44.
Nitqin ifadəliliyi.
İşgüzar ünsiyyətdə ifadəlilik nitqin uyğun, uğurlu və effektli olması
kimi qiymətləndirilir, əsas şərt orijinal olması, təkrarsızlığı,
gözlənilməzliyi, yeniliyi və yaradıcı olmasıdır. Nitqin ifadəliliyi, bir
qayda olaraq, ifadəli danışmağa (yazmağa, oxumağa, dinləməyə)
şüurlu cəhdin nəticəsidir. İfadəlilik nəyisə yüksək səviyyədə, obrazlı
təsvir etməkdir, bu, işgüzar ünsiyyətə yüksək tələblər verir, onlardan
asılı olaraq, danışıqlar bir qədər intensivləşir, cavablar aktivləşir, o da
öz növbəsində ekspressivliyə və təəssürata çevrilir.
İfadəlilik yüksək nitq intensivliyi, neytral mətnlərin fonunda
ekspressivliyi, gözlənilməzliyi, qeyri-standartlığı, orijinallığı, adət
etdiyimiz çərçivələrdən, təsəvvürlərdən kənara çıxması ilə seçilir,
bunların əksi standart, şablon, klişe, ştamp və s.-dir.
İfadəlilik həm də adekvat düşünülmüş cavabda da özünü göstərə
bilər, bu, bir qədər sərt və ya aktiv cavab reaksiyası təsiri bağışlayır,
adresantı məlumatı qəbul etməyə məcbur edir, nəticədə tərəflərin
reaksiyasına görə hökm vermək olar.
İfadəlilik elə bir kommunikativ keyfiyyətdir ki, özünü yalnız dil və
nitq vasitələrinin imkanlarında göstərir: ifadəli nitq bacarığı
mədəniyyət və ritorik nitq səviyyəsi ilə bağlıdır. Ona görə ifadəlilik
üçün hazır resept, konkret məsləhət yoxdur və ola bilməz.
45.
Nitqin düzgünlüyü.
Nitqin düzgünlüyü mədəniyyət nöqteyi-nəzərindən yalnız dil
normalarına uyğunluq yox, həm də rasionallıq, məqbulluq,
dəqiqlikdir.
Düzgünlük sözü geniş və dar mənada işlənir; geniş mənada ünsiyyət
mədəniyyətində nitqə istinad olunur, dar mənası dil normalarına
aiddir, başqa sözlə, düzgünlük nitq və dil səviyyəsində
qiymətləndirilir.
Nitqin düzgünlüyü – doğruluqdur, etik və kommunikativ normalara
uyğundur: ictimai ünsiyyətdə kommunikativlik nöqteyi-nəzərdən
düzgünlüyün pozulmaları müxtəlif səbəblərdən ola bilər; əvvəla, fikrin
tam və ya qismən hissəsini anlamadıqda, ikinci, ünsiyyət zamanı
maneələr yarandıqda, üçüncü, dil normalarına laqeyd yanaşdıqda,
dördüncü, tərəflərdən birinin və ya hər ikisinin qeyri-
professionallığında, beşinci, nitqdə təsadüfi-parazit sözlərdən istifadə
etdikdə, altıncı, variantları düzgün seçmədikdə, yeddinci, səhvin hansı
şəraitdə, ünsiyyətin hansı məqamında buraxılmasında, səkkizinci,
adresatın bu səhvləri necə qəbul etməsində, yəni günahın, qəbahətin
bağışlanıb-bağışlanmamağında, doqquzuncu, nitqin hansı: şifahi və ya
yazılı formasında səhvin buraxılmasında. Əgər pozuntular zamanı
anlaşma baş verərsə və kommunikativ maneələr aradan qaldırılarsa,
işgüzar ünsiyyət də təmin olunacaq.
Nitq düzgünlüyü konkret vəziyyətdə fərqli variantlardan düzgün
olanı seçməkdir, dil düzgünlüyündə, yuxarıda gördüyümüz kimi,
variantların hər ikisi normativdir, lüğətlərdə təsbit olunub.
Azərbaycan dilində həm defislə, həm də bitişik yazılan təkrarlar
vardır, onların yazılışı fonetik qanunla bağlıdır.
|