A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3.29 Mb.

səhifə10/31
tarix03.04.2017
ölçüsü3.29 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

ÜÇ SANDIQ HEKAYƏSİ 

 

 148 

 

 

58-ci  İLİN ÜÇ SANDIQ HEKAYƏSİ 

 

Vaqif Cəbrayılzadayə 

 

Əzizim Vaqif! 

Yadındadırmı, bir neçə il bundan qabaq səninlə söhbətimiz 

olmuşdu; danışmışdıq ki, sən mənə bir şer həsr edəcəksən, mən 

də  sənə bir hekayə. Sən vədinə  əməl etdin, mənsə o vaxtdan 

bəri təzə hekayə yazmadığım üçün sözümün üstündə dura 

bilmədim. Amma hər halda əhdə xilaf çıxmaq istəmirəm; ilk 

dəfə çapa verdiyim bu köhnə hekayələrimi sənə ithaf edirəm. 

Otuz il bundan qabaq yazılmış bu üç hekayə az qala səninlə 

yaşıddır. Onları yazarkən sənin indiki yaşından çox-çox cavan 

idim. Güman edirəm ki, 19-20 yaşlı  gəncin qələm məhsulları 

olan bu yazıların qüsurlarını onların səmimiyyətinə 

bağışlarsan. 

Bu üç hekayənin qısaca tarixcəsini də  sənə  və oxuculara 

nəql etmək istəyirəm. 13-14 yaşlarımdan yazı-pozuyla məşğul 

olurdum, amma cızma-qaralarımı üzə  çıxarmağa həvəs 

göstərmirdim. Anam hərdən zarafatla mənə: "Bəsdir, sandıq 

ədəbiyyatı yaratdın", - deyirdi. 

Yalnız 1960-cı ildə bir neçə hekayəmi "Azərbaycan" 

jurnalına təqdim etdim. Onların içində "Nisbət nəzəriyyəsi" də 

vardı. Çap edilmədi, sonra qəzetə verdim, ordan da qaytardılar 

və  nəhayət ilk kitabıma salmışdım, yenə  də  nəşrinə müyəssər 

olmadım, "Ürəyim ağrıyır" hekayəsini atama oxumuşdum. 

Çapa verməyi məsləhət bilmədi. "İztirabın vicdanı"nı isə atam 

bəyənmişdi, amma Ənvər Məmmədxanlı bu hekayəni oxuyub 

qəti surətdə pislədi. Hekayənin hifz olunmuş yeganə 

əlyazmasının son səhifəsində  Ənvər müəllimin karandaşla 

yazılmış çox sərt rəyi durur: 

"At peçə! Böyük, tarixi bir faciəni məzmunsuz bayağı bir 



 149 

təlxəyin qara qışqırığının hədəfi etmək olmaz!". 

Vaqif! Sənin və  mənim dərin hörmət bəslədiyimiz  Ənvər 

müəllimin fikriylə o vaxt razılaşmışdım və hekayəni heç yerə 

təqdim etməmişdim.  İndi bu rəyi tam şəkildə  qəbul edə 

bilmirəm. Əlbəttə, bu hekayəyə də, o birilərinə də yüksək nəsr 

meyarları baxımından, bədiilik, peşəkarlıq, dil baxımından çox 

iradlar tutmaq olar. "İztirabın vicdanı" hekayəsinin 

melodramatik üslubunun, bəzi hind filmlərini xatırladan 

gurultulu adının bütün naqisliyini bu gün daha aydın görürəm. 

Amma otuz il sonra həmin yazını bir cümləsini, bir sözünü 

dəyişmədən olduğu kimi oxuculara təqdim edərkən xəcalət 

çəkmirəm. Təcrübəsiz müəllifin sənətkarlıq xətalarını 

bağışlamaq olar, amma həm fərdi yaş xüsusiyyətlərindən, həm 

də dövrün ab-havasından doğulmuş yazını peçə atmağı  rəva 

bilmirəm. Nə deyim, bəlkə o dövrdə doğrudan da elə sobaya 

atılasıydı... Amma məlum olduğu kimi əlyazmaları yanmır - bu 

həqiqət dahiyanə əlyazmalarına da aiddir, mənimkilər kimi ən 

adi, ən iddiasızlarına da... 

Bəzən bizim Azərbaycan yazıçılarını qınayırlar ki, necə olub 

hamınız nə yazıbsınızsa hamısını çap etmisiniz? Rus yazıçıları 

kimi sizin də o dövrlər nəşr oluna bilməyəcək və yalnız indi 

üzə çıxarıla biləcək əsərləriniz yoxdurmu? 

Ədəbi "sandığımdan" çıxarıb çapa verdiyim bu üç hekayə 

həmin suala – irada cavab deyilsə  də, hər halda Stalin 

dövründən sonra ədəbiyyata gələn gənclərin o vaxtkı duyğu-

düşüncələrini az, ya çox dərəcədə  əks etdirən sənəddir, 

zamanın sənədi və buna görə də bəlkə müəyyən marağa səbəb 

olar. 

Durğunluq dövründə  mənəvi həyatımızın başı pambıqla 



kəsilənəcən belə mövzular düşündürürdü bizi, Vaqif. Vur-tut 

iyirmi yaşımız vardı axı... 

 

ANAR 

8 noyabr, 1988 


 150 

 

 

NİSBƏT NƏZƏRİYYƏSİ 

 

Hikmət ev paltarını geyinib kürsüdə rahatlanmışdı. 



Qəzetlərə baxırdı. Hərdən qəzeti kənara qoyub çayından bir 

qurtum içir və yenidən tənqidi məqaləni oxuyurdu. 

Nəimə hələ işdən gəlməmişdi. Ceyhunla Rəna o biri otaqda 

oynayırdılar. Onların hay-küyü otağı basmışdı. Səs-küy 

Hikmətə mane olurdu. Amma o çağırıb cocuqlarına 

acıqlanmırdı. "Bir az yavaş" demirdi. Çünki səs-küysüz uşaq 

oyununun ləzzəti yoxdur. Uşaqlar oynayarkən çığır-bağır 

salmaqdan xüsusi həzz alırlar. Bu həngamədə məqalə oxumaq 

çətindi. Amma Hikmət uşaqlara acıqlanmırdı. Onların səs-küy 

qaldırmağa haqları vardı. Axı oynayırdılar. Hikmət səssizlik 

tələb etsəydi haqlı olardı. Uşaqlar susardı. Hikmət deyən 

olardı. Uşaqlar oynamazdılar. Darıxardılar. Hikmət haqsız 

olardı. 

Hikmət heç bir şey demirdi. Uşaqlar səs salırdılar. Hikmət 

məqaləni böyük çətinliklə qavrayırdı. 

Məqalə bir yazıçının romanı haqqında idi. Bu yaxınlarda 

romana uzun-uzadı bir tərifnamə  çıxmışdı. Tərifnamənin 

müəllifi çox dürlü dəlillərlə romanın gözəlliyini isbat edirdi. O 

yazırdı ki, qəhrəmanın romanın axırında qısqanclıq üstündə 

intihar etməsi çox təbiidir. Bu həqiqi insana xas olan cəhətdir. 

Qəhrəmanın surəti dolğun çıxmışdır. Məqalə müəllifi fikrini 

təsdiq etmək üçün çoxlu əsaslar gətirirdi. Belə  çıxırdı ki, o, 

tamamilə haqlıdır. 

Amma indi tənqidi məqalə romanı heçə  çıxarırdı. Tənqidçi 

dürlü dəlillərlə romanın yarıtmazlığını isbat edirdi. O göstərirdi 

ki, qəhrəmanın intiharı artıqdır və lazımsızdır. İnandırıcı deyil. 

Çünki onun fikirləriylə, dünyagörüşüylə, anlayışlarıyla 

uyuşmur. Yəqin bu tənqidçi də haqlı idi. Hikmət özü də romanı 

oxumuşdu. Xoşuna gəlməmişdi. Bir tərəfdən insan əlaqələrində 


 151 

etinasızlıq, keçəri duyğuların pərakəndəliyi, pəjmürdə hisslər, 

bir tərəfdən qısqanclıq faciəsi.  Əsər natamam, ziddiyyətli, 

qondarma idi... Hikmət romana belə qiymət vermişdi və ona 

elə gəlirdi ki, o haqlıdır. 

Nəimə də bu romanı oxumuşdu. Bəyənmişdi. Onun fikrincə 

bu natamamlıq, bu ziddiyyət  əsərin ruhundan doğur. 

Hisslərində,  əlaqələrində  sərbəst olan bir insan qəflətən 

qısqanclıq mərəzinə tutula bilər və bu da faciəyə çevrilə bilər. 

Nəimənin rəyi belə idi və o öz rəyini izah etdikcə, məntiqi 

dəlillər, faktlar gətirdikcə Hikmət hiss eləyirdi ki, Nəimə  də 

haqlıdır. 

Ceyhun ağlaya–ağlaya o biri otaqdan gəldi. 

–Ata, Rənanı görürsənmi, gəlinciyi mənə vermir. Mən topu 

ona verdim, o, gəlinciyi mənə vermir. Axı  mən topu ona 

verdim. Gərək o da gəlinciyi mənə versin. 

Ceyhun düz deyirdi. 

Hikmət Rənanı çağırdı. 

–Nə olub? – deyə yorğun–yorğun, könülsüz soruşdu. 

– Top onsuz da mənimdir. Anam bağışlayıb. Mən Ceyhuna 

tüfəngi verirəm, çünki o oğlandır. Gəlinciyi isə qız oynadar. 

Rəna da düz deyirdi. 

Ceyhun dedi: 

–Yox, mən elə gəlinciklə top–top oynayacam. 

Rəna dedi... Ceyhun dedi... 

Hər ikisi haqlı idi. 

Hikmət dedi: 

–Gedin oynayın.  

Uşaqlar dedilər: 

–Sən də bizimlə oyna. Qonşu uşaqların ataları  həmişə 

onlarla oynayır.  

Onlar haqlı idi.  

Hikmət dedi: 

–Vaxtım yoxdur. Məşğulam. 

O da haqlı idi.  


 152 

Hava qaralmağa başladı.  

Ceyhun soruşdu: 

–Anam haçan gələcək? 

Hikmət: – İndilərdə gələr, – dedi. 

Qapının zəngi çalındı. Uşaqlar: 

–Ana, ana, – deyə qapıya yüyürdülər. Gələn Nəimə deyildi. 

Hikmətin böyük bacısıydı. Zəhranın birinci sualı: 

–Nəimə evdədir? – oldu. – Yox. 

–Əlbət ki, hardan olacaq?!  

Hikmət Zəhranın niyə  gəldiyini, nədən danışacağını yaxşı 

bilirdi. Onun bu barədə danışmağa  heç bir həvəsi yox idi. 

Amma o bilirdi ki, Zəhra bu barədə söhbət açmaqda haqlıdır. 

Hikmət onun qardaşı idi. Zəhra qardaşının taleyinə biganə baxa 

bilməzdi. 

Zəhra uşaqların başını sığallayıb o biri otağa göndərdi. Özü 

Hikmətin yanında oturub müqəddiməsiz, girişsiz, hazırlıqsız 

birbaş mətləbə keçdi. 

Söhbət uzun, ağır, üzücü idi. Hikmət belə söhbətlərə sonsuz 

nifrət bəsləməkdə haqlı idi. Amma o bilirdi ki, Zəhra da 

danışmaqda haqlıdır. 

Zəhra deyirdi: 

–Camaat arasına çıxa bilmirəm. Hamı  sənin biqeyrətliyini 

mənim başıma qaxır. Vallah, billah, binamus qardaşın bacısı 

olmaqdansa ölüm min yol yaxşıdır. 

Hikmət sakit və etirazsız qulaq asırdı. Zəhra daha da 

özündən çıxırdı. 

–Hamı  Nəiməylə  Ələsgərovdan danışır. Bircə  sən bunu 

görmürsən. Elə indi də yəqin onunladır. Heç yerə girmirsən? 

Ürəyini boşaldandan sonra Zəhra çıxıb getdi. Hikmət 

yenidən qəzetlərə baxmağa başladı.  İki dövlətin bir–birinə 

məktubları  dərc edilmişdi. Bir–birinə, qarşılıqlı ittihamlar 

verirdilər. Əks şeylər isbat edirdilər. Hər ikisi haqlı idi. 

Az sonra Nəimə gəldi. Uşaqlar: 

–Ana... ana... – deyə sevinclə yüyürdülər. 


 153 

Onların sevinməyə haqqı vardı, anaları gəlmişdi. Nəimə heç 

onların üzünə də baxmadı. O da haqlı idi: qanı yaman qaraydı. 

Hikmətin üstünə düşüb: 

–Sənin bu sözbaz bacın gen dünyanı başımıza dar eləyəcək

– deyə əsəbi danışmağa başladı. – İndi həyətdə məni tutub bir 

saat canıma döşəyib. Bilirəm, gəlib burda da məndən danışıb. 

Birdəfəlik anlamır ki, mən onun kimi ara arvadı, avara söz 

gəzdirən deyiləm. Mən elmi işçiyəm. Min yerdə oluram. Min 

adamla oturub–dururam. Min adamla danışıram, min adamla 

işim olur. Bir gün evə tez gəlməli oluram, bir gün gec.  

Onun belə danışmağa haqqı vardı. Hikmətin də onu 

Ələsgərova qısqanmağa haqqı vardı. 

Hikmət könülsüz: 

–İndi hardaydın? – dedi: 

–İşdə. 


– Ələsgərovun yanında?  

–Bəli, Ələsgərovlaydım – deyə Nəimə əsəbi cavab verdi. – 

Birdəfəlik başa düşün:  Ələsgərov mənim elmi rəhbərimdir. 

Mənim bütün elmi fəaliyyətim onunla əlaqədardır. Mən 

müdafiə etməliyəm. Odur ki, günün çox hissəsini onunla 

işləməliyəm. Niyə bunu başa düşmək istəmirsiniz. 

O haqlı idi. 

Amma subay bir kişiylə  gənc, gözəl bir qadını daima bir 

yerdə görən dedi-qoduçular da onların yalnız elmi məsələlər 

həll etmələrini şübhə altına alanda haqlı idilər. Onlar Zəhraya 

tənə vuranda, Zəhra qardaşını danlayanda, Hikmət bu işləri 

ürəyinə salanda, Nəimə  tənbehlərdən,  şübhələrdən, dedi–

qodulardan cana gələndə haqlı idi. Bəlkə  Ələsgərov Nəiməni 

ürəkdən sevirdi. Onda o da haqlı idi. Amma sevməsəydi də 

haqlı idi. 

Hikmət bilirdi: Ələsgərovla Nəimənin Zəhra deyən 

əlaqələrdə olduğunu aydın-aşkar bilsə, öz gözüylə görsə belə 

namusu tapdalanmış ərin iztirab və intiqamı haqlı olduğu kimi, 

həyatının son bayramından imtina etmək istəməyən sinli 


 154 

professor da haqlıdır. Və  nəhayət, Nəimə  də haqlıdır. Yəqin 

onun da müəyyən səbəbləri, dəlilləri, əsasları, bəraəti var. 

Hikmət bilirdi: Bu dünyada haqsız yoxdur. Hərə bir 

səbəbdən, hərə bir cürə haqlıdır. 

Hikmət: – Mən bir az havaya çıxmaq istəyirəm, – dedi. 

Küçədə milis təpikləyə-təpikləyə bir dilənçini qovurdu. 

Milis haqlı idi. Çünki cındırından cin ürkən dilənçi küçənin 

yaraşığını pozurdu. 

Dilənçi də haqlı idi. Bu küçədə gedib–gələn, qazanc 

nisbətən çox olurdu. O biri küçələr adamsız idi. 

Gecə Hikmət özünü asdı. 

Arvadı, uşaqları, dost–aşna, qohum–qardaş yasa batdı. Hamı 

təəccüblənirdi. 

–Axı  nəyi çatmırdı. Xoşbəxt ailə. Ev–eşik. Cəmiyyətdə 

yüksək mövqe. Sağlamlıq. Şöhrət. Pul.  

Onlar haqlı idilər.  

Amma Hikmət də haqlı idi. 

 

Sentyabr, 1958. 

 


 155 

 

 



İZTİRABIN VİCDANI 

 

Mən ölsəm sənə qurban  



Sən ölmə, yazığam mən. 

 

İki gündür ki, Moskvadayam. Dünən futbola getmişdim. Bu 



gün səhər Puşkin muzeyindəyəm. Oradan çıxıb kənd təsərrüfatı 

sərgisinə getdim. Üç–dörd saata qədər oranı  gəzdim. Yağışa 

düşdüm. Metro yaman basırıq idi. Şəhərə güc-bəlayla gəlib 

çıxdım. "Bakı" restoranında nahar eləyib mehmanxanaya 

gəldim. Yaman yorulmuşam. Kimsə qapımı döyür. Yəqin 

Rafiqdir. Vay mənim halıma!  İndi baş-beynimi aparacaq. 

Gəldim, gəldim. Bu saat... 

Gecə saat ikinin yarısıdır. Qonağım indi getdi. Rafiq deyildi. 

Ondan yalnız hələ pəncərədən uçub getməmiş papiros tüstüsü, 

bir də dolu külqabı qalmışdı. Bu bir neçə saat mənim həyatımın 

ən qəribə, ən maraqlı, ən dolğun, ən həyəcanlı, ən iztirablı, ən 

dəhşətli saatları idi. Bu bir neçə saat – tanımadığım, heç bir 

vaxt görmədiyim bir adamla məni üzbəüz qoymuş bu saatlar 

ömür selimin yatağını, fikir çayımın məcrasını dəyişdirdi, məni 

başqa, tamamilə yeni bir adam etdi. Bu bir neçə saatda 

gördüyüm və  eşitdiyim  şeylərin çoxu haqqında mən  əvvəldən 

də düşünürdüm. Bu dəyişikliklər, bu yeniləşmə  mənim bütün 

ömrüm boyu hazırlanır, püxtələşir, get-gedə yaxınlaşırdı. 

Amma bir haldan başqa bir hala keçməkçün müəyyən bir 

təkan, bir təsir, bir inqilab lazımdır. Bu bir neçə saat həyatımın 

ən böyük inqilabı oldu. 

İndi gecdir. Mən yorğun və  əzginəm. Amma bilirəm. 

Yuxlaya bilməyəcəyəm. Hələ çox həyəcanlı, çox pərişanam. 

Bu bir neçə saatın tarixini oturub elə indi yazmalıyam. 

Doğrudur, 50 il sonra belə mən bu axşamın ən kiçik təfərrüatını 

da unutmayacağam. Lakin nə  qədər tez yazsam, lim-həlim 

dolmuş ürəyimi nə  qədər tez boşaltsam, bir o qədər tez 


 156 

asudələşər, rahatlanar dincələr, bəlkə də yata bilərəm. 

Qapı döyüləndə elə bildim ki, Rafiqdir. Mənim yoldaşımdır. 

Təsadüfən o da, mənimlə bir vaxtda Moskvadadır. Bəzən 

mənim yanıma gəlir. Yaxşı  oğlandır. Qızıl kimi. Bir nöqsanı 

çox danışmaqdır. Adamın baş-beynini aparır. Özü də elə 

mətləbsiz  şeylər danışır ki, o səfər nə bilim "Dinamo" 

komandasının 46-cı ildəki tərkibində hücumçuların 

müdafiəçilərdən güclü olması barəsində uzun-uzadı bir tarixi-

nadir başlamışdı ki... 

Ah, bağışlayın. Deyəsən, mən özüm də mətləbsiz danışıram. 

Bütün bunların mətləbə heç bir dəxli yoxdur. Elədir. Yazımın 

pərakəndəliyini bağışlayın. Mən bu saat elə haldayam ki... 

Yenə söz uzandı. Nə isə... 

Qapı döyüldü. Gələn Rafiq deyildi. Qapıdakı adamı 

həyatımda birinci dəfə idi ki, görürdüm. 

–Olar? – dedi: 

–Buyurun. 

–Bağışlayın, adınızı bilmirəm. Nə  mən sizi, nə siz məni 

tanıyırsınız. Amma mən sizinlə danışmalıyam. 

–Buyurun içəri gəlin, – dedim. 

Pəncərənin ağzında oturdu. Kasıb geyinmişdi. Qara, 

bəzəksiz ucuz çəkməsi, gen balaqlı köhnə boz şalvarı, zövqsüz 

tikilmiş qara pencəyi vardı. Təmiz, lakin nimdaş köynəyinin iki 

üst düyməsi açıqdı. Tüklü sinəsi, tünd rəngli maykası 

görünürdü. Qara sıx saçlar, qabarlı və qaba əllər... 

Saqqalını görünür təzə qırxdırmışdı, lakin alnında və yorğun 

çöhrəsində  dərin qırışlar,  əzab izləri onun sifətini qoca 

göstərirdi.  İztirab izləri sönük gözlərində daha çox qalmışdı. 

Pəncərənin yanında oturdu. Deyəsən, bunu demişdim. 

Gözlərini aşağı dikdi. 

Kirpikləri örtülmüş kimi görünürdü. Bir neçə müddət 

dinmədi. Mən hətta elə bildim yuxuya getmişdir. Təəccüb məni 

bürümüşdü. Astadan ösgürdüm. Kirpiklərini aramla qaldırdı. 

Sonra məni heyran qoyan bir cəldliklə yerindən sıçradı, adətkar 


 157 

bir hərəkətlə  əllərini pencək ciblərinə döydü, sağ cibindən 

çıqqıltını  eşidib kibriti çıxardı, mənə  təklif etmədən papiros 

yandırdı  və  əsəbi halda gəzişməyə başladı. Bayaq qapıda 

durduğu vaxt üzünün utancaq ifadəsiylə indi əsəbi ifadəsi 

arasında sonsuz bir kontrast vardı. Bütün axşam ifadəsi min 

dəfə dəyişən bu adamın üzü sanki təzadlardan yapılmışdı. Gah 

uşaq kimi utancaq, gah dəli bir ehtirasla yanan, gah mehriban, 

gah qəzəbli, gah kinli, gah yaltaq, gah xoş, gah məsum, gah 

məğrur, gah yazıq. 

Bir müddət gəzişdikdən sonra mənim qabağımda dik 

dayanıb qəfildən soruşdu: 

–O oğlan nəyinizdir? 

–Hansı oğlan? 

–O bayaq sərgidə danışdığınız. – Mənim gözümü 

döydüyümü görüb daha da əsəbiləşdi. – Azərbaycan 

pavilyonunda, qaraqaş, qaragöz, ünvanınızı ona verdiniz. 

–Hə, Firuz? 

–Bilmirəm. 

–Yoldaşımdır. Siz onu tanıyırsınız? 

–Mən heç kəsi tanımıram, – dedi.  

Mən susdum. O yumşaq bir səslə: 

–Məni bağışla, – dedi. – Qoy sən deyim. Çünki oğlum 

yerindəsən. Olar? 

–Neynək. 

–Bayaq sən o oğlana ünvanını verəndə  eşitdim. Ünvanı 

yadımda saxladım. Gəldim səni tapdım. 

–Məni tanıyırsınız? 

–Dedim ki, heç kəsi tanımıram, – o yenidən əsəbiləşdi. 

Mən onu qovmaq istədim. 

–Bayaq sərgidə  mən nədənsə  sənə diqqət yetirdim. Sən 

mənə çox fikir vermədin. Lakin mən sənin dalına düşüb bütün 

sərgini gəzdim. Sən mənim oğluma oxşayırsan. 

Mən bilmirdim nə deyəm. Nədənsə başıma: 

–Oğlunuz da buradadır? – sualı  gəldi. Kişi bic–bic 


 158 

gülümsündü. Birdən güzgüdə öz–özünə göz vurub qəh–qəh 

çəkdi. 

–Yox, oğlum uzaqdadır, – dedi. 



Sonra qəfildən ciddiləşdi. Yenidən dərin iztirab izləri üzünə 

çökdü. Keçib əvvəlki yerində, pəncərənin qabağında oturdu. 

Kirpikləri örtüldü. Araya sükut çökdü. Az sonra qəbir sükutu 

çökmüş otağın sakitliyini güclü bir səs qılınc kimi yardı. 

–Oğlumu öldürdülər,– deyə qonağım çılğın bir səslə çığırdı. 

Və yenidən susdu. Mənə elə  gəldi ki, o ağlamsınır. Nə 

edəcəyimi bilmirdim. O, başını qaldırıb mənasız nəzərlərlə 

mənə baxırdı. 

–Siz Bülbülü sevirsinizmi? 

Mən deyəsən qonağımın gözlənilməz suallarına alışmağa 

başlamışdım. Odur ki, təəccüblənmədən: 

–Sevirəm, – deyə dərhal cavab verdim. 

–Mən o saat gördüm. Azərbaycan pavilyonunda Bülbülün 

səsini eşidəndə sizin üzünüzə sevinc çökdü. – Sonra o əlavə 

etdi – yəqin ki, o da Bülbülü sevərdi. 

Mən kimin haqqında danışdığını  təxmin etdim. Yarasını 

təzələməməkçün soruşmadım. 

Yenə sükut çökdü. Sonra o yenidən danışmağa başladı: 

–Yaxşı, balam, camaat sərgiyə, eksponatlara, kənd 

təsərrüfatı  məhsullarına, cədvəllərə,  şəkillərə baxmağa gəlir. 

Sizin isə gözünüz adamlarda idi. Sərgiyə baxanlarda. Mən 

diqqət yetirdim. 

–Nə bilim vallah, mən sərgiyə də tamaşa edirdim.  

O sanki mən deyəni eşitmədi.  

Gözünü divarda bir nöqtəyə zilləyib: 

–Elə onunçün də  mən sizin ünvanınızı yadımda saxladım, 

yanınıza gəldim, – dedi. – Mən gördüm ki, sən hər  şeydən 

qabaq insanlarla maraqlanırsan. Sən çox irəli gedəcəksən, – 

deyə o inamla əlavə etdi. 

Mən sıxıntı çəkirdim. Təvazökarlıqla: 

–Yox, mən... – deyə kəkələdim.  


 159 

O, mehriban və nəvazişlə: 

–Yox, oğlum, – dedi, – bundan utanmaq lazım deyil. İnsanın 

insana marağı, diqqəti, lazım gələrsə, köməyi və yardımı, 

müdafiəsi həyatın  ən gözəl mənasıdır. Təəssüf ki, bəziləri 

rəqəmlər ardında insanları unudurlar. 

–Elədir, – dedim, – elə mən də belə düşünürəm.  

Ondan dəhşətli, arasıkəsilməz bir gülüş  şəlaləsi axdı. Mən 

diksindim. Sakit olduqdan sonra: 

–Elə mən də bu saat onu düşünürdüm, – deyə ağzımı əydi. – 

Mərhum Cəfər sizdən "Sevil" əsərində yaxşı yazıb, – dedi. – 

Ay hay. Sən keçən qızların ayaqlarına baxdın, mən də sənə aşiq 

oldum ki, gör necə insanlara qarşı diqqətlidir. Ha, ha, ha! – 

yenidən arasıkəsilməz, sitizə bir gülüş – Bu insanlara maraq 

göstərir, kömək haqqında düşünür. Hələ  ağzının südü 

qurumayıb. Sən nə bilirsən insan nə deməkdir. Mən sənin 

ünvanını götürdüm. Mən bura sənə könlümü açıb tökməkçün 

gəlmişəm. Lakin qürurlanma! Bu sənin xüsusi bir məziyyətin 

olduğundan deyil. Mən kiməsə danışmalıyam.  İçimdəkilər 

məni boğur. Mən kiməsə ürəyimi açmalıyam. Sənin mənimçün 

heç bir əhəmiyyətin yoxdur. Mən divara da danışa bilərəm. 

Qulaq as.  

Mən son dərəcə soyuq bir səslə: 

–Bura baxın, – dedim. – Mən məşğulam. Cəfəngiyyata 

qulaq asmağa vaxtım yoxdur. Gedin, divara danışın. 

Pərtləşdiyimi büruzə verdiyimçün daha da hirslənirdim. 

Gözlərində yalvarıcı bir ifadə  əmələ  gəldi. Yaltaq bir 

ədayla: 


–Zarafatdan incimə, – dedi. – Sən mənim oğlum yerindəsən. 

Dinlə məni! Yalvarıram. Mən üç ildir ki, bir adam gözləyirəm. 

Üç ildir ki, həsrət məni dalayır. Eh nə üç il, iyirmi il, iyirmi beş 

il, bilmirəm neçə il. İllərin hesabını itirmişəm. Bura, 

tanımadığım bir adamın yanına gəlmək, yaralı  həyatımı 

danışmaqçün cəsarət lazımdır. Bu cəsarətə  mənə yarım  şüşə 

konyak vermişdir. Sən dəli və dərdli, həm də üstəlik sərxoş bir 


 160 

qocanı bağışla, oğlum. İstəyirsən mən sənin əlindən öpüm. 

Kişi qarşımda diz çöküb öpməkçün  əlimi dartdı. Mən ilan 

vurmuş kimi sıçradım. Kişinin qolundan tutub qaldırdım. 

–Siz nə edirsiniz. Məni bağışlayın. Mən sizi lap üç gün, üç 

gecə dinləməyə hazıram, – dedim. 

–Oğul, məni dinləyən, məni anlayan, məni bağışlayan, başa 

düşüb bağışlayan bir adamı tapmaqçün mən lap dünyanın o 

başına getməyə və orada onun ayaqlarını öpməyə hazıram. 

Masamın üstündə Bakının mənzərələri vardı. Qonağım 

dalğın-dalğın götürüb baxdı və dərhal yerinə qoydu. 

–Bu  şəkil komplekti məndə  də var, – dedi. – Almışam, 

amma baxmağa ürəyim gəlmir. – O xəfif gülümsündü. – Bildir 

mənə Bakıya getməyi təklif etdilər. Mənim Bakının şəkillərinə 

baxmağa ürəyim gəlmir, onda ki, ora hələ gedəm də. 

–Siz burada olursunuz? – deyə soruşdum. 

–Yox, uzaqda, Uralın şimalında yaşayıram. 

–Bakıdan çoxdan çıxmısınız? 

–Hə, belə iyirmi il olar. 

–Haradaydınız? – deyə mən ehtiyatsızlıqla soruşdum. 

O, xəbiscəsinə güldü, sonra tam bir ciddiyyətlə: 

–Kurortda idim, – dedi, – iyirmi illik sanatoriya var. 

Ordaydım. 

Mən təəccüblə baxdım. Zarafat etdiyini zənn etdim, lakin 

onun üzü əvvəlki kimi ciddi idi. 

–Orda revmatizm və tuberkuloz qazandım. Üç il bundan 

qabaq qərara gəldilər ki, səhhətim lap yaxşıdır, daha məni 




1   ...   6   7   8   9   10   11   12   13   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə