54.
Elektron sənəd.
Elektron sənəd informasiya sahəsində istifadə üçün elektron
formada təqdim olunan və elektron imza ilə təsdiq edilən sənəd
növüdür. Bu tip sənədlər Azərbaycan Respublikası Prezidentinin
“Elektron imza və elektron sənəd haqqında” 9 mart 2004-cü il tarixli
Fərmanına uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş hallar
istisna olmaqla bütün fəaliyyət sahələrində heç bir məhdudiyyət
qoyulmadan tətbiq oluna bilər.
Elektron sənədlər hazırlanarkən aşağıdakı göstərilən tələblərə əməl
edilməlidir:
– Texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı,
saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul
edilməlidir;
– Bu qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa
malik olmalıdır;
– İdentikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
– Texniki və proqram vasitələrinin köməyi ilə əyani
qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.
Fərmana uyğun olaraq, elektron sənəd aşağıdakı kimi tərtib olunur
və təsnifləşdirilir:
– Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət
quruluşa malikdir.
– Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barənə
məlumatlar onun ümumi hissəsində qeyd edilir.
– Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və
vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi
hissənində qeyd olunur.
55.
Rəsmi-işgüzar üslubun leksik və qrammatik
xüsusiyyətləri.
Rəsmi-işgüzar üslubun spesifik leksik və qrammatik xüsusiyyətləri
vardır. Əsasən, ali, standart ifadələrdən, qəliblərdən, ştamplanmış
sözlərdən, sabit söz birləşmələrindən və terminlərdən istifadə olunur.
Məsələn, elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək,
müzakirə etmək, bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə,
nota, ultimatum, fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış və s.
Bədii və danışıq üslubuna aid sözlər burada rəsmi statusda işlənir.
Məsələn: qonaq, danışıq, görüş, elçi, söhbət, səfər, razılıq və s. Bu
sözlərin əvvəlinə rəsmi sifəti əlavə olunur: rəsmi görüş, rəsmi səfər və
s.
Bu üslubun qrammatik xüsusiyyətlərinə görə, xüsusi isimlər, rəsmi
sənədlərdə tarix, vaxt, nömrə dəqiqlik tələb etdiyi üçün saylar çox,
sifətlər az işlənir. Təlimatların, protokolların, aktların və s.
hazırlanmasında hadisə və proseslərin zamanına, təzahür formalarına
uyğun olaraq, feilin müxtəlif şəkilləri (əmr, vacib, xəbər, lazım, arzu)
və zamanlarından geniş istifadə olunur. Məzmunun dəqiqliyinə və
aydınlığına xələl gətirə bildiyi üçün əvəzlik, demək olar ki, işlənmir.
|