56.
Ərizə, protokol, akt.
Ərizə vətəndaşın müraciəti, hüquqlarının həyata keçirilməsi ilə
bağlı tələbləri nəzərdə tutan sənəddir. Tərtibi zamanı müvafiq
tələblər gözlənilməlidir:
– ərizənin başlığında kimə müraciət olunması və kim
tərəfindən yazılması bildirilməlidir;
– məzmunu qısa, faktlar isə konkret olmalıdır;
– sonda ay, gün, il göstərilməli və müraciət edənin şəxsi
imzası qoyulmalıdır.
Ərizənin bir neçə növü var: təklif, şikayət və s.
Protokol sözü yunancadan götürülüb, “ilk, birinci vərəqi
yapışdırmaq” deməkdir. Protokol aid olduğu iclas, hadisəni olduğu
kimi əks etdirməli, müzakirə olunan hər bir məsələ xronoloji
ardıcıllıqla verilməli, nəticə çıxarılmalıdır: protokol imzalandıqdan
sonra hüquqi qüvvəyə malik olur.
Protokolların rekvizitləri: idarənin və ya təşkilatın adı, sənədin adı,
tarixi, nömrəsi, iclasın keçirildiyi yer, gün, gündəlik məsələlər, qərar
hissəsi, imza.
Akt şahidlərin iştirakı ilə yoxlama nəticəsində müəyyən edilən faktı
(faktları) təsdiq edən sənəddir. Təsdiq olunması üçün bir neçə şəxs
tərəfindən tərtib edilir, sənədləşdirilərək ona rəsmi xarakter verilir.
Məzmunca müxtəlifdir: yoxlama, silinmə, tutuşdurma, kənarlaşma və
s.
Akt imzalandıqdan sonra hüquqi qüvvəyə minir. Göstərilən tarix
onun tərtib olunma zamanıdır.
57.
Bildiriş, arayış, izahat.
Bildiriş hər hansı bir tədbir (elmi, bədii, hadisə və s.) haqqında
kollektiv və ya ictimaiyyətə əvvəlcədən verilən elan, məlumat,
xəbərdarlıqdır. Bildirişdə tədbirin keçiriləcəyi yer və vaxt, iştirakçılar
haqqında məlumat əksini tapır.
Blankın ortasında “Bildiriş” sözü yazılır, sonra gündəlikdə tədbirin
xarakteri, ayın tarixi, saatı, iştirakçıların adı və soyadı, habelə kimliyi
və titulları göstərilir. Mətnin sonunda tədbirin keçiriləcəyi yer,
təşkilatın və ya təşkilatçıların adı qeyd olunur. Bildiriş qəzetdə,
televiziyada, radioda və afişa şəklində verilə bilər.
Arayış hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması,
müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib
edilir. Arayışın kimə, nə üçün verildiyi göstərilir, hansı məqsədlə tərtib
edildiyi qeyd edilir. Arayış müəssisə rəhbəri, kadrlar şöbəsinin müdiri,
mühasib, fakültə dekanlığı və s. tərəfindən verilə və imzalana bilir,
sonda sənədin hara təqdim olunması göstərilir.
Arayış sözü vərəqin ortasında qeyd edilir. Vərəqin sol tərəfində
idarənin ştampı olur. Ştampın aşağı sətrində nömrəsi və verildiyi tarix
göstərilir. Məzmun verildikdən sonra müəssisə rəhbərinin imzası,
soyadı və titulu göstərilir. Bir arayışda bir və ya neçə şəxs haqqında
məlumat vermək mümkündür, mürəkkəb məzmuna malik olan arayışı
təşkilatlar da bir-birinə təqdim edir.
İzahat ərəbcə izah sözünün cəmidir və “bir məsələni, sözü və s.
ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə” mənasını
bildirir. İzahat yazılı və şifahi, sadə və müfəssəl olur. İzahata verilən
tələblər:
– Kimə və kim tərəfindən yazılır;
– Məzmunu aydın olmalıdır;
– Şəxsin öz xətti ilə yazılmalıdır;
– Sonda imza və tarix: il, ay, gün göstərilməlidir.
|