AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə25/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   21   22   23   24   25   26   27   28   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ədəbiyyat



  1. Azərbaycan dövrü mətbuatı (1832-1920). Tərtib edən N.Axundov. B., 1987

  2. Громыко Г.Л. Статистика. М., 1976

  3. Далили Г.А. Азербайджано-русские отношения в азерб. и персоязычных документах. Б., 1976

  4. Дзидзария Г.А. Акты Кавказской Археографической комиссии важный источник по ист. Кавказа. Тбилиси, 1988.

MÜHAZİRƏ VIII


XIX ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNİN STATİSTİKASI
AZƏRBAYCAN TARİXİNƏ DAİR MƏNBƏ KİMİ


Statistik materiallarin tarixi mənbə kimi əhəmiyyəti. Statistik mənbələrin ümumi xarakteristikasi. Statistik mənbələr üzərində işin əsas prinsipləri. XIX əsr – XX əsrin əvvəllərində Azərbaycan tarixinin müxtəlif problemlərini öyrənərkən bu dövrdə meydana çıxmış statistik mənbələrdən istifadə olunur. Statıstik mənbələr ən tipik kütləvi mənbələrdir, çünki bunlar cəmiyyət həyatında baş verən kütləvi hadisələr haqqında kütləvi məlumatlar verir və onların vasitəsilə ictimai inkişaf qanunauyğunluqlarını başa düşmək və hadisələri dərk etmək mümkün olur. Statistikanı cəmiyyətin anatomiyası və ictimai idrakın qüdrətli vasitələrindən biri hesab edirlər. Statistika sənaye və kənd təsərrüfatını, nəqliyyatı, rabitəni, maarifi, mədəniyyəti, səhiyyəni, ticarəti, bir sözlə, sosial və iqtisadi həyatın bütün sahələrini əhatə edir və milyonlarla insanların fəaliyyətini konkret rəqəmlərlə xarakterizə edir.
Məlum olduğu kimi, Azərbaycan bəhs olunan dövrdə Rusiya imperiyasının tərkibində olmuş və onun iqtisadiyyatı imperiya iqtisadiyyatının mənafeyinə tabe etdirilmişdi. Odur ki, 1917-ci il Oktyabr çevrilişinə qədərki dövrdə Azərbaycanda statistika işi haqqında danışarkən, istər-istəməz bunu Rusiya ilə bağlı şəkildə şərh etmək lazım gəlir.
Rusiyada olduğu kimi, Azərbaycanda da XIX əsrin 60-cı illərinə qədər statistikada təsvir metoduna əsaslanan iqtisadi-coğrafi təsvirlər üstünlük təşkil edirdi. Lakin kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar olaraq say metodu, miqdar metodu birinci dərəcəli əhəmiyyət kəsb etməyə başladı.
Qeyd edək ki, Rusiyada bu metodun əsasları ilk dəfə Peterburq universitetinin professorları Yanson, Çuprov və Kaufman tərəfindən işlənmişdir. Onların əsərləri ilə statistikanın ictimai elm olması fikri nəinki etiraf olunmuş, hətta bu fikir daha da inkişaf etdirilmişdi. Kaufman ilk dəfə statistikada riyazi hesablama metodunu tətbiq edib, onun əsasının ehtimal nəzəriyyəsi olduğunu sübut etmişdi.
Tarixçilər öz tarixi tədqiqatlarında tez-tez statistik mənbələrə müraciət etməli olurlar. Qeyd etmək lazımdır ki, bu məlumatlarla iş ilk baxışda göründüyü qədər də asan deyil. Hər hansı bir statistika külliyyatında verilmiş məlumatları tədqiqata daxil etmək bu işin yerinə yetirilməsi demək deyil. Hər bir tədqiqatçı statistik mənbələrlə işləməyin əsas prinsiplərini bilməlidir. Hər şeydən əvvəl, statistik mənbələr üzərində işlərkən kəmiyyət və keyfiyyətin dialektik vəhdəti nəzərə alınmalıdır. Yəni, hər hansı bir kəmiyyət artımı mahiyyət etibarilə yeni keyfiyyətlərin yaranmasına gətirib çıxarır və bu da öz növbəsində yenidən kəmiyyət dəyişmələrinə səbəb olur. Statistik mənbələr üzərində işlərkən onlara da digər mənbələr kimi tənqidi şəkildə, elmi təhlil baxımından yanaşmaq lazımdır.
Bəhs olunan dövrdə statistik materialların iki qrupunu ayırmaq lazımdır: 1) hökumətin ehtiyacları üçün, idarə, təşkilat və müəssisələrin fəaliyyətini həyata keçirmək üçün toplanan məlumatlar; 2) Xüsusi olaraq statistik təhlil məqsədilə toplanan məlumatlar. Bu ikinci qrup eyni vaxtlı müşahidələri, siyahıyaalmaları, həmçinin cari statistikanı əhatə edirdi. Bu materialların toplanması və işlənməsi bu və ya digər dərəcədə statistika elminin tələblərinə müvafiq şəkildə həyata keçirilirdi. Dövlətin idarəçilik funksiyalarının yeni tarixi şəraitdə mürəkkəbləşməsi iqtisadi və sosial siyasət sahəsində tədbirlər işləyib hazırlamaq üçün ölkə həyatının müxtəlif sahələri haqqında mötəbər və dolğun informasiya tələb edirdi. Odur ki, 1-ci qrup məlumatlar kifayət etmirdi və cari statistika təcrübəsi genişlənir, siyahıyaalmalar keçirilir, daimi statistik uçot xidməti formalaşırdı.
Statistik mənbələrin elmi təhlili 3 əsas cəhəti nəzərdə tutur: 1) statistik mənbənin dolğunluğunu; 2) onun mötəbərliyini və dürüstlüyünü; 3) statistik məlumatların yekcinsliyini və onların müqayisə oluna bilməsini.
Bir sıra tədqiqatlar, statistik müşahidələr və nəşrlər üçün ya rəqəmlərin olduqca çox verilməsi, şişirdilməsi və ya əksinə, birtərəfli şəkildə məhdudlaşdırılması səciyyəvidir. Hər iki halda obyektiv gerçəklik təhrif olunur. Rəqəmlərin həddindən artıq detallaşdırılması bir çox hallarda əsil mahiyyətin öyrənilməsinə ziyan vurur. Statistik rəqəmlərin müəyyən bir siyasi konsepsiyaya uyğun olaraq məhdudlaşdırılması da yolverilməzdir. Bəzən faktların ümumi məcmusundan ayrı-ayrı faktların qoparılıb çıxarılması öyrənilən hadisənin təhrif olunmasına gətirib çıxarır. Statistik mənbələrdə verilən məlumatlar kifayət qədər dolğun olmalı, öyrənilən hadisənin və ya prosesin bütün əsas əlamətləri, elementləri əhatə olunmalıdır. Hər hansı bir hadisə, xüsusilə də ictimai proses hissələrdən və vahidlərdən ibarət olduğuna görə həmin hadisəni, prosesi keyfiyyətcə xarakterizə edən bütün kəmiyyətlər mənbələrin məlumatlarında öz əksini tapmalıdır.
Statistik mənbələrə verilən ikinci tələb məlumatların mötəbərliyi və dürüstlüyüdür. Məlumatın bu cəhətini nəzərə almaq üçün onun hansı mənbə əsasında meydana gəldiyini bilmək lazımdır. Onun anketdənmi götürüldüyünü, anketi dolduran şəxsin siyasi mənsubiyyətini, predmetin məhz bu şəkildə işıqlandırılmasında onun nə dərəcədə maraqlı olmasını, yaxud müəyyən hazırlığı olan mütəxəssis-statistikaçı tərəfindən dəqiq yazıldığını müəyyən etmək lazımdır. Bəzən elə olurdu ki, məlumat statistik uçot aparılması haqqında elementar təsəvvürü olmayan şəxs tərəfindən qeydə alınırdı. Mənbə üzərində işlərkən bu cəhət nəzərə alınmalı, sonra isə məlumatların mötəbərliyi və dürüstlüyü qiymətləndirilməlidir.
Qeyd etdik ki, statistik mənbələrin başlıca əhəmiyyəti ondan ibarətdir ki, bunlar tarixi proseslərin, hadisələrin qanunauyğunluqlarını aşkara çıxarmaq üçün külli miqdarda məlumatlar, rəqəmlər verir. Lakin qanunauyğunluqları yalnız o zaman aşkara çıxarmaq mümkün olur ki, bu kütləvi rəqəmlər tutuşdurulsun, müqayisə olunsun. Bunun üçün isə yekcins obyektlər götürülməlidir. Buradan da statistik mənbələrə verilən üçüncü tələb – məlumatların yekcinsliyi və müqayisə oluna bilməsi tələbi doğur.
Bir çox statistik mənbələr üçün az və ya çox dərəcədə müqayisə edilə bilməzlik səciyyəvidir. Bu, tədqiqatçıdan xüsusi tənqidi münasibət tələb edir. Mənbələrin müqayisə edilə bilməzliyi səbəblərini və statistik mənbələrin digər nöqsan və uyğunsuzluqlarını aşkara çıxarmaq üçün onların meydana çıxması prosesini bilmək lazımdır. Statistik mənbələrin meydana çıxması aşağıdakı mərhələlərdən keçir: 1) hazırlıq işi; 2) məlumatın toplanması; 3) ilkin məlumat xülasəsi və həmin məlumatların çapa hazırlanması.
1-ci mərhələ siyahıyaalmaların, anket paylanmasının, sorğu vərəqələrinin tərtib edilməsinin və digər növ statistik müşahidələrin hazırlandığı, onların proqramlarının tərtib edildiyi, təşkil edildiyi mərhələdir. Tədqiqatçı statistik müşahidələrin proqramlarının məzmunu və xarakterini öyrənməlidir. Həm cari statistikanın, həm də siyahıyaalmaların proqramlarındakı metodoloji nöqsanlar toplanmış məlumatın mötəbərliyinə, dolğunluğuna və təmsil olunmasına xələl gətirir. Proqramlarda nəzərdə tutulan uçot vahidinin, müşahidə obyektinin və onu səciyyələndirən əlamətlərin dəqiq və düzgünlüyünün qiymətləndirilməsi xüsusilə vacibdir.
Nəzərə almaq lazımdır ki, hərçənd ki, Azərbaycan Rusiyanın tərkibinə qatılmışdı və burada Rusiya ölçü, çəki vahidləri, pul sistemi tətbiq olunmuşdu, lakin yerli vahidlər də ( batman, abbası, malcəhət və s.) uçot vahidi kimi işlənirdi.
İkinci mərhələ statistik müşahidə və siyahıyaalmalar, anket-sorğu vərəqələrinin paylanması vasitəsilə məlumatların toplanması mərhələsidir. Üçüncü mərhələ statistik müşahidə nəticəsində toplanmış ilkin informasiyanın işlənməsi, ümumiləşdirilməsi və müvafiq nəşrlərdə dərc edilməsidir. Toplanmış məlumatın işlənməməsi, ümumiləşdirilməməsi statistik materiallar kompleksinin nöqsan cəhəti kimi qiymətləndirilir. Bu üçüncü mərhələdə tarixçi üçün başlıca cəhət odur ki, statistik üsul və metodların tətbiqindən əvvəl öyrənilən hadisənin, prosesin keyfiyyətcə təhlil edilməsi, sonra isə statistik məlumatlar vasitəsilə əsaslandırılması tələb olunur.
Statistik məlumatların işlənməsi yekunları, bir qayda olaraq, statistik cədvəllər şəklinə salınır. Cədvəl forması materialı daha münasib, yığcam, əyani və səmərəli şərh etməyə imkan verir. Hər bir tarixçi-tədqiqatçı cədvəli oxumağı və təhlil etməyi bacardığı kimi, lazım gələrsə, öz tədqiqatı üçün cədvəl tutmağı da bacarmalıdır. O bilməlidir ki, hər bir cədvəldə üfiqi və şaquli sıralar olur, bunların başlıqları nəyin və hansı göstəricilərlə səciyyələndirildiyini göstərir. Statistik cədvəllərin xanaları məlumatlarla doldurulur. Statistik cədvəllərdə mübtəda və xəbər olur. Cədvəldə bir sıra göstəricilərlə səciyyələndirilən obyektlər və ya onların hissələri, habelə ayrı-ayrı vaxt mərhələləri mübtəda rolunu oynayır. Mübtədanı səciyyələndirən və ya xarakterizə edən bütün göstəricilər cədvəlin xəbərini təşkil edir.
Statistik cədvəllər sadə və mürəkkəb ola bilər. Sadə cədvəllərə siyahı cədvəlləri və dinamik cədvəllər aid edilir. Siyahı cədvəllərində ayrı-ayrı obyektlərin sadalanması ( şəxs, müəssisə, rayon, respublika, məhsul və s.) mübtəda rolunu oynayır. Dinamik cədvəllərdə mübtəda ayrı-ayrı vaxt, dövr mərhələləridir (ay, il, onillik, əsr və s.).
Mürəkkəb cədvəllərdə mübtəda bir obyektin bir neçə əlamətinə bölünür.Mübtəda bir əlamətə görə bir neçə qrupa bölünərsə, belə cədvələ qruplaşdırılmış cədvəl deyilir. Cədvəlin mübtədasında qruplaşdırma iki və daha çox əlamətə görə həyata keçirilərsə, bu cür cədvəl quraşdırılmış, kombinə edilmiş cədvəl adlanır.
Cədvəl rəqəm materialını yığcam və əyani əks etdirməlidir. Bəzən mübtədanın və xəbərin lüzumsüz detallaşdırılması cədvəlin oxunuşunu çətinləşdirir. Belə hallarda tarixi tədqiqatlarda bir cədvəl əvəzinə bir neçə cədvəl tərtib etmək daha məqsədəuyğundur. Rusiyada ilk dəfə sadə və qruplaşdırılmış cədvəlləri İ.K.Kirillov özünün “Ümumrusiya dövlətinin çiçəklənən vəziyyəti” əsərində tətbiq etmişdi. Kombinə edilmiş cədvəllərin tətbiqi isə zemstvo statistikaçılarının xidmətidir.
Cədvəl tərtib edərkən həm cədvəlin ümumi başlığının, həm də ayrı-ayrı xanalarda yazılan başlıqların dəqiq olmasına diqqət yetirmək lazımdır. Cədvəldə həmişə göstəricilərin hansı vahidlərlə verildiyi qeyd olunmalıdır. Xanalarda verilən kəmiyyətlərin yuvarlaqlaşdırılması eyni dəqiqliklə (ya bütöv rəqəm halında, ya onda bir, ya da yüzdə bir və s. kimi) qeyd olunmalıdır. Cədvəl doldurularkən ola bilər ki, hər hansı bir xana boş qalsın. Cədvəl oxunan zaman bu boşluğun səbəbi məlum olmalıdır. Bunun üçün xüsusi nişanlardan istifadə olunur. Əgər xana ümumiyyətlə doldurulmamalıdırsa, bu zaman “X” nişanı qoyulur. Əgər məlumat yoxdursa “...” (3 nöqtə) qoyulmalıdır. Əgər öyrənilən hal və hadisə olmayıbsa, onda “ – “ (xətt) nişanı qoyulur. Əgər cədvəldə 0,0 rəqəmi göstərilirsə, bu o deməkdir ki, bu hal və ya hadisə olmuşdur, lakin onun təzahürü o qədər cüzidir ki, bu rəqəmi yüzə qədər yuvarlaqlaşdırdıqda burada az-çox əhəmiyyətli rəqəm meydana çıxa bilər.
Cədvəlin sonunda mütləq xanalarda verilmiş məlumatlara yekun vurulmalıdır, yəni cədvəlin yekunu olmalıdır. Yekun rəqəmlər isə yuxarıda verilmiş rəqəmlərə uyğyn gəlməli və faiz etibarilə 100 faiz olmalıdır. Əgər cədvəlin yekunu yoxdursa, bu o deməkdir ki, cədvəl elmi cəhətdən düzgün tərtib olunmamışdır.
Ümumiyyətlə statistikadan danışanda qeyd etmək lazımdır ki, statistikada 3 cür kəmiyyət vardır: mütləq, nisbi və orta kəmiyyətlər. Mütləq kəmiyyətlər statistikada əsas yer tutur və bunlar adlı kəmiyyətlərdir ( Məs., 3 ton, 5 metr, 2 litr, 10 manat, 8 kilovat-saat, 7 nəfər, 25 baş və s.). Nisbi kəmiyyətlər hər hansı bir hadisənin və ya obyektin inkişafını və ya tənəzzülünü müəyyən dövr mərhələsinə və ya əvvəlki kəmiyyətə nisbətən izah etməkdə istifadə olunur ( Məs., 1870-ci ildə 1830-cu ilə nisbətən kəndli həyəcanlarının sayı 2 dəfə artmışdı). Orta kəmiyyətlərə gəlincə, bu, statistikada çox istifadə olunan və əsasən ümumiləşdirici kəmiyyətlərdir . Lakin orta kəmiyyətlərdən heç də həmişə lazımıınca və düzgün istifadə olunmur. Bir çox hallarda orta kəmiyyətlər cəmiyyətdə olan ziddiyyətləri ört-basdır etmək üçün istifadə olunur. Tarixçilər statistik mənbələrin öyrənilməsi və təhlil edilməsi zamanı bütün yuxarıda deyilənləri nəzərə almalıdırlar.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin