Kəbirlinski də gülümsündü.
–Yox, axı, —deyə nə isə kəkələdi...
–Sən heç ürəyivi sıxma, —deyə Cavad əlindəki mətnə
əlavələr edirdi. —Bax burda qoy tülkü desin: çaqqal sən də
burdasanmış. Aha, çaqqal da deyir: hə, hə, tülkü lələ, mən də
burdayam, hə, hə. —O, sanki çaqqalı yamsılayırmış kimi
əcayib bir səs çıxartdı.
Səfurə:
396
–Cavad, — deyə məzəmmətlə ona baxdı, — axı müəllif
birdən dedi ki...
–Qələt eləyir müəllif, — deyə Cavad onun sözünü kəsdi. —
Çəm-xəm eləsə babalı mənim boynuma. Denən Cavad
Cabbarov dedi ki, mən bu "əsərə" çaqqal obrazını əlavə etməyi
lazım bilirəm. Vəssalam. Hə, nədir? Azdır? Yaxşı bura da
əlavə edək. Hanı? Hə. Tülkü: gedək. Çaqqal: —o, qələmini bir-
iki dəfə termometr kimi çırpıb yazmağa başladı: —deməli,
çaqqal: gedirsiniz? Mən də sizinlə gedirəm. Aha, belə, Axırda
da: sağ olun, sağ olun. Kəbirlinski, sən də deyərsən sağ olun:
Arada da qoşul bizə: hə, yox, bəli, filan. Əsas odur ki, səsin
gəlsin. Çətini ölüncədir. Ay zalım. Yaxşı, oldu. Vay, vay,
gecikəcəm. Getdik. Havayı yerdən səninçün yeddi manat
düzəltdim, Kəbirlinski, qədrimi bilmirsən. Gərək o yeddi
manata "Drujba"da mənə yaxşı bir qonaqlıq verəsən. Ha, ha,
ha! Ay haramzada.
Studiyaya keçdilər.
Səfurə Məcidə:
–Cavaddır da, — dedi, — özü hay-küyçü, amma ürəyi
nazik, yuxa kimi.
Məcid:
–Mən getdim Eldardan muştuluq almağa, — dedi. — Atası
tulküydü, dönüb oldu çaqqal.
Eldar radioda rejissor köməkçisi işləyirdi. Feyzullanın
yazılışı olan günlər gözə dəyməzdi. Bunun səbəbini hamı
bilirdi, bilirdilər ki, atasıyçün, daha doğrusu onun ifa etdiyi
rollardan, bu rolları ifa edərkən çıxartmalı olduğu səslərdən
xəcalət çəkir. On doqquz yaşı vardı Eldarın. Gündüzlər işləyir,
axşamlar teatr texnikumunda oxuyurdu. Boylu-buxunlu,
göyçək oğlan idi. Ancaq bir balaca axsayırdı, sol ayağını
çəkirdi. Qazandığını əyin-başına verirdi, bəzən gəzdiyi qızları
kinoya belə dəvət etməyə pulu olmasada, geyimində-kecimində
heç kəsdən geri qalmırdı. Yaşına yaraşmayan bir ciddilik vardı
üzündə. Hətta bir qədər qaraqabaq idi. Atasını tanıyanlar: "Elə
397
bil Kəbirlinskinin yox, Nəsrəddin şahın oğludur, — deyirdilər,
— forsu adamı yıxır".
Amma Eldar forslu deyildi, xəstə və ifrat dərəcədə məğrur
idi, sanki hamının nədənsə ona rişxənd, istehza edəcəyindən
qorxurmuş kimi yeganə dostu Aydından başqa heç kəsə
yaxınlaşmır, heç kəslə səmimi olmaq, ünsiyyət bağlamaq
istəmirdi. Əsas səbəb, əlbəttə, atası idi. Feyzulla onun yaralı
yeri idi. Atasının təxəllüsünü deyil, əsil familini daşıyırdı —
Eldar Ələsgərov. Eldarın söyər yerini bilən bic-vələdüznalar,
illah da Məcid onu daha da cırnadırdılar.
–Yaxşı, Eldar, atan Kəbirlinskidir, sən nöşün Ələsgərovsan?
–O sənin borcun deyil.
–Daha acığın nöş tutur, sözdür soruşuram da.
İndi də Məcid Eldar oturan otağa girib bərkdən:
–Eldar, gözün aydın, muştuluğumu ver, — deyərkən oğlan
elə bil nə isə duyubmuş kimi sim təki gərildi.
–Nə olub? — deyə qaşqabağını saldı. Məcid ağzını
açmasaydı belə, Eldar onun kürən sifətini görcək qanı qaralırdı.
Məcid tam bir ciddiyyətlə:
–Gəldim sənə xəbər verim ki, atanı böyüdüblər, — dedi, —
kişi əməlli-başlı inkişaf eləyib, tülkü rolundan keçib çaqqal
roluna.
Eldarın yerindən sıçramasıyla Məcidin qapını çırpıb daban
əl altı qaçması bir oldu.
Otaqdakı qızlar pıqqıldaşıb güldülər. Amma Eldarın
qırımını ayrı cür görüb dərhal özlərini yığışdırdılar.
Aydın:
–Əşi sən də bu düdəmənin sözündən niyə cırnıyırsan? —
dedi. — O, adamdı ki, adam sözü danışsın. Görür ki, sən
özündən çıxırsan, ayağı yer alır. Sən heç fikir vermə.
Eldar dodağını dişləri arasına alıb:
–Yaxşı, — dedi, — qoy mənə borc olsun. — Özünü ələ aldı,
sakitləşdi və otaqdan çıxdı.
Məcid qaçıb studiyanın yanına gəlmişdi.
398
Feyzulla rolunu yazdırıb dəhlizə çıxdı, pul kağızına qol
çəkdi.
Məcid gəlib onun yanında durdu.
–Kəbirlinski, — dedi, —oğlunu yığışdır. Mənə göz verir,
işıq vermir.
–Neynir ki, sənə?
–Əşi, özün görürsən ki, mən cürübbəz zəifcanlı oğlanam,
üfürsən yıxılaram. O, maşallah, göz dəyməsin, zırpı şeydir, elə
yaxşı deyiblər ki, uzundraz beynamaz, xeyrə-şərə yaramaz.
–Bax bu olmadı da, dilivi dinc qoymursan, sonra da
deyirsən ki, bəs belə.
–Axı mən neyləyim. Yapışıb məndən ki, gərək səni döyəm.
Əşi bir dənə əngimdən qoysa, sağ tikəm qulağımın dibində
qalar. Gücü var, getsin taylarına göstərsin. Gərək elə qolunun
zorunu mənim başımda sınasın.
–Elə durduğun yerdə səni döymək istəyir? Bəlkə sataşıb
eləyirsən ona?
–Nə sataşıram? Soruşuram ki, nöşün atanın familiyası
ayrıdır, səninki ayrı, a kişi, bunun üstündə heç adamı döyərlər.
Feyzulla bir an duruxdu, sonra aramla, təmkinlə danışmağa
başladı.
–Bilirsən bala, ikimizin də familiyamız birdir, Ələsgərov.
Kəbirlinski mənim təxəllüsümdür.
–Aton rəhmətlik. Bax adam kimi sən başa saldın, mən də
bildim. Daha döymək, söymək nəyə lazım?
Bu söhbət əsnasında Eldar gəlib onlar dayanan yerə çıxdı.
Məcid dərhal Feyzullanın böyrünə qısıldı.
–Bax, deginən mənimlə işi olmasın, yoxsa bax, bir baş
gedəcəyəm sədrin yanına.
Feyzulla:
–Eldar, bala, — dedi, — nə işin var bununla. Eldar cavab
vermədi, qanlı-qanlı Məcidə baxır, amma atasının, adamların
yanında özünü saxlayırdı.
–Yaxşı, sənnən mənimki qalsın, —dedi.
399
Məcid:
–Gördün, — dedi, — yenə məni hədələyir, bax, atandan
soruşdum, məni başa saldı, amma sən cırtqoz kimi atılırsan
ortalığa, çıxırsan özündən. Feyzulla müəllim, —Eldarın
yanında "Feyzulla müəllim" deyirdi, amma bu müraciətin
özündə bir istehza vardı, — Feyzulla müəllim, inciməyin,
amma məni çox maraqlandırır, bu nə dəbdir belə, artistlər
özlərinə təxəllüs götürürlər: Ərəblinski, Kəbirlinski...
O tam ciddiyyətlə danışırdı, dodağı belə qaçmırdı, bircə
gözlərinin içindən cin çıxırdı. Eldar istehzanı, masqaranı duyur
və Məcidin bütün sifəti sanki Eldarın gözlərinin içinə,
yaddaşına, canına hopurdu. Məcidin kürən saçları, qaşları,
kirpiksiz gözləri, kosasayağı ətli sifətində qızıla çalan təkəm
seyrək tükləri... Burun pərələrindən uzanan tüklər belə kürən
idi... Danışanda, ilişəndə zarıldayan üç qabaq qızıl dişi, sallaq
buxağı, kos kimi ora-bura dığırlanan, bir nöqtədə qərar tapa
bilməyən göz bəbəkləri, pələş qulaqlar, yoğun, gödək barmaqlı
toppuş əllər, ağ köynəyin kirli yaxalığı —Eldarın gözlərinə
yapışır, hafizəsində həkk olunurdu.
Feyzulla tam bir sadəlövhlüklə:
–O vaxt mod eləydi, ay bala, — dedi, — hərə özünə bir
təxəllüs götürmüşdü.
Məcidin vurnuxan gözləri arabir Eldarın nəzərləriylə tuşlaşır
və bu ani baxışlarda hər ikisi bir–birinin halını başa düşürdü.
Eldar içini yeyirdi. Məcid isə çoxdandı belə ləzzət çəkməmişdi.
Kəbirlinskini Eldarın gözü qarşısında əməlli-başlı dolayır, daha
doğrusu Feyzulla heç bir şey duymadan —öz danışıqlarıyla özü
özünü dolayır, Məcidə sonsuz zövq verir, Eldarı odsuz–
tüstüsüz yandırırdı.
Bixəbər Feyzulla:
–Hərə bir ad götürmüşdü, — deyə davam edirdi. —
Ərəblinski, Sarabski, Ağdamski...
Məcid asta-asta:
–Kəbirlinski, —dedi.
400
–Zəhrimar Kəbirlinski, çor Kəbirlinski, — deyə Eldar axır
partladı. —Mən sənin ağzını dağıdaram, onda bilərsən...
Feyzulla təəccüblə oğluna baxdı.
–Bıy, ay oğul, sənə nə olub, özündən çıxırsan, nə deyir ki...
–Ey, sən də bilmirəm, Aydan gəlmisən, Marsdan. Başa
düşmürsən nə deyir?
–Yoox.
—Elə başa düşməsən yaxşıdır, — dedi, çönüb getdi:
Cavad studiyadan çıxdı:
–Yaxşı, salamat qalın, mən qaçdım, — dedi.
Kəbirlinski:
–Cavad, başına dönüm, — dedi. Hansı tərəfə gedirsən?
Bəlkə məni də aparasan?
Cavad bir an ayaq saxladı:
–Canımçün tələsirəm, — dedi, — yoxsa məmnuniyyətlə, —
bir neçə addım da atdı, sonra Kəbirlinskiyə tərəf çevrildi. —
Yaxşı, gəl, — dedi. — Baksovetəcən apararam.
—Ay sağ ol. Ordan özüm gedərəm.
Aşağı vestibüldən keçəndə kimsə:
–Kəbirlinski, Kəbirlinski, — deyə harayladı.
Feyzulla başını qaldırıb baxdı, rejissor köməkçisi Mamed
onlara tərəf qaçırdı. Cavadla salamlaşıb Feyzullanın qolundan
yapışdı.
—Səni allah yetirdi bizə, Kəbirlinski, — dedi, — axşam
boşsan?
–Yox, nədi ki?
–Tamaşan var?
–Yox, tamaşam yoxdur, amma ayrı işim var.
Mamed:
–Bu oldu əmiri, —dedi, — deməli belə, ayrı işivi
keçirdirsən sabaha. Axşam televizorda verilişimiz var. Sadıq
xəstələnib. Gərək onu əvəz eləyəsən.
–Yox, axı...
401
–Axısın, maxısın bilmirəm, yoxsa mənim boğazımı üzər.
–Mamed, bilirsən, mən sənin xətrini dünyalarcan istəyirəm,
amma axşam dərnəyim var.
–Neçədədir dərnəyin?
–7-də.
–Deməli belə, 8-ə mən səni buraxaram. Keçirt dərnəyi bir
saat gecə, nə olacaq?
Cavad qapıdan:
–Kəbirlinski, gəlirsən? —dedi. — Mən bax səni gözləyən
deyiləm ha. Tələsirəm.
Feyzulla:
–Gəldim, gəldim, — dedi, sonra Mamedə tərəf döndü, —
Yaxşı, Mamed, daha sənin sözündən keçə bilmirəm. Amma axı
gərək hazırlaşam. Böyük roldur?
–Nə rol, adə, evinəcən sənin. Bircə kəlmə sözün var.
Poçtalyondu, girir içəri ki, "sizə kağız gətirmişəm", vəssalam,
şüt-tamam. Buna nə hazırlaşmaq, maşallah 40 ilin artistisən.
Amma Kəbirlinski, başıva dönüm, məni podvadit eləmə ha,
boğazımı üzərlər. Deməli belə, altıda burdasan.
–Yaxşı, arxayın ol. Söz verdimsə gələrəm.
–Yaşa, var ol. Səndən bir dənədir. İki dənə olsaydı arabaya
qoşardıq. Ha, ha, ha... İncimə a, zarafatım var səninlə,
kiçiyinəm. Üzüm ayağının altına.
–Canın sağ olsun.
Mamed artıq qaçıb getmişdi, uzaqdan çevrilib: — Üzüm, yəni
vinoqrad, — dedi, bir də güldü və harasa şütüyüb qeyb oldu.
Feyzulla qaça-qaça binadan çıxdı. Cavad artıq maşını işə
salıb hərəkətə gətirirdi.
–Saxla, gəldim, — deyə Kəbirlinski uzaqdan əl elədi, özünü
yetirib Cavadın yanında oturdu.
Cavad:
—Kəbirlinski, qan eləyirsən ha, — dedi. — Gündüz radio,
axşam televizor.
—Əşi, ay Cavad, qoymazsan kasıbçılığımızı eləyək, —deyə
402
ərklə Cavada göz vurdu və məmnun gülümsündü...
Cavad başını çevirib ona baxdı. Cabadın gözlərinin ifadəsini
görmək olmurdu — gözlərini iri qara eynək gizlətmişdi.
Kəsik siqnalla trolleybusu ötdü, başaşağı yolla sürməyə
başladı. Sükutu Feyzulla pozdu:
–Cavad, sən də mənim oğlum, ərk eləyib sənə — bir şey
demək istəyirəm.
–De görüm.
–Sən Siyavuş müəllimlə yaxınsan, deginən ona adam içində
mənimlə bir az yaxşı rəftar eləsin. Abrımı bükür ətəyimə. Axı
mən də malçişka deyiləm. Bu səhnədə saç ağartmışam.
–Nə deyir ki?
–Nə bilim, qışqırır, söyür. Özü də camaatın yanında. Bayaq
o rəssam da oturmuşdu. Cavan oğlandır. Aramızda hörmət-
izzət var. Başlayıb onun yanında filan, peşməkan. Özümüz
olsaq, cəhənnəmə, nə deyir desin. Bir də var kənar adam. Axı
atası yerindəyəm.
–Nə deyir axı?
–Əşi, nə bilim başlayıb yenə məscid belə gəldi, əzan elə
getdi. Axı mən neyləyim ki, atam müfti olub.
–Nə olub atan?
–Müftiydi də. Bəs bilmirdin?
–Yox, hardan bilim.
–Bəs mən elə bildim bilirsən. Hamı bilir ki, bu əhvalatı.
Atam müfti idi, mən artistliyə gedəndə qovdu məni evdən.
Ölənəcən mənimlə danışmadı. Üzünü də görmədim. Vəsiyyət
eləmişdi ki, üstümə də gəlməsin. Amma yaman xiffət
eləyirmiş. Anam deyirdi ki, kişini sənin dərdin öldürdü.
–Sənə də nə düşmüşdü artist olasan, ay Kəbirlinski.
–Nə bilim, yaman həvəsim vardı. Sən mənim beləliyimə
baxma, bir vaxtlar rayonumuzda Oqtay, Aydın, Şeyx Sənan
oynayırdım.
–Əşi, qoy oturmuşuq.
–Canımçün. Atamın aman–zaman bircə oğluydum, yaman
403
istəyirdi məni də molla eləsin, əməlli–başlı farsca–ərəbcə
öyrətmişdi.
–Gərək elə molla olaydın, Kəbirlinski, mollalar bilirsən necə
qazanır. Hər ölənə bir yasin oxusan narodnı artistdən yaxşı
dolanardın.
Feyzulla gülümsündü, hansı ötən xatirələrisə yadına salıb
başını yellədi:
—Quran ayələri indiyəcən yadımdadır, — dedi.
–Doğrudan? Bəs nə əcəb, mollalıq eləmirsən?
Feyzulla təəçcüblə çiyinlərini çəkdi:
–Nə danışırsan, ay Cavad, məndən molla olar?
–Niyə olmur?
–Bay, əşi sən nə danışırsan? Mən hara, mollalıq hara?
–Axı, niyə olmur. Atan — müfti, sir–sifətindən möminlik
yağır, özün də quranı əzbər bilirsən. Daha mollaya bundan
artıq nə lazımdır?
–Qəribə söz danışırsan e, — bu qəribə fikir Feyzullanı lap
çaşdırmışdı, nəhayət o, əsas səbəbi yada saldı, — mən necə
molla ola bilərəm ki, allaha inanmıram.
–Rəhmətliyin oğlu, neynirsən inanıb. Mollalar elə bilirsən
özləri inanır? Sən mənim sözumə qulaq as, artistlikdən bir şey
çıxmaz. Get mollalığa, bəy balası kimi dolan, allahnan da işin
yoxdur, inanırsan inan, inanmırsan inanma. Mən quran
oxumağı bilsəydim, bir gün teatrda qalmazdım. Dramatik
artistlikdən axmaq sənət yoxdur. Ya gərək xanəndə, çalançı
olasan, ya aşıq, ya molla. Toydan, yasdan gələn gəlir heç
yerdən gəlmir. Yaxşı, Kəbirlinski, gəldik çıxdıq. Bu da
Baksovet.
–Çox sağ ol, Cavad. Bircə dəqiqə vaxtını alacam, incimə.
–De görüm, yaxşı.
–Sən bir Siyavuşnan danış. Sənin sözündən çıxmaz. Denən
məni incitməsin.
–Deyərəm.
–Bilirsən, teatralnı texnikumda dərs deyir, mənim oğlum da
404
orda oxuyur. O gün gəlib tələbələrə deyib ki, kürreyi-ərzdə
hələ Kəbirlinskidən bezdarnı artist anadan gəlməyib. Uşaq da
pərt olur tay-tuşunun yanında, dost var, düşmən var.
–Qələt eləyir, Siyavuş, deyərəm ona.
–Hə.
–Bir də Cavad... Bir məsələ də var.
—Nə məsələ, a kişi, denən görək, sən də lap məni avara
elədin.
–Vallah sənə ərkim çatır, ayrı kimə deyim axı... Bilirsən,
mən elə şeyə fikir verən deyiləm, amma beş dost olanda, beş də
düşmən gözü var. Bir yandan da arvad məni piləyir.
—Uzatma, Kəbirlinski, sən atovun goru, keç mətləbə görək...
—Mətləb deyəndə, yəni bu il mənim altmış illiyim tamam
olur. İndi mən nə Ərəblinskiyəm, nə Abbas Mirzə, amma daha,
azdan-çoxdan yenə bizim də xidmətimiz olub... Deyirəm, bəlkə
zvaniyadan-zaddan... Mən elə şeyin düşkünü deyiləm, özün
bilirsən, amma, görürsən dünənki uşaqlar gəlib olub əməkdar
artist, yox, mən bir şey demirəm, halal xoşları olsun, amma
indi biz də özümüzə görə, azdan–çoxdan neçə ildir külüng
vururuq. Bir balaca...
–Bilirsən, Kəbirlinski, açığı, zvaniya məsələsi bir az
çətindir, amma Siyavuşla danışaram, mestkomdan bir qramota–
zad alaram səninçün. Di bağışla, lap gecikdim...
–Sağ ol, çox sağ ol, ömrün uzun olsun, — deyə Feyzulla öz–
özünə danışa-danışa evinə sarı addımladı. Cavadın maşını
çoxdan gözdən itmişdi.
Feyzulla avtomat-telefon budkasına girib karamel fabrikinə
zəng elədi. Karamel fabrikində dramatik dərnəyin rəhbəri idi.
–Uşaqlara de ki, 7-də yox, 8-də yığışsınlar. 9-a on beş
dəqiqə işləmiş.
Evlərinə gəldi. Köhnə evdə ikinci mərtəbədə yaşayırdılar.
Həyət balaca, dar və qaranlıq idi. Həyətdə daima daman krantın
altındakı daş suyun təsirindən qurbağa çəni kimi sürüşkən və
yaşılımtıl olmuşdu. Həyətdə krantdan başqa qapısı qıfıllı
405
ayaqyolu, iri zibil yeşiyi və ərzaq mağazasının boşalmış karton
qutuları vardı. İkinci və üçüncü mərtəbələrə dəmir pilləkən
qalxırdı. Pillələrə ayağını möhkəm basanda adama elə gəlirdi
ki, bütöv bir zirehli ordu addımlayır. İkinci və üçüncü
mərtəbələrin şüşəbəndləri həyətə baxırdı.
Feyzullagilin bir otağı və bu otağın qarşısında kiçik bir
dəhliz kimiləri vardı. Bu dəhliz həm də mətbəxi əvəz edirdi —
bura iki gözlü balaca bir pilətə qoymuşdular. Dəhlizin o biri
tərəfi pərdəylə ayrılmışdı, pərdənin dalında açılıb—bükülən
çarpayı qoyulmuşdu. Eldar burda yatırdı.
Eldar çarpayısının yanındakı divara iki kitab rəfi vurmuşdu.
Rəflərə — teatra və kinoya aid kitablar, teatr və kinojurnalları
düzülmüşdü. Rəflərin qarşısındakı divara Eldar başdan-başa
şəkil yapışdırmışdı — kinoulduzlarının, əsasən aktrisaların —
"Film" və "Ekran" Polşa jurnallarından kəsilmiş şəkilləri.
Çarpayının yanında yerdə maqnitofon və çoxlu lent yazısı
qoyulmuşdu — bura Eldarın 4 kvadratmetrlik aləmi,
başkicəlləndirən xülyalar və mətbəx qoxusuyla dolu dünyası
idi.
Otaq ala-qaranlıq idi. Yeganə pəncərədən düşən işıq
nisbətən böyük otağa — iyirmi kvadratmetrlik otağa azlıq
edirdi. Otaqda iki çarpayı, tünd mixəyi rəngli iri, zəhmli
kamod, masa və dörd stul vardı. Kamodun üstünə küləbətinli
süfrəcik salınmışdı. Çarpayıların üstünə hansı gözəlisə
qaçırdan iki çaparın şəkli çəkilmiş pluş örtük atılmışdı.
Kamodun üstündəki güləbətinli süfrəcikdən biri də stolun
üstünə çəpəki çəkilmişdi (kleyonkanın üzərindən). Pəncərə
pərdələri də televizor ekranını örtmüş ağ parça da həmin cür
güləbətin naxışlı idi. Kiçik ekranlı "Luç" televizoru küncə
qoyulmuşdu. Çarpayının yanındakı zivənin üstünə bozumtul
örtük çəkilmişdi. Çox yeri süzülmüş palazın aralarından
qırmızı şirəli taxta döşəmə görünürdü. Divarda zərli
çərçivələrdə güzgü və foto şəkillər asılmışdı. Feyzullanın
arvadı Həcərin cavanlıq şəkilləri, Eldarın şəkilləri. Bu şəkillər
406
kiçik idi. Ortada isə başqa bir kişinin iri şəkli asılmışdı. Bu kişi
— Feyzullanın mərhum bacanağı Həcərin bacısı Qəmərin əri
akademik İsgəndər Muradəliyev idi. İsgəndər və Qəmər neçə il
bundan qabaq avtomobil qəzasında həlak olmuşdu.
Feyzulla içəri girəndə Həcər dəhliz–mətbəxdə qonşu
Anaxanımla söhbət edirdi.
Otaqdan və dəhlizdən qarışıq bir iy gəlirdi. Nəmişlik,
rütubət, bulanıq qab-qacaq, semişka yağı, bir də paltar sabunu
iyi.
Anaxanım Feyzullanı görüb:
–Hər vaxtınız xeyir, — dedi, — sonra Həcərə tərəf döndü,
—yaxşı bacı, mən getdim.
Feyzulla otağa daxil oldu, pencəyini çıxarıb səliqəylə stulun
başına keçirtdi, dəhlizə qayıdıb ləyənin üstündə əl–üzünü yudu.
–Bəs heç bozbaşın iyi burnuma dəymir, —deyə zarafatla
Həcərə müraciət etdi.
Həcər dinmədi. Feyzulla cavab almağa tamamilə ümidini
itirmişdi ki, Həcər birdən açıldı:
–Bozbaş! Yox bir cücəplov. Ət alıb gətirmişdin, bozbaş
istəyirsən? Kolbasadan bişirəcəyəm bozbaşı?
–Daha dava niyə eləyirsən. Mən elə bildim ət almısan.
–Görəsən hansı pula? Heç bilirsən neçəyədi ət bazarda?
Sənin gətirdiyin pulnan gündə ət almaq olar? Odey dünənki
dolmadan qalıb, qızdır ye.
–Neynək, dolma daha yaxşı.
O, mətbəxə keçib dünənki, daha doğrusu srağagün bişmiş
dolmanı odun üstünə qoydu. Bir az sükutdan sonra Həcər yenə
başladı:
–Bozbaş! Könlünə bozbaş düşüb, —o heç cür sakit ola
bilmirdi. —Adam ayağını yorğanına görə uzadar. Yerə soxum
boyunu, bu da adını kişi qoyub.
Loğma Feyzullanın boğazında qaldı:
–Ay arvad, nə düşmüsən üstümə, qoymazsan bir parça
zəhirimarımızı yeyək.
407
–Ye də. Görüm heç yediyin boğazından keçməsin. Hamı ərə
gedir ağ günə çıxır, bu da adını ər qoyub.
Feyzulla yorğun bir hərəkətlə başını qaldırdı.
–Axı nə olub yenə? —dedi.
–Nə olacaq? Odey, Anaxanım gəlmişdi. Ərindən, evindən,
dolanışığından danışır, adam yanır–yanır yaxılır. Topal
Səfdərin qızı elə dolansın, Dursun bəyin qızı belə.
Feyzulla söhbəti zarafata salmağa çəhd elədi:
–Neyniyim, ay arvad, özün mənə aşiq olmuşdun da. Özün
mənə qoşulub qaçmadın?
–Kaş mənim qıçım sınaydı, sənə qoşulub qaçan gün, gözüm
kor olaydı, səni görən gün. Kül mənim gic ağlıma, uşaq idim,
nə qanırdım, gəldin kəndə teatr çıxartdın, mənim də gözüm
tutuldu. Mən Qəmərdən min pay gözəl idim, o, İsgəndər
Muradəliyevə qismət oldu, mən də sənə...
Feyzulla boşqabını, çəngəlini mətbəxə apardı, səsi dəhlizdən
gəldi.
–Utanmırsan, Həcər? Heç olmasa Qəmər yazığın adını
çəkmə.
–Yazıq niyə olur Qəmər?
–Bəs yazıq deyil. O cür faciənin qurbanı oldular, o da,
İsgəndər yazıq da. Nə yaşları vardı, ölməli vaxtlarıydı heç?
Həcər köksunü ötürdü, bir müddət susdu, sonra öz
fikirlərinə cavab verirmiş kimi sözünə davam etdi...
–Zato bir gün gördü. Öldüsə də heç olmasa yaşayanda insan
kimi yaşadı. Evi, eşiyi, pulu, varı, dövləti... Beş gün dünyada
kefin çəkdi, dünyadan gedəndə də bir şey görub getdi. Amma
mən sabah yıxılıb öləndə nə deyəcəm. Nə gördüm bu dünyada?
Sənin bu qıcqırmış sir–sifətini, bir də bu iylənmiş xarabanı...
Budu mənim gördüyüm... Camaat kefində-damağında… eh, —
deyə birdən özü öz sözünü kəsdi, —sənə dedim–demədim nə
təfavütü var?
Feyzulla özünə çay töküb gətirmişdi, balaca armudu
stəkandan qurtum–qurtum içirdi.
408
–Həcər, —dedi, — görürəm bu gün sənin əhvalın özündə
deyil. Anaxanım da gəlib səni fitdəyib.
–Məni fitdəmək–zad lazım deyil. Özüm koram, görmürəm,
xalq necə dolanır, biz necə dolanırıq.
Feyzulla çayını içdi, aparıb stəkanı əlüzyuyanın altında suya
çəkdi, otağa qayıtdı.
Həcər:
–Eldar dünən bir halda gəlmişdi ki, çırtma vursaydın qan
damardı. Dərsə bir müəllim gəlib, səni yaş yuyub, quru sərib.
Feyzulla:
–Eşitmişəm, — dedi, — Aydın dedi mənə, Eldarın yoldaşı.
–Eşitməyindən nə olsun? Guya gedib o müəllimi asıb-
kəsəcəksən. Kimdi sənin sözünə məhəl qoyan?
Feyzulla sakit qulaq asırdı. Ən ağır, ən kinayəli sözləri belə
gündə eşidərsənsə, onlar artıq dəyərsizləşir, vərdiş halına keçir,
odur ki, nə incidir, nə ağrıdır. Bəlkə bir qədər yorur, vəssalam.
Həcər isə yorulub usanmaq bilmirdi.
–Deyir, ay ana, mənim atam axı niyə belə fərsizdir. Mənə də
deyir onun ucbatından hamı yuxarıdan aşağı baxır. Atam
olmasaydı, deyir, heç olmazsa bilərdim ki, yetiməm, biri mənə
gözün üstə qaşın var deyə bilməzdi, amma bu sağdır, hamı
bunu körür, tanıyır, hamı buna gülür, rişxənd eləyir, ələ salır,
mən də qalıram içimi yeyə–yeyə.
—Eldar heç vədə belə söz deməz.
—Yalan deyənin lap atab atasına lə'nət. —Həcər əlini stolun
üstündəki kiçik çörək qırıntısına uzatdı, onu barmaqları
arasında ovxaladı, — bax bu bərəkət haqqı, uşaq danışırdı,
ürəyim qan olurdu. Mama, deyir, mən kimdən əysiyəm ki, kaş
deyir mən də böyük bir adamın oğlu olaydım. Mən deyir
cavanam, gözələm, öz üzərimdə deyir, çalışıram, gecəni
gündüzə qatıb oxuyuram, biliyimi, savadımı artırıram.
Görürsən, deyir, bir məclisdə, bir kompaniyadayıq. Qızların
hamısının gözü məndədir. Mənim də deyir görürsən birindən
xoşum gəlir. Tanış oluruq, danışırıq. Kitablardan, teatrlardan,
409
kinolardan, hardan deyir desə mən də xəbər verirəm, xəcalət
qalmıram. Amma bir də görürsən deyir, axmağın birisi gəlir, nə
bir savadı, biliyi var, nə də bir əməlli sir-sifəti, vücudu üç
qəpiyə dəyməz, amma di gəl böyük bir şişqanın oğludur, ya da
ki, atası kalandır, ayağının altında maşını, cibində pulu.
Görürsən qıza dedi ki, gəl otur maşınıma, səni gəzdirim. Qız da
deyir daha onu qoyub mənimlə gəzməyəcək ki...
Feyzulla:
—O cür qızla elə gəzməsə yaxşıdır, —dedi. — O nə qızdır
ki, pula, maşına qəlbini satır.
Həcər susub bir müddət maddım–maddım Feyzullaya baxdı,
sonra iki əliylə ona boğma çıxarıb:
–Ala ey, külü qoyum ağlıva, —dedi, —durdu, durdu, söz
danışdı da... Elə bütün ömrünü belə əfəl olmusan ki, bu günə
qalmısan da...
Feyzulla nəhayət hövsələdən çıxdı:
—Arvad, bilirsən nə var?—dedi. — Bəsdi. Sən dedin, mən
dinmədim, amma daha cızıqdan çıxdın, ağ elədin. Mənim də
özümə görə heysiyətim, mənliyim var.
Həcər:
–Sənin mənliyinə ki, — dedi, — yaxşı, yum, səninlə
danışanda bütün qanım qaralır.
Feyzulla ayaqqabılarını çıxarıb çarpayısına uzandı. Həcər
dəhlizə çıxdı. Ordan qab-qacaq səsi, çəngəl–bıçaq cingiltisi
eşidildi. Feyzulla gözlərini yumdu, mürgülədi. Bir azdan Həcər
yaş əllərini silə-silə otağa qayıtdı:
–Anaxanım deyir, bəs bütün artistlərə ad veriblər, ərivi niyə
yaddan çıxarıblar?
Feyzulla cavab vermədi. Ya doğrudan yatmışdı, ya da
yalandan özünü yuxuluğa qoymuşdu.
Həcər:
–Sən yat, —dedi, — sənə nə var ki, buğda yeyib cənnətdən
çıxmısan.
Dəhlizə getdi, bir azdan yenə qayıtdı.
410
–Eldar deyir ki, kaş bircə dəfə mənim dədəm haqqında da
qəzetdə bir kəlmə xoş söz yazaydılar. Yoxsa ya heç nə
yazmırlar, ya da bircə kəlmə yazırlar ki, "Kəbirlinski yenə də
rolunun öhdəsindən gələ bilmədi".
Feyzulla aramla gözlərini açdı, uzun–uzadı Həcərə baxdı:
–Həcər, — dedi. — Bəlkə məsələni açıb Eldara deyək.
Həcər birdən–birə elə bil dəyişib başqa adam oldu, sapsarı
saraldı, sanki balacalaşdı, büzüşdü və qəflətən qocaldı. Boğuq
səslə:
–Nə danışırsan, ay kişi? —dedi. — Ağlın çaşıb. Sən atovun
goru heç o fikri başına gətirmə.
Gözləri dolmuşdu. Dəsmal çıxarıb gözlərini sildi, dəhlizə
keçdi və Feyzulla evdən gedənəçən bir kəlmə də danışmadı.
Düz altıda Feyzulla televiziya studiyasında idi. Yavaş–yavaş
artistlərin hamısı gəlib yığışdı. Rejissoru gözləyirdilər. İri
projektorların işığı və istisi studiyanın içini hamama
döndərmişdi. Mikrofonlar — budaqdan sallanmış armud kimi
artistlərin başları üzərindən asılmışdı.
Cürübbəz, balaca boylu, çevik Mamed ora–bura şütüyür, bu
qapıdan girib, o qapıdan çıxırdı, müxtəlif göstərişlər, sifarişlər
verirdi. Tez-tez "deməli belə, deməli belə" deyə təkrar edirdi.
"Deməli belə, sən burda durarsan, sən burdan girirsən. Aha,
deməli belə, üçüncü kamera, sən bu tərəfdən nayezd eləyirsən,
krupnı plan, sonra sən soldan götürürsən, ikinci kamera.
Deməli belə, mən, işarə verəndə bas düyməni. Burax musiqini.
Deməli belə, hamı burdadır, hamı öz yerindədir. Budey
Siyavuş müəllim də gəldi".
Feyzullanın ürəyi düşdü. Nə biləydi ki, televizorun bu
axşamkı verilişinə Siyavuş dəvət olunub. O, televiziyaya tez-
tez gələn deyildi. Rejisorun Siyavuş olduğunu bilsəydi, mütləq
boyun qaçırardı. Siyavuş da dərhal onu gördü.
–Kəbirlinski, — dedi: — balam, mən səndən qaçıram, sən
də hara getsəm çıxırsan qabağıma. Ay kişi, qoymazsan
gözümüzü açaq.
411
Hamı gülüşdü. Siyavuşun özünün də deyəsən kefi kök idi.
Mamedə müraciətlə yavaşdan:
–Bu zırramanı hardan tapıb gətirmisən? — dedi.
–Deməli belə, Sadıq bu gün zəng elədi ki, xəstəyəm, qaldım
əlim yandıda, rastıma Kəbirlinski çıxdı, çağırdım.
Siyavuş başını buladı.
Mamed:
—Əşi cəmi-cümlətanı ikicə kəlmə sözü var, — dedi.
—Poz onu da.
—Nəyi?
—Kəbirlinskinin sözünü. Nə sözdü ki?
—Heç nə, kağızları gətirir, deyir... qoy bu saat baxım nə
deyir — mətni vərəqlədi, — hə, deməli belə, "bu da sizin
kağızlar".
–Poz getsin. Gəlsin, dinməz–söyləməz kağızları versin, izalə
olub çıxıb getsin. Onun səsini eşidəndə təpəmdən tüstü qalxır.
Mamed güldü və cümləni pozdu. Sonra Kəbirlinskiyə
yanaşdı:
—Deməli belə, Feyzulla, — dedi, — sözlərini saldıq
ixtisara, elə belə dinməzcə girərsən bax bu tərəfdən, kağızları
verib çıxıb gedərsən, vəssəlam, bildin?
—Salam da verməyim?
—Yox, yox, sən atovun goru, xataya salma bizi, elə kağızı
qoy çıx, bildin?
—Bildim, bildim. Baş üstə.
Mamed:
—Deməli, belə. Hərə öz yerinə keçsin, —dedi, —beş
dəqiqədən sonra efirdəyik.
Hamı öz yerini tutdu, donub qaldı. Kameralar tüfənk lüləsi
kimi hədəflərə —aktyorlara tuşlandı. Siyavuş, Mamed, səs
rejissoru idarə pultunun arxasına keçdilər, daxili ekranlarda
müxtəlif kameralarla —müxtəlif görüm nöqtələrindən
göstərilən səhnə donub qalmışdı. Çay nəhrə tərəf axan kimi
maddiləşmiş, sərhədlənib qalıba, məcraya salınmış televiziya
412
vaxtı qaçılmaz bir labüdlüklə saat yeddiyə doğru axırda —düz
saat 7:00-də efirə çıxacaqdılar.
Yeddiyə 15 saniyə qalmış Siyavuş daxili mikrafonla:
—Diqqət! Efirdəyik, — dedi və düyməni basdı. Səs
rejissoru musiqini buraxdı, birinci kamera verilişin titrlərini
göstərdi. Veriliş başlandı.
Qırx dəqiqədən sonra Siyavuş papiros yandırıb ayağa durdu.
Veriliş sona yetmişdi. Aktyorlar studiyadan çıxdılar.
Kəbirlinski Mamedin qoluna girib bir qırağa çəkdi.
–Mamed, başıva dönüm,— dedi, — pul kağızında mənim
adım var da?
–Əlbəttə, Kəbirlinski, ayıb sözdur, havayı işləmirsən ki, hələ
kommunizma gəlməyib, hələ sosiyalizmadır —kommunizmaya
keçid mərhələsi.
–Yox, bilirsən niyə soruşuram? Deyir başına kələn,
başmaqçı olar. Bir dəfə də sözsüz çıxış eləmişdim, beləcə
sözsüz rol idi. Buxqalteriyada adımı pozmuşdular.
Mamed:
–Yox, arxayın ol, —dedi, —gözüm üstündə olacaq.
–Ömrün uzun olsun. Yoxsa bu buxqalter yaman köpəkoğlu
adamdır. Qoca kişidir, məndən beşbetər, gözü də görmür.
Deyirlər taxır eynəyini, dayanır ekranın qabağında, bir–bir
sayır, neçə nəfərdir, kim neçə söz deyib, sonra da dava–mərəkə
qaldırır ki, mən dövlətin pulunu havaya səpələyə bilmərəm.
–Lap Məşədi İbadın hambalına döndü. Qənaəti gərək elə
sənin bir manatında eləsin.
—Day demə.
—Yox, Kəbirlinski, xətircam ol.
—Çox sağ ol. — Kəbirlinski minnətdarlıqla Mamedə əl
verib görüşdü, hamıyla xudahafizləşdi, binadan çıxdı, uzaqdan
trolleybusun dayanacağa tərəf getdiyini görüb qaçdı, birtəhər
çatdı, özünü içəri saldı.
Azneftin yanında düşüb ayrı avtobusa mindi, saat 9-a on beş
dəqiqə işləmiş gəlib karamel fabrikinə çıxdı.
413
Üç il idi Feyzulla karamel fabrikində dram dərnəyinə
rəhbərlik edirdi. Dərnəyin hələlik altı üzvü var idi — dördü
kişi, ikisi qadın. Kişilərdən biri Salman — qoca qarovulçu idi,
tək yaşayırdı. Evinə getməyə darıxırdı, odur ki, gəlib dərnəyə
yazılmışdı. İkinci kişi — Muxtar dərnəyə arvadı Rozaya görə
yazılmışdı. Roza erməni idi, azərbaycanca pis bilmirdi, amma
ləhcəylə danışırdı. Dürüst danışmağa səy göstərirdi, rəfiqəsi
Bəhicə də ona bu işdə çox kömək edirdi. Dərnəyə də elə
Bəhicəyə görə yazılmışdı. Bəhicə orta yaşlarında dul qadın idi.
Kəbirlinskinin rəyincə əsil səhnə istedadına malik idi.
Üç ildi ki, Kəbirlinski dərnəkdə "Oqtay Eloğlu" tamaşasını
hazırlayırdı, Bəhicəyə Firəngiz, Rozaya Nadya rolunu
tapşırmışdı. Oqtay rolunu Kəbirlinski özü hazırlayırdı.
Başqa rolları Muxtara, Salman kişiyə tabelşik Bəşirə və
şofer Davuda vermişdi. Dərnəyin hələlik az üzvü olduğundan
Kəbirlinskidən başqa hamı iki-üç rolda oynayırdı.
Roza həm Nadya, həm də aktrisa Tamara rolunu, Bəhicə
həm Firəngiz, həm də Oqtayın bacısı Sevər rolunu ifa
edəcəkdi.
Dərnəyin məşğələləri həftədə bir dəfə fabrikin qırmızı
guşəsində keçirilirdi. Qırmızı guşə — divarlarına müxtəlif
şüarlar, lövhələr və şəkillər vurulmuş bir otaq idi. Divarda
qırmızı kətan üstündə "İncəsənət — xalqa məxsusdur" sözləri
yazılmışdı. Cürbəcür cızıqlar və dairələr çəkilmiş bir lövhədə
fabrikin illik planı və məhsulun hansı şəhərlərə göndərildiyi
göstərilmişdi. Zər çərçivəli ikinci lövhədə — qırmızı pluş
üzərində zərli hərflərlə —"İstehsalat qabaqcılları" — yazılmış
və iyirmi nəfərin, o cümlədən şofer Davudun fotoşəkilləri
yapışdırılmışdı. Sırayla düzülmüş bu şəkillərin üstündə
Kəbirlinski knopkayla Cəfər Cabbarlının və Stanislavskinin
şəkillərini vurmuşdu. Pəncərələrdə pərdə yerinə saralmış
qəzetlər görünürdü. Otağın divarları təzə ağardılmışdı və əhəng
iyi hələ də gəlirdi.
Kəbirlinski otağa girəndə dərnəyin üzvləri hamısı
414
yığışmışdı. Rozayla Bəhicə nə barədəsə pıçıldaşırdı. Davud və
Bəşir papiros çəkir, Muxtar isə Salmana bəzi sözlərin mənşəini
başa salırdı.
–Məsələn, kolbasa, — deyirdi, — qol basan. Əti
doldururdular bağırsağın içinə, qolnan basırdılar, qolbasan,
qolbasan, indi gəlib olub kolbasa.
Salman:
–Əşi, dünyada işlər varmış, — dedi.
–Bə nə? Bax, məsələn, sən nəçisən, hə, de görüm nəçisən?
Salman özünü itirən kimi oldu:
–Mən? Nə bilim... Oxrannik.
–Ay sağ ol. Oxrannik, qarovulçu. Ruslar da, deyir karavul.
Amma əsli bizim sözdür. Qara qul. Ya məsələn loşad nədi?
–Bilmirəm, —dedi.
Salman gözünü döydü.
—Loşad —alaşa at. Gördün?
Salman:
—Pay atonnan, —dedin, —əşi işlər varmış dünyada.
Kəbirlinski:
–Yaxşı, dostlar başlayaq işimizə — dedi. — Bağışlayın, bir
az geçikdim. Televizora çağırmışdılar.
Roza:
–V tot raz mən gördüm sizi televizorda, — dedi.
Kəbirlinski bir az tutulan kimi oldu.
—Əşi, — dedi, — lap başımı dəng eləyiblər, gündə
çağırırlar. Televizora, radioya, kinoya, çoxundan otkaz
eləyirəm. Deyirəm, yaxşı deyil, başqaları da var axı... Əl-qərəz,
— istədi bu gün Cavadla maşınla getdiyini də desin, bilirdi ki,
Bəhicənin Cavaddan xoşu gəlir. Kəbirlinski özü də bir balaca
Bəhicədən kəsirdi. Amma bilmədi necə desin, nə bəhanə tapıb
desin. Muxtar Salmana tərəf dönüb:
–Arvadlar xəz şuba geyir e, karakul, — dedi, —əsli nədi?
Qara gül!
Salman "nırç" eləyib fikirli–fikirli başını buladı.
415
Feyzulla:
–Hə, o səhnəni hazırlamısınızmı? —dedi, —tamam hazır
olanda Cavad Cabbarovu çağırıram gəlib baxsın, görsün Oqtayı
necə oynayarlar, bu gün bir xeyli məni maşında gəzdirib, deyir
Feyzulla müəllim, eşitmişəm bir əntiqə dərnək düzəltmisiniz,
daha bizdən niyə gizlədirsiz? Dedim tələsmə, hələ hazır
deyilik, səbr elə, hazır olanda çağıraram, gəlib baxarsan.
Bəhicə:
–Yox, mən utanaram, — dedi, — Cavad Cabbarovun
yanında oynaya bilmərəm.
Kəbirlinski:
–Niyə oynamırsan, lap yaxşı oynarsan, — dedi, — bəs
Firəngizi görmürsən, hələ o zamanda atıldı çıxdı səhnəyə,
qorxmadı, çəkinmədi.
Muxtar Salmana:
–Moskvada bir küçə var, —dedi, — Arbat. Bilirsən nə
sözündəndir: araba–at.
Kəbirlinski:
–Yaxşı, başlayaq məşqə, —dedi:
Firəngiz "Mənəm bu ananın doğma yavrusu" deyə səhnayə
atıldığı yeri məşq edirdilər.
Dolu əndamlı, yorğun baldırlı, cod dərili, başı vız, corabları
həmişə buruq-buruq Bəhicəni gənc və məlahətli Firəngiz
təsəvvür etmək bir qədər çətin idi, amma Kəbirlinski ifadan
razı qalmışdı.
–Sağ ol qızım, — deyirdi, — Yaxşıdır. —Sonra hamıya
müraciətlə əlavə etdi: sənət yanmaq deməkdir, yanmaq,
yaratmaq! Burada yaradıcılıq, istedad lazımdır. Bir də hərarət.
Bəli, hərarət! 36,6 hərarətlə sənət yaratmaq olmaz. Gərək
qaynayasan, yanasan ki, yaradasan. Gərək sənətkar canını
səhnəyə fəda etsin, yanıb kül olsun ki, tamaşaçı da onun
yaratdığı, obraza inansın. Heç bilirsiz Konstantin Sergeyeviç
Stanislavski nə deyib?
Qarovulçu Salman Muxtara baxdı.
416
Roza:
–Moya jizn v iskusstve — dedi.
–Ay sağ ol, — dedi. — yəni ki, Salman qağa, mənim
həyatım incəsənətdir. İncəsənət olmasa mənə yaşayıb eləmək
lazım deyil, başa düşdün, Salman qağa.
Salman tez-tez başını yellədi.
Kəbirlinski:
–Sənət, səhnə, aktyor ki var, böyük sözdür. — dedi. —
Sənət daimidir, həyat müvəqqəti. Bax, Bəhicə qızım, sən o
sözü deyəndə ki, "Mənəm bu ananın doğma yavrusu" gərək
salon zağ-zağ əssin. — Qəfilcən Kəbirlinski susdu, fikrə getdi.
— Siz o günləri görməmisiz, mən görmüşəm. Rəhmətlik Cəfər
hamısını olduğu kimi yazıb. İndi, maşallah bir rola on
artistkamız can atır, o vaxt arvad rolunu oynamağa artistka tapa
bilmirdik, özümüz məcbur olurduq oynamağa. Mən özüm o
qədər Firəngiz, Gültəkin, Xumar oynamışam ki...
Roza:
–Vı Firəngiz? — deyə pıqqıldayıb güldü.
Kəbirlinski də gülümsündü.
—Bəli, bəli, elə günlərimiz olub. Əmim oğlu qaçaq idi.
Xəbər göndərmişdi ki, gedin deyin o dəyyusa, bir də arvad
tumanı geyib mütriblik eləsə, qəmedyə çıxartsa, onu da
vuracağam, bütün artist tayfasını da. Gecəynən fayton tapıb
kənddən qaçdıq. Eh, günlər vardı.
Roza:
–Bəs qorxmurdunuz Feyzulla Xudaverdiyeviç? — dedi.
–Ay rəhmətliyin qızı, qorxuya–zada kim idi baxan. O vaxt
nə pul gözümüzdə idi, nə şöhrət, nə zvanya-filan. Kənd–kənd
gəzib teatr çıxardardıq. "Şamdan bəy", "Zorən təbib",
"Yağışdan çıxdıq, yağmura düşdük", "Bizim kirayənişin özünü
öldürdü". Camaatımızı ayıltmaq, gözünü açmaq istəyirdik. —
O, köksünü ötürdü. — Eh, deyir ötən günə gün çatmaz...
Xorultu eşidildi. Qarovulçu Salman oturduğu yerdə
mürgüləyirdi. Muxtar dümsükləyib onu oyatdı.
417
Feyzulla boğazını arıtladı.
–Yaxşı, məşqimizi davam etdiririk, dedi, ayağa durdu,
gərginləşdi, üzünün damarları çıxdı, rəngi pörtdü, gözü-başı
qaynadı, üzünü Bəhicəyə tutub:
—O... Firəngiz, sənsan! Yuxumu görürəm. Of, ilan... Əqrəb.
O... Fəqət... Bunu mənim yanıma kim gətirdi? — deyə bağırdı.
Bəhicə özünü itirdi, diksindi, əti biz-biz oldu, elə bil qorxub
büzüşdü. Sonra nədənsə ağladı.
Feyzulla evlərinə gecə on ikidə gəlib çıxdı. Həyət qaranlığa
qərq olmuşdu. Göz gözü görmürdü. Hamı yatmışdı. Feyzulla
dəmir pilləkənləri asta-asta çıxdı, açarını çıxarıb qapını açdı,
otağa girdi.
Həcər yatmamışdı.
–Nə yavaş-yavaş gəlirsən, deyərsən quş lələyi üstündə
yeriyir.
Feyzulla təəccüblə:
–Nə olub ki? — dedi.
–Zəhirmar olub, çor olub. Bilmirəm, yoxsa niyə belə yeriyirsən,
dəmir pilləkənə ayağını basmağa qorxur ki, səs çıxar.
–Hə də, axı qonşular yatıb.
–Qonşuların dərdin çəkirsən! İnanan daşa dönsün. Sən
qorxursan ki, səs olar, aşnan oyanar. Yaqut xanımın şirin
yuxusuna haram qatılar.
Yaqut onların qonşusu idi, üçüncü mərtəbədə yaşayan cavan
gözəl gəlin idi. Təzə köçmüşdü bu evə, Kəbirlinski onu cəmisi
iki-üç dəfə pilləkəndə görmüşdü. Bir dəfə həyətdən vedrəylə su
daşıyırdı, Feyzullayla pilləkəndə rastlaşdı. Feyzulla vedrəsini
götürüb yuxarı qaldırdı. Həcər də bunu görmüş və indiyə qədər
bağışlaya bilməmişdi. İndi də kişini alıb yatırdı:
–Arvadının, uşağının qaydına qalmır, o lotunun yuxusunun
dərdini çəkir...
–Ay arvad, mən həmişə gec gələndə belə çıxıram ki, heç
kəsi dəng eləməyim.
–Gec gələndə! Gec niyə gəlirsən ki, hansı xarabadaydın
418
yenə...
–İşdəydim də, kefdə, damaqda deyildim ki...
Həcər yenə nə isə deyir, deyinir, deyinirdi. Feyzulla yerinə
girib yorğanını başına çəkdi, dərhal yuxuladı və nədənsə
yuxuda Konstantin Sergeyeviç Stanislavskini gördü.
Səhər tezdən Feyzulla teatra yollandı — tamaşaya ictimai
baxış təyin olunmuşdu. Eldar da işə getdi, Həcər evdə qaldı.
Bir azdan Anaxanım gəldi.
—Bacı, sabahın xeyir, deyəsən paltar yuyursan. Mən də
yuyacaqdım, suyumuz kəsildi zəhrimar. Nə var, nə yox?
–Sağlığın.
Anaxanım keçib stulda oturdu, əliylə üzünü yellədi.
–Puf istidi... Dünən gördüm ərivi televizorda, amma
qaragün yenə-ağzını açıb bir kəlmə dinib danışmadı. Belə lal
dinməz oyunu niyə oynayır, ay Həcər bacı!
–Nə bilim, ay Anaxanım. Amma onların sənəti belədir ki,
şərt danışmaq deyil. Elə fərasət ondadır ki, danışmaya-
danışmaya göznən, qaşnan, himnən–cimnən rol yaradasan.
Belə rolları da uşaq–muşaq oynaya bilməz də. Gərək təcrübən,
səriştən olsun. Belə rol olanda harda olsa bizim kişini tapıb
çağırırlar. Nədi bələddirlər səriştəsinə, bilirlər ki, təcrübəsi
çoxdur...
–Hə, belə de, yoxsa mən də deyirəm ki, bu qaragün niyə elə
həmişə susub durur. Bir kəlmə söz demir.
Həcər yuduğu ağı çıxarıb burdu, bərk–bərk sıxdı.
–Ay Anaxanım, sənə də zəhmət verirəm, —dedi, — tut
bunun o başından dart.
Arvadlar hərəsi ağın bir tərəfini tutub özlərinə tərəf
çəkirdilər.
Həcər:
–Elə hey televizora çağırırlar. Kinoya çağırırlar, — dedi, —
çoxuna özü getmir. Abrın, həyasın saxlayır, Yoxsa o, da
başqaları kimi sırtıqsifət olsaydı, çoxdan ad da almışdı, ev də.
–Hə, mən də deyirəm də. Bayaq qızım gəlib ki, bu günlərdə
419
Feyzulla dayıgilin teatrında təzə teatr çıxardacaqlar. Deyirlər
bir qiyamət şeydir, biletçün baş yarırlar. Deginən deyir
Feyzulla dayı bizə də bilet gətirsin. Elə mən də sən deyəni
dedim. Dedim Feyzulla dayı çox utancaq kişidir. Ağız açıb
bilet-zad tapan deyil, tapan elə Həcər xalaya tapar da... qaragün
evdən bayıra çıxmır.
Həcər qıpqırmızı qızardı. Anaxanım görməsin deyə, aşağı
əyildi, guya yerdən nəsə götürəcəkdi. Sonra başını qaldırıb:
–Mənim özümün teatrla o qədər aram yoxdur, — dedi, —
çavanlıqda o qədər baxmışam ki, ömürlük bəs eləyib. Yoxsa
getsəm, niyə tapmır. İstəsəm hər axşam gedərəm. O tası ver
bura, zəhmət olmasa. Ay sağ ol... İntəhası mənimki
televizordur, oturub rahat baxıram özümçün.
–Yox, demə, teatrın öz yeri var. Televizora sən baxırsan,
amma teatrda həm sən baxırsan, — o, Həcərə göz vurdu, güldü,
— həm də sənə baxırlar, ay Həcər bacı. Geyinib-kecinirsən,
sırğadan, üzükdən nəyin var taxırsan, çıxırsan beş adam içinə.
Ürəyivə ayrı şey gəlməsin ha, Həcər bacı, bilet-zad istəmirəm.
Lazım olsa deyərəm qardaşım oğluna, əlli yerdən tapar. Belə,
söz gəlişi dedim... Bazara gedirəm. Bir şey lazımdır, alım
səninçün. Yaxşı ləpə qoz var... Beş kilo aldım. Bayramqabağı
tapılmayacaq. Bir şey lazımdırsa, düzünü denən.
–Yox, yox, sağ ol. Səhər özüm getmişdim.
Tamaşanın müzakirəsi, qızğın keçirdi. Çıxış eləyənlərin
əksəriyyəti quruluşu bəyənir, yüksək qiymətləndirir, xırda-
mırda kəm-kəsirləri qeyd edirdilər.
Kəbirlinski də başqa aktyorlar kimi səhnə libasını, qrimini
soyunub, gəlib bir qıraqda oturmuşdu.
Axıra yaxın eynəkli cavan bir oğlan söz aldı. Feyzulla onu
tanımırdı, Əlikram pıçıldadı ki, teatr tənqidçisidir, Moskvada
qurtarıb təzəcə gəlib, özü də filankəsin oğludur.
Kəbirlinski:
–Maşallah, — dedi, — vallah belə cavanları görəndə adamın
420
ürəyi dağa dönur, görürsən necə bulbül kimi ötür. Millətimizin
ümidi bunlaradır.
Gənc tənqidçi:
–Mən bir məsələyə də toxunmaq istəyirəm, —dedi, —
kötüklər məsələsinə, — burada o, kiçik bir pauza verdi.
Salonda bir hərəkət, bir pıçıltı gəzdi: "Necə? Kimlər? Nə?
Nələr? Kötüklər".
Gənc tənqidçi güclə sezilə biləcək bir məmnunluqla bu
pıçıltının susmasını gözlədi, camaatı bir az da intizarda
saxlayıb:
–Bəli, bəli, kötüklər, — dedi. — O kötüklər ki, inkişaf
yolumuza yıxılıb bizi irəliləməyə qoymurlar. Bağışlayın, mən
bir az sərt, kəskin danışıram, amma axır əvvəl bu məsələyə son
qoymaq lazımdır. —O, qrafindən stəkana su töküb, bir stəkan
içdi və təmkinlə davam elədi, — ayrı-ayrı adamlara yazığımız
gəlir, amma sənətimizə yazığımız gəlmir, ayrı-ayrı şəxslərin
qeydinə qalırıq, amma səhnəmizin qeydinə qalmırıq, ayrı-ayrı
qocamanların — "qocaman" sözünü açıq iztehzayla dedi, —
bəli, ayrı-ayrı qocamanların hörmətini saxlayırıq, amma
işimizin, peşəmizin hörmətini saxlamırıq.
O, yenə pauza verdi, yenə camaatı intizarda qoydu, görəsən
kimi deyir, çoxunun ürəyi gup elədi, görəsən ad çəkəcəkmi, ya
elə belə ümumi sözlər deyir. Əgər ümumi mücərrəd
danışırdısa, hamı bu doğru fikirlərlə razılaşacaq, hamı şərik
çıxacaq, hamı bərkdən əl çalacaqdı.
Gənc münəqqid:
–Bax, məsələn, götürək bu günkü tamaşanı, — dedi. —
Zövqlə işlənmiş müasir tamaşadır. Brext teatrının səmərəli
təsiri duyulur. Rejissor, rəssam işi təqdirəlayiqdir. Cavad
Cabbarov yadda qalan obraz yaradır. Amma bir aktyor
görürsən kobud, biçimsiz oyunuyla, bütün ansamblı pozur,
təəssüratı xarablayır. Mən e... — əlindəki kağıza baxdı, — e…
Kəbirlinskini nəzərdə tuturam. Gərək ki, Siyavuş müəllim, o,
tamaşada üçcə kəlmə söz deyir… E… bu qoca, bu gecə, bu,
421
ocaq?
Siyavuş yorğun gözlərini qaldırıb:
–Bəli, — dedi.
–Aha. Amma bu sözləri bir kökdə, bir tərzdə deyir ki, adam
təəccüb edir, bu adam səhnəyə hardan və necə gəlib. Və ikinci
sual: bu və bunun kimi adamlar səhnəmizdən necə və haçan
gedəcəklər. Haçan səhnəni tərk edib çoxdan layiq olduqları
qanuni istirahətə gedəcəklər.
"Qanuni istirahət" sözlərini deyəndə hamı gülüşdü.
Münəqqid də xəfifcə gülümsünüb davam etdi:
–Bu, xırda məsələ deyil. Mən bayaq Siyavuş yoldaşla bu
barədə danışdım. Deyir, yazıqdır, necə atım bayıra. Yoldaş
Siyavuş, bir nəfərə yazığınız gəlir, amma teatra, sənətə,
nəhayət tamaşaçıya yazığınız gəlmir. Bilirsinizmi bu nədir?
Xırda humanizm.
Siyavuş yerdən:
–İrisi hansıdır? — dedi.
Münəqqid:
–Bəli, bəli, — dedi, — xırda humanizm, mən deyərdim
burjua humanizmi.
–Sən direktor olanda çıxardarsan, — deyə Siyavuş yenidən
replika atdı.
Kimsə güldü.
Gənc münəqqid pərtləşdi, amma pərtliyini biruzə vermədi,
dərhal özünü ələ aldı:
–Yox, liberallıq lazım deyil, — dedi və yerinə keçdi.
İclasın sədri:
–Deməli, tamaşanı qəbul edirik, — dedi. — Göstərilən
nöqsanları da yoldaşlar işləyib düzəldərlər.
Salondakılar əl çaldılar və yerlərindən durdular. Bir-bir
yanaşıb Siyavuşu, Cavadı, rəssamı təbrik edirdilər.
Əlikram:
–Gördün də, — dedi — dəysin dədəsinə.
Kəbirlinski:
422
–O papurusundan görüm, —dedi.
–Sən ki, çəkən deyilsən.
–Hərdən-birdən çəkirəm.
Foyeyə çıxdılar.
Foyedə gənc münəqqid Siyavuşla və rəssamla dayanıb nə
barədəsə qızğın mübahisə edirdilər. Kəbirlinski bir qıraqda
sütuna söykənib dayanmışdı, onlara baxırdı. Sözlərini
eşitmirdi, amma görürdü ki, nə isə çox odlu-odlu danışırlar.
Kəbirlinski onlara baxır və qeyri-ixtiyari zövq alırdı — üçü də
cavan, gözəl-göyçək idi, səliqə və dəblə geyinmişdilər.
İstedadlı, ağıllı-kamallı idilər, bütün ömürləri, şöhrətləri də
hələ qabaqda idi. Birdən rəssam nə isə dedi, üçü də bərkdən
şaqqıldayıb güldülər, üçünün də eyni açıldı. Münəqqid ərkyana
əlini Siyavuşun çiyninə vurub onlardan aralandı, kiməsə ötəri
salam verdi, kiməsə əl elədi, kiməsə gülümsündü və qıvraq
addımlarla pilləkənləri düşməyə başladı.
Nədənsə Kəbirlinski də birdən onun ardınca getdi və aşağı
foyedə ona yanaşdı:
–Salaməleyküm, — dedi. — Bağışlayın, tanış deyilik,
amma çıxışınız mənim çox xoşuma gəldi. Təbrik edirəm.
Cavan münəqqid:
–Çox sağ olun, — dedi və çevrilib getmək istədi.
Kəbirlinski:
–Amma bircə məsələni sizə demək istəyirəm, — dedi.
–Nə məsələ?
–Dediz ki, Kəbirlinskini qovmaq lazımdır.
–Bəli. Düz demədim?
–Bəs necə olsun axı...
–Nə necə olsun. Sizin xoşunuz gəldi Kəbirlinskinin
oyunundan?
Feyzulla:
–Kəbirlinski mənəm, — dedi. Gənc münəqqid diksindi.
–Siz? Kəbirlinski... — deyə karıxdı, amma yenə özünü ələ
aldı quru bir tərzdə, — çox əcəb, — dedi, — qrimsiz sizi
423
tanımadım. Tanışlığımıza şadam. Amma fikrimdə qalıram.
Kəbirlinski:
–Mən qırx ildir aktyorluq edirəm, —dedi.
–Axı bu cavab deyil. Stajla talant ayrı–ayrı şeylərdir. Mən
açıq danışmağı sevirəm, mənim fikrimcə, siz aktyor deyilsiz.
Kəbirlinski nədənsə münəqqidin pencəyinin döş cibində ucu
görünən mil-mil göy dəsmala baxırdı.
–Oğlum, — dedi, — sən cavansan, talantlısan, ağıllı,
savadlısan. Bütün ömrün də qabaqdadır. Qabağında da
maşallah dağ kimi dədən var.
Münəqqid qızardı. Feyzulla sakit–sakit sözünə davam etdi:
–Amma mənim altmış yaşım var. Ailə saxlayıram, əlimdə
də ayrı heç bir sənətim yoxdur. Olsaydı gedib pinəçi, ya
qalayçı, ya dəllək olardım. Amma neyləyim, deyir, altmışında
öyrənən gorunda çalar. İndi pis-yaxşı mənimki də bu
artistlikdir. Çıxardıb atsalar acından ölərəm.
Hiss olunurdu ki, gənc münəqqid bu söhbətə darılır.
–Yox, mən elə demədim ki, bəlkə siz başqa rolların
öhdəsindən gələ bilərsiz, —deyə vəziyyətdən çıxmağa çalışdı.
—Amma bu rolunuz, mənim fikrimcə, müvəffəqiyyətsizdir.
Mən də öz şəxsi fikrimi dedim.
Kəbirlinski:
–Çox sağ ol, bala, — dedi, —allah səni xoşbəxt eləsin...
sözü mərd–mərdanə deməyindən xoşum gəldi. Amma mənim
də, vallah bir təqsirim yoxdur. Srağa gün...
Gənc münəqqid:
–Bağışlayın, — dedi, — yoldaşlarım küçədə gözləyir məni...
Sağ olun.
Kəbirlinski foyedəki güzgüyə tərəf getdi, uzun–uzadı baxdı.
Eldar radionun pilləkənləriylə qalxanda Aydınla rastlaşdı.
Aydın:
–Xəbərin var? — dedi. — Rəna ərə gedir.
Eldar udqundu:
424
–Yalan sözdür, — dedi.
–Nə bilim, dedilər mənə. Deyirlər bu gün elçi gələcək
evlərinə.
Eldar dinmədi, Aydından aralanıb pilləkənlərlə ikinci
mərtəbəyə qalxdı. Boş otaqların birinə girdi, daldan qapının
cəftəsini vurdu.
Əvvəl papiros çıxartdı, titrəyən barmaqlarıyla kibrit çəkdi,
yandırdı, kəsik-kəsik sümürdü, sonra dəstəyi götürüb zəng
vurdu. Nömrə məşğul idi, asıb dərhal yenidən zəng elədi. Yenə
asdı, yenə nömrəni yığdı. Dördüncü ya beşinci dəfə cavab aldı.
–Allo.
–Salam, — dedi, — mənəm.
–Tanıdım.
–Rəna, bir söz eşitmişəm.
Rəna sakit və bir qədər bezgin səslə:
–Düzdür eşitdiyin, — dedi. — Bu axşam elçi gəlir mənə.
Eldar yanındakı pəncərənin sınığını, laxlamış cəftəsini,
pəncərə arxasındakı mənzərəni, şəhəri, evləri, tüstüləri, dənizi,
gəmiləri sanki birinci dəfə görürdü. Həyətdə sürücü maşını heç
cürə işə sala bilmirdi. Motor dişovan maşın kimi uğuldayır,
sonra susurdu. Telefon sükuta qərq olmuşdu. Eldar əlindəki
qələmlə stolun üstündəki kağıza "Eldar. Eldar Ələsgərov.
Ələsgərov Eldar. Eldar. Eldar" sözlərini yazırdı.
Rəna:
–Eldar, məndən niyə inciyirsən, — dedi, —söhbətimiz
yadında, özün demədin ki, hələ 5-6 il evlənmək fikrim yoxdur.
Cürbəcür planların var, Moskvaya getmək, oxumaq, kino
çəkmək. Kim bilir ondan sonra nə fikrə düşəcəksən. Bu qədər
vaxta yəqin məni də unudacaqdın. Altı ilə kim bilir nə, olacaq.
İndi məni yaxşı yerdən istəyirlər. Oğlanı da tanıyıram. İnsan
adamdır. Anam da deyir axmaq olma. Dünən mən...
Eldar ardına qulaq asmadı. Dəstəyi qoyub otaqdan çıxdı.
Siyavuşla Cavad radioya çağrılmışdılar. Təzə tamaşaya həsr
425
olunmuş müsahibəyə. Onların çıxışlarını Eldar lentə yazacaqdı.
O, studiyanın qabağındakı otaqda — səsyazan cihazlar olan
otaqdaydı. Cavadla Siyavuş studiyanın içindəydilər. Bu otaq
studiyadan qalın divarla və səs keçirməz iki qat şüşəylə
ayrılmışdı. Şüşə divardan studiyanın içi aydın görünürdü,
amma orda top atılsaydı, burda eşidilmirdi. Siyavuşla Cavad
studiyada oturub yavaşdan söhbət edirdilər. Onlar radioya
çoxdan gəlib gedirdilər, amma studiyanın kiçik bir fəndini
unutmuşdular. Ya da heç buna fikir vermirdilər: mikrofonun
açarı açıq olanda studiyada pıçıltıyla deyilən söz belə
qabaqdakı otaqda iri dinamikdən gur səslə yayılır. Studiyadakı
adama elə gəlir ki, o, xısın-xısın, yavaş-yavaş danışır. Daha
bilmir ki, o biri otaqda səsi gur–gur gurlayır.
Siyavuşla Cavad teatrdan, tamaşadan, biri günkü
premyeradan danışırdılar. Eldar onların söhbətinə fikir vermir,
lentləri, cihazları rahlayırdı. Birdən o, studiyadan eşidilən
söhbətə diqqət eləməyə başladı, ondan danışırdılar.
Siyavuş:
–Yox əşi, — dedi, — doğrudan deyirsən Kəbirlinskinin
oğludur?
Cavad:
–Bəs bilmirdin — dedi
–Yox, hardan bilirdim. Bu ki, mənim tələbəmdir.
–Hə. Sən də o gün bunun yanında başlamısan Kəbirlinskini
söyməyə. Kişi əməlli-başlı səndən inciyib.
Gülüşdülər.
Siyavuş:
–Kəbirlinski ayrı aləmdir, — dedi.
–O gün tutub məni ki, Siyavuşa de məni acılamasın. Yaxşı
yadıma düşdü, deyirəm, axı sənə nə isə deməliyəm, yadımdan
çıxır. Kəbirlinskinin könlünə zvaniya düşüb. O gün məni tutub
ki, bəs altmış yaşım tamam olub, Siyavuşa de, mənə ad
verdirsin.
–Deyəydin keçəl dərman bilsə öz başına elər də.
426
Hər ikisi güldü.
–Mən də deyirəm də. Deyirəm, a kişi, bu cür əjdahalar qalıb
burda, sən də ad davası eləyirsən. Amma, zarafat bir yana bir
Siyavuş, yazıqdı, qoca kişidir. Bəlkə belə xudmani yığışıb öz
aramızda ona yubiley-filan bir şey eləyəydik. Bir blaqodarnost,
bir də pul yığıb vazdan-zaddan bir şey alardıq, vəssalam.
Siyavuş:
—Nə olar ki, mümkündür, — dedi. — Amma, bilirsən, iştah
diş altındadır, Blaqodarnost verəcəksən, gələcək ki, maaşımı
artır, maaşını artıracaqsan, gələçək ki, mənə baş rol ver.
Cavad:
–Yox, bu elə kişi deyil, allahın fağırıdır, öz yerini də
biləndir, — dedi, — amma bunun könlündən bilirsən nə keçir.
İstəyir teatrda bir balaca yubiley düzəldək ona. Çağırsın
qohum-qardaşın, ləzzət çəksin.
—Pis olmaz. Feyzulla Kəbirlinskinin yubiley gecəsi.
Hamlet. Otello. Od gəlini.
Fortinbrasın 3-cü əsgəri — Kəbirlinski.
Otellonun dördüncü gözətçisi — Kəbirlinski.
Beşinci ərəb — Kəbirlinski.
İkinci skelet — Kəbirlinski.
–Sən zarafat edirsən, amma, vallah, belə afişa versən,
camaat tökülüb gələr. Kəbirlinskini kim tanıyır, amma zalım
balasının adı gur-gur guruldayır: Feyzulla Kəbirlinski!
Deyəcəklər görəsən bu haranın böyük artistidir.
Siyavuş:
–Bəli, —dedi. —Kəbirlinski, Ərəblinski. —Sonra üzünü
şüşəyə tutub, — yaxşı, bu Kəbirlinskinin oğlu bizi niyə bu
qədər yubadır, — deyə əlavə etdi, — yazsın çıxıb gedək
işimizə də.
Eldar divara söykənmişdi. Rəngi sapsarı, dodaqları göm–
göy idi. Şüşə arxasından Cavadın ona əl elədiyini görüb tələsik
çevrildi, cəld otaqdan dəhlizə çıxdı. Qapıda Məcidlə toqquşdu.
Məcid onu görüb irişdi, üst dodağını çirmədi, qızıl dişləri
427
göründü. Çənəsindəki iri xalın üstündən qızılı tüklər uzanırdı.
Məcid:
–Privet Kəbirlinski, — deməyiylə Eldarın ona şillə çəkməsi
bir anda oldu. Aydın dəhlizin o başından özünü atıb Eldarı
qucaqladı, kənara dartdı...
Axşam Eldarla Aydın "Drujba"da kiçik stolun arxasında
oturmuşdular.
Masanın üstündə balıq kababı, göyərti, araq şüşəsi və qrafin
vardı. Şüşədəki arağı içib qurtarmışdıdar. Əlavə sifariş
verdikləri üç yüz qram hələlik qrafinin içində idi. Musiqiçilər
ritmik rəqs havası çalırdılar, oynayanlar da vardı. Xüsusilə bir
oğlanla bir qız heç aradan çıxmaq bilmirdilər. Onlar müasir
dəbdə bir-birindən aralı rəqs edir, hərə müstəqil surətdə öz rəqs
hərəkətlərini icra edirdi: yalnız baxışlarıyla bir-birinə
bağlanırdılar.
Eldar içib nəşələnmişdi, kefi bir az durulmuşdu. Elə bil o
həmişəki qaraqabaq, qaşqabaqlı oğlan deyildi. Elə hey danışır,
danışırdı.
—Aydın, — deyirdi, — sən elə bilirsən mən o Məcid
qurumsağı xub əzişdirə bilmərəm. Vallah qol-qabırğasını
sındırıb şil-küt elərəm onu. Amma eləmirəm, niyə, çünki o saat
gedəcək şikayətə, məni qovacaqlar işdən. Mən bu işdən gedə
bilmərəm, Aydın. Gərək iki il də işləyəm. İki ildən sonra...
Aydın:
—İki ildən sonra nə olacaq ki? — deyə soruşdu.
Eldar başını süfrədən qaldırıb dalğın-dalğın uzaqlara baxdı,
üzünə xəyalpərvər bir ifadə çökdü, siqareti sümürüb tüstüsünü
həlqə-həlqə havaya buraxdı.
–O, o... iki ildən sonra burdan diplomu alıb gedirəm
Moskvaya, vısşi rejissorski kurslara.
–Necə düşəcəksən ora?
–Niyə düşmürəm. Cibimdə diplom desən diplom, pul desən
pul.
–Orda pul keçmir. O bizdədi pulnan ali məktəbə girmək.
428
–Asta ye, boğazında qalar, soruşub öyrənmişəm, lap yaxşı
keçir. İntəhası bizdə nəqd puldur, orda podarka-filan, gərək
lazım olan adamları qonaq eləyəsən. Orda komissiyada cavan
qızlar-arvadlar çoxdu, bir-ikisinin başını tovlayacam, işim
gedəcək yağ kimi.
–Ay zalım, deynən bazlığa gedirəm də.
Eldar:
–Yox, — deyə bərkdən qışqırdı. Elə bərkdən qışqırdı ki,
ətraf stollar arxasında oturmuş adamlar çönüb onlara baxdılar.
Eldar sərxoş bir inadla dönə-dönə bərkdən təkrar etdi, — yox,
çanımçün yox, Aydıncanı yox, anamın ölmüşünə yox. Ancaq
kurslara düşənəcən. Düşdüm, qurtardı, daha nə qız, nə içki, nə
gəzmək, nə filan. Gecə-gündüz oxuyacam, Aydın, yuxu
yatmayacam, çörəksiz, susuz qalacam, amma oxuyub hər şeyi
öyrənəcəm. Ondan sonra gələcəm bura — o, qrafindən qədəhə
araq tökdü, iri bir qurtum aldı, — pıf zəhirmar, — deyə üz-
gözünü turşutdu, çörəkdən bir tikə götürdü, — gələcəm bura...
hə, onda baxarıq. Tamaşa onda olacaq. — Aydının düz
gözlərini içinə baxdı. — Siyavuşu neyləyəcəm, Aydın, əgər
bilsən?
Aydın:
–Mən nə bilim, — dedi.
—Siyavuşu götürəcəm özümə müavin.
–Yəni ministr–zad olacaqsan?
–Hələ bilmirəm. Amma hər halda bir böyük vəzifə tutacam.
Siyavuşu da götürəcəm özümə müavin.
–Birdən istəmədi sənə müavin olmaq?
Eldar bir an susdu. Görünür, xəyallarında bu variantı
düşünməmişdi. Nəhayət:
–Niyə istəmir? — dedi, — nə qədər istəsə maaş təyin
eləyərəm. Lap öz maaşımdan da artıq. Amma gərək mənim
müavinim olsun, mütləq. Zəngi basıb çağıracam yanıma. Girib
içəri güləcək. Amma mən gülməyəcəm. "Gülməli nə var,
yoldaş Siyavuş, — deyəcəm. Bəlkə deyəsiz biz də gülək. Yox,
429
deyəcək, Eldar, elə-belə. Eldar yox, yoldaş Ələsgərov —
deyəcəm. Evinə qonaq gələndə Eldar deyərsiz, bura idarədir,
burda mən yoldaş Ələsgərovam. Özü də zəhmət çəkin, işə
vaxtında gəlin. Bu gün on beş dəqiqə gecikmisiniz".
Aydın:
—Fantansan, —dedi, — Siyavuşun bağrı çatdar.
Eldar məmnun halda gülümsündü.
—Bəs nə bilmisən, — dedi. — Cavadı bilirsən neyləyəcəm?
–Onu da müavin eləyəcəksən?
–Yoox. Onu qoyacağam qalsın səhnədə, oynasın. Amma hər
müzakirədə durub deyəcəm ki, Cavad yoldaş yenə primitiv
obraz yaradır, yenə rolunun öhdəsindən gələ bilmir, Məcid...
–Hə, hə, Eldar, mən ölüm, — deyə Aydın ləzzətlə əlini əlinə
sürtdü, — Məcidi neyləyəçəksən?
–Məcidi redaktorluqdan çıxardıb eləyəcəm artist, özü də
ancaq bircə rolda çıxış eləsin —çaqqal rolunda.
Yenidən rəqs musiqisi başlandı. Yenə bayaqkı oğlanla qız
ortaya çıxdılar. Amma indi aram rəqs çalınırdı, onlar
qucaqlaşıb oynayırdılar. Qız oğlanın köksünə qısılmışdı, başını
onun çiyninə qoymuşdu. Oğlan qızın saçlarını oxşayırdı. Aydın
acıq həsəd hissiylə onlara baxırdı.
Eldar:
–Gəl içək, sənin sağlığına, — dedi.
İçdilər.
Eldar:
–Gör hələ səninçin nələr eləyəcəm, — dedi.
Aydın:
–Yaxşı, bəs özün nə olacaqsan axı? — dedi.
–Özüm sənətkar olacam, Aydın, böyük sənətkar, o vazifə-
zad müvəqqəti şeylərdi, əsas isə mən fikrimi verəcəm
rejissorluğa və aktyorluğa. Həm rejissor, həm aktyor. Öz
teatrım olacaq e, məsələn, necə demirlər Tovstonoqov teatrı, ya
nə bilim Oxlopkovun teatrı, bax mənim də elə teatrım olacaq.
Aydın:
430
–Maşın da ki, sama saboy, —dedi.
–Əlbəttə, maşınım da olacaq. Özüm də sürəcəm, şoferim də
olacaq. Hər dəfə premyera günü maşını göndərəcəm Rənagilə,
on dənə də bilet özünə, ərinə, anası, atası, podruqaları, kimi
istəsə gətirsin.
Aydın:
–İçək sənin sağlığına, —dedi.
–İçək. Mən bilirəm Aydın, sən elə bilirsən mən piyanam,
amma özüm ölüm, zərrə qədər piyan deyiləm, bax, nə qədər
içirəm tutmur məni, bilirəm, sən ürəyində inanmırsan mənə,
bəlkə gülürsən, amma özüm ölüm, hamısı olacaq bunların, ad
da, maşın da, kalan pul da.
–Bilirsən, Eldar, inanıram, hamısı olacaq. Amma çox gec
olacaq e... Yaşımız ötəcək. Kaş onlar hamısı bax indi, bu saat
olaydı, bu yaşımızda.
Musiqiçilər yavaş-yavaş alətlərini yığışdırırdılar. Adam
seyrəlmişdi. İşıqların bir qismi keçirilmişdi. Dəniz tərəfdən
əsən külək pərdələri yellədirdi.
Həcər:
–Lül–piyan gəlib, — dedi.
–Harda içib, kimnən?
–Mən nə bilim, — sükutdan sonra əlavə etdi, — yazıq
dərdindən içir də. Cavandır, geyinib-gəzmək istəyir. Gördüyü
nədir, sənin sir-sifətin.
Feyzulla qaranlıqda Həcərin çarpayısına tərəf çevrildi.
–Bilirsən, Həcər, — dedi, — mən çox fikirləşirəm. Düz
deyirsən, o mənə görə xəcalətli niyə olsun. Niyə düzünü açıb
deməyək. Deməyək ki, bala, sən də balaca kişinin oğlu
deyilsən. Sənin atan da beş kişinin biri idi.
Qaranlıqda Həcərin üzünün ifadəsini görmədi. Ancaq onun
əllərini öz ağzında hiss elədi. Həcər ovcuyla bərk–bərk onun
ağzını yumub:
–Sus, sus, görüm, — deyə pıçıldadı.
431
Feyzulla özü də bilirdi ki, heç bir vaxt ürək eləyib həqiqəti
Eldara aça bilməyəcəkdir.
...İsgəndər Muradəliyev arvadı Qəməri və yeddi aylıq
oğlunu Şuşaya istirahətə aparırdı... Yola axşamüstü çıxmışdılar
ki, istiyə düşməsinlər. İyulun cırhacırı idi. Xırdalan tərəfdə
dəmir yoluyla şose yolu çarpazlaşan yerdən keçəndə qaranlıq
idi. Yaxınlaşan qatarı görməmişdilər. Gözətçinin
səhlənkarlığından şlaqbaum bağlanmamışdı. Dəmir yolunu
keçəndə sürücü sürəti dəyişdi, üçüncüdən ikinciyə qoşdu,
motor söndü, maşın qatarın qarşısında qaldı. Tale kimi
qaçılmaz və müdhiş bir labüdlüklə üstlərinə gələn qatarın yaxın
nəfəsini duyanda Qəmər qışqırdı, bayıldı. İsgəndər iradəsinin
son fəal çırpıntısıyla uşağı Qəmərin qucağından qapıb yolun
kənarına atdı. Uşaq salamat qaldı. Bircə sol qıçı şikəst
olmuşdu. Qalan hamısı həlak olmuşdu. Qəməri məscidə gətirib
yuyanda döşündən süd axırdı.
Həcərlə Feyzullanın övladı yox idi. Uşağı saxladılar,
böyütdülər, öz adlarına keçirtdilər, həqiqəti gizlətdilər.
Səhər Eldar masanın arxasında oturub qatıq içirdi. Ağrıdan
başı çatlayırdı. Feyzulla üzünü qırxırdı. Geyinib çıxanda
Həcər:
–Feyzulla, — dedi, — sabah premyeradı, bizə də bilet gətir.
İkisin, Eldarla mənə, ikisin də Anaxanımgil istəyiblər.
Eldar:
–Mən getməyəcəyəm, — dedi.
Feyzulla:
–Həcər, çətindir, —dedi. — Biletçün qırğındır.
Həcər:
–Daha bu lap ağ oldu, — dedi,— özün işlədiyin teatra da
bilet tapa bilmirsən. Allah bilmirəm niyə səni belə aciz–avara
yaradıb.
–Yaxşı, yenə başlama. Anaxanıma söz vermə, Eldar da
istəmir, sənə bir bilet düzəldərəm.
432
Pilləkənlərlə düşəndə arxadan Həcərin səsini eşitdi:
–Sən mənə bilet gətirmə, gör iki gözüvü bir deşikdən
çıxardaram, yoxsa yox.
Kassaçı:
—Yox, yox, yox, — dedi, — bir dənə də bilet qalmayıb.
—Axı mən bu teatrın işçisiyəm.
—Teatrın iki yüz yetmiş işçisi var.
Feyzulla administratorun yanına gəldi.
—Canımçün, Feyzulla, sabahla biri günə heç bir şey eləyə
bilmərəm, sonrakı günlərdən birinə gözüm üstə, neçə bilet
istəsən.
Feyzullanın hər yerdən əli üzülmüşdü. Siyavuşun yanına
getmək istəmirdi, ancaq ayrı əlacı qalmamışdı. Siyavuşun
otağına elə hey adamlar girib çıxırdı.
—Necə yəni gələ bilmir, — deyə Siyavuş kiməsə qışqırırdı,
—gələr, canı da çıxar, sabah tamaşadı, bu nə oyundur çıxarır.
Kimsə:
–Bu səhər qaynanası ölüb, — dedi.
–İstəyir lap bütün qohum-əqrəbası qırılsın, sabah burda
olmalıdır, bu basabasda kimnən əvəz eləyəcəm onu.
Telefon zəng çaldı, Siyavuş dəstəyi qaldırdı:
–Yox, — dedi. — Sabah axşam. Biri gün gündüz və axşam.
Bəli.
Dəstəyi asdı.
–Aslan, — deyə qapının yanında dayanmış oğlana müraciət
elədi, — proqramlarda Səlimovun yerinə Hacıyevi qeyd elə.
Sabir, sən də denən səhnədə stolun üstünə qara yox, ağ telefonu
qoysunlar. O dünənkini.
Yenə zəng olundu. Siyavuş:
–Bəli, — dedi. — Bəli, mənəm, buyurun, əleykisalam.
Bağışlayın, indi imkanımız yoxdur. Bazar ertəsi zəng elərsiz.
Dəstəyi qoyan kimi yenidən zəng çalındı. — Bəli, bəli. Yox,
yox, heç bir şey eləyə bilmərəm. Bir bilet də qalmayıb.
433
Bilirəm, çox yaxşı, qəzetinizə böyük hörmətim var, amma
sabaha heç bir şey mümkün deyil, biri günə tapşıraram.
Dəstəyi qoydu.
–Aslan, Şərifə xanıma de gəlsin mənim yanıma, — birdən
küncdə dayanmış Feyzullanı gördü. — Kəbirlinski, sən nə
deyirsən?
Feyzulla:
–Siyavuş müəllim, — dedi, — sizə bir işim düşüb, heç
üzüm də gəlmir.
–Kəbirlinski, uzatma. De görüm nə deyirsən.
–Deyirdim bu gün mənə bir bilet bəlkə...
Siyavuş qəti səslə:
–Yox, — dedi.
–Hə?
–Dedim ki, yox. Mən bilet paylamıram. Bu iş üçün nahaq
gəlmisən mənim yanıma, —zəng çalındı, — bəli, mənəm.
Gəlirəm, siz başlayın, bu saat gəlirəm, — dedi. — Onsuz da
başım qazana dönub, Kəbirlinski, — tələsik otaqdan çıxdı.
Feyzulla yavaş–yavaş aşağı düşdü, teatrdan çıxıb radioya
gəldi. Fikir onu almışdı. Arvada nə cavab verəcək, evə nə üzlə
gedəcək.
–Nə olub, Kəbirlinski, qaşqabağın yer süpürür. — Məcidi
səsindən tanıdı.
–Heç, ay Məcid, — dedi, — fikirləşirəm.
–Xeyir ola, nə fikirləşirsən belə.
–Fikirləşirəm ki, mənim kimi bir insanın yer üzündə
yaşamağının nə mənası var.
–Bıy, sağ ol...
–Altmış il ömür sürmüşəm, nə bir qəpiklik iş görmüşəm, nə
bir xətir–hörmətim var. Sabah yıxılıb öləm, kimin vecinə
olacaq. Bir aydan sonra adım da yadından çıxacaq hamının.
–Nə olub, özünütənqidə keçmisən?
–Yox, bilirsən, adam papağını qoyur qabağına, fikirləşir,
bütün ömrüm lent kimi keçir gözümün qabağından, görürəm ki,
434
elə əvvəlcədən düz yolumla getməmişəm. Bütün ömrüm hədərə
çıxıb gedib, indi də daha gecdir.
–Nə olub, Kəbirlinski, bu gün yenə fəlsəfə qırıldadırsan?
Bəlkə bir şey–zad deyən olub sənə, ürəyivə-zada toxunublar,
vallah hamısını qataram bir-birinə, səni çöldən tapmamışam
ki...
–Ey ay Məcid, qırx ildir teatrda işləyirəm, qarderobşik qədər
hörmətim yoxdur. Adam yerinə saymırlar məni, it dəftərində
adım yoxdur. Bir bilet nədir ki, onu da mənə çox gördülər.
Onlar dəhlizlə gedirdilər, Eldar qabaqlarına çıxdı,
Feyzullanın Məcidlə danışdığını görüb üzünü yana çevirdi. Bu
hərəkəti Məcidin nəzərindən qaçmadı. Məcidin gözlərində
cinlər oynadı, bic-bic gülümsündü.
–Kefini pozma, Kəbirlinski, — dedi, ondan aralanıb
uzaqlaşdı.
Feyzulla rolunu yazdırdı, bufetdə bulkayla kefir içdi,
binadan çıxırdı ki, daldan səs eşitdi, dönüb baxdı.
Məcid ikinci mərtəbənin pəncərəsindən boylanıb onu
haraylayırdı.
—Kəbirlinski, bir bura zəhmət çək.
Feyzulla geri döndü. Məcid pillələrdə onun qabağına çıxdı.
–Bayaqkı sözlərin yaman mənə yer elədi, Kəbirlinski, —
dedi, — gedib mestkomla danışdım. Sənə ikiadamlıq
dəvətnamə aldım. Amma sizin teatra yox, Akademiyaya. Özü
də sabaha yox, bu günə. Sabah, bilirəm tamaşadı, məşğulsan.
Bu gün vur arvadı da qoltuğuna gəl Akademiyaya — yaxşı
yığıncaq var orda. Bax, görürsən, burda da yazılıb Dantenin
yubileyidir. Dante məşhur italyan şairidir, 700 il bundan qabaq
yaşayıb. Bax, adıvı da yazdırmışam.
Feyzulla dəvətnaməni alıb baxdı. Doğrudan da dəvətnamədə
"ikiadamlıq" sözləri və onun adı, familiyası yazılmışdı:
"Hörmətli yoldaş Feyzulla Kəbirlinski! Sizi böyük italyan
şairi Dante Aligyerinin anadan olmasının 700 illiyinə həsr
olunmuş təntənəli yığıncağa dəvət edirik.
435
I — hissə Dantenin həyat və yaradıcılığı haqqında məruzə.
II — hissə Böyük konsert".
Gecənin tarixi də əllə yazılmışdı — mayın 11-i, yəni bu gün.
Məcid:
–Səliqəli geyin ha, Feyzulla, — dedi, — üst-başıva fikir ver,
hökumət-zad olacaq.
Feyzulla dili-dodağı əsə-əsə:
–Çox sağ ol, bala, — dedi, — çox sağ ol, — ayrı söz deyə
bilmədi. Qəhərlənmişdi.
Evinin pilləkənlərini quş kimi çıxdı. Amma içəri girəndə
özünü tox tutdu, təmkinlə danışdı:
–Arvad, hazırlaş, — dedi. — Bu axşam Dantenin yubileyinə
gedirik.
–Hara?
–Dantenin yubileyinə. Heç bilirsən Dante kimdir? Böyük
İtaliya şairidir. Özü də yeddi yüz il bundan əvvəl yaşayıb.
Həcər:
–Bıy, mənim orda nə işim var? — dedi.
–Bəs demirdin məni teatra, konsertə apar. Teatr, konsert
bunun yanında nədir ki? Yubiley bilirsən nə olan şeydir?
Təntənə, bayram. Doklad da olacaq, konsert də. Hələm–mələm
adama bilet vermirlər.
–Bəs sənə nə əcəb veriblər, gün hayandan çıxıb.
–Bizə də bir gün düşər də. Altmış ildir külüng çalıram, saç-
saqqal ağartmışam. Özü də adımı da yazıblar e... Məxsusidir.
Di yaxşı, hazırlaş, mənim də qara kostyumumu ütlə.
Feyzulla arvadıyla nə isə təzə bir tonda, yeni bir intonasiya
ilə, göstəriş, əmr ədasında danışırdı və qəribədir ki, arvad da bu
tonu etirazsız qəbul edir, ərinin dediklərinə əməl edirdi. Qara
kostyumu sandıqdan çıxartdı, çırpdı, üstünə su səpdi, səliqəylə
ütülədi, şalvarın bükümü taxta kimi dümdüz oldu. Yaş əskiylə
Feyzullanın qara çəkmələrini də sildi, parlatdı.
Yeddiyə hazır oldular. Həcər arada vaxt tapıb bir
Anaxanımgilə də baş çəkdi, təzə xəbərdən agah elədi onu, dedi
436
ki, İtaliyadan şair gəlib, biz də onun gecəsinə gedirik, Bakıda
say-seçmə adamları çağırıblar. Feyzullaya məxsusi dəvətnamə
göndəriblər.
Bu bahar axşamı Bakının küçələri adamla dolu idi. Cavan
oğlanlar, qızlar qol-qola gəzirdilər. Feyzulla da Həcərin qoluna
girmişdi. Həcər qara gülməxmər paltarını geymiş, çiyninə ağ
ipək örpəyini salmışdı. Ayağında dikdaban qara lak çəkmə
vardı.
Neçə illərdən bəri ilk dəfə idi ki, belə qol-qola küçəyə
çıxmışdılar, neçə illərdən bəri ilk dəfə idi ki, deyişmir,
dalaşmırdılar, Həcər də deyinmirdi, gülümsünürdü.
Feyzulla:
–Belə görünür, bizim teatrdan bircə mənə veriblər, —
deyirdi. — Uşaqlardan heç biri bir şey demədi. Alsaydılar, o
saat deyərdilər.
Səkkizə beş dəqiqə qalmış Akademiyanın qabağına çatdılar.
Qapını itələyib içəri girdilər. Qəribədir ki, qaranlıq idi, adam da
gözə dəymirdi. Geniş mərmər pilləkənlərə tərəf addımladılar,
birdən səs eşidib dayandılar. Kimsə boğuq bir səslə oxuyurdu,
səsi binanı başına almışdı:
–Ermani, ay ermani,
Paytona mindir mani.
Feyzulla baxıb oxuyanı gördü. Qarovulçuydu. Qarovulçu da
onları gördü. Oxumağına ara verib onlara yanaşdı:
–Kimi istəyirsiz, ara? — dedi.
Feyzulla bayaqdan bəri ovcunda hazır tutduğu dəvətnaməni
təmkinlə qarovulçuya uzatdı.
Qarovulçu dəvətnaməyə etina etmədən:
–Bu nadir? — dedi.
Feyzulla:
–Yubiley də, — dedi, qarovulçunun gözünü döydüyünü
görüb əlavə etdi, — bəs yubiley burda deyil? Dantenin
yubileyi... Qarovulçu patron kimi açıldı:
437
–Ha da, gündə birinin yubileyidir. Bir gün Davıdovun,
sabah Mamedovun, onunçün dükanda spiçka tapılmır da...
dünən əldən almışam. Beş korobka... on beş kopeyka.
Feyzulla və Həcər maddım-maddım qarovulçuya baxırdılar.
Qarovulçu doyunca deyinib ürəyini boşaltdı. Sonra onlara tərəf
döndü:
–Yox, qardaş, — dedi. — Bu gün burda yubiley-zad yoxdur.
Səhv eləmisiz. Yəqin ayrı gündür.
Feyzulla:
–Axı burda mayın 11-i yazılıb, — dedi.
Qarovulçu özündən çıxdı.
–Kişi, nə istəyirsən, nə qaribə adamsan, dedim yoxdur,
vassalam. Burda heç kəs yoxdur, hamı gedib evinə, iş qurtarıb.
Siz də çıxın gedin evinizə.
Pilləkənlərdən addım səsi eşidildi. Yuxarıdan eynəkln bir
oğlan düşürdü.
–Nədir, Aristakes dayı, —deyə qarovulçuya müraciət etdi.
Aristakes əyilib aliminium çaynikdən bankasına çay tökür,
zumzümə edirdi. Başını qaldırıb:
–Nə bilim, deyir yubileyə gəlmişik, deyirəm burda yubiley–
zad yoxdur, elə manimla spor eləyir.
Cavan oğlan Feyzullagilə yaxınlaşıb salam verdi,
dəvətnaməni alıb baxdı, güldü:
–Əmi, kimsə sizinlə zarafat edib, — dedi, — bu yubiley bir
həftə bundan qabaq oldu.
Feyzulla:
–Axı..., –dedi və udqundu, — burda yazıblar 11 may.
Oğlan:
–Kimsə əlnən yalandan yazıb. Kimsə zarafat eləyib, — dedi
və xudahafizləşib getdi.
Ermani, ay ermani.
Paytona mindir mani.
Qarovulçu yenə bir ağız oxudu, səsi boş binada hamamdakı
438
kimi yayıldı.
Feyzullayla Həcər küçəyə çıxdılar. Feyzulla gözünü qaldırıb
Həcərə baxa bilmirdi. Bilirdi ki, Həcər bu saat açılacaq: yerə
soxum sənin fərsiz boyunu, mən də deyirəm axı... Kimdir səni
adam yerinə qoyan?
Amma Həcər də dinmirdi. Beləcə lal–dinməz addımlayaraq
metro stansiyasına çatdılar.
Həcər:
–Metro, —dedi.
Feyzulla boğuq səslə:
–Hə, —dedi.
Çırtma vursaydılar ona, qan damardı. Həcər Feyzullanın
çoxdan yadırğadığı yumşaq və həlim səslə:
–Gəlsənə metroya gedək, gəzək, ay Feyzulla, — dedi.
Feyzulla:
–İstəyirsən gedək, — dedi, sonra xəbər aldı, — heç metroya
minmisən?
Həcər ani sükutdan sonra:
–Yox, —dedi, — hələ minməmişəm.
Təbəssümə bənzər bir şey Feyzullanın dodaqlarına qondu.
–Bah, onda kef çəkəcəksən, — dedi, — bir özgə aləmdir.
Beş qəpikləri yarığa atdı.
–Keç.
Həcər keçdi.
Feyzulla:
–Beş qəpik atmasaydım keçə bilməzdin, — dedi, —o saat
adamın qıçından vurur.
–Sən nə danışırsan.
–Bəli, bəli, görürsən, bu da yeriyən pilləkən.
Həcər:
–Bıy, ay Feyzulla, bu nə qiyamət şeydir, — dedi.
Feyzulla arvadının təəccübündən daha da həvəslənir,
təcrübəli bələdçi kimi metronun müxtəlif möcüzələrini Həcərə
göstərir, danışır, izahat verirdi.
439
Həcər də elə hər şeyə təəccüblənir, hər şeydən zövq alır, elə
hey için çəkirdi.
Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək,
Feyzullanın gününü göy əskiyə düyəcəkdi. Amma bu gün onun
könlünü qırmaq istəmirdi. İstəmirdi Feyzulla bilsin ki, düz iki
aydır — metro açılandan bəri Həcər hər səhər həmin bu
qatarlarla bazara gedib gəlir.
Dostları ilə paylaş: |