51. Danışıq üslubu. Danışıq üslubu spontan şəkildə (əvvəlcədən düşünülmədən),
ünsiyyət tərəfdaşlarının birbaşa iştirakı ilə gündəlik nitq aktıdır. Şifahi
formada meydana çıxan gündəlik danışıq digər funksional üslublar
üçün təyinedici formadır və rəsmi qaydada tənzimlənmir, nitqə
istənilən şəkildə qurmaqda sərbəstlik verir. Danışıq üslubunun
normaları ədəbi dildəki kimi kodifikasiya olunmur, ona görə də qeyri-
mütəxəssislər arasında illüziya yaradır, sanki danışıq nitqi
ümumiyyətlə normaya malik deyil.
Danışıq nitqi yalnız məişətlə məhdudlaşmır, həm də həyatın,
demək olar ki, bütün sahələrində – ailə, istehsalat, ictimai-siyasi,
təhsil, elm, mədəniyyət, idman və s. – ünsiyyət vasitəsi və
funksiyasıdır; iki və ya daha çox həmsöhbətin bilavasitə tələbləri ilə
yaranır və kommunikativ vasitə kimi çıxış edir.
Danışıq üslubunun xüsusiyyətləri qrammatika və lüğətlərdə qeyd
olunmadığı üçün qeyri-standart da ola bilir və ədəbi dilin funksional
üslublarına qarşı qoyulur. Yazılı formadan fərqli olaraq, danışıq
nitqində səhvlər ola bilər.
Danışıq üslubu nitqin spontan qəbulu və cavabıdır, burada
naməlum söz ola bilər, onun leksik mənası başqa bir cümlədə
aşkarlanır. Bu vasitələrə söz birləşməsinin mənasının bir sözdə
cəmləşməsi (özbaşınalıq – icazəsiz işdən getmə, marşrut – marşrut
taksi, soda – qazlı su); təyin edilənin işlədilməməyi (diplom – diplom
işi, dekret – dekret məzuniyyəti); təyin edənin götürülməsi ilə
semantik birləşmə (su – mineral su, şura – elmi şura, bağça – uşaq
bağçası, şəkər – şəkər tozu, komissiya – Ali Attestasiya Komissiyası)
xarakterikdir.
Danışıq üslubu üçün nitqin canlılığı, konkretliliyi, sadəliyi
xarakterikdir. Danışığı məlumat və ya təsir funksiyası tamamlaya bilər,
lakin həm məlumat, həm də təsir birbaşa ünsiyyətdə üzə çıxır və tabe
mövqe tuturlar.