzə Sadıq
xəstələnmişdi. Zəng elədim. "Mirzə, sənə dəyməyə gəlirəm" –
dedim. Həmişə məni mehribanlıqla qarşılayan Mirzə: "yox, –
dedi, – lazım deyil. Gəlmə!" Mən incidim. – "Niyə axı". O bir
də sərt "gəlmə, deyirəm vaxtım yoxdur", – deyib telefonu asdı.
Səhəri gün onu apardılar. Yəqin mənimlə danışanda aqibətini
bilirmiş. Azad həyatının son işi mənim adımı qorumaq
təşəbbüsü oldu. Sonralar eşitdim ki, son dərəcə səliqəli, təmiz
geyinən və bir qədər "vasvası" olan Mirzə axır vaxtlar hər gecə
yanına bir dəst təzə təmiz alt paltarı qoyarmış ki, onu aparmağa
168
gələndə geyinsin. Axı ORDA – getdiyi yerdə paltar dəyişmək
imkanı olmayacaqdı.
Qonağım gözünü divarda bir nöqtəyə zilləyərək danışırdı.
Onun danışığında bir qeyri–təbiilik hiss olunurdu. Elə bil o öz
şahidi olduğu şeylər haqqında deyil, haradasa oxuduğu şeylər
haqqında danışırdı.
–Nağıya axırıncı dəfə 26–lar bağının qabağında rast gəldim.
Küçəni keçməyə hazırlaşırdım. Yolumu maşınlar kəsmişdi.
Dayandım. Birdən kiminsə pıçıltıyla məni çağırdığını eşitdim.
Dönüb baxdım. Dəhşətə gəldim. Məni çağıran Nağıydı. O
məndən beş addım aralı dayanmışdı. Mənə baxmırdı. Düz
qabağa baxırdı. Rəngi ağappaq idi. Pıçıltıyla: "Üzünü o yana
çevir" – dedi. O mənimlə danışmağa qorxurdu. Məni
ləkələməkdən qorxurdu. Mən o deyən kimi etdim. Yarım
dəqiqə maşınlar ötüb–keçənəcən uşaqlıq dostum olan bu
adamla belə yan–yana, lakin bir–birimizə baxmadan durduq. O
pıçıltıyla: "Məndən nə eşitsən inanma" – dedi. Maşın axını
qurtardı. Mən sağa, ölümə məhkum olunmuş və
məhkumluğunu bilən, rəngi kətan kimi ağ, ürəyi donmuş diri
meyit sol tərəfə getdi. Eh, danışmaqla qurtarmaqmı olar?
Faciədən məzhəkəyə bir addımdır – deyirlər. Faciənin gülməli
epizodları da olurdu. Bir müstəntiq bir həkimi dindirir. "Hansı
əksinqilabi təşkilatın üzvü olmusan? Təşkilatda daha kimlər
vardı? Məqsədiniz nə idi?". Hər sual bir şillə, hər sual bir
qapaz, hər sual bir yumruq, hər sual bir kötək! Həkim çox kök
idi. Onun dalınca kameraya gələndə bu 55 yaşlı kök kişi
heyvani bir sövq-təbii hisslə qaçıb hıqqana-hıqqana, çarpayının
altına pərçim olaraq girmək istəyirmiş. Onu darta-darta ordan
çıxarır, istintaqa aparırlarmış. "Hansı əksinqilabi təşkilatın
üzvü olmusan, təşkilatda daha kimlər vardı? Məqsədiniz nə
idi?". Hər sual bir şillə, hər sual bir qapaz, hər sual bir yumruq,
hər sual bir kötək! Həkim heyvani bir qorunma instinktiylə
danışmağa, ağzına gələni, gözünə görünəni, insan
fantaziyasının yarada biləcəyi bütün rəzalətləri danışmağa
169
başlayır. "Təşkilatımızın adı "Gənc Azər" idi. Üzvləri flankəs,
flankəs, (yüzə qədər adam). Məqsədimiz qiyam edib bütün
ölkəni dağıtmaq idi. Müstəntiq yazır. Birdən sanki ayılır.
Adları çəkilən adamların çoxusu çoxdan ölüb. Bütün başqa
məlumatlar da belə səf-səfədir. Həkim isə fantaziyası işlədikcə,
dili tərpəndikcə danışmaq, sonra bircə saat dəmir çarpayının
yumşaqlığında dincəlmək istəyir. Müstəntiq qarşısındakı kağızı
doldurmaq, yuxarıda şübhə doğurmamaq, dərisini qorumaq,
başını saxlamaq istəyir. Həkim bircə saat yumşaq dəmir
yataqda dincəlmək istəyir. Yaxşı məşq keçmiş boksçu
zərbəsinin gücünü sınamaq istəyir. O, yenidən həkimi döyməyə
başlayır. Müstəntiq yazdığı cəfəngiyatları bir qırağa qoyub yeni
kağız çıxarır. Həkim dəmir çarpayının yumşaq yatağında
dincəlmək istəyir. Onu yarımcan halda kameraya atırlar.
Ayılanda başı üstündə yoldaşını görür.
–Səni kim dindirir?
–F.
–Eh. Onda işin yaxşıdır ki, balam sən Tibb İnstitutunda
dərs demirsən. Gəl sənə yolun öyrədim.
Səhər həkim istintaqı səbirsizliklə gözləyir.
–Hansı əksinqilabi təşkilatda iştirak etmisən. Daha kimlər
iştirak edirdi? Məqsədiniz nə idi?
–Bu saat, bu saat yazın. Çox vacib məlumatlar verəcəm.
–Yenə cəfəngiyat?
Bir şillə.
–Yox, bu səfər əsl həqiqət. Daha vicdanım məni gizlətməyə
qoymur. Yazın.
–Hə.
–Mən İnstitutda qadınlar arasında əksinqilabi iş aparırdım.
Bir neçə adamı təşkilata toplaya bilmişdim.
–Hə. Kimləri? – Müstəntiqin gözləri sevinclə işıldayır. –
Adların de.
–Bu saat, bu saat. Yazın R.S.D.Q. sonra V və bir də
Kərimova Asiya.
170
Müstəntiq dik atılır.
–Necə?
–Hə, Kərimova Asiya, sonra...
– Dayan, dayan, Kərimova Asiya da vardı?
–Bəs necə, o ən fəal iştirakçılardandı. Başçılarından və
təşkilatçılarından.
–Yox, yox siz yanılırsınız...
–Niyə? Onu tanıyırsınız ki? Müstəntiqin dili–dodağı əsir. O,
dodağını çeynəyərək pıçıltıyla:
– O mənim arvadımdır – deyir.
O biri stolun arxasında oturan ikinci müstəntiq şübhəylə bu
tərəfə baxır. Qəzavü–qədəri bilmək olmaz. Hər anın bir hökmü
var. Ola bilsin ki, bir az sonra bu müstəntiqlərin biri o birini
dindirəcək, onun özünün hamıya dediyi sözləri ona qaytaracaq:
–Biz hamısını bilirik, yaxşısı budur boynuna al.
Hələ bəlkə bir şillə də çəkəcək. Yox, lap yəqin mütləq
çəkəcəkdir. İkincii müstəntiq otaqdan çıxır. Birinci müstəntiq
yalvarıcı baxışla indicə şillələdiyi həkimə baxır:
–Bəlkə, bu adı çəkməyəsən. Mən də yazığam. Ailəmi
pozma. Bizə əmr belədir ki, onsuz da boynunuza təqsir qoyub
göndərəcəyik. Nahaq yerə mənim evimi yıxma.
–Yox, mən hər şeyi boynuma alıram, – deyə həkim
cəlladından hayıf çıxır.
Faciədən məzhəkəyə bircə addımdır – demişlər.
Lakin dəmir barmaqlıqlar ardında xarüqələr də olurdu.
Qocaqlıqları və iradələri tarixin ən böyük qəhrəmanlarını
kölgədə buraxacaq igidlər də olurdu.
Mühəndis Cavad göstərişlərinin hər sətrindən bir qol
çəkmişdir. Bu o deməkdir ki, böhtanın hər sətrinə razı
olmamışdan qabaq mühəndis şüurunu itirənəcən incidilirdi.
Utancaqlığından beş adam yığılanda danışmağa çəsarət
eləməyən qoca yazıçımız Seyid bütün işgəncələrə dözərək bir
nəfərin də yalandan adını verməmişdir. Şair Müslüm ölümə
"Beynəlmiləl" oxuya–oxuya getmişdir. O, axıracan bayrağına
171
sadiq qalmış, onu bulayan, bu bayraqla örtülən cinayətləri və
dəhşətləri bilə–bilə bayrağını ləkəsiz görmüşdü.
Həmişə bər–bəzəkli geyinən, yaraşıqlı gənc rəssam
Əfrasiyab xaricdən alıb gətirdiyi və çox xoşladığı modalı ala–
bəzək qalstukunu ilk dəfə türmədə taxmış, sonra özünü həmin
o qalstukla asmışdır. Onun meyitini görənlər Əfrasiyabın
vaxtilə qəşəng sifətinin eybəcərliyindən və tanınmazlığından
dəhşətə gəlmişlər. Neftçi Beydulla silah tapmadığından
damarlarını dişləyərək ölmüşdür. Beşinci ildən partiya üzvü,
namuslu çekist və əsl kommunist Nuri Vəliyev həqiqətin
yoxlanılması üçün bir məktub yazmış və günahsız olduğu
haqqında Leninin qəbrinə and içmişdi. Lakin Leninin
məqbərəsi susmuşdu. Onu iki tüfəngli əsgər qoruyurdu. Bütün
bunlar Leninsiz olurdu. Leninsizlikdən olurdu. Böyük Leninin
adıyla onun silahdaşlarını tələf edirdilər. Kommunist
ideallarından danışa–danışa kommunistləri güllələyirdilər. Bu
insanların, bu diri–diri basdırılmışların səsi qulağımdadır. Bu
səs gecələr məni yatmağa qoymur. Kimdən intiqam alım?
"Millət uğrunda" özlərinə şöhrət qazanıb üç otağını yeddi
edənlərə əl çalan bu bədbəxt millət neçin onun qeyrəti yolunda
təkcə otağını belə qara, soyuq, rütubətli məhbəs kamerasına
dəyişənləri unudur? Məsələ onların adına küçə, ya su budkası
qoymaqda deyil. Məsələ onların böyük faciələrindən dərs
almaqdadır. Onların ulu igidlikləri qarşısında diz çökmək,
inqilab yolunda çarpışa–çarpışa əksinqilabda ittiham olunaraq
güllənənlərə pərəstiş etmək, iztirabın vicdanını bir dəqiqə, bir
an susmağa qoymamaq...
Birdən qonağım uşaq kimi məsum bir səslə dedi:
–Yaxşı, mən istedadsızam, mən bir heçəm, zibiləm. Axı o
istedadlı idi, onun gələcəyi vardı. O ədəbiyyata, mədəniyyətə,
xalqa çox şey verə bilərdi. O gözəl sənətkar ola bilərdi.
–Kim?
Cavab vermədi. Susdu. Aralığa ağır, zindan kimi ağır, əzici,
müdhiş bir sükut çökdü. Bir, iki, beş dəqiqə keçdi. Mən artıq
172
heç bir cavab gözləmirdim. Birdən o sonsuz bir həsrət duyulan
ölü bir səslə:
–O mənim arvadım idi, – dedi.
Yenidən aralığa ağır, əzici, qatı bir sükut çökdü. Mən onun
üzünə baxırdım. Üzü qırış–qırışdı. Sanki onun üzünü iztirabın
kotanı şumlamışdı. Bayaqdan bəri min dəfə ifadəsi dəyişən bu
çöhrə indi nə isə mənə agah olmayan, yalnız onun özünün
duyduğu və yaşadığı xatirələr aləminin təsirilə yumşalır,
işıqlanır, mehriban və nəvazişli olurdu. O danışmağa başladı,
həzin, yumşaq, sevincli bir səslə danışmağa başladı. O, mənə
müraciət eləmirdi. Sanki mən heç otaqda yox idim. Mənə elə
gəlirdi ki, o, bəlkə heç danışdığını duymur. O eşidilməkçün
danışmırdı. O xəyalına gələn dumanlı xatirələri sözlərlə
bürümək, ifadələrlə, cümlələrlə aydınlaşdırmaq,
konkretləşdirmək, duyulacaq etməkçün danışırdı.
–Yağış yağırdı. Leysan deyildi. Amma hər halda güclü
yağışdı. Kişi təzə ağ kostyum geymişdi. Bilmirəm zalım oğlu
pencəyi nə cür tikdirmişdisə çiyinləri bax bu endə, köksü bax
belə qabarıq durmuşdu. Di gəl ki, yağış başladı. Vallah, bu
pencək islanıb bir cür büzüşdü, bir cür balacalaşdı. Kişi cücəyə
döndü. Sən demə zalım oğlu elə arıq imiş ki, özü qəsdən elə
pencək tikdirib pəhlivana oxşasın. Yağış bunu islatdı, döndü
cücəyə. Hələ arvad necə islanmışdı. Gəlib poçtun içərisinə
girəndən bir saat sonra da üstündən şorhaşor su axırdı. Vay
allah, adamlar neçə qaçırdılar. Yağış birdən gəldi deyən heç
kəs evinə çata bilmədi. Hamı görürsən birtəhər özünü poçta
salıb gözlüyürdü. Mən elə əvvəlcədən poçtaydım. Gəldim
görüm Bakıdan kağız-zad yoxdur ki, yağış başladı, bayıra çıxa
bilmədim. Amma yağış adamları nə günə salırdı. Vallah, bir
eybəcərləşdirirdi ki, nə deyim.
Bilmirəm neçin bu xatirələr ona belə gülməli gəlirdi.
Dəqiqəbaşı sözünü kəsib xəfif-xəfif gülümsünürdü. Uşaq kimi
məsum və şən gülümsünürdü.
–Hə, yağış hamını eybəcərləşdirmişdi, çirkinləşdirmişdi.
173
Amma ona yağış da yaraşırdı. Saçlarının qıvırcıqlarından
sallanmış yağış damcıları kiçildilmiş, miniatürləşdirilmiş üzüm
salxımlarına bənzəyirdi. Saçına, qaşına, kirpiyinə düşüb qalmış
yağış damcıları mirvariyə, inciyə oxşayırdı. Yanaqları,
biləkləri, əlləri paltarı üzərində sürüşən yağış damcıları xırda
dağ çiçəklərini andırırdı. Yağış onun al yanaqlarını daha
yumşaq və saf eləmiş, qıvırcıq saçlarını pərişanlandırmış, zil
qara qaş və kirpiklərini hamarlayıb parlatmış və elə bil qara su
olub gözünün gilələrinə yığılmışdı. Yağış onu hər budağından
narın çiçək, yaxud xırda meyvə sallanan ağaca oxşadırdı.
Deyirlər gözələ al da yaraşır, şal da. Yağış hamını, o
cümlədən gözəlləri də çirkinləşdirmiş, yazıqlaşdırmış,
bürüşdürmüş, eybəcərləşdirmişdi.
Amma ona yağış da yaraşırdı.
O da yağışdan gizlənən bütün adamlar kimi poçtaya girdi.
Yağış onu bəzəyirdi, o isə yağışdan qaçırdı. Poçtada
gizlənənlər içində o hamıdan zəifdi. Lakin hamıdan məğrurdu.
O, poçtaya qaça–qaça, töyşüyə–töyşüyə girmədi. O, yağış
altında qalmaq istəmirdi. Amma yağışdan oğru kimi qaçmaq da
istəmirdi. O, poçta aramla girdi. Büzüşmüş, qorxa–qorxa göyə
baxan, qapıdan uzaqda dayanmağa çalışan, bir–birinə sıxılan
adamlara baxıb gülümsündü. And olsun allaha, onun bu
gülüşünü ölənəcən unuda bilməyəcəm. O burda hamıdan gənc,
hamıdan gücsüz, hamıdan incəydi. Lakin bu yağışdan gizlənən
adamlara bir ana kimi baxıb güldü. Güclü ana uşağının
zəifliyinə, əlacsız və bacarıqsız hərəkətlərinə baxan kimi
nəvaziş və təəssüflə baxdı, gülümsündü. Sonra bir qıraqda
dayanıb nə haqqında isə düşünməyə başladı. O xeyli dalğındı.
Şuşada yağış yaman çox çəkir. Yağışın qurtarmasını gözləmək
axmaqlıq olardı. Adamlar yağışın zəifləyəcəyini gözləyirdilər.
Kimsə ondan nə isə soruşdu. O öz məlahətli səsiylə ona
mehriban bir cavab verdi. Kimsə zarafatyana bir şəkildə ona
sataşdı. O, sərt və kəskin bir cavabla zarafatcıl adamı yerində
oturtdu.
174
O ya dalğın, ya da çox həyəcanlı olurdu. O, Bülbülün
nəğmələrini sevirdi. O, Şuşanın gözəl təbiətini sevirdi. O, Cıdır
düzünün baş gicəllədən uçurumundan aşağıda köpüklənən çaya
və İbrahim xanın güclə görünən sığnağına baxmağı sevirdi.
Şuşada hamı və hər yer oxuyur. Hər çobanın zənguləsini beş
dağ, beş dərə beş dəfə artıraraq bir-birinə çatdırır, hər bir daşın
dibindən muğamat səsi gəlir. O, Şuşanı və Şuşanın hər bir
dağını sevirdi. O, İsa bulağının sərin, buzlu suyunu, ucu
görünməz ağacların mehriban kölgəliyini, hər ağacın altında
qurulan məclisin nəşəsini, meşədə odun yığmağı sevirdi. O,
adamı min dillə dindirən şuşalı arvadları, yanaqlarından qan
daman şuşalı qızları, sinəsi nəğmə, qəlbi şer şuşalıları sevirdi.
O, şairə idi. Bəlkə indi onun şerlərini oxuyanda onlar adama
bəsit və dayaz gələrlər. Lakin axı onun vur-tut iyirmi yaşı
vardı. Bəlkə, onun heç olmasa iyirmi üç yaşı olsaydı, o çox şey
yaza bilərdi. Amma onun iyirmi üç yaşı olmadı. Heç bir vaxt
da olmayacaq. O, Şuşa təbiətindən və Moskvada 1 May
nümayişinin rənglərindən ilham alırdı. O, "Humayun"dan
riqqətlənir və "Beynəlmiləl" himnindən ruhlanırdı. O, şimal
qütbünü fəth edən sovet təyyarəçilərindən, Bakının yeni
məktəblərindən yazırdı. O, Şərq qadınını çadranı atmağa
çağırırdı. O, eşqi, şəfəq çağı dənizin rəngini, aylı gecələri,
çiçək açan alma ağaclarını, tərənnüm edirdi. O, Füzulidən,
Sabirdən, Fikrətdən və Mayakovskidən həzz alırdı.
Mən indiyənəcən təəccüb edirəm. Necə oldu ki, belə ilahi
bir varlıq məni sevə bildi.
Qonağım qəflətən mənə müraciət edərək:
–Doğrudur, – dedi, – mən də o vaxt indiki halımda
deyildim. Amma mən hara, o hara? Hər halda qəribədir ki, o
məni sevdi. Allaha and olsun o məni sevirdi. Özü də möhkəm
sevirdi. Mənimçün isə o, mələkdi, pəriydi, huriydi, daha nə
bilim nəydi. Allahın fəlakətində insanlara göndərdiyi təsəlli və
şəfqət ilahəsiydi. Biz xoşbəxt idik. Kim və neçin bizim
xoşbəxtliyimizi pozdu? Axı biz bəxtiyarlıqdan doya bilmədik,
175
sevincdən usanmadıq. Mən xəbər alıram, bizim nə təqsirimiz
vardı? Kim, neçin onu məndən aldı?
O bu sualları mənə verirdi, özü də ritorikcəsinə deyil, məhz
cavab almaqçün verirdi. O susub məndən cavab gözləyirdi.
Mən nəinki təfərrüatını, hətta ən adi faktlarını belə bilmədiyim
məsələ haqqında necə hökm verə bilərdim. O yenidən inadla:
–Kim? Neçin? – deyə məndən soruşdu:
–Sizi həbs edib ayırdılarmı? – deyə mən suala sualla cavab
verdim.
–Yox, – deyə o tez cavab verdi – dəhşət ondadır ki, bizi
həbs etmədən ayırdılar.
Qonağım yenidən təmkinlə danışmağa başladı:
–İncəsənət işçiləri evində üçüncü mərtəbədə bizim ikiotaqlı
mənzilimiz vardı. Bütün evlərdə olduğu kimi bizim evin də
birinci mərtəbəsində – giriş qapısının ağzında sakinlərin
siyahısı – qara bir lövhə asılmışdı. Bütün evlərdə olduğu kimi
bizdə də bu qara lövhənin üstündə ağ hərflərlə evin sakinlərinin
familiyaları, mənzillərinin nömrəsi yazılmışdı. Həyətimizdə
Kərim dayı adlı bir xidmətçi vardı. Kərim dayı mağazadan qara
rəng və iri bir rəngsaz fırçası almışdı. Ayda beş, ya daha çox,
bəzən hər həftə, bəzən günaşırı Kərim dayı səhər tezdən qara
rəngini və fırçasını götürürdü, giriş qapısına yanaşır, lövhədə
ağ hərflərlə yazılmış müəyyən bir familiyanı qaralayırdı. Lövhə
çox qəribə və gülməli şəkil almışdı. Məsələn, yuxarıda bir
nömrəsi yazılmış, sonra aradan qara bir ara verilmiş, dalıycan
məsələn 4 nömrəsi gəlmiş və lövhənin dalı da bu əcaib sıra
üzrə düzülmüş, get–gedə daha az qalan ağ hərflərlə yazılmış
familiyalar yazıq, aciz, yetim və narahat görünürdülər. Lövhə
çox qəribə və gülməli şəkil almışdı. Lakin ona baxanda heç kəs
gülmürdü. Boşalmış mənzillərə köçən təzə sakinlər nədənsə
hələ öz familiyalarını lövhəyə yazdırmırdılar. Təzə sakinlərdən
bir çoxunun familiyası yazılmamışdan pozulurdu.
Mən hər gecə bir şey edirdim. Arvadımdan qorxa–qorxa
gizli edirdim. Duyurdum: o bilsə mənə nifrət edəcəkdi. Çünki
176
onun buna ehtiyacı yox idi. O güclüydü, mən isə onun kimi
deyildim, mən zəif idim. Mən bunsuz bacarmazdım. Mən hər
gecə on birdən gecə qalmırdım və hər gecə yatmazdan əvvəl
qüvvətli dozada yuxu dərmanı içirdim. Ondan gizli içirdim. O
bilsəydi, mənə nifrət edəcəkdi. Çünki onun bu dərmana
ehtiyacı yoxdu. O güclüydü. Mən isə zəif idim. Mən bu
dərmansız qala bilməzdim. Məni qınamayın, mən hər gecə
qüvvətli dozada yuxu dərmanı içirdim. Yerimə girən kimi və
heç bir şey haqqında düşünməmək və o saat yuxulamaqçün
içirdim. Təsadüfən gecə yuxudan ayılıb qulaqlarımı
şəkləməmək, hər pıçıltıdan, hər ayaq səsindən, hər şaqqıltıdan
diksinməmək, səssiz küçədən keçən hər maşının tormoz səsini
dinləməməkçün içirdim. Gözlərimi qaranlıq tavana dirəyərək
nəyisə, nəyisə, nəyisə gözləməmək, gözləməmək,
gözləməməkçün içirdim. Kərim dayının qara lövhədə
familiyamı pozan fırçasını yuxuda görməmək, ayrı, daha
dəhşətli yuxular görməməkçün, bərk, daş kimi, ölü kimi yatıb
yalnız səhər oyanmaqçün, bu gecə də keçdi – deməkçün
içirdim. Mən kimdən və nədən qorxurdum? Bəlkə, mən adam
öldürmüşdüm, ev yarmışdım, hər nəysə bir cinayət eləmişdim,
ifşa olunmaqdan qorxurdum. Bəlkə, mən siyasi bir qəbahət
eləmiş, qeyri-ciddi bir söz demiş və ya yanımda deyiləndə
eşitmişdim. Yox, bu cəhətdən mənim vicdanım təmiz idi.
Amma mən ondan qorxurdum ki, günahsızlığına başımla
zəmanət verəcəyim 9 nömrəli mənzildə yaşayan, uzun illərdən
bəri tanıdığım bəstəkar dostumun da heç bir təqsiri yoxdu,
lakin bir səhər mən siyahi-lövhədən rəqəmlərin yeni düzülüş
sırasını öyrəndim: səkkizdən sonra 10 gəlirdi.
Mən zəif, gücsüz, iradəsiz, aciz, bəlkə də qorxaq adam idim.
Amma allaha and olsun ki, mən özümçün qorxmurdum. Mən
onunçun qorxurdum – Şairə yoldaşımçün qorxurdum. Ən
böyük qəbahət istedad, ən böyük cinayət ad–san, şöhrət,
hörmət, ən böyük təqsir seçilmək və sevilmək, ən böyük günah
öz ağlınla düşünmək sayılan bir çağda mən onun aqibətiyçün
177
qorxurdum. Onun parlaqlığından, qurbanı olacaq
parlaqlığından qorxur, onu gözləyən şeyləri təsəvvür edəndə
dəhşətə gəlirdim. Onu şer kürsülərində gurultuyla, alqışla
qarşılayan, qədəminə güllər tökən gənclərin fərəhi və pərəstişi
müqabilində onu qara zirzəmilərdə gözləyəcək intiqam, hayıf,
qisas məni dəli eləyirdi. Mən bilirdim orada xalq məhəbbətini,
xalq fərəhini bağışlamırlar. Dinləyicilərinin gözlərində qürur
və sevinc oxuyan şair ən ağır cəzaya məhkum olur. Xalqın
məhəbbəti ona ən böyük ittihamnamədir.
Onu dinləyənlər özlərində insanlıq ləyaqəti, insanlıq qüruru,
insanlıq fərəhi duyurlar. Onu eşidənlər özlərini azad bilirlər.
Ona qulaq asanlar özlərini millət sayırlar. Məgər bu günahları
ona bağışlamaq olardımı? Mən bilirdim ki, ora düşsə, orada bu
hayıfı onda qoymayacaqlardı. Bütün bunlardan başqa o qadın
idi. İncə, gözəl, zərif, həssas və həzin sənətkar bir qadındı,
şairə idi. Ora düşən kişilər haqqında danışılan dəhşətlər ən dahi
bir rəssamın çəkə biləcəyi cəhənnəm mənzərələrindən müdhiş
idi. Ora düşən qadınlar haqqında danışılanları, on beş dəmir
qapı dalından süzülüb xeyli yumşalaraq bizə, hələ çöldə
gəzən adamlara gəlib çatan müdhişliklər haqqında mən söhbət
açmaq istəməzdim. Əvvəla ona görə ki, siz hələ çox gəncsiniz.
Əgər siz daha yaşlı olsaydınız belə mən bildiklərimi və
eşitdiklərimi danışmazdım. Belə şeyləri insan-insana
danışmamalıdır. Belə söhbətlər, belə mənzərələr yaddaşda yara
kimi qalan bu dəhşətlər qurd kimi adamın öz içini yeməlidir.
Danışılmamalı-danışılmamalı – deyə o əsəbi və qırıq–qırıq
deyirdi. – Adamlar belə şeyləri danışmamalı, yox ümumiyyətlə
görməməli, bilməməlidir. Bunu görən, bilən, eşidən adam
insanlıq ləyaqətini, nə isə ona insan olmaq haqqı verən bir
hüququ itirir. Onunçün qadın idealı, əbədi qadınlıq idealı
yoxdur. Bunları eşidən, görən, bilən qadın haqqında, dəhşətsiz
düşünə bilməz. Bunu eşidən, bilən, görən öz anası haqqında
düşünməməlidir, onu xatirinə, yadına gətirməməli, gözləri
qarşısında canlandırmamalıdır. Bunu görən, eşidən, bilən
178
bacısının gözünə baxmamalıdır. Bunu görən, eşidən, bilən
allaha, allah yoxdursa, bilmirəm kimə, bəlkə mamaçaya dua
etməli, yalvarmalıdır ki, heç bir vaxt ona: "Gözün aydın, qızın
oldu" deməsin. Bunu görən, eşidən, bilən əgər arvadını bərk
sevirsə onu öldürməlidir.
Qonağım qışqırıb hıçqırmağa başladı. Mən yenidən güclə
onu sakit etdim.
O, dərhal yenidən danışmağa başladı:
–Ora düşən qadınlardan eşitdiyimə görə yalnız biri xoşbəxt
olubmuş. Onun xasiyyətindəki qəribəlik haradansa qadının
taleyini həll edənlərin qulağına çatıbmış. Bu qadını xilas
etmişdir. Bu qadın cavan və üzdən süfayi olmasına
baxmayaraq "uşaqları" yalnız bir cəhətdən – "psix"liyi
cəhətdən maraqlandırmışdır. Onlar qadının bir qədər qəribə
olmasını və qorxu maniyasını şən zarafatlarına hədəf edərək
gecələr müxtəlif qorxunc qiyafələrdə, maskalarda, əcaib səslər
çıxararaq qadın qalan tənha və qaranlıq kameraya gəlir, qadını
ürəyi gedənəcən qorxuzur, yalnız o hərəkətsiz qalıb qəşş
edəndən sonra gülə–gülə çıxıb gedirdilər. Onlar bununla
kifayətlənirdilər. Bu arvad xoşbəxt imiş. Düzdür, iki–üç belə
seansdan sonra o sağalmaz bir halda dəli oldu və bir həftə
sonra məhbəs xəstəxanasına düşdü. Ora düşən qadınlardan mən
eşitdiyimə görə bu ən xoşbəxti imiş.
Qalanları isə... Siz boksçuların kim olduğunu bilirsinizmi? –
deyə o birdən birə mənə müraciət etdi.
Mən cavab verməyə imkan tapmamış o sözünə davam etdi:
–Yox, o siz bilən boksçuları demirəm, idmançıları demirəm.
Yəni onlar da idmançılardır. Onlarda da idman azarı, müəyyən
həvəs və ehtiraslar var. Küçədə onları görsəniz bir-birlərini
"bizim uşaqlarımızdandır" deyə adlandıran bu gənclər çox
gözəl və səliqəli, son moda üzrə geyinmiş, son dərəcə mədəni,
nəzakətli, həmişə bir qulağı ayıq, xoş təbəssümlü, kos bəbəkli
adamlardır. Bəziləri hətta bu kos bəbəklərini bir anlığa bir
nöqtədə saxlayıb insanların gözlərinin içinə düz baxmağı da
179
vərdiş etmişlər. Tramvaya minəndə qoca kişiyə yol verir,
qadınlara yol göstərirlər, uşaqlara qalxmağa kömək edirlər.
Lakin ora gələndə həmin bu mədəni, nəzakətli, sağlam və
güclü gənclər cəld üst paltarlarını, vətəndaş paltarlarını çıxarır,
öz iş formalarında qalır və işə başlayırlar. Onlar küçədə yol
verdikləri qocaları yumruqla vurub yerə sərir, təpikləyib küncə
itələyir, saçından, saçı tökülübsə, daz, keçəlsə burnundan, ya
qulağından tutub qalxızır, yenidən boksun son qaydası üzrə
çənəsinin altından bir yumruq vurub yerə sərir, yenidən
təpikləyir, yenidən qalxızır və yenidən vurub yerə sərirlər və
yenidən və yenidən və yenidən... sonsuz kərə. Həmin bu durub
yer verdiyi qadınlara...
O susdu.
–Bilirsinizmi, onlar gənc, güclü, sağlamdırlar. Hərəkətlərinə
heç bir nəzarət, ehtiras və istəklərinə heç bir hüdud yoxdur, heç
bir iman və inamları, heç bir əxlaq prinsipləri və anlaq
normaları olmadığından pozğunluqları qəribə deyil. Ora
məhkum, əli heç yerə çatmayacaq, səsini kimsə eşitməyəcək,
yolu gedər–gəlməz olan qadın düşdükdə onlar...
Qonağım dodağından qaçacaq sözü sonuncu anda tutub
saxladı və nəfəsini dərib dedi:
–Nə yaxşı ki, körpə uşaqlar ora düşmürlər – sonra əlavə
etdi– hər halda mən eşitməmişəm.
Susdu. Nəfəsini dərdi. Sonra:
–Bilirsinizmi, bir dəfə balaca qız, – deyə gülümsündü.
Deyəsən uşaqları çox sevirdi və indi xoş bir təbəssümlə
onlardan nə isə məzəli bir şey danışmaq istəyirdi. Lakin birdən
bu fikirdən daşınaraq yenidən əvvəlki söhbətinə qayıtdı.
–Deyirlər onlar orada qoca, cavan, çirkin, gözəl qadınlara o
qədər də fərq qoymurlar. Yalnız çox gözəl qadınları ayrıca
seçirlərmiş.
Mən diksindim. O dərhal bunu sezdi.
–Bəli, – dedi – dəhşətli sözdür. Sarsıdıcı sözdür. Seçirdilər.
At kimi, ev heyvanı kimi. Siz bilirsinizmi neçin seçirdilər?
180
O əyilib mənim qulağıma pıçıldadı.
Sonra susdu. Fikrə getdi. Gözlərində dəhşət oyandı. Rəngi
daha da qaçdı. Yanağı əsməyə başladı. Elə bil nə isə güclü bir
daxili ağrıyla çarpışırdı. Sonra ağır–ağır dedi:
–Bilsəniz mənim arvadım, necə gözəl, necə həzin, zərif idi.
Aman allah. Bundan dəhşətli nə ola bilər? Ən pis, ən iyrənc, ən
dəhşətli səhnələr mənə mələklər qədər pak və təmiz olan
arvadımın, istəklimin, gözəlimin surətini xatırladır.
Mən:
–Lazım deyil, – dedim. – Danışmayın. Sizə danışmaq
ağırdır. Mənə dinləmək.
O gülümsündü:
–Yox, – dedi. – O təmiz getdi. Ona dəyə bilmədilər. Vəhşi
əllər, murdar barmaqlar onun aydan arı bədənində gəzə
bilmədi. O pak və tərtəmiz, ləkələnməmiş getdi. Mənim
qızdırmalı xəyalımın yaratdığı dəhşətli şeylərdən heç biri
olmadı. Sənan onun kəsilib atılmış dırnağına belə toxuna
bilmədi.
–Sənan kimdir? – deyə mən təəccüblə soruşdum.
O birdən dayandı. Mənim Sənanı tanımamağım onu çox
təəccübləndirmişdi. Sonra birdən nə isə yadına saldı, nə isə
anladı və gülümsündü.
–Elədir, – dedi. – Axı siz Sənanı tanımırsınız. Hardan da
tanıyasınız? Deyirlər o indi hansı mağazadasa satıcı işləyir. İş
vaxtı qurtaran kimi tez evə qaçır. Bayıra çox da tez–tez
çıxmağa həvəs göstərmir. Elə geyinmək, elə yaşamaq, qalan
ömrünü elə keçirmək istəyir ki, gözə çarpmasın, diqqətdən
yayınsın, unudulsun, nəzərdən qaçsın, birtəhər başını girrəsin
və bəzi-bəzi adamlar bəzi–bəzi işləri ona xatırlatmasınlar. Bir
vaxtlar isə bu Sənan bambaşqa idi. Geyinib-kecinib küçələri
veyillənər, həmişə diqqət mərkəzində olar, həmişə gözə girərdi.
Bu Sənan belə Sənandı. Cavan, sağlam, yaraşıqlı, bər–bəzəkli,
ucaboylu, enlikürək, qarabığlı, gözəl bir gəncdi. İndi deyirlər
onun bu cəh-cəlalından heç nə qalmamışdır. Solğun, miskin,
181
yazıq Sənan, balaca, zəif, gizlənən, başın girləyən Sənan.
O, sanki birinci dəfə idi ki, Sənanın aqibətini düşünürdü.
Xəyalında canlandırdığı surət həm onu sevindirir, həm də elə
bil məyus edirdi. Sənanın dəyişilməsi onda təəssüfə bənzər bir
hiss oyadırdı. Halbuki o deyirdi:
–Dünyada heç kəsə bu Sənana nifrət etdiyim qədər nifrət
etmirdim. Mən onun nə işlə məşğul olduğunu yaxşı bilirdim.
Və o təzə modlu paltosunu geyinib boynuna rəngbərəng şərf,
üzünə məftunedici gülüş taxıb küçələrə düşəndə, nəzakətlə
davranıb mədəni söhbətlər edəndə cin beynimə vururdu.
–İnsanlar, aldanmayın, yanılmayın – deyə bağırmaq
istəyirdim – Bilirsinizmi bu kimdir? Bu adam məni, sizi, sizin
ərlərinizi və arvadlarınızı, analarınızı və atalarınızı, bacılarınızı
və qardaşlarınızı, hətta beşikdə yatan körpələrinizi belə
üzündən bax bu məlahətli təbəssümü silib atmadan didə,
parçalaya, döyüb, ya təpikləyib öldürə bilər.
Mən əlbəttə ki, heç bir vaxt bağırmadım.
O axşam da biz Sənanı gördük. İsti bir yay günü idi. Lap elə
bugünkü kimi bir axşam idi. Mən arvadımla Sahil bağında
gəzirdik. Birdən Sənan bir dəstə yoldaşıyla düz qarşımıza
çıxdılar. Yol dar idi. Sənan vərdiş halına keçmiş bir nəzakətlə
çəkilib arvadıma yol verdi. Üzündə həmişəki yapışdırılmış
təbəssüm vardı. Amma gözlərinə baxanda, bir dəqiqə bir yerdə
durmayan, quş axtaran ov tulası kimi ora–bura vurnuxan
bəbəklərində mən ani bir ifadə sezdim. Bu ifadəni sözlə demək
çətindir. Bəlkə nisbətən uyğun və yerində işlənmiş "istehza"
sözü olardı. Amma bu istehza da deyildi. Yaxın görüşə, bizi
görüşdürəcək hadisələrə bir işarəmi idi, bizə nə isə bir vədəmi
idi, bir hədəmi idi, bir xəbərdarlıqmı idi? Amma hər halda
təəssüf deyildi. Hər halda o bizə rast gəlməsindən narazı
deyildi. Hər halda o nə isə bilir, nəyisə qəti bilir və bu NƏ İSƏ
bizimçün ağır bir sarsıntı, onunçün xoş bir macəra idi.
Bu saniyənin yüzdə birində sezdiyim ifadə məni sarsıtdı.
Lakin bu ani ifadənin yerinə gələn ifadə məni bəlkə daha artıq
182
dəhşətə gətirdi. Bu ikinci ifadəni aydın görmək və ona səhvsiz
ad vermək olardı. Bu şəhvət ifadəsiydi. Sənanın ona – Mənim
gözəlimə baxan murdar gözlərində çirkin bir ehtiras, iyrənc
çılpaqlığını heç şeylə örtmək, bürümək istəməyən bir erkək
intizarı, pis söyüş kimi sırtıq, həyasız bir şey, yaxın nəşəyə qəti
əmin olan bir əxlaqsızın səbirsizliyi var idi.
Siz o dövrdə yaşamamısınız. O dövr barəsində sizə nə qədər
və necə danışsalar belə siz onu təmamilə anlaya bilməzsiniz.
Siz o qorxunu necə təsəvvür edə bilərsiniz, hər an, hər dəqiqə
uçurum qırağıyla yerimək, həm də taytıya–taytıya yerimək,
yanında səni hər dəqiqə sözsüz–danışıqsız girdaba itələməyə
hazır olan adamların addımbaaddım səni izləməsi, hər gələn
gecəni son bilmək, hər səhəri açanda yeni qarşıdan gələn
gecənin dəhşətini düşünmək – bütün bunları danışmaqla
anlatmaq olmaz.
Səsinin heç yerə çatmazlığını, haqsızlığın dəryasında
boğulduğunu, heç kəsə, anana, atana, arvadına belə
ürəyindəkiləri deməyi cəsarət etməməyi necə təsəvvürə gətirə
bilərsiniz. Ən dəhşətli özünü mühakimədən sonra belə
vicdanında bir təqsir görməyib hər an min günahla
təqsirləndirilə biləcəyini duymağın əzabını sən necə hiss edə
bilərsən? Bəziləri – günahsız olub müqəssirlikdə ittiham
olunanlardan bir çoxu böyük bir intizarla vicdanlarını arayıb
heç olmasa bir ləkə, bir təqsir tapmaq arzusunda olurlar. Onda
heç olmasa onların təsəllisi olardı. "Günahındı, çək".
Belələrindən bir çoxu vicdanlarını təmiz görüb məyuslaşır və
bundan sonra şüurlu, ya yarımşüurlu bir halda qəsdən, ya da
bəlkə yarımqəsdən bir qəbih iş görür, bir yasaq söz danışır və
cəzanı nisbətən asan qəbul edirdilər. "Cəzamdır çəkirəm". Bu
böyük təsəllidir. "Təqsirsiz getdimin" – zəhərindən yaxşıdır. O
dövrdə bir tək Kərim dayı xoşbəxt idi. Kərim dayıya qansız,
zülmkar, özgələrin dərdindən həzz alan bir adam demək
olmazdı. Çuğul da deyildi. Müsibətlərə yuxarıdan baxan filosof
da deyildi. Kərim dayı axmaq, ya səfeh də deyildi. Kərim dayı
183
arsız idi. Kərim dayı bəxtiyar idi. Hər səhər yuxudan duran
kimi, çox vaxt da elə gecə vaxtı müəyyən məlumatlar toplayır
və arvadına belə xəbər verirdi:
–Eşitdin də, arvad, Əsgərlinskini də tutdular. O artist vardı
o, teatr çıxarırdı, "Şeyx Sənana" getmişdik ha, yadında? Hə,
bax o Şeyx Sənanı oynayanı da apardılar. Əmma əntiqə səsi
vardı ha? Öz aramızdı, vraq narod da olsa səsi qiyamətdi.
Kərim dayı qonşu həyətin xidmətçisini görəndə deyirdi:
–Nə var, nə yox? Məndə sağlığın. Yuxarı mərtəbədə hələ bir
ər–arvad qalıb. O urusu da apardılar. Pianino çalırdı o.
Ev sakinlərini görəndə ehtiyatla və şübhəylə, oğrun–oğrun,
müştəri gözüylə baxırdı. Görəsən bunların hansı haqqında və
haçan deyəcəkdi:
–Filankəs də belə getdi. Vay atonnan. Evin top dağıtmazdı.
Deyir, ay namərd dünya, Süleymana qalmadın kimə
qalacaqsan?
Kərim dayı nə təəssüf çəkirdi, nə də sevinirdi. O ancaq
maraqlanırdı və uşaq həvəsiylə demək olar ki, hər gün, ya
günaşırı müxtəlif adamlara:
–Eşitdiniz də, şairi tutdular, – deyirdi.
Onun müraciət etdiyi adamları elə bil ildırım vururdu,
Kərim dayıya rast gəlməməyə çalışırdılar. Kərim dayı arsız idi.
O bəxtiyar idi. Bütün bunları indi sizə anlatmaq əlbəttə
çətindir. Bilmirəm siz mənim o vaxtkı halımı və hərəkətlərimi
anlayacaqsınızmı? Məni qınamayın, o gün bulvarda mən
nəticəsi haqqında düşünmədən elə buradaca adamların içində
Sənanı boğub öldürmək istəyirdim. Bunu gəlişi gözəl deyilmiş
söz hesab eləməyin. Sizin yadınızdadır mən özüm də dəfələrlə
təkrar etmişəm ki, zəif, iradəsiz, bəlkə qorxaq adamam. Amma
siz bilirsinizmi ki, dəlicəsinə qoçaq hərəkətləri ən qorxaq
adamlar edir. İgidlik əlacsızlıq, çarəsizliyin, ümidsizliyin,
əlacsızlıq, ümidsizlik, çarəsizlik isə qorxaqlığın övladıdır.
Qorxaq və iradəsiz adam məhz qorxaq və iradəsiz olduğuna
görə səbir, dözüm igidliyinə qadir deyil, amma ani
184
qəhrəmanlığı, ən xarüqəvi qəhrəmanlığı, ölümlə qurtara bilən
bir qoçaqlığı bacarır. Mən də o gün Sənanı öldürməyə qadir
idim. Çünki qorxurdum. Evə gedib yerimə girib, bütün yuxu
dərmanlarına baxmadan, yuxlaya bilməyib gecənin sükutunda,
qaranlığında, dəhşətində Sənanı gözləməkdən qorxurdum. Ani
bir tərəddüd Sənanın həyatını xilas etdi. Mən onu evdə
gözləyəcəm, gəlsə öldürəcəm – dedim. Amma dərhal bu işin
əbəsliyini, uşaqcasına mənasızlığını, axmaqlığını duydum, –
çünki bilirdim ki, o, gəlsə tək gəlməyəcəkdir. Bir adamı
öldürmək heç bir şeyi həll etməyəcəkdir.
Nə isə, biz evə tərəf gəlməyə başladıq. Nədənsə mən evə
getmək saatını dala atmaq istəyirdim. Nədənsə mənə elə gəlirdi
ki, axırıncı dəfə onunla Sahil bağını gəzirik. Mən nə xoşbəxtəm
deyirdim. Bağ belə yaxşı, dəniz belə gözəl, sevgilim, gözəlim,
yaraşıqlım mənimlə. O məni sevir, mən onu sevirəm,
səadətimizi heç nə pozmur. Biz nə bəxtiyarıq.
Mən heç bir şey haqqında düşünmək istəmirdim. Mən bu
dəqiqənin sevincini udmaq istəyirdim. Lakin məndən asılı
olmayaraq bu dəqiqələrin sevincinə qorxu zəhəri qatışırdı. Mən
heç bir şey haqqında, nə gecə, nə səhər, nə həyat və vaxt
haqtında düşünmədən, danışmadan, hər
şeydən
mücərrədləşərək bu xoşbəxt anları yalnız məcburən deyil,
məcburiyyətsiz, xoş, sevincli, səmimi, şən anlar kimi duymaq,
bu anları zamanın durmaz və müdhiş axınından dişimlə,
dırnağımla qoparıb saxlamaq istəyirdim. Lakin bu həyatımın
axırıncı xoşbəxt saatlarında da mən xoşbəxt deyildim. O, isə
xoşbəxt idi. O, hər şeyi duyurdu. Lakin o məndən güclü olduğu
üçün hər şeyi daha mətin keçirirdi. O, səadətçün yaranmışdı. O,
səadəti duya bilir, dolu ciyərlərilə, sevinclə nəfəs alır və
təlaşını, intizarını ürəyinin zirzəmilərində basdırırdı. Bəzən
mənə elə gəlirdi ki, o, hələ hər şeyi anlamır. Amma o hər şeyi
bilirdi. Mən fikirlərimi ondan gizlətməyə çalışırdım. Lakin bir
dəfə qeyri–ixtiyari olaraq söhbət həmin məsələdən düşəndə o
dedi:
185
–Mən çox gözəl bilirəm ki, məni və səni nə gözləyir. Lakin
hələ heç bir şey yoxdur. Bilirsən nə var? Bu barədə düşünmə.
Bəla gəlməmiş yas qurmaq lazım deyil. Heç bir şeydən
qorxmadan, heç bir dəhşət gözləmədən yaşamaq, ciyər dolusu,
ürək dolusu, beyin dolusu yaşamaq, işləmək, yaratmaq,
qurmaq, sevinmək və xoşbəxt olmaq lazımdır.
Belə danışmaq onunçün çətin deyildi. O güclü və mətin idi.
O xoşbəxt olmağı bacarırdı, o heç nədən qorxmurdu.
Bəs mən? And olsun allaha, mən yalnız onunçün
qorxurdum. Lənətə gəlmiş xəyallarım mənə dəhşətli lövhələr
çəkirdi. Mən o gözəli, o zərifi, o incəni Sənanın və Sənan kimi
dodağına gülüş yapışdırılmışların qıllı əlləri arasında çapalayan
görürdüm.
Aman, bu vahiməli lövhələr indi də mənim gözlərim
qarşısındadır. Onlar ölənə qədər məni təqib edəcəklər.
O, axırıncı sözləri boğuq hıçqırıq içində dedi. Sonra yavaş–
yavaş özünü ələ aldı. Susdu və sakit davam etdi.
–Onlar elə həmin gecə gəldilər. Amma bilirsinizmi, bu
təfərrüat da maraqlıdır. Həmin gecə yerimizə girməmişdən
əvvəl o qəflətən mənə dedi:
–Bu gecə iki doza at. Oyanmayasan.
Mən dik atıldım. O gülümsündü. Məni elə bil ilan çaldı.
Deməli o hər şeyi bilirmiş. Mənə elə gəldi ki, o mənə nifrət
edir. Mən ona sual verməyə cəsarət etmədim. Yerimin içində
qovrulurdum. Birdən onun səsini eşitdim.
–Hələ yuxulamamısan ki?
–Yox.
–Onda yuxulamamışdan sənə deyim, bil. Dünyada heç kəs
mənə səndən əziz olmamışdır.
Nədənsə məni ağlamaq tutdu.
O dedi:
–Geçən xeyrə qalsın.
Qarşı qonşumuzgildə qonaqlıq idi. Musiqi səsi gəlirdi.
Yorğun səsli bir qız qəmli bir muğam oxuyurdu. Deyəsən
186
"Humayun" idi.
Həmin o gecə mən yuxumda dənizi, bulvarı və arvadımı
görürdüm.
Həmin bu gecə saat on üçün qarşıdakı qonşugildə qonaqlar
toplanmağa başlandı. Qarşı qonşumuzgilin oğullarının ad
gününü bayram edirdilər. Bir neçə gün əvvəl ev yiyəsinin yaxın
dostu tutulmuşdu. Bu işdən zərrə qədər də qəmlənmədiyini və
bu köhnə dostuyla heç bir əlaqəsi olmadığını camaata isbat
etməkçün qonşumuzgil bu gecədəki ziyafəti xüsusi bir
təntənəylə hazırlamış və xüsusi bir hay–küylə keçirirdilər.
Həmin bu gecə saat on birdə Kərim dayı bir həftə
işlənmədiyinə görə qabda quruyub bərkimiş rəngə və
qərtməklənmiş fırçasına baxıb arvadına dedi:
–Çoxdandı bir səs yoxdu a – tavana, yuxarı mərtəbələr
səmtinə baxıb mənalı gülümsündü.
Həmin bu gecə saat on ikidə Sənan geyinib çıxmağa
hazırlaşırdı. Qoca anası:
–İşin necədir? – deyə soruşdu:
Sənan dedi:
–Sən yat. Mən gec gələcəm.
–Paltonu çiyninə sal, soyuq olar, – deyə ana böyük bir
nəvazişlə oğluna baxdı. Sənan əyilib anasının alnından öpdü və
səssizcə qapını ardınca bağlayıb getdi. Ananın gözlərində
sonsuz bir fərəh vardı.
Həmin bu gecə saat birdə bizim qapımız döyüldü.
Oyanmazdan bir qədər əvvəl (real həyatda bir neçə an, yuxuda
isə bu bir neçə an mənə uzun bir müddət kimi göründü) kimsə
məni döyürdü. Ağrı hiss etmirdim.
Lakin kəsik–kəsik, aramla, səbirlə vurulan zərbələrin səsini
eşidirdim. Oyananda bu zərbələrin qapıya vurulduğunu
anladım. Saniyənin yüzdə biri belə keçmədən hər şeyi
qavradım. Sanki axır ayların bütün dəhşətli hissləri, ən amansız
şübhələrim, ən qorxunc fərziyyələrim, qorxularım, təlaşım,
intizarım birləşib təmkinli zərbələrlə qapını döyürdülər. Mən
187
nə edəcəyimi bilmirdim. Bu saatları min–milyon dəfə
xəyalımda canlandırıb hər anını, hər hərəkətini yüz dəfə ölçüb–
biçmişdimsə və hər şey də məhz mənim zənn etdiyim kimi
olurdusa da hər halda mən nə edəcəyimi bilmir, milyon dəfə
hazırladığım, düşündüyüm, hətta məşq elədiyim sözləri və
hərəkətləri bir an içində unutmuşdum. Bir-birindən dəli fikirlər
başımda atlanıb–düşürdü. Qapını açmamaq, sındıranacan
gözləmək. YOX, pəncərədən atılmaq, xurd–xəşil olub ölmək.
YOX, ağır kağızbasanı içəri girən birinci adamın başına
çırpmaq, YOX, əlimə nə keçsə qapıya, hələ açılmamış qapıya
vıyıldatmaq, sonra yenidən əlimə nə keçsə girənlərin başına
çırpmaq, YOX, tutulanacan vuruşmaq, qollarım bağlanandan
sonra vuruşmaq, yerə sərilmək, dişləmək, yıxılmaq,
təpikləmək, ölənəcən, ürəyim partlayanacan fiziki müqavimət.
BƏS O? YOX, içəri girənlərin ayağına yıxılmaq, yalvarmaq,
YOX, bədənimdən atılıb çıxmaq, quş olub uçmaq, YOX.
Allaha, bu dəqiqə inandığım Allaha yalvarmaq, YOX,
ağlamaq, YOX, qəhqəhə çəkib gülmək, YOX, sakit olub
uzanmaq, özünü yuxululuğa, ölülüyə qoymaq, YOX, attanıb
düşmək, YOX, oturmaq, YOX, dəli olmaq, YOX, pəncərədən
bağırıb kömək istəmək, YOX, özümü ələ alıb, mühakimə və
tədbirlə tərpənmək, rahat ürəklə qapını açmaq, xoş üzlə, təmiz
vicdanla qarşılamaq, YOX, qaçıb stolun altında gizlənmək,
YOX, onu yuxudan oyatmaq, YOX, oyatmamaq, YOX, bəs nə
etmək, nə etmək, nə etmək?
Birdən kəsik–kəsik, aramla, səbirlə, inamla döyülən qapı
tappıltılarının tənəffüsündə, axırıncı tappıltının səsi əriyib
sükuta qarışanda və yeni tappıltı passajı başlananacan araya
çökmüş lal bir sakitlikdə əsməyən, amiranə, arxayın və əmin
bir səs eşitdim.
–Qapını aç.
Bunu o dedi. O ayıq imiş. Amma gözləri qapalı idi. Üzü
sakit idi. Qaranlıqda rənginin qaçıb–qaçmadığını təyin etmək
çətin idi.
188
Mən ovsunlanmış kimi onun əmrinə itaət etdim. Amma
qapını açmamışdan onun özünün bu günlərdə həyətdə itilətdiyi
və gecələr yanıma qoyduğum, mətbəx bıçağını cibimə soxdum.
Fikirlərimdə onu həmişə Sənanın bağrına sancırdım. Nədənsə
əmin idim ki, bizə məhz Sənan gələcəkdir. Yanılmamışdım.
Otağa birinci Sənan girdi. O tək deyildi. İşığı yandırdılar.
Gözləri otaqda vurnuxan adamlardan biri onu yataqda görüb.
–Geyin – dedi.
Sənan dərhal:
–Əvvəl kağızı göstər, – dedi.
O, həmişəki kimi nəzakətli idi.
Mən əyilib kağıza baxdım. Qeyri–ixtiyari:
–Bəs mən? – dedim.
Gələnlərin dodağı qaçdı:
–Tələsmə, sənin növbən də çatacaq. Sənan mənə "siz" deyə
müraciət elədi.
–Görürsünüz ki, kağız yalnız arvadınızın adınadır. Biz
kağızsız heç kəsi apara bilmərik. Odur ki, arvadınızı bizə etibar
etməli olacaqsınız.
O bərkdən güldü. Bu həmişəki maska gülüş – mədəni təbəssüm
deyil, ən alçaq və rəzil bir pozğunun sitizə hırıltısı idi. Bıçaq
cibimi yandırmağa başladı. Lakin mən hələ özümü saxlayırdım,
hələ şüuruma nəzarət edə bilirdim. Şüurum isə: Nə olsun? Nə
olsun? – deyə yanıb–sönürdü. Bir Sənanı öldürdün. Bəs o birilər?
Birincisi Sənanı öldürsəm, özümü demirəm, özüm cəhənnəm,
arvadımın işi daha ağırlaşacaqdır. Ondan daha da intiqam alacaq,
şübhələnəcək, onu daha çox incidəcək, daha pis təhqir edəcəklər.
Sənanı yox, başqa birisini öldürsəm, yenə də həmin vəziyyətdir.
Yox, mən lap div olub bütün otaqdakıları öldürsəm belə neçəsi
qapının dalında, pilləkəndə, həyətdə, küçədə durub, neçəsi başqa
mənzillərdə həmin əməliyyatı aparır, neçəsi maşının içərisində,
neçəsi məlum binada marıqdadırlar. Lakin mən heç bir şey etməyə
də bilməzdim. Mən yaxşı bilirdim ki, sabah, bəlkə elə bu gecə iki
saatdan sonra mənim də dalımca gələcəklər. Bəs mən bu gecəni,
189
bu günü, bu iki saatı, on dəqiqəni onsuz, həm də onun hara, kimlə
və neçin getdiyini bilərək necə yaşaya bilərdim. Mən onu aparan
"qara qarğanın" dalıyca cəhənnəmə, cəhənnəmdən daha dəhşətli
yerlərə sürünməyə hazırdım. O şeh kimi zərif, ayın suya saldığı
işıq cığırı kimi incə, həzin idi. Mən onun büllur kimi təmiz və
kövrək, şüşə kimi sınımlı bədənini, ruhunu Sənana və Sənan
kimilərə necə etibar edə bilərdim. Bəs mən nə edəydim, deyin nə
etməliydim, necə çıxış tapaydım.
Qonağımın gözləri məhvərindən çıxmışdı, o yaxamdan
tutub silkələyir, məndən cavab gözləyirdi.
–Qarşımda oturmasaydınız – dedim – "mən çıxış yolunu
bircə sizin intiharınızda görərdim".
O yaxamı buraxıb gülümsündü:
–Elədir – dedi. – Bunu sizə mən özüm pıçıldadım. Zəifəm,
qorxağam, iradəsizəm, qorxaqlıq qoçaqlığın rəhnidir və sairə.
Bunlar hamısı belədir, əlbəttə. Məhz qorxaq, zəif və iradəsiz
olduğuma görə arvadımın pis gününü, namusumun
tapdalanmasını görməməkçün, bütün dəhşətlərə birdəfəlik son
qoymaqçün dostunu düşmən əlində qoyub qaçan namərd kimi
cibimdəki iti bıçağı bağrıma sancıb xilas olmalı, qurtarmalı,
dincəlməliydim. – O, böyük bir qürurla mənə baxdı – İnanın, –
deyə davam etdi, – miskin həyatımda yeganə fəxr elədiyim şey
varsa o da o gün, orada, xainlik etməməyim, əlimdə imkan ola–
ola özümü öldürüb canımı qurtarmamağım, onu Sənanların
əlində təhqir və dəhşətçün qoyub qaçmamağımdır.
Dəhşətli bir güman – ölüm nəfəsi kimi ürəyimə toxunub
məni səksəndirdi. Səsim əsə-əsə:
–Bəs neylədiniz? – deyə soruşdum və sualımdan özüm də
peşman oldum.
Onun üzünün ifadəsini ölənəcən unutmaram. İztiraba heykəl
qoyulsa onu bax bu an, bu sifətdən yapmaq lazımdır. Mən
qorxurdum. Mənə elə gəlirdi ki, nəhəng mehmanxananın bütün
mərtəbə və nömrələri boşalmış, küçələr susmuş, bütün şəhər
ölmüş, bütün dünyada yalnız bu yeganə mənim nömrəmdə iki
190
nəfər ac canavar kimi göz–gözə durmuş, hələ deyilməmiş,
lakin duyulan dəhşətli sözləri gözləyirdilər.
O dili-dodağı əsə-əsə:
–Mmmmən çççıxış... ttapdım... Axı o gün... o gün… otaqda
bbir nəfər də... vvvardı...
Saçlarım biz–biz oldu.
–Mməni qınamayın... Bu... yeganə ççıxış yyolu... idi. – deyə
o kəkələyirdi. Mən qızdırmalı kimiydim, sanki onun səsi çox
uzaqlardan gəlirdi:
–Gələnlərdən biri çarpayıya yanaşdı "Dur" – dedi. O: – o
biri otağa keçin – dedi – mən geyinməliyəm. Gələn adam: –
Pah – deyə istehzayla dedi: – Guya ki...
Sənan onun ağzını yumdu. – Səbrin olsun – deyə murdar bir
ifadəylə göz vurdu.
Qonağım hönkürməyə başladı.
–Aman allah, mən nə etdim, aman nə etdim.
Mən qışqırmaq, köməyə çağırmaq istəyirdim. Lakin tərpənə
bilmirdim. Mənə elə gəlirdi ki, yuxudayam, məni qara basır,
tərpənmək istəyirəm, tərpənə bilmirəm, qışqırmaq istəyirəm,
qışqıra bilmirəm, oyanmaq istəyirəm, oyana bilmirəm.
O get–gedə özünü ələ aldı, sakit bir tonla dedi:
–Mməni qınamayın... bu yeganə çıxış yolu idi. Onu Sənana
və Sənan kimilərə verməməkçün bu yeganə çıxış yolu idi. Ayrı
yol yox idi.
Qonağım nəfəsini dərdi və titrək, lakin yavaş bir səslə –
Bıçağı o öz əliylə iki gün əvvəl itilətmişdi – dedi.
Birdən–birə pəncərədən görünən Kreml ulduzu söndü.
Tavandakı lampoçka qarayla örtüldü. Otağın divarları üstümə
gəldi. Bütün dünyayi–aləm, vaxt və məkan qarşımdakı iki
dodaqda cəmləşdi, ilk dəfə olaraq üst dodağın azca sezilən
çapığını belə aydın gördüm. Onun sonrakı danışıqlarını beş
hissimdən hansıyla qavradığımı anlamaq çətin idi. Lakin
dəhşətlər hələ qurtarmamışdı. Qonağım dəli kimi gözlərilə
məni qamarlayıb:
191
–Sən mənim qızıma oxşayırsan. Sən mənim qızıma
oxşayırsan, – deyə aramsız təkrar eləyirdi.
Mən kəkələyə–kəkələyə:
–Axı, siz dediniz oğlunuz, – deyə başlayıb qurtara
bilmədim.
–Bəlkə də qızım idi, bəlkə də oğlum idi, mən bilmirəm,
bilmirəm, bəlkə də oğlum idi. Bəlkə də qızım idi, – deyə o kəsik–
kəsik təkrar edirdi: – Bəlkə də qızım idi, bəlkə də oğlum idi.
Birdən "nəğməsini" kəsib kəskin bağırdı:
–Mən nə bilim nə idi, o ki doğa bilmədi. Mən onu hamilə
öldürdüm. – Sonra cümləsinin quruluşunu dəyişib yenə həmin
fikri təkrar elədi – Mən onu öldürəndə hamilə idi, – və yenidən:
–Bəlkə də oğlum idi, bəlkə də qızım idi – deyə oxumağa
başladı.
Bunun nə qədər davam etdiyini deyə bilmərəm. Özümü ələ
alıb yenidən hər şeyi qavramağa başlayanda görünür bir xeyli
vaxt keçmişdi. O da sakit olmuşdu. Mümkün qədər təmkinli
olmağa çalışaraq yenidən danışmağa başladı.
–O gecə mən bütün iradəmi toplayaraq bıçağı sərrast
vurdum. Sonra ürəyim getdi. Sonra heç bir şey yadımda deyil.
Həkimlər mənim ən ağır bir ruhi xəstəliyə tutulduğumu
qərarlaşdırmışlar. Bu məni xilas etdi. Mən yalnız beş ildən
sonra sağaldım və sürgün edildim. İki il qabaq amnistiya
düşdüm. İndi siz hər şeyi bilirsiniz, – deyə o mənə müraciət
etdi, – məni azad etmişlər. Mən bəraət qazanmışam. İndi siz
deyin, əgər ümumi, mücərrəd bir həqq, bir insanlıq məhkəməsi
varsa, deyin mən onun qarşısında bəraət qazana bilərəmmi?
Məni insan saymaq olarmı, məni bağışlamaq olarmı?
Aralığa sukut çökdü.
Sonra o:
–Cavab verməyə tələsməyin, – dedi. – Yaxşı–yaxşı
fikirləşin. Anlayın.
Mən aramla dedim.
–Mənim sizi bağışlamağa, ya ittiham etməyə heç bir
192
hüququm yoxdur. Amma əgər məndən soruşursunuzsa, mən
sizi anlayıram.
–Bir yaxşı–yaxşı düşünün. Mən caniyəm. Mən adam
öldürmüşəm. Mən arvadımın qatiliyəm.
–Siz cinayətinizin cəzasını çəkmisiniz. İztirab sizin
günahınızı silmişdir.
–Belə bir cinayətin cəzası varmı? Hansı cəza bu cinayətə
layiqdir?
–Yox, – dedim. – Bu cinayət məcburidir. Siz arvadınızı
sevdiyiniz üçün öldürmüşsünüz. Sizin ayrı yolunuz yox idi.
–Tələsməyin, – deyə o qışqırdı – Yalvarıram, tələsməyin.
Unutmayın ki, bütün danışdıqlarımı siz mənim baxışımdan
qəbul etmisiniz. Bəlkə bütün bu dəhşətli mənzərələr mənim
qorxaqlığımın böyüdücü şüşəsinin altından göründüyüçün bu
qədər dəhşətlidir. Bəlkə orada mənim arvadımı heç də dəhşətli
şəhvət oyunları gözləmirmiş. Bəlkə...
Mən etiraz etmək istədim. O, ağzımı açmağa qoymadan
davam etdi:
–Axı mən tək arvadımı öldürməmişəm. Mən həm də onun
bətnindəki yeni bir insan həyatını tələf etmişəm. Oğlumu, ya
qızımı, bəlkə gələcək dahi bir rəssamı, bəlkə insanları xərçəng
xəstəliyindən xilas edəcək bir təbibi öldürmüşəm. Dünyada
insan həyatının yaranmasından böyük möcüzə və insan
həyatını məhv etməkdən böyük cinayət varmı? Bunu da
bağışlamaq olarmı? Mən isə birini yox, gör neçəsini
öldürmüşəm. Arvadımı. Bir. Onun uşağını. İki. Bəlkə arvadım
əkiz doğacaqmış. Onda üç. Üç nəfər. Yox, dörd.
–Dörd niyə? Dördüncü kimdir?
–Dördüncü də mən özüm. Axı mən də ölmüş kimiyəm.
Mənim yaşamağımın heç bir mənası yoxdur. Məndən də böyük
cinayətkar varmı? Hamısı da qorxaqlığımın üstündə. Axı mən
sonra bildim. Arvadımı heç bir təhlükə gözləmirmiş. Onun
başından bir tük belə əysik olmayacaqmış. Onu tutmağa yox,
şahidliyə də yox, elə–belə söhbətə çağırırlarmış. Tamamilə
193
başqa bir məsələ üçün. Tamamilə kənar bir məsələ üçün. Mən
bunu çox sonralar bildim. Onu kənar bir məsələyçün
çağırırlarmış, eşidirsinizmi, çağırırlarmış, tutmurlarmış, yox, o
bir–iki saatdan sonra evə qayıdacaqmış, eşidirsinizmi,
qayıdacaqmış. Mən onu nahaq öldürmüşəm, eşidirsinizmi,
nahaq? Qorxaqlığımdan.
Mən dedim:
–Bir də zamanın hökmündən. Hər gecə mənzilləri boşalan
qonşularınızın taleyi, Kərim kişinin qara fırçası, Sənanın azğın
zarafatları üzündən. Mən bunların hamısını çox gözəl başa
düşürəm. Özünüzü qınamayın. Siz arvadınızı dəlicəsinə
sevirsinizmiş. Sizi əfv etmək olar.
–Sizi əfv etmək olar, – deyə o məni yamsıladı. Sonra o
mişar səsini, diş yonan maşın səsini andıran paslı və xırçıltılı,
adamın bütün əsəblərini yerindən oynadan bir gülüşlə
qaqqıldadı. Ağzını düz uzümə tutub:
–Sən hər şeyi bağışlayırsan? – dedi – Bilirsənmi mən
kiməm?
Mən onun üzünün ifadəsindən və səsindən diksindim.
Bilmirəm nədən, lakin məndə belə bir hiss vardı ki, bütün bu
axşam eşitdiklərimdən daha qəribə bir şey eşidəcəm. Bu sövqi-
təbii hiss məni aldatmadı.
Qonağım:
–Bilirsənmi mən kiməm? – deyə bağırırdı, – bu çapığı
görürsənmi?
Qonağım ilan kimi yumşaq, sürüşkən, çiriş bir səslə, qılığa
girici, aldadıcı bir ahənglə qulağıma pıçıldayırdı.
–Sənanın gözləri qırmızıydı. Qara bığları vardı, qulaqları
kiçikdi, burnu düzdü, dodaqları – o bərkdən gülməyə başladı –
dodaqlarında... – yenidən gülüşlə sözünü kəsdi – dodaqlarında
bax belə çapıq vardı – deyə kəskin hərəkətlə yerindən qalxdı.
–Çapıq? – Elə bil məni ildırım vurdu. Deyəsən, ağlım
çaşırdı. Birdən özüm dəli kimi qışqırmağa başladım.
–Sənan sənsən, Sənan sənsən!
194
O tam bir sakitliklə:
–Mənəm, – dedi.
Məni gic gülmək tutdu. Qarşımdakı kişiyə baxıb durmadan
gülürdüm:
–Deməli, deməli siz – deyə heç sakit ola bilmirdim –
sürgündə zadda olmamısınız, ha, ha, ha.
O ciddi və sakit idi.
–Yox, – dedi. – O gecə mənim də taleyimi həll etdi.
Bayaqdan bəri sizə öz adımdan danışdığım əhvalat doğrudan
da olmuş işdir. Doğrudan da belə bir kişi vardı. Doğrudan da o
öz arvadını bərk sevirmiş. Nədən bilirəm? Ondan ki, yalnız çox
bərk sevərkən o edəni etmək olar. Mən bu ailə haqqında bircə
onu bilirdim ki, onlar xoşbəxt idilər, bizi gözləyirdilər, mənə,
Sənana böyük nifrət bəsləyirdilər... Bir də onu bilirdim ki,
onlar xoşbəxt ola bilərdilər. Lakin ola bilmədilər. Çünki biz
qoymadıq. Ən qəribəsi də o idi ki, bizim doğrudan da onları
tutmaq fikrimiz yox idi. Lakin bir də o vardı – siz dediyiniz
kimi, – onların qonşularının mənzilləri tez–tez boşalırdı. Kimin
tutulması, kimin qalması o zaman məgər boş bir təsadüfdən
asılı deyildimi. Hə, Kərim kişi və onun fırçası da uydurma
deyil. Lakin o başqa evdə idi. Mən o dövrdə gördüyüm
müxtəlif şeyləri, necə deyərlər, bir növ ümumiləşdirib sizə
danışıram. Mən bu barədə bir əsər yazmışam. Odur ki, bu
mənimçün o qədər də çətin deyil. Bəli, mən bu şeylər haqqında
çox fikirləşdim və qərara gəldim ki, bildiklərimi yazmasam
olmaz. Qoy başqaları da bilsin. Lakin belə əsəri heç yerdə çap
eləmək istəmirlər. Odur ki, mən də şifahi danışmağa
məcburam. Mənim bütün hiss-həyəcanlarım da artistlik deyildi.
Bütün bu şeylər bu günə qədər məni sarsıdır.
O susdu. Qulaqlarıma inanmırdım. Təəccüblü baxışlarımı
görüb sözünə davam etdi:
–Yəqin sizə qəribə gəlir, nə cür olub ki, mən, həmin Sənan,
indi...
Haqlısınız... Özümə söz vermişdim ki, rolumu axıra qədər
195
oynayam, adımı açmayam. Əsəri də o kişinin adından yazmışam.
Lakin niyyətimi yerinə yetirə bilmədim. Odur ki, bir-iki kəlmə də
sizə öz taleyimdən danışım. Bəli, həmin gecə o kişi ancaq
nağıllarda olan yüksək bir məhəbbətlə sevdiyi qadını öldürəndən
sonra doğrudan da dəli oldu və az sonra başını türmə
xəstəxanasındakı çarpayının dəmirinə vurub öldü. Lakin o,
arvadını (uşağı–zadı yoxdu, lakin bizim güllələdiyimiz başqa bir
qadın hamilə idi) və özünü öldürüb dünyaya yeni bir insan gətirdi,
yeni bir insan doğdu. Bu yeni insan mən idim. Mən o gecə bir çox
şeyləri başa düşdüm. Bəlkə bundan dəhşətli şeylər də görmüşdüm.
Onlar mənim yaddaşımda mərtəbə-mərtəbə, qat–qat yığılırdı.
Lakin onlar mənə mane olmurdu. Onları nəşə və şəhvət altında
örtüb basdırırdım. "Aldanırdım" demək istəmirəm. Biz çoxumuz
elə o vaxt bilirdik bu müəyyən fərdlərin vəhşi şıltaqlıqlarıdır,
məfkurə-zad mübarizəsi deyil. Vicdan? Mən əlbəttə vicdansız
deyildim. Amma vicdanımla belə sevdalaşmışdıq: sən mənə
dəymə, mən sənə. Özümü heyvan sayırdım, birdəfəlik özümü
insanlar cərgəsindən çıxarmış və heyvan kimi xoşbəxt idim.
Uşaqlıqdan çox kitab-zad oxuyardım. Odur ki, çox vaxt məni
müəyyən əxlaqi problemlər məşğul edirdi. Həyatımçün müəyyən
fəlsəfi bir əsas da tapmışdım. "İnsan olmağa çalışma: bir erkək
kimi xoşbəxt yaşamağa çalış. Əgər həyatın sonunda heçlikdən
başqa heç nə yoxsa, dözümlü və təmiz həyat kimə lazımdır? Əgər
həyatın sonunda heç nə yoxsa, ömrü ləzzət və keflə başa vurmaq
pismidir? İncitdiyimiz adamları axmaq sayırdım. Çünki onlar bu
aydın fəlsəfəni başa düşmürdülər. Başa düşsələr xoşbəxt olardılar.
Xoşbəxt olmağın isə o dövrdə yalnız bircə yolu vardı. Bizə
qoşulmaq. Doğrudur, bizə qoşulmayanlar və tutulmayanlar da
vardı. Lakin onlar xoşbəxt deyildilər. Çünki onlar hər an
tutulacaqlarının qorxusunu çəkərək içlərini yeyirdilər. Mənə qəribə
gəlirdi ki, onlar tutulacaqlarından qorxa-qorxa yenə də öz
"saflıqlarını" saxlayır və bizə qoşulub xoşbəxt olmurdular. Onda
bu mənə qəribə gəlirdi. Bir şeyi unudurdum ki, onlar da, hətta
tutulanlar da xoşbəxt idilər. Axı insan olmağın, özünü insan
196
saymağın xoşbəxtliyini heç bir başqa xoşbəxtliklə tən qoymaq
olmaz. Bəlkə də bu xoşbəxtliyin iki müxtəlif anlayışı idi.
Məşəqqətlərə, əziyyətlərə dözüb insanlıq ləyaqətini saxlamaq
xoşbəxtliyi. Bir də insanlığını unudub kef çəkməyin xoşbəxtliyi.
Mən ikinci növ xoşbəxtlərə mənsub idim. İnsanları inçidirdim. Və
daxilimdən qalxan etirazımı keflə, şəhvətlə batırırdım. İnsanlığımı
unutmuşdum. Özümdə insanlığın bir zərrəsini belə görmürdüm.
Anamı belə unutmuşdum.
O gün, daha doğrusu o gecə mənə böyük və müdrik bir
həqiqəti açdı. İnsan heç bir vaxt insanlığını itirmir. İnsanda
insanlığın oyanması üçün bəzən dəhşətli faciələr lazım olur.
İnsanlığını oyadan faciənin qurbanı bu ailə oldu.
Mənimlə o gecəki əməliyyatda iştirak edənlərdən heç birisi
bu hadisədən sonra dəyişmədilər. Lakin əminəm ki, müəyyən
bir gün, müəyyən bir iş onların da damarlarına düşüb onları da
dəyişəcəkdir. Mən isə üç gün sonra işdən çıxmaq haqqında
ərizə verdim. Bunun nəticələrini çox gözəl bilirdim. Hər şey
məhz mən zənn eləyən kimi oldu. Əvvəl təəccübləndilər, sonra
fikrimdən daşındırmağa başladılar, sonra şübhələndilər, sonra
hirsləndilər, sonra hədələdilər, sonra tutub basdılar. Rütubətli
kameraların tənhalığında çox düşündüm və özümdə insanlığın
bir zərrəsini tapıb xoşbəxt oldum. Qoca anamın gətirdiyi
yemək içərisindən bir soğan götürüb kameranın torpaq yerində
əkdim. Gözətçilərdən gizlədə–gizlədə onu bəslədim,
böyütdüm, onunla yaşadım, onunla sevindim, onunla həyata,
cavanlığa, diriliyə qovuşdum. O məhbəsdə qaldığım bütün
müddətdə böyüyən, yaşıllaşan soğan mənim həyatımın rəmzi
oldu. Ölüm gözləyirdim. Lakin xoşbəxt idim. İnsan olurdum və
insan olanların xoşbəxtliyini də anlayırdım. İnsan olurdum və
bu insanlığımdan bir nişanə olaraq adamlara bir şey qoyub
getmək istəyirdim. İmkanım daxilində olan yeganə şey bu
soğan idi. Məndə zərrə qədər, kiçik olsa belə hələ ölməmiş
insanlığımın səbəbi anam idi. Bu soğanı mənə o gətirmişdi.
Soğanı məndən sonra bu kameraya gələnə qoyub getmək
197
istəyirdim, insan olmağıma, insan ölməyimə bir işarə, bir nişan
qoymaq istəyirdim. Lakin məni öldürmədilər. Sürgün elədilər.
Vətən həsrətini mən yalnız orada duydum. Gənc yaşlarımdan
Vətənimi şair-şair, müəllim-müəllim güllələyən mən, yalnız
orada vətənin şirinliyini, əzizliyini, sənətindən tutmuş,
torpağının iyinə qədər, səmasından tutmuş yaşıl otlarına qədər,
şerindən tutmuş xörəklərinə qədər, musiqisindən tutmuş dilinə,
ən adi sözlərinə qədər necə doğma olduğunu hiss elədim.
Orada mən öz-özümlə azərbaycanca danışırdım. Yox, şer
oxumurdum. Ədəbi cümlələr də qırıldatmırdım. Nə qədər səy
etsəm də heç olmasa bir misra şer, ya ədəbi cümlə yada sala
bilmirdim. Öz-özümə ən adi sözlər deyirdim:
–Hava əntiqədir a. Suda balıqlara bax a. Bu nə iyidir gəlir?
Nə yatardım – və s. Mən öz–özümlə danışırdım. Çünki öz
dilimdə danışmağa adam yoxdu. Mən ən adi, sizin, xalqımın
orada öz ana yurdunda gündə danışdığı sözləri deyirdim. Mən
bu sözlərin musiqisindən həzz alırdım "hava, göy, torpaq,
azadlıq, yuxu, çörək". Nədənsə ən çox "çəhrayı" sözünü təkrar
edirdim. Bu söz öz sədaları etibarilə mənim qulağımı oxşayırdı.
Mən dönə–dönə təkrar edirdim: "çəhrayı, çəhrayı, çəhrayı,
çəhrayı"...
Hamı elə bilirdi ki, mən dəliyəm. Təzəcə ağıllandığım
zaman adımı gicbəsər qoymuşdular.
Bağışlayın. Deyəsən təzə dastan başladım. Axı dedim ki,
özümdən danışmayacağam. Öz taleyimdən şikayətlənmirəm.
Çox əclaflıqlar eləmişəm. Amma amnitsiyanı mən
verməmişəm axı... Bu amnitsiyaya layiq olduğumu
doğrultmağa çalışacam, bildiklərimi danışacam, vəhşiliklərimi
ifşa edəcəm, həqiqi qəhrəmanları tanıdacam. Mənə kömək
edin.
–Mən sizə nə cür kömək edə bilərəm?
O məyus–məyus baxdı:
–Elədir, – dedi. Heç kəs mənə kömək edə bilməz. Hər şey
olub qurtarıb. Öz daxilimi heç kəsə aça bilməyəcəm. Bu heç
198
kəsi maraqlandırmır. Heç kəs də o kişinin faciəsindən xəbərdar
olmayacaq? Bəs nə etməli. Onların, o bədbəxtlərin, yüzlərlə
bədbəxtliyin təqsırı nə idi? – Onun səsində yenidən faciəvi
xallar eşidilirdi – Bəs onların, arvadını, uşağını öldürən, özü də
dəli olub başını çarpayının dəmirinə çırpan, qanadan, qan
aparıb ölən, onların, yüzlərin, minlərin, insanların, həqiqi
insanların, günahsızların təqsiri nə idi?
–Elə cavabsız suallar var ki, – dedim – onlara cavab
axtarmaq lazım deyil. Gələcəyə, ləkəsiz gələcəyə, qoy olsun,
siz dediyiniz kimi iztirabın vicdanıyla dağlanmış, lakin daxilən
bütöv, yarasız və sağlam gələcəyə, yer üzündə insanlığın
qələbəsinə inanmaq lazımdır.
Onun haçan və necə getdiyini duymadım. Bir də başımı
qaldırıb qarşımdakı stulu boş gördüm. Mən onu yuxu, xəyal
bilərdim, amma külqabı dolu idi, papiros tüstüsü də açıq
pəncərədən yavaş-yavaş uçub gedirdi. Otaqda bir mən, bir də
məni dağlayan iztirabın vicdanı qalmışdı.
1958-ci il
Avqust-sentyabr
Dostları ilə paylaş: |