AdigöZƏl bəy qarabağnamə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix31.01.2017
ölçüsü1,85 Mb.
#7198
  1   2   3   4   5   6   7   8   9   ...   16

 
 
 
 
 
 
 
 
 
 
 
QARABAĞNAMƏLƏR 
 
MİRZƏ 
ADIGÖZƏL BƏY 
QARABAĞNAMƏ 
 
MİRZƏ CAMAL CAVANŞİR QARABAĞİ 
QARABAĞ TARİXİ 
 
ƏHMƏD BƏY CAVANŞİR 
QARABAĞ XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ 
SİYASİ VƏZİYYƏTİNƏ DAİR 
 
Birinci kitab 
 
 
 
 
 
ŞƏRQ-QƏRB 
BAKI   2006 
 


Bu kitab "Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası 
nəşriyyatı, 1950) və "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) 
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
Tərtib edəni:  
 
Akif Fərzəliyev 
 
 
Elmi redaktoru:                          Nazim Axundov 
947.54-dc22 
AZE 
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, 216 səh. 
Bu kitabda Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl 
bəyin, Mirzə Camal Cavanşir Qarabağinin,  Əhməd bəy Cavanşirin Qarabağ 
haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır. 
ISBN10 9952-34-068-0 
ISBN13  978-9952-34-068-6 
© "ŞƏRQ-QƏRB", 2006 
 


TƏRTİBÇİDƏN 
Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda Qarabağ tarixinə 
dair böyük əhəmiyyət kəsb edən onlarla əsər və tarixi sənədlər saxlanılır. Təəssüf 
ki, Qarabağa göz dikən erməni ekstremistlərinin haqsız tələblərinin cılızlığını və 
əsassız olduğunu bir daha açıb göstərən və sübuta yetirən bu mənbələrin çoxu 
çap olunmamış və lazımınca araşdırılmamışdır. 
Bu boşluğu aradan qaldırmaq üçün "Qarabağnamə"lər adlı bu kitabı üç 
kitabda çap etməyi nəzərdə tutmuşuq. 
Birinci kitaba XVIII-XIX əsrlər Qarabağ tarixini əhatə edən üç mənbə daxil 
edilmişdir. Bunlardan Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si, Mirzə Camal 
Cavanşir Qarabağinin "Qarabağ tarixi" və  Əhməd bəy Cavanşirin "Qarabağ 
xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərləri çox az tirajla 
1950, 1959, 1961-ci illərdə çapdan çıxmış  və indi nadir kitablar sırasına 
daxildir
1

Mirzə Adıgözəl bəy öz əsərini Azərbaycan dilində, Mirzə Camal Cavanşir 
fars və  Əhməd bəy Cavanşir isə rus dillərində yazmışlar. Yuxarıda adı  çəkilən 
müəlliflərin əsərləri Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda 
saxlanılır. Buraya Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin 1862-1914-cü 
illərdə üzü köçürülmüş beş  əlyazma nüsxəsi
2
, Mirzə Camalın "Qarabağ 
tarixi"nin 1877-ci ildə katib tərəfindən köçürülmüş M-195 şifrli nüsxələri 
daxildir. 
Mirzə Adıgözəl bəyin  əsərindən fərqli olaraq, Mir Mehdi Xəzaninin 
"Qarabağ tarixi"ndə bəzi çox çətin anlaşılacaq yerlərin müasir dilə çevrilməsini 
nəzərə almasaq, demək olar ki, müəllifin öz dilini saxlamışıq. 
"Qarabağnamə"lərdə müəlliflər  əsasən Qarabağın tarixi coğrafiyasını, etnik 
tərkibini, Qarabağda və onun ətrafında baş vermiş siyasi hadi- 
                                                 
1
 
Mirzə Adıgözəl bəy. Qarabağnamə (müqəddimə  və Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid materiallar 
V.N.Leviatovundur), Bakı, 1950; Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi (farscadan tərcümə, müqəddimə, qeydlər 
və adlar göstəricisi. F.Babayevindir), Bakı, 1959; Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi 
vəziyyətinə dair (Əhməd bəy Cavanşirin tərcümeyi-halı, ruscadan tərcümə və qeydlər Ə.B.Şükürzadənindir), Bakı, 1961. 
2   Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılan nüsxələrin şifrləri bunlardır: B-1150, M-87, 
B-2382, B-3336, B-6312. 
 
 


sələri, o cümlədən Azərbaycanın bu gözəl, mənzərəli guşəsində tikilib ucaldılan 
milli abidələrimiz, Qarabağ xanları  tərəfindən yeni salınmış yaşayış  məskənlərini 
geniş şəkildə qələmə alırlar. 
Bu günümüzlə  səsləşən  ən vacib məsələlərdən biri, ermənilərin bu torpağa 
sonradan gəlmələri də bu mənbələrdə öz əksini tapmışdır. Məsələn, Dizaq məliki 
Yegan Qarabağa Loridən qaçıb gəlmişdir. Nadir şaha müticəsinə itaət etdiyinə görə 
Dizaqda ona məliklik verilmişdir. Vərəndə  məliki  Şahnəzər Göyçədən, Çiləbörd 
məliki Allahqulu Mağavizdən, Talış  məliki Usub Şirvandan qaçaraq Qarabağda 
özlərinə sığınacaq tapmış, Nadir şaha qulluqlarına görə Qarabağda məliklik əldə 
etmişlər. Xaçın isə o dövrdə Yesai Həsən Cəlalyanın (1702-1728-ci illərdə alban 
katolikosu) övladına verilmişdir
1
. Buradan aydın olur ki, Allahqulu, Yegan(ə), 
Şahnəzər, Usub və mənbələrdə adı çəkilən digər Qarabağ məliklərinin əsli-nəsəbi, 
xristian dinini əldən verməmək üçün erməni dilini qəbul etmiş albanlardırlar. Bu da 
görkəmli Azərbaycan alimləri akad. Ziya Bünyadovun
2
, akad. İqrar  Əliyevin
3
  və 
başqalarının fikirlərini tamamilə bir daha sübut etməyə əsas verir. 
 
 
                                                 
1
  
Mir Mehdi Xəzani. "Kitabi-tarixi Qarabağ", Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutu, B-518 şifrli 
əlyazma, vər. 13b-17b. 
2
   
Есаи Xacaн  Джалалян. Kpaткая  история  страны  Албанской (1702-1722).  Предисловие  акад.  З.Бунятова, 
1989, стр. 4 
3
  
Игрaр Aлиeв. Haroрный Kapaбax (история, факты, coбытия), Баку, 1989,стр. 70-75. 
 
 


 
 
 
 
 
 
 
 
MİRZƏ ADIGÖZƏL BƏY 
QARABAĞNAMƏ 
 


MİRZƏ ADIGÖZƏL BƏYİN TƏRCÜMEYİ-HALINA 
AİD MATERİALLAR 
 
"Qarabağnamə" müəllifi Mirzə Adıgözəl bəy öz həyatı haqqında olduqca qısa 
məlumat verir. Buna görə, onun bu məlumatlarını həyat və fəaliyyətinin müxtəlif 
dövrlərini işıqlandıran materiallarla tamamlamağı lazım bildik. 
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin  əlyazısının son səhifələrində öz 
tərcümeyi-halından bəhs edərkən, Qarabağda anadan olduğunu yazır. Təəssüf ki, 
hansı ildə anadan olduğunu göstərmir. Lakin tərcümeyi-halında bir sıra faktlara 
işarə edilmişdir ki, bunlar da onun təxmini olaraq hansı ildə anadan olduğunu 
təyin etmək üçün imkan verir. Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşa  şəhərində 
məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olaraq 
Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf 
yollandı və Tiflis şəhərini tutdu. 
Bu hadisələr, yəni  Şuşanın mühasirəsi 1795-ci ilin yayında, Tiflsin İran 
qoşunları  tərəfindən alınması isə  həmin il sentyabr ayının 12-də baş vermişdir. 
Beləliklə, Mirzə Adıgözəl bəyin 1795-ci ildə  məktəbli yaşında, yəni 9 ilə 14 
yaşları arasında olduğunu təsəvvür etsək, onun XVIII əsrin səksəninci illərində 
və daha doğrusu, səksəninci illərin  əvvəllərində anadan olduğunu təyin etmək 
çətin deyildir; çünki tərcümeyi-halda verilən başqa məlumatlardan görünür ki, 
Mirzə Adıgözəl bəy 1799-cu ilin axırları  və 1800-cü ilin əvvəllərində Tiflisdə 
Gürcüstan padşahı  nəzdində olan Rusiya nazirinin yanında qulluq edirdi. Buna 
görə də, onun bu zaman 18-20 yaşlarında olduğunu güman etmək olar. 
Yuxarıdakı mülahizələr Mirzə Adıgözəl bəyin yetmişinci illərin sonunda və 
ya səksəninci illərin başlanğıcında anadan olduğu fikrinin düzgünlüyünü 
göstərir. 
Bu zaman Rusiya hökumətinin Azərbaycan xanlıqları ilə olan münasibətində 
böyük bir dönüş yarandı. II Yekaterina hökuməti Azərbaycan xanlıqlarının işinə 
getdikcə daha artıq qarışmağa başladı. Nəhayət, səksəninci illərin birinci yarısının 
sonlarında, Şimali Azərbaycan xanlıqlarını Rusiya ilə birləşdirmək məqsədilə bu 
xanlıqları öz himayəsi altına almaq siyasətinə keçdi. Quba xanı  Fətəli xan 
qüdrətli  Şimal dövləti ilə  əlaqə saxlamağın lazım olduğunu hiss edərək, vaxtın 
tələbinə görə, getdikcə daha artıq Rusiyaya istinad etmək siyasətinə meyil edirdi. 
Həştərxan və onun vasitəsilə Rusiyanın başqa  şəhərləri ilə olduqca möhkəm 
iqtisadi əlaqələrdə olan Şamaxı, Bakı və Dərbənd tacir və sənətkarlarının mühüm 
hissəsi ona rəğbət bəsləyirdi. 
Beləliklə, Adıgözəl bəy hələ  fəaliyyətinin ilk zamanlarında Rusiya ilə daha 
geniş  əlaqə saxlamağa cəhd edən və öz nəzərlərini  Şimala çevirmiş olan 
adamlarla yaxınlaşa bilərdi. 
 


Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Ağa Məhəmməd şahın qoşunları 
yaxınlaşdığı zaman, onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı 
"İyirmi dörd" mahalında yaşayan köçərilərlə birlikdə Qarabağı  tərk edərək 
Gürcüstana qaçmışdı. Adıgözəl bəygilin ailəsi də,  İran qoşunlarının vəhşi 
hərəkətlərindən canlarını qurtarmaq məqsədilə doğma yurdlarını  tərk edərək 
Şirvan,  Şəki oblastlarına və Gürcüstana qaçmış Qarabağ  əhalisinin  əksəriyyəti 
kimi, böyük əziyyətlər çəkmişdilər. 
Ağa Məhəmməd  şahın basqınından qaçan qaçqınlar yollarda ağır  əziyyətə 
rast gəlirdilər. Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsi çəkdiyi bütün 
əziyyətlər başqa qaçqınların da başına gəldi. 
Xalqın geniş  təbəqələri  İran hakimiyyətinə nifrət edirdilər və ona tabe 
olmamaq üçün öz əmlak və evlərini, əziz və doğma yurdlarını ataraq yaxınlaşan 
İran qoşunlarından qaçırdılar. Qarabağın Aran sahələri  əhalisinin doğma 
yurdlarından kütləvi surətdə qaçması, xalq kütlələrinin İran qoşunları basqınına 
nə cür əlaqə bəslədiyini aydınca göstərir. 
Bildiyimizə görə, Ağa Məhəmməd şah Rusiya qoşunlarının hərbi - Gürcüstan 
yolu ilə Gürcüstan əhalisinin köməyinə  gələ biləcəyindən qorxaraq, Tiflisdə 
yalnız 8 gün qalmış və sonra Gəncədən keçərək Muğan düzünə getmişdi. 
1796-ci ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi. 1796-cı il yaz 
fəslinin  əvvəllərində  Ağa Məhəmməd  şah öz qoşunları ilə Astarabad və 
Xorasana getdi. 
1796-cı ilin yayında II Yekaterina hökuməti tərəfindən göndərilmiş Rusiya 
qoşunları  Şimali Azərbaycana daxil oldular. Onlar Quba, Şamaxı, Bakı, Gəncə 
şəhərlərini tutdular. Lakin həmin 1796-cı ilin payızının axırlarında, II 
Yekaterinanın ölümündən sonra, I Pavelin fərmanına  əsasən, Rusiya qoşunları 
Azərbaycan torpaqlarından çəkilməyə başladılar və 1797-ci ilin yazında 
Azərbaycanı tamamilə tərk etdilər. 
1797-ci ilin yazında Ağa Məhəmməd şah yenidən Qarabağa soxuldu. 1795-ci 
ildə, İran qoşunlarının ölkəni tarmar etməsi nəticəsində intişar etmiş aclıq və taun 
xəstəliyi davam edirdi. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvə  və 
vəsaitə malik olmayan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək Car 
vilayətinə  çəkildi. Ağa Məhəmməd  şah öz qoşunları ilə heç bir maneəyə rast 
gəlmədən Şuşanı zəbt etdi və 1795-ci ildə Şuşanı müdafiə etmiş şəhər əhalisini və 
Rusiyaya istinad etmək təmayülü tərəfdarlarını təqib və edam etməyə başladı. 
Bütün bu müddət  ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə 
Gürcüstanda qalmaqda idilər.  Şübhəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə 
məlum idi. Yəqin ki, o bu hadisələrin  şahidi və  iştirakçısı olmuş, müxtəlif 
adamlarla görüşmüşdü. Doğma vətəninin talan edilməsi, aclıq, əhali 
 


kütlələrinin iztirabı,  İran hakimiyyəti tərəfindən törədilən fəlakətlər, yəqin ki, 
Adıgözəl bəyin şüurunda dərin iz buraxmışdı. 
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Gürcüstan Rusiya ilə 
birləşdikdən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını 
yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarırdı. 
Adıgözəl bəyi Kovalenskiyə nişan verdilər; nazir onu gizli məktublar ilə əlaqədar 
olan işlər üçün öz yanına xidmətə  qəbul etdi. Adıgözəl bəy Kovalenskinin 
yanında gizli surətdə xidmət edir və donluq alırdı. 
Adıgözəl bəy bu məxfi vəzifədə, ancaq 1799-cu ilin axırlarında və bütün 
1800-cü il boyu xidmət edə bilərdi. Mirzə Adıgözəl bəyin həyatında bu dövrün 
böyük əhəmiyyəti olmuşdu. Əgər bu vaxta qədər Adıgözəl bəy öz vətənində baş 
vermiş tarixi hadisələri müşahidə etmək və onlara qiymət verməklə öz siyasi 
təmayülünü müəyyən etmişdisə, nazir Kovalenskinin yanına xidmətə girdikdən 
sonra isə, o öz siyasi təmayulünü tamamladı və möhkəmləndirdi. Adıgözəl bəy 
öz gələcək taleyini Zaqafqaziyada olan Rusiya divanxanası  və ordusu ilə 
əlaqələndirdi. Məlum olduğu kimi, Adıgözəl bəy 1800-cü ildə özünü Rusiya 
tərəfdarı kimi tanıtdıra bilmişdi. Buna görə, nazir Kovalenski onu inanılmış bir 
adam sayıb diplomatik işlərlə əlaqədar olan gizli məktubları ona tapşırmışdı. 
Bu münasibətlə belə bir sual ortaya çıxır: Adıgözəl bəy rus dilini nə vaxt və 
harada öyrənə bilmişdir? Belə güman etmək olar ki, Adıgözəl bəy nazir 
Kovalenskinin yanında xidmət edərkən rus dilini başa düşürdü. Ehtimal ki, 
Adıgözəl bəy rus dilini 1796-1800-cü illər  ərzində, Tiflisdə yaşadığı zaman 
öyrənmişdir. Bu fikir həqiqətə daha yaxındır. 1795-ci ilin payızından başlayaraq 
Tiflisdə rus qarnizonu dururdu. 
Təəssüf ki, padşah XII Georginin ölümündən sonra Mirzə Adıgözəl bəyin 
nazir Kovalenskinin xidmətində olub-olmaması haqqında bir məlumat yoxdur. 
Bizcə o, bu vəzifədə olmuşdur; çünki Kovalenski Gürcüstanın hökmdarı 
vəzifəsini ifa etdiyi üçün ona Şərq dillərini bilən adam lazım idi. 
Lakin Mirzə Adıgözəl bəy Kovalenskinin yanında, onun Gürcüstan idarə 
işlərini knyaz Sisianova təhvil verənə  qədər, yəni 1803-cü ilin fevral ayınadək 
xidmət edə bilərdi
1
. Adıgözəl bəyin Gürcüstan canişini və Qafqaz qoşunları 
komandanı knyaz Sisianovun yanında xidmət etməsi məlum deyildir. Mirzə 
Adıgözəl bəyin həyatının bu dövrünə aid heç bir sənəd hələ aşkar edilməmişdir. 
Həyatının bu dövrü haqqında Mirzə Adıgözəl bəy tərcümeyi-halında belə yazır: 
"Mən rus komandanlığının rütbəli şəxsləri yanında xidmətdə idim". Gürcüstanda 
Rusiya hakimiyyəti təsdiq olunduqdan sonra o, general-mayor Lisaneviçin yanına 
xidmətə təyin olunur.  
                                                 
1
 
AKAK, c. III, sənəd 1, səh. 4. 10 
 
 
10 

"Qafqaz Arxeoqrafiya Komissiyası aktlar"nda nəşr edilmiş  sənədlərdən 
görünür ki, general-mayor Lisaneviç 1811-ci ilin avqust ayında, Pənbək və 
Şoragil okruqları  rəisi vəzifəsində olmaqla, Ərzrum sərəskərinin hərəkatını 
güdürdü
1
. Bu vaxt Rusiya ilə Türkiyə arasında müharibə gedirdi. Hərbi 
əməliyyatın  əsas meydanı Dunay çayı  ətrafında idi. Lakin Rusiyaya tabe olan 
Zaqafqaziya torpaqlarına Türkiyə qoşunlarının hücum edə biləcəyi qorxusu 
olduğu üçün general-mayor Lisaneviçin əsas diqqəti Türkiyənin sərhəd 
rayonlarında olan osmanlı qoşunlarının hərəkatını izləməyə çevrilmişdi. 
Lisaneviç sərhədin o tayına kəşfiyyatçılar və casuslar göndərirdi. Belə bir 
şəraitdə generala mütləq mütərcim-kargüzar lazımdı. Bu vəzifəni Mirzə 
Adıgözəl bəy ifa edirdi. 
Mirzə Adıgözəl bəy general Lisaneviçin yanında xeyli vaxt xidmət etmişdir. 
O, tərcümeyi-halında belə yazır: "On birinci ilə  qədər onun yanında katiblik 
etdim. Bu ildə menə podporuçik rütbəsi verildi. Nəhayət, on altıncı ildə  sərdar 
Yermolovdan izn alıb, Qarabağın keçmiş hakimi general-mayor Mehdiqulu 
xanın qulluğuna gəldim..." 
Beləliklə,  əldə olan məlumatlara  əsaslanaraq təsdiq etmək olar ki, general-
mayor Lisaneviç və Mirzə Adıgözəl bəyin birgə xidməti 1811 -ci illə 1816-cı 
illər arasında olmuşdur. 
General Lisaneviç və Mirzə Adıgözəl bəy 5-6 ilə  qədər Pənbək və  Şoragil 
distansiyalarında xidmət etmişdilər. Bu müddət ərzində bu yerlərlə əlaqədar bir 
çox hadisələr baş vermişdir. 
Təəssüf ki, Mirzə Adıgözəl bəyin bu distansiyalarda xidməti zamanı ciddi 
əhəmiyyəti olan işlərdə iştirak etməsi haqqında bilavasitə dəlillər yoxdur. Lakin 
vəzifəsinin xarakterinə görə, bir mirzə kimi, həmin işlərlə  əlaqədar olduğunu 
güman etmək olar. 
1805-1813-cü illər  ərzində davam edən birinci Rusiya-İran müharibəsi 
zamanı, Pənbək və  Şoragil  İran qoşunlarının basqını  nəticəsində, son dərəcədə 
talan edilmişdi.  Əhalinin xeyli hissəsi  İran qoşunları  tərəfindən cənuba 
qovulmuş, bəziləri isə  hərbi  əməliyyat gedən territoriyaları  tərk etmişdilər. 
Okruq rəisi distansiyanı məskun etmək, əkinçiliyi və məskun yerləri bərpa etmək 
qayğısına qalmalı idi.  
Hərçənd general-mayor Lisaneviç Azərbaycan dilini bilməklə Azərbaycan 
əhalisinin etimadını qazanmışdı, lakin bu ailələrin köçürülməsində yerli əhalidən 
olan və böyük hörmət sahibi Mirzə Adıgözəl bəyin, şübhəsiz ki, böyük xidməti 
olmuşdur. 
                                                 
1
 
General Tormasovun 1811-ci il avqustun 13-də general-mayor Lisaneviçə yazdığı 134 Ns-li əmr (AKAK, IV sənəd 
1179, səh. 775; 776-cı səhifədəki 1180 nömrəli sənədlə müqayisə edin).
 
11 

1812-ci ilin əvvəllərində  İran hökuməti  İrəvan sərdarı Hüseynqulu xanın 
vasitəsilə sülh danışıqlarına başlamaq arzusunda olduğunu bildirdi. Bununla 
əlaqədar olaraq sərhəd mahalının rəisi general-mayor Lisaneviç sülh danışıqları 
aparmaq üçün xüsusi məmur göndərilməsi haqqında məktublaşmağa başladı
1

Mirzə Adıgözəl bəyin bu işdə iştirakı haqqında bilavasitə məlumat yoxdursa da, 
şübhəsiz ki, vəzifəsi ilə  əlaqədar olaraq o, bu kimi danışıqlarda kənarda dura 
bilməzdi. 
1813-cü ilin oktyabr ayında Qarabağın Gülüstan qəsəbəsində sülh müqaviləsi 
bağlandı. Bu müqaviləyə  əsasən  İran hökuməti Dərbənd, Quba, Bakı,  Şamaxı, 
Şəki, Gəncə, Qarabağ və Talış xanlıqlarına qarşı öz tələblərindən imtina etdi. 
Mirzə Adıgözəl bəyin tərcümeyi-halı  və müxtəlif mənbələrdən alınan 
məlumatlar onun həyatının bu dövrünü daha tam və düzgün təsəvvür etməyə 
imkan vermir. 
1816-cı ilin oktyabr ayında Gürcüstanın
2
 əlahiddə korpus komandiri vəzifəsinə 
təyin olunmuş general A.P.Yermolov Tiflisə  gəldi və Qafqaz işləri ilə tanış 
olmağa başladı. 
General A.P.Yermolov xanlara inanmırdı. O, xan hakimiyyətinin mövcud 
olmasını rus imperiyası mənafeyinə zidd görürdü və buna görə də gələcəkdə xan 
hakimiyyətini ləğv edib rus idarəsi qurmağı zəruri hesab edirdi. Qarabağ, Şirvan 
və Şəki xanlarının hakimiyyəti bu xanlıqların Rusiya təbəəliyinə qəbul edilməsi 
haqqında 1805-ci ildə bağlanmış müqavilə  əsasında təsdiq edildiyi üçün, 
A.P.Yermolov dərhal öz siyasi məqsədlərinin tətbiqinə başlaya bilməzdi. 
Əvvəlcə o, xanların yanında Rusiya hökumətinin etimadını qazanmış  şəxslər 
təyin etməklə kifayətləndi. 
A.P.Yermolov Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Mehdiqulu xanın 
yanına göndərdi. Adıgözəl bəyin Qarabağa göndərilməsi 1816-cı ildə 
A.P.Yermolovun Tehrana səfir təyin edilməsindən bir az əvvəl olmuşdu. Mirzə 
Adıgözəl bəy tərcümeyi-halında xəbər verir ki, qarabağlı Mehdiqulu xan ona 
ailəsinin əvvəllərdə sahib olduğu torpaqları qaytardı, yeni malikanələr bağışladı 
və onu "İyirmi dörd" mahalına naib təyin etdi. 
"İyirmi dörd" mahalı Qarabağ xanlığının iyirmi iki mahalından biri idi. 
Yuxarıda göstərilən, tam olmayan məlumatlara  əsasən, 1823-cü ildə bu mahalda 
155 ailə, hər ailəyə 5 nəfər hesab etmiş olsaq, 800 nəfərə yaxın adam yaşayırdı.  
Bu mahal Qarabağ xanlığının ən kiçik mahallarından biri idi. Burada 
 
                                                 
1
 
Markiz Pauluççinin qraf Rumyantsevə 1812-ci il martın 21-də yazdığı 80 nömrəli məlumat (AKAK, c. V, sənəd 
247, səh. 177).
2
 
General Yermolovun qraf Nesselpoda 1816-cı il noyabrın 19-da yazdığı  təliqə
 
(AKAK, c. VI, h.II, sənəd 281, 
səh.136).
 
 
12 

yaşayan əhalinin sayı bütün Qarabağ xanlığı əhalisinin yüzdən birini belə təşkil 
etmirdi
1
. Mirzə Adıgözəl bəy Mehdiqulu xanın  ən yaxın və inanılmış 
adamlarından biri idi. O, Mehdiqulu xanın yanında son günədək, yəni onun 
xaricə qaçdığı günədək olmuşdur. 
Zaqafqaziyada müsəlman  əyalətlərinin rəisi general V.Q.Madatovun təzyiqi 
və araqarışdırıcı  hərəkətləri nəticəsində Mehdiqulu xanın Qarabağı  tərk edərək 
İrana qaçması  məlumdur. General Madatov Azərbaycanda xan üsul-idarəsini 
ləğv etməyi lazım bilən A.P.Yermolovun göstərişləri əsasında hərəkət edirdi. 
General Yermolov knyaz Madatovun vasitəsilə öz arzusunun yerinə 
yetirilməsinə nail oldu. Mehdiqulu xan ona edilən hədələrdən qorxaraq 1822-ci il 
noyabrın 21-də öz ailəsini qoyaraq, bir neçə  nəfər xidmətçisinin müşayiətilə 
xaricə qaçdı
2
. Bu hadisələr bir neçə il keçdikdən sonra Mehdiqulu xanın yazdığı 
bir məktubda işıqlandırılmışdır. Mehdiqulu xan özünün qaçmağı haqqında belə 
yazır: "...mən Tərtərə gedib orada bir neçə nəfər taparaq onlarla öz vəziyyətimi 
izah etmək üçün Tiflisə getməyi qərara aldım. Lakin məni Tərtərə buraxmamaq 
və Qarabağdan qovmaq əmrilə dalımca göndərilmiş Məlik Vanya mənə çatdı və 
mən qorxaraq İrəvana yola düşdüm. Hərçənd mənə əslində Qarabağdan getmək 
lazım deyildi, ...lakin mən özümü xilas etmək üçün İrəvana getdim"
3

1823-cü ildə  həqiqi stats-sovetnik Magilevski və polkovnik A.P.Yermolov 
tərəfindən tərtib edilmiş "Qarabağ vilayətinin statistik təsviri"ndən məlum olur 
ki, Mirzə Adıgözəl bəyin xüsusi əmlakı çox az olmuşdur
4
. O, təkcə  Ağbulaq 
kəndinə sahib idi. Mirzə Adıgözəl bəyin öz evi də burada idi. Bundan başqa 
Danyal bəy Qmatlı obası, Varvaralı və Qaraoğlanlı kəndi də onun idarəsində idi. 
Burada vergi verən 59 ailə  və Mirzə Adıgözəl bəyin sahib olduğu 37 rəncbər 
ailəsi yaşayırdı. Xanlıq dövründə  və komendant üsul-idarəsi zamanında 59 
ailədən toplanan verginin bir hissəsi divan və ya xəzinəyə daxil olurdu. Verginin 
xəzinəyə daxil olan bu hissəsi 1823-cü ildə aparılan
                                                 
1
  
Həqiqi stats-sovetnik Magilevski və polkovnik Yermolovun general Yermolova 1823-cü il mayın 2-də yazdıqları 
22 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1308, səh. 858).
2
  
Knyaz Madatovun general-leytenant Velyaminova 1822-ci il noyabırın 21-də yazdığı 916 nömrəli raport (AKAK, 
c. VI, h. I, sənəd 1293, soh. 848). 
3 Mehdiqulu xanın knyaz Abxazova 1827-ci il iyunun 21-də yazdığı məktub
 
(AKAK, c. VII, səh. 458-459).
4
 
Həqiqi stats-sovetnik Magilevski və polkovnik A.P.Yermolov tərəfindən tərtib
 
edilmiş "Qarabağ vilayətinin 
statistik təsviri" (AKAK, f. 24, ya 21,1, iş 117, səh. 152, 153, 203). 
 
 
13 

siyahıya görə, 156 manat rus gümüş pulu miqdarında idi. Ehtimal ki, mədaxilin 
qalan çox hissəsi kəndi idarə edənin ixtiyarına keçirdi. 
"Qarabağ vilayətinin statistik təsviri"ndən belə  məlum olur ki, Mirzə 
Adıgözəl bəyin 37 ailədən ibarət rəncbəri var idi. Bu fakt göstərir ki, Mirzə 
Adıgözəl bəyin xüsusi təsərrüfatı olmuş  və burada həmin rəncbərlər işləmişlər. 
Ümumiyyətlə, rəncbərlər ya tut bağlarında və ya çəltik tarlalarında işlərdilər. 
Lakin Mirzə Adıgözəl bəyin rəncbərləri köçəri hesabında olduğundan, onların bağ 
və çəltik tarlalarında məşğul olduqlarını güman etmək olmaz. Bu rəncbərlərin hər 
şeydən əvvəl ziraətdə işlədiklərini fərz etmək olar. 
Yuxarıdakı izahatdan belə görünür ki, Mirzə Adıgözəl bəyin mülkü çox da 
böyük deyilmiş; çünki onun ixtiyarında olan ailələrin sayı yüzə çatırdı ki, beş 
yüzdən altı yüzə  qədər can təşkil edirdi. Lakin onu kiçik mülk də adlandırmaq 
olmaz. Beləliklə, Mirzə Adıgözəl bəyi orta təsərrüfatçı  bəylər sırasına daxil 
etmək lazımdır. Ona verilmiş poruçik, sonra isə kapitan rütbəsi və Qarabağ 
əyalət məhkəməsində iclasçı  vəzifəsi onu Qarabağ aristokratiyasının ali bəy 
təbəqəsi sırasına irəli çəkdi. 
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında qeyd edir ki, general Yermolovun 
tapşırığı ilə o, 1823-cü ildən 1826-cı ilədək, yəni üç il ərzində Qarabağ 
sərhədlərinin mühafizəsi üzrə qulluqda olmuşdur. Adıgözəl bəyin öz haqqında 
verdiyi bu məlumat "Qafqaz Arxeoqrafiya Komissiyası aktları"nda nəşr edilmiş 
sənədlərlə təsdiq olunur. General-mayor knyaz Madatov A.P.Yermolova 1825-ci 
il 9 iyul tarixində yazdığı raportunda belə  xəbər verir: "Sizin 2 iyul tarixli 9 
nömrəli sərəncamınıza cavab olaraq, Qarabağda bizim sərhədlərimizi iranlıların 
hücumu təhlükəsindən müdafiə etmək, köçəri xalqların qaçmasının qarşısını 
almaq və  mənim nə kimi tədbirlər gördüyüm haqqında zati-alinizin nəzərinə 
aşağıdakı məlumatı çatdırmağı özümə şərəf hesab edirəm"
1

Knyaz Madatov sərhəd məntəqələri cədvəlində Mirzə Adıgözəl bəyin olduğu 
məntəqəni də göstərmişdir. Sənəddə belə göstərilir: "Murov dağı enişinin 
qurtaracağında, Bazərgan bulağı yanında... 15 verst qabaqda olan Gil qəsəbəsində 
qarovul duran dağılmış Zod kəndi yanında, mahal naibi podporuçik Mirzə 
Adıgözəl bəyin yanında 40 nəfər, bundan əlavə də burada yüzbaşı Nasledışevin 
yanında 25 nəfər qazaq vardır". Cədvəlin sonunda general Madatov yazır: "Bu 
cədvələ əsasən iki post xətti təşkil edilir: - dağıdılmış Zod kəndindən isti sulara 
qədər olan sağ qolu ştab-kapitan Çernoqlazov, yerli əhali keşikçilərini isə 
podporuçik Mirzə Adıgözəl bəy idarə edir..."
2  
                                                 
1
 
General-mayor knyaz Madatovun general Yermolova 1825-ci il iyulun 9-da yazdığı 341 nömrəli raport. Çanaxçı 
kəndi (AKAK, c. VI, h. I, sənəd 719, səh. 516). 
2 Yenə orada. 
 
14 

Bu post çox irəlidə qoyularaq İran territoriyasına daxil olduğu üçün İrəvan 
sərdarı Hüseynqulu xan general Madatova müraciət edərək postun yerini 
dəyişdirməyi xahiş etmişdi. Madatov, A.P.Yermolovun göstərişi ilə, Hüseynqulu 
xana məktubla cavab verərək yazırdı: 
"Zati-aliniz tərəfindən zilhiccə ayının 11-də
1
 yazılmış məktubu aldım, orada 
podporuçik Mirzə Adıgözəl bəyin süvarilərlə Zod kəndində durduğunu 
göstərirsiniz... Mirzə Adıgözəl bəyə həmin kənddə durmamaq haqqında çoxdan 
əmr vermişəm və o, tezliklə oradan gedəcəkdir"
2

Sərhəd mühafizəsi xidmətində Adıgözəl bəy 1826-1828-ci illərdə olan 
Rusiya-İran müharibəsi başlananadək olmuşdur. Tərcümeyi-halında Adıgözəl bəy 
göstərir ki, o, 1826-cı il avqustun 25-dək, yəqin ki, İran qoşunlarının Qarabağa 
hücumundan bir az əvvəl ona 60 əsgərlə bir zabit, iki yüz azərbaycanlı və erməni 
süvariləri tabe idi. Mirzə Adıgözəl bəy sərhədi mühafizə etməklə,  İran 
hökumətinin müharibəyə başlayacağı haqqında məlumatlar alırdı. O bu 
məlumatları  Şuşa qalasının komendantı mayor Çilyayeva bildirirdi. Bu məxfi 
xəbərlərə cavab olaraq Mirzə Adıgözəl bəy öz postunda istehkamlar qurmaq 
əmri aldı. Onun postu Qarabağ sərhəd postları xəttinin son sağ qolunda, Murov 
dağının cənub  ətəklərində, Bazərgan bulağı yanında idi... Mirzə Adıgözəl bəy 
hələ burada ikən müharibə başlandı. Məlumdur ki, bu müharibə İran qoşunlarının 
Rusiyaya tabe olan torpaqlarına qəflətən hücumu ilə başladı. İran qoşunları, demək 
olar ki, bir vaxtda İrəvan tərəfindən sərhədləri keçərək  Şoragil, Pənbək və 
həmçinin Talış  və Qarabağ  əyalətlərinə soxuldular. Lazımı  qədər qüvvələri 
olmayan sərhəd postları  İran qoşunlarının qarşısını ala bilmədilər. Onların çox 
hissəsi vuruşa-vuruşa ölkənin içərilərinə  tərəf geri çəkilirdi. Bəziləri isə 
mühasirəyə alınaraq uzun müqavimətdən sonra əsir düşdülər. 
Bazərgan bulağı yaxınlığındakı post sərhədin lap yanında və  İran 
qoşunlarının ilk axını yolu üstündə olduğu üçün, Mirzə Adıgözəl bəy və ona 
tapşırılan dəstənin  Şuşa və Tiflis ilə  əlaqəsi kəsildi. Mirzə Adıgözəl bəy öz 
tərcümeyi-halında yazır ki, o, cürbəcür hiylələrlə Şuşa ilə əlaqəni bərpa etmək və 
hər bir addımda ölüm təhlükəsi olan düşmən arxasından çıxmağa cəhd edirdi. 
Lakin Tiflisə tərəf geri çəkilən rus qoşunları ilə birləşmək ona mümkün olmadı. 
Şuşa qalası da İran qoşunlarının mühasirəsində olduğu üçün oraya girmək 
mümkün deyildi. 
Vəziyyət bir də ona görə  gərginləşmişdi ki, xanlıq üsul-idarəsi zamanı xan 
hakimiyyəti ilə sıxı əlaqədə olan yerli əhalinin ayrı-ayrı qrupları, düşmən  
                                                 
1
 
18 iyul (1825-ci il) 
2 General-mayor knyaz Madatovun Hüseynqulu xana 1825-ci ildə yazdığı məktub (AKAK, c. VI, h. I, sənəd 1373, 
səh. 892). 
 
 
15 

qoşunlarının hücumundan sonra onların tərəfinə keçdi və bir sıra köçəriləri də öz 
tərəflərinə çəkdilər. Xanlıq üsul-idarəsinin ləğvindən sonra öz əvvəlki imtiyazlı 
vəziyyətlərini və maddi-yaşayış mənbələrini itirmiş və sayca əhalinin az hissəsini 
təşkil edən yüzbaşılar, maaflar, kətxudalar təbəqəsi və  həmçinin bəylərin bir 
hissəsi köhnə qaydaları  bərpa etmək istəyirdilər. Onlar elə güman edirdilər ki, 
İran qoşunları  gəlib köhnə idarə üsulunu və onların itirdikləri imtiyazları geri 
qaytaracaqdır. Onlar qarabağlı Mehdiqulu xanın  İran vəliəhdi Abbas Mirzənin 
qoşunları arasında olduğunu bilirdilər. 
Bu hal Mirzə Adıgözəl bəyin vəziyyətini daha da çətinləşdirirdi. Mirzə 
Adıgözəl bəy törənmiş vəziyyətdən çıxmaq üçün bir yol tapmayaraq təhlükə ilə 
üz-üzə  gəlmək məcburiyyətində qaldı. O, öz tərcümeyi-halında Abbas Mirzənin 
qərargahına getdikdən sonra əsirlikdə rast gəldiyi bütün macəraları  ətraflı bir 
surətdə nağıl edir. Mirzə Adıgözəl bəyi əsir sifətilə Təbrizə göndərdilər
1

Abbas Mirzənin ordusu Şamxor yanında və  Gəncə  şəhəri yaxınlığındakı 
böyük vuruşlarda məğlub olduqdan sonra İran qoşunları Araz çayının o tayına 
keçdilər. 
Abbas Mirzə yəqin ki, əzilmiş qoşunlarını yenidən nizama salmaq üçün vaxt 
qazanmaq məqsədilə, sülh danışıqlarına başlamağa cəhd edirdi. Mirzə Adıgözəl 
bəy tərcümeyi-halında yazır ki, bu məqsədlə onu Şuşaya göndərdilər. Beləliklə, 
o, əsirlikdən azad oldu. Yəqin ki, bu hadisə 1827-ci ilin əvvəllərində olmuşdur; 
çünki Mirzə Adıgözəl bəy 1827-ci ilin yanvarında hələ Təbriz şəhərində əsir idi. 
Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşadan Tiflisə gedərək general 
A.P.Yermolov və qərargah rəisi general-adyutant İ.İ.Dibiç cənabları ilə görüşdü. 
1827-ci ilin yanvar və fevral aylarında, canişin və Qafqazın  əlahiddə korpusu 
komandiri vəzifəsinə yeni təyin edilmiş  İ.F.Paskeviçin A.P.Yermolovdan işləri 
təhvil aldığı zaman, general-adyutant Dibiç Tiflisdə idi. 1827-ci il mart ayının 
axırlarında A.P.Yermolovun geri çağırılmasından sonra İ.F.Paskeviç 
Zaqafqaziyanın bütün işlərini idarə etməyə başladı
2
. Maddi mənafelərinə görə, 
Mehdiqulu xana tərəfdar olan Qarabağ  əhalisinin müəyyən qruplarını Rusiya 
tərəfinə meyil etdirmək fikrilə İ.F.Paskeviç qarabağlı Mehdiqulu xanı da Rusiya 
tərəfinə çəkməyi siyasi cəhətdən məqsədəuyğun hesab edirdi. 
Bu mühüm işin icrası Qarabağ,  Şirvan və  Şəki  əyalətlərini
3
 idarə edən 
V.K.Madatovu 1827-ci ilin aprel ayında  əvəz etmiş knyaz İ.NAbxazova 
tapşırılmışdı.  
                                                 
1
 
Naməlum müəllifin Qarabağ haqqında yazdığı qeydlərlə müqayisə edin. 1829-1831-ci illər içərisində (Rus 
çarizminin XIX əsrin 20-60-cı illərində Azərbaycanda müstəmləkə siyasəti, h. I, M.-L., 1936-cı il). 

 
AKAK, c. VII, səh. 1. 

 
Yenə orada, səh. 4. 
 
16 

Knyaz İ.N.Abxazov bu məsul tapşırığı bilavasitə yerinə yetirmək üçün Mirzə 
Adıgözəl bəyi seçdi. 
İndi Mirzə Adıgözəl bəy, Mehdiqulu xan üzərində olan nüfuzunun qüvvəsini 
sınaqdan çıxarmalı idi. O, Arazın o tayına, düşmənin arxasına keçib orada 
Mehdiqulu xanla görüşməli və onu Rusiya tərəfinə keçməyə razı etməli idi. 
Mirzə Adıgözəl bəy bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirdi. İyunun 
əvvəllərində general Paskeviç qərargah rəisi İ.İ.Dibiçə aşağıdakı məlumatı xəbər 
verirdi: 
"Danışıqların müvəffəqiyyəti və Mehdiqulu xanın bizim tərəfə keçməsi 
haqqındakı xəbəri zati-alinizin hüzuruna çatdırmağı özümə şərəf hesab edirəm... 
Bu ayın 8-də mən Qarabağdan məlumat aldım ki, xan oraya qayıtmışdır. Onun 
arxasınca Daralagözdən bizim sərhədlərimizə 3 min köçəri ailəsi köçmüşdür... 
Mehdiqulu xanın Qarabağa köçürülməsindən  əldə edilən mənfəətlər olduqca 
mühümdür: 
1) Keçmiş hakimlərinin (Mehdiqulu xanm) alçaldılmasına narazılıqla baxan 
sərhəd boyundakı adamların mütərəddidliyinə son qoydu. O, (Mehdiqulu xan) – 
yaxında, sərhədin özündə olmaqla qədim  əlaqə  və irsi hakimiyyətindən istifadə 
edərək, istədiyi vaxt onu qəbul etmiş olan İranın nəfinə, aramızda fəal tərəfdarlar 
tapa bilərdi. 
2) Bu qəbilələrin çox hissəsini Mehdiqulu xan öz ardınca Qarabağa gəlməyə 
rəğbətləndirdi. Düşmən artıq onlardan kömək gözləyə bilməz. Onlar 4 min ən 
yaxşı süvari verə bilərlər ki, bu da nəinki bizim üçün qorxu təşkil edəcək, əksinə, 
bizim sərhədlərimizi mühafizə edəcəkdir. 
Əlavə edirəm ki, xana qoşulub (İrana) getməyən bir neçə yüz ailə sırasındakı 
Millidlər (?), Qaraçorlu, Şadillu və sair yerdə qalan xalqlar şadillu Aslan 
Sultanın vasitəsilə  mənə müraciət edərək öz itaətlərini bildirmiş  və Rusiya 
himayəsinə qəbul edilmələrini xahiş etmişlər"
1

Mirzə Adıgözəl bəy Mehdiqulu xanı Rusiya tərəfinə meyil etdirmək 
tapşırığını müvəffəqiyyətlə yerinə yetirdi. General Paskeviç onun bu xidmətinə 
yüksək qiymət verərək onu təltif edilməyə təqdim etdi. Bu barədə o, raportlarının 
birində yazırdı: 
"Komandanlığın təsdiqinə görə, düşmən torpağında cəldlik və  qəhrəmanlıq 
göstərərək, onlara verilmiş tapşırıqları yerinə yetirdikləri üçün, qarabağlı 
podporuçik Mirzə Adıgözəl bəyi (ona donluq da verməklə) və polkovnik knyaz 
Abxazovun yanında xidmətdə olan knyaz İvan Melikovu poruçik rütbələri ilə 
təltif etməyə  təqdim etməyi özümə  şərəf bilirəm. Dindaşları üsyan edərkən 
(Mirzə Adıgözəl bəyin) bizə necə sadiq qaldığını və Təbrizdə ona 
                                                 
1
 
General Paskeviçin qraf Dibiçə 1827-ci il iyunun 12-də yazdığı 62 nömrəli raport. Eçmiədzin (AKAK, c. VII, sənəd 
402, səh. 453-454). 
 
17 

olan  əzablara və  əsarətə möhkəm bir iradə ilə dözdüyünü zati-aliniz Tiflisdə 
olduğu zaman yəqin ki, eşitmişdir"
1

Hərbi  əməliyyatın sonrakı gedişində Mirzə Adıgözəl bəy, görünür ki, 
bilavasitə  iştirak etməmişdir. O, knyaz Abxazovun yanında bir tapşırığı yerinə 
yetirməklə  məşğul idi. Bu tapşırıq haqqında general Paskeviç 1827-ci il may 
ayında knyaz Abxazova belə yazırdı: 
"Zati-alinizə tapşırıram ki, əgər bu məsələ  hələ sizin diqqətinizi özünə  cəlb 
etməyibsə, hər bir vasitə ilə çalışmaq lazımdır ki, Azərbaycanda işlərin indiki 
vəziyyətindən narazı  və bizim tərəfə meyil göstərən Təbriz  əhalisinin müəyyən 
hissəsi və onların rəisləri ilə şifahi və yazılı olaraq ikitərəfli əlaqə saxlanılsın"
2

Təəssüf ki, Mirzə Adıgözəl bəyin 1827-ci ilin ikinci yarısı  və 1828-ci ilin 
əvvəllərindəki, yəni Türkmənçay sülh müqaviləsi bağlanan vaxtdakı  fəaliyyəti 
haqqında bizə məlumat verə bilən sənədlər hələ tapılmamışdır. 
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında xəbər verir ki, o, knyaz Abxazovun 
rəhbərliyi altında xidmət etmişdir. Ola bilsin ki, Mirzə Adıgözəl bəy knyaz 
Abxazovla birlikdə Rusiya səfiri A.S.Qriboyedov Tehranda öldürüləndən sonra 
əmələ  gəlmiş  təhlükəli vaxtda - 1829-cu ildə Qarabağ,  Şirvan və  Şəkidə  təşkil 
edilən süvari müsəlman alaylarının təşkilində iştirak etmişdir
3
. Knyaz Abxazovun 
general Paskeviçə  təqdim etməsilə Mirzə Adıgözəl bəyə kapitan rütbəsi 
verilmişdir. 
Bu məlumatdan belə  nəticə  çıxarmaq olar ki, Mirzə Adıgözəl bəyə kapitan 
rütbəsi 1830-cu ildən  əvvəl verilmişdir; çünki knyaz Abxazov 1830-cu ildə 
Zaqafqaziyanı tərk edərək Osetiyaya getmişdi
4

Çox güman ki, hələ bu vaxt, yəni 1829-cu ilin axırlarında və 1830-cu ilin 
əvvəllərində Mirzə Adıgözəl bəy, 30 ilə yaxın xidmət etdikdən sonra istefaya 
çıxmışdı. 
Komendant üsul-idarəsi vaxtında  əyalət məhkəmələri qanun üzrə  nəinki 
mühakimə xarakterli işlərlə, hətta bir sıra  əmlak və  təsərrüfat məsələləri ilə  də 
məşğul olmalı idilər, çünki komendantların yanında məhkəmədən başqa heç bir 
idarə yox idi. Qarabağ  əyalət məhkəməsinin  əhatə etdiyi məsələlər, ali inzibat 
idarəsinin tapşırığı ilə, XIX əsrin 30-cu illərində  tərtib edilmiş Qarabağ  əyaləti 
haqqındakı qeydlərdə gözəl bir surətdə işıqlandırılmışdır. Bu  
                                                 
1
 
General Paskeviçin qraf Dibiçə 1827-ci il iyunun 12-də yazdığı 62 nömrəli
 
raport. Eçmiədzin (AKAK, c. VII, 
sənəd 402, səh. 455). 
2
   
General Paskeviçin polkovnik, knyaz Abxazova 1827-ci il mayın 21-də yazdığı
 
əmr. Cəlal oğlu (AKAK, c. VII, 
sənəd 508, səh. 543).
3
 
Polkovnik Miklaşevskinin qraf Paskeviçə 1830-cu il fevralın 4-də yazdığı 3 nömrəli raport (AKAK, c. VII, sənəd 
372, səh. 426). 

 
AKAK, c. VII, sənəd 4. 
 
18 

qeyddə deyilir: "Şuşa əyalət məhkəməsinin iclası komendantın sədrliyi və əhali 
tərəfindən bəylər və  vətəndaşlar içərisindən seçilmiş 4 iclasçının iştirakilə 
aparılır. Əyalət məhkəməsi aşağıdakı işlərə baxır: a) əhəmiyyətsiz, mübahisəli və 
cinayət işlərinə, b) əyalətin mədaxilini idarə edən təsərrüfat işlərinə, c) ümumi 
intizamı mühafizə etməklə əlaqədar olan əmrverici işlərə; lakin indiki vəziyyətdə 
bütün bu işlərin az və ya çoxunu bir komendant idarə edir. Əyalət məhkəməsinin 
isə ancaq quru bir adı vardır"
1

Əyalət məhkəməsinin fəaliyyəti nə qədər zəif olmuş olsa da, onun iclasçıları, 
o cümlədən Mirzə Adıgözəl bəy də müəyyən dərəcədə yuxarıda göstərilən işlərlə 
məşğul olmalı idilər. Bütün bunlar Mirzə Adıgözəl bəyə Qarabağın uzun, tarix 
boyu keçirdiyi vəziyyətlə və bu əyalətin müxtəlif hissələrində yaşayan əhalinin 
təsərrüfat fəaliyyəti ilə, ölkənin adətləri və tarixi ilə tanış olmağa çox kömək 
etmişdir. Mirzə Adıgözəl bəyin Qarabağ əyalət məhkəməsindəki fəaliyyəti onun 
Qarabağ tarixinə aid olan müxtəlif məlumatlar toplaması üçün imkan yaratdı. 
Əyalət idarələrini yoxlamış  məmurlardan biri, kollec assessoru Zubaryev 
general Paskeviçə aşağıdakı məlumatı xəbər verirdi: "Əyalət məhkəməsi heç bir 
iş görməyərək ancaq quru bir məhkəmə adı daşıyır. Knyaz Abxazovun yaxın 
adamı olan kapitan Mirzə Adıgözəl bütün məhkəmə  işlərini öz əlinə almışdır. 
Məhkəmə üzvlərinin tatar və ermənilərdən ibarət olan hissəsi rus dilini 
bilmədikləri halda, bütün jurnallar və kargüzarlıq rus dilində aparılır"
2

Kollec assessoru Zubaryev müfəttiş sifətilə eyalət idarələri işlərindəki 
nöqsanları yoxlamaq üçün getmişdi. Buna görə də onun qeydində izah edilən işlər 
mübaliğəsiz deyildir. Lakin burası aydındır ki, əyalət məhkəməsində baxılan 
işlərə  və  qəbul edilən qərarlara Mirzə Adıgözəl bəyin böyük təsiri olmuşdur. 
Kollec assessoru Zubaryevin qeydindən görünür ki, Mirzə Adıgözəl bəy rus 
dilini gözəl bilirmiş. 
Yuxarıda adı çəkilən kollec assessoru Zubaryev Qarabağ haqqındakı qeydində 
yazır: "Mirzə Adıgözəl bəy... öz mahalına distansiyalardan və Yelizavetpol 
qəzasından qaçqınlar qəbul edir. Hal-hazırda onun yanında 350-dək belə qaçqın 
ailələri vardır. Bunlar heç bir vergi vermədikləri üçün ağırlıq yerdə qalan 
əhalinin üzərinə düşür"
3
.      
                                                 
1
 
1837-ci il dekabrın 19-dan sonra Nefedyevin Qarabağ əyaləti haqqında yazdığı qeyd (XIX əsrin 20-60-cı illərində 
Azərbaycanda rus çarizminin müstəmləkəçilik siyasəti, c. I, M.-L., səh. 358). 
2
 
Kollec assessoru Zubaryevin 1830-cu il 20 aprel tarixli raportla qraf Paskeviçə
 
təqdim etdiyi Qarabağ  əyaləti 
haqqındakı qeydi (AKAK, c. VII, sənəd 211, səh. 462).
3
 
Yenə orada. 
 
 
19 

Bu adamların kim olduğu haqda əlimizdə heç bir məlumat yoxdur. Lakin 
demək olar ki, bu adamlar çar inzibat idarəsinin təzyiqi altında öz kənd və 
evlərini tərk etmişdilər. 
Mirzə Adıgözəl bəyin XIX əsrin ikinci yarısının 30-40-cı illərindəki həyat və 
fəaliyyəti haqqında  əlimizdə  məlumat yoxdur. 1834-cü ilin əvvəllərinə aid 
tapılmış arxiv sənədlərindən görünür ki, Mirzə Adıgözəl bəy, məhkəmədə şahid 
sifətilə  çıxış edərək,  əski yerləri üzərində öz hüquqlarını  bərpa etmək istəyən 
bəzi bəyləri müdafiə etmişdir
1

Qarabağ  əyalət məhkəmə  işlərindən görünür ki, Mehdiqulu xanın idarəsi 
zamanı hörmətli, möhtərəm və Qarabağ işlərini yaxşı bilən bir şəxs kimi arayış, 
izahat və  şəhadətdən ötrü tez-tez Mirzə Adıgözəl bəyə müraciət edirdilər. 
Qarabağ  əyalət məhkəməsindəki fəaliyyəti zamanı Mirzə Adıgözəl bəy 
Qarabağın digər məşhur xadimi, "Qarabağnamə"nin müəllifi və vaxtilə İbrahim 
xanın yanında vəzir olmuş Mirzə Camalla tez-tez görüşərmiş. 
"Qarabağnamə"nin mətnindən görünür ki, Mirzə Adıgözəl bəy poeziyanı 
sevən və zamanın  ən ziyalı  şəxslərindən biri olmuşdur. Biliyinin genişliyi və 
keçmiş  mədəniyyətin görkəmli nümayəndələrinə olan dərin ehtiramı Mirzə 
Adıgözəl bəydə böyük Nizaminin köhnə  və tamamilə dağılmış  qəbri üzərində 
yeni türbə tikmək fikri oyatdı. Bu barədə A.Bakıxanov belə yazır: "Onun 
(Nizaminin - V.L) dağılmış olan çox gözəl türbəsi Gəncənin yaxınlığında indi də 
durur... qarabağlı Mirzə Adıgözəl bəy onu indi bərpa edir"
2

A.Bakıxanovun bu sözlərindən məlum olur ki, məqbərənin bərpa edilməsi 
onun "Gülüstani-İrəm"i yazdığı vaxtda, yəni XIX əsrin 40-cı illərinin 
əvvəllərində olmuşdur. Bu tarix böyük şairin anadan olmasının 700 illiyinə 
təsadüf edirdi. 
Mirzə Adıgözəl bəyin tikdirdiyi türbə bu əsrin əvvəllərində dağılmışdır, lakin 
onun qalıqları tam düzgünlüklə Nizaminin dəfn edildiyi köhnə türbənin yerini 
təyin edir. 
Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni 1845-ci ildə, yəni yaşının 65-ə çatdığı 
zamanda yazmışdır. Yəqin ki, yaşının çoxluğuna görə,  əsəri yazmaq Mirzə 
Adıgözəl bəy üçün çətin olmuşdur. Buna görə  də o, Salariyə müraciət edərək, 
onun söylədiklərini dediyi kimi, gözəl bir ifadə ilə yazmağı ondan xahiş etmişdir. 
Bu vəziyyət  əsərin dilinə çox təsir etmişdir. Görünür ki, Mirzə Adıgözəl bəy 
hadisələri sadə və anlaşılan dildə şərh etmişdir. "Qarabağnamə"dəki Şərq tarixi 
əsərlərinə xas olan vəsflər, mübaliğələr, müqayisələr               
                                                 
1
 
  Praporşik  Əli bəyin Qarabağ komendantı  cənab mayor və kavaler Rayterə 1834-cü il fevralın 5-də yazdığı 
izahatdan tərcümə (Azərb. SSR MDTA, f. 73, siyahı 2, iş 3, vərəq 67).
2
  
A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1926, səh. 165. 
 
 
20 

və sair təmtəraqlı ifadələr və təsvirlər Mirzə Adıgözəl bəyə yox, Salariyə aiddir. 
Bu dəbdəbəlilik və ala-bəzəklik mətnin məzmununu zənginləşdirmir,  əksinə, 
onun mütaliəsini daha da çətinləşdirir. Məlum olduğu kimi, Abbasqulu ağa 
Bakıxanov bu qədim  ənənələri kənara ataraq, sadə  və aydın dildə "Gülüstani-
İrəm"  əsərini yazmışdır. Mirzə Adıgözəl bəy, Salarinin ifadə üsulları ilə 
razılaşdığı üçün əsərdəki bir sıra hadisə və faktlar öz aydınlıq və düzgünlüyünü 
itirmişdir. 
Qeyd etmək lazımdır ki, bu söylənilənlər başlıca olaraq, "Qarabağnamə"nin 
birinci fəsillərinə aiddir. XIX əsrin tarixi sadə dillə yazılmışdır. Əsəri oxuyarkən 
belə bir təsir oyadır ki, Salari mətnin ilk fəsillərini gözəl üslub ilə yazmaqla 
kifayətlənmişdir. Sonrakı  fəsilləri isə sadə  və anlaşılan dildə yazmağa 
başlamışdır. Erməni dilinə  tərcümə edilmiş "Qarabağnamə"nin  əlyazmasında bu 
sətirlər var: "O vaxt mən - bu tarixi yazmış qarabağlı Mirzə Adıgözəl bəy 
Tiflisdə idim"
1
. "Qarabağnamə"nin başqa nüsxələrində belə bir qeyd yoxdur. Ola 
bilər ki, Mirzə Adıgözəl bəy bəzi işlərə görə, Şuşadan Tiflisə getmiş və orada öz 
əsərini yazmışdır. 
Mirzə Adıgözəl bəy 1848-ci
2
 ildə sentyabr ayının 9-da vəfat etmiş  və 
Goranboy yaxınlığında olan Rəhimli kəndinin qəbiristanında dəfn edilmişdir. 
Onun qəbri üzərində türbə tikilmişdir. Yuxarıda göstərilən vəfat tarixi Mirzə 
Adıgözəl bəyin qəbri üstünə qoyulmuş başdaşının kitabəsindən alınmışdır. 
 
V.N.Leviatov  
 
 
                                                 
1
 
T.İ.Ter-Qriqoryan. Qarabağlı Mirzə Adıgözəl bəy. Azərb. SSR EA Məruzələri, N°9, 1948-ci il.
2  Mirzə Adıgözəl bəyin vəfat tarixini, onun qəbri üzərindəki kitabənin qrafitlə çıxarılmış surəti üzündən, tarix elmləri 
namizədi  Ə.Ə.Ələsgərzadə oxumuşdur. Kitabənin surəti A.Bakıxanov adına Tarix İnstitutu elmi işçiləri N.V.Minkeviç-
Mustafayeva və S.K.Əhmədova tərəfindən çıxarılmışdır. Bu xüsusda baxın: N.V.Minkeviç-Mustafayeva və S.K.Əhmədova. 
"Mirzə Adıgözəl bəy ailəsinin türbəsi" (Azərb. SSR EA Məruzələri N° 5, 1948-ci il). 
 
 
21 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin