A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 

***                   

İkicə hiss onlara hakim idi–laqeydlik və qorxu. Laqeydlik 

hətta qorxuya üstün gəlirdi. "Adam öldürmək?" Nə var ki? Axı 

maşını da sata bilmədilər. Eyb etməz! Hələ maşında ikən 

"öldürülmüş" Mazanın yanında danışırlarmış ki, bir azdan 

sonra başqa bir maşın da qaçırdarıq, təbii ki, sürücünü 

öldürmək  şərti ilə – cinayətkarların necə deyərlər iştahları diş 

altındaymış. Ancaq ilk dəfədən  ələ keçdilər.  İndi onları 

məhkum edəcəklər. "Bəxtləri gətirmədi". 

Heç bir şey ifadə etməyən, dadsız-duzsuz sözlər – qəlb 

boşluğunun nişanələri. Belə hisslər ancaq elə boş ürəklərdə 

yaşaya bilər ki, bu boşluqda qorxu belə özünü tək, yalqız bilir. 

Yolda meyxana deyirlərmiş. Bəlkə qorxudan? Bəlkə; özləri-

özlərini sakit eləmək, bir-birinə ürək-dirək vermək üçün? Bəlkə 

də... Ancaq mənə elə  gəlir ki, onların oxumaqları, fit, çırtıq 

çalmaları da etinasızlıqdan və biganəlikdən imiş. Görmək 

istədikləri hər halda çox ciddi bir işə belə etinasız 

münasibətdən doğurmuş bu ovqat. 

Ən dəhşətlisi o idi ki, oğlanlarda öz qurbanlarına qarşı heç 

bir nifrət hissi yoxdu. Onların qəlblərində heç bir alınmamış 

intiqam, qisas, unudulmamış  təhqir duyğuları qövr etmirdi. 

Axşam saat səkkizdə onlar yer üzündə belə bir adamın – 

Mazan  Əliyevin olduğunu heç bilmirdilər də. Dörd saat bir 

yerdə yolda olublar, eyni hava ilə nəfəs alıblar, söhbət ediblər, 

gülüşüblər. Mazanın özü haqqında danışdıqları ona qarşı  nə 


 294 

nifrət, nə  həsəd, nə paxıllıq hissi oyada bilərdi. Və  hətta biri 

Mazanın  əllərini tutanda, o biri bıçaqla zərbələr vuranda da, 

nifrət yox idi. Amansızlıq, zalımlıq var idi, amma nifrət hardan 

olaydı? Bəlkə onlarda Mazana qarşı nifrət yalnız onun diri 

qaldığını biləndə baş qaldırdı. Və indi məhkəmədə  yəqin ki, 

doğrudan da nifrət edirdilər. Mazan diri–diri onların qarşısında 

dayanmışdı, boynunu nə çevirirdi, nə də əyirdi. Çevirmirdi, ona 

görə ki, çevirə bilmirdi, yaraların yeri qoymurdu. Əymirdi, ona 

görə ki, yaşadığı ömür heç kəsin qarşısında baş  əyməməyə

hamının gözünün içinə düz baxmağa haqq verirdi. O elə bir 

ömür yaşamışdı ki, qarşısındakı  oğlanlara belə bir ömrü nə 

yaşamaq, nə də anlamaq nəsib olacaqdı. 

 

*** 

Məhkəmə iclası ittihamnamənin oxunuşu ilə başladı. 

İttihamnaməni xalq iclasçılarından biri, Azərbaycan radiosunun 

diktoru Aydın Qaradağlı oxuyurdu. Azərbaycan dinləyiciləri 

üçün Aydın Qaradağlının səsi bütün ölkəmizin dinləyiciləri 

üçün Levitanın səsi kimidir – bu səslə  xəyalımızda dövlət 

əhəmiyyətli məlumatlar, rəsmi, təntənəli mətnlər bağlıdır. 

Öz əməlləri haqqında rəsmi sənədin dəqiq cümlələrini, canlı 

radio səsi ilə  eşidərkən canilər hansı hissləri keçirirdilər. Axı 

elə bil, qanunlarını  və  əxlaqını tapdaladıqları dövlətin özü 

danışırdı. Bu fikri məhkəmə prosesi zamanı onlara dönə-dönə 

A. İbrahimov da təlqin etməyə çalışırdı. O deyirdi ki, siz yalnız 

konkret bir şəxs qarşısında zərər çəkmiş M.Əliyev qarşısında 

deyil, həm də daha artıq dərəcədə  cəmiyyət qarşısında 

günahkarsınız. O cəmiyyət ki, öz üzvlərini layiqli adam kimi 

yetişdirib tərbiyə etmək naminə xeyli maddi vəsait sərf edir. 

Sonra Mazan Əliyev danışdı. O, ətraflı danışırdı. Yerli-

yataqlı danışırdı, oxuculara artıq tanış olan hadisələrin gedişini 

bərpa edirdi. 

Mən səbirsizliklə müttəhimlərin ilk sözlərini gözləyirdim. 

Özlərini necə aparacaqlar, nə deyəcəklər, hansı sözlərlə, 



 295 

dəlillərlə özlərini təmizə  çıxartmasalar da, heç olmasa 

əməllərini izah etməyə çalışacaqlar. 

Məmməd də, Əhməd də ağızlarını açan kimi Mazan Əliyevi 

qeyri-dəqiqlikdə, düz danışmamaqda təqsirləndirməyə 

çalışırdılar. Bəli, bəli məhz qeyri-dəqiqlikdə, təfərrüatın qeyri–

dəqiqliyində. Çünki hadisənin əsas mahiyyətini və öz rollarını 

onlar inkar etmirdilər. 

Məmməd sanki mənliyi təhqir olunmuş bir şəxs kimi inad 

edirdi: – Düz demir, dirsəyimlə qarnını basmamışam, maşından 

çıxdım, maşının qabağından keçdim, o biri qapısından girdim. 

Mazanın üstündən aşmamışam. 

–Yaxşı, tutalım belədir, aşmamısan. Amma əllərini ki, 

tutmusan? Dostun da bu vaxt ona bıçaq vurub. 

–Yox, əllərini də tutmamışam, mən ruldan yapışmışdım. 

 

–Mazan Əliyev sizə yalvarırdımı ki, onu öldürməyəsiniz? 



–Bəli, yalvarırdı. 

–Bəs sən nə etdin? 

Sükut.                                                                        

–Deyirdimi ki, on bir uşağım var, yazığam, məni  

öldürməyin? 

–Bəli, deyirdi. 

–Sən də onun uşaqlarını nalayiq sözlərlə söydün. 

– Yox söyməmişəm. 

–Cibindən 480 manat pul çıxardıb Əhmədə vermisənmi? 

–Bəli. 


–Qolundan saatını dartıb çıxartmısanmı? 

–Yox. 


–Demisənmi ki, deyəsən ölməyib. 

–Bəli. 


–Əhməd nə cavab verdi? 

–"Elə vurmamışam ki, sağ qala". 

–Sən də təklif elədin ki, gözlərini çıxardaq. 

–Yox. 


 296 

–Yaxşı, bəs dedin ki, bu meyiti neyləyək? 

–Bəli. 

–Əhməd də təklif elədi ki, Şirvan kanalına ataq 



–Bəli. 

–Sən də dedin ki, yox, itə-qurda rast gələrik. 

–Bəli. 

–"İt–qurd" deyəndə kimi nəzərdə tuturdun? 



–… 

–Deməli Mazanı yola atdınız. 

–Mən atmamışam. 

–Bəs nə cür oldu ki, yolun üstünə düşdü? 

–Qapı təsadüfən açıldı və o yıxıldı. 

–Siz də maşını saxlamadınız? 

–Xeyr.      

–Benzin kolonkası yanında Əhmədlə nə barədə danışırdınız? 

–Beş-on kilometrdən sonra Mazanı öldürmək barədə. 

–Və belə danışdınız ki, Əhməd səndən siqaret istəyəndə, bu 

işarə olacaq. 

–Yox. 


–Bəs necə? 

–Elə belə, o, məndən siqaret istədi, mən də verdim. 

–Və elə  həmin an siqareti yandırmayıb zərbə vurmağa 

başladı? 

–Bəli. 

–Deməli, deyirsən, bu işarə deyildi? 



Sükut. 

Elə düşünmək lazım deyil ki, Məmmədin bəzi detalları 

danması  təsadüfi xarakter daşıyır, ya da həqiqətin bərpa 

olunması naminə edilir. Yox, məsələ ondadır ki, ibtidai həbsdə 

olduğu müddətdə "kamera qonşuları" ona cinayət məcəlləsinin 

bəzi maddələrini başa salıblar. O, cinayəti ağırlaşdıran cəhətləri 

də bilir ("gözlərini çıxardaq", "ataq yola"), yüngülləşdirən 

cəhətləri də ("Əlini tutmamışdım, ruldan yapışmışdım", "elə 

belə, siqaret verdim" yəni bu işarə deyildi, işə başlamaq 


 297 

haqqında işarəni mən verməmişəm və sairə). Məmməd özünə 

qarşı nifrəti artıra biləcək sırf emosional cəhətləri də  nəzərə 

alır. Odur ki, Mazanın uşaqlarını söydüyünü danır. Həddən 

ziyadə zalım görünmək istəmir. Odur ki, "qarnına dirsəyimi 

basmamışam, qapıdan çıxıb, maşının qabağından keçmişəm" – 

deyir. Deməli, meyiti narahat etmək istəməyib!  Əhsən belə 

mərifətə! 

–Məqsədiniz nə idi? 

–Maşını qaçırtmaq, sökmək, hissə-hissə satmaq.  

Bu danılmır. 

–Bakıya haçan gəlmisən? 

–Martın 23-də. 

–Əhmədlə harda və haçan tanış olmusunuz? 

–Şəkidən tanışıq. 

–Sonra harda və haçan görüşdünüz? 

–Bakıda. Martın 24-də. 

–Necə? 


–Təsadüfən. Küçədə. 

–Bəs sonra? 

–Bütün günü şəhəri gəzdik.  Sonra   TFərhadU kafesində 

nahar elədik. Əhmədin  pulu yox idi. Mən qonaq elədim. 

–Bu iş haqqında söhbəti harda başladınız? 

–Elə orada, kafedə. 

–Ətraflı danış. 

–Əhməd mənə dedi ki, gəl bir xüsusi maşın saxlayaq, 

sürücüdən xahiş eləyək ki, bizi şəhərdən kənara aparsın, xəlvət 

bir yerdə onu öldürək və maşını qaçırdaq. 

–Sən də razılaşdın? 

–Bəli. 


–İndi tutduğun əməldən peşmansanmı? 

Sukut. 


Bu sükut hər  şeydən dəhşətli idi. Sonra məhkəmənin 

axırında son sözündə  Məmməd (görünür onun aqibətini 

yüngülləşdirməyə çalışan vəkilinin məsləhəti ilə) öz 


 298 

peşmançılığı haqqında danışdı. Dedi ki, tutduğu iş üçün xəcalət 

çəkir, Mazan Əliyevin qarşısında özünü günahkar bilir. Ancaq 

nə əvvəldə, nə də proses ərzində o bu sözləri deməmişdi. Ona 

görə yox ki, qəsdən demək istəmirdi. Ona görə ki, o, doğrudan 

da peşmançılıq hissləri keçirmirdi. 

Əxlaqca pozulmuş  şüur üçün cinayət yalnız açılan zaman 

cinayət olur, şahidlər varsa cinayət sayılır. Bu qəribə variantda 

isə  şahid diri qalmış qurban özü idi. Açılmamış, sübuta 

yetirilməmiş,  şahidsiz cinayət  əxlaqca pozğun  şüur üçün 

cinayət deyildir. Belə  şüur üçün cinayətin açılması  və deməli 

cəza qorxusu yeganə qoruyucu səddir. Bütün qalanlar isə – 

vicdan əzabları, daxili iztirablar, işlənmiş günah üçün qorxu və 

bir vaxtlar deyildiyi kimi allah xofu – heç bir əhəmiyyətə malik 

deyil. Tutulmamısan – oğru deyilsən,  şahid yoxdur–qatil 

deyilsən, sakit yata bilərsən. On bir yetimi heç xatirinə  də 

gətirmə. 

Yox tutulmusansa, başqa məsələ. Tutulmusansa deməli öz 

əməlini o axşam "Fərhad" kafesində olduğu kimi qeydsiz-

şərtsiz bəyənə bilməzsən. Ancaq əslində  nə  Məmmədin 

psixologiyasında, nə onun əxlaqi anlayışlarında heç bir 

dəyişiklik olmamışdı.  Əgər cinayət baş tutsaydı, onlar ələ 

keçməsəydi Məmməd bəlkə də ömrünün axırına qədər heç bir 

vicdan  əzabı  çəkməyəcəkdi. "Vicdan?! O nədi elə? Adam 

öldürmək pisdir? Zalımlıq pisdir? Satqınlıq pisdir? Niyə?". 

Caninin hərəkət tərzindən və düşüncə məntiqindən doğan bu 

sayaq suallara cavab vermək çətindir. Doğrudan da ona necə 

izah edəsən ki, xəyanət pisdir. Zalımlıq pisdir. Vicdan ülvi 

anlayışdır. Əgər sözləri isbat etmək, əyani konkret formalarda 

göstərmək, insan nəcibliyinin, qəhrəmanlığının,  fədakarlığının, 

mərhəmətinin yüksək örnəklərilə  təcəssüm etdirmək mümkün 

deyilsə, belə sözlərin mənası  nədir? Dediyimiz yüksək 

anlayışlara müasir həyatdan, tarixdən, bədii  ədəbiyyatdan 

nümunələr gətirmək olar. Tarix? Tarix onları maraqlandırmırdı. 

Kitablar? Oxumurdular. Yaxşı, bəs müasir həyat? Axı ola 


 299 

bilməz ki, onlar mərhəmətli, namuslu, nəcib adamlara rast 

gəlməsin? Necə yəni rast gəlməyiblər. Neç olmasa elə Mazanın 

özünü götürək. Onun tərcümeyi-halı tamamilə real olmasaydı, 

qeyri-inandırıcı  dərəcədə nümunəvi görünə bilərdi. Müharibə 

illərində döyüşçünün çətin yolu, Neft daşlarında fədakar əmək  

günləri,   möhkəm, sağlam,   çox uşaqlı ailə. Üstəlik  şəxsi 

keyfiyyətləri: xoşqılıqlığı, həssaslığı, əməksevərliyi. Amma nə 

olsun, bütün bunlar zərbə endirən  əli saxlamadı, gözünü 

deşməyi təklif edən dili susdurmadı. Məsələ nədədir? Görünür 

bu tipli adamların başqa bir qiymət cədvəli var. Və  həmin 

qiymət cədvəlində bütün normal adamlar üçün fəna olan bir 

şey, heç də fəna deyil. Hamıya şər kimi görünən bir şey, heç də 

şər deyil. Vicdan, mərhəmət, insaniyyət? Sözlər, sözlər, 

sözlər... Yaxşı  bəs pul, dövlət, bunlardamı ancaq sözlərdir? 

Yox, bu başqa məsələ. Pul Bakı  şəhərinin  ən adi yemək 

yerlərindən olan "Fərhad"  kafesində kef çəkib yemək-içmək 

deməkdir. Dondurulmuş balıq, tutma xiyar, bir şüşə, yaxşı iki-

üç  şüşə neft təmi verən pis Bakı arağı – bir axşama on beş-

iyirmi manat. Yaxşı bir axşam olmasın, on axşam olsun. Yüz 

axşam olsun. Bunun yolunda – bəli məhz bunun yolunda – 

çünki canilərin  son dərəcə kasıb daxili aləmi "ləzzətli həyatın" 

başqa keflərindən bixəbər  idi.      Ancaq    tək  bircə bunlardan 

ötrü qarşına çıxan adamı öldürmək olar.  Əgər  xüsusi 

avtomobili varsa. 

Amma bəlkə  məsələ ayrı cürdür? Bəlkə  iş elə  gətirib ki, 

onlar həyatda yalnız pis adamlara tuş olublar. Yalançı, satqın, 

əzazil adamlara. Bəlkə bir, ya iki nəfər belə bir şəxs onların 

xarakterini tərbiyə edib. Təsadüfi deyil ki, Əhmədin vəkili 

Məmmədin  əlinin üstünə  çəkilmiş döymə  şəkillərə diqqət 

yetirdi. Bu şəkilləri Məmmədin çox erkən yaşından pis yola 

düşməsi kimi qiymətləndirdi. (Bu prosesdə  vəkillərin işi çətin 

idi. Hər biri müdafiə etdiyi şəxs üçün yüngülləşdirici cəhətlər 

tapmayıb o biri müttəhimin təqsirini artırmaq istəyirdi.) 

Budur şahid sifəti ilə Məmmədin   atası, Şəki ipək fabrikinin 


 300 

fəhləsi çıxış edir. Bu 58 yaşlı kişi ixtiyar bir qocanı andırır. 

Oğlunun müsibəti onun da qəddini  əyib. Çal tük basmış 

sifətində iztirab izləri var. Hakim xahiş edir ki, özü haqqında 

danışsın. O danışır. Zəhmət içində keçmiş  həyatından danışır. 

Deyir ki, 16 yaşından beş baş külfət saxlamalı olub. İndi 

kombinatın boyaqçı sexində  işləyir. Arvadı da orda işləyir. 

Məmməd də Bakıya bu uğursuz səfərinə qədər orda işləyirmiş.  

(Maaşı 60 manat.) Məmməd gözləri qarşısında atasını görürdü. 

Amma bəlkə bu nümunədə  Məmməd onun əsil mənası ilə 

daban-dabana zidd olan başqa bir şey görürdü. Bəlkə o atasının 

həyat yolunu lazımsız fədakarlıq kimi qiymətləndirir və 

düşünürdü ki, bu nəciblik heç bir xoş güzərana səbəb olmayıb, 

necə deyərlər özünə gün ağlaya bilməyib. Bəlkə maddi 

cəhətdən təmin olunmamış namuslu həyat – yetişməmiş  şüur 

üçün pis misaldır, əks müddəanı sübut edir. 

Məhkəmə zamanı canilərin və zərərçəkmişin özlərini  necə 

aparmalarını    müşahidə etmək çox maraqlı idi. Mazan Əliyev 

daha həyəcanlı görünürdü. O, az-çox sağalmışdı. Amma indiyə 

qədər mənəvi sarsıntıdan özünə  gələ bilməmişdi.   Bıçaq 

yaraları      sağalırdı. Amma indiyə  qədər o anın təəccübü 

keçməmişdi: ona bu yaraları kim vurur? Bir dəqiqə bundan 

qabaq onunla şən zarafatlaşan, oxuyan həmin oğlanmı? Nə 

üstündə? Bu suallara indi məhkəmədə  də cavab tapmaq 

çətindir. Axı  lənət  şeytana, bədə-bəddə maşını qaçırtmaq, 

sökmək olardı. Daha sürücünü öldürməyə, həm də belə 

zalımcasına qətlə yetirməyə nə hacət? Mazan anlamağa çalışır. 

Hər bir təbii hisslərlə, normal əxlaqi şüurla yaşayan adam kimi, 

o da bunu heç cür anlaya bilmir. Və  bəlkə  məhz buna görə 

Mazan ona bu qədər iztirab gətirmiş canilərə nifrətdən artıq 

təəccüblə baxır. Bu yerdə belə bir söz nə qədər qəribə görünsə 

də, hətta, müəyyən qayğı ilə yanaşır. O çıxışlarında dönə-dönə 

belə bir ifadəni təkrar edirdi: "Axı onlar mənim balalarım 

kimiydi". (Əlbəttə yaş  mənasında). Məhkəmədə  Əhməd 

Əbdülrəhimovun halı xarab olanda və o su istəyəndə Mazan 


 301 

yanındakı "Badamlı"  şüşəsindən stəkana su süzüb müttəhimə 

yaxınlaşdı. O, özünü göstərmirdi. Bu hərəkət nifrət və  şər 

anlayışları ilə deyil, elementar insaniyyət, xeyir anlayışları ilə 

yaşayan bir adamın təbii davranışı idi. 

Məhkəmədə bir təsirli hadisə  də oldu. Məhkəmə  sədri 

Mazana zərbə vurulan fin bıçağını  əşyayi-dəlil kimi göstərdi. 

Hakim bıçağı göstərən kimi Mazan əlləri ilə üzünü tutdu və 

başını aşağı saldı – o bu silaha baxa bilmirdi. 

–Siz bu bıçağı tanıyırsınız? 

Mazan başını qaldırmadan: 

–Yox, – dedi, – axı mən onu görməmişəm. 

–Təsdiq edirsiniz ki, sizi məhz bu bıçaqla vurublar? 

(Cavabınız protokola yazılmaq üçün lazımdır.) 

–Madam ki, bu bıçağı  mənim başımdan çıxardıblar deməli 

elədir. 


–Yaxın gəlin, bıçağa baxın və təsdiq edin. 

Mazan: 


–Yox, – dedi.   Və pıçıltı  ilə  əlavə  etdi: – Qorxuram. 

Hakim gülümsündü: 

–Qorxmayın, indi bıçaq mənim əlimdədir.  

Mazan qəribə sözlər dedi: 

–Onların yanından keçməyə qorxuram. 

Dedi və müttəhimlər kürsüsünü göstərdi. 

Düz beş  dəqiqə bundan əvvəl o nəinki bu kürsünün 

yanından keçmişdi, hətta bir stəkan su ilə Əhmədə yanaşmışdı. 

İndi isə görünür şüurun nəzarət edə bilmədiyi sırf fizioloji 

impulslar, qoruyucu instinktlər təsir göstərirdi. Ancaq Mazan 

buna da qalib gələ bildi, hakimə yanaşdı, diqqətlə bıçağa baxdı 

və sanki mat-məəttəl qaldı. İndi də onun keçirdiyi hal qəzəbdən 

daha çox təəccüb halı idi. Müttəhimlər kürsüsünün yanından 

geri dönərkən o, yenə də çox qəribə sözlər dedi: 

–Ə, sizin insafınız hanı ə... Adamı da belə bıçağnan vurarlar. 

Barı yumruqnan vuraydınız. 

Sözlər qəribə idi, onların deyiliş  tərzi daha da qəribə... Bu 


 302 

qəzəbli bir ittiham deyildi, yüngül bir tənə idi. Elə bil kosla 

pəncərə şüşəsini sındırmış nadinc uşağı mehriban dayısı tənbeh 

edirdi. 


Mən Mazan Əliyevin arvadı Dünyaxanımın şahid kimi çıxış 

edərkən dediyi sadə sözlərə yüz faiz inanıram. Hakim xahiş 

edəndə ki, Dünyaxanım  əri haqqında danışsın Dünyaxanım 

belə cavab verdi:                      

–Nə deyim, bilmirəm. Gör neçə ildir ki, bir yerdə  yaşayırıq. 

Bir onu deyə bilərəm: o belə adamdır ki, əgər siz indi ona 

ixtiyar versəniz, bax elə buradaca  bu oğlanları buraxar getsin. 

Mən Dünyaxanımın sözlərinə yalnız ona görə inanmıram ki, 

Mazanın xasiyyətinə yaxşı bələdəm (mən onu yaxşı tanımıram) 

yaxud xristian şəfqəti ideyasına məftunam. Mən ayrı  şeyə 

inanıram. Başı çox bəlalar çəkmiş insanın başqa insanlara 

qırılmaz etibarına inanıram. Bu etibar deyir ki, hər hansı bir 

adamda zalım və murdar cəhətlər varsa belə, onların dibində nə 

isə  həqiqi, yaxşı  cəhət də ola bilər və bu yaxşı  cəhəti xilas 

eləmək hələ bəlkə də gec deyil. 

17 yaşlı  Məmmədi xilas etmək olarmı?  (Hələlik söhbət 

yalnız ondandır.) Doğrusu işlə tanış olanda da və xususən sonra 

məhkəmədə  həyasızlıqla Mazan Əliyevin yalanını  çıxartmağa 

cəhd etdiyini gördüyüm zaman da mən onun düzələ biləcəyinə 

şübhələnirdim. Bu şübhələrim professor Ş.Ağayev ona 

mücərrəd, amma çox vacib bir sual verərkən, Məmmədin 

cavabını eşitdiyim zaman daha da artdı. Professor: "Məmməd, 

bax bu saat səni burdan buraxsaydılar nə edərdin?" – deyə 

soruşdu. Məmməd: " – Evimizə gedərdim" – dedi. 

Onun heç ağlına da gəlmədi ki, başqa bir cavab da verə 

bilərdi: "Gedərdim Mazanın ayağına yıxılardım, yalvarardım 

ki, məni bağışlasın, günahımı yumağa çalışardım". 

Ancaq bir an mənim şübhələrim sarsıldı. 

Şahid sifəti ilə salona Məmmədin anasını, Salatın 

Əhmədovanı çağırdılar. Salona 40 yaşlı, xoşsifət, başına 

kəlağayı örtmüş bir qadın daxil oldu. Onun sifətində kədər və 


 303 

eyni zamanda şəffaf bir təmizlik vardı (mən bilmirəm oğlunun 

pis tərbiyə almasında bu qadının məsuliyyəti nə qədərdir. Hər 

halda istintaq orqanlarına tapdığı 200 manatı  məhz o gətirib. 

"Bizə haram pul lazım deyil" – deyib)... 

O, suallara yavaş səslə, kədərlə və dəqiq cavab verirdi. Onu 

deyim ki, Salatın xanımın cavablarından biri həqiqətin 

dəqiqləşməsinə yardım göstərdi. Bu barədə sonra deyəcəyəm. 

İndi söhbətim ondan deyil. Məhkəmə salonunda hamının 

qəlbini titrədən ən təsirli epizodlardan biri haqqında danışmaq 

istəyirəm.  Şahidlər kürsüsündə ana dayanmışdı. Və ana adi 

suallara cavab verirdi – adı, famili, doğulduğu il. Və bu zaman 

Məmməd ağlamağa başladı. Bərkdən hönkürə-hönkürə 

ağlamırdı. Xısın-xısın, hıçqıra-hıçqıra, acı-acı  ağlayırdı. 

Dəcəllik etmiş uşaq kimi. Bütün bu iş müddəti ərzində həmin 

dəqiqələr Məmmədin ilk təbii və həqiqi emosional halı idi. İndi 

o, nə başqasının həyatına, insan qanunlarına yuxarıdan aşağı 

baxan bir "qəhrəman", nə Mazanın xırda təfərrüatda yalanını 

çıxartmağa çalışan bir həyasız, nə taleyinə biganə  və laqeyd, 

bütün sözlərə, məsləhətlərə kar olan etinasız bir adam idi. İndi 

onun varlığına bircə hiss hakim kəsilmişdi: onu anlamağa qadir 

olan yeganə bir adamın yaxınlıqda olması. Elə bir adamın ki, 

onu sevir, hətta tutduğu pis əməllərinə baxmayaraq sevir. 

Çünki hansı əxlaq meyarları ilə ölçürük-ölçək ananın övladına 

– övlad nə iş tutmuş olursa olsun – məhəbbətindən yüksək heç 

bir  şey ola bilməz. Ana övladını  cəzalandıra bilər, ondan üz 

döndərə bilər, onu ittiham edə bilər və başqaları  tərəfindən 

onun ittiham olunmasını  qəbul edə bilər. Cinayətinin 

müqabilində övladının hər hansı bir cəzaya məhkum olunması 

ilə razılaşa bilər. Bu cəzanı ədalətli saya da bilər. Ancaq bütün 

bunlarla bərabər o yenə  də övladını sevir. Çünki o, övladını 

sevməsəydi, hətta onun cinayətkar olduğuna görə belə 

sevməsəydi, bu özü də həyat və təbiət qanunlarına, əxlaqi insan 

qanunlarına qarşı cinayət olardı. Qanunun humanist prinsipinə 

hətta ölümə  məhkum olmuş adama belə tibbi yardım 


 304 

göstərilməsi daxildir. Məhz elə bu sayaq, ana məhəbbəti də 

ədliyyə qanunlarını inkar etmir. 

Məmməd anasını görüb, onun səsini eşidib ağlayarkən 

məndə ilk dəfə olaraq ümid oyandı. Mən bilmirəm, o cəza 

müddətini çəkib həbsdən necə qayıdacaq. Yaxşını-pisi anlamış, 

tərbiyə olunmuş bir şəxs kimi, ya qəlbi daha da daşlaşmış, 

cinayətin peşəkar cəhətlərini mənimsəmiş bir zalım kimi. 

Ancaq hər halda anası  gələrkən Məmmədin gözlərindəki yaş 

kövrək bir ümid üçün əsas verir... 

Sırf praktik cəhətdən isə bu emosional səhnə  məhkəmədə 

dönüş nöqtəsi oldu. Məmməd tab gətirmədi və indiyə  qədər 

inkar etdiyini boynuna aldı. 

Məsələ ondadır ki, o da, Əhməd də, hələ Şəkidə danışıb söz 

qoyduqlarını, Bakıya müəyyən bir niyətlə  gəldiklərini 

danırdılar. 

–Bakıda necə görüşdünüz?  

Hər ikisi: 

–Təsadüfən – deyirdi. 

Məmməddən soruşurdular: 

–Bakıya niyə gəlmişdin? 

Cavab verirdi: 

–Elə belə. 

Cavab verirdi: 

–Gəzməyə. 

Cavab verirdi: 

–Nişanlımın yanına. 

–Onu gördün? 

–Yox, çıxıb getmişdi. 

Cavablar qondarma idi. Ağlına gələni deyirdi. Amma ayrı 

cavab vermirdi. 

Məmmədin atasından soruşurdular: "Oğlunuz Bakıya niyə 

gəlib. Gedəndə sizə nə dedi?" 

–Dedi ki, gəzməyə gedirəm. 

–Kimin yanına? 


 305 

–Demədi. 

Həmin sualları anasına da verdilər. 

–Dedi ki, gəzməyə gedirəm, mən də deyirəm a bala, böyük 

şəhərdir, kimin yanına gedirsən. Orada axı heç kəsi tanımırsan. 

Orada nə bir tanış-bilişimiz var, nə bir qohumumuz. Dedi ki, 

yox dostum var orada. 

Hakim: 


–Dostu kimdir, adını  çəkdimi? – deyə soruşur və salona 

sükut çökür. 

Salona indicə daxil olmuş, nə  ərinin, nə  də  oğlunun 

ifadələrini eşitməmiş Salatın xanım: 

–Bəli, – deyir. 

Ancaq onun bu "bəli"sinin səbəbi bəlkə yalnız  əvvəlki 

ifadələrdən bixəbərliyi deyil. Səbəb bu qadın uçün yalan 

danışmağın qeyri-mümkünlüyüdür. 

–Dedi ki, bax bu Əhmədin yanına gedirəm.  

Salondan hənirti keçir. A. İbrahimov Məmmədə müraciət 

etdi: 

–Eşitdin anan nə dedi?  



Məhkəmənin lap əvvəlində A.İbrahimov müttəhimlərə 

onların qanunla təmin olunan haqlarını  və imtiyazlarını izah 

etmişdi. Qanuna görə onların yalan danışmaq imtiyazı da vardı. 

Şahidlərdən fərqli olaraq müttəhim öz xeyirinə yalan da danışa 

bilər. Və buna görə məsuliyyət daşımır. 

A.İbrahimov: 

–Təkrar edirəm, sənin belə bir haqqın var. Yenə  də yalan 

danışa bilərsən. Bunun üçün məsuliyyət daşımırsan. Deyə 

bilərsən ki, anam yalan deyir, mən ona Əhmədin adını 

çəkməmişəm. Hə, nə deyirsən? 

Dərin sükut. Göz yaşları. Bəlkə  də  həyatda ilk dəfə olaraq 

oğlanın ürəyində mürəkkəb bir çarpışma gedir. Sonra güclə 

dörd kəlmə söz deyir: 

–Mən tənəffüsdən sonra danışacam. 

Tənəffüs elan olunur. 


 306 

 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin