Azərbaycan dilinin funksional üslubları.
Üslub ərəb sözü olub “müəyyən bir janr üçün səciyyəvi olan dil və
nitq vasitələrinin məcmusu”dur. Üslublar ona görə funksional adlanır
ki, ünsiyyətdə, müəyyən bir informasiyanın çatdırılmasında oxucuya,
dinləyiciyə təsir vasitələridir, fikrin düzgün ifadə olunmasını yerinə
yetirirlər. Hər bir funksional üslub ünsiyyətdə müəyyən məqsədə
xidmət edən qarşılıqlı əlaqəli dil vasitələrinin mürəkkəb sistemidir,
bütün dil səviyyələrini: sözlərin tələffüzünü, morfoloji üsulları, nitqin
leksik-frazeoloji tərkibini, sintaktik konstruksiyaları və s. əhatə edir.
Üslublar yerinə yetirdiyi funksiyadan asılıdır.
Üslubi elastiklik mürəkkəb elmi, dərin fəlsəfi fikirləri, bədii-
publisistik düşüncələri əks etdirmək vasitəsidir; bu və ya digər –
dəqiq, obyektiv, konkret-təsviri, informativ-işgüzar ifadə tərzini üslubi
cəhətdən formalaşdırır. Hər bir funksional üslub ədəbi dildən o
sözləri, forma və konstruksiyaları seçir ki, onlar göstərilən daxili
vəzifələri ən yaxşı şəkildə ifadə edə bilsinlər. Funksional üslublar nitq
vasitələrinin tarixən inkişaf etmiş və sosial cəhətdən dərk edilmiş
sistemləridir, ünsiyyətin bu və ya digər sahəsində istifadə olunur,
peşəkar fəaliyyətin hər hansı bir sahəsinə uyğundurlar.
Hər funksional üslub ünsiyyət şəraitindən və vəzifəsindən asılı
olaraq, dil vasitələrini (sözləri, morfoloji formaları, sintaktik
konstruksiyaları) seçir, təşkil edir.
(Ardı növbəti sualların cavablarında)
49.
Publisistik üslub.
Publisistik üslub milli ictimai təfəkkürün ifadəsi, mətbuatın,
saytların, radio və televiziyanın dilidir. Radio və televiziya dili
publisistik üslubun şifahi, qəzet və jurnalların, saytların dili isə onun
yazılı formasıdır. Üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin
hamı tərəfindən anlaşılan, aydın və təsirli ifadə olunmasıdır.
Təsadüfi deyildir ki, publisistik üslubda ümumişlək sözlərdən daha
çox istifadə olunur, başqa üslubların xüsusiyyətləri də özünü göstərir.
Bu baxımdan onun iki növü var: bədii-publisistik, elmi-publisistik.
Publisistik üslubda yazılı və şifahi nitq sıx qarşılıqlı əlaqədədir, lakin
təməlində yazılı forma dayanır və iki əsas funksiya yerinə yetirir:
məlumat və təsiredici.
Publisistikanın üslubi əlamətlərinə bədiilik, ifadəlilik, obrazlılıq,
metaforlar, yeni dil vasitələrinin axtarışı, müəllif mövqeyinin açıq
ifadəsi, sabit söz birləşmələrindən, atalar sözü, zərbi-məsəllər,
frazeologizmlərdən geniş istifadə, müəyyən bir dövr üçün xarakterik
olan açar sözlər, siyasi ideya istiqaməti, fərdilik, janr müxtəlifliyi,
monoloji və dialoji nitq, fikrə, fakta, sənədə istiqamətlənmə,
kütləvilik, əlverişlilik, de-mokratiklik aiddir.
Publisistik üslubun xarakterik xüsusiyyətləri:
– Dil vasitələrinin qənaəti, məlumat zənginliyi sayəsində
ifadənin lakonikliyi;
– Dil materiallarının seçimi;
– Janr müxtəlifliyi və onunla bağlı istifadə olunan dil
vasitələri;
– Eklektizm (publisist üslubun xüsusiyyətlərinin digər
üslublarla birləşməsi və ya uyğunlaşması);
– Təsviri (ifadəli vasitələrdən istifadə);
– Genişlənmiş sintaktik konstruksiyalar;
– İnversiya (cümlədə sözlərin yerdəyişməsi).
|