A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3.29 Mb.

səhifə13/31
tarix03.04.2017
ölçüsü3.29 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

DAĞ DAĞA RAST GƏLMƏZ... 

 

Qadın bərbərxanası yaman tünlük idi. Necə deyərlər, tükü–



tükdən seçmək olmurdu. Şıdırğı  iş gedirdi, saçlarını vurduran 

kim, saçlarını burduran kim, saçlarını yuduran kim. Başlarını 

boyadanlar bir yanda, manikür edənlər bir yanda, pedikür 

edənlər bir yanda... Bir tərəfdən də ki, növbə gözləyənlər... 

Bərbər qızlar  əldən qıvraq idilər. Qayçılarla, daraqlarla, 

cürbəcür alətlərlə, elektrik qızdırıcı cihazlarla elə zirək, elə 

ustalıqla işləyirdilər, deyəsən mürəkkəb bir kosmik maşını 

idarə edirdilər. Kürsülərdə  əyləşmiş qadınların başlarındakı 

əcaib qurğular – fenlər də  əfsanəvi kosmik elçilərin 

skafandrlarını andırırdı. Üstəlik bu "skafandrlar"dan təyyarə 

uğultusuna oxşayan səslər gəlirdi. 

İki yanaşı kürsüdə iki gənc qadın oturmuşdu. Onların da 

başlarında hündür "skafandrlar" vardı. Qadınlar bir-birlərini 

görmürdülər, çünki başlarını yana çevirə bilmirdilər. Dümdüz 

qabağa, qənşərlərindəki güzgülərə baxırdılar. 

Bərbər qızlar hey ora-bura şütüyürdülər. Nəhayət bütün bu 

dəsgah sona çatdı. Eyni vaxtda bərbər qızlar hər iki qonşu 

qadının başlarını qurğulardan azad etdilər, saçlarını ətirlədilər, 

tellərinə son dəfə sığal verdilər. 

Qadınlar eyni bir vaxtda kürsülərdən qalxdılar, bərbərlərlə 

vidalaşdılar, yenə  də bir-birlərini görmədən ikisi də asqılığa 

tərəf addımladılar. 

Soldakı qadın asqılığa daha tez çatdı. Paltosunu aldı, 

geyinmək istəyəndə qoluyla o biri qadına toxundu və dərhal da 

nəzakətlə: 

– Bağışlayın – dedi. 

O biri qadın eyni nəzakətlə: 

–Eybi yoxdur – dedi və öz şlyapasını   başına qoydu. 

Bu səsi eşidərkən paltolu qadın bir an ayaq saxladı, dönüb 


 223 

diqqətlə  şlyapalı qadına baxdı.  Şlyapa sifətinin yarısını 

gizlətmişdi, gözləri görünmürdü, ancaq paltolu xanım 

ərinmədi,  əyilib aşağıdan qarşısındakı qadının düz gözlərinin 

içinə baxdı və sevinclə: 

– Bıy, bıy, başıma   xeyir,   Validə, sənsən? – deyə çığırdı. 

Elə çığırdı ki, bütün salondakılar çevrilib onlara baxdılar. 

Validə bir an quruyub qaldı, sonra ani bir şaşqınlıqdan sonra 

eyni çılğınlıqla qışqırdı: 

–Az, az, az Xalidə? Ay qız, Xalidə, sənsən?  

Validə  və Xalidə bir-birlərini qucaqladılar, mehriban 

görüşüb öpüşdülər. 

Xalidə: 

–Ay qız, nə yaman dəyişmisən – dedi. – Küçədə görsəydim 

dünyasında tanımazdım. İndi də səsindən tanıdım. 

Validə: 


–Amma sən heç dəyişməmisən. Elə  həmin Xalidəsən ki, 

varsan. Elə bil universitetdən dünən çıxıb ayrılmışıq. 

–Eh, ay qız, nə danışırsan? Zarafat deyil e,   üç il keçib. 

–Üç ildən də artıq. Deyim sənə də... deməli indi oktyabrdır, 

həmi? Düz üç il, beş ay. 

–Gör vaxt nə tez keçir e... Ay Validə, vallah, elə bil dünən 

idi. Yadında, ingilis dili müəlliməsi, yadında? Ay həv yu Ha, 

ha, ha... 

– Hau du, yu du... ha, ha, ha... 

Validə Xalidənin qoluna girdi. Rəfiqələr bərbərxanadan 

çıxdılar, şirin söhbət edə-edə küçəylə addımladılar. 

Validə: 


–Ay Xalidə, amma belə rəfiqəlik olmaz, belə dostluq olmaz 

ha... – dedi, – heç itirib axtarmırsan. Axı necə olsa beş il bir 

partanın dalında oturmuşuq. 

–Day demə... Amma mən axı burda deyildim, iki il idi 

ərimlə xaricdə idik. 

–Yoldaşın nəçidir ki? 

–Həkimdir. Sən tanımazsan yəqin. 


 224 

–Oğuldan-uşaqdan nəyiniz var? 

–Bir oğlumuz var, bir qızımız... Bəs sən neçə  Validə? 

–Mənim yoldaşım da mühəndisdir. Bir qızımız var... 

Yoldaşım yaman oğlan istəyir, amma elə bir uşaqla da çətindir 

e... 


–Day demə, Validə.  İkisi lap müsibətdir. Yenə  şükür, 

mənim işim... e... necə deyim sənə, müdir bir yaxşı adamdır, 

icazə verib ki... belə  də... deyir   vacib deyil ki, bütün günü 

mıxlanıb oturasınız iş yerində... 

–O cəhətdən,  şükür bizdə  də yaxşıdır. Çünki, a Xalidə, bu 

tədqiqat işidir, bunun kitabxanaya getməyi var, arxivə getməyi 

var. İşə də dəyirik, əlbəttə, amma daha… 

Xalidə gülümsündü: 

–Arxivdir də... öz aramızdır – deyə  pıçıltıya keçdi və 

saçlarını göstərərək əlavə etdi: – guya mən indi arxivdəyəm. 

Validə də gülümsündü: 

–Mən də... kitabxanada... – dedi və xəbər aldı: İş yerin evinə 

yaxındır? 

–İki addımlıqda. 

–Bəxtəvər. Mən metroyla bir stansiya gedirəm. Bir stansiya 

evimizin böyründədir, biri   də lap   idarəmizin altında... Ərin 

yaxşı qazanır? 

–Niyə, sağlığına, heç nədən korluq çəkmirik.  

–Neçə otağınız var? 

–Üç. Bəs sizin? 

–Bizimki də üç Maşın? 

–"Jiquli". 

–"Moskviç". 

–Görünür, maşallah, sizin də dolanacağınız pis deyil. 

–Bola-bol çatır.  Ərim də deyir mənə ki, axı  sənin maaşın 

bizim nəyimizə lazımdır, çıx işdən, otur evdə. Deyirəm, xeyir, 

heç elə söhbət yoxdur. İstəyirsən tanış-biliş  məni 

domoxozyayka    saysın. Bağışlayacaqsan. Mən elmi işçiyəm.                      

–Day denən sənin  ərin də  mənim   ərimin   tayıdır ki, ay 


 225 

Xalidə. O da həmin sözləri deyir, mən də elə sən verən cavabı 

verirəm. 

–Əşi, ay Validə, işin də ayrı ləzzəti   var, axı... yoxsa ki, otur 

evdə, küçə-baca görmə, qaxıl qal bozbaş qazanının yanında. Nə 

bir adam   görəcəksən,   nə   bir səni görən olacaq. Harayçün 

geyinib-keçinəcəksən. Mətbəx üçün? Çaynik-piltə üçün? 

–Həm də ki, sözünə qüvvət, evdə oturdun, yapışıb 

qalacaqsan, nə  bərbərxanaya, nə univermağa... Daha evdə  də 

deməyəcəksən ki, kitabxanaya, arxivə gedirəm. 

–Hə də... 

–İş yerin necədir, ay qız, razısan? 

–Yerdən göyəcən... Bilirsən nə var, Validə, heç kəsnən işim 

yox, mənimlə  də heç kəsin işi yox. Başımı salmışam aşağı, 

ayda iki dəfə qol çəkib  maaşımı alıram, vəssalam. Bəs sən 

necə, razısan? 

–Razısan da sözdür. İş otağımızdan bir mənzərə açılır, gəl 

görəsən.  İki göz istəyir tamaşasına. Yayda səpsərin – kurort,   

külək gup, gup, guppuldayır. Qışda – isti, hamam. 

–Kollektiv, adamlar necədir? 

–Vallah nə deyim? Hələ təzəyəm orda, işlədiyim vur–tut bir 

il üç aydır, tanıdığım elə bir müdirdir, bir də kassir. Müdir bığlı 

bir kişidir, kassir də eynəkli bir qadın. Adları da yaxşıdır e... 

huş qalmayıb məndə, yadımdan çıxıb, amma bilirdim adların, 

famillərin... Nə isə, hər ikisi çox insan adamdırlar... 

–Bizim idarənin   kassirinə      də    söz  ola      bilməz. Çox 

mərifətli qadındır. Nəzakətli, qanacaqlı, görüb-götürmüş... Adı 

dilimin ucundadır   e... zəhrimar,   bu skleroz məni bir təhər 

eləyib, o biri işçilərə  bələd deyiləm. Bircə onu bilirəm ki, 

mənim stolumun arxasında oturan yoldaş çox, belə  həddən 

ziyadə səliqəli adamdır. 

–Cavandır? 

–Bilmirəm. Üzünü görməmişəm. Müdir ona icazə verib ki, 

günün ikinci yarısında gəlsin. Birinci yarısı kitabxanalarda 

işləyir. Mən də ki, olanda səhərlər oluram, günün ikinci yarısı 


 226 

gedirəm...  arxivə... Amma elə hey özümə deyirəm ki, bir gün 

yubanım, görüm kimdir axı  mənimlə bir şöbədə, bir otaqda 

işləyən adam... Görüm bu səliqəli adamın vidi-fasonu nə 

sayaqdır. 

–Eh, sənin bəxtin gətirib. Mənim  şöbəmdə pintinin biri 

işləyir, özü də  tərs kimi mənim stolumun arxasında oturur. 

Mən də  hələ onun sifətini görməmişəm. O günün birinci 

yarısında   olur,   mən   ikinci. İstəyirəm bir gün tez gəlim, bir 

baxım sir-sifətinə, deyim, ay insafsız, sən ki, bu qədər qoz-

fındıq yeyirsən, barı qabıqlarını yığışdır dana... Niyə mən gəlib 

sənin tör-töküntünü yığışdırmalıyam axı... 

Xalidə  qəfilcə ayaq saxladı, diksinən kimi oldu. Validənin 

qolunu buraxıb diqqətlə onun üzünə baxdı, təlaşla: 

–Necə? Qoz-fındıq? – deyə  xəbər aldı – hə  də – deyə bu 

təlaşın fərqinə varmayan Validə yastı-yastı söhbətinə davam 

edirdi, – gəlirəm görürəm otaq bom-boş, di gəl ki, stolun üstü 

dolu qoz-fındıq qabığı. Bilmirəm daha kişidir, ya arvad. Arvad 

olsa lap betər. Sən allah ay Validə, belə də pinti   arvad olar? 

Xalidənin sanki boğazı tutulmuşdu, lap sakit səslə: 

–Validə, sən hansı idarədə işləyirsən? – deyə soruşdu. 

Validə sola çevrilib 16 mərtəbəli binanı göstərdi: 

–Bax odey, o binada. 

Xalidə daha da astadan: 

–Neçənci mərtəbədə? – deyə xəbər aldı.  

–On ikinci mərtəbədə. 

Xalidə demədi, pıçıldamadı, yalnız dodaqları tərpəndi: 

–Doqquzuncu otaqda? 

Validə təəccüblə: 

–Bıy, sən hardan bilirsən? – dedi, sonra diqqətlə Xalidənin 

sifətinə baxdı – Ay qız, sənə nə oldu, niyə müc olub qalmısan? 

Xalidə yavaş-yavaş özünə gələrək titrək səslə: 

–Sən allah bağışla, Validə – dedi. – Vallah bilsəydim ki, 

sənsən, qabıqları yığışdırıb atardım. 

Sonra o əlini cibinə atdı, bir ovuc qoz–fındıq çıxarıb 


 227 

Validəyə uzatdı  və bu an Validə  də  məsələni başa düşdü. Bir 

müddət ikisi də  şaqqanaq çəkib güldülər, güldükcə güldülər. 

Ara bir "işə bax e"... "Gör e"... deyə ayrı-ayrı sədalar çıxarır və 

yenidən uğunub   gedirdilər. Nəhayət Validə bir az   toxtadı   

və saatına baxdı: 

–Yaxşı – dedi – işin axırına bir saat qaldı, gedim bir idarəyə 

baş çəkim. Sən getmirsən? 

Xalidə: 

–Yox, – dedi – mən səhər gedib tabelə qol  çəkmişəm. Sən 

get. Bu günün də  zəhmətini çək, sabahdan stolun üstündə bir 

dənə qabıq filan görməzsən... 

Rəfiqələr    mehribanlıqla      öpüşüb    ayrıldılar. Validə 

Xalidəyə: 

–Salamat qal, – dedi. – İnşallah, bəlkə yenə görüşdük. 

Babalar yaxşı deyib, dağ      dağa      rast      gəlməz, adam adama 

rast gələr. 


 228 

 

 



YAĞIŞ KƏSDİ 

 

Buzovnadan Bakıya qayıdırdım. 



Qəmərgil avtobus dayanacağına qədər mənimlə  gəldilər, 

Qəmər, əri Sultan, Fuad, bir də balaca Tərlan. 

Tərlan Qəmərlə Sultanın qızı idi. Qəmər, Fuad bacı–

qardaşdılar. Fuad mənim  ən yaxın dostum idi. Mən bir həftə 

burda onların bağında qonaq qalmışdım və indi ev yiyələri 

məni şəhərə ötürürdülər. 

Həzin bir axşam idi. Dənizin qurtarmaz alqış  səslərini 

andıran xışıltısı, soyumuş qumların hamar sığalı, Pirşağı tərəfə 

çəkilən günəşin qürub qızartıları – Abşeron axşamlarının 

şairanə, məhzun və bir qədər kədərli gözəlliyi...  

–Avtobus dayanıb. Min, Bəxtiyar... 

Sultan üzüm–əncirlə dolu səbəti mənə uzatdı. Fuad çantamı 

verdi. Qəmər gülümsündü. 

Bir həftədə bir–birimizə elə alışıb isnişmişdik ki, heç 

ayrılmağımız gəlmirdi. Hətta bir qədər kövrəlmişdik. Elə bil 

mən uzaq bir yerə gedirdim. Elə bil bir həftədən sonra yenə 

görüşməyəcəkdik. 

–Uşaqlar, salamat qalın. 

–Sağ ol, yaxşı yol. 

Avtobus tərpəndi. 

Mən arxa şüşədən baxırdım. Göy dəniz, qızılı günəş, sarı 

qum, boz qayalar, öndə Fuad, bir də onun çiynində özünə rahat 

yer eləmiş balaca Tərlanın çəhrayı bantı. Yellənən  əllər, 

tərpənən dodaqlar – bütün bunlar yəqin ki, əbədilik xəyalımda 

həkk olunacaq. 

Avtobus uzaqlaşır, onlar kiçilirdi. Maşınımız döngəni 

buruldu. Avtobusun dal şüşəsinin  şəffaf ekranında bir kadr 

başqası ilə əvəz olundu; indi kadrda evlər, hasarlar görünürdü. 

Çayxana qarşısında səkidə oturmuş kişilər, küçədəki su 


 229 

quyusunun başına yığışmış  uşaqlar. Mağaza vitrinləri, yoxuş, 

yoxuşun hündüründən açılan yeni mənzərə – dekorlarda 

çəkilmiş kimi körünən dəniz, sahil, üfüq xətti. Bazar, elektrik 

qatarı vağzalı,  şlaqbaum, yol. Bakı yolu. Mən çevrilib qabaq 

şüşədən baxmağa başladım. Dümdüz, uzandıqca uzanan yol. 

Necə deyərlər, yumurtanı yolun bu başından dığırlat, getsin 

çıxsın o başına. 

Mən dostlarım haqqında düşünürdüm.  İyirmi il ərzində – 

yeddi yaşımdan tanıdığım və yoldaşlıq etdiyim Fuad haqqında 

düşünürdüm. İnsan nə qəribə... 

–Vaxsey, vaxsey! 

Diksinib başımı qaldırdım. Avtobusun içində kök, 

qarabəniz, yaşlı bir arvad haray-həşir qaldırmışdı. 

–Nə olub? Nə olub? 

–Vaxsey, vaxsey, portmanatımı salmışam, içində  də olan–

qalan pulum. 

Qabaq cərgədə oturub təsbeh çevirən ağsaçlı, parusin 

kostyumlu kişi dedi: 

–Eh, deyir kasıb çıxarın bilsə, geydiyi atlas olar. – Sonra 

arvaddan soruşdu: – Pulun çox idi? 

–On beş manat pulum getdi. Şoğərib bəlkə dənizdən gələndə 

düşüb. Kül olsun mənim gic başıma.!  

Arvad heç cür sakit ola bilmirdi. Təsbehli dedi: 

–Fikir eləmə, bacı, keçənə güzəşt deyərlər. Başına da kül-

zad tökmə, onsuz da əldən gedən qayıtmaz. 

Mənim bütün fikrim-xəyalım dağıldı. Arvadın yorğun, 

qırışmış sifətindəki dərd o qədər aydın oxunurdu ki, bütün 

sərnişinlər, kimi mən də onun təəssüfünə ürəkdən  şərik 

olurdum. 

Yanımda arıq, sısqa bir kişi oturmuşdu. Uzun burnu, pələş 

qulaqları vardı. Tülküyə oxşayırdı. Elə hey sual verirdi: Harda? 

Nə vaxt? Necə? Necə? 

Kimsə dedi:  

–Bəlkə çıxarıblar? 


 230 

Kimsə ona etiraz etdi. Kimsə portmanatın rəngini soruşdu. 

Kimsə arvadın adı, famili ilə maraqlandı. Kimsə təklif etdi: 

–Bəlkə saxlasın, düşəsən. Geri qayıt, axtar.  

Arvad razılaşmadı: 

– Sən də söz danışdın. Hardan tapacağam!  

Təsbehli dedi: 

–İt də getdi, ip də.  

Arvad dedi:                                     

–Yəqin tapıblar da, götürüblər də. 

Təsbehli dedi: 

–Tapan tapanın olsa, qoyun çobanın olar. 

Kimsə təklif etdi ki, gəlin pul yığıb arvada verək. Arvad qəti 

etiraz etdi. Kimsə başqa bir təklif irəli sürdü. Arvad cavab 

vermədi. O, daha dinmirdi, deyinmirdi, gileysiz-şikayətsiz 

oturmuşdu. 

Get-gedə söhbət soyudu, əhvalat boyatlaşdı, maraq sinsidi. 

Yenə qoyub getdiyim bağ, meynələrin alçaq kölgələri 

haqqında, gündüz qumunun yalın ayaqlarımızı yandıran 

qızmarı, axşam qumunun oxşayıcı, xoş  sərini haqqında, 

ayrıldığım dostlar haqqında düşünməyə başladım. Fuadla mən 

uşaqlıq dostuyduq, biz orta və ali məktəbdə bir yerdə oxumuş, 

institutu bir bitirmiş, indi də bir idarədə işləyirik. 

Birinci sinifdə – məktəb həyatımızın ilk günün də, 

sentyabrın birində tanış olmuşduq. 

O vaxt mən yaman dəcəl idim. Fuad şabalıdı saçlarını üzünə 

tökmüşdü. Nədənsə bu, mənə  dəydi. "Özünü göstərir,  ədabaz, 

hoqqabaz". Ona sataşdım. Dalaşdıq. Mən kimlə dalaşsam 

döyərdim. Amma açığını desəm, özüm də kötək yeyərdim; 

məni anam döyərdi. Çünki savaşdıqlarımın valideynləri 

şikayətə gələrdilər. 

Mən Fuadı da əzişdirdim, amma o heç kəsə şikayət etmədi 

və bu gündən dostlaşdıq. 

