A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

*** 

Əhməd Əbdülrəhimov məhkəmədə özünü başqa cür apardı. 

Əvvəl o da Məmməd kimi xırda  şeylərdə Mazanın yalanını 

çıxartmaq istədi. İsrar edirdi ki, guya Mazan onları Kürdəmirdə 

şin almaq vədinə görə deyil, qiymət danışdıqlarına görə, 50 

manat məbləğə aparmağa razı olub. Siqaretin şərti işarə 

olunmasını o da danırdı. Deyirdi ki, Məmməd ona 480 manaq 

pul verməyib. Axı bu müddət  ərzində  Əhməd də  şifahi və 

qiyabi  şəkildə cinayət məcəlləsinin müəyyən maddələri ilə 

tanış olmuşdu. Pul, yəni qarət söhbəti olmasa bəlkə onun işi bir 

qədər yüngülləşdi. Maddələrin biri azaldı. 

Ancaq sonra Əhməd özünü ayrı cür aparmağa başladı. 

Özünü xəstəliyə vurdu. Doğrudan da məhkəmə başlananda o, 

Məmməddən pis halda idi. Rəngi ağappaq ağarmışdı,  əsib 

titrədirdi və  hətta bir dəfə ürəyi getdi. O bilirdi ki, yeniyetmə 

Məmməddən fərqli olaraq ən ağır cəzaya məhkum oluna bilər. 

Ona, ittiham olunduğu maddəyə görə güllələnmə  də düşür. 

Məhkəmə prosesində  Əhmədi üç dəfə xüsusi dəvət olunmuş 

həkimlər-terapevt, nevropatoloq, psixiator-müayinə etdilər. 

Onlar təsdiq etdilər ki, Əhməd Əbdülrəhimovun orqanizmində 

heç bir üzvi dəyişiklik yoxdur və vəziyyəti bütün göstəricilərə 

görə normaldır. Buna baxmayaraq Əhməd suallara cavab 

vermirdi, bir dəfə yeməkdən də imtina etmişdi. Məhkəmə 

zamanı o əcaib bir hərəkət etdi: Hakimlərə əl eləyib şən səslə 

"salam, salam" dedi. Başqa bir dəfə  qışqırdı: "Atamı 

öldürmüsünüz, məni də öldürmək istəyirsiniz" (atası sağ 

salamatdır, heç bir vaxt heç bir təqibə  məruz qalmayıb). 

Əhməd onu istəyəndə və Mazan ona su gətirəndə stəkanı rədd 

etdi: "zəhərdir, zəhərdir, məni zəhərləmək istəyirsiniz"– deyə 

çığırdı.                                                           

Xüsusi dəvət olunmuş psixiatr-həkim, professor Ağabəy 

Sultanov təyin etdi ki, bütün bunlar oyundur, kələkdir. Bununla 

belə professor qeyd etdi ki, müttəhim  əsəbi vəziyyətdədir. 



 307 

Həyəcanlıdır. Lakin bu vəziyyət onun hər  şeyi normal 

qavramasına mane olmur və onun şüuru hər  şeyi aydın dərk 

etmək iqtidarındadır. Professor A. Sultanovun rəyi rol oynadı. 

Əhməd daha özünü dəliliyə qoymadı, Məmməd danışmağa 

başlayarkən o da danışdı. 

 

*** 

Tənəffüsdən sonra Məmməd: 

–Bəli – dedi. – Biz Şəkidə danışmışdıq.   Əhməd dedi ki, 

mən Bakıya gedirəm, bir neçə gündən sonra sən də gəl. Maşın 

qaçırdarıq, sökərik; satarıq, kef çəkərik. 

–Bakıda dərhal görüşdünüz? 

–Yox, mən gələnin sabahı günü. 

–Bəs gəldiyin gün nə edirdin? 

–Kinoya getmişdim. 

–Hansı kinoya? 

–"Mazandaran pələngi" (!) 

–Sabahı günü görüşdünüz... 

–Bəli. "Fərhad" kafesində. Sonra Poluxinin tinində bu 

maşını saxladıq. 

–Deməli cinayətə səni Əhməd cəlb edib? 

–Bəli. 


–Müttəhim Əbdülrəhimov! Düz deyir? 

–Yox – Əbdülrəhimov  danışmağa   başladı. 

–Məni Məmməd yoldan çıxartdı. Beş dəfə təklif etdi, axırda 

razı oldum. 

Əhməd  Əbdülrəhimov yalanmı danışır? Çox güman ki, hə. 

Görünür cinayət planı məhz onun beynində doğulub. Məmmədi 

də bu işə ona görə  cəlb edib ki, onun maşın sürdüyünü bilib. 

Əlbəttə bu heç bir vəchlə  Məmmədin günahını azaltmır. 

Məmməd öz dediyi kimi, tərəddüdsüz–filansız dərhal Əhmədin 

cinayətkar təklifini qəbul edib. 

Əhməddən soruşurlar: 

–Bıçağı hardan tapdınız? 



 308 

–"Fərhad" kafesində bir oğlan verdi. 

– Adı nədir? 

–Fikrət. 

–Famili? 

–Bilmirəm. 

–Harda yaşayır, harda işləyir? 

–Bilmirəm. 

 

*** 

Son vaxtlar Əhməd heç yerdə  işləmirdi. Ancaq bundan 

əvvəl bir müddət Zığ qəsəbəsində xarrat işləyib. Əhmədin atası 

da var, anası da. İki böyük qardaşı alver üstündə tutulublar. 

Əhmədin atası: "Oğlanlarım fərli olsaydı, mən də bu sinli 

yaşımda işləməzdim" –deyib. 

Əhməd evlidir, uşağı var. (İşdə Əhmədin arvadı Mahirənin 

müstəntiqə məktubu var: "Üç aydır ərimin üzünü görməmişəm. 

İndi mən nə edəcəm, bu uşaqla hara gedəcəyəm. Evimizi də 

özünüz gördünüz, heç nəyimiz yoxdur, kömək edin mənə".) 

Arvadının ifadəsində göstərilir ki, martın 26-da Əhməd evə 

gəldi və köynəyini çıxartdı. Köynək qan içində idi. Arvadı 

köynəyi yudu. Məhkəmədə Əhmədin ailəsindən heç kəs iştirak 

etmirdi. Nə atası, nə anası, nə arvadı, nə bacısı. Bədnam 

hadisədən bir neçə gün qabaq Əhmədin bacısının uşağı ölüb və 

bu xəbəri ona Bakıda Məmməd deyib. İki böyük qardaşı 

dediyimiz kimi həbsdədirlər. Doğrudan da ağır vəziyyətdir. 23 

yaşlı gəncin başına müsibət müsibət üstə gəlir. Bu bəlalar az da 

olsa onun cinayətində yüngülləşdirici cəhətlər sayıla bilərdimi? 

Əlbəttə ki, yox. Ancaq bəlkə bu cəhətlər  ədliyyə qanunlarına 

görə deyil, psixologiya qanunlarına görə nəzərə alınmalıydılar. 

Əlbəttə caninin psixoloji vəziyyətini nəzərdən qaçırmaq olmaz, 

əgər...  əgər  Əhməd  Əbdülrəhimov maşında  şux meyxanalar 

deməsəydi, çırtıq çalmasaydı, zarafat eləməsəydi, gülməsəydi, 

"Fərhad" kafesində hadisədən bir gün əvvəl soyuqqanlı  və 

işgüzar tərzdə cinayət planlarını müzakirə etməsəydi. "O gün 



 309 

(yəni martın 24-də) yaxşı kef çəkdik".                                                             

Bəlaya düçar olmuş adam özünü belə aparmaz. 

Əbdülrəhimovlar ailəsinin başına gələn müsibətlərdən ona görə 

söz açdım ki, Əhmədin dünyada hər  şeyə, o cümlədən 

yaxınlarının dərdinə, bəlasına tam etinasızlığını qeyd edəm. 

Qardaşları tutulandan sonra atasına yeganə arxa ola biləcək 

Əhməd qardaşlarının yolu ilə, amma daha da uzaqlara getməyə 

tələsdi. Ailələrinin vəziyyəti onun vecinə deyildi. Axı heç 

formal surətdə, özünü müdafiə etmək üçün belə demədi ki, 

ailəsinə pulla kömək eləmək üçün cinayətə  və qarətə  əl 

atmışdır. Belə desəydi yenə  də bir məntiq, ifrat, eybəcər bir 

"məntiq" olardı. Yox, "ailənin başına müsibət gəlib, mənə  nə 

var, mən öldürəcəyəm, bu pullara isə "Fərhad" kafesində kef 

çəkəcəyəm!". 

Yeri gəlmişkən bu kafe barəsində. Məhkəmədə  həmin 

kafenin adı dönə-dönə  çəkildi. Məlum oldu ki, bəzi başqa 

rayonlardan gəlmiş  gənclər ayrı kafelərdə görüş verdikləri 

kimi, Şəkidən gəlmiş gənclər də bu kafedə görüşürlər. Zəhləm 

getmiş yerliçiliyin iyi gəlsə də, bu dəbi öz-özlüyündə pisləmək 

istəmirəm. Başa düşürəm ki, uzaq rayondan gəlmiş  gənc ilk 

vaxtlar böyük, yad şəhərdə özünü tənha, naqolay hiss edə bilər. 

Tanış tapmaq, "özünkülərdən" kimləsə rastlaşmaq istəyi 

təbiidir və belə olan surətdə müəyyən bir yer-tutalım kafe-

etibarlı görüş yeri ola bilər. Bəlkə  də bu öz-özlüyündə pis iş 

deyil. Ancaq görüş yeri başqa bir şeyə çevriləndə, elə bir yer 

olanda ki, burada ancaq "özününkülər" tapışırlar, bu barədə 

narahat olmaq lazımdır. Burda bir qapalılıq, sözün pis 

mənasında "məhrəmlik" yaranır. Və  məhz belə bir qapalılıq, 

"məhrəmlik"  şəraitində, "özününkülərə" yalançı etibar 

şəraitində bir gənc başqasına cinayət planını aça bilir, üçüncü 

bir gənc isə onların  əlinə  bıçaq verir. Axı, arxayındır: 

"özününkü satmaz". (Famili? – Bilmirəm. – Harda işləyir

yaşayır? – Bilmirəm.) Bu barədə çox ciddi düşünmək lazımdır. 

Ciddi düşünməli şeylər çoxdur. Çox şükür ki, biz amansızlıq 


 310 

və zalımlıq axını barədə danışmalı olmuruq. Çünki bizim 

cəmiyyətdə belə  şeyləri kütləvi  şəkildə yaradan mənəvi 

atmosfer yoxdur. Bizim kitab köşklərində cinayətlərdən 

ağızdolusu danışan komikslərə rast gəlməzsən. Bizdə 

zorakılığı, seksi, qızıl hərisliyini tərənnüm edən sənət yoxdur 

və ola da bilməz. Bütün bunların elementləri olan xarici filmlər 

bizim ekranlara demək olar ki, yol tapmır. (Demək olar ki, 

ifadəsi təsadüfi deyildir. Bizim prokat idarələrinin də  xırda 

günahları var. Kassa gəlirləri naminə ibtidai şüurlara müraciət 

edən və məhz buna görə də belə şüurlar üçün xüsusilə təhlükəli 

olan filimlər bəzən bizim ekranlarımıza da yol tapır. Nəql 

etdiyimiz hadisəyə, bu tipli filmlərdən olan "Mazandaran 

pələngi"nin adı  əbəs yerə düşməyib ki...) Əlbəttə bütün bu 

əhvalatı "Mazandaran pələnginə" və ümumən kinomatoqrafa 

bağlamaq lazım deyil. Ancaq bu əhvalatın nəticələrindən biri, 

məncə, məsuliyyətə çağırışdır.  İnsanlarda mənəvi cəhətlərin 

tərbiyə olunması 

işi, onların duyğularının, 

əxlaq 


keyfiyyətlərinin tərbiyələnməsi və  zənginləşməsi işi üçün 

kinonun, televiziyanın, radionun və s. məsuliyyəti böyükdür. 

Bu xüsusilə  gənc nəslə aiddir. Axı  gəncliyin nisbətən bəsit 

həyat təcrübəsi qəliz  əxlaqi sınaqlarda kafi pərsəng deyildir. 

Əlbəttə haqlarında danışdığımız cinayətkarlar istisna təşkil 

edirlər. Bizim həyatımız üçün tipik deyillər. Hətta kiçik 

məhkəmə salonunda belə necə deyərlər müsbət nümunələr 

üçün uzağa getmək lazım deyildi. Burada Mazan Əliyevin 

böyük uşaqları var idi. Zəhmətkeş, uşaqlıqdan dəqiq həyat 

prinsipləri olan adamlar. Burada şahid sifəti ilə Aydın Cəlilov 

və Sadıq Həmzəyevi də dindirdilər. Politexnik institutunun 

inşaat fakültəsinin tələbələri olan bu təvazökar, başıaşağı 

oğlanlar dolayısı ilə 

əlaqədar olduqları hadisədən 

sarsılmışdılar. Axı Əhməd Əbdülrəhimov bir neçə gün onların 

evində yaşamışdı, onlarla çay içmişdi, söhbət etmişdi. Və məhz 

elə bu zaman onun pozulmuş şüurunda cinayət planı yetişirmiş. 

Heç kəs təsadüfi tanışlıqlardan,  əlaqələrdən xali deyildir. 



 311 

Ancaq necə olub ki, bu gənclər Əhmədi tanıya bilməyiblər. Bir 

evin içində onun əsil mahiyyətini duymayıblar. Doğrudur, onu 

daha zəngin həyat təcrübəsinə malik olan Mazan da tanıya 

bilməyib. Amma məsələ ondadır ki, Əhməd Mazanla 

oynayırdı. Amma axı otaq yoldaşlarına ürəyini aça da bilərdi. 

Yox. Elə  iş ondadır ki, Əhməd müvəqqəti otaq qonşularını 

onlar onu tanıyandan daha yaxşı tanıyıb və ona görə də ürəyini 

açmayıb. Buna baxmayaraq bəzi hərəkətlərinə görə otaq 

yoldaşları ondan şübhələnməyə başlayıblar və imkan düşən 

kimi (Aydının anasının gəlməsi bəhanə imiş) Aydına deyiblər 

ki, onların otağından çıxsın. Onların, normal şüura malik 

adamların, heç ağlına da gəlməzdi ki, Əhməd belə bir iş tuta 

bilər. Ürəkləri yumşaq olduqları üçün onlar yatmağa yeri 

olmayan bir adamı evlərinə buraxıblar. Sən demə bu adamın 

beynində cinayət fikri yaşayırmış. Hər şeydən başqa məni belə 

bir məsələ  də maraqlandırır: bütün bu hadisələrdən həmin iki 

tələbə hansı emosional və psixoloji nəticələr çıxardacaqlar. 

Yəni, başqa sözlə desək, onlar belə bir fikrə  gələcəklərmi ki, 

heç kəsə etibar etmək olmaz. Biri "yatmağa yerim yoxdur" – 

deyə yalvarırsa belə, onu evə buraxmaq olmaz-birdən canidir. 

Əgər bu hadisənin acı  təcrübəsindən hər iki tələbə belə bir 

nəticə çıxarıblarsa və gələcəkdə buna görə heç kəsin qolundan 

tutmayacaqlarsa, çox heyif! Bu barədə Sadığı  şahid sifəti ilə 

dindirərkən A. İbrahimov da çox gözəl dedi. İşdən tamamilə 

bəlli idi ki, Sadıqdan da, Aydından da heç kəs  şübhələnə 

bilməz. Amma buna baxmayaraq məhkəmədə onlara da bir sıra 

ciddi suallar verildi. Axırda isə A.İbrahimov dedi: "Bütün 

şübhələri, fərziyyələri araşdırmaq istintaqın və  məhkəmənin 

borcudur. Yalnız hər şey aydınlaşandan sonra şübhələr aradan 

qalxır. Ancaq siz bu salondan belə bir əqidə ilə  çıxsanız ki, 

bütün adamlara şübhə ilə yanaşmaq lazımdır, hər adamı 

potensial cinayətkar bilsəniz, bu çox pis olar. Mən inanıram ki, 

belə olmayacaq". 

 


 312 

*** 

Müdafiəçilər çıxış edir. 

Əhməd  Əbdülrəhimovun vəkili onun cinayət cəhdində 

olduğunu və qanunsuz olaraq soyuq silah daşıdığını ittiham 

maddəsi kimi qəbul edir, ancaq üçüncü bir maddəni–qarət 

maddəsini tətbiq etməməyi xahiş edir.  

Məmməd  Əbdülrəhimovun  müdafiəçisi qarətkarlıq (necə 

olsa evindən 200 manat pul tapılıb) və qanunsuz (sürücü 

hüquqları olmadan)   maşın sürmək haqqında  ittiham 

maddələrini qəbul edir və üçüncü bir maddənin – qətl cəhdi 

maddəsinin tətbiq olunmamasını xahiş edir. 

Prokuror  Əhməd  Əbdülrəhimovu 15 il, Məmməd 

Əhmədovu 10 il, müddətində  həbs cəzasına məhkum etməyi 

tələb edir. 

Məhkəmə məşvərət üçün ayrıca otağa çəkilir. 

 

*** 

Mən salondakıları–zərərçəkmişin və cinayətkarın ailə 

üzvlərini müşahidə edirəm. Mazanın arvadı, uşaqları, özü 

Məmmədin ata və anasıyla söhbət edir. 

Onlar kənar məsələlərdən danışırlar. Məhkəməyə, hadisənin 

özünə toxunmurlar. Məişət qayğılarından, maaşlarından, 

mənzil, iş  şəraitlərindən, xırda-para  əgər-əskiklərindən söz 

açırlar. Mən düşünürəm ki, məişət, həyat tərzi, anlayışlar 

cəhətdən bu iki ailə arasında ümumi şey nə  qədər çoxdur. 

Qayğı, maaş  və sairə  cəhətdən bu ailələr arasında daha çox 

ümumi cəhət var, nəinki onların hər birinin prokuror, hakim, 

vəkil, professor-ekspertlərin ailəsiylə. 

İstər–istəməz söhbət hadisəyə qayıdır. Kənardan kimsə 

məsləhət verir: – Öz aranızda danışaydınız gərək. Maşını 

düzəldərdi, sizə qaytarardı, siz də bunların halını 

yüngülləşdirərdiniz. Mazan təmkinlə cavab verir: 

–Mən qanımla alver  eləmirəm. Maşınımı  isə özümdən də 

ağır yaralayıblar, özümdən çox zədələyiblər... 


 313 

–Qalxın, məhkəmə gəlir! 

Sanki reproduktordan səslənən, Aydın Qaradağlının 

oxuduğu hökmü ayaq üstə dinləyirik: 

...Aydın Əbdülrəhimov 12 il azadlıqdan məhrum edilsin. 

–...Məmməd Əhmədov 8 il azadlıqdan məhrum edilsin... 

–İşdə olan əşyayi dəlil-200 (iki yüz) manat pul sahibinə, 

zərər çəkmiş Mazan Əliyevə,  şərf sahibinə,  Əhməd 

Əbdülrəhimova qaytarılsın. Bir ədəd bıçaq məhv edilsin. 

–...Mazan  Əliyevin maşın haqqında iddiasına ayrıca, mülki 

iş kimi baxılsın. 

–Hökm   qətidir.   Və   ondan   kassasiya   qaydasında 

şikayət və protest vermək olmaz. 

Məhkəmədə çıxışlarının birində Mazan Əliyev dedi: 

–Mən ölən deyiləm. 

O, həmin sözləri həyəcan keçirməsinin səhhətinə  zərəri 

barədə hakimin qayğıyla verdiyi sualının cavabında dedi: 

–Heç nə olmaz – dedi – mən ölən deyiləm. Müharibədə 

məni neçə dəfə öldürmək istədilər, üç dəfə yaraladılar, üç gün 

meyitlərin arasında qaldım. Düşmənlər elə bildilər ki, 

ölmüşəm. Amma mən ölmədim. Bunlar da bax məni on iki 

yerdən bıçaqladılar, maşından tulladılar, elə bildilər ölmüşəm. 

Amma mən ölmürəm. 

Mazan bu sözləri elə ciddi və elə möhkəm bir inamla deyirdi 

ki, hamı gülüşdü. Hamının üzünə xoş bir təbəssüm qondu. 

Hətta onun öz uşaqları belə gülümsünürdülər. Mən düşündüm 

ki, bu sadə sözlərin dərin simvolik mənası da var. 

Yamanlığın sifətləri çoxdur. Müharibənin yamanlıqları var-

düşmən sənə güllə atır. Ancaq dinc dövrün yamanlığı da var-

insan həyatına cinayətkar qəsd edir. Hər iki halda məqsəd 

eynidir.  İnsanın həyatını  qırmaq. Və  hər iki halda bu bəd 

niyyətə qarşı həyat sinə gərir. 

Mazan  Əliyev mən bunu bir daha, sonuncu dəfə  təkrar 

edirəm – bütün davanı keçib, yaralanıb, ayağını itirib, amma 

sağ qalıb, işləyib, institutu qiyabi qurtarıb, dənizdə buruqlar 


 314 

tikib, on bir uşaq böyüdüb tərbiyələndirib, boş vaxtı olanda 

sədəfli tarını çalıb. Müharibənin axırıncı atəşlərindən 29 il 

keçəndə, bu atəşlərdən altı və on iki il sonra doğulmuş iki gənc 

Qazıməmmədlidən on kilometr aralı bir mart gecəsi Mazanı on 

iki yerdən bıçaqlamışlar. Mazan isə yenə sağdır. Mənə elə gəlir 

ki, bu yaşarılıq, dirilik yalnız konkret bir şəxsin uğurlu 

aqibətini deyil, eyni zamanda daha böyük bir anlamı, ümumən 

həyatın qələbəsini simvolizə edir. Arıq, çəlimsiz bir adamın, on 

bir uşaq atasının bu qəribə diriliyi, yaşarılığı  həm də xalqın 

diriliyi, yaşarılığıdır. Nəsildən-nəsilə zorakılığa, zülmə, ölümə, 

şərə qarşı  səd çəkmiş,  əbədi xeyiri, yüksək  əxlaqi dəyərləri 

nəsildən-nəsilə keçirən və qoruyan xalqın. 

 

1974 

 


 315 

 

 



LƏYAQƏT 

 

Bir dəfə  iş elə  gətirdi ki, mən bir gün ərzində az qala bir-



birinin eyni olan iki oxşar  əhvalatın  şahidi oldum və görüb 

eşitdiklərimin müqayisəsi məni bəzi məsələlər barədə 

düşünməyə vadar elədi. Səhər-səhər yüksək səviyyəli bir 

müşavirədə  iştirak eləyəsi oldum, həmin müşavirədə böyük 

rəislərdən biri öz işçilərini asıb-kəsir, onlara ağzına gələni 

deyirdi. Tələbkarlıq və ciddilik - rəhbər işçi üçün vacib 

keyfiyyətlərdir, lakin açığını deyim ki, bu ortayaşlı lovğa rəisin 

yaşca özündən böyük, vəzifəcə kiçik rəislərlə davranışı  məni 

böyük heyrətə saldı. O, vəzifəcə özündən kiçik rəisin üstünə 

çığıraraq deyirdi ki, sən məsuliyyətsizlik göstərirsən, işə 

səhlənkar yanaşırsan, öz vəzifənin nədən ibarət olduğunu 

qanmırsan. Dikbaş  rəisin özündən xeyli yaşlı adama "sən" 

deməsinə hələ birtəhər dözmək olardı, məni ən çox pərt edən o 

idi ki, danlanılan ahıl kişi oğlu yaşında adamın qabağında mil 

durmuşdu, bütün təhqirlərlə müticəsinə razılaşır; rəis onu 

maymaq,  əfəl, avara adlandırdıqca yalnız gözlərini döyürdü. 

Ağzını da açanda bircə bunu ərz eləyirdi ki, tamamilə doğru 

buyurursunuz, filankəs müəllim... 

Təsadüfən həmin gün axşamüstü başqa bir müşavirədə 

iştirak etməli oldum. Özü də bu müşavirədə  ən böyük vəzifə 

sahibi, səhər mənim və bir çox başqalarının gözü qabağında 

söyülüb-təhqir olunan, alçaldılan həmin ahıl kişiydi. Qəribə 

burasıydı ki, cəmi bir neçə saat qabaq qulaqburması almış bu 

adam indi özü hamının üstünə  qışqırır, hamıya hədə-qorxu 

gəlirdi. Orada o, "balaca" rəis idisə, burada ən "böyük", baş rəis 

idi. Səhər alçaldılan, təhqir olunan bu adam axşam özü 

başqalarını alçaldıb təhqir eləyirdi. İndi onun qarşısında başqa 

bir rəis mil dayanmışdı; bəli, bəli, məhz rəis, doğrudur, 

vəzifəcə daha kiçik, yaşca isə daha sinli rəis. Və o da farağat 


 316 

dayanıb özündən böyük rəisin onun ünvanına dediyi avara, 

fərsiz, maymaq təbirləri ilə sakitcə razılaşırdı. Maraqlısı bu idi 

ki, sözlər də, təbirlər də elə səhərkilərdi. Bilmirəm, təzə sözlər, 

təbirlər axtarıb tapmağa istedadımı çatmırdı onun, yoxsa bütün 

bunlar qəlibə salınmış təbirlər, sözlərdi... Bəlkə, səhər abırdan 

salınmış bu adam indi bilərəkdən, yaxud heç özü də  dərk 

etmədən səhər-səhər aldığı mənəvi zərbənin əvəzini çıxırdı bu 

yolla?! Orada zahirən itaətkar, müti olan bu adam burada başqa 

bir zahirən itaətkar və müti rəisdən həzz duya-duya intiqam 

alırdı. 

Mən "zahirən" sözünü əbəs yerə xüsusi qeyd eləmirəm. 

Mənə belə  gəlir ki, səhər-səhər orada öz ünvanına yağdırılan 

təhqirləri qeydsiz-şərtsiz qəbul etməsi sadəcə olaraq, riyakarlıq, 

saxtalıq idi və bu riyakarlıq indi burada ona istədiyi  şəkildə 

hikkəsini soyutmağa, ürəyini boşaltmağa müəyyən imkanlar 

yaradırdı. Özündən böyük rəisin "sən"inə saxta bir nəzakətlə 

"siz" deyə cavab verməsiylə o, özündən aşağıdakılara istədiyi 

kimi müraciət etmək səlahiyyəti qazanırdı. 

Şahidi olduğum bu iki oxşar hadisə haqqında düşündükcə 

mən daha çox əmin olurdum ki, bunların kökündə dayanan 

inzibati subordinasiya, iş, vəzifə etikası, adi əxlaq problemləri 

deyil. Xeyr. Bu məsələlərin  əsas mahiyyəti insan ləyaqəti 

problemi ilə bağlıdır. Daha doğrusu, haqqında danışdığım o iki 

adamın, həmin gün danlayıb söyülmüş o iki rəisin davranışında 

ləyaqətin olmamasıdır. Zənnimcə, burada, hadisələrin üçüncü 

iştirakçılarının - rəislərdən böyüyünün də xarakterini təsəvvürə 

gətirmək çətin deyil. 

Gördüklərimə  əsaslanıb onu tamamilə başqa vəziyyətdə - 

daha böyük rəis tərəfindən söyülən, təhqir olunan adam yerində 

asanca təsəvvür edə bilirəm. Bu heç də təəccüblü deyil, adətən 

başqalarının ləyaqətini ləyaqəti olmayan adamlar tapdalaya 

bilərlər. "Yuxarıdakıların" təhqir və danlaqlarına dözən, 

vəzifəcə özündən böyüklərin havasına oynayanların özlərini 

dartması, qüdrət sahibi kimi göstərməsi  ən azı gülüş doğurur. 


 317 

Şərəf hər üzü bir səmtə baxan ikiüzlü Yanus deyil. Lakin belə 

adamların əqidəsinə görə, iyerarxiya sisteminin öz yazılmamış 

qanunları var, mənsəb pillələriylə irəliləmək istəyirsənsə, gərək 

bu qanunları bilib onlara əməl edəsən, məsələn, gözlərini 

çəkmədən yaltaqcasına aşağıdan yuxarı bir xeyli baxsan, 

özündən aşağıdakıları təkəbbürlə yuxarıdan seyr etmək imkanı 

qazanırsan... 

Biz - əsarət zəncirini yetmiş ildən də çox bundan qabaq 

atmış bir ölkənin vətəndaşlarıyıq. Biz - sinfi, iqtisadi, ictimai 

bərabərsizliyi aradan qaldırmış, bürokratik məmur  ədəb-

ərkanına, pul kisəsinin hökmünə, zümrə bölgüsünə son qoymuş 

bir inqilabın övladlarıyıq. "Biz kölə deyilik, kölə biz deyilik" - 

bu sözlər təkcə savadın ibtidası, təməli deyil, həm də yeni 

əxlaqın, yeni dünya duyumunun - insanın öz ləyaqətini dərk 

etməsinin başlanğıcıdır. Qorkinin inqilabdan əvvəl dediyi 

"İnsan - bu ad necə də qürurla səslənir" sözləri yeni sosializm 

cəmiyyəti vətəndaşının simasında öz real, konkret təcəssümünü 

tapdı. Bütün bunlar şəksiz bir həqiqətdir. Lakin iyerarxiya 

psixologiyasının qalıqları  hələ  də  şüurlardan tamamilə 

silinməmişdir, bunun nəticəsidir ki, hər hansı bir nazirliyinmi, 

müəssisəninmi, rayonunmu rəhbərinə heç də xalq hakimiyyəti 

tərəfindən ciddi nəzarət olunan, müəyyən zaman çərçivəsində 

konkret bir vəzifəni ifa edən  şəxs kimi baxmırlar. Bəziləri bu 

vəzifə sahibini müəyyən bir rayon, vilayət, yaxud şəhər 

miqyasında hakimi-mütləq kimi bütləşdirir, vəzifə başında 

olduğu müddətdə haqq-nahaq nə  iş görürsə, hamısını haqlı 

sayırlar; baxmayaraq ki, belə rəhbər haçansa qapazaltı olmağa 

məhkumdur - vəzifədən götürülər-götürülməz təkcə öz 

günahları deyil, "sevimli" rəislərinin "paklığına səmim-

qəlbdən" inanan saysız-hesabsız  əməllərinin səhvləri, 

günahları da onun ayağına yazılacaq. Nədir bunun səbəbi? 

Yenə  də insan ləyaqəti. Eləcə  də bu ləyaqətin olmaması. Nə 

vəzifə başında olan rəisin hər hərəkətinə, hər sözünə  ləbbey 

deyənlərdə, nə  də  rəis taxtdan düşən təki ondan üz 


 318 

döndərənlərin heç birində insan ləyaqətindən  əsar-əlamət 

yoxdur.  Əslində, hakimiyyəti altında olanların "ürəklərinin  ən 

dərin guşəsindən" gələn bir səmimiyyətlə qulluq göstərməsinə, 

naşılıqla və ya ustacasına yaltaqlanmasına imkan və  şərait 

yaradan, bütün bunları  təqdir edən rəisin özü də  ləyaqətdən 

büsbütün məhrumdur. Tabeliyində olan və buna görə  də öz 

mənafeyi naminə, öz yerini "isti eləmək" xatirinə rəisin şəninə 

təriflər deyən, mədhiyyələr söyləyən adamın təmənnasızlığına, 

sözlərinin səmimiliyinə necə inanmaq olar?! Ünvanına tərif 

söyləyənləri mükafatlandıran rəis bu hərəkətilə  hər  şeydən 

əvvəl öz ləyaqətini alçaltmır? Təmkinli, təvazökar rəis görəndə 

ki,  əlinin altında işləyən, necə deyərlər, "ştatda olan" 

məddahlar qələmlərini itiləyib onun şəninə  qəzəl-qəsidə 

toqquşdurmağa başlayıblar - bunun nə demək olduğunu 

uzaqgörənliklə duyub fikrə getməlidir: açıq-aşkar,  birbaşa 

yaltaqlığın  artıq işə keçmədiyini dərk eləyən buqələmunlar, 

mənsəbpərəstlər arxadan və cinahlardan lağım atmağa, onu tora 

salmağa cəhd etmirlərmi? Küləyin haradan əsdiyini  əlbəəl 

duyub,  şəraitə uyğunlaşmağı bacaranlar, son dərəcə çevik, 

mütəhərrik   olurlar. Bir də ki, minüzlü adam üçün maskasını 

dəyişmək heç də  çətin deyil. Hələ dünənə kimi səhvlərimiz, 

kəsirlərimiz haqda  söhbətləri qərəzçilik, qarayaxma 

adlandıran, həyatımızın bütün məlum və  ağlagəlməz 

sahələrində yalnız və yalnız nailiyyətlər qazanıldığından, 

evlərimizin,  müəssisələrimizin, tarlalarımızın, küçələrimizin, 

bazar və mağazalarımızın ideal qəhrəmanlarla aşıb-daşdığından 

hayküylə  dəm vuranlar bu gün elə  həmin o "vətəndaşlıq 

ehtirasıyla" sevinc və  təntənə dalğasını  tənqid dalğasıyla  əvəz 

etməyə  tələsirlər. Həqiqət haqqında danışmaq həqiqəti 

deməkdən, əlbəttə, çox-çox asandır. 

Hər cür yeniləşmədən, istehsalatda, təsərrüfatda, sosial 

iqtisadi sahələrdə, cəmiyyətin  əxlaqi və  mənəvi həyatında 

bütün  əsaslı  dəyişikliklərdən həmişə qorxmuş  və elə indi də 

qəlbinin dərinliklərində qorxmaqda davam edənlərin iclas və 


 319 

yığıncaqlarda "dəhşətli dərəcədə  cəsarətli" nitqlərini eşidəndə 

mat qalırsan. Belə adamların daxili inamı  və  məntiqinə görə, 

"rüsxətli cəsarət" - tufanın ötüb keçməsini, hər  şeyin öz 

məcrasına qayıtmasını gözləməyin üsullarından yalnız biridir. 

Və bu da insan ləyaqəti anlayışı ilə  sıx surətdə bağlıdır. 

Ləyaqətli  şəxs - "dünən ehtiyatlı idim, bu gün cəsarətliyəm, 

sabahsa - necə buyursalar elə olaram, dünən tərənnüm 

eləyirdim, bu gün ifşa edirəm, sabahsa..." - prinsipi ilə 

yaşamağı özünə heç vaxt rəva görməz. 

Onu da deyək ki, belə adamlar nəinki insan ləyaqətindən 

məhrumdurlar, onlar həm də zamanı vahid, qırılmaz mənəvi 

substansiya kimi dərk edib qavraya bilmirlər, onların 

əqidəsincə  nə Dünən var, nə  də Sabah. Olan bir əbədi Bu 

gündür. 

Lakin məlum olduğu kimi Dünənsiz və Sabahsız Bu gün 

yoxdur. Sabahın necə olacağı onu Bu gün necə qurub-

düzəltməyimizdən asılıdır və bu vaxt biz Dünənə 

söykənməliyik... Yaddaş da Zaman kimi mənəvi kateqoriyadır. 

Bəzilərinin "yaddaşsızlığı" hamının yaddaşının korşaldığı 

barədə yalançı inama əsaslanmamalıdır. "Tarixi skleroz" - 

ictimai bəlaların ən təhlükəlisidir. 

Əlbəttə, kinlilik, qisasçılıq cəmiyyətimizin  bütövlükdə 

ruhuna yaddır və dünənki səhvlərimiz üçün məsuliyyət 

daşıyanların çoxuna əsaslı  şəkildə - həm iş üsulu, həm insani 

münasibətləri, həm də daxili, psixoloji baxımdan dəyişməyə 

imkan verilmişdir. Zamanın sınağından ləyaqətlə  çıxanlar 

ölkəyə, xalqa hələ çox xeyir verə bilərlər. Lakin zamanın irəli 

sürdüyü yeni vəzifələrin öhdəsindən gələ bilməyəcəklərini başa 

düşənlər eyni bir ləyaqətlə öz yerlərini buna gücü çatanlara 

versələr yaxşıdır...  İmtina etmək cəsarəti, yeri gələndə, 

ləyaqətlə  kənara çəkilmək mərdliyi kimi anlayışlar da 

mövcuddur. Çox təəsüf ki, üçüncü bir yol da var,   ləyaqətdən 

uzaq olan ictimai dəyişiklik yolu, ürəyincə olmaya-olmaya, 

"lazımi" davranışı yamsılama yolu. Şəxsi rifahını qoruyub-


 320 

saxlamaq naminə əqidəyə xəyanət etmək yolu - pusub gözləmə 

siyasəti. 

Sov.İKP XXVII qurultayı  həyatımızın yeniləşməsi 

prosesinin qarşısıalınmaz olduğunu, uzunmüddətli  əsaslı 

dəyişikliklər strategiyasını  qəti və ciddi şəkildə  təsdiq etdi... 

Qurultay "ev bizim, sirr bizim" fəlsəfəsinə  əsaslanan siyasəti 

bütün dünyanın gözü qarşısında ifşa edərək, kəsirlərimizi, 

səhvlərimizi açıq-aydın  şəkildə göstərdi... Yaşadığımız evin 

içini silib süpürmək qətiyyəti dilə-düşə düşmək xofuna üstün 

gəlməlidir.  İctimai yeniləşmənin  əsası, məğzi mükəmməl 

şəxsiyyət problemidir. Cəmiyyətin ləyaqəti onun üzvlərinin - 

mənən zəngin, işgüzar, yüksək səviyyəli, həssas adamların 

insani ləyaqəti ilə müəyyən edilir. Vicdan, şərəf,  əsl insani 

ləyaqət belə hərtərəfli şəxsiyyətin ən vacib keyfiyyətləridir. 

Vicdan kimi ləyaqət də sabit anlayışdır,  şəraitdən asılı 

olaraq rezin təki dartılıb-yığıla bilməz. Vicdanı müəyyən 

dövrə, zamana qədər yuxuya vermək, dondurub saxlamaq 

gülüncdür. Dünyaya bir   dəfə  gəlmişik. Bir məqamda 

ləyaqətinin tapdalanmasına dözüb vaxtı çatanda, imkan 

düşəndə ləyaqətli olduğunu sübut edəcəyinə ümid bəsləmək ən 

azı sadəlövhlük olardı. Təkəbbür, dikbaşlıq, lovğalıq ləyaqətin 

birbaşa antipodlarıdır. Bir qayda olaraq, bunlar bir-birini inkar 

edən xüsusiyyətlərdir, doğrudur, bəzən biz aldanıb təkəbbür və 

lovğalığı  əsl ləyaqət kimi qəbul edirik. Mən həmişə dik-dik 

gəzən,  ədalı, üz-gözündən təkəbbürlü-laqeyd ifadə  əskik 

olmayan adamları az görməmişəm.  Əslində, mən "həmişə"  

sözünü yerində  işlətmədim. Çünki bəşəriyyətin böyük bir 

hissəsinin yuxarıdan aşağı, təkəbbürlə baxan bu adamlar bu və 

ya digər dərəcədə asılı olduqları  şəxslərlə münasibətdə  dərhal 

dəyişir, onların sərt, soyuq baxışları yumşalır, yaltaq bir ifadə 

alır, bayaqkı məğrurluqlarından əsər-əlamət qalmır. Bunun özü 

də  ləyaqətsizlikdir.  Əgər sən gülərüz, xeyirxah, hazırcavab, 

qılıqlı adamsansa, çox gözəl, buna yalnız sevinə bilərik, bir 

şərtlə ki, bu gözəl məziyyətlərini müvafiq şərait, "faydalı" 


 321 

adamlar üçün saxlamayasan, pinəçi ilə  də, zavod, institut, 

sovxoz direktoru ilə olduğun kimi gülərüz, səmimi olasan. 

Yox, əgər təbiətən dinməz, qaraqabaq adamsansa, liftçi qadının 

salamını cavabsız qoyduğun halda, mötəbər məclislərdə bülbül 

kimi ötməyəsən. 

Mən bir təkəbbürlü,  şöhrətpərəst, özündən razı incəsənət 

xadimi tanıyırdım. Xəstəlik dərəcəsində xudbin və özünə 

vurğun bu adamın bir dəfə, hansısa fəxri adı almaq üçün necə 

dil töküb yalvardığını, göz qabağındaca dəyişilib tamam başqa 

adam olduğunu heyrətlə müşahidə eləmişəm. Yəqin bu adamın 

ləyaqəti (daha doğrusu ləyaqətsizliyi) ona düşünməyə imkan 

verirdi ki, xalq arasında dik-dik gəzib, təşəxxüs satmaq, 

qürrələnmək xatirinə, xəlvət yerdə yalvarıb alçalmaq da olar. 

Mükafata yalnız və yalnız özünün layiq olduğuna lazımi 

adamları inandırandan, müxtəlif yalan və doğruların köməyilə 

çoxdan tamarzı olduğu mükafatı alandan sonra həmin sənət 

xadimi gözlərini yerə dikərək, "təvəzökarlıq"la bildirdi ki, bu 

mükafata heç də onun özü yox, onun şəxsində bütün 

həmkarları, bütün xalq, bəlkə də bütün tərəqqipərvər bəşəriyyət 

layiq görülüb... 

Görəsən, dünyada elə bir fəxri ad, elə bir titul varmı ki, onun 

yolunda insan həyatının ali mükafatından - ləyaqətdən imtina 

eləsin? 


Bir rəis... Yox, daha rəislər haqqında yetər. Yüksək 

dairələrdən enib, hər gün, hər saat ovqatımıza, iş 

qabiliyyətimizə, vaxt bölgümüzə bu qədər təsir göstərən, qəribə 

görünsə  də insan ləyaqətiylə bu və ya digər  şəkildə daim 

təmasda olan, bəzən isə ona meydan oxuyan çox adi bir 

sahədən - xidmət sahəsindən danışaq. 

 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin