46. Paronimlər. Eyni nitq hissəsinə aid olub, fonetik tərkib və tələffüzcə bir-birinə
yaxın, eyniköklü olsalar da, mənaları üst-üstə düşməyən sözlərə
paronimlər deyilir. Səslənməsindəki oxşarlıq onların nitqdə
qarışmasına səbəb olur, əksəriyyəti leksik xarakter daşıyır. Daha çox
orfoqrafik normaları bilməməkdən, natiqin müəyyən bir sahədə
səriştəsizliyi, söz ehtiyatına kifayət qədər bələd olmamağından irəli
gələn paronimlərdən bədii ədəbiyyatda üslubi fiqur kimi, bəzən də
gülüş doğurmaq üçün qəsdən istifadə olunur.
Şifahi nitqdə düzgün olmayan səslənmə zamanı yazılı nitqdə çox
nəzərə çarpmayan hərf fərqi məna yanlışlığına gətirib çıxarır; hər bir
dil vahidi, dil işarəsi müəyyən bir məna ifadə edir, paronimlər ifadə ilə
məzmun vəhdətinin pozulmasıdır. Paronimlərin çaşdırmaq əlamətləri
vardır: üzvləri eyni nitq hissəsinə aiddir, vurğuları eynidir, tələffüzdə
hiss olunmayacaq dərəcədə yaxınlıq vardır, cümlədə analoji sintaktik
funksiya yerinə yetirirlər, yalnız mənalarına görə fərqlidirlər. Məsələn:
ekskurs – ekskursiya, emissiya – emosiya, etalon – etanol, əbədi –
ədəbi, əsl – əsil və s.
Paronimləri müəyyən əlamətlərinə görə oxşar olan omoqraflar,
omofonlar, eyniköklü sinonimlər, antonimlər, xüsusilə eyni sözün
variantı ilə qarışdırmaq olmaz. Sinonimlər eyni nitq hissəsinə və yaxın
mənalara, lakin dəqiq semantik diferensiasiyaya malik olduqları üçün
bir-birini mətndə, paronimlər isə mətndə deyil, tələffüzdə –
səslənmədə bir-birini əvəz edir. Antonimlərə oxşarlığı denotatlarının
fərqli, müxtəlif əşya və hadisəni əks etdirməsi, lakin antonim
səviyyəsinə düşməməyidir. Formal yaxınlıqlarına görə bəzən
paronimlər psevdoomonimlər hesab olunur, lakin omonimlər eyni cür
yazılıb, eyni səslənib, bir-birindən fərqli mənalı sözlərdir, paronimlər
tələffüzdə tam eyni deyil. Omonimlərdə sözlər xarici, fonetik cildinə,
paronimlər etimoloji yaxınlığına görə oxşardırlar.