Yadımdadır, bir dəfə... Eh! Danışmaqla qurtarmaq olarmı? 

Ürkək, köyrək xatirələrin dumanında itən günlərdə, ötən 


 231 

günlərdə nələr olmamışdı? Bəlkə dost olmaq-həmxatirə olmaq 

deməkdir? 

...Fuadla mən bir-birimiz haqqında hər  şeyi bilirdik. Mən 

Fuadı bütün yoldaşlarımdan çox istəyirdim. O mənimçün açıq 

kitab idi. Mən bu kitabın hər səhifəsinə, hər cümləsinə, hər 

sözünə bələd idim Amma bilmirdim ki... 

Dünən az qala Tərlan batacaqdı. Guya mən yaxşı 

üzgüçüyəm. Özümü elə itirmişdim ki, elə karıxmışdım ki, heç 

soyunub suya atılmağa təşəbbüs də etmədim. Qızın atası 

Sultanın da matı-qutu qurumuşdu. Üzünü tutub, heykəl kimi 

donub qalmışdı. Fuad dinməz-söyləməz, haray-həşirsiz   özünü   

suya, burulqana vurdu, Tərlanı  çıxartdı. Bəlkə  də burada 

təəccüblü bir şey yoxdur. Təəccüb doğuran Fuadın halı idi. O 

sakit və təmkinli idi.  

Balaca Tərlan yamanca qorxmuşdu. Hələ yaxşı ki, bu 

işlərdən Qəmərin xəbəri olmadı, yoxsa bağrı yarılardı. 

Gözünün qorasını sıxmaq üçün Qəmərə ancaq bəhanə lazımdır. 

...Oğlan psixolojisi müxtəlif mərhələlərdən keçir. Müəyyən 

yaşa qədər qızlara marağını və yaxud onların sənə marağını ən 

böyük sirr kimi gizlədirsən, sonra, ikinci mərhələdə,  əksinə, 

hamıya danışırsan, hətta getdikcə daha artıq  şişirdə–şişirdə 

danışırsan. 

Vaxt vardı... Fuadla mən hələ birinci mərhələdəydik. Qızlar 

bizi maraqlandırmırdı. Hər halda belə deyirdik. Qəmər isə 

böyük qız idi. Onun oğlan yoldaşları var idi. Ona tez-tez zəng 

olunardı. Fuadla mən isə  həmişə ona sataşardıq. Telefona biz 

gedəndə heç vaxt Qəməri çağırmazdıq. Deyərdik evdə yoxdur. 

Mən hətta bir dəfə dedim ki, Qəmər təyyarə ilə Vladivostoka 

uçub. Qəmər cinlənib özündən çıxardı. Amma hirsi tez 

soyuyardı. "Neyləyəsən, hələ 

uşaqlıqları başlarından 

çıxmayıb!" 

Əlbəttə, biz böyüdükcə Qəmərin də yaşı artırdı. Amma get-

gedə yaş fərqimiz daha az duyulurdu. Yayı çox vaxt Fuadgilin 

bağında qonaq qalırdım. Mən Qəmərin yaxın sirdaşı 



 232 

olmuşdum. O, Fuada demədiyi şeyləri belə mənə açırdı. 

Bağda hamı miçətkən altında yatırdı; gecələr ağcaqanad, 

səhər üzü çibinlər aman vermirdi. Amma mən miçətkən altında 

yata bilmirdim. Əziyyət çəksəm də  həmişə açıq çarpayıda 

yatırdım. Yerimdə uzanıb üfüqdən-üfüqə  sərilmiş aydın yay 

səmasının nəhayətsiz ulduzluğuna tamaşa edirdim. Xəyallara 

dalırdım. 

Məşhur futbolçuyam. Yaydır. Fuadgilin bağında qonağam. 

Qəmər radionu qurur. Futbol reportajı. 

Qəmər: "Bıy, bıy, Bəxtiyar, sizin komanda oynayır, bəs sən 

nə  əcəb oynamırsan?" Mən: "İstəmirəm, qoy mənsiz 

oynasınlar. Görək nə olar?" Radio: "hesab 4:0-dır. Məşhur 

futbolçu Bəxtiyarın olmaması onun komandasının qol-qanadını 

qırmışdır".  Qəmər (həyəcanla): "Ah! Nə  dəhşətli 

məğlubiyyətdir!" Radio: "Oyunun qurtarmasına iyirmi   beş 

dəqiqə qalır. Nəticə  məlumdur. Artıq heç   nə   komandanı 

məğlubiyyətdən xilas edə bilməz". Qəmər susur, lakin onun 

baxışlarında bir intizar var... Mən: "Yaxşı. Baxarıq". Ayağa 

dururam. Qəmərin gözlərində sevinc parlayır: "Hara, 

Bəxtiyar?" Mən: "İyirmi dörd dəqiqə qalıb, çataram". Qəmər 

(hədsiz sevinc, fərəh və həyəcanla): "Mən də səninlə gedirəm!" 

Maşını mən özüm sürürəm. Jurnalda gördüyüm ağ, uzun, açıq 

maşını. Saatda 120 km. Yol basırıqdır.  Əlimi siqnaldan 

çəkmirəm ki, bütün maşınlar bizə yol versin. Çatırıq. Oyunun 

axırına doqquz dəqiqə qalıb. Qəmər keçiddə dayanır. Mən 

soyunub meydançaya yüyürürəm.  Bu  an  qapımıza zərbə 

vururlar. Qapıçı yox, qapı boş... Mən atılıb başımla topu 

saxlayıram.  Onu ayağıma alıb hücuma keçirəm, müdafiəçiləri 

bir-bir aldadıb topu rəqibin qapısından keçirirəm. Sonra ikinci, 

üçüncü, dördüncü topu vururam. Tribunalardakı tamaşaçılar   

hamısı ayağa durur. Stadion dəniz tək gurlayır. 

Radiokomentatorun boğazı quruyub. Qəmərin rəngi qaçıb. 

Oyunun qurtarmasına on saniyə var. Heç-heçə bizə sərfə deyil. 

Mütləq udmalıyıq. Top yenə məndədir. Məni itələyib yıxırlar. 


 233 

Yıxılı halda da topu rəqibə vermirəm. Sıçrayıb yenidən 

hücuma keçirəm.   Meydançanın ortasındayam. Rəqibin 

qapısına yaxınlaşmağa vaxt çatmayacaq. Elə buradanca qəfil 

güclü zərbə ilə topu vururam. Qapıçı karıxıb bu gözlənilməz 

topu buraxır. Hakimin fışdırığı  eşidilir. Oyun qurtarır: 5:4 biz 

udduq. Yoldaşlarım məni qucaqlayıb öpür. Futbol "bazları" 

meydançaya cumur, məni atıb tuturlar. Birtəhər qurtulub 

geyinirəm. Camaatı yarıb Qəmərin yanına gəlirəm. Maşına 

minirik, bağa qayıdırıq. Qəmər bütün yol boyu oyundan 

danışır. Mənim oyunumun ayrı–ayrı  təfərrüatını xatırlayır. 

Radio xəfif melodiyalar verir. Külək mənim nazik ipək 

köynəyimi yelləyir. Qəmər: "Tərlisən, deyir, – sənə soyuq 

dəyər". O yun jaketini çiynimə salır. Xoşbəxtəm, bəxtiyaram. 

Bircə  qıçım yaman qaşınır. Bu nədir? hə, ağcaqanad. 

Xəyallardan ayrılıram, ağı  qıçımın üstünə  çəkirəm. Eh, 

ağcaqanad, görüm səni andıra qalasan, ağcaqanad! 

...Fikirlər dağılır, ağcaqanad aman vermir, dəniz xışıldayır, 

ulduzlar sayrışır. Məni yuxu aparır. 

Yuxuda Fuadı görürəm. Anası Zivər xalanı. Bir də Qəməri. 

Yuxuda üşüyürəm. Qəmər yun jaketini çiynimə salır. Jaketi 

çiynimə salanda əli boynuma toxunur, saçları yanağımı 

sığallayır, bədənim gizildəyir... Yadımdadır, bir dəfə, yalnız 

bircə  dəfə  Qəmər yuxuda məni öpdü və neçə illər sonra mən 

yuxuda yox, real həyatda, Qəməri yox, başqasını ilk dəfə 

öpəndə  məndə belə bir duyğu vardı ki, bu, həyatımın birinci 

sevgi öpüşü deyildir, mən bu hissi, bu titrəyişi daha qabaq 

keçirmişəm. 

–Tənbəl, tənbəl, a tənbəl, yatsan olar iş  əngəl. – Qəmər 

silkələyib məni oyadır. – Dur, Bəxtiyar, bu qədər yatmaq 

olmaz. 

Dənizə çimməyə gedirik. 



–Sən say görək nə qədər suyun altında dayana bilirəm.  

–Bir, iki, üç, dörd, beş, altı...  

Qumlar ayağımızı yandırır. 


 234 

Zivər xala: 

–Gəlin çıxın da, – deyir, – acından qırılmadınız? 

Sapsarı qayqanaq, yamyaşıl soğan, qıpqırmızı turp. Bundan 

gözəl hansı nemət var? 

Sonra ağaclara dırmaşırıq. Qocaman tut ağacında mənim öz 

budağım var. Qəmərin öz budağı. Fuad isə heç vaxt ağaca 

çıxmaz, bütün günü kitab oxuyur. Ağacda Qəmərin yeri mənim 

yerimdən bir az hündürdür. Hərəmiz öz yerimizi tuturuq. 

Qəmər deyir: 

–Amma bu gün su əntiqə idi. 

–Hə, – tut dərib ağzıma qoyuram, – axşam yenə gedərik. 

–Yox, mən şəhərə gedəcəm. 

–Şəhərdə nə var? 

–Heç, elə–belə.  

–Sözlü adama oxşayırsan. 

–Sənə bir şey demək istəyirəm. 

–Nə barədə? – Gözüm iri bir tuta sataşır. Onu dərib ağzıma 

qoyuram. 

–Heç, elə-belə. Qalsın sonraya. Axşam dənizə Fuadla 

gedərsiniz. 

–Yaxşı... 

–Bəxtiyar, sən Sultanı tanıyırsan? 

Mən Sultanı tanıyıram. O, axır vaxtlar Qəmərgilə tez–tez 

gəlir. Həmişə oturanda şalvarının dizlərindən yapışıb yuxarı 

dartır, onun bu hərəkəti Fuadla mənə gülməli gəlirdi. Biz 

Qəmərə də bu barədə dedik. Qəmər izah etdi: "Belə eləyir ki, 

şalvar əzilməsin, dizləri torbalanmasın". Bu izaha baxmayaraq, 

yenə  hər dəfə Sultan əyləşəndə Fuadla mən bic-bic baxışırıq. 

Deyirdin ki, o, oturmur, əyləşir. Sultan hamı ilə, o cümlədən 

mənimlə  də çox nəzakətlə danışırdı. Amma mənim nədənsə 

bundan xoşum gəlmirdi. 

Mən bir tut da dərdim və Qəmərə cavab verdim: 

–Hə, tanıyıram, nə olsun ki? 

–Heç. – Qəmər bir an tutuldu və  əlavə etdi: – O, payızda 


 235 

bizə elçi göndərmək istəyir... 

Axır vaxtlar mən Fuadın təsiri altında bir neçə kitab 

oxumuşam. Qəmər bu sözləri deyəndə özüm haqqında 

düşünürəm: "Sanki Bəxtiyarın qəlbi çilim-çilim olub yerə 

dağıldı. Artıq o, ömrü boyu bədbəxt olacaqdı". 

Əlbəttə, mən ömrüm boyu bədbəxt olmadım. 

–Hara, Bəxtiyar? – Qəmər ardımca qışqırdı. 

O gün axşam bir bəhanə tapıb dənizə getmədim. İki gün bir 

az kədərli gəzdim. İkinci gün axşam Fuadla dənizə getdik. Mən 

suda Sultanın oyununu çıxardıb Fuadı güldürməyə başladım. 

İki gündən sonra bütün dərd-qəmimi unutdum. Qəribədir, iki 

gündən sonra unutdum, amma bu gün də bütün təfsilatı ilə 

yadımdadır. 

Sultan çox yaxşı  oğlandır. Mən onu yaxından tanıyandan 

sonra ürəkdən bəyəndim. Qəmər də yaxşı  qızdır. Tərlan elə 

şirin uşaqdır ki... "Ananın adı  nədir, de görüm şeytan?" – 

Qəmər. "Ay sənin dilinə anan quzulardan qurbanlar kəssin. Bəs 

atanın adı nədir?" 

O ağacdakı söhbət gününü yadıma salanda gülümsünürəm. 

Bir az da kədərləniram. O gün Qəmərin ağ zolaqlı göy paltarı 

vardı. Özü də arıq, nərmə–nazik bir qız idi. Uşaqdan sonra 

yaman kökəlib. "Bəxtiyar  əmisi, gör nə  ağıllı  qızdır. Nənənin 

adını de, nənənin adı nədir?" 

O böyük tut ağacı qurudu, kəsdilər... 

Nə isə... 

Avtobus Buzovnadan uzaqlaşdıqca fikrim yenə Buzovnaya 

qayıdırdı. 

...Dünən axşam Qəmərlə xeyli mübahisə etdik, Fuadla 

Sultan Mərdəkana getmişdilər. Zivər xala Tərlanı yatızdırırdı. 

Qəmərlə ikimiz tək qalmışdıq. Elə bil Qəmər bu məqamı 

çoxdan gözləyirmiş. Ürəyini boşaltdı. Guya bütün bunları mən 

özüm bilmirəm. Guya mən Fuadı ondan pis tanıyıram, onun 

daxili nigarançılığından xəbərsizəm. 

–Yox, Bəxtiyar, sən bilmirsən. – Zivər xala eşitməsin deyə, 


 236 

Qəmər lap pıçıltıya keçir. – Fuad ölüb qurtarıb. 

Mən qaranlıqda Qəməri görmürdüm, həyəcanını yalnız 

titrək səsində duyurdum. 

–O, hər şeydən imtina edib. Şəxsi həyatı yoxdur Üst-başına, 

yeməyinə, yatmağına heç fikir vermir. Neçə  dəfə zarafatla 

evlənməkdən söhbət salmışam. Eşitmək istəmir. Bütün həyatı, 

bütün marağı, butün varlığı o təcrübələrdədir. 

–Bilirəm, – dedim. Papiros çıxarıb kibrit çəkdim. 

–İndi  əgər elmi şuranız onun işini təsdiq eləməsə, Fuad 

bilmirəm neyləyəcək. Sən ona kömək etməlisən, Bəxtiyar. 

Əlbəttə, o, heç bir vaxt bu məsələ üçün sənə  ağız açmaz. 

Amma mən bilirəm, o sənin rəyindən yaman nigarandır. 

–Gəl bu barədə danışmayaq, Qəmər. Qərar qəbul eləmək 

vaxtı gələndə mən öz borcumdan imtina eləməyəcəyəm. Burda 

isə mən bu barədə düşünmək istəmirəm. Bakıya gedəndə mən 

Fuadın təcrübələri haqqında ciddi və çox düşünməli olacağam. 

Gəl indi bu barədə danışmayaq. Gör bir nə xoş axşamdır. 

Gilavardır. Dənizə qulaq as... 

...Bilet alın! 

Başımı qaldırıram. Dünənki axşamın xatirələri yuxu kimi 

gözlərimdən çəkilir. Konduktor mənə yanaşır. Bilet alıram. 

Konduktor o biri cərgəyə keçir. Növbə, pulunu itirmiş 

arvada çatır. 

–Bacı, bilet al. 

Arvad tərs–tərs konduktora baxır. 

–Hardan alacağam? Olan-qalan pulumu itirdim. 

–Mənə nə? 

–Necə  yəni mənə  nə? Çölün düzündə düşməyəcəyəm ki!.. 

Özü də bu yağışda. 

Yağış deyəndə, ağıllı-başlı yağmır da, amma hər halda 

çisələməyə başlayıb. Pəncərədən  əyilib buludlu göyə baxanda 

gözüm "tülkünün" istehzalı gülüşünə sataşdı. Mən bu gülüşün 

mənasını duydumsa da, özümü o yerə qoymadım. Qonşum 

mənim başa düşmədiyimi zənn edib lap acığa keçdi: 


 237 

–Abır yox, həya yox, yekə arvaddır, iki abbasılıq biletin 

dərdindən belə hoqqa çıxardır. 

Qarşımızda oturan bacı da bizə  tərəf çevrilib başını buladı 

və "tülkünün" sözlərini təsdiq etdi: 

–Barı birçəyinin ağlığından utanaydı. Dal cərgədən səs 

gəldi: 

–Deynən, a zalım qızı, nəyə  yığırsan, bir ayağın gordadır. 



Kimə qalacaq! 

Hamı öz rəyini bildirdi. Bircə parusin kostyumlu qoca susur, 

fikirli-fikirli təsbehini çevirirdi; görünür o, münasib zərb-

məsəli tapmamışdı. 

"Tülkü" qonşum yenə irişdi. Mən ona baxdım. Onun üzündə 

yenə həmin rişxənd ifadəsi vardı. Üzdən oxşamasa da, nədənsə 

o, mənə Zivər xalagilin qonşusu mərdimazar Həsən kişini 

xatırlatdı. Qəmərgillə onun uşaqları beşdaş oynayanda 

dalaşmışdılar. Bu məsələni Həsən elə  şişirtdi ki, daha nə 

deyim... Sən kişidə hikkəyə bax ki, ərinməyib, qışda durub 

bağa gəlib, Zivər xalagilin tut ağacının altını qazıb, ora əhəng 

töküb, yüzillik ağacı qurudub. Bəli, dünyada əzvay adam az 

deyil. 

Əzvay demişkən, dünən Qəmər zarafata salıb mənə bir 



"əzvayı" da gupadı: 

–Yaxşı, əzvaylıq eləmə. 

Fuadın məsələsinə görə deyirdi, Yaman istəyir ki, Fuadın 

işini müdafiə edim. Əlbəttə, istəyəcək. Bacı deyilmi? Özü də 

Fuadı yaman çox istəyir.  İstəyir ki, elmi şura Fuadın 

təcrübələrini təsdiq eləsin. Amma Fuadın təcrübələri düz çıxsa, 

doğrudan böyük məsələdir, kəşfdir, ixtiradır. Onda Fuadın 

bütün çətinliklərinin, asket həyatının  əvəzi çıxar. Bütün ölkə 

ondan danışacaq. "Hansı, Fuad? O məşhur preparatı tapan! A... 

a... a..., belə de!". 

Qeyri-ixtiyari qulağım başqa bir mükalimə də eşitdi. "Hansı 

Qəmər?" "O məşhur Fuadın bacısı  Qəmər". Aaa, belə de!" 

Görəsən bu mükalimə Qəmərin də qulağına gəlibmi? Kim bilir. 


 238 

Əlbəttə, bacı  məhəbbəti  ən təmənnasız məhəbbətdir. Amma 

məşhur adamın bacısı olmağı kim istəməz. 

Fuad... Öz aramızdır, dost olsaq da, mən həmişə onu 

cəsarətsiz, hətta bir az ağciyər, qorxaq bilirdim. Axı, o, 

uşaqlıqda da, böyüklükdə  də, heç bir vaxt heç kəslə, nəinki 

dalaşmaz, vuruşmaz, ümumiyyətlə, qızğın mübahisəyə  də 

girişməzdi. O, həmişə kölgədə qalmağı, yan gəzməyi, az 

danışmağı sevir. Heç kəsə qarışmır, heç bir qalmaqallı, cəncəlli 

işdə  iştirak etmir. həmişə sakit, həmişə dinc... Dünən Fuad 

şücaət göstərdi. Xilasedicilər gələnəcən cumdu dənizə. 

Doğrudan, görəsən Fuad dənizə baş vuranda onların qayığını 

gördümü? Yəqin yox. O uzağı pis görür. Dayan, dayan, axı, o, 

sahildə eynəkli idi. Hə, hə birinci dəfə cumanda tələsdiyindən 

eynəklə cummuşdu. Yadıma düşdü, sonra zarafatla deyirdi ki, 

aralıqda eynəyimi itirdim. Fuad cumanda qayığı görə bilərdi. 

Amma görmüşdümü? Bəlkə də görmüşdü. 

Adamı tanımaq olmur. Bəlkə Fuad elə bir hərəkət edəcək ki, 

mən yenə bu fikri təkrar etməli olacağam. Bəlkə bu hərəkət 

yaxşı yox, pis hərəkət olacaq. Bəlkə  mən heyrət içində  dərk 

edəcəyəm ki, iyirmi il tanıdığım dostum bağlı kitabmış. 

Elə isə yaxşı adam varmı? Axı, biz adamlara onların 

bildiyimiz, eşitdiyimiz hərəkətlərinə, sözlərinə, rəftarına görə 

yaxşı deyirik. Bəlkə bilmədiyimiz, eşitmədiyimiz, xəbərdar 

olmadığımız başqa hərəkətləri, sözləri, rəftarı da var. Bəlkə 

onları bilsək bu adamlara pis deyərik. Bəlkə Qəmər də, Sultan 

da mənim üçün yaxşı adamlardır, başqa birisi üçün, onları 

məndən yaxşı  və yaxud məndən pis tanıyan adam üçün, lap 

qonşu Həsən kişi üçün dünyanın  ən pis insanlarıdır. Bəlkə 

mərdimazar Həsən kişi özü də heç mərdimazar deyil, onun da 

öz məntiqi, öz əsasları, bəraəti, üzrü var? 

Bəlkə  mən də beləyəm. Qəmər, Fuad, Sultan məni sadiq 

dost, yaxşı adam sayırlar. Bir həftə sonra elmi şurada Fuadın 

işinin əleyhinə çıxsam necə, onda da belə sayacaqlarmı? İyirmi 

illik dostunun işini, həm də ona həyatı qədər əziz, əhəmiyyətli 


 239 

bir işini yerə vuran adam yaxşı adam sayıla bilərmi? Bəs bu işi 

müdafiə etsəm, onda necə? Doğru olub-olmadığına  şübhə 

etdiyim bir iş haqqında dostluq xatirinə müsbət rəy verən adam 

necə, yaxşı adamdırmı? Daxilən bu təcrübələrin doğruluğuna, 

yanlışlığına inanmadan onlara qəhmər durmaq? Nəyə görə? 

İyirmi illik dostluq naminə? Bu doğru hərəkətdirmi? Bəs onda 

dostbazlıq nədir? Sabah Fuadın əleyhdarları məni dostbazlıqda, 

şəxsi  əlaqələrə görə elmi obyektivliyə xilaf çıxmaqda 

təqsirləndirərkən, yalanmı deyəcəklər? Nə isə, çətin məsələdir. 

Bir yandan da Qəmər... Həmişə  də belə  cəncəl işlər gərək 

mənim boynuma düşə. Həmişə belə  kələfləri mən açmalı 

oluram. Həmişə... həmişə... 

Kefim xarab olduqca yaddaş iblisi haradansa köhnə 

dərdlərimi, umu-küsümü, gileylərimi qulağıma pıçıldayır və 

mənim  əhvalım daha da korlanırdı. Zarafat etmək iqtidarında 

olsaydım, "Qəribi burda ağlamaq tutur" ifadəsi lap yerinə 

düşərdi. Səbəb nə idi? Avtobusun Buzovnadan, heç bir şey 

haqqında düşünməyib dincəldiyim, dostlar arasında qayğısız 

günlər keçirdiyim Buzovnadan uzaqlaşıb Bakıya, ciddi və 

mühüm problemləri, çətin məsələləri həll etməli olduğum 

Bakıya yaxınlaşmasımı? Yoxsa, günəşli gündüzlərdən sonra bu 

yağışlı axşamın cansıxıcı, zəhlətökən tutqunluğumu? Ya da 

bəlkə iki abbasıdan ötrü camaatı ustalıqla aldadan ağbirçəyin 

hiyləsi?  İnsana inam, etibar kimi məfhumların nisbiliyi? 

Başqasının hər bir həyəcanına, hər bir dərdinə, qəzasına şübhə 

ilə yanaşmaq zəruriyyəti? 

–Saxla, saxla, qadov alım, bir əylən... 

Bu səs yenə  də  məni diksindirdi. Avtobus tormozlarını 

xırçıldadıb dayandı. 

–Bir dəqiqə gözlə. 

Bayaqkı arvad maşından düşdü və  tələsik küçəni keçdi. 

Maşının içi etiraz sədaları ilə doldu: 

–Bilet almır, hələ bir istədiyi yerdə maşını da saxladır. 

–Əşi, sür gedək. Daha qayıdan deyil. 


 240 

–Arvadda bicliyə bax a!  

Qonşum irişdi: 

–Getdiyi yerə bezplatnı  gəldi çıxdı, vəssalam. Daha səsi-

sorağı tapılmaz. 

Doğrudan da arvad küçəni keçib bir dalana girmiş, gözdən 

itmişdi. 

–Şofer, sür gedək! 

–Di ləngimə, gedək! 

Şofer ayağını qaza basıb maşını hərəkətə gətirirdi ki, arvad 

hövlnak dalandan yüyürüb əl elədi. 

–Dayan, dayan, qadov alım, bir dəqiqə saxla! 

Onun yanında bir qız da var idi. Arvadla qız nə barədəsə 

danışırdılar. Səssiz filmlərdəki kimi biz onların danışdıqlarını 

görürdük, amma eşitmirdik. Sonra qız arvada nə isə verdi və 

arvad maşına tərəf gəldi. 

–Konduktor, ay konduktor. Al bu sənin iki abbasın. Di sağ 

olun, yaxşı yol. 

Konduktor gülümsündü və bileti cırdı. Maşın tərpəndi. İndi 

bütün sərnişinlər maşının arxa şüşəsindəki "filmə" baxırdılar. 

Bu film insanlıq, düzlük, adamlara, doğruya, yaxşıya inam-

etibar haqqında idi. İnsanlarda olan böyük və əzəli bir ehtiyac 

haqqında – sevinci də, dərdi də, fərəhi də, həyəcanı da 

bölüşmək ehtiyacı haqqında. Kadrda filmin baş  qəhrəmanı, 

camaatın  əlaqəsini bayaqdan bəri üç dəfə  dəyişdirən, sifəti 

təəssüf və eyni zamanda nə isə bir arxayınlıq ifadə edən arvad 

idi. 

O, get-gedə kiçilir, evlərin, ağacların, yeldəyirmanlarının 



arxasında qalıb gözdən itirdi. Amma o, konduktorun 

çantasındakı iki abbasıdan başqa avtobusda nə isə ayrı bir şey 

də qoyub getmişdi. Daha doğrusu, qoyub qalmışdı. Gedən biz 

idik. Şofer kabinəsindən boylanıb dedi: 

–Rəhmətliyin qızı. Nə vacib imiş. Qiyamət ha qopmur. O 

sağ, biz salamat. 

Canlı  zərb-məsəllər almanaxı  təsbehini çevirə-çevirə sözə 


 241 

qarışdı: 

–Elə demə. Biz qocalara çox da etibar yoxdur. Gedəndə 

borclu gedək?  

Şofer dedi: 

–Əmi can, borclu borclunun sağlığını istər. 

–Elədir. Amma borc almaq başlanan yerdə dostluq pozular. 

Şofer yenidən başını bu yana çevirdi: 

–Borclunun duaçısı alacaqlıdır. 

Sən demə zərb-məsəllər kitabının  ikinci cildi rulun dalında 

imiş. 

Qoca: 


–Borc igidin qamçısıdır, – dedi. 

Şofer buna da cavab tapdı: 

–Borcdan qorxan qapısını gen açmaz. 

–Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr. 

Şofer ağzını açıb   cavab   vermək istəyirdi ki, qoca əlinin 

işarəsi ilə onu saxladı: 

–Oğul, – dedi,– sən öz işində ol. Bizi sağ-salamat  şəhərə 

çatdır. Deyir borc verməklə tükənər, yol getməklə. 

Bununla, da söhbətə son qoyuldu. 

Mən sərnişinlərə göz gəzdirdim. Bütün sifətlərdə, hətta 

yorğun sifətlərdə belə xoş bir təbəssüm vardı. Amma qəribədir, 

mənim yanım boş idi. "Tülküsifət" qonşumun nə vaxt, harada 

və necə düşdüyünü hiss etməmişdim. Bəlkə də o, heç yox idi. 

Əyilib pencərədən baxdım. Buludlar bir qədər çəkilmişdi. 

Arvadın mehriban sifəti gözüm qarşısından getmirdi. Onun 

çöhrəsi xəyalımda Zivər xalanın obrazı ilə eyniləşirdi. Zivər 

xala da etibarlı insandır. Həm də mehriban, qayğıkeş. Bu 

qayğıkeşlik Qəmərə  də keçib. Qəmərin də ki, yaralı yeri 

Fuaddır. Məncə dünyada hamıdan artıq Fuadı istəyir. Fikir 

verirəm, həmişə gözü onun üzündədir. Mən bayaqkı fikirlərimi 

yada salıb utandım. Məgər Qəmərə Fuadın  şöhrəti gərəkdir? 

Ona gərək olan yalnız qardaşının daxili rahatlığı, dincliyi, əsəb 

sakitliyidir.  Şöhrət kimə lazımdır? Hər halda Fuadın özünə 


 242 

lazım deyil. Fuada yalnız inam, etiqad lazımdır. Öz-özünə 

inanmaq, gördüyü işin xeyirliliyi, insanlara gərəkliyi, etiqadı 

lazımdır.  Əgər o, buna inanmasa, işinin səmərəsini, insanlara 

xeyrini görməsə onda... Yox, bu, belə olmamalıdır. Fuad 

meydana nə  qədər mühüm şeylər – həyatının mənasını, 

ömrünün qayəsini, yaşayışının, diriliyinin məqsədini 

qoymuşdu. O, yanıla bilməz. Bu qədər  şeyi meydana atmaq 

üçün cəsarət lazımdır. Belə cəsarət Fuadda varmı? 

Dünən Tərlan az qala batmışdı. Xilas qayığı  gələnəcən on 

adam batıb gedərdi. Fuadın özünün həyatı bir tükdən asılı 

qalmışdı. Bir an içində onun özü də, ümidləri də, illərlə 

yuxusuz gecələrini, yorucu gündüzlərini qurban verdiyi işi də 

məhv olub gedə bilərdi. O, heç bir zaman üzgüçülük 

məharətindən, öz qoçaqlığından danışmazdı. Lakin biz 

özümüzə  gələnəcən o suya cumdu. Mən ki, onun xasiyyətinə 

yaxşı  bələd idim, bəs neyçin onun dünənki hərəkəti məni 

heyrətdə buraxmışdı? Hər halda mən Fuadı yaxşı tanıyırdım. 

Adamı tanımaq üçün bəzən iyirmi il, bəzən iyirmi dəqiqə lazım 

olur. Bayaqkı arvad heç fikrimdən çıxmır. Nə deyirsiniz deyin, 

amma adamı  dərhal tanıyırsan, pis adamı bir az çətin 

tanıyırsan, amma aqibətdə onu da tanıyırsan. 

Yəni doğrudanmı  mən elmi şurada Fuadı müdafiə eləsəm, 

məni pis adam, dostbaz sayarlar? Bəlkə elə  mən bundan 

qorxduğum üçün Fuadı müdafiə etmək istəmirəm? Axı, mən 

"Bu təcrübələr mübahisəlidir" deyərkən səmimi qəlbdən 

danışmıram. Axı, mən bu cümləni deyəndə yalnız bircə məqsəd 

güdürəm – özümü dostbazlıq ittihamlarından qorumaq. Yox, 

mən heç kəsdən, heç nədən qorxmuram. Bəs onda məsələ 

nədədir Mən həştad faiz əminəm ki, Fuadın təcrübələri 

doğrudur. Bəs iyirmi faiz? Məsələ də bu iyirmi faizdədir... 

Birdən Fuad müvəffəqiyyətsizliyə  uğradı? Mən bundan 

qorxurdum. Yox, yox, dostbazlıq haqqında bayağı 

söhbətlərdən, məsuliyyət  şərikliyindən qorxmurdum. Mən 

Fuadın elmi vicdanına, onun daxili inamına, öz-özünə olan 


 243 

etibarına dəyəcək zərbədən sarsılacağından qorxurdum. Lakin 

indi elə bil aylardan bəri çəkdiyim bu qorxu birdən-birə yox 

olurdu. Məndə Fuadın işinə, onun mübahisəli təcrübələrinə elə 

inam, elə etibar hissi əmələ  gəlmişdi ki, çoxdan bəri özümü 

belə arxayın hiss eləməmişdim.  Əlbəttə elmi şurada çıxış 

etməzdən  əvvəl dönə-dönə o təcrübələri yoxlamaq lazımdır. 

Mən onları şəxsən özüm yoxlayacağam. Mən bu yoxlamaların 

müsbət nəticəsinə artıq həştad yox, yüz faiz əminəm. Daha 

doğrusu, doxsan doqquz faiz elmi dəqiqlik tələb edir. 

Kefim yenə durulmuşdu. Balaxanı  şosesində avtobusa 

gənclər doluşdular. O saat da bərkdən "Ala göz" mahnısını 

oxumağa başladılar. Qabaq cərgədəki uşaq onlardan qorxub 

ağlamağa başladı. Təsbehli kişi zənbilindən bir salxım qara 

şanı çıxardıb uşağa uzatdı: 

–Al, bala, al, ağlama, hə pişt, hə pişt. 

Uşaq sakit oldu. 

Avtobus Bakıya girdi. 

Yağış kəsdi... 

 

1962 


1   ...   9   10   11   12   13   14   15   16   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə