58. Elan, vəkalətnamə, əmr, hesabat. Elan çap olunmuş xəbərdir – müəyyən məlumatın əvvəlcədən
çatdırılması nəzərdə tutulur. Elana verilən tələblər:
– Məzmunu aydın qeyd olunmalıdır;
– Vaxtı dəqiq göstərilməlidir;
– Tədbirin keçiriləcəyi yer yazılmalıdır;
– Tədbirin təşkilatçısı qeyd olunmalıdır.
Elanın aşağıdakı növləri vardır: reklam, afişa, anons. Reklam latın
dilində “qışqırmaq” mənasındadır; Afişa fransızca “tamaşa, konsert,
idman yarışı haqqında elan” deməkdir; Anons fransızca “müəyyən bir
məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən
verilən elan”dır.
Vəkalətnamə ərəb-fars kompozitidir, “vəkillik kağızı” deməkdir.
Vəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün
lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir.
Əmr müəyyən ictimai münasibətləri nizama salan hüquqi normalar
aktıdır. Əmrlər xüsusi formada verilir. Vərəqin birinci sətrində əmr
verilən müəssisənin adı qeyd edilir, sonrakı sətirdə əmr sözü yazılır.
Üçüncü sətirdə sol tərəfdə əmrin verildiyi tarix, əmrin nömrəsi, sağ
tərəfdə əmrin verildiyi şəhərin adı yazılır. Aşağıda əmrin verilmə
səbəbi və məqsədi göstərilir. Ondan aşağıdakı sətirdə vərəqin
ortasında ƏMR sözü yazılır. Sonra əmrin məzmunu verilir; əgər əmr
müəyyən şəxsə və ya şəxslərə aiddirsə, onda şəxsin adı, soyadı və
atasının adı qeyd edilir. Onun qarşısında isə əmrin ona aid olan hissəsi
verilir. Sonda əmr verən məsul şəxsin vəzifəsi, titulu, adı və soyadı
göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayan şəxsin imzası
verilir, möhürlə təsdiq edilir.
Hesabat ərəb dilində hesab sözünün cəmidir, verilən tapşırığın
yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə,
kollektivə, təşkilata, ictimaiyyətə yazılı və ya şifahi şəkildə verilən
rəsmi məlumatdır.