Ядябиййат сийащысы
Franz Rosenthal. A History of Muslim Historiography. Leiden, 1952, p. 14.
Franz Rosenthal. Ibid., p. 45.
Franz Rosenthal. Ibid., p. 203-204.
Franz Rosenthal. Ibid., p. 100-101.
Franz Rosenthal. Ibid., p. 382.
Жузе П.К. Thesaurus Linguaram Turcorum // Известия Восточного факультета АГУ им. В.И.Ленина. т.1, Баку, 1926.
Мянбяляр
Абу Мухамед Ахмад ибн Асам ал-Куфи. Книга завоеваний. Баку, 1981.
Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку, 1993.
Баладзори. Книга завоеваний стран. Баку, 1927.
Буниятов З.М. Обзор источников по истории Азербайджана. Арабские источники. Баку, 1967.
Вялиханлы Н.М. ЫХ-ХЫЫ яср яряб ъоьрафишцнас сяййащлары Азярбайъан щаггында. Бакы, 1974.
Ибн Хордадбех. Книга путей и стран. Баку, 1986 Тяръцмя вя шярщляр Н.М.Вялиханлынындыр.
Йакут ал-Хамави. Му’ал-булдан. Алфавитный перечень стран. (Сведения об Азербайджане). Баку, 1983.
Ковалевский А.П. Книга Ахмеда ибн Фадлана о его путешествии на Волгу в 921-922 гг. Харьков, 1956.
Якуби. История. Баку, 1927.
Klassik feodalizm dövrü mənbələri
Farsdilli mənbələr
XI-XVII əsrləri əhatə edən klassik feodalizm dövrü farsdilli tarixi məktəb bir neçə inkişaf mərhələsi keçmişdir. Ərəb işğalları ilə qədim tarixi ənənələrinə müvəqqəti son qoyulmuş İran dövlətində yerli feodal xronikalarının yaradılması xilafatın süqutu ilə demək olar ki, eyni vaxta təsadüf edir. Məhz bu dövrdə fars dilində orijinal əsərlərin yaradılmasına ilk cəhtlər göstərilmişdir. Bu sahədə ilk addımı isə Samani vəziri, X əsr müəllifi Məhəmməd əl-Baləmi atmışdır. 963-cü ildə Məhəmməd əl-Baləmi ərəb alimi ət-Təbərinin məşhur «Peyğəmbərlərin və hökmdarların tarixi» adlı əsərini fars dilinə tərcümə etmişdir. Artıq bu dövr üçün yeni fars dilinin, darinin, formalaşması başa çatmışdır. Bu dildə ilk əsərlərin hələ XI əsrin ortalarında yaradılmasına baxmayaraq, onlar dövrümüzə tam şəkildə gəlib çatmamışdır.
Bütövlükdə XI əsr fars ədəbiyyatı və tarixi ənənələrinin dirçəldilməsi dövrü hesab edildməlidir. Bu dövrdə naməlum müəllifin «Dünyanın sərhədləri» adlı coğrafi əsəri, Abd əl-Hay-i Qərdizinin «Xəbərlərin bəzəyi» adlı əsəri yazılmışdır. Axırıncı əsər yeni fars, yəni dari dilində yazılmış ilk orijinal əsər idi. Fars dilli tarixi abidələrin formalaşması səlcüq, monqol, teymuri və səfəvi dövrlərində özünəməxsus inkişaf mərhələsi keçmişdi.
Səlcüq dövləti türk mənşəli olmasına baxmayaraq, türklər dövlət aparatını fars məmurlarına həvalə edərək, yalnız hərbi və vergi sahəsini nəzarətdə saxlayırdılar. Bu isə dövlət aparatında yazışma və sənədləşmənin fars dlilində aparılmasına şərait yaratmış, nəticədə fars yazılı ənənələrinin inkişafı üçün geniş imkanlar açılmışdı. Təəssüf ki, səlcuq dövrü Qafqaz və Azərbaycan tarixinin bərpası üçün kifayət qədər və lazımi mənbə bazası yaradılmamışdır. Bunun əsas səbəblərindən biri kimi Səlcuq imperiyasında baş verən arasıkəsilməz hərbi yürüşlər və işğallar göstərilməlidir. Digər tərəfdən natural təsərrüfatın hökmranlığı, iqtisadi və ticarət əlaqələrinni zəifliyi fundamental tarixi əsərlərin yaradılmasına imkan verməmişdi. Buna baxmayaraq, bu dövr ədəbiyyat və incəsənətin inkifaşı baxımından böyük nailiyyətlər dövrü olmuş, dövrün ən görkəmli şair və ədibləri saraya yaxın olmuş və siyasi proseslərin bilavasitə iştirakçısı olmasalar da, şahidinə çevrilmişdilər. Orta əsr görkəmli Azərbaycan ədiblərindən Xaqani Şirvani, Əfzaləddin Xaqani, Nizami Gəncəfi, Qətran Təbrizi, Fələki Şirvani, və b. əsərlərində səlcüq dövrünün mühüm və yaddaqalan hadisələri ədəbi dildə təsvir olunmuşdur. Bu dövrün ən məşhur tarixi əsərləri sırasında isə səlcuq vəziri Nizam əl-Mülkün «Siyasətnamə» və Nizami Əruzi Səmərqəndinin «Dörd məqalə» əsəri qeyd olunmalıdır. Səlcuq sultanlarından Alp Arslanın və onun oğlu Məlikşahın vəziri olmuş Nizam əl-Mülk Səlcuq dövlətinin olduqca geniş əraziləri əhatə etdiyi bir dövrdə 30 il dövləti demək olar ki, tam müstəqil idarə etmişdir. Onun «Siyasətnamə» əsəri Səlcuq dövlətinin idarə sistemi, vergi qaydaları, hərbi quruluşu və digər qayda-qanunlarını öyrənmək üçün mötəbər tarixi mənbələrdən sayılır. Əsərin yazılma səbəbi kimi müəllif keçmiş tarixlərin, şah və hökmdarların idarə-üsulunun təhlili, baş verən mənfi hadisələrin araşdırılması və səbəblərinin aşkarlanması, idarə sisteminin kamilləşdirilməsi və təkmilləşdirilməsini ön plana çəkir. Əsər şərq tarixinin ərəb xilafatından başlayaraq, təhlilinə həsr edilmişdir. Əsərdə xürrəmilər hərəkatına aid maraqlı mülahizələr yürüdülür, bu hərəkatın məğlubiyyətlə bitməsinin xilafat üçün əhəmiyyətindən danışılır.
Tarixi əsərlərin yaradılması ənənələrinin bərpası monqol dövründə daha da inkişaf etdirilmişdi. Monqol dövrü fars dilli mənbələrin xarakterik xüsusiyyəti onların əsasən siyasi və hərbi tarixə həsr olunmasıdır. Bu əsərlərdə sosial-iqtisadi, ticari, məişət məsələləri olduqca səthi əks olunur. Onlarda fundamental tarixə də az rast gəlinir. Onların içərisində sırf Azərbaycana həsr olunmuş əsərlər yox dərəcəsindədir. Bütün bu faktlar monqolların ilk dövrdə işğal etdikləri ərazilərdə yeritdikləri iqtisadi siyasətlə bağlı idi. Köçəri həyat tərzi keçirən monqollar oturaq həyat (şəhər həyatı) ilə bağlı problemlərə ciddi yanaşmır və onların qorunması və inkişafı barəsində düşünmürdülər. Nəticədə monqolların ilk işğalları dövrü Azərbaycanda da digər ərazilərdə olduğu kimi iqtisadi və mədəni tənəzzül dövrü başlamışdı. Lakin Hülakilər dövründə monqolların işğal etldikləri ərazilərdə yeritdiyi siyasət kəskin dəyişmiş, hakimlər köçəri əyanlardan çox, yerli əyanları dəstəkləməyə və oturaq həyat tərzini dirçəltməyə cəhd göstərmişlər. Məhz bu dövrdə fars tarixi məktəbi bir sıra maraqlı tarixi əsərlərlə zənginləşmişdi. Onların ən parlaq nümunəsi monqol vəziri Rəşidəddinə məxsusdur. Fəzlullah Rəşidəddin dövrünün yüksək təfəkkürə, ensiklopedik biliyə malik şəxsiyyətlərindən olmuş və maraqlı həyat yolu keçmişdir. İxtisasca təbib olan Rəşidəddin faktiki olaraq, Elxani hakimləri Arqun və Qazan xanın vəziri olmuş, bu dövlətin ərazisində böyük xeyriyyəçilik işləri aparmış, elm və mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olmuşdur.
Fəzlullah Rəşidəddin zəngin irsə malik alimlərdəndir. Onun «Cami ət tavarix» və ya «Ümumdünya tarixi» (və ya «Salnamələr məcmuəsi») adlı əsəri Qazan xanın sifarişi ilə yazılmağa başlamış (təxminən 700/1300-1301-ci il), lakin onun ölümündən sonra, 1307-ci ildə tamamlandığından Qazan xanın qardaşı Ulcaytu xana təqdim edilmişdir. Əsərin yaranmasını şərtləndirən amillərdən biri kimi o dövr Yaxın Şərqdə yaranmış vəziyyət əsas götürülməlidir. Belə ki, müxtəlif ərazilərdə hakimiyyətə gəlmiş türk sülalələri öz tarixi ənənələrinə söykənmiş tarixi əsərlərin yazılmasında maraqlı idilər. Məhz bu baxımdan Rəşidəddinin «Cami ət tavarix» əsəri türk tayfalarının tarixinə həsr olunmuş və bu tarixi dünya tarixi kontekstində təqdim etmiş ilk fundamental əsər statusuna iddiaçı ola bilər. Əsər tam şəkildə dövrümüzə qədər gəlib çıxmasa da, onun müxtəlif hissələri və fraqmentləri türk tayfalarının ictimai və siyasi həyatı haqqında dolğun və hərtərəfli fikir yaratmaq imkanı verir. Rəşidəddin üç cildlik əsər yazmağı planlaşdırsa da onun yalnız birinci iki cildini tamamlaya bilmişdir. Əsərin əsas mənbələri Çingiz xanın rəsmi tarixi sayılan «Qızıl kitab», monqol yürüşlərinin hərtərəfli təsvirini qorumuş monqol əlyazmaları və Cuveyninin salnaməsi olmuşdur. Əsərin birinci cildi iki hissədən ibarət olaraq, monqol və türk tayfalarının adlarının sadalanması və Çingiz xan və onun xələflərinin tarixini əhatə edirdi. İkinci cild də iki hissədən ibarətdir və sultan Ulcaytunun hökmranlığı dövrü və dünya tarixini əhatə edir.
«Cami ət tavarix»in bir fraqmenti hesab edilən «Oğuznamə» əsərinin nə zaman və harada yaradılması haqqında müxtəlif mülahizələr mövcuddur. Alimlərin fikrincə (A.N.Bernştam, İ.P.Petruşevski, R.M.Şükürova və b.) əsər ya Azərbaycan, ya da Anadolu ərazisində və Qazan xanın hakimiyyətinin son dövrü və ya Ulcaytunun hökmranlığı dövründə yazılmışdır. Əsərdə əsas hadisələr Oğuz xanın hakimiyyəti dövrü ilə onuncu hökmdar İnalsır Yavkunun dövrünə təsadüf edir. Beləliklə, əsər b.e.ə. VII əsrdən başlayaraq, iki min illik tarixi əhatə edir. Yəhudi tarixi ənənələrinə dərindən bələd olan mənşəcə yəhudi olan Rəşidəddin məhz İudey tarixi fikrinə söykənərək Orta Asiya türk tayfalarının qərbə yürüşünü b.e.ə.VII əsrə bağlayır. Yazılı deyil, şifahi xalq yaradıcılığı əsasında formalaşmış «Oğuznamə»nin əsas xüsusiyyətlərindən biri onda reallıqla əfsanəvi tarixin vəhdət təşkil etməsidir. Bu baxımdan əsərin mənbə kimi istifadəsi xüsusi mənbəşünaslıq təhlili tələb edir. Digər tərəfdən «Oğuznamə» hansısa konkret tayfanın və ya xalqın yaradıcılıq məhsulu deyil. Bu mənbədə türk və şərqin digər tayfa və xalqlarının tarixi gerçəkliyi əks olunmuşdur.
Rəşidəddinin xüsusi maraq doğuran əsərlərindən biri də onun «Yazışmasıdır». Oğluna məktublardan ibarət olan bu əsər Elxani dövləti tarixinin mühüm bir sahəsini, dövlət idarəçiliyinin, iqtisadi və vergi siyasətinin əsas istiqamətlərinin öyrənilməsi üçün əvəzsiz mənbədir. Əsərdə müəllif alimdən çox, dövlət xadimi, kamil iqtisadçı və bacarıqlı idarəçi kimi çıxış edir. Tarixdə Qazan xan islahatlarının ideoloqu kimi tanınmış Rəşidəddin bu əsərində Elxani dövlətinin idarə sistemi, dövlət aparatının iş mexanizmi haqqında hərtərəfli informasiya verir. Əsərdə şərqin beş tarixi mərhələsi-patriarxax münasibətlərin formalaşması, sinfi münasibətlərin formalaşması, hun dövrü, Mode ilə birləşmə, VI-VIII əsr türk dövrü və IX-XII əsr peçeneq-qıpçaq dövrü, təsvir olunur.
Rəşidəddinin şagirdi, məsləkdaşı, görkəmli tarixçi Həmdallah Qəzvini «fars tarixşünaslığının qızıl əsrlərinin» (V.V.Bartold) müasiri olmuşdur. XIV əsrdə yaşamış Həmdallah Mustovfi Qəzvini dövrünün məşhur dövlət xadimi və tarixçısi olmuşdur. Dövrümüzə onun bir neçə əsəri gəlib çıxmışdır. Onların içərisində «Tarix-e qozide» (Seçilmiş tarix), «Zeyl-e tarix-e qozide», «Zəfərnamə», «Nüzhət əl kulub» (Ürəklərin rahatlığı») və s. göstərmək olar. Qəzvininin birinci iki əsəri tarixi proseslərin qədim dövrdən XIV əsrin ortalarınadək olan xronoloji təsviridir. Bir çox tarixi hadisələrin şahidi olmuş müəllif əsərlərində feodal ara müharibələri, xalq çıxışları, ictimai-siyasi və sosial-iqtisadi vəziyyət haqqında geniş məlumat verir. 1344-cü il Təbriz üsyanı haqqında ətraflı məlumat verən alim xalq kütlələrinin ağır vəziyyəti və bunun səbəbləri üzərində dayanır. Coğrafi traktat olan «Nuzhat əl qulub» adlı əsərində isə Qəzvini monqol işğallarına məruz qalmış ölkələrdə yaranmış siyasi şərait, bu istilalardan əvvəl və sonra məşhur şəhərlərdə baş vermiş dəyişikliklər, təbii şərait, sosial-iqtisadi durum əkinçilik, sənətkarlıq və ticarətin vəziyyəti haqqında maraqlı məlumatlar verir.
Qəzvininin oğlu Zeynəddin Qəzvini «Zeyl-e tarix-e qozide» adlı əsərində atasının təsvirini davam etdirir. Bu əsərdə 1341-1392-ci illərdə baş vermiş hadisələr əks olunur. Teymuri yürüşlərinin şahidi olmuş müəllif əsəri yazarkən, özündən əvvəlki tarixçilərin məlumatlarına istinad etmişdir. Onun mənbələri içərisində atası Qəzvininin əsərlərindən başqa, Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin «Tarix-e şeyx Uveys» adlı əsəri qeyd olunmalıdır. Bu əsər orta əsr Azərbaycanında baş vermiş tarixi hadisələrin bərpası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, müəllif əsasən Azərbaycanda və ətraf əyalətlərdə baş vermiş hadisələri qələmə almağa çalışmışdır. Zeynəddin Qəzvini də əsasən siyasi tarix üzərində dayanır, feodal çəkişmələri nəticəsində xalqın düşdüyü ağır vəziyyəti şərh etməkdən çəkinmir.
XIV əsr fars tarixi məktəbinin incilərindən biri də Azərbaycan alimi Əbu Bəkr əl-Qütbi əl Əhərinin qələminə məxsusdur. Onun «Tarix-e şeyx Uveys» adlı əsəri geniş tarixi çərçivəyə malik olub Adəmdən müəllifin dövrünə qədər olan hadisələri əhatə edir. İki hissədən ibarət olan bu əsərdə müəllif ərəb alimi ət-Təbərinin, Firdovsinin, Nizami Gəncəvinin əsərldərindən geniş istifadə edir. Əsərin birinci hissəsi kompilyativ xarakteri daşıyır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, iqtibas məsələsi fars tarixi məktəbində xüsusi yer tutur və onun bir neçə növü mövcud olmuşdur. Azərbaycan alimləri M.D.Kazımov və V.Z.Piriyevin yazdığı kimi fars mənbələrində «məlum materiallardan istifadə etmə və onu yeni şəkildə təqdim etmə bir yaradıcılıq üslubuna çevrilmişdir» (1). Bu cəhət Zeynəddin Qəzvini və əl-Əhərinin əsərlərində də özünü biruzə verir. İqtibas vermənin ikinci üsulu isə tam şəkildə köçürmədir. Bu üsul əvvəlki müəlliflərin əsərlərində verilmiş tarixi hadisələrin olduğu kimi köçürülməsi və ya müəyyən təhriflərlə yeni əsərə daxil edilməsindən ibarətdir.
XIV əsrin digər görkəmli Azərbaycan alimi Məhəmməd ibn Hinduşah Naxçıvani olmuşdur. Onun «Dastur əl-kətib» adlı əsərinin indiyədək altı nüsxəsi tapılmışdır. Əsər fars tarixi məktəbinin mürəkkəb dildə yazılmış nümunələrindən sayılır. Əsərdə 100-dən çox terminin siyahısı verilir, onların mənası açıqlanır. Bundan başqa əsərdə çoxlu ərəb, türk, fars mənşəli sözlər var ki, bunlar da tərcüməni çətinləşdirən faktolrlardandır. Əsər 1366–cı ildə tamamlanmışdır. M.Naxçıvaninin əsəri məktublar şəkilində yazılmış və onda məktubların, cavabların, şikayətlərin, müxtəlif silkin nüma-yəndələri arasında aparılan yazışmaların nümunəsi verilmişdir. Əsər ön sözdən, iki hissədən və nəticədən ibarətdir. İki kitabdan ibarət olan birinci hissə 4 mərtəbəni (bölməni) birləşdirir. Birinci mərtəbə 23 fəsildən ibarətdir və şahların, onların həyat yoldaşlarının, uşaqlarının titullarına, ləqəblərinə və onlar arasında gedən yazışmalara həsr olunmuşdur. İkinci mərtəbə əmirlərin, qazilərin, vəzirlərin və digər dövlət qulluqçularının titul və ləqəblərini və onlar arasında yazışmaları açıqlayır. Bu mərtəbə 43 fəsildən ibarətdir. 57 fəsildən ibarət olan üçüncü mərtəbədə kübar insanlar arasında yazışmalar şərh edilir. Və nəhayət, 20 fəsildən ibarət olan dördüncü mərtəbədə hökmran sülalənin üzvləri ilə dövlət aparatı işçilərinin yazışmaları verilir.
Kitabın ikinci hissəsi iki babdan (hissədən) təşkil olunmuşdur. Birinci bab monqol əmirlərinə, vəzirlərinə və din xadimlərinə vəzifələrin verilməsinə (57 fəsil), ikinci bab isə xeyirxah işlərə, müxtəlif müraciətlərə, məhdudiyyətlərə, qadağalara həsr olunmuşdur (32 fəsil).
Bütövlükdə monqol dövrü fars tarixi abidələrinin təhlili onların bir neçə xüsusiyyətinin aşkarlanmasına imkan verir. Qeyd edildiyi kimi bu əsərlərdə sosial-iqtisadi problemlər, aşağı təbəqələrin vəziyyəti, həyat şəraiti, iqtisadi probblemlərlə bağlı baş vermiş ixtişaşlar haqqında olduqca səthi məlumatlar var. Məs., 1344-cü il Təbriz üsyanı yalnız Həmdallah Qəzvininin əsərində geniş şərh olunur. Fars mənbələrində əsasən siyasi və hərbi tarix ön plana çəkilir. Bu mənbələrdə etnik problemlər, dini, maliyyə məsələləri, şəhər quruculuğu, tarixi terminlər və s. məsələlərə də rast gəlinir. Demək olar ki, bütün fars abidələri Hülaki dövləti tarixini bütövlüklə əhatə edirlər. Azərbaycana həsr olunmuş əsərlər demək olar ki, yox dərəcəsindədir. Lakin XIII-XIV əsr farsdilli mənbələrin bəzisində Azxərbaycana xüsusi diqqət verilir. Bu isə ilk növbədə Azərbaycanın Hülakilər dövlətinin mərkəzi vilayəti olması, Təbrizin isə onun paytaxtı olması ilə izah olunur. Bəzi farsdilli mənbələr salnamə şəklində tərtib olunmuşlar. Məsələn, Abdallah Kaşaninin «Tarix-e Ulcaytu» əsəri bu qəbildəndir. Ümumiyyətlə, monqol dövrü fars abidələri nəsrlə yazılmışdır. Lakin onların içərisində şeirlə da yazılan əsərlərə (Həmdəllah Qəzvininin «Zəfərnamə»si) rast gəlinir.
Demək olar ki, bütün farsdilli abidələrdə müəllif özü haqqında geniş məlumat verir. Lakin bəzilərində bu ənənə pozulur. Məs., Zeynəddin Qəzvini əsərində özü haqqında yalnız kimin oğlu olması barəsində məlumat verməklə kifayətlənir. Farsdilli abidələrin xronoloji çərçivəsi də müxtəlifdir. Onlar içərisində bir ilin (naməlum müəllifin «Tarix-e vaqiyya-e Təbriz), on illiyin (Həmdəllah Qəzvini), bir əsrin (Rəşidəddin) tarixinə həsr olunmuş əsərlər var.
XIV-XV əsr fars dilli abidələri Teymuri imperiyasının yaranması dövrünə təsadüf edir. Dövrümüzə Əmir Teymurun onun sifarişi ilə yazılmış rəsmi tarixinin üç versiyası gəlib çatmışdır. «Zəfərnamə» adlı bu əsərin müəllifi Şərafəddindir. Bundan başqa Teymurun bir neçə rəsmi tarixi də yazılmışdır ki, onlar dövrümüzə kiçik hissələrlə gəlib çatmışdır. Teymuri dövrünün ilk mənbələrindən biri Təbrizli alim Nizaməddin Şami tərəfindən yaradılmışdır. Teymur Təbrizi işğal edərkən bu şəhərdə yaşamış alim ondan sadədilli bir tarixi salnamə yazmaq sifarişi almış və əsəri çox güman ki, XV əsrin əvvəllərində tamamlamışdır. Teymuru səfər və yürüşlərində müşayət etmiş alim Cənubi Qafqazda əmirin apardığı xarici siyasəti şərh etmişdir. «Zəfərnamə» adlı əsərdə 1399-cu ildən başlayaraq, on il ərzində baş vermiş hadisələr şəxsi müşahidilər əsasında qələmə alınmışdır.
Teymuri dövrünün ən məşhur və kamil əsəri isə Hafiz Əbrunun qələminə məxsusdur. XV əsr müəllifi Hafiz Əbru ümumi tarixə aid iki əsər hazırlamışdır ki, onların birincisi kompilyativ (köçürmə) xarakteri daşıyır. Bu əsərdə qədim dövrdən 908-ci ilədək olan hadisələr ət-Təbərinin «Tarix al rusul va-l-muluk» əsərinin al-Baləmi tərəfindən həyata keçirilmiş tərcüməsinə, 908-ci ildən 1304-cü ilə qədər olan hadisələr, əsasən də monqol işğalları və monqol dövrü tarixi, F.Rəşidəddinin «Ümumi tarix» adlı əsərinə istinadən yazılmışdı. Bu dövrdən sonra gələn hadisələr, Teymurun tarixi və işğalçı yürüşləri isə Nizaməddin Şaminin «Zəfərnamə» əsəri əsasında bərpa edilmiş və hadisələrin şərhi 1403-cü ilə qədər çatdırılmışdır. Əsərin son hissələri, monqol dövlətinin İran dövrü (1304-cü ilə qədər), Teymurun hökmranlığının son illəri və Şahruxun 1446-cı ilə qədərki hakimiyyət illəri isə bilavasitə Hafiz Əbru tərəfindən yazılmışdır.
1423-cü ildə Əbru özünün tarixə aid orijinal əsərini yazmışdır. Ümumdünya tarixinə həsr olunmuş bu əsər Şahruxun oğlu Baysunqurun sifarişi ilə yazılmışdır. «Zubdat ət- tavarix» (Salnamələrin qaymağı) adlı bu əsər dörd cilddən ibarətdir. Əsərin birinci cildi müsəlmanlığa qədərki tarixi əhatə edir. İkinci cilddə peyğəmbərin və ilk xəlifələrin tarixi verilir. Üçüncü cildə isə müəllif şərqi müsəlman və monqol sülaləlirin tarixini şərh edir. İki hissədən ibarət olan dördüncü cilddə isə Teymurun və Şahruxun tarixi verilir. Əbrunun əsərində Azərbaycanda baş verən hadisələrə xüsusi fikir verilir. Lakin Azərbaycan ilə yaxından tanış olmayan müəllif çox vaxt coğrafi adların yerini, hadisələri dəqiq şərh etmir.
XV əsrin digər müəllifi Mirxond «Peyğəmbərlərin, şahlar və xəlifələrin həyatına aid bağlar təmizliyi» adlı əsərin müəllifidir. Yeddi cildən ibarət bu əsərdə dünya tarixi aşağıdakı struktur üzrə şərh edilir: 1) müsəlmanlığa qədərki tarix; 2) peyğəmbər və ilk xəlifələrin tarixi; 3) 12 şiə imamlarının, Əməvi və Abbasilərin tarixi; 4) İran və Hinqdistanda Əməvi və Abbasilərin müasirləri olmuş sülalərin tarixi; 5) monqol imperiyasının tarixi; 6) Teymur və Teymurilərin 1469-cu ilə çatdırılmış tarixi və nəhayət, 7) sultan Hüseynin 1469-1506-cı illər arası tarixi. Əsərin sonunda Mirxond coğrafi əlavələr vermişdir. Qeyd etmək lazımdır ki, Mirxondun əsəri sonralar onun nəvəsi Qiyasəddin tərəfindən davam etdirilmişdir.
Teymuri dövrünün digər maraqlı əsəri Fasih Əhməd ibn Cəlaləddin əl-Xavafiyə məxsusdur. «Fasihin əsəri» adlı bu kitabda ümumdünya tarixi ta qədim dövrdən XV əsrədək şərhini tapmışdır. Əsər iki hissədən ibarətdir. Birinci hissə qədim zamanlardan 622-ci ilədək olan hadisələri, ikinci hissə isə 622-ci ildən 1442-ci ilədək olan hadisələri əks etdirir. Əsərdə Azərbaycanla yanaşı İran, Əfqanıstan, Qızıl Orda, İraq, Türkiyə və digər şərq ölkələrinin tarixinə geniş yer verilir.
XV əsrin ikinci yarısından baş vermiş hadisələr, xüsusilə də Teymuri imperiyasının dağılmasından sonra İran və Azərbaycan ərazisində baş vermiş ara müharibələri, qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə Əbu Bəkr Tehraninin «Kitabi-Diyarbəkriyə» əsərində öz əksini tapmışdır. XV əsrin müəllifi, İsfahan hakiminin dəftərxanasında münşi vəzifəsində çalışan Əbubəkr Tehrani təsvir etdiyi hadisələrin çoxunun şahidi olmuşdur. Belə ki, o, Şahruh Cahanşahın bir sıra yürüşlərində iştirak etmişdir. «Kitabi-Diyarbəkriyyə» Ağqoyunlu dövlətinin banisi Uzun Həsənə həsr olunmuşdur. İki hissədən ibarət olan bu əsərdə Ağqoyunluların Osman bəy Qarayolukdan başlayaraq, 1457-ci ilədək olan tarixi şərh edilir. Əsərin ikinci hissəsi isə Qaraqoyunlulara, xüsusilə də Cahanşah Qaraqoyunluya və Teymurilərə həsr edilmişdir. Müəllif XV əsrdə İranda və Cənubi Qafqazda yaranmış siyasi şəraitdən bəhs edir, Uzun Həsənin Gürcüstana iki yürüşündən, Sarvanqulunun rəhbərliyi ilə Təbrizdə baş vermiş üsyandan söz açır. Əsər Uzun Həsənin İranın vilayətləri və Azərbaycan üzərində hakimiyyətinin bərqərar olunması, Əbu Səid Teymurinin Azərbaycana yürüşünün təsviri ilə tamamlanır. Əbu Bəkr Tehrani Qaraqoyunlu və Ağqoyunluların dövlət institutları, bu dövlətlərin etnik tərkibi, hərbi təşkilatı, feodal yerarxiyası, şərti torpaq sahibliyi, türkdilli tayfalar və s. haqqında geniş məlumat verir. Əbu Bəkr siyasi hadisələri təsvir edərkən, feodal ara müharibələri və çəkişmələri nəticəsində xalqın düşdüyü ağır vəziyyəti obyektiv təsvir edir. Təəssüf ki, bir çox hadisələr haqqında məlumat verən alim onların dəqiq tarixi haqqında informasiyanı qeydə almır.
XVI-XVIII əsrləri əhatə edən Səfəvi dövrü mənbələri fars tarixi məktəbinin yaratdığı abidələr içərisində ən bəsit öyrənilənlərindəndir. Özünəməxsus xüsusiyyətlərə malik olan Səfəvi dövrü mənbələri sosial-iqtisadi, şəhər həyatı, kənd təsərrüfatı, sənətkarlıq, ticarət əlaqələri, əhalinin vəziyyəti haqqında olduqca ötəri məlumatlar verir. Bu mənbələrdə hərbi və siyasi tarix əsas tədqiqat obyektinə çevrilir. Səfəvi sülaləsinin olduqca geniş bir əraziyə hökmranlıq iddiası bu hakimiyyətin qanuni və irsi olması fikrini əsaslandıracaq əsərlərin yaradılmasını tələb edirdi. Səfəvi sülaləsindən olan hökmranlar bu ideyanın yaradılması və möhkəmləndirilməsi üçün fundamental tarixi əsərlərin yazılması və Səfəvi dövləti tarixinin bütövlükdə İran dövləti kontekstində təqdim edilməsində maraqlı idilər. Bu sahədə ilk addımı da məhz ilk hökmdar şah İsmayıl atmışdır. Qeyd olunan dövrdə yaradılmış ilk təsviri (narrativ) əsərin müəllifi Sədrəddin Soltan İbrahim əl-Əmini olmuşdur. Dövrünün görkəmli alimlərindən olan Xorasanlı əl-Əmini Teymuri şahzadəsi sultan Müzəffər Hüseyn Mirzənin yanında xidmət edirdi. 1507-ci ildə Xorasan və Herat Şeybanilər tərəfindən tutularkən bütün səlahiyyətlərindən və mülkündən məhrum edilmiş alim təqiblərə məruz qalmışdı. Lakin Səfəvilərin hakimiyyətə gəlməsindən sonra o əvvəlki vəziyyətini bərpa edə bilmiş və hətta İsmayıl Səfəvi tərəfindən saray tarixçisi vəzifəsinə təyin edilmişdir. əl-Əmininin Şah İsmayılın sifarişi ilə yazdığı «Şah zəfərləri» adlı əsəri iki hissədən ibarətdir. Əsər şah İsmayılın 1513/14-cü illərə qədər apardığı hərbi yürüşlərə həsr edilmişdir. İki cildli əsərin birinci hissəsi beş fəsildən ibarətdir. Birinci fəsildə dünyanın yaranması və müsəlman dininin banisinin mənsubiyyətindən bəhs edilir. İkinci fəsildə Məhəmməd peyğəmbərin həyat və fəaliyyətindən danışılır. Üçüncü fəsil xəlifə Əli və şiə imamlarının tarixinə həsr olunmuüşdur. Dördüncü fəsildə şah İsmayılın sələflərindən danışılır və onların imam Museyi əl-Kazım ilə qohumluq əlaqəsinə malik olması və onun vasitəsilə də peyğəmbərlə qohumluğu fikri irəli sürülür. Nəyahət, beşinci fəsil bilavasitə İsmayılın öz həyatına həsr edilmişdir. Bu hissədə İsmayılın uşaqlıq dövrü əhatə olunur. Əsərin «Şahənşahnamə» adlanan ikinci cildində isə şah İsamyılın hərbi yürüşləri şərh edilir.
Qafqaz və eləcə də Azərbaycan tarixinin Səfəvi dövrünün bərpası üçün mühüm əhəmiyyət kəsb edən mənbələrdən biri də XVI əsrin naməlum müəllifinin dövrümüzə çatmış «Tarix-e şah İsmayıl Səfəvi» adlı əsəridir. Əsər şah İsmayılın sələfləri tarixinə qısa şərhlə başlayır, İsmayılın hökmranlıq illərini tam əhatə edərək, I Təhmasibin Təbrizdə taxta oturması ilə tamamlanır. Bu əsərin indiyə qədər iki nüsxəsi aşkar edilmişdir. Nüsxələrin hər ikisi İngiltərədə saxlanılır. 307 səhifədən ibarət bu əsərə 21 miniatür daxil edilmişdir. Çox güman ki, müəllif əsəri yazarkən Xondəmirin «Həbib əs-siyar», Bezzadın «Səffət əs-səfa» əsərlərindən mənbə kimi istifadə etmişdir. Əsərdə bütün hadisələr xronroloji ardıcıllıqla əks olunur. Müəllif qızılbaşlar hərəkatının ilk dövrləri haqqında maraqlı məlumatlar verir. Bununla yanaşı əsərdə Azərbaycan və İranın Xəzəryanı əyalətlərinin sosial-iqtisadi vəziyyəti haqqında da məlumatlar vardır.
«Tezkire-ye şah Təhmasib» adlı digər mənbə bəzi tədqiqatçıların fikrincə şah Təhmasibin qələminə məxsusdur. Memuar şəklində yazılmış bu əsərin iki variantı mövcuddur. «Şah Təhmasibin rum səfirləri ilə apardığı söhbətləri» adı ilə tanınan bu mənbənin iki siyahısı (Sankt-Peterburq və Tbilisi) mövcuddur ki, onlar da tam identikdir. Mənbədə hadisələr birinci şəxsin, yəni şah Təhmasibin adından şərh edilir. Xronoloji ardıcıllığa riyaət edilməsə də mənbədə hadisələrin şəxsi düşüncələr ilə müşayət olunması onun dəyərini daha da artırır. Sankt-Peterburq nüsxəsi beş müstəqil rəvayətdən ibarətdir: 1) Ulama bəy haqqında rəvayət; 2) Qazı xan Təkəli haqqında rəvayət; 3) Alxas Mirzə haqqında rəvayət; 4) İsgəndər paşa haqqında rəvayət; 5) Sultan Bəyazid haqqında rəvayət. Mənbədə şah İsmayılın ölümündən sonra baş vermiş qızılbaşlar üsyanı, XVI əsrin I yarısı səfəvi-osmanlı hərbi münaqişəsi, Şirvanşahların Səfəvi dövlətinə birləşdirilməsi və s. haqqında ətraflı məlumat verilir.
XVI əsrin görkəmli şəxsiyyətlərindən olan Əli Zeynalabdin Abdi bəy Şirazinin «Xəbərlərə əlavə» adlı əsəri Səfəvi dövrünü tədqiq etmək üçün maraqlı mənbələrdən biridir. Əsər dörd fəsildən ibarətdir və onun sonuncu fəsli Səfəvilərin ilk iki hökmdarının hakimiyyəti dövrünə həsr edilmişdir. Əsərdə XVI əsrin ictimai-siyasi məsələləri geniş işıqlandırılır.
XVI əsrin digər görkəmli elm xadimi Qubad əl Hüseyni şah Təhmasibin sarayında yaşamış Əhmədnahar hökmdarının nümayəndəsi olmuşdur. Onun «Nizamşahdan sonrakı tarix» adlı əsəri ümumdünya tarixinə həsr olunmuş və yeddi fəsildən ibarətdir. Əsərin sonuncu fəsillərində Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi tarixi, Səfəvilərin hakimiyyəti dövrü və osmanlı-səfəvi müharibələri haqqında məlumatlar verilir.
Səfəvi dövlət aparatının kiçik məmurlarından olan Budaq Qəzvini 678 səhifədən ibarət bir əsərin müəllifidir. Əsər avtobioqrafik xarakter daşıyır və Səfəvi dövlət aparatının kiçik rütbəli məmurunun həyat və fəaliyyəti timsalında Səfəvi dövləti idarə aparatının strukturu və işi, sosial-iqtisadi vəziyyəti, vergi siyasəti və s. məsələləri işıqlandırır. Əsərin xronoloji çərçivəsi olduqca genişdir və müsəlmanlığa qədərki dövrdən II şah İsmayılın hakimiyyəti illərinə qədər olan bir dövrü əhatə edir. Mənbədə Şah Təhmasibin ölümündən sonra ölkədə yaranmış hərc-mərclik, qızılbaş qiyamları və s. haqqında maraqlı məlumatlar vardır.
XVI əsr müəllifi Həsən bəy Rumlu özünün çox cildli «Əhsən ət-tavarix» adlı əsərində Qafqaz və eləcə də Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında maraqlı məlumatlar verir. Əsərin sonuncu hissəsində Məhəmməd Xudabəndənin hakimiyyətə gəlməsi və onun dövrünə aid tarixi hadisələr qeydə alınmışdır. Rumlu öz əsərində xalqın sosial vəziyyəti, ixtişaş və üsyanlar (məs., 1571-73-cü il Təbrizdə yoxsulların üsyanı), bu ərazilərdə yaşayan müxtəlif xalqlar haqqında dəyərli informasiya verir.
Səfəvilər dövrünə aid digər mənbənin müəllifi Qazi Əhməd Hüseyn Kumi zəngin yaradıcılığa malik alimlərdən biridir. Onun «Xülasat ət-tavarix»(Tarixin xülasəsi) adlı əsəri elm aləminə 1935-ci ildən məlumdur. Təəssüf ki, əsərin yalnız axırıncı hissələri dövrümüzə qədər gəlib çıxmışdır. Bu hissələrdə Səfəvi dövlətinin tarixi əhatə olunmuşdur. Qazi Əhməd bu əsəri yazarkən Həsrəvinin «Fütuhati-şahi», Seyfi Qəzvininin «Lübbət ət-tavarix», Mir Mahmud bin Xondəmirin, Qazi Əhməd Qaffarinin, Həsən bəy Rumlunun və s. əsərlərindən mənbə kimi istifadə etmişdir.
XVI əsrin digər müəllifi Qazi Əhməd Qaffari əl Qəzvini dövrünün görkəmli alimi, şairi, filosofu, salnaməçisi olmuşdur. Şah İsmayılın oğlu Sam Mirzənin sarayında yaşayan Qaffari mühüm tarixi sənədləri əldə etmək imkanına malik idi. Bundan başqa o dövrünün bir çox mühüm hadisələrinin bilavasitə iştirakçısı və ya şahidi olmuşdu. Bütün bu faktlar onun verdiyi məlumatların dəqiqliyi və obyektivliyinə dəlalət edir. Onun «Dünyanı bəzəyən tarix» adlı əsəri böyük bir tarixi dövrü əhatə edir və əsasən Səfəvi dövlətinin tarixi üzərində dayanır. Qaffarinin ikinci tarixi əsəri «Nigaristan» adlanır. Əsərdə 300 tarixi rəvayət, nağıl və əhvalatlar toplanmışdır.
Ruhani ailəsində tərbiyə almış XVI əsr müəllifi Mahmud bin Hidayətulla Natanzi iki cildlik tarixi əsərini Təhmasibin ölümündən başlayır. İyirmi üç illik tarixi əhatə edən bu əsərdə olduqca maraqlı və orijinal məlumatlar toplanmışdır. Natanzinin əsərində II şah İsmayılın ölümündən sonra ölkədə yaranmış hərc-mərclik, sosial-iqtisadi vəziyyət və həyata keçirilən islahatlar haqqında geniş məlumatlar verilir.
XVI əsrin digər müəllifi, Bidlis vilayətinin hakimi, Şərəfxan Bidlisinin «Şərəfnamə» adlı əsəri kürd xalqının tarixinə həsr edilmiş ən mükəmməl və orijinal tarixi əsər hesab edilir. Şərəfxan Bidlisinin tutduğu mövqe və tarixi proseslərdə bilavasitə iştirakı ona obyektiv və tarixi reallığı tam gerçəkliyi ilə əks etdirən bir əsər yaratmaq imkanı vermişdir. Müəllif dövrünün mühüm hadisələrini əks etdirərkən Azərbaycanda mövcud olan daxili vəziyyət, vergi sistemi, 1578-ci il Osmanlı işğallarına qədər dövlətimizdə mövcud olmuş şərait haqqında qiymətli məlumatlar verir.
Mir Yəhya ibn Əbdüllətif əl-Hüseyni əl-Qəzvini «Lübbət ət-tavarix» (Tarixin ürəyi) adlı əsərin müəllifidir. Bu əsər şah Təhmasibin dördüncü oğlu şahzadə Bəhram Mirzəyə həsr edilmişdir. Dörd hissədən ibarət olan bu əsərdə tarix Məhəmməd peyğəmbərin həyatından başlayaraq, I Təhmasibin dövrünə qədər davam etdirilir. Əsərin əsas xüsusiyyətlərindən biri onda sosial-iqtisadi vəziyyətə dair küllü miqdarda faktik materialın toplanmasıdır. Müəllif I şah İsmayılın İranın müxtəlif vilayət hakimləri ilə mübarizəsindən bəhs edir, feodal-torpaq münasibətlərinə aydınlıq gətirir.
Tarixçi Mirxondun nəvəsi Xondəmir ləqəbli Qiyasəddin əl-Hüseyni Sultan Hüseynin böyük oğlunun yanında xidmət edirdi. 1524-cü ildə tarixi əsərini tamamlayan Xondəmir Hindistanda Böyük Moğol imperiyasının banisi yanında xidmət etmişdir. Üç cilddən ibarət bu əsərdə müəllif siyasi proseslərlə yanaşı sosial-iqtisadi şərait, xalq kütlələrinin ağır vəziyyəti, Uzun Həsən və Gödək Əhmədin islahatları haqqında məlumat verir. Əsərin son hissələri I Şah İsmayılın dövrünü əhatə edir. Qızılbaşlar dövlətinin qızğın tərəfdarı olan alim Səfəvilərin hakimiyyət dövrünü müsbət tonlarla qələmə alır.
Beləliklə, klassik feodalizm dövrü fars tarixi məktəbi olduqca uzun və mürəkkəb inkişaf mərhələçi keçmişdir. Siyasi proseslərin və ictimai hərəkatların bilavasitə təsiri altında yaranmış farsdilli mənbələr aid olduqları dövrün özünəməxsus xüsusiyyətlərini və xarakterini əks etdirir. Fars tarixi məktəbi nümunələrinin böyük ək-səriyyəti tarixi şəxsiyyət və hökmranların sitfarişi ilə yazılmışdır. Bu baxımdan onların elmi dövriyyəyə gətirilməsi zamanı müəllifin cəmiyyətdə tutduğu mövqe, sosial mənşəyi, siyasi hakimiyyətə münasibəti və s. şəxsi məsələlərin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Əhəmiyyət kəsb edən digər məsələ fars dilli mənbələrin müəlliflərinin informasiya mənbəsinin müəyyənləşdirilməsidir. Fars dilli mənbələr adətən uzun bir tarixi dövrü əhatə etdiyindən müəllflər çox zaman keçmiş tarixi bərpa etmək üçün özlərindən əvvəl yazılmış əsərlərə müraciət edir və bu zaman informasiya müəllifinin nə qədər obyektiv olduğunu yoxlamağı lazım bilmirdilər. Fars tarixi məktəbi üçün xarakterik olan mənimsəmələr isə onlarda olan səhvlərin təkrarlanması və ya təhrifi ilə nəticələnirdi. Bu baxımdan digər mənbələrdə olduğu kimi fars dilli mənbələrdə də müəlliflərin istəyindən asılı olmayaraq, tarixi hadisələrin saxtalaşdırılması, faktların dolaşdırılması və s. rast gəlinir. Lakin bütün bunlar fars tarixi məktəbi nümunələrinin tarixi şahidliyinə zərrə qədər də xələl gətirməyərək, tədqiqatçının daha professional və hazırlıqlı olmasını tələb edir.
Dostları ilə paylaş: